“The Washington
Times” qəzeti Azərbaycanın birinci xanımının nəcib
təşəbbüsündən yazıb
ABŞ-da çıxan
“The Washington Times” qəzetində “Caspian Group Holdings”in
baş direktoru Rob Sobhaninin “Mehriban Əliyeva: ağacəkmə layihəsi
ilə tanınan Azərbaycanın birinci xanımı” sərlövhəli
məqaləsi dərc
olunub.
AZƏRTAC xəbər
verir ki, məqalədə Azərbaycanın
Birinci vitse-prezidenti və birinci xanımı Mehriban Əliyevanın meşəsalma
yolu ilə ölkənin ekologiyasının
yaxşılaşdırılması və vətəndaşlarının
rifahının artırılması
səylərindən danışılır.
Müəllif yazır ki,
Amerika cəmiyyətinin
iqlim dəyişmələrinin
nəticələrinə qarşı
mübarizə tədbirlərinin
müzakirəsini davam
etdirdiyi bir vaxtda Azərbaycanın birinci xanımının həyata keçirdiyi layihələr parnik qazları tullantıları
problemini siyasiləşdirmədən
onun həllində bütün dünya üçün model ola bilər.
Bu strategiya meşəsalmanın miqyasının
genişləndirilməsindən ibarətdir.
R.Sobhani qeyd
edir ki, Azərbaycanda ilk dəfə 1990-cı ildə
olub və müstəqilliyini 1991-ci ildə
bərpa etmiş bu ölkənin ekoloji sisteminin sovet dönəmində dağılmasının şahidi
olub. Atmosferdə çirkləndirici maddələrin yüksək
səviyyəsi müşahidə
olunur, aeroportdan paytaxt Bakının mərkəzinə gedən
yolun kənarlarında
ağaclar gözə
dəymir, əvəzində
xam neft “gölməçələri” görünürdü.
Müəllifin yazdığına
görə, təəssüf
ki, Moskvanın mərkəzi hakimiyyət orqanları əsasən müsəlmanlardan
ibarət 9 milyon əhalisi olan bu sovet respublikasının
gözəl landşaftını
da onun əlindən
almışdı.
Mehriban xanım Əliyevanın
sayəsində bu gün Azərbaycan hər bir açıq
məkanda ağacəkmə
yolu ilə ekoloji sağlamlaşdırma
dövrünü yaşayır.
İndi aeroportdan Bakının mərkəzinə
gedən yolboyu gözəl ağaclar əkilib. Ətraf mühitin vəziyyətinin
bu şəkildə dəyişməsi ilə yanaşı, Azərbaycan bu uzaqgörən layihə ilə dünyaya həm də sensasiya yaratmadan iqlim dəyişikliklərinə
qarşı mübarizəni
aparmaq yollarını
nümayiş etdirir. Ağaclar atmosferi oksigenlə zənginləşdirməklə
iqlim dəyişmələrinin
nəticələrini dayandırmağa
kömək edir.
Azərbaycanda ağacəkmə təkcə
ətraf mühitin sovet dövründən qalma tənəzzülünə
qarşı mübarizə
vasitəsi deyil, o, həm də ictimai səhiyyə ilə birbaşa bağlıdır. Harvard Universitetinin ətraf mühitin gigiyenası üzrə eksperti Linda Tomassonun sözlərinə görə,
ağacəkmənin sağlamlıq
üçün çox
böyük faydası
var və havanın çirklənməsi
ilə ağciyər xəstəlikləri arasında
əlaqəni azalda bilər. Təəccüblü
deyil ki, Azərbaycanda havanı zərərli hissəciklərdən
təmizləmək üçün
daha çox enliyarpaqlı ağaclar əkilir.
R.Sobhani qeyd
edir ki, Azərbaycanın birinci xanımını ağacəkmə
layihələrini həyata
keçirməyə sövq
edən daha bir səbəb iqtisadi amildir. Ağacların əkilməsi,
onlara qulluq və nəzarət edilməsi üçün
yerli sakinlərin işə götürülməsi
layiqli gəlir təmin edə bilər. IDEA İctimai Birliyi ağacəkməni
gənclərin hüquq
və imkanlarının
genişləndirilməsi üçün
gözəl şans sayır. Təəccüblü
deyil ki, “Coca-Cola” 2020-ci ilə qədər 100 min ağac əkmək üçün ADA Universiteti
ilə tərəfdaşlıq
sazişi imzalayıb.
Bu yaxınlarda Mozambikdə
2,2 milyon ağacın
əkilməsini bayram
edən ABŞ-ın
“Eden Projects” xeyriyyə təşkilatının
layihələri Mehriban
Əliyevanın ağacəkmