On beş illik prezidentlik dövrünün möhtəşəm
zəfər salnaməsi
Bu il müsəlman
aləmində ilk demokratik respublika olan Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyi ölkəmizdə geniş qeyd
edilir. Prezident İlham Əliyev bu hadisəni
xalqımızın tarixinin çox mühüm və şərəfli
səhifələrindən biri kimi xarakterizə edərək
demişdir: “Biz haqlı olaraq fəxr edirik ki, müsəlman
aləmində ilk demokratik respublikanı Azərbaycan xalqı
yaradıbdır. Bu, bir daha göstərir ki, azərbaycanlılar
azadlıqsevər və mütərəqqi xalqdır”. Dövlətimizin başçısı Cümhuriyyətin
tarixinə, onun qurucularının xatirəsinə daim
böyük hörmətlə yanaşır. Bir
neçə il bundan əvvəl Prezidentin
Sərəncamı ilə Bakının mərkəzində
Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə
abidə ucaldılmış, 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti
İli” elan olunmuşdur. Lakin Prezident İlham Əliyevin Azərbaycan
Xalq Cümhuriyyətinə və onun qurucularının xatirəsinə
ən böyük ehtiramı onların ideyalarını
yaşatması, demokratiya arzularını
reallaşdırması, Azərbaycanın müstəqilliyini
və suverenliyini etibarlı şəkildə
qorumasıdır, desək heç də yanılmarıq...
Bir neçə gündən
sonra Azərbaycanın dövlət müstəqilliyinin bərpasının
27-ci ildönümünü qeyd edəcəyik. Orta və
yaşlı nəsil müstəqilliyin ilk illərinin necə
ağır keçdiyini yaxşı xatırlayır.
Bir tərəfdən, SSRİ-nin süqutu ərəfəsində
Azərbaycanın Dağlıq Qarabağ bölgəsində
baş qaldıran separatizm daha da güclənmişdi, Ermənistanın
təcavüzü nəticəsində
torpaqlarımızın 20 faizi işğal edilmişdi,
soydaşlarımızın 1 milyona qədəri
qaçqın və məcburi köçkünə çevrilmişdi,
digər tərəfdən isə ənənəvi
iqtisadi-ticarət əlaqələri pozulmuşdu, ölkəni
iqtisadi və siyasi böhran bürümüşdü. Yalnız 1993-cü ildə Heydər Əliyev Azərbaycanda
rəhbərliyə qayıdandan sonra ölkə tədricən
bu böhrandan çıxdı, ictimai-siyasi sabitlik, milli-vətəndaş
birliyi yaradıldı və cəmiyyət həyatının
bütün sahələrində yenidənqurmaya
başlanıldı. Ümummilli Liderin siyasi kursunun yeganə
düzgün yol olduğunu görən xalqımız
2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə
bu siyasətin layiqli davamçısı kimi cənab İlham
Əliyevi dəstəkləyərək 76,8
faiz səslə onu özünə yeni Prezident seçdi. Cənab
İlham Əliyevin ali dövlət vəzifəsində ilk
günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək
idarəçilik məharəti, qətiyyətli və milli
maraqlara söykənən daxili və xarici siyasəti,
seçkiqabağı təşviqat dövründə səsləndirdiyi
“Mən hər bir azərbaycanlının prezidenti
olacağam!” ifadəsi qısa müddətdə ona xalq
arasında geniş populyarlıq, sonsuz inam və etibar
qazandırdı. Elə bu səbəbdən
2008, 2013 və 2018-ci illərdə keçirilən prezident
seçkilərində də İlham Əliyev yenidən
inamlı qələbə qazandı. Oktyabrın 15-də
Prezident İlham Əliyevin dövlət
başçısı kimi fəaliyyətinin 15 ili tamam olur. Bununla əlaqədar
olaraq, cənab İlham Əliyevin Azərbaycan
Respublikasının Prezidenti postundakı fəaliyyətinin 15
illiyi haqqında bəzi düşüncələrimi oxuculara
çatdırmaq istəyirəm.
Ümumi formada qiymətləndirsək, cənab İlham Əliyev özünün 15 illik prezidentliyi dövründə, ilk növbədə, ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş vətəndaş birliyi platformasına söykənərək daxili ictimai-siyasi sabitliyi daha da möhkəmlətmiş, əhalinin təhlükəsizliyini, insanların əsas hüquq və azadlıqlarını, ölkənin əmin-amanlığını təmin etmiş, vətəndaşların rifah halının getdikcə yüksəlməsinə nail olmuşdur. Hazırda tərəddüd etmədən söyləmək olar ki, daxili milli-vətəndaş birliyi, hakimiyyətin yürütdüyü siyasətin geniş əhali tərəfindən dəstəkləməsi əsasında bərqərar olmuş möhkəm ictimai-siyasi sabitlik əmsalına görə Azərbaycan postsovet məkanında birinci yerdə dayanır. Bununla yanaşı, digər əsas daxili inkişaf parametrləri - makroiqtisadi sabitlik, dinamik inkişaf edən iqtisadiyyat, sosial və mənəvi təminat sisteminin dinamikası, müsbət demoqrafik vəziyyət, miqrasiya və urbanizasiya proseslərinin dövlətin nəzarəti altında saxlanması, dövlət idarəçiliyinin effektivliyi və s. üzrə də Azərbaycan son 15 ildə region ölkələri içərisində birinci üçlükdə öz yerini möhkəmləndirmişdir.
