“Səməd Mənsur” adlı biblioqrafiya nəşr olunmuşdur
Azərbaycan
Milli Kitabxanası mütəmadi olaraq “Azərbaycanın
görkəmli şəxsiyyətləri” seriyasından bir
sıra görkəmli şəxsiyyətlərin
biblioqrafiyalarını hazırlayaraq nəşr etdirir. Elm məbədi növbəti
dəfə XX əsr Azərbaycan mədəniyyətinin
tanınmış nümayəndəsi,
şair, jurnalist, dramaturq, tərcüməçi
Səməd Mənsurun
(Səməd Əhməd
oğlu Kazımov) 140
illiyinə həsr etdiyi “Səməd Mənsur” biblioqrafiyasını
nəfis tərtibatda
hazırlayaraq çap
etdirmişdir.
Səməd Mənsur 1937-ci il
repressiyalarından 10 il
əvvəl dünyasını
dəyişsə də,
şeirlərində mövcud
sistemin dözülməz
ideoloji qaydalarına boyun əymədiyinə və şeirlərində
cəmiyyətdəki reallıqları
əks etdirdiyinə görə onun üçün repressiya lap əvvəllərdən
başlanmışdır. Belə ki, əsərləri rəsmi qaydada çap olunmamış, ona bir sıra
qadağalar qoyulmuş,
şeirləri yalnız
bir sıra ədəbi-bədii məclislərdə
səslənərək yaddaşlara
hopmuş, sonralar isə həyat və yaradıcılığı
araşdırılaraq tədqiqat
obyektinə çevrilməmişdir.
Yalnız 1980-ci ildə işıq
üzü görən
“Deyilən söz yadigardır” (tərtib edəni: Cəfər
Rəmzi İsmayılzadə),
“Molla Nəsrəddinçi
şairlər” (tərtib
edənlər: Abbas Zamanov və Kamran Əliyev) və “Azərbaycan qəzəlləri” (tərtib
edəni: Məmməd Nuri) antologiyalara
Səməd Mənsurun
yaradıcılığından da bir sıra
şeirlər salınmışdır.
Bir neçə il sonra-1993-cü ildə Xalq yazıçısı
Anar şairin “Həpsi rəngdir”adlı
ilk şeirlər kitabını nəşr
etdirmişdir. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin
həyata keçirilməsi
haqqında” 2004-cü il
12 yanvar tarixli Sərəncamına əsasən
Səməd Mənsurun
2006-cı ildə “Seçilmiş
əsərləri” (tərtib
edənlər: Əliheydər
Hüseynov, Təranə Hüseynova və Abbas Abdullayev) çap edilmişdir.
Qeyd edək ki, Milli Kitabxananın
hazırlayaraq nəşr
etdirdiyi “Səməd Mənsur” şair haqqında işıq üzü görən ilk biblioqrafiyadır.
Vəsaitdə “Səməd Mənsurun
həyat və yaradıcılığının əsas tarixləri”, “Səməd Mənsur poeziyasından seçmələr”,
“Görkəmli şəxsiyyətlər
Səməd Mənsur
haqqında” bölmələri”,
eyni zamanda, şairin həyat və yaradıcılığını,
ədəbi fəaliyyətini əks etdirən və 1911-2018-ci
illərdə dərc
edilən materiallar öz əksini tapmışdır.
Biblioqrafik göstəricidə
ədəbiyyat xronoloji
qaydada verilmiş, daxildə isə əlifba sırası gözlənilmişdir. Biblioqrafiyaya
akademik Nizami Cəfərov “Unutdurulduqca
unudulmayan şair” başlıqlı ön söz yazmışdır.
“Səməd Mənsur” biblioqrafiyasının
tərtibçisi Milli
Kitabxananın bölmə
müdiri Mətanət
İbrahimova, Ön sözün müəllifi
akademik Nizami Cəfərov, elmi redaktoru Əməkdar mədəniyyət işçisi,
professor Kərim Tahirov, redaktoru Əməkdar mədəniyyət
işçisi Gülbəniz
Səfərəliyevadır.
Qeyd edim ki, kitabxananın işgüzar
və bacarıqlı
əməkdaşı Mətanət
İbrahimova bundan əvvəl də həmmüəlliflərlə birgə “Teymur Elçin” (2014), “Molla Pənah Vaqif” (2017), “Əziz Əliyev”(2017), “Qəzənfər Paşayev”
(2017), “Qara Qarayev”
(2017), “Heydər Əliyev”
(2017), “Mir Cəlal” və digər görkəmli şəxsiyyətlər haqqında
fundamental biblioqrafiyaları
hazırlayaraq çap
etdirmişdir. “Səməd
Mənsur” biblioqrafiyası
ədəbiyyatşünas alimlər, tədqiqatçılar,
kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə
tutulmuşdur.
Adilə QOCAYEVA
Respublika.- 2019.- 24 avqust.- S.8.