AMEA dronları: Elmi-tədqiqat yönümlü tətbiq prosesinə inteqrasiya

 

Son illərdə AMEA-da innovasiya fəaliyyətinin effektiv mexanizm və siyasətlərinin qurulması istiqamətində dünya təcrübəsi öyrənilib, elmi tədqiqat-işlərinin istehsalata inteqrasiya edilməsi üçün müvafiq islahatlar aparılıb. Elm və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi istiqamətində işlər ildən-ilə artır. Bu işlərə təkan verən mühüm və əlamətdar hadisə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının (AMEA YTP) yaradılması haqqında 8 avqust 2016-cı il tarixli Sərəncamı olmuşdur. AMEA YTP-nın yaradılmasında məqsəd iqtisadiyyatın davamlı inkişafı, rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya, yüksək texnologiya sahələrinin genişləndirilməsidir. Ölkə başçısının bu Sərəncamı elmi tədqiqatların aparılması və yeni texnologiyaların işlənməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyinin parlaq nümunəsidir. AMEA YTP 25,6 hektar əraziyə malikdir. Bu ərazidə rezident kimi fəaliyyət göstərən sahibkarlara geniş imkanlar yaradılmışdır və burada müxtəlif istiqamətlər üzrə innovativ düşüncənin biznesə çevrilməsi prosesi həyata keçirilir. AMEA YTP-nın əsas fəaliyyət istiqamətlərindən biri elektronika, avtomatika, proqram təminatı, müdafiə və mülki təyinatlı aparatlar, dronlar və digər elektron cihazların istehsalıdır. AMEA YTP-nın rezidentlərindən biri olan ”Elm və Texnologiya Parkı” MMC-nin istehsal etdiyi dronlar AMEA-nın institutları tərəfindən elmi-tədqiqat işlərinin aparılması üçün istifadə edilir.

Dron və ya pilotsuz uçan aparat (PUA) bu gün elmin və texnikanın tətbiq sahələrinə geniş yol açmışdır. “Dron” sözü ingilis sözü “drone” sözündən götürülmüşdür və bu da bortunda ekipajı olmayan uçan aparat deməkdir. Dronlar digər uçan aparatlara nəzərən xeyli ucuz olduğundan onlardan istifadə iqtisadi cəhətdən çox əlverişlidir.

Qeyd etmək lazımdır ki, dünyada PUA-ların mülki məsələlərin həllində tətbiqi 2010-cu ildən başlayaraq çox böyük vüsət almışdır. Belə ki, Amerika Federal Aviasiya Agentliyinin 2016-cı ildə verdiyi proqnoza görə 2020-ci ildə 550 000 drondan istifadə ediləcəkdir.

Mətbuatdan məlum olduğu kimi, “Pricewaterhouse Cooperso” şirkəti 2020-ci ildə dron bazarının 15 milyard dollara çatacağı proqnozunu vermişdir. “Nyu-York Times” nəşriyyatının apardığı qiymətləndirməyə görə 2016-cı ildə ABŞ-da 2,8 milyon dron satılmışdır ki, bunun da ümumi dəyəri 953 milyon dollar olmuşdur.

Hazırda dronların infrastruktur layihələr və kənd təsərrüfatında tətbiqi daha üstün yer tutur və məhz kənd təsərrüfatında onların tətbiqi bu sahədə çox böyük sıçrayışlı inkişafa səbəb olmuşdur. Bu gün dronlar kənd təsərrüfatında kompleks aqromenecment işini aparmağa, daha yüksək kənd təsərrüfatı məhsulu istehsal etməyə imkan verir. Kənd təsərrüfatında tətbiq edilən dronlar əkin sahələrin vəziyyəti haqqında məlumatları çox qısa zamanda toplayıb sistemləşdirməyə və proqnozlar verməyə imkan verir. Kənd təsərrüfatı dronları bu gün ABŞ-da, Avropada, Braziliyada, Rusiyada xeyli populyarlıq qazanmışdır. Qeyd etmək lazımdır ki, hal-hazırda kənd təsərrüfatı dronlarının tətbiqində, onun ehtiyat hissələrinin geniş istehsalında Çin Xalq Respublikası liderlik edir.