İkincisi, Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət, formalaşdırdığı səmərəli dövlət idarəçiliyi sayəsində son 15 ildə Azərbaycanın regional və beynəlxalq nüfuzu getdikcə artmış, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazdakı geosiyasi, geoiqtisadi və hərbi-geostrateji mövqeləri daha da güclənmişdir. Ölkənin təbii ehtiyatlarından, coğrafi mövqeyindən, maddi, mənəvi və insan resurslarından səmərəli istifadəyə, transmilli nəqliyyat-kommunikasiya və enerji dəhlizləri sahəsində həyata keçirilən uğurlu regional siyasət və düzgün mövqe seçiminə, daxili və xarici siyasətin müstəqillik əmsalına, sosial-iqtisadi inkişafın davamlılıq və dinamiklik göstəricilərinə, gələcək inkişaf potensialına və digər parametrlərinə görə də hazırda Azərbaycan regionun özünü tam təmin edən dövlətləri sırasında ilk üçlükdə qərarlaşmışdır.
Ayrı-ayrı sahələr üzrə təhlil aparsaq görərik ki, son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda demokratik təsisatların möhkəmləndirilməsi, siyasi plüralizmin, insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilmişdir. Məhz bunun nəticəsidir ki, hazırda ölkədə 55 siyasi partiya, 3 mindən çox qeyri-hökumət təşkilatı (4 mindən çox qeyri-kommersiya təşkilatı), 5 mindən çox kütləvi informasiya vasitəsi, habelə sıralarında 2 milyona yaxın insanı birləşdirən həmkarlar ittifaqları sərbəst fəaliyyət göstərir.
2012-ci ildə “Siyasi partiyalar haqqında” Qanuna edilmiş əlavələrə görə, siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün hər il dövlət büdcəsindən vəsait ayrılır. Siyasi partiyalar ölkədə azad, şəffaf və demokratik şəraitdə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində fəal iştirak edir. Bu isə Azərbaycanda siyasi plüralizmin və çoxpartiyalı demokratik siyasi sistemin formalaşdığını göstərir.
Ölkədə vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının müstəqilliyinin və maliyyə imkanlarının artırılmasına ciddi əhəmiyyət verilir. Cənab Prezidentin sərəncamları ilə 2007-ci ildə “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası” təsdiq edilmiş, bu sahədə ixtisaslaşmış qurum kimi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılmışdır. 2008-ci ildə fəaliyyətə başlayan Şura ictimai təşəbbüsləri dəstəkləyərək QHT-lərin minlərlə layihəsini maliyyələşdirmişdir.
Azərbaycanda söz və
məlumat azadlığının təmin olunması,
demokratik, plüralist mətbuatın formalaşması dövlət
siyasətinin əsas istiqamətlərindən birini təşkil
edir. Prezident İlham Əliyev keçən dövr ərzində
KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi,
jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi
istiqamətində çoxsaylı qərarlar qəbul
etmiş, müvafiq fərman və sərəncamlar
imzalamışdır. Hazırda ölkədə KİV-lərin
ümumi sayı 5 mini, Az.domenində qeydiyyata
alınmış internet saytlarının sayı isə 20
mini ötmüşdür. 10 milyona yaxın əhalinin 80 faizi
internet, 3 milyona qədəri isə sosial şəbəkə
istifadəçisidir. Azərbaycanda
11 ümumrespublika, 4 peyk, 13 regional, 17 kabel, 25 internet (İP)
televiziyası, 16 radio fəaliyyət göstərir. 2005-ci ildə ikinci dövlət kanalının
bazasında İctimai Televiziya və Radio Yayımları
Şirkəti təsis edilmiş və fəaliyyətə
başlamışdır.
2008-ci ildə cənab Prezident “Azərbaycan
Respublikasında kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi, 2009-cu ildə isə
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun yaradılması haqqında sərəncamlar
imzalamışdır. İndiyə qədər
Fond vasitəsilə medianın inkişafına ümumilikdə
60 milyon manat vəsait yönəldilmişdir. Bundan başqa, cənab İlham Əliyevin sərəncamlarına
əsasən jurnalistlər üçün dövlət
hesabına 410 mənzildən ibarət iki yaşayış
binası tikilmiş və KİV nümayəndələrinin
istifadəsinə verilmişdir. Hazırda
255 mənzildən ibarət üçüncü binanın
tikintisi davam edir.
Prezident İlham Əliyevin
hakimiyyəti illərində siyasi sferada olduğu kimi, iqtisadi
sahədə də ciddi uğurlar qazanılmışdır. Onun rəhbərliyi
ilə son 15 ildə həyata keçirilmiş ardıcıl
və məqsədyönlü iqtisadi siyasət nəticəsində
ölkədə planlı sosialist iqtisadiyyatından bazar
iqtisadiyyatına keçid prosesinin başa çatması təmin
edilmişdir. Bu dövrdə ÜDM-də
özəl sektorun payı 80 faizi ötmüş, makroiqtisadi
sabitlik möhkəmləndirilmiş, rəqabətqabiliyyətliliyinə
görə Azərbaycan iqtisadiyyatı MDB məkanında
birinci yerə yüksəlmişdir. 2004-2018-ci
illər ərzində iqtisadiyyatın şaxələndirilməsi,
qeyri-neft sektorunun və bölgələrin davamlı yüksəlişi
məqsədilə regionların sosial-iqtisadi inkişafına
dair üç dövlət proqramı icra olunmuşdur.
Hazırda dördüncü proqramın qəbul
edilməsinə hazırlıq görülür.
Ötən dövr ərzində
qeyri-neft sənayesi ardıcıl şəkildə inkişaf
etdirilmiş, ölkə iqtisadiyyatı üçün
mühüm əhəmiyyət kəsb edən və
müasir texnologiyalara əsaslanan minlərlə yeni müəssisə
fəaliyyətə başlamışdır. 2014-cü ilin dekabrında təsdiq
edilmiş “Azərbaycan Respublikasında sənayenin
inkişafına dair 2015-2020-ci illər üçün
Dövlət Proqramı”na uyğun olaraq, ölkə ərazisində
çoxsaylı sənaye parkı və məhəllələri,
texnoparklar (Sumqayıt, Balaxanı, Mingəçevir,
Qaradağ, Pirallahı, Neftçala, Masallı və s.)
yaradılmış, istehsal sahələrinin genişləndirilməsi,
qeyri-neft sənayesinin ixrac imkanlarının
artırılması və innovativ istehsalın inkişaf
etdirilməsi istiqamətində ciddi tədbirlər
görülmüşdür. Sumqayıtda alüminium, karbamid,
plastik emalı zavodları, “SOCAR Polymer” şirkətinin
polipropilen və yüksək sıxlıqlı polietilen
zavodları (bu zavodlara qoyulan sərmayənin həcmi 800 milyon
dollardan çoxdur), Balaxanıda məişət tullantılarının
təkrar emalı zavodu, Bakı gəmiqayırma zavodu, Gəncə,
Naxçıvan və Neftçalada avtomobil zavodları,
Sumqayıt, Gədəbəy və Daşkəsəndə
qızıl-mis emalı zavodları, Gəncə alüminium
yarımfabrikatı, kənd təsərrüfatı
texnikası zavodları və digər sənaye müəssisələri
həmin illərdə istifadəyə verilərək ölkənin
iqtisadi potensialının gücləndirilməsində
mühüm rol oynayır.
Aqrar sektorda həyata
keçirilən islahatlar, kənd təsərrüfatı məhsulları
istehsalçılarına edilən güzəşt və
yardımlar ölkə iqtisadiyyatında bu sahənin
ardıcıl inkişafına zəmin yaratmışdır. 2003-2018-ci illərdə
meliorasiya tədbirlərinə ayrılan vəsaitin həcmi 6
dəfə, bu sahəyə əsaslı kapital qoyuluşu 21 dəfə
artmışdır. Ölkədə 4 iri su anbarı
(Taxtakörpü, Şəmkirçay, Göytəpə və
Tovuzçay), 4 min kilometr suvarma kanalları, 2,4 min kilometr
kollektor-drenaj şəbəkələri tikilmiş və bərpa
olunmuş, 360 min hektar torpağın su təminatı, 264 min
hektar sahədə meliorativ vəziyyət
yaxşılaşdırılmış, 219 min hektar yeni
suvarılan torpaq sahəsi əkin dövriyyəsinə daxil
edilmişdir. Prezident İlham Əliyevin təşəbbüsü
ilə ənənəvi kənd təsərrüfatı sahələrinin,
o cümlədən pambıqçılıq,
taxılçılıq, baramaçılıq,
üzümçülük, çayçılıq, sitrus
meyvəçiliyi, çəltikçilik və
arıçılığın dirçəldilməsi,
fındıq, badam, xurma, zeytun, nar bağlarının
genişləndirilməsi istiqamətində görülən
işlər ölkənin ixrac potensialını əhəmiyyətli
dərəcədə artırmışdır.
On beş il ərzində Azərbaycan
iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft
sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd
təsərrüfatı 1,7 dəfə artmış, qeyri-neft
ixracı 4,1 dəfə çoxalmışdır. Azərbaycanın
valyuta ehtiyatları 1,8 milyard dollardan (2004)
46 milyard dollara (2018) çatdırılmışdır. 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına
250 milyard dollar investisiya qoyulmuşdur. Müstəqillik
dövründə Azərbaycana yatırılan sərmayənin
93 faizini təşkil edən həmin investisiyanın təxminən
yarısı daxili mənbələrin payına
düşür.
Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycanda nəhəng transmilli energetika və nəqliyyat
layihələri həyata keçirilmiş, 2006-cı ildə
Xəzər və Aralıq dənizlərini birləşdirən
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri (uzunluğu
1767 kilometr), 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri
(uzunluğu 980 kilometr) istifadəyə verilmişdir.
2014-cü il sentyabrın 20-də
Avropanın enerji təhlükəsizliyinin, həmçinin Azərbaycanın
perspektiv inkişafının və iqtisadi maraqlarının təmin
edilməsində böyük rol oynayacaq Cənub Qaz Dəhlizinin
təməli qoyulmuşdur. Uzunluğu 3500 kilometr, dəyəri
40 milyard dollardan çox olan bu qlobal layihənin icrası sürətlə
getmiş və 2018-ci il mayın 29-da
Bakıda Cənub Qaz Dəhlizinin, iyunun 12-də isə onun tərkib
hissəsi olan TANAP boru kəmərinin rəsmi
açılış mərasimi keçirilmişdir. TAP layihəsinin
icrası isə qrafik üzrə davam etdirilir. 1994-cü il
sentyabrın 20-də Bakıda imzalanmış “Xəzər dənizinin
Azərbaycan sektorunda yerləşən “Azəri”,
“Çıraq” yataqlarının və “Günəşli”
yatağının dərinlikdə yerləşən hissəsinin
birgə işlənməsi və hasilatın pay
bölgüsü haqqında Saziş”in (“Əsrin müqaviləsi”)
müddəti 2017-ci il sentyabrın 14-də 2050-ci ilə qədər
uzadılmışdır. Yeni şərtlərə görə
SOCAR-ın payının 11 faizdən 25 faizə
qaldırılması, mənfəət neftinin 75 faizinin Azərbaycana
verilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə,
8 il ərzində xarici investorlar tərəfindən ölkəyə
bərabər hissələrlə bonus kimi 3,6
milyard dollar ödəniləcəkdir. Müqavilənin
müddətinin uzadılması Azərbaycanda uzun illər
bundan sonra da neftin hasilat səviyyəsinin sabit qalmasına,
neft sektoruna xarici investisiya qoyuluşunun təmin olunmasına
imkan yaratmışdır.
Prezident İlham Əliyevin təşəbbüsü
ilə Avropa və Asiyanı birləşdirən Şərq-Qərb
və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin
yaradılması istiqamətində böyük işlər
görülmüşdür. Təməli 2007-ci ildə
qoyulmuş Bakı-Tbilisi-Qars dəmir yolunun 2017-ci il oktyabrın 30-da Bakıda rəsmi
açılışı olmuşdur. Azərbaycanın Rusiya
Federasiyası, İran və Gürcüstanla sərhədinə
qədər yeni magistral avtomobil yolları tikilmişdir. 2018-ci
il sentyabrın 18-də 204 kilometr uzunluğunda yeni Ələt-Astara-İran
İslam Respublikası ilə dövlət sərhədi
magistral avtomobil yolunun istifadəyə verilməsi ilə Azərbaycan
ərazisində “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin
reallaşması üçün bütün işlər
başa çatdırılmışdır. Azərbaycan
siyasi, iqtisadi və strateji baxımdan böyük əhəmiyyətə
malik həmin beynəlxalq nəqliyyat dəhlizlərində fəal
iştirak etməklə Avrasiyada mühüm tranzit və
logistika mərkəzlərindən birinə
çevrilmişdir.
Cənab İlham Əliyevin
prezidentliyi dövründə Azərbaycan dünyada sayı məhdud
olan kosmik ölkələr sırasına qoşulmuşdur. 2010-cu ildə “Azərkosmos”
Açıq Səhmdar Cəmiyyəti yaradılmış,
2013-cü il ölkədə
“İnformasiya Texnologiyaları İli” elan edilmişdir. Həmin
il fevralın 8-də Azərbaycanın ilk telekommunikasiya peyki
“Azerspace-1”, 2014-cü ildə ikinci - Yer səthini
müşahidə edən “Azersky” peyki, bu ilin sentyabrında isə
daha bir telekommunikasiya peyki - “Azerspace-2” orbitə
çıxarılmışdır.
Son 15 ildə ölkənin
sosial-mədəni və təsərrüfat infrastrukturu
tamamilə yenilənmişdir. Bu dövrdə 3100-dən
çox məktəb, 642 tibb müəssisəsi tikilmiş,
yaxud əsaslı təmir edilmişdir. Yüzlərlə
tarixi binada, muzey, teatr və kitabxanada geniş yenidənqurma
işləri həyata keçirilmiş, ölkənin
bütün ali təhsil ocaqları, həmçinin
AMEA-nın nəzdində olan institut və müəssisələr
təmir edilərək yeni avadanlıqla təchiz
olunmuşdur. Ölkədə 15 min kilometr yol
çəkilmiş, 443 körpü inşa olunmuşdur.
