Unudulmaz
ictimai xadim və elm fədaisi
Azərbaycan qadın hərəkatına öz töhfələrini
vermiş qadınlarımızın adınıbu gün hər
birimiz qürurla çəkirik. Tibb elmləri doktoru, Əməkdar
elm xadimi, Azərbaycan Oftalmoloqlar Elmi Cəmiyyətinin sədri,
Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri,
professor Zəhra xanım Quliyevanın da adı Azərbaycanda
qadın siyasətinin həyata keçirilməsində
mühüm xidmətləri olan qadınların arasında
ön sıralarda çəkilir. Zəhra
Quliyeva respublika səhiyyəsinin inkişafına, tibb elminə
böyük töhfələr vermiş, milli kadrların
yetişməsində, Azərbaycan qadınlarının
ölkənin ictimai-siyasi həyatına cəlb edilməsində
mühüm əməyi olan görkəmli dövlət xadimlərindəndir.
Çox xoşdur ki, qadın
hüquqlarının müdafiəsi, onların hər bir sahədə
fəallığının artırılması istiqamətində
misilsiz xidmətləri olan Zəhra xanım Quliyevanın 95
illik yubileyini qeyd edirik. Hər bir millət
üçün fəxr olunası haldır ki, mənsub
olduğu ölkə tarixində unudulmaz şəxslər
yaşayıb, yaradıb. Xüsusən də
yüksək mənəviyyat, intellekt, mədəniyyət,
aydın təfəkkür sahibi olan qadınların tariximizdə
oynadıqları rol onların xalq arasında böyük
nüfuz qazanmasına səbəb olur. Z.Quliyeva
əvəzsiz xidmətləri, geniş fəaliyyəti ilə
xatirələrdə daim yaşayan, mənalı və şərəfli
ömür yolu keçmiş qadınlarımızdandır.
Z.Quliyeva hələ gənc yaşlarından
respublikanın ictimai-mədəni həyatında fəal
iştirak etmişdir. Azərbaycan qadınının görkəmli nümayəndəsi
kimi o, dəfələrlə SSRİ Ali Sovetinin, rayon və
Bakı şəhər sovetlərinin deputatı
seçilmiş, İttifaq Sovetində qanunvericilik üzrə
daimi komissiyanın sədri, sonra 9-cu
çağırışda qadın və ailə
komissiyasının sədr müavini olmuşdur. Eyni zamanda, müxtəlif beynəlxalq cəmiyyətlərin
və şuraların üzvü olmuşdur. Dünyanın bir çox ölkələrində
keçirilmiş qadın qurultaylarında, simpoziumlarda,
sülh günlərində, yüksək səviyyəli
toplantılarda iştirak və məruzə etmiş, bir
çox beynəlxalq tədbirlərdə Azərbaycan
qadınlarını təmsil etmişdir. O, 1971-ci ildə
ABŞ-ın Çikaqo şəhərində keçirilən
iqtisadi və irqi birlik uğrunda I qadın qurultayında,
1973-cü ildə Polşa, ADR, Varşava müqaviləsinin 20
illiyində parlament nümayəndəsi kimi iştirak
etmişdir. SSRİ Ali Sovetinin Anaların və
uşaqların qorunması, qadın əməyi və
güzaran məsələləri üzrə daimi
komissiyanın sədri, “İzvestiya” nəşriyyatı
yanında “Ailə və nikah” şurasının üzvü
olmuşdur. Zəhra xanım, həmçinin
Bakının Nəsimi rayon qadınlar şurasına rəhbərlik
etmiş, 1995-ci ildən “Sevil” Azərbaycan Qadınları Məclisinin
sədr müavini kimi fəaliyyət göstərmişdir.