Kənd təsərrüfatında dronların gördüyü işlər  haqqında qısa da olsa məlumat vermək yerinə düşərdi. Bu dronlar əkin sahələrində üçölçülü xəritəalma işlərini yüksək keyfiyyətlə həyata keçirir, sahədə olan azot və digər maddələrin miqdarını müəyyən edə bilirlər. Bununla bərabər bu dronlar ABŞ-da meşəsalma işlərində də istifadə edilirlər. Meşə salınacaq sahə dronlarla əvvəlcə skan edirlir, sonra isə xüsusi atıcı qurğular vasitəsilə ağac toxumları 100 m/san sürəti ilə əkin sahəsinə istiqamətləndirilirlər. Bu proses nəticəsində atılan toxumlar torpağın dərinliyinə gedərək, orada inkişaf etməyə başlayırlar. Qeyd etmək lazımdır ki, dronlar aqrokimyəvi məhsulların və pestisidlərin bitkilər üzərinə çilənməsini çox dəqiqliklə həyata keçirir, əkin sahələrinin suvarılmasında da istifadə edilirlər. Doğrudur, hələlik dronların suvarma üçün yük qaldırma imkanları çox deyil, lakin hal-hazırda mətbuatdan məlum olduğu kimi Rusiya alimləri 5 ton su qaldırma qabiliyyətinə malik dronlar üzərində iş aparırlar.

Dronlarla əkin sahələrinin müntəzəm monitorinqi xeyli asanlıqla həyata keçirilərək, əldə olunan məlumatlar təhlil edilərək sistemləşdirilmiş şəkildə analiz olunur ki, bu da öz növbəsində məhsuldarlığın aşağı olduğu lokal ərazilərin qeydə alınması və sonralar həmin ərazilərdə əlavə tədbirlərin keçirilməsinin planlaşdırılmasına böyük imkanlar yaradır. Əvvəllər məhsulun monitorinqi kiçik təyyarələr, peyklər və ya sadəcə əllərində müvafiq ölçü cihazları ilə əkin sahələrini gəzən fermerlər tərəfindən həyata keçirilirdiyini və həm buna, həm də əldə olunmuş məlumatların sistemləşdirilməsinə sərf olunan əlavə vaxt və maliyyə vəsaitini və dronların bu istiqamətdə yerinə yetirdiyi işlərin kəmiyyət və keyfiyyət göstəricilərinin xeyli yüksək olduğunu nəzərə alaraq onların əhəmiyyətinin hazırda əvəzolunmaz olduğunu israr etmək olar.

Mütəxəssislərin fikrincə PUA 3 saat ərzində 10 kv. km meşə sahəsində toxumların əkilməsini həyata keçirə bilər. Halbuki, insana bu işləri görməyə qat-qat çox vaxt lazımdır. Belə ki, məhsulun monitorinqində əkin sahələri üçün kilometrlərlə məsafənin dolanmasına uzun vaxt sərf etməyə ehtiyac qalmır. Bundan başqa, dronlar əkin sahələrinin multispektral şəkillərini kompüterə xüsusi proqramlara ötürür və burada aparılan təhlil ilə mövcud problemlər aşkar edilir.

Dronların tətbiqi aşağıda sadalanan məsələlərin həllinə imkan verir:

-əkin sahəsinin ərazisini nəqliyyatla dolanmağa ehtiyac qalmadığından yanacaq-sürtkü yağlarına sərf olunan itkini aradan götürür;

-kənd təsərrüfatı işləri həyata keçirilərkən atmosferə buraxılan zərərli qaz buxarlarının həcmi azalır;

-işçi sayının azaldılmasına imkan verir. Məlumdur ki, bu sahədə, əsasən əkin və məhsulun yığılma mövsümlərində adətən işçi qüvvəsi çatışmır;

Məlumdur ki, gənc ixtisaslı kadrlar kənd yerlərinə həvəssiz gedirlər. Lakin aqrar sənaye komplekslərində yeni texnologiyaların tətbiqi bu sahəni gənc mütəxəssislərin gözündə maraqlı və perspektivli iş yerinə çevirə bilər.

Kənd təsərrüfatında dronların tətbiqi əvəzolunmazdır. Alimlər gələcəkdə məhsulun əkilməsi və ona qulluq edilməsi ilə yanaşı, dronlar vasitəsi ilə su və torpaq nümunələri götürməklə uzaq örüş yerləri və su hövzələrinin monitorinqini aparmağı planlaşdırırlar.

Mütəxəssislərin fikrincə ildən-ilə dronların qiyməti aşağı düşdüyündən, bu onların tətbiq sahəsini xeyli genişləndirməyə yeni imkanlar yaradacaqdır.

Bir sözlə, dronların kənd təsərrüfatında tətbiqi aşağıdakı üstünlüklərə malikdir: torpaq tədqiqatı və aqrotexniki tədbirlərin daha dəqiq aparılması; müşahidələrin aparılması üçün ayrılan zamana xeyli qənaətin edilməsi; nəqliyyat vasitələrindən istifadəyə xeyli qənaətin edilməsi; əkin sahələrində məşğul olan işçilərin sayını azaldaraq əmək haqqı fonduna qənaətin edilməsi; yeni texnologiyaların tətbiqi nəticəsində kənd yerlərində iş üçün gənc mütəxəssislərin cəlb edilməsi.

Pilotsuz sistemlər üzrə Beynəlxalq Assosiasiyanın məlumatlarına görə 2025-ci ildə ABŞ-da fəaliyyət göstərən dronların 80%-i kənd təsərrüfatında fəaliyyət göstərəcəkdir. Onu da qeyd etmək lazımdır ki, hazırda dronların kənd təsərrüfatında tətbiqinin çatışmayan cəhətləri da vardır: dron texnologiyasından istifadə hələlik bahadır və bu texnologiyadan yalnız iri fermer təsərrüfatları istifadə edir. Rusiya nəşriyyatı mənbələrində bildirilir ki, oradakı olan əkin sahələrinin yalnız 1,5-2%-də 2017-ci ildə dron texnologiyasından istifadə edilmişdir. Amma mütəxəssislərin fikrincə bu hələ başlanğıc deməkdir.

Dronların müasir həyatda sürətlə yer aldığını nəzərə alaraq, Azərbaycan Milli Elmlər Akademiyasında 2015-2016-cı illərdən başlayaraq dron texnologiyası ilə məşğul olan qruplar yaradılmışdır və bu sahədə məqsədyönlü fəaliyyətlər həyata keçirilməyə başlanılmışdır. AMEA Yüksək Texnologiyalar Parkı (AMEA YTP) yarandıqdan sonra bu qruplar onun ətrafında birləşmiş, fəaliyyətlərini daha səmərəli təşkil etmiş, nəticədə ilk AMEA dronları yaradılmış və bu dronlar sınaqlardan müvəffəqiyyətlə çıxmışdır. Hal-hazırda AMEA istehsalı olan dronlar müxtəlif sahələrdə tətbiq edilməyə başlanmışdır.

AMEA istehsalı olan dronların tətbiqi ilə həyata keçirilməsi çox mühüm əhəmiyyət kəsb edən aşağıdakı tədqiqat istiqamətləri müəyyən edilmişdir.

Texnogen çirklənmiş (xüsusi ilə də Abşeron yarımadasında köhnə neft hasilatı sahələri və bir sıra zavodətrafı ərazilər) ərazilərin radioekoloji monitorinqinin həyata keçirilməsi. Qeyd etmək lazımdır ki, torpağın müəyyən dərinliklərində olan radionuklidlərin diffuziya prosesləri nəticəsində torpağın üst qatına çıxması müşahidə edilir və monitorinqlərlə radionuklid fonunun qeyd edilməsi (qamma spektrdə) mühüm əhəmiyyət daşıyır. Monitorinqləri aparmaq üçün təsadüfi koordinatlar seçilməli və həmin metodika ilə reper nöqtələrdə dron üzərində olan detektor (və ya detektor sistemi) vasitəsi ilə ölçmələr aparılmalı, ölçmələrin nəticələri xüsusi yaddaşda qeyd edilırək komanda mərkəzinə ötürülməlidir. Ərazini yüksək ehtimalla əhatə etmək üçün araşdırmaların aparıdlığı təsadüfi koordinat seçimləri bir neçə dəfə dəyişdirilərək təkrar edilməlidir;

Meşə ərazilərinin ümumi monitorinqinin həyata keçirilməsi. Meşə ərazilərində yanğın baş verməsi ehtimal olunan ərazilərin reper koordinatları müəyyən edilməli və müvafiq proqnozlaşdırılma işləri aparılmalı, bu lokal ərazilər xəritələndirilməlidir. İsti və quru hava şəraitləri zamanı yüksək ehtimallı yanğın təhlükəsi olan  lokal meşə ərazilərində davamlı müşahidələr həyata keçirilməlidir. Meşə yanğınlarının ilk mərhələsində yanğın baş verən lokal nöqtələrin koordinatlarının dərhal idarəedici komanda mərkəzinə verilməlidir;

Daşqın təhlükəsi yaranmasında mühüm rol oynayan çay yataqlarının monitorinqinin həyata keçirilməsi. Xüsusən də Kür çayı üçün Mingəçevir su anbarından başlayaraq çayın deltasına qədər çay yatağı və yataqətrafı subasar ərazilərin üç ölçülü elektron xəritəsi hazırlanmalı və bu xəritə müxtəlif miqyaslarda generasiya edilməlidir. Subasar ərazilərin dəqiq proqnoz reper koordinatları müəyyən edilməlidir. Daşqın və sel suları altında qalan əkinə yararlı torpaq sahələri xəritələndirilməlidir;

Yarğanyaranma proseslərinin tədqiq olunması. Bu proseslərin çox aktiv olduğu Mingəçevir su anbarı ətrafında mailli düzənliklərdə yaranan və onlarla kilometr uzanan yarğanlar buraya – Mingəçevir su anbarına, yüksək ərazilərdən (dağ və dağətəyi zonalardan) böyük miqdarda eroziya məhsullarının daşınıb gətirilməsinə və nəticədə hövzənin dibində lil qatının artmasına və effektiv su tutumunun azalmasına səbəb olur. Bu isə öz növbəsində Azərbaycan üçün strateji əhəmiyyətə malik olan Mingəçevir su anbarına birbaşa ekoloji təhlükə yaradır. Bu ekoloji təhlükənin qarşısının alınmasına istiqamətlənən tədqiqatların çöx qısa zamanda aparılması vacibdir. Digər tərəfdən, başlanğıcı dağ və dağətəyi ərazilərdə, qurtaracağı düzənliklərdə olan və artaraq şəbəkə sistemləri yaradan yarğanlar maili düzənliklərin mərkəzlərində inkişaf edir və ərazi boyu yayılan gətirilmə materialları otlaq və əkin sahələrinin sıradan çıxmasına (səthinin örtülməsinə)  səbəb olurlar. Qeyd etmək lazımdır ki, Mingəçevir su anbarı ətrafındakı yarğanların uzunluğu təqribən 800-1000m, eni isə 5-30m arasında dəyişir və onların inkişaf etmə prosesini davam edir. Bu istiqamətdə keyfiyyətli tədqiqatların aparılması üçün böyük maddi vəsait tələb olduğundan məsələ indiyədək tam həllini tapmamışdır. Baş verən prosesləri dəqiq öyrənərək lazımi proqnoz məlumatların əldə olunması üçün çoxlu sayda fiksə edilmiş reper nöqtələr vasitəsi ilə tədqiq edilməsində ən yeni texnologiyalardan biri olan dron texnologiyasının tətbiqi çox mühüm əhəmiyyət daşıyır. Belə ki, tədqiqatların dronlar vasitəsilə aparılması həm zaman, həm iqtisadi, həm də keyfiyyət baxımından çox dəqiq nəticələr əldə etməyə imkan verər. Məhz dron texnologiyası yarğanlardakı erroziya gətirmələrinin miqdarının dəqiq təyin edilməsində əvəzedilməz texnologiyadır;

Sürüşmə zonalarının monitorinqinin aparılması. Sürüşmə təhlükəsi mövcud olan ərazilərdə baş verən dinamik prossesləri müşahidə etmək və qabaqlayıcı tədbirlər barədə məlumat bazası yaradılmalıdır;