Bakıda 4 yeni metro stansiyası istifadəyə
verilmiş, bir neçə stansiyada yenidənqurma işləri
aparılmışdır. Xəzər dənizində
ən böyük beynəlxalq dəniz limanı - Ələt
Dəniz Ticarət Limanı fəaliyyətə
başlamışdır. Azərbaycanda 7
hava limanı tamamilə yenidən qurularaq istifadəyə
verilmişdir. Onlardan altısı
(Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Qəbələ,
Zaqatala) beynəlxalq hava limanı statusu almışdır.
Bakının Heydər Əliyev Beynəlxalq Aeroportu
dünyanın “5 ulduz”lu 9 əsas hava
limanı sırasına daxil olmuşdur.
2003-2018-ci illər ərzində
ölkədə ümumi generasiya gücü 2500 MVt olan 30
elektrik stansiyası tikilib istifadəyə verilmiş və Azərbaycan
regionda elektrik enerjisi ixracatçısına çevrilmişdir.
İlin sonuna qədər 400 meqavat gücündə
daha bir elektrik stansiyası da (“Şimal-2”) istifadəyə
veriləcəkdir. Bölgələrdə
qazlaşdırma sürətlə aparılmış və
ölkə üzrə təbii qaz təchizatı 51 faizdən
95 faizə yüksəlmişdir. Nəhəng Oğuz-Qəbələ-Bakı
su kəməri layihəsi icra edilmiş, Ceyranbatanda
dünyanın ən böyük sutəmizləyici qurğusu
inşa olunmuş, regionlarda çoxsaylı subartezian
quyuları qazılmış, çaylar boyu yüzlərlə
modul tipli kiçik sutəmizləyici qurğular istifadəyə
verilmiş, əhalinin fasiləsiz içməli su ilə təminatı
yaxşılaşdırılmışdır.
Prezident İlham Əliyevin təşəbbüsü
ilə əhalinin sosial müdafiəsini gücləndirmək
istiqamətində ciddi tədbirlər həyata
keçirilmişdir. Bu məqsədlə vətəndaşların təbii
qazdan, içməli su və kanalizasiya xidmətlərindən
istifadəyə görə əvvəlki illərdə
yaranmış borcları (müvafiq olaraq 327 milyon və 294,2
milyon manat) tam silinmiş, sovet dövründən
qalmış əmanətlərə görə 1 milyard manat
kompensasiya ödənilmişdir. 15 il ərzində ölkədə
1,9 milyon yeni iş yeri açılmış, maaşlar 5 dəfədən,
pensiyalar isə 8 dəfədən çox
artırılmış, işsizlik səviyyəsi 5 faizə,
yoxsulluq isə 49 faizdən 5,4 faizə endirilmişdir.
Cənab İlham Əliyev
prezidentliyi dövründə ölkədə ictimai və
sosial xidmətlər sahəsində ciddi institusional islahatlar
aparmışdır. Onun müvafiq fərman və sərəncamı ilə
2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar Agentliyi təsis edilmiş, dövlət
orqanları tərəfindən əhaliyə göstərilən
xidmətləri vahid sistemdə birləşdirən “ASAN xidmət”
mərkəzləri yaradılmışdır. Bu
mərkəzlərə 2013-2018-ci illər ərzində 24
milyona yaxın müraciət daxil olmuş, xidmətlərin əhali
arasında bəyənilmə əmsalı 100 faizə
yaxınlaşmışdır. Dünyada
Azərbaycanın brendi kimi tanınmış “ASAN xidmət”
modeli artıq başqa ölkələrdə də tətbiq
edilir. Prezident İlham Əliyev 2018-ci ilin avqustunda əhalinin
məşğulluğu, əmək və sosial müdafiəsi
ilə bağlı çevik və innovativ xidmətlər
göstərilməsi üçün Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin nəzdində “Dayanıqlı
və Operativ Sosial Təminat Agentliyi”ni (DOST)
yaratmışdır.
Prezident İlham Əliyev
şəhid ailələri, müharibə veteranları və
əlillərinə daim xüsusi qayğı ilə
yanaşır.
Son 15 il ərzində şəhid ailələrinə
və müharibə əlillərinə dövlət
hesabına 5500-dən çox fərdi ev və mənzil, 6
mindən çox minik maşını verilmişdir. İlin sonuna qədər həmin kateqoriyadan olan daha
500 nəfərin yeni mənzillərlə təmin
olunacağı nəzərdə tutulmuşdur. Azərbaycan Prezidenti bu məqsədlə Prezidentin
ehtiyat fondundan 20 milyon manat vəsait ayırmışdır.
2003-2018-ci illərdə məcburi
köçkünlərin problemlərinin həlli sahəsində
genişmiqyaslı işlər görülmüş, ölkədəki
bütün çadır düşərgələri, fin
tipli qəsəbələr ləğv edilmiş, yeni
salınmış 100-dən artıq qəsəbə və
şəhərcikdə 265 min nəfər məskunlaşdırılmışdır.
