Böyük dövlət
xadimi, müdrik insan
İnsanlıq tarixində elə
şəxsiyyətlər var ki, onların özlərinin fitri
istedadı, nümunəvi həyatı, həssas
duyğuları, hər bir incəliklərə yanaşma tərzi,
milli-mənəvi dəyərlərə
bağlılıqları bu gün də
xatırlanmaqdadır. Məhz bu kimi dəyərlərə
malik olan şəxsiyyətlər daim saflıq, paklıq zirvəsinə
yüksəlirlər, ürəklərdə əbədi məskən
salırlar. Azərbaycanın belə tarixi şəxsiyyətləri
sırasında Əziz Məmmədkərim oğlu
Əliyevin müstəsna xidmətləri xüsusi olaraq
vurğulanmalıdır.
Əziz Əliyev orta təhsilinin bir hissəsini
Rusiyada (Çitada), bir hissəsini isə İrəvan
gimnaziyasında alıb. Dünyada məşhur akademikimiz
Mustafa bəy Topçubaşov Əziz Əliyevin hələ
uşaqlıq illərindən fitri istedada malik olması barədə
xatirələrində yazırdı: “Ağıllı və
fərasətli uşaq olduğuna görə atam Əzizin xətrini
çox istəyirdi. O, məndən iki sinif aşağı
oxuyurdu. Di gəl ki, mənim dərslərimi də bilirdi. Hətta
məhəllə uşaqlarına dərs də verirdi”. O,
dünyanın ən məşhur tibb təhsili müəssisələrindən
sayılan Sankt-Peterburqdakı Hərbi Tibb Akademiyasında oxumağı
qarşısına məqsəd qoyur. Lakin Əziz Əliyevin
anası bəy nəslindən olsa da, iğtişaşlar
dövründə ailə ciddi maddi çətinliklərlə
üzləşir. Bu da Əziz Əliyevin vətəndən
uzaqda təhsil almasına mane olur. Möhkəm iradəyə
malik gənc bundan çıxış yolu taparaq o dövrün
ən böyük xeyriyyəçisi milyonçu Hacı
Zeynalabdin Tağıyevə müraciət edir və onun maddi
köməyindən sonra Sankt-Peterburqa gedə bilir. Orada yüksək bilik nümayiş etdirərək
Hərbi Tibb Akademiyasına qəbul olunur. Əziz Əliyevin həyatının
həmin dövrü 1998-ci il mayın 14-də ulu öndər
Heydər Əliyevin bu görkəmli dövlət və elm
xadiminin 100 illiyinə həsr olunmuş yubiley gecəsindəki
nitqində aydın mənzərəsini
tapmışdır: “O lap əvvəldən qeyri-adi insan idi. Onun tərcümeyi-halına diqqət yetirin. İrəvanda
rus gimnaziyasında təhsil almaq və oranı qızıl
medalla bitirmək, gənc ikən kömək
üçün milyonçu Hacı Zeynalabdin Tağıyevə
müraciət etmək, ondan bu köməyi almaq və
bütün dünyada məşhur olan Hərbi Tibb
Akademiyasında ali tibb təhsili almaq üçün
Peterburqa getmək - gənclik illərində bunu heç də
hər kəs bacarmazdı”.
1918-ci ilin iyun ayında İrəvana yay tətilinə
dönmüş Əziz Əliyev dəhşətli mənzərə
ilə üzləşir. Bir neçə ay əvvəl
atasının dünyasını dəyişməsi və
erməni silahlılarının davamlı olaraq törətdikləri
qanlı cinayətlər onu sarsıdır. O, məcburən
anasını və balaca qardaşını İrəvandan
götürərək Naxçıvanda və oradan da Cənubi
Azərbaycanda yerləşir. Ərəblər kəndində
Ə.Əliyev tibbi fəaliyyətini davam etdirir və əhaliyə
yardım göstərir. 1920-ci ildə anası Zəhra
xanım vəfat etdikdən sonra 1921-ci ildə
Naxçıvanın Şahtaxtı kəndinə
köçür. Orada 1923-cü ilin may ayına qədər
həkim köməkçisi kimi çalışır.
1923-cü ildə Ə.Əliyev Bakı şəhərinə
köçür və bu dövrdən onun ictimai-siyasi fəaliyyəti
başlayır. Azərbaycan SSR Xalq Komissarları
Şurasında işə başlayan və paralel olaraq, 1927-ci
ildə tibbi təhsil almış, Azərbaycan Dövlət
Universitetində məzun olmuş Əziz Əliyev, Azərbaycan
Klinik İnstitutunun rektoru vəzifəsinə qədər
ucalır (1929-1932). Onun məqsədi ölkədə tibbi
kadrların yetişdirilməsi idi. Daxili xəstəliklər
kafedrasında ordinator kimi işə başlayan Əziz
Əliyev haqqında Azərbaycan ziyalılarından və
görkəmli şəxsiyyətlərindən, eləcə
də Ə.Əliyevin çağdaşı və həmyerlisi
olan Mustafa bəy Topçubaşovun xatirələrindən:
“Atam tez-tez Əzizi mənə nümunə göstərirdi:
“Əziz səndən iki yaş kiçikdir, amma iki dəfə
səndən ağıllıdır. Müəllimlər hədsiz
tərifləyirlər. Özü də oxuyur,
başqalarına da öyrədir. Bir şey çıxsa,
Əziz kimi uşaqdan çıxar...”.
Əziz Əliyev ATU-nun və Azərbaycan
səhiyyə sisteminin ilk yaradıcılarından biri
olmuşdur. Əziz Əliyev Azərbaycan Dövlət Tibb
İnstitutunda təhsil alan tələbələrin həyatı
ilə dərindən maraqlanır, onların problemləri barədə
ciddi düşünürdü. 1933-cü ildə onun təklifi,
təşəbbüsü və bilavasitə
iştirakı ilə indiki Kliniki Tibbi Mərkəzin
yaxınlığında “Tibb şəhərciyi”nin
inşasına başlanılıb. Sonralar həmin şəhərcikdə
tələbə yataqxanaları ilə birlikdə nəzəri
kafedralar üçün tədris korpusları da tikilib.
Bünövrəsi o dövrdə qoyularaq inşasına
başlanan işlərin genişləndirilməsi XX əsrin
ortalarından etibarən və XXI əsrin əvvəllərində
ulu öndər Heydər Əliyev tərəfindən həyata
keçirilib. Son 14 ildə isə bu monumentallıq Prezident
İlham Əliyev tərəfindən uğurla
reallaşdırılır. Əziz Əliyevin daha bir humanizmi
onun öz tələbələrini aclıqdan qoruması
üçün atalıq qayğısı olub. Misal üçün, 1933-1934-cü illərdə
ölkədə çörək qıtlığı
yarandığından ATİ-nin tələbələrinin də
güzəranı xeyli ağırlaşır. Əziz
Əliyevin qayğısı sayəsində “Azad qadın” heykəlinin
yaxınlığındakı orta məktəbin birinci mərtəbəsində
tələbə yeməkxanası təşkil edilir.
Burada ATİ-nin tələbələrinə gündə
500-600 qram çörəklə bərabər, pulsuz yemək
verilir. Bundan əlavə, Əziz Əliyev Azərbaycan
Dövlət Tibb İnstitutunda rektorluq fondu yaradır. O, həmin fondun hesabına ehtiyacı olan əlaçı
tələbələrə hər il paltar, ayaqqabı
aldırır, bu da gəncləri daha yaxşı oxumağa
sövq edir. Əziz Əliyev hər il Azərbaycan Dövlət
Tibb İnstitutunun son kurs tələbələrinin ən
bacarıqlılarını Moskvanın və
Sankt-Peterburqun məşhur ali tibb məktəblərinə
ezam edər, onlara təcrübə toplamaları
üçün əlverişli şərait yaradardı. Belə
vaxtlarda ölkədən xaricə gedən tələbələrə
pul yardımı edər, onları öz hesabına geyindirərdi.
Maraqlı faktlardan biri də budur ki, Əziz
Əliyevi 1934-cü ildə Bakıda səhiyyə xidmətinin
səviyyəsini yüksəltmək məqsədilə şəhər
səhiyyə şöbəsinin müdiri vəzifəsinə
təyin edirlər. Bir neçə aydan sonra o,
qarşısına qoyulan məqsədə nail olur və yenidən
Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru vəzifəsinə
qaytarılır. 1936-1940-cı illərdə Əziz
Əliyevin iştirakı ilə malyariyaya və traxomaya
qarşı mübarizəyə başlanılıb. Bu illər
ərzində nə qədər insanların həyatı
ölüm təhlükəsindən qurtarılır. Həyata
keçirilən tədbirlər sayəsində ölkəmizdə
tüğyan edən bu dəhşətli xəstəliklərin
qarşısı alınır. Onun rəhbərliyi altında
respublikada xüsusi dispanserlər, şəhər və kəndlərdə
göz xəstəxanaları təşkil edilir.
O, müəyyən müddətdə
Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru olmaqla
yanaşı, Əczaçılıq İnstitutuna da rəhbərlik
edib və 1937-ci ildə eyni zamanda Bakı Dövlət
Universitetinin rektoru vəzifəsində də
çalışıb. İkinci Dünya müharibəsi illərinin
əvvəllərində isə alay polkovniki rütbəsində
siyasi rəhbər kimi İrana — Cənubi Azərbaycana
göndərilib. İlk dövrlərdə Sovet ordusunun
soyğunçuluq hərəkətləri barədə
onlarla hadisəni qeydə alan Azərbaycan kəşfiyyat qrupu
bu haqda MK-ya xəbər verir. Həmçinin ordunun şəhərlərə
girdiyi dövründə imkanlı adamların çoxu təcili
şəkildə Cənubi Azərbaycanı tərk edirdi.
Arxiv sənədlərində qeyd olunduğu kimi, avqustun sonu,
sentyabrın əvvəllərində keçirilən hərbi
əməliyyatlarda Azərbaycan SSR-dən yalnız çekist
qrupu iştirak edirdi. S.Yemelyanov başda olmaqla bu qrupun
iştirakının müəyyən əhəmiyyəti
oldu. Belə ki, Ermənistan SSR-dən
çekist qrupuna rəhbərlik edən daxili işlər
nazirinin müavini Gözəlyan Ermənistan rəhbərliyinin
fikrini belə açıqlamışdı ki, guya Sovet
qoşunlarının işğal etdiyi “İran ərazisi” Azərbaycanla
Ermənistan arasında təsir dairəsinə bölünməlidir.
Onların fikrincə, Təbriz Ermənistanın respublika
orqanlarına tabe edilməli idi. Vəziyyətin
bu halından xəbərdar olan Azərbaycan hökuməti
Stalini, Cənubi Azərbaycanda işin aparılmasının
yalnız azərbaycanlılar tərəfindən
mümkün olacağına inandıraraq 1941-ci ilin
sentyabrında Təbrizdəki 47-ci ordunun Hərbi
Şurasına Əziz Əliyev üzv təyin edilərək
səfərbərliyinə nail olundu. O dövrdə
rəsmi sovet dövlət orqanlarında “Əziz Əliyev
qrupu” kimi tanınan 4000-ə yaxın partiya, sovet təşkilatı
və təhlükəsizlik orqanı əməkdaşlarının,
mədəniyyət işçisinin və dövlət
xadiminin Cənubi Azərbaycanda gördüyü əhəmiyyətli
iş bilavasitə bu görkəmli vətənpərvərin
rəhbərliyi sayəsində uğur qazandı və tarixə
“Əziz Əliyev qrupu” kimi həkk olundu.
O, 1941-1942-ci illərdə Azərbaycan KP
MK-nın katibi, 1942-1948-ci illərdə Dağıstan MSSR
Vilayət Partiya Komitəsinin birinci katibi vəzifələrində
çalışıb və həmin illərdə
özünü bacarıqlı dövlət xadimi kimi göstərə
bilib.
Kiçikbəy Musayev, Dağıstanın
Əməkdar mədəniyyət xadimi Əziz Əliyev
haqqında belə deyir:
“Ə.Əliyevin təbliğ
etdiyi insanpərvərlik, insani məhəbbət, dostluq və
həmrəylik, xalqa və insana xidmət kimi əbədiyaşar
ideallar dərin kök atıb və bizim qəlbimizdə,
şüurumuzda, həyat və fəaliyyətimizdə
yeni-yeni bəhrələr verməkdədir”.
Dağıstanda 80-dən artıq xalq və
etnik qrupun nümayəndələri yaşayır ki, onlardan
sayca ən çoxu avarlar, darginlər, kumıklar, ləzgilər,
laklar, azərbaycanlılar, tabasaranlar, ruslar, noqaylar, rutullar və
tatlar idi. Dövlət xadimi Dağıstanda ucqar aullara baş
çəkir, dağlara çəkilmiş gəncləri hərbi
batalyon və partizan qruplarına cəlb edir. Təxribatçıları
aşkara çıxarıb zərərləşdirmək
üçün qırıcı dəstələri
yaradılır. Dağıstanda təşkil olunmuş azərbaycanlılardan
ibarət diviziya, Dağıstan polkları və digər ordu
birləşmələri öz vəzifələrini şərəflə
yerinə yetirir.
Dağıstan şəhərlərində
yeni sənaye sahələri yaradılır. 400.000 hektardan
çox sahə taxılçılığa ayrılır,
2000-dən çox kənd və aul birləşdirilərək
700-ə yaxın kolxoz və sovxoz fəaliyyətə
başlayır. Yeni xəstəxana və hərbi hospitallar
açılır.
Dağıstanın Samur-Dəvəçi
kanalının açılışı Ə.Əliyevlə
birbaşa bağlıdır.
Ə.Əliyev müharibə illərindən
sonra Dağıstanda ardıcıl islahatlar aparır.
Dağıstanda SSRİ Akademiyasının filialı
açılır. Qadın Müəllimlər İnstitutu və
Qadın Pedaqoji Məktəbi Ə.Əliyevin birbaşa vasitəçiliyi
ilə fəaliyyətə başlayır.
Əziz Əliyev 1949-1950-ci illərdə
Moskvada ÜK(b)P MK-nın təlimatçısı,
1950-1951-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin
birinci müavini, sonrakı illərdə Azərbaycan SSR Elmi-Tədqiqat
Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun
direktoru olub, Sabunçu xəstəxanasında işləyib,
1956-cı ildən etibarən Azərbaycan Dövlət Həkimləri
Təkmilləşdirmə İnstitutunun rektoru vəzifəsində
fəaliyyət göstərib. Onu da qeyd edək
ki, Əziz Əliyev həm də böyük bir ailənin
başçısı, gözəl və qayğıkeş
ata idi. Əziz Əliyevin və həyat yoldaşı Leyli
xanımın böyütdükləri övladlar öz
istedadları, bacarıqları hesabına ucalıblar. Bu ailənin övladı Zərifə Əliyeva Azərbaycan
Dövlət Tibb İnstitutunu bitirdikdən sonra həyatını
bütünlüklə oftalmologiya elminin inkişafına, bu
sahədə yüksək ixtisaslı tibb kadrlarının
hazırlanmasına həsr edib. Əvvəl Bakıda, sonra isə
Moskvada uğurla çalışan Zərifə xanım oftalmologiya sahəsində akademik səviyyəsinə
qədər yüksəlib və 1981-ci ildə keçmiş
SSRİ Elmlər Akademiyasının çox nüfuzlu “Averbax”
mükafatına layiq görülüb. Əziz Əliyevin digər
övladları Ləzifə Əliyeva bacarıqlı göz
həkimi, ADTİ-nin Göz xəstəlikləri kafedrasının
dosenti, Dilbər xanım adlı-sanlı mühəndis-rabitəçi
olmuşlar. Ailənin kiçik qızı, Əməkdar incəsənət
xadimi Gülarə Əliyeva “Dan ulduzu” instrumental
ansamblını yaradaraq uzun müddət ona rəhbərlik
edib. Alimin böyük oğlu, Əməkdar elm xadimi, tibb elmləri
doktoru, professor Tamerlan Əliyev respublikanın
tanınmış terapevtlərindən idi. O,
uzun müddət ATU-nun Daxili xəstəliklər kafedrasının
müdiri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
baş terapevti vəzifələrində
çalışıb. Əliyevlər ailəsinin kiçik
övladı Cəmil Əliyev də həyatını tibb
elminin inkişafına həsr edib, tibb elmləri doktoru,
professor, Əməkdar elm xadimi, akademik səviyyəsinə
qədər yüksəlib. O, hazırda Azərbaycan
Milli Elmlər Akademiyasının, Rusiya Tibb Elmləri
Akademiyasının həqiqi üzvü, Əməkdar elm
xadimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli
Onkologiya Mərkəzinin baş direktorudur. Əziz Əliyevin
xatirəsinə həsr edilmiş təntənəli yubiley
gecəsində ulu öndər Heydər Əliyev gözəl
bir nitq söyləmişdi: “Biz son illər bu möhtəşəm
sarayda Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin
yubileylərini təntənə ilə qeyd etmişik. Bu,
çox gözəl ənənədir, bugünkü nəsillərin
öz tarixi keçmişinə, görkəmli şəxsiyyətlərinə
hörmət-ehtiramını, təşəkkür və
minnətdarlığını ifadə edir. Ancaq
bugünkü təntənəli yubiley gecəsinin fərqi
vardır. Bu da ondan ibarətdir ki, biz Əziz Əliyevin 100
illik yubileyini qeyd edirik, eyni zamanda, Dağıstan və Azərbaycan
xalqının çoxəsrlik dostluq, qardaşlıq tarixinə
yeni gözəl, parlaq səhifələr yazılır”.
Həmin yubiley gecəsində xarici ölkələrdən,
xüsusilə də qonşu Dağıstan Respublikasından
çoxlu qonaqlar iştirak edirdilər. Onların arasında
Dağıstan Respublikası hökumətinin sədri Xizri
Şıxsəidov da var idi. Ümummilli lider Xizri Şıxsəidovu,
onunla birlikdə Bakıya gəlmiş qonaqları, yubiley gecəsində
iştirak edənləri salamlayaraq demişdi: “Bizim
üçün xüsusi əhəmiyyəti olan odur ki, Azərbaycan
xalqının oğlu Əziz Əliyev yüksək
bacarığını, fayda vermək qabiliyyətini
yalnız təkcə öz respublikasında, ölkəsində
nümayiş etdirməmişdir. O, müharibə
illərində İranda çox məsul işi uğurla
yerinə yetirmiş, Dağıstan rəhbəri kimi son dərəcə
məsuliyyətli vəzifənin öhdəsindən çox
gözəl gəlmiş, Moskvada - tərkibində
yaşadığımız Sovetlər İttifaqı kimi bir
dövlətin paytaxtında müvəffəqiyyətlə
çalışmışdır”.
2017-ci ildə ölkə
Prezidenti cənab İlham Əliyev Azərbaycanın görkəmli
dövlət və elm xadimi Əziz Əliyevin 120 illik
yubileyinin keçirilməsi haqqında sərəncam
imzaladı. Bununla bağlı universitetimizin kitabxanasında
Ə.Əliyevə həsr olunmuş guşə
yaradılmış, elmi konfrans keçirilmişdir.
Universitet tələbələrinin yubileyə həsr
olunmuş rəsm sərgisi təşkil olunmuşdur.
Əziz Məmmədkərim
oğlu Əliyev dəfələrlə SSRİ-nin, Azərbaycan
SSR-in və Dağıstan MSSR-in Ali sovetlərinin deputatı
olmuş, yüksək rəhbər partiya orqanlarının tərkibinə
seçilmiş, iki dəfə “Lenin” ordeni,
“Qırmızı Əmək Bayrağı” ordeni, bir
çox dövlət mükafatları ilə təltif
edilmişdir. Azərbaycanın Əməkdar həkimidir.
Əziz Əliyevin mükafatı iki qardaş ölkə
xalqlarının ona sonsuz məhəbbəti, ən
böyük adı Azərbaycanda və Dağıstanda
qurub-yaratdıqlarıdır.
Könül ƏLİYEVA, Azərbaycan
Memarlıq və İnşaat Universiteti
İctimai fənlər kafedrasının müdiri, Siyasi elmlər
üzrə fəlsəfə doktoru, dosent
Respublika.- 2018.- 26 yanvar.- S.6.