Zəhra Quliyeva görkəmli ziyalı, oftalmoloq, akademik
Zərifə Əliyeva kimi göz xəstəliklərinin
müalicəsinin yüksək səviyyədə keçməsi
üçün bütün güc-qüvvəsini səfərbər
etmiş, neçə insana nurlu gözlər bəxş etməyə
vəsilə olmuşdur. Böyük alim və dövlət xadimi
Əziz Əliyevin ailəsi Zəhra xanımın taleyində
dərin və unudulmaz izlər buraxmışdır. Tale Zəhra xanımı Azərbaycanın çox
görkəmli və nüfuzlu elm və ictimai xadimləri ilə
qarşılaşdırmışdır. Və
bu kimi amillər də onun bir həkim kimi peşəkarlığının
artırılmasında öz səmərəsini vermişdir.
Tam əminliklə deyə bilərik ki, o,
tutduğu Komitə sədri vəzifəsini xəstələri
üçün ayırdığı zamana xələl gətirmədən
yerinə yetirə bilirdi. Peşəsində
də, ictimai işlərdə də eyni uğuru
nümayiş etdirirdi. O, həm bir tanınmış həkim
kimi, həm ictimai-siyasi fəal qadın kimi, həm də
işinə son dərəcə bağlı, zəhmətsevər
insan kimi Azərbaycan qadınlarının sosial vəziyyəti,
məişət problemləri, ümumiyyətlə, cəmiyyətdəki
və şəxsi həyatdakı mövqeyinə daim həssaslıqla
yanaşmışdır. Elmi yaradıcılığı ilə
də daim diqqət mərkəzində olan Zəhra xanım 4
namizədlik dissertasiyasının elmi rəhbəri, 4
monoqrafiyanın, 160-dan artıq elmi məqalənin, Tibb
Universitetinin tələbələri və müəllimləri
üçün tədris vəsaitinin müəllifi kimi tibb
elminin inkişafına xidmət etmişdir. Geniş
və səmərəli fəaliyyəti ilə ölkə rəhbərliyinin
rəğbətini qazanmış görkəmli oftalmoloq
ayrı-ayrı illərdə səhiyyə sahəsindəki
xidmətlərinə görə Vətənin yüksək
mükafatlarına layiq görülmüşdür. İki dəfə “Şərəf nişanı”,
“Qırmızı Əmək Bayrağı”, həmçinin
müstəqil respublikamızın “Şöhrət” ordenlərinə
layiq görülmüşdür. İctimai fəaliyyəti
bir çox medal və Fəxri fərmanlarla qiymətləndirilmişdir.
Zəhmətkeş
və səmərəli fəaliyyətinin nəticəsi idi
ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il
14 yanvar tarixində imzaladığı Fərman ilə
yaradılmış Azərbaycan Respublikası Qadın Problemləri
üzrə Dövlət Komitəsinin sədri kimi məhz Zəhra
Quliyeva təyin edilmişdi. Bu böyük fədakarlıq
tələb edən təyinatla Z.Quliyeva öz problemlərini
unudaraq bütün fikrini ölkədə qadın məsələlərinin
dövlət səviyyəsində həllinə yönəlməsinə
səbəb olmuşdur. Ümummilli lider Zəhra
xanımın bütün işgüzar fəaliyyətini
yüksək qiymətləndirərək bu vəzifəsinin
öhdəsindən layiqincə gələcəyinə əminlik
ifadə edərək könül rahatlığı ilə
bu addımı atmışdır. Çünki
o, hər şeydən əvvəl tarixi şəxsiyyət və
əsl vətəndaş kimi Azərbaycan xalqının
tarixində əvəzsiz rol oynayan insanların əməyinə
xüsusi diqqətlə yanaşmış, uzaqgörənliyi
və müdrik siyasəti ilə ölkə üçün
əhəmiyyətli şəxsləri seçmişdir.
Zəhra xanımın Komitə sədri vəzifəsinə
təyin edilməsi ilə ölkəmizdə fəaliyyət
göstərən dövlət və qeyri-dövlət
qadın təşkilatlarının işində ciddi
dönüş yaranmış, birgə fəaliyyət
üçün geniş imkanlar
açılmışdır. Onun gərgin əməyi və səyləri
nəticəsində 1998-ci il sentyabrın
25-də müstəqil Azərbaycan qadınlarının
qurultayı keçirilmişdir. O, həmçinin
Ümumdünya Qadın Konfransında ölkəmizi layiqincə
təmsil etmiş, qadınlarımızın haqq səsini
bütün dünyaya çatdırmışdır. Dağlıq Qarabağ münaqişəsini və
Ermənistanın ölkəmizə təcavüzü ilə
bağlı məsələlərini də böyük cəsarətlə
beynəlxalq aləmə çatdırmışdır.