2016-cı ilin aprel ayında təhlükəsiz
yaşayışı təmin olunmuş Cocuq Mərcanlı kəndi
(Cəbrayıl rayonu) qısa müddət ərzində bərpa
edilmiş, orada 150 evdən ibarət qəsəbə
tikilmiş və köçkünlər öz doğma
yurdlarına qayıtmışlar. Eyni zamanda,
işğaldan azad olunmuş Şıxarx qəsəbəsində
(Tərtər rayonu) 1170 ailə üçün yeni şəhərcik
salınmışdır. Bu ilin doqquz
ayında 2900 məcburi köçkün ailəsi evlərlə,
mənzillərlə təmin olunmuşdur. İlin sonuna
qədər daha 2800 ailənin ev və ya mənzillərlə
təmin edilməsi nəzərdə tutulmuşdur. Təsadüfi deyil ki, ölkə əhalisinin sosial
rifahının yaxşılaşdırılması, habelə
Minilliyin İnkişaf Məqsədlərinin həyata
keçirilməsi istiqamətində böyük xidmətlərinə
görə cənab İlham Əliyev 2015-ci ildə BMT-nin “Cənub-Cənub”
mükafatı ilə təltif olunmuşdur.
Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin
artırılması, silahlı qüvvələrin
maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində
ardıcıl tədbirlər görülmüşdür. 2005-ci ildə
yaradılmış Azərbaycan Respublikası Müdafiə Sənayesi
Nazirliyinin müəssisələrində 1200 adda hərbi təyinatlı
məhsul istehsal edilir. Beynəlxalq reytinqlərə
görə, Azərbaycanın Silahlı Qüvvələri
hazırda dünyada ən güclü 50 ordu sırasında
yer tutur. 2016-cı il aprel
ayının əvvəlində cəbhə xəttində
Ermənistanın növbəti hərbi təxribatı ilə
üzləşən ordumuz əks-hücuma keçərək
işğalçılara güclü zərbələr
endirmiş və qısa müddətdə Ağdərə,
Cəbrayıl, Füzuli rayonlarında iki min hektar ərazini
düşməndən azad etmiş, işğal altında
qalan torpaqlara nəzarət etmək imkanını
artırmışdır. 2018-ci ilin may ayında isə
Naxçıvan Muxtar Respublikasının 11 min hektardan
çox ərazisi, o cümlədən Şərur rayonunun
Günnüt kəndi düşməndən azad edilmiş,
dövlət sərhədi boyunca əlverişli yüksəkliklər
ələ keçirilmiş, Yerevan-Gorus-Laçın yolu nəzarətə
götürülmüşdür.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ problemi ilə bağlı prinsipial
mövqe ifadə etmişdir: “Azərbaycan heç vaxt öz ərazi
bütövlüyünün pozulması ilə
barışmayacaq, torpaqlarında ikinci erməni dövlətinin
yaranmasına yol verməyəcəkdir. Ölkəmizin
ərazi bütövlüyü tam bərpa edilməli, azərbaycanlılar
əzəli yurdlarına qayıtmalıdırlar”.
2003-2018-ci illərdə ATƏT-in Minsk qrupu çərçivəsində
aparılan danışıqlarla yanaşı, nüfuzlu beynəlxalq
təşkilatlar tərəfindən Dağlıq Qarabağ
münaqişəsinə dair mühüm qərarların qəbul
edilməsinə nail olunmuşdur. BMT Baş
Assambleyasının 60-cı (2006) və 62-ci (2008)
sessiyalarının qəbul etdiyi “Azərbaycanın
işğal edilmiş ərazilərində vəziyyət”
adlı qətnamələrdə zəbt olunmuş Azərbaycan
ərazilərində ermənilərin məskunlaşdırılması,
orada yanğınlar törədilməsi faktları pislənilmiş,
BMT Təhlükəsizik Şurasının 822, 853, 874 və
884 nömrəli qətnamələrinin yerinə yetirilməsinin
vacibliyi vurğulanmışdır. AŞPA-nın (1416
saylı “ATƏT-in Minsk Konfransının məşğul
olduğu Dağlıq Qarabağ bölgəsi üzərində
münaqişə”, 2005), Avropa Parlamentinin (“Avropa
İttifaqının Cənubi Qafqazda strategiyasına dair tələb”,
2010) qətnamələrində, Avropa İttifaqının
“Şərq tərəfdaşlığı” Sammitinin Bəyannaməsində
(2017) və Avropa İttifaqı - Azərbaycan “Tərəfdaşlıq
Prioritetləri” razılaşmasında (2018), Qoşulmama Hərəkatı
dövlət və hökumət
başçılarının XVI (Tehran, 2012) və XVII
(Marqarita, 2016) sammitlərinin, İƏT-in XI (Seneqal, 2008) və
XII (Misir, 2013) zirvə toplantılarının yekun sənədlərində,
ECO-nun 13-cü sammitinin (İslamabad, 2017) yekun bəyanatında
Azərbaycanın ərazi bütövlüyü və
suverenliyinə, beynəlxalq səviyyədə
tanınmış sərhədlərinin
toxunulmazlığına hörmət ifadə edilmiş,
münaqişənin məhz bu prinsiplər əsasında həllinin
vacibliyi qeyd olunmuşdur. Eyni zamanda, NATO-nun 2006-cı ildən
bəri keçirilən zirvə toplantılarının, o
cümlədən Nyuport (2014), Varşava (2016) və
Brüssel (2018) sammitlərinin yekun kommunikelərində Cənubi
Qafqazdakı münaqişələrin ölkələrin ərazi
bütövlüyü, suverenliyi və Helsinki Yekun Aktına əsaslanaraq
həlli prinsipinin öz əksini tapması Azərbaycanın
mənafeyinə cavab verir.
