Mərcanlı elinə həsr olunan yeni kitab

Həsən Təhməzlinin oxuculara təqdim edilən nəfis tərtibatlı yeni kitabı - “Mərcanlılar (İsmayıl uşağı tayfası)” böyük zəhmət axtarışlar sayəsində işıq üzü görüb. Kitabda müəllifin doğulub boya-başa çatdığı, lakin bu gün isti yuvasından didərgin düşdüyü doğma  el-obasına sonsuz sevgisi öz əksini tapıb.

Mərcanlı elinin tarixi keçmişindən, Mərcanlı toponiminin mənasından, tanınmış el adamlarından, mərcanlıların yayılma arealından söhbət açılan nəşrdə bir sıra elm mədəniyyət xadimlərinin maraqlı məlumatları yer alıb. Kitabda mərcanlıların qonaqpərvərliyi, mərdliyi, zəhmətsevərliyi xüsusi olaraq diqqətə çatdırılır.

Kitabı hazırlayarkən müəllif bir məqamı da önə çəkib. Bu, gəncliyə ötürülməli, aşılanmalı olan vətənpərvərlik hissidir.  Həsən Təhməzli bu işin öhdəsindən layiqincə gəlib. Belə ki, kitabda Mərcanlı elinin yetirməsi, Azərbaycanın Milli Qəhrəmanı Kazım Ərşad oğlu Məmmədovun Qarabağ döyüşlərində göstərdiyi misilsiz rəşadət qəhrəmanlıq, döyüşçü dostlarının onun haqqında gənclərə əsl örnək ola biləcək xatirələri əksini tapıb.

Kitab müəllifin bu sözləri ilə açılır: “Mən mərcanlılar haqqında düşünəndə yadıma tarixin ən qədim qatlarında yaşamış bir qövm haqqında deyilmiş müdrik bir deyim düşür: “Əgər tarixdə yaşamaq haqqı qazanmaq istəyirsənsə, fədakar olmalısan”.72 yaşlı müəllifi Vətən, torpaq, yurd sevgisindən yazmağa vadar edən məhz fədakarlıq duyğusudur. Çünki  bu sanballı kitab asanlıqla araya-ərsəyə gəlməyib. Qələmini həm nəsrdə, həm nəzmdə sınayan ixtisasca ingilis dili müəllimi olan Həsən Təhməzlinin mənalı ömür yolu onun doğma Vətəninə sonsuz sevgisindən xəbər verir.Əvvəlki əsərlərində olduğu kimi, “Mərcanlılar”da da müəllif böyük elat camaatı olan mərcanlıların keçmişindən, həyat yaşayış tərzindən, insanlarından, dəyanət cəngavərliyindən söz açaraq yazır: “Mərcanlıların uzunömürlülüyü, mübarizliyi, dözümlülüyü, inadkarlığı da, heç şübhəsiz, onların genləri, qanları ilə bağlıdır”.

İki hissədən 400 səhifədən ibarət olan kitabda bu yurdla bağlı fotoşəkillər yer alıb.

Nəsillər dəyişəcək, insanların belə kitablara hər zaman ehtiyacı olacaq. Həsən Təhməzlinin gördüyü bu bütün zamanlarda öz aktuallığını saxlayacaq tədqiqatçıların araşdırmalarında istinad mənbəyi olacaq. İnanırıq ki, müəllif bundan sonra da dəyərli əsərləri ilə tariximizin qaranlıq səhifələrinə işıq saçacaq etnik-milli keçmişimizlə bağlı yeni dəyərli əsərlərlə oxucuların görüşünə gələcək.

 

 Ülvü QARAYEV

Respublika.- 2018.- 19 yanvar.- S.6.