Ümumiyyətlə, elə Qadın Problemləri
üzrə Dövlət Komitəsinin yaradılması təşəbbüsü
də onun uzaqgörən siyasətinin nəticəsi
olmuşdur. Qadın problemlərinin dövlət səviyyəsində
yüksək şəkildə həlli, onların
hüquqlarının müdafiəsi üçün sırf
qadınlara yönəlmiş Komitənin yaradılması
böyük şəxsiyyət tərəfindən labüd
sayılmışdır. Böyük
siyasi təcrübəyə malik olan Heydər Əliyev
bütün sosial-iqtisadi, mədəni, ictimai və digər
sahələrdə təmsil olunan qadınlarımızın əməyini
izləyir, onların hüquq və istəklərinin reallaşması
üçün səy və imkanlarını əsirgəməmişdir.
Ümummilli liderin qadınların problemlərinin
dövlət səviyyəsində həll edilməsinə
yüksək dəyər verərək Komitəni yaratması
Zəhra xanım kimi zəhmətkeş bir insanın fəallığını
müvafiq istiqamətə yönəlməsi yolunda sanki
cığırlar açmışdı.
Z.Quliyeva işinə son dərəcə bağlı, fəal
və ictimai işlərə təşəbbüskar bir
xanım kimi tanınmışdır. Hər bir
qadının sosial vəziyyəti, problemləri ilə
yaxından maraqlanması qadınların ona güvənməsinə
və öz problemlərini rahat bir şəkildə demələrinə
şərait yaratmışdır. Görkəmli
professor, xüsusən də, bölgələrdə, kənd
yerlərində fəal qadınları önə çəkmək,
onların hüquqlarını daha dərindən bilmələri
üçün genişmiqyaslı tədbirlər həyata
keçirmişdir.
Zəhra xanım yorulmaq bilmədən respublikanın
bütün rayonlarına gedir, əhali ilə
görüşürdü. Hər yerdə onu
mehribanlıqla, hərarətlə
qarşılayırdılar. İnsanlarla
son dərəcə mədəni və səmimi
davranışı, müdrik söz-söhbətləri,
kübarlığı ilə ətrafındakılarda inam
oyatmışdı. İnsanlar ona ürəkdən
inanır, etibar edirdilər. Təsadüfi
deyil ki, Zəhra xanım işlədiyi sahələrdə
çoxlu sayda davamçılarının yetişdirilməsinə
nail olmuşdu. Əməkdar elm xadiminin
insanlara yaxından köməklik göstərməsi
qadınların öz potensiallarından daha səmərəli
istifadə etmələri üçün geniş imkan
yaratmışdır. Onun müxtəlif
problemlərlə Komitəyə müraciət edən
insanları səbirlə, təmkinlə dinləyərək
qadın məsələlərinin həllində imkan daxilində
kömək etməsi mərhəmətinin göstəricisi
olmuşdur.
