Zəfərlər, zirvələr qismətiniz
olsun!..
Bu
gün dünyanın, bəşər övladının
hava, su, qida, təhlükəsiz yaşam kimi vacib tələbatları,
ehtiyacları qədər mərhəmətə, insanpərvərliyə,
xeyirxahlığa da böyük ehtiyacı, tələbatı
var...
Bu gün dünyanın, kürreyi-ərzin,
insan övladının bəlkə də ən vacib
ehtiyacları, tələbatları onların mərhəmətə,
insanpərvərliyə, xeyirxahlığa olan
aclığıdır...
Az qala hər daşından, hər
divarından qanlı göz yaşları axan dünyanın,
Yer üzünün, insanlığın mərhəmətə,
rəhmə, xeyirxahlığa tarix boyu bəlkə də
indiki qədər ehtiyacı, tələbatı olmayıb...
Qan axıtmaqdan gözləri
doymayan, dünyanı öz izzəti-nəfisləri naminə
bölüb-parçalamaqdan, insanlığı heçə
saymaqdan yorulmayan, usanmayan bəzi acgöz, qəddar siyasətçilərin
və liderlərin bitib-tükənmək bilməyən və
sonu görünməyən dəhşətli əməlləri
üzündən bəşəriyyət bu gün bu qədər
mərhəmətə, şəfqətə,
xeyirxahlığa möhtac duruma düşüb...
Bəlkə də dünyada işlər nisbətən
yolunda, qaydasında, nizamında getsəydi, mərhəmətə
və xeyirxahlığa da bu qədər ehtiyac hiss edilməzdi...
Amma və lakin... göz
yaşları durmaq bilməyən, qanlı yaraları qaysaq
bağlamayan dünyamızın, insanlığın müvəqqəti
də olsa yarasına məlhəm olmaq, göz
yaşlarını silmək üçün rəhm, mərhəmət,
xeyirxahlıqdır əlacı, dərmanı...
Kəssə hər kim tökülən qan
izini,
Qurtaran
dahi odur Yer üzünü -
deyə
bundan az qala 100 il əvvəl söyləmişdi,
hayqırmışdı böyük ustad Hüseyn Cavid...
Amma təəssüflər
və əfsuslar olsun ki, dəyişən heç nə
yoxdur...
Bu qos-qoca
dünyada hələ ki, tökülən günahsız
qanları, sel kimi axıb gedən göz yaşlarını
durduran yoxdur, varsa da, olubsa da, imkan verilməyib...
Çünki
göz yaşları, axıdılan qanlar çoxunun xeyrinə,
marağındadır...
Amma
istisnalar da yox deyil, lokal səviyyədə olsa da...
Məhz 1993-cü ilin iyununda yenidən hakimiyyətə
qayıdışı ilə ulu öndərimiz Heydər
Əliyev Azərbaycan xalqını vətəndaş
qırğınından, qan-qadadan, ölkəni məhv
olmaqdan, dünya xəritəsindən silinməkdən xilas
etdi. Məhz
onun böyük iradəsi sayəsində 1994-ci ilin mayında
atəşkəs sazişi imzalandı, xəyanətkar
qonşularımız və onların gizli-açıq
havadarları tərəfindən başladılan Qarabağ
fintəkarlığı nəticəsində
insanlarımızın günahsız yerə qanının
axıdılmasına, gənclərimizin, əsgərlərimizin
şəhid olmasına müvəqqəti də olsa ara verildi...
Bu,
böyük, tarixi və şərəfli bir missiya idi... Və
bu müqəddəs missiyaya ulu öndərimiz öz silinməz
imzasını atdı...
Deyirlər,
hər bir güclü kişinin arxasında mütləq bir
ağıllı, bacarıqlı qadın - ömür-gün
yoldaşı dayanır...
Bu deyim
heç də əsassız deyil, təsadüfən deyilməyib,
tam gerçəklik və həqiqəti əks etdirir...
Bu deyimin
elə öz tariximizdə, ədəbiyyatımızda-dastanlarımızda
yetərincə nümunələri var...
Qoç
Koroğlunun Nigarı, Qazan xanın Burlaxatunu, Qaçaq Nəbinin
Həcəri və sair və ilaxır...
Bu deyimi
elə müasir dövrümüzdə də həqiqət
edən nümunələr mövcuddur...
Ulu
öndərimizin həyat yoldaşı Zərifə xanım,
ölkə rəhbəri cənab İlham Əliyevin
ömür-gün yoldaşı-əzizimiz, dəyərlimiz
Mehriban xanım...
O Mehriban
xanım ki, nəinki xalqının, millətinin, bütün
dünyanın mərhəmət, şəfqət,
xeyirxahlıq mücəssiməsidir...
O Mehriban
xanım ki, təmənnasız əməlləri, xoşməramlı
addımları ilə kimsəsizlərin arxa-dayağı,
ehtiyaca, yardıma möhtac olanların anası, bacısı,
xeyirxahlıq mələyidir...
O Mehriban
xanım ki, əyninə qara paltar geyib, başına qara
yaylıq bağlayıb, Şəhid anaları ilə birgə
ağlayıb, sızlayıb, onların yaralarına
sığal çəkib, ürəyinin istisi ilə ovudub...
O Mehriban
xanım ki, igid vətən oğulları, Aprel qaziləri, əlil,
ömürlük şikəst olan qəhrəmanlarımızla
qol-boyun olub, onlara ana, bacı nəvazişini göstərib...
Və o
görüşlərdə çəkilən şəkillərdən,
o fotolardan boylanan gözlərin, baxışların
arxasında bu oğulların, igidlərimizin, şəhidlərimizin
sayəsində Azərbaycanın uğurlu, təhlükəsiz
gələcəyinə, inkişafına dərin ümid, inam
parlayıb...
Budur
Mehriban Əliyeva ucalığı, budur Mehriban Əliyeva
şəfqəti, budur Mehriban Əliyeva əzəməti,
budur Mehriban Əliyeva zirvəsi...
Bu,
heç də hər kəsə nəsib, qismət, xas olan
keyfiyyətlər, dəyərlər, zirvələr, fəthlər
deyil...
Bu,
yalnız Mehriban xanım kimi, böyük ürək və təmənnasız
əməllər, addımlar sahibi olan insanlara xas olan keyfiyyətlər,
dəyərlər, ucalıqlardır...
Bu
ucalıqda həm də bir saflıq, bir sadəlik, bir zəriflik
var...
Məşhur
atalar məsəlimizdə də deyildiyi kimi, ağac bar verdikcə,
başını aşağı salar...
Mehriban
xanım da məhz belədir-ucaldıqca, o ucalıqdan kiməsə
əda, təkəbbürlə yanaşmır, əksinə,
ucaldıqca daha da sadələşir, daha da saflaşır,
daha da yaxın və hər kəsə əlçatan olur...
Bunun
özü də bir hikmətdir, bir qüdrətdir...
Mehriban
xanımın həyatı, fəaliyyəti elə bir dəryadır,
elə bir sonsuz ümmandır ki, onun haqqında saatlarla,
günlərlə, həftələrlə deyil, aylarla, illərlə
danışıb qurtarmaq mümkün deyil... Buna kəlmələr,
sözlər, qat-qat, cild-cild kitablar belə yetməz, bəs
etməz... Bu, heç də bəlağət, pafos deyil... Bu,
gerçəklik və reallığın özüdür...
Təkcə
bircə fakt yetər ki, bu mənzərəni
tamamlamış, nöqtəsini qoymuş olsun...
Təxminən
14 il öncə qardaş və dost,
müstəqilliyimizi tanıyan ilk üç ölkədən
biri olan Pakistanda böyük humanitar faciə, zəlzələ
yaşanmışdı... Böyük dağıntılara səbəb
olmuş zəlzələdən sonra Pakistanın Müzəffərabad
şəhərinin Rara ərazisindəki qızlar
üçün məktəb tam yararsız vəziyyətə
düşmüşdü... Bu zaman ilk yardım və kömək
əlini uzadan isə Mehriban xanım olmuşdu rəhbərlik
etdiyi Heydər Əliyev Fondu ilə birlikdə... Məhz
Mehriban xanımın təşəbbüsü ilə Fond tərəfindən
qısa müddətdə 650 şagird yerlik yeni təhsil
ocağı inşa edilmiş, həmçinin, Pakistanda aztəminatlı
ailələrdən olan on minlərlə insanın “Hepatit B”
virusuna qarşı vaksinasiya edilməsi, talassemiya, hemofiliya və
qan xəstəliklərindən əziyyət çəkən
xəstələrin təcili tibbi yardım
avtomaşını və qan paketləri ilə təmin
olunması, eləcə də göz əməliyyatlarının
həyata keçirilməsi mümkünləşdirilmişdi...