İqlim dəyişmələrinə mənfi təsir edən karbon dioksid (CO2) qazının atmosferə atılma mənbələrinin və miqdarının monitorinqi. CO2-in atmosferə atılma mənbələrinin çox geniş coğrafi ərazilərdə yayıldığını nəzərə alsaq, belə monitorinqlərin effektiv həyata keçirilməsi üçün dronların çox mühüm əhəmiyyət daşıdığını görərik. Eyni qaydada drona bərkidilmiş xüsusi qəbuledici və təhliledici qurğuya paralel olaraq digər sensorlar tətbiq etmək yolu ilə CH4 (metan qazı),  H2S (kükürd qazı) təbii mənbələrinin və miqdarının da monitorinqini həyata keçirmək olar;

Rodon qazı təbii mənbələrinin monitorinqinin həyata keçirilməsi. Bunun üçün çəkisi 300-350 qram hüdudlarında olan xüsusi qəbuledici qurğu dronun aşağı hissəsinə birləşdirilir və təhliledici qurğudan götürülən məlumatların həm avtonom, həm də telemetrik olaraq məsafəyə vermək yolu ilə təhlil edilir. Dronları çox əhəmiyyətli edən cəhətlərdən biri də odur ki, göstərilən işlərlə eyni zamanda qurğuya digər sensor tətbiq etməklə tədqiqat ərazilərində qamma fonu da müəyyən etmək mümkündür. Bu baxımdan Azərbaycan ərazisində rodon qazı təbii mənbələrinin monitorinqi həyata keçirilməli və müvafiq xəritəalma işləri aparılmalıdır;

Neft-qaz sənaye infrastrukturunda dronlar vasitəsi ilə müşahidə və xəbərdaredici monitorinqlərin aparılması:

-təbii neft və qaz çıxışlarının monitorinqi və planlaşdırılması

-magistral neft kəmərləri boyunca müşahidə xəbərdaredici monitorinqlərin həyata keçirilməsi;

-neft terminalları ərazilərində monitorinqlərin aparılması;

-qaz paylayıcı stansiyalar ətrafında monitorinqlərin aparılması;

-hazır neft məhsulu anbarları ətrafında monitorinqin aparılması;

-yeraltı qaz anbarları üzərində sızma təhlükəsini qabaqlamaq və onu aradan qaldırmaq üçün ölçmə və xəbərdaredici xarakterli monitorinqlərin aparılması.

İnsan üçün əlçatmaz və keçilməz hesab edilən ərazilərdə (bataqlıq, daimi donuşluq, dağlıq və s.) geoloji-kəşfiyyat işlərinin planlaşdırılması və həyata keçirilməsi;

10. Torpaq sahələrinin monitorinqinin həyata keçirilməsi:

-şoranlaşma əraziləri;

-deqradasiyaya uğramış torpaq əraziləri;

-xüsusi sensorlar vasitəsi ilə torpağın temperatur və nəmliyi haqqında məlumat bazasının hazırlanması və fermer təsərrüfatlarında tətbiqi.

Dronların tətbiqi ilə əlaqədar AMEA-nın apardığı araşdırmalarda bu sahənin iqtisadi cəhətdən perspektivliyi mühüm amillərdən biridir. Belə ki, tətbiqə istiqamətlənən bütün yeni texnologiyalar üçün aşağıdakıların müəyyənləşdirilməsi vacib şərtlərdəndir:

-konsepsiya əsasında hər bir konkret texnologiya üçün ümumi effektivlik modelinin verilməsi;

-hər bir konkret texnologiya üçün iqtisadi rentabellik ölçülərinin verilməsi;

-hər bir konkret texnologiya üçün beynəlxalq standartlara uyğun biznes planın hazırlanması;

Dronların mülki təyinatlı istənilən istiqamətdə tətbiqində iqtisadi rentabellik faktoru əsas şərtdir. Əsas şərtə eyni zamanda tətbiq prosesində ətraf mühitə vurulan ziyanın minmallaşdırılmasının kəmiyyət ölçüsünü hesablamaya imkan verən ekoloji sərmayənin müəyyən edilməsi də əlavə edilməlidir.

Məlumdur ki, təqdim edilən ən yeni texnologiya mükəmməl olmasından, onun yaradılmasına çoxlu sayda yüksək səviyyəli mütəxəssislərin cəlb edilməsindən, onun yaradılmasında unikal cihaz və avadanlıqlardan istifadə edilnəsindən asılı olmayaraq təqdim edilən yeni texnologiyanın tətbiq olunması nəticəsində yaranan intellektual və ya maddi əmtəənin iqtisadi rentabellik ölçüləri aşağıdırsa, həmin əmtəə bazara daxil ola bilmir, bazar ehtiyaclarını ödəmək qabiliyyətinə malik olmur, başqa sözlə desək, onu pula çevirmək mümkün olmur. Yəni cəlb edilmiş yüksək intellektual və maddi resurslar yeni və unikal texnologiyanı yarada bilər, amma digər tərəfdən buna sərf olunan xərclərin çox olması bu unikal texnologiyanın rentabellik göstəricilərini aşağı sala bilər və alınan nəticə tələbləri ödəmədiyi üçün öz əhmiyyətini itirər.

Bütün bu məsələləri nəzərə alaraq bu istiqamətdə əldə edilən məlumatların sistemli təhlili AMEA-nın yeni texnologiyalarının effektivliyinin aşağıdakı ilkin baza prinsiplərini formalaşdırmağa imkan vermişdir.

Bu baza prinsipləri aşağıdakılardır:

-Yeni texnologiyaların işlənməsi və tətbiqi prosesində optimal idarəetmənin (menecmentin) hər bir konkret texnologiya üçün konkret formada tətbiq edilməsi;

-AMEA-nın çoxşaxəli intellektual potensialından səmərəli istifadə edilməsinin təşkil edilməsi;

-Yeni texnologiyaların işlənməsi və tətbiqi prosesinə gənc mütəxəssislərin daima yeniləşən və irəliyə doğru inkişaf edən intellektual və fiziki əmək potensialından istifadə edilməsi;

-Öz texniki göstəriciləri və texniki imkanlarına görə xaricdə istehsal olunan bahalı cihaz və avadanlıqlardan geri qalmayan, ucuz, müəyyən hallarda AMEA laboratoriyalarından çıxmış cihaz və avadanlıqların yeni texnologiyaların işlənməsi və tətbiqi prosesinə qoşulması;

-İnformasiya sisteminin  təkmilləşdirilmiş formada qurulması və bunun nəticəsində çox bahalı əməliyyat hesab edilən, xarici mütəxəssislərin treninq və məsləhət xidmətləri üzrə ehtiyacların aradan qaldırılması.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev AMEA YTP-nın yaranması ilə əlaqədar alimlərin qarşısında duran məsələlərlə bağlı çıxışında demişdir: ”Bu gün yeni texnologiyalar əsridir. O ölkələr ki, bu texnologiyaların sahibidir, onlar dünya miqyasında öz maraqlarını daha yüksək dərəcədə müdafiə edə bilirlər. Azərbaycan da o dövlətlərin sırasında olmalıdır. Bu gün biz çalışırıq ki, həyatımızın müxtəlif istiqamətlərində ən müasir texnologiyalar Azərbaycana gətirilsin, tətbiq edilsin və bizim alimlərimiz də gələcəkdə öz işlərini bu texnologiyalar əsasında daha səmərəli qura bilsinlər”.

Beləliklə, dronların istehsalı və onların xalq təsərrüfatında, elmi-tədqiqat işlərinin aparılmasında, müxtəlif sahələr üzrə monitorinq proseslərində geniş miqyasda tətbiqi AMEA-nın qarşısında qoyulan mühüm məqsədlərdən biridir və gələcəkdə bu sahədə fəaliyyətin daha da genişləndirilməsi planlaşdırılır.

 

Fətəli Abdullayev,

AMEA Rəyasət Heyəti aparatınınİşlər idarəsinin müdiri,

Strateji Elmi Tədqiqatlar Mərkəzinin rəhbəri,

siyasi elmlər üzrə elmlər doktoru

 

Tariel Hüseynov, AMEA prezidentinin köməkçisi

 

Respublika.- 2018.- 13 oktyabr.- S.5.