Onun təşkilatçılığı ilə Azərbaycanda
qadın hərəkatının inkişafı
üçün zəruri addımlar atılmış,
xüsusi dəstəyi ilə bir sıra fəal qadın QHT-ləri
yaradılmışdır. Baxmayaraq ki, o,
qadının hər şeydən əvvəl ana
ocağının çırağı olduğunu hesab
edirdi, bununla belə, çox sevinirdi ki, bu gün
qadınlarımız təkcə ailə çərçivəsindəki
fəaliyyətləri ilə kifayətlənmirlər. Onlar cəmiyyətin həyatında
bütövlükdə iştirak edirlər. Bu gün qadınlarımız rəhbər vəzifələrdə
çalışır, onlara göstərilən etimadı ləyaqətlə
doğruldurlar. O, bir tərbiyəçi kimi
qadınları milli-mənəvi dəyərlərimizin
qoruyucusu və təbliğatçısı olmağa, gənc
nəsli bu dəyərlər üzərində böyütməyə
səsləyirdi. Bu da onu göstərir ki, şərəfli
bir ömür yaşamış Z.Quliyeva respublikada səhiyyənin,
tibb elminin inkişafına töhfələr verməklə bərabər,
qadın hərəkatının liderlərindən
olmuşdur. O, Azərbaycan qadınlarının maariflənməsi,
ideya tərbiyəsi işində fəal iştirak etmiş,
onların təhsilə, elmə cəlb olunmasında təbliğat
işləri aparmışdır. Bütün
bunlarla yanaşı, Zəhra xanımın rəhbərliyi
altında ölkəmizdə ana və uşaqların hüquqlarının
müdafiəsi istiqamətində bir sıra praktiki
addımlar atılmış, bu sahədə qanunvericilik
bazası yaradılmış, sahibkar qadınların texniki və
kommersiya əlaqələrinin genişlənməsinə
böyük yardımlar edilmişdir.
Zəhra xanım bir Komitə sədri kimi insanların
problemlərini dinləyərək həlli yolunda
çalışmışdır, amma bu məqamda xüsusilə
qeyd etməliyəm ki, o, qaçqın və məcburi
köçkün həmvətənlərimizin taleyi ilə də
daha yaxından maraqlanmış, onların hər cür
narahatedici məsələlərinin dərindən həll
edilməsi üçün böyük əmək sərf
etmişdir.
O, insanlar tərəfindən zahirən sakit təbiətli
insan kimi anılır, ancaq ürəyi daim problemləri olan
insanlar üçün döyünürdü. Çünki həssas qəlbli Zəhra xanım
torpaqlarımızın işğalını, ailələrin
qaçqın və köçkün həyatı
yaşamasını adi qarşılaya bilmirdi. Xalqının taleyini övladlarının taleyindən
ayıra bilmirdi. Bu, hər şeydən əvvəl
bir vətəndaş duyğusu idi. Xüsusən
də qaçqın və köçkün həyatı
yaşayan qadınların işlə təmin olunması,
onların övladlarının gələcəkdə daha
yaxşı ömür sürməsi və sərfəli
şərtlərlə təhsil alması məqsədilə
səmərəli tədbirlər həyata
keçirmişdir. O, eyni zamanda Heydər Əliyev
Fondunun sosial sahələrdə apardığı işlər
və fondun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi
ilə həyata keçirilən layihələrin icrasında
öz əməyini əsirgəməmişdir.
Zəhra xanım, xüsusən yeni ailə qurmuş və
ya ailə həyatına hazırlaşan gənclərlə
ayrıca söhbətlər aparırdı. O,
çalışırdı ki, gənc nəsil Azərbaycan
xalqının zəngin adət-ənənələrinə
sadiq qalaraq milli-mənəvi dəyərləri yaşadaraq,
sağlam təməllər üzərində ailə həyatı
qursunlar. Bu səbəbdən də öz
müdrik məsləhətlərini bir ana kimi gənclərdən
əsirgəməz, onlara doğru yolu göstərmək
üçün tövsiyələrini çatdırardı.
İnsanlarla son dərəcə mədəni və
səmimi davranışı, müdrik söz-söhbətləri,
kübarlığı ilə ətrafındakılarda
böyük sevgi və dərin inam qazanmağa müvəffəq
olmuşdu. Çünki özünə
son dərəcə tələbkar olan Zəhra xanım
sözünün üstündə durmağı bacarır,
onun məsuliyyətini daşıyırdı. Ümumiyyətlə, o, ictimai xadimə məxsus olan
bütün keyfiyyətləri özündə birləşdirməklə,
əsl Azərbaycan qadının simasını həm daxilində,
həm də zahirində əks etdirirdi.