Prezident İlham Əliyevin
milli maraqlara söykənən xarici siyasəti nəticəsində
Azərbaycan müstəqil mövqeyi ilə seçilən
dövlət kimi tanınmış, onun beynəlxalq nüfuzu
getdikcə yüksəlmişdir. 2011-ci ildə Azərbaycan 155
dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçilmiş, 120 dövlətin
təmsil olunduğu Qoşulmama Hərəkatına üzv qəbul
edilmişdir. 2019-2022-ci illər Azərbaycan
Respublikasının Hərəkata sədrlik
dövrüdür. Azərbaycan Avropa
İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq
əlaqələri qurmuş və müvafiq sənədlər
imzalamışdır.
Prezident İlham Əliyev
milli-mənəvi dəyərlərin, dini etiqad
azadlığının, konfessional və etnik rəngarəngliyin,
multikulturalizm və tolerantlıq ənənələrinin
qorunub saxlanmasını və inkişafını təmin
etmişdir. 2003-2018-ci illər ərzində ölkədə
220-dən çox məscid, kilsə, sinaqoq tikilmiş və
ya bərpa olunmuşdur. Xüsusi dini-mənəvi
və tarixi-mədəni əhəmiyyət kəsb edən
Bibiheybət məscid-ziyarətgah kompleksində, Təzəpir,
Əjdərbəy, İçərişəhər Cümə
və Həzrət Məhəmməd məscidlərində təmir
və yenidənqurma işləri aparılmışdır.
Şamaxı Cümə məscidi və Gəncədə
“İmamzadə” dini-mədəniyyət abidəsi əsaslı
bərpa edilmiş, Bakıda Qafqazın ən böyük məscidi
olan Heydər Məscidi (2014), Hacı Cavad Məscidi (2018) və
dağ yəhudiləri üçün sinaqoq (2011) tikilərək
dindarların istifadəsinə verilmişdir. Hazırda
ölkə ərazisində 2250 məscid, 14 kilsə, 7 sinaqoq
sərbəst fəaliyyət göstərir.
Prezident İlham Əliyevin sərəncamları
ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
yaradılmış (2014), 2016-cı il Azərbaycanda
“Multikulturalizm İli” elan edilmişdir. Azərbaycan
sivilizasiyalararası dialoq, tolerantlıq və humanitar əməkdaşlıq
mövzusunda çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etmiş, bir sıra qlobal təşəbbüslər
irəli sürmüşdür. 2008-ci ildə
Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət
nazirlərinin toplantısına İslam ölkələri mədəniyyət
nazirləri də dəvət edilmişdir. Həmin forumda Azərbaycan Prezidenti sivilizasiyalar,
xalqlar və mədəniyyətlər arasında dialoq və əməkdaşlığın
inkişafı naminə “Bakı Prosesi” təşəbbüsü
ilə çıxış etmişdir. Sonrakı
illərdə bu çərçivədə
çoxsaylı beynəlxalq tədbir və layihələr həyata
keçirilmişdir.
Prezident İlham Əliyev gənclərin
sosial, təhsil, karyera və mədəni inkişaf məsələlərinin
həllini təmin etmək məqsədilə 2005-2021-ci illəri
əhatə edən 3 dövlət proqramı təsdiq
etmişdir. Eyni zamanda, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı” çərçivəsində minlərlə gənc
xarici ölkələrin qabaqcıl tədris ocaqlarında təhsil
almağa göndərilmişdir. Ölkə
gənclərinin elm, təhsil, mədəniyyət və digər
sahələrə yönəlmiş layihələlərin
reallaşdırılmasına kömək göstərilməsi,
onların fəaliyyətinin stimullaşdırılması məqsədilə
2011-ci ildə Gənclər Fondu yaradılmış,
2013-cü ildə gənclər üçün Prezident
mükafatı təsis edilmişdir.
Prezident İlham Əliyevin
qayğısı sayəsində ölkədə idman və
bədən tərbiyəsi sahəsində sürətli
inkişaf prosesi getmiş, böyük uğurlar əldə
edilmişdir.
Bakıda və bölgələrdə 43
Olimpiya İdman Kompleksi, xeyli sayda idman qurğuları,
stadionlar və digər idman meydançaları tikilib istifadəyə
verilmiş, mövcud idman obyektləri yenidən qurulmuşdur.
Azərbaycan idmançıları ildən-ilə
öz nəticələrini yaxşılaşdırır,
yüksək nailiyyətlər əldə edirlər.
İdmançılarımız 2004-cü il Afina
Olimpiadasında 5 medal (1 qızıl, 4 bürünc), 2008-ci il
Pekin Olimpiadasında 6 medal (1 qızıl, 1 gümüş və
4 bürünc), 2012-ci il London Olimpiadasında 10 medal (2
qızıl, 2 gümüş, 6 bürünc), 2016-cı il
Rio-de-Janeyro Olimpiya Oyunlarında isə 18 medal (1 qızıl,
7 gümüş, 10 bürünc) qazanmışlar. Sonuncu Olimpiya oyunlarında qazanılmış
medalların sayına görə Azərbaycan dünyada
14-cü, Avropada 7-ci, MDB ölkələri arasında 2-ci,
müsəlman aləmində isə 1-ci olmuşdur.
2015-ci ildə Azərbaycan tarixdə
ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi etmişdir. 50 ölkəni
təmsil edən 6 min idmançının iştirak etdiyi
Oyunlarda komandamız ümumi hesabda 2-ci yeri tutmuş, 21-i
qızıl olmaqla 56 medal qazanmışdır. 2017-ci ilin mayında Bakıda keçirilmiş IV
İslam Həmrəyliyi Oyunlarında isə Azərbaycan
komanda hesabında 1-ci yerə çıxmışdır.
2016-cı ildən etibarən Bakıda hər il
ümumi auditoriyası 500 milyon nəfərdən çox olan
“Formula 1” yarışları təşkil edilir.
Ümummilli lider Heydər Əliyevin
müəyyənləşdirdiyi inkişaf
strategiyasını, çoxşaxəli islahatlar
proqramını yaradıcılıqla davam etdirən Prezident
İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bir
sıra qabaqcıl ölkələrin onilliklər boyu
keçdiyi inkişaf mərhələsini sürətlə
adlayaraq, postsovet məkanında keçid dövrünü
başa vuran ilk ölkə olmuşdur. Dünya Bankı, Avropa
Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda həyata
keçirilən islahatlara yüksək qiymət vermişdir. Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən,
Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə
görə dünya miqyasında 35-ci, ümumi infrastrukturun
inkişafına görə isə 26-cı yerdə qərarlaşmışdır
(2017). Forumun “İnklüziv inkişaf
indeksi” adlı illik hesabatında (2017) Azərbaycan inkişaf
etməkdə olan 80 ölkə arasında 3-cü yerə
yüksəlmişdir.
Əslində, Azərbaycana gələn
hər bir kəs mötəbər beynəlxalq təşkilatların
hesabat və reytinqləri ilə tanış
olmasa belə, təkcə paytaxt Bakı şəhərinə
nəzər salmaqla son 15 ildə böyük bir
sıçrayışın baş verdiyinə əmin ola bilər.
Prezident İlham Əliyevin müəyyən
etdiyi inkişaf konsepsiyasına əsasən 2003-2018-ci illərdə
həyata keçirilən abadlıq və quruculuq işləri
sayəsində Bakı dünyanın ən gözəl şəhərlərindən
birinə, regionun biznes və mədəniyyət mərkəzinə,
cəlbedici turizm və istirahət məkanına
çevrilmişdir. Şəhərin tarixi görkəmi
müasir və zövqlü tikililərlə
tamamlanmış, Bakının yeni simvol və rəmzləri
olan Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı, “Alov
qüllələri”, “Baku Crystal Hall” və digər inşaat
kompleksləri dünyanın memarlıq inciləri
sırasına daxil olmuşdur. Şəhərin ictimai-mədəni
və nəqliyyat-təsərrüfat infrastrukturu müasir tələblərə
uyğunlaşdırılmış, yeni küçə,
körpü və yol ötürücüləri tikilmiş,
yaşıllıq və parklar salınmış, ekoloji şərait
yaxşılaşdırılmış, dənizkənarı
bulvar 3,5 kilometrdən 16 kilometrə qədər
uzadılmışdır. Paytaxt ərazisindən
çıxarılan sənaye müəssisələrinin
yerində modern tipli şəhərsalma layihələri
reallaşdırılmışdır.
Dövlət və cəmiyyət həyatının bütün sahələrində fundamental dəyişikliklərin baş verdiyi ötən 15 il ərzində Azərbaycan xalqı həmişə öz liderinə güvənmiş, ona ən güclü dayaq olmuşdur. Prezident İlham Əliyev respublikamızın sürətli inkişafından, qazanılan nailiyyətlərdən bəhs edərkən həmişə böyük fəxrlə bildirir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Şübhəsiz, bu cür qarşılıqlı inam şəraitində Prezident İlham Əliyev hələ uzun illər xalqı öz arxasınca daha yüksək zirvələrə və böyük qələbələrə doğru aparacaqdır.
Əli Həsənov,
Azərbaycan Respublikası Prezidentinin
ictimai-siyasi məsələlər üzrə köməkçisi
- şöbə müdiri, professor
Respublika.- 2018.- 13
oktyabr.- S.1-2.