Firidun Şuşinskinin xatirəsinə

 

Dünyanın musiqi xəzinəsinin zənginləşməsində və onun inkişafında ifaçılarımızın rolu danılmazdır. XIX əsrin ikinci yarısından sürətlə inkişaf etməyə başlamış mədəniyyətimizin mahir sənətkarları muğamlarımızı təkmilləşdirməklə yanaşı, yeni-yeni təsnif və mahnılar da yaratmışlar. Qədirbilən xalq illərdən bəri xanəndə və sazəndələrini, el aşıqlarını məhəbbətlə sevmiş, onlara böyük ehtiram bəsləmişdir.

Azərbaycan muğamlarının ustad sənətkarları, məlahətli səsə malik ifaçıları olmuşdur. Hazırkı nəsil dinləyiciləri onların ifa etdikləri ecazkar muğamları dinləməmişdir. Çox təəssüf ki, televiziyanın yaradıcı kollektivi klassik muğam ustadları haqqında verilişi müntəzəm vermirlər. Hətta görkəmli sənətşünas-alim, bənzərsiz musiqi tədqiqatçısı Firidun Şuşinski haqqında belə vaxtaşırı verilişlər hazırlanmır.

Təəssüf ki, gənc nəslin nümayəndələrindən bir çoxu Firidun Şuşinskini tanımır.

Firidun Məhəmməd oğlu Şuşinski 1925-ci ildə Qarabağın tacı sayılan Şuşa şəhərində anadan olmuşdur.

Məhəmməd kişi 1931-ci ildə oğlu Firidunu Şuşa musiqi məktəbində təhsil almağa qoyur. Üç il burada təhsil alandan sonra yüksək musiqi istedadına baxmayaraq, orta məktəbi əla qiymətlərlə bitirib, Azərbaycan Dövlət Darülfünün (Universitet) tarix fakültəsinə daxil olur. Hələ universitetin II kurs tələbəsi olan Firidun bəy SSRİ Ali məktəb və elmi müəssisə işçiləri ittifaqının Azərbaycan Respublika Komitəsi, Bakı şəhəri ali məktəb tələbələrinin II ümumşəhər elmi konfransında iştirak edir.

Konfransların birində çıxış edən gənc Firidun ŞuşinskininVaqif bir dövlət xadimi kimi” məruzəsi I mükafata layiq görülür. Bu, müəllifin ilk mətbu əsəri olur.

Tələbəlik illərindən Firidun fenomen yaddaşını ictimai elmləri dərindən mənimsəməsinə sərf edir. O hələ birinci kursdan vaxtının çoxunu tarix, fəlsəfə, ədəbiyyat fənlərinin dərindən mənimsənilməsinə (xüsusilə klassik və aşıq ədəbiyyatını), “İncəsənətin son sözü” (H.Heyne) olan muğamların yaranması, onun ifaçıları haqqında maraqlı məlumatlar toplanmasına sərf edirdi. O, ölkəmizin şəhərlərini, obalarını qarış-qarış gəzib, unudulmuş muğam ifaçıları haqqında qələmə alacağı yazıları üçün yeni-yeni materiallar toplayırdı.

40 illik yaradıcılığını Azərbaycan musiqi mədəniyyəti tarixinin dərindən tədqiqinə və təbliğinə sərf edən Firidun Şuşinski ömrünün sonuna qədər çox faydalı işlər gördü. O, Azərbaycan musiqi tarixini araşdırıb tədqiq etməklə yeni bir era yaratdı. Dahi bəstəkar Fikrət Əmirov yazırdı: “Təsadüfi deyil ki, onu /Firidun Şuşinskini - A.K/ musiqi mədəniyyətimizin tarixini öyrənən ilk tədqiqatçı adlandırırlar. Çünki Firidun bəy Şuşinskiyə qədər bu sahədə heç kəs xüsusi tədqiqat aparmamışdır”.

