Görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın əziz xatirəsinə

 

Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksində görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor, elm təşkilatçısı, ictimai xadim Aida xanım İmanquliyevanın anadan olmasının 79-cu ildönümünə həsr edilmişNəsillərə örnək olan ömüradlı tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Təhsil Kompleksinin tarix muzeyində 1957-ci ildə bu məktəbi qızıl medalla bitirmiş Aida xanım İmanquliyevaya həsr edilən fotoguşə ilə tanış olublar.

Tədbirdə Təhsil Kompleksinin direktoru, Əməkdar müəllim Sara Xanlarova məktəbin məzunu, professor Aida İmanquliyevanın mənalı şərəfli ömür yolundan danışıb, onun zəngin elmi yaradıcılığının əhəmiyyətini diqqətə çatdırıb. Ərəb mühacirət ədəbiyyatına dair əsərləri ilə Aida İmanquliyevanın Azərbaycan, bütövlükdə dünya şərqşünaslıq elminə böyük töhfələr verdiyini vurğulayan direktor alimin üç monoqrafiyanın (“Mixail Nuayme Qələm Assosiasiyası”, “Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatının korifeyləri”), çoxlu sayda elmi məqalələrin müəllifi olduğunu söyləyib.

S.Xanlarova Aida xanımın həm xeyirxah, nəcib insan, qayğıkeş ANA olduğunu deyib, onun dünyamıza, xalqımıza, cəmiyyətimizə yüksək intellekti, zəngin mənəvi keyfiyyətləri ilə nümunə olan övladlar bəxş etdiyini söyləyib. Bildirilib ki, Aida xanım Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Nərgiz xanım Paşayevanın anasıdır.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli bildirib ki, Azərbaycanda ərəbşünaslıq sahəsində elmi məktəb yaradan professor Aida xanım İmanquliyeva həm dünyada tanınan böyük alim, həm bacarıqlı pedaqoq, tərcüməçi, görkəmli şəxsiyyət idi. Onun şərqşünaslıq elmi sahəsindəki tədqiqatları bu gün olduqca aktual əhəmiyyətlidir.

Böyük alimin tələbəsi, AMEA Alimlər Evinin direktoru, dosent Nuridə Quliyeva professor Aida xanım ilə bağlı xatirələrini bölüşüb, onun əsl pedaqoq, mehriban bir insan olduğunu söyləyib.

AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova Aida xanım İmanquliyevanın elm təhsilimizə verdiyi əvəzsiz töhfələrdən bəhs edib.

Sonra böyük alimin həyat fəaliyyətindən bəhs edən film göstərilib. Məktəblilər Aida İmanquliyevanın xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.

 

Məhəmməd Vəliyev

 

Respublika.- 2018.- 13 oktyabr.- S.5.