Vurğulamaq istərdim ki, Zəhra xanımın
qadın məsələlərinin həlli üçün həm
yerli, həmçinin beynəlxalq arenada fəaliyyət
göstərən təşkilatlarla əməkdaşlıq etməsi
qadınlarımızın qlobal miqyasda təmsilçiliyinə
də təkan vermişdir. Qadın Problemləri üzrə
Dövlət Komitəsi fəaliyyət göstərdiyi
müddət ərzində qadın siyasətini müasir tələblər
səviyyəsində gender siyasəti nəzərə
alınaraq respublikada həyata keçirilməsinə diqqət
artırılmış, beynəlxalq aləmdə Azərbaycan
qadınının ona məxsus olan imicinin yaranmasında, Azərbaycanda
gedən demokratik islahatların gedişi haqqında, ölkə
başçısının dövlət qadın siyasətinə
dair Fərmanının, Azərbaycanın haqq
sözünü, doğma yurdlarından didərgin
düşmüş minlərlə qadın və
uşaqların insani hüquqlarının pozulması
haqqında məlumatların beynəlxalq təşkilatlara
çatdırılmasında böyük şücaət
nümayiş etdirmişdir. Zəhra Quliyevanın rəhbərliyi
ilə dünya miqyasında qadın problemləri ilə əlaqədar
qəbul edilən konvensiya və qərarlar nəzərə
alınaraq qadınlarımızın nəinki respublikada, həm
də dünya ölkələri sırasında məsələlərinin
müzakirəsində iştirakını təmin etməklə
onların ictimai-siyasi fəallığını artıran,
hüquqlarının müdafiə olunmasını nəzərdə
tutan, respublika iqtisadiyyatının inkişafında
qadınların rolu, gələcək nəslin, o cümlədən
qızların tərbiyəsində anaların rolu və məsuliyyəti
və s. əks etdirən tədbirlər həyata
keçirilmiş, respublikanın bütün rayonlarında
müxtəlif təşkilatlar və onların rəhbərləri
ilə birgə, həmçinin qeyri-hökumət qadın təşkilatları
ilə əməkdaşlıq gücləndirilmişdir.
Mən özümü çox xoşbəxt hesab edirəm
ki, Zəhra xanımın rəhbərliyi altında işləmək
mənə də nəsib olmuşdur. Onun bütün fəaliyyəti
bizim üçün əsl məktəb idi. Zəhra xanım yaşından, vəzifəsindən
asılı olmayaraq, bütün kollektivlə eyni münasibətdə
olmuş, mehriban, səmimi rəftarı ilə əməkdaşlarının
dərin ehtiramını qazanmışdır. Zəhra xanım da öz idarəçilik təcrübəsini
həvəslə bizlərlə bölüşür, edilən
səhvlərin mahiyyətini çox gözəl şəkildə
izah edirdi. Çox böyük məmnuniyyətlə
vurğulamaq istəyirəm ki, ailə və uşaq problemlərinin
qadın problemləri ilə əlaqəli surətdə
kompleks həlli zərurəti vahid dövlət idarəetmə
orqanının təşkilini şərtləndirərək
möhtərəm Prezident cənab İlham Əliyevin
2006-cı il 6 fevral tarixli Fərmanı ilə
yaradılmış Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi bu gün ölkədə
dövlətin ailə, qadın və uşaq siyasətinin həyata
keçirməsi istiqamətində əməli addımlar
atmaqdadır. Zəhra xanım Quliyevanın təcrübəsi
də tətbiq edilərək fəaliyyət göstərən
Komitə üçün onun adı Azərbaycan qadın hərəkatının
tarixinə qızıl hərflərlə
yazılmışdır.
Hər kəs bu dünyada öz ömrünü
yaşayır, öz missiyasını yerinə yetirir. Zəhra
xanım da özünəməxsus bir həyat yolu keçdi
və səmərəli fəaliyyətinin nəticəsidir
ki, daim xatirələrdə yaşayır.
Hicran
Hüseynova,
Azərbaycan
Respublikasının
Ailə,
Qadın və Uşaq Problemləri üzrə
Dövlət
Komitəsinin sədri,
siyasi elmlər doktoru, professor.
Respublika.- 2018.- 19 yanvar.- S.5.