F.Şuşinski həyatında bir çox ilklərə imza atan tədqiqatçıdır. O ilk dəfə olaraq Azərbaycan radio dalğalarında, televiziya ekranında xalqımıza məlum olmayan klassik muğam ifaçıları haqqında verilişlər aparırdı. F.Şuşinskinin müəllifi və aparıcısı olduğu verilişlərdəki çıxışlarında ustad sənətkarların qrammofon vallarına yazılmış ifaları və həyatı haqqında maraqlı hadisələrlə tanış oluruq. Təsadüfi deyil ki, Firidun bəy vaxtaşırı az tanınan ifaçıları verilişə dəvət edər, onlara geniş yer verər və yaradıcılıqları haqqında fikirlərini söyləyərdi. Təsadüfi deyil ki, Azərbaycanın Xalq artisti, mərhum kamança ustası Habil Əliyevi radio dalğalarına dəvət edən, onun haqqında ilk dəfə məqalə yazan məhz F.Şuşinski olmuşdu. F.Şuşinski gənc istedadların qayğısına qalar, onların inkişafında mühüm rol oynayardı. Onun ən çox sevdiyi, gələcəyinə inandığı Azərbaycanın Xalq artisti, xalqımızın sevimli sənətkarı, muğamlarımızı öz bənzərsiz ifası ilə dünyanın hər yerində tanıtdıran Alim Qasımov olub. İlk dəfə Cabbar Qaryağdıoğluna həsr olunmuş müsabiqədə Alim Qasımova münsiflər heyətinin bir neçə üzvü birinci yeri vermək istəmirdi. Yalnız Firidun müəllimin təkidli müdaxiləsindən sonra müsabiqənin qalibi Alim Qasımov oldu. Tarix göstərdi ki, F.Şuşinski düzgün seçim etmişdir. Alim haqqında söhbət düşəndə deyirdi ki, o, böyük istedad sahibidir, gələcəkdə Azərbaycanın adını yüksəklərə qaldıracağına əminəm. F.Şuşinski Alim Qasımovun oxumağı ilə bərabər, qaval vurmağına da yüksək qiymət verirdi.

Azərbaycan radiosunun musiqi verilişləri redaksiyasının təşəbbüsü ilə F.Şuşinskinin hazırladığı “Muğam konserti” rubrikası ilə verilən verilişləri yenilik adlandıran Azərbaycanın Xalq artisti, bəstəkar Tofiq Quliyev qeyd edirdi ki, artıq bununla damuğam xalturaçılarının fəaliyyəti”nə son qoyuldu. O, sevinc hissini gizlətməyərək bildirirdi ki, indi biz həmin bu verilişdə, konsertlərdə klassik irslə və onun gözəl ifaçıları olmuş məşhur sənətkarlarımızın yaradıcılıqları ilə tanış oluruq.

Həmin dövrdə F.Şuşinski sinəsini irəli veribmuğam xalturaçıları” ilə açıq-aydın döyüşürbunun nəticəsində də özünə kifayət qədər düşmən qazanırdı. İndi kimdir bumusiqi xalturaçıları” ilə döyüşməyə cürət edən? Təbii ki, heç kimin bu cür döyüşə girməyə cürəti çatmaz.

F.Şuşinski daha bir ilkə imza atır. İllərlə qəlbində gəzdirdiyi ilk dəfə Şuşa haqqında yazılmış əsərini 1962-ci ildə nəşr etdirir. Azərbaycan ədəbiyyatı tarixində mühüm bir hadisəyə çevrilən “Şuşa” kitabı rus dilinə tərcümə edilənə qədər oxucular, tarixçilər tərəfindən təqdir olunmuş, əsərə yüksək qiymət verilmişdi. Bu tarixi əsər artıq əl-əl gəzməyə başlamışdı.