Xanım
Mehriban Əliyevanın bu misilsiz addımı, ötən əsrin
əvvəllərində Azərbaycan xalqının
böyük oğullarından biri, xeyriyyəçi Hacı
Zeynalabdin Tağıyevin Pakistana öz xeyirxahlıq, insanpərvərlik
əlini uzatdığı günləri xatırlatdı... Dəyərli
və əvəzsiz Mehriban xanım Əliyeva bu missiyası ilə
bir daha Azərbaycanın daim öz ənənələrinə
sadiqliyini, varisliyə münasibətini ortaya qoymuş oldu... Belə ki, ötən əsrin əvvəllərində
Pakistan ərazisi Britaniya müstəmləkəsi olanda yerli əhali
arasında kütləvi pandemiya yayılaraq, insanlar bu
ağır xəstəlikdən kütləvi şəkildə
dünyasını dəyişirdilər. Həmin vaxt azərbaycanlı
milyonçu Hacı Zeynalabdin Tağıyev şəxsi vəsaiti
ilə 300 min ampula peyvənd alıb indiki Pakistan ərazisinə
göndərmiş, bununla da pandemiyanın qarşısı
alınmışdı...
Təxminən
bir əsr sonra azərbaycanlı bir xanımın—öz
varlığında xarici gözəlliklə daxili zənginliyin
vəhdətini birləşdirən, müasir
qadınlığın meyarına çevrilən Mehriban
Əliyeva bununla həm də bir varislik nümunəsi,
keçmişimizə, Hacı Zeynalabdin irsinə ehtiramını
ortaya qoymuş oldu...
Elə
bilirəm ki, təkcə bu faktdan sonra hansısa dağa bələdçilik
etməyə bir ehtiyac qalmır və qalmayacaq...
Hər
şey gün kimi açıq-aydın görünür...
Bu yerdə
Cavid əfəndinin daha bir ölməz beytini xatırlamadan,
yada salmadan ötüşmək, yan keçmək olmur:
Qadın
gülərsə, şu ıssız mühitimiz güləcək,
Sürüklənən
bəşəriyyət qadınla yüksələcək...
Bəli,
məhvə sürüklənən bəşəriyyət
yox olmaqdan, uçurumdan məhz Mehriban xanım kimi
qadınların, xanımların, siyasi liderlərin sayəsində
qurtulacaq, yüksələcək...
Bir də deyirlər ki, dünyanı gözəllik xilas
edəcək.
Amma bizcə, dünyanı gözəlliklə
birlikdə, mərhəmət xilas edəcək. Gözəlliyi
və mərhəməti bütünləşdirən,
Mehriban Əliyeva kimi mətin, iradəli, qorxmaz, cəsur, məğrur,
qətiyyətli xanımlar...
Qarşıdan
bu məğrur, bu cəsur, mayası, xəmiri halallıqla, məhəmət
və şəfqətlə yoğrulmuş Azərbaycan
qızının, əzizimiz, dəyərlimiz Mehriban
xanımın həm də növbəti doğum günü
gəlir...
Doğum
günü hər bir insanın həyatında ən
yaddaqalan, ən əlamətdar günlərdəndir... Bu
günü yaddaqalan, əlamətdar edən isə birinci
növbədə həmin insanın özüdür, onun
müqəddəs əməlləri, ölçüyəgəlməz
yaxşılıqlarıdır!
Odur ki, bu
əlamətdar gün-doğum günü ilə bağlı
Mehriban xanımı ürəkdən, səmimi qəlbdən
təbrik edir, ona cansağlığı, sevinc dolu uzun
ömür, işlərində, siyasi-ictimai fəaliyyətində
yeni uğurlar, ailə həyatında daim xoşbəxtlik və
səadət arzu edirik...
Nə
yaxşı ki, varsınız, nə yaxşı ki, bizimsiniz,
bizimləsiniz, dəyərlimiz, əzizimiz Mehriban xanım!
Azərbaycan
naminə gecə-gündüz bilmədən, yorulmadan
çalışan, hər bir azərbaycanlıya yaxşı
Prezident olmağı bacaran, bütöv bir xalqın sevimlisi
olan cənab İlham Əliyevlə birlikdə, əl-ələ,
çiyin-çiyinə getdiyiniz müqəddəs yolda daim Qələbələr,
Zəfərlər, Zirvələr qismətiniz olsun!
Doğum
gününüz bir daha mübarək!
Jalə ƏLİYEVA,
Milli Məclisin Mədəniyyət
Komitəsinin sədr müavini,
Bakı Dövlət Universitetinin professoru.
Respublika.- 2019.- 24
avqust.- S.5