Şuşa” 1968-ci ildə rus dilinə tərcümə ediləndən sonra Moskvada vəzifədə oturan bir qrup erməni əsərə görə respublikanın rəhbərliyindən F.Şuşinskinin cəzalandırılması üçün ciddi tədbirlər görülməsini tələb edirlər. Səbəb isə Azərbaycan xalqının qatı düşmənləri, daşnak partiyasının liderləri olan general Andronik, Dro, Nejde, Tevan və başqalarına qarşı F.Şuşinskinin sərt və barışmaz mövqeyi idi. Bununla da kitab böyük hay-küyə səbəb olur.

Əsərin rus dilinə nəşr olunması nəticəsində vətənində azərbaycanlı “ermənibaşlar” da Firidun bəyi “burjua-millətçi”, “xalqlar dostluğunun düşməni” kimi qələmə verirdilər.

Müəllif bu əsəri yazmağa vadar edən həmin ərəfələrdə türk xalqlarının qatı düşməni Andronikin İrəvanda heykəlini qoymağa hazırlaşanlara qarşı bir etiraz səsi idi. Senzora görə, Firidun Şuşinski Androniki ifşa etməklə, guya, millətlərarası ədavəti qızışdırır və ona görə də “Şuşa” kitabının bütün tirajının məhv edilməsi üçün qərar çıxarır.

Bu haqsız hücumlara baxmayaraq, F.Şuşinski araşdırmalarını davam etdirir, yeni-yeni muğam ifaçıları haqqında sənədlər əldə edirdi. Bu araşdırmaların nəticəsi olaraq, Firidun bəy Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri, “Şərq musiqisinin peyğəmbəri”, opera səhnəmizin ilk aktyoru Cabbar Qaryağdıoğlu haqqında yazdığı əsərini bitirir.

Tədqiqatçı-alim bir-birinin ardınca “Seyid Şuşinski”, “Xan Şuşinski” əsərlərini yazıb bitirdikdən sonra Azərbaycan musiqi tarixində hadisəyə çevriləcək “Azərbaycan xalq musiqiçiləri” (redaktoru Teymur Əhmədov) adlı monumental kitabını nəşr etdirir.

Əsər nəşr olunandan bir müddət sonra respublikanın müxtəlif sənət və peşə sahibləri bu qiymətli kitab haqqında öz ürək sözlərini oxucularla bölüşürdülər. Kitabla tanış olan professor Əkrəm Cəfər yazırdı:

Firidun Şuşinski öz məsləki yolunda candan keçən igiddir. Onun bu səliqəli kitabı dahi Üzeyir bəyin “Azərbaycan musiqisinin əsasları” kitabı ilə yanaşı qoyulmağa bərabərdir”.

Xalq şairi Xəlil Rza Ulutürkün kitab haqqında dediyi fikirlə razılaşmamaq olmur. O yazırdı: “F.Şuşinski bütöv bir elmi kollektivin görməli olduğu işi, çətin və şərəfli vəzifəni təkbaşına görüb. Xalqımızın musiqi sənəti tarixinin, onun nadir incilərinin araşdırılması, tapılıb bugünkü nəslə çatdırılması işində F.Şuşinskinin əvəzi yoxdur. Bu kitabı öz elmi əhəmiyyətinə görə məşhur ədəbiyyatşünas Firidun bəy Köçərlinin “Azərbaycan ədəbiyyatı” əsəri ilə müqayisə etmək olar”.

Oxucular tərəfindən tədqiqatçıya gələn məktublarda aşağıdakı sətirlərə də rast gəlinir: “Bu kitab adi kitab deyil. Burada oxuculara təqdim olunanlar Azərbaycan muğamının musiqi fədailəri, daha dəqiq desək, peyğəmbərləridirlər. İtib-batmış, çoxdan, hətta öz övladları tərəfindən unudulmuş böyük şəxsiyyətlər vətənə qaytarılıb”.

Azərbaycan xalqının qəhrəman oğlu, akademik Ziya Bünyadov bu əsəri “böyük bir akademiyanın tədqiqat işi” adlandırmışdı. Firudun bəyin bu əsəri haqqında fikir söyləyən nəinki musiqişünaslardan, adi oxuculardan gələn məktublara müraciət etsək, böyük bir kitab alınar.

F.Şuşinski ömrünün sonuna yaxın “Musiqişünasın düşüncələri” adlı monumental bir əsərini bitirib 1995-ci ildə 16500 tirajla nəşr etdirir. Lakin “sən saydığını say, gör fələk nə sayır”.

Bu kitab F.Şuşinskinin ölümünə bais olur. Əsər mətbəədə çap olunan ərəfədə F.Şuşinskinin ixtiyar çağında bir sıra “xalq artistlər” Səbail rayon məhkəməsinə müraciət edir. İddia ərizədə göstərilir ki, F.Şuşinski kitabda onların şərəf və ləyaqətinə toxunan sözlər işlətmişdir. İddiaçılar bəzən məqsəddən kənara çıxıb, 40 ilə yaxın Azərbaycan musiqi sənətinin əvəzsiz tədqiqatçısı olan F.Şuşinskini “ictimai-faydalı əməklə məşğul olmayan, özü-özünə musiqişünas, musiqi tədqiqatçısı adını verən ideoloji təxribatçı, mənəvi terrorçukimi təqdim edirlər.

Sual olunur: 200 illik bir dövrü əhatə edən Azərbaycan musiqisionun görkəmli nümayəndələri haqqında yazdığı “Azərbaycan xalq musiqiçiləri”, Sovet dövründə uzun müddət təqiblərə məruz qalmış “Şuşa”, xalqımızın musiqi tarixinin nadir incilərindən olanCabbar Qaryağdıoğlu”, “Seyid Şuşinski”, “Xan Şuşinski”, “Sadıqcan” və neçə-neçə kitabın, 50-dən çox sənətkarı xalqımıza tanıtdıran, radioteleviziya verilişlərinin müəllifinə “ictimai-faydalı əməklə məşğul olmayan, özü-özünə musiqişünas, musiqi tədqiqatçısı adını verən ideoloji təxribatçı, mənəvi terrorçu” damğası vurmaq nə qədər insafdandır?

Muğam ifaçılarının arayıb-araşdırılmasında yorulmadan çalışmış, heç kəsdən maddi kömək gözləmədən ömrünü MDB ölkələrinin arxivlərində, kitabxanalarında keçirmiş, hər bir yeni tapıntıya görə uşaq kimi sevinmiş görkəmli tədqiqatçı-alim, Əməkdar incəsənət xadimi Firidun Şuşinskinin musiqi mədəniyyətimizə verdiyi töhfə heç nə ilə müqayisəyə gəlməzdir. Biz onun zəhmətinin bəhrəsini radio dalğalarında, televiziya ekranında mütəmadi çıxışlarında, vaxtaşırı mətbuat səhifələrində dərc etdirdiyi məqalələrində, qalın-qalın kitablarında görürbununla da klassik ifaçılarımız haqqında müəyyən biliyə sahib oluruq.

XIX-XX əsr muğam ifaçılarımız haqqında hər hansı biliyə malik olmaq istəyən yalnız Firidun Şuşinskinin qələmə aldığı əsərlərindən bəhrələnə bilər. Respublikamızın Prezidenti tərəfindən hər hansı bir muğam ifaçısı haqqında sərəncam verilirsə, onun həyata keçirilməsi üçün ilk növbədə F.Şuşinskinin əsərlərinə müraciət olunur. Hər hansı bir klassik muğam ifaçısı haqqında məqalə, monaqrafiya yazılırsa, verilişlər təşkil edilirsə, Firidun bəyin qələminə müraciət olunmaması mümkün deyil. Bəzən məqalə hazırlayan şəxs qısqanclıqdan müraciət etmək istəməsə də, yenə də dolayı yolla görkəmli musiqişünasın fikirləri həmin yazıda öz əksini tapır. Musiqi ensiklopediyası haqqında kitab nəşr ediləndə Firidun Şuşinskinin adı tez unudulur. Bunu danmaq olmaz. Bu, həqiqətən, belədir.

Həmin “xalq sənətkarlar”ının haqsız iddialarının nəticəsi idi ki, uzun müddət tədqiqatçı-alimin nəinki əsərləri nəşr olunmurdu, hətta Firidun bəyin adını çəkmək belə yasaq edilmişdi. Yalnız həmən qadağadan 20 il sonra — 2015-ci ildə təvazökarlıqdan uzaq olsa da, bu sətirlərin müəllifinin tərtibatı və kitaba yazdığı “Zəhmətkeş tədqiqatçı” adlı yazısı ilə F.Şuşinskinin şəxsi arxivində saxlanılan sənədlər əsasında “Azərbaycanın musiqi xəzinəsi” adlı ensiklopedik əsəri ilk dəfə əhatəli şəkildə nəşr edildi. Kitaba sənətşünasın, həmçinin vaxtilə nəşr etdirdiyi və işıq üzü görməyən yazıları da daxil edilmişdi.

Respublikanın paytaxtında “Muğam evinin açılması Firidun Şuşinskinin ən böyük arzusu olmuşdu. 1985-ci ildə o bu barədə yazırdı: “Çox acınacaqlı haldır ki, istər tarın, istərsə də başqa alətlərin aqibəti nə Mədəniyyət Nazirliyini, nə Bəstəkarlar İttifaqını, nə də Yazıçılar İttifaqını narahat etmir. Görəsən bu vəziyyətlə biz hara gedirik?! Görəsən bizim milli alətlərin aqibəti nə ilə qurtaracaq?! Onu da yaddan çıxarmaq olmaz ki, milli alətlərin sıradan çıxması istər-istəməz muğamatın tənəzzülə uğramasına şərait yaradır. Bu isə sadəcə olaraq öz millətini, onun musiqi mədəniyyətini inkar edib tapdalamaqdır. Belə gedərsə, biz nəinki klassik muğamlarımızı, oyun havalarımızı, el nəğmələrimizi, hətta özümüzü belə itirə bilərik...

İfaçılıq sənətindəki xoşagəlməz “mənzərələrin” yaranmasının bir səbəbi də odur ki, bizdə elə bir klub, məclis, yığıncaq yeri yoxdur ki, işdən sonra oraya yığışıb poeziyadan, musiqidən, ifaçılıq sənətinin bir çox problemlərindən bəhs edəsən, oxuyub-çalana qulaq asıb fikir mübadiləsi aparasan. Yaxın vaxtlardaMuğam sarayı”, “Muğam evi”, “Muğam klubu” və s. musiqi ocaqlarının yaranması haqqında söz-söhbət gedir, lakin nədənsə hələlik sanballı bir şey yoxdur. Şübhəsiz ki, əgər şəhərdə “Muğam sarayı” yaradılarsa, bu milli musiqimiz üçün böyük fayda verərdi”.

Bəli, həmin gün gəldi. 2005-ci ildə Respublikanın vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə muğam ustalarından ibarət “dəyirmi masakeçirilir. Burada, respublikamızın paytaxtında Beynəlxalq Muğam Mərkəzi yaradıldı.

2006-cı il aprel ayının 6-da Prezident cənab İlham Əliyev Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında sərəncam imzalamışdır.

2008-ci il dekabrın 27-də Prezident İlham Əliyev və xanımı Birinci vitse-prezident Mehriban xanım Əliyeva Beynəlxalq Muğam Mərkəzinin açılışını etdilər.

Bununla da xalq öz qədim mirasına sahib durdu. Bu qədim xəzinənin yaşamasında nəinki muğam ustaları, bütün xalq ölkə başçısına və xanım Mehriban Əliyevaya minnətdar olmalıdır.

Maraqlıdır ki, bu təşəbbüsdən sonra muğam ifaçıları “fəallaşmağa” başladılar. Hökumətimizin müxtəlif mükafatlarına sahib oldular. Onlar hər bir musiqi yarışlarında, yığıncaqlarında öndə gedirlər.

 

Aslan KƏNAN

 

Respublika.- 2018.- 14 oktyabr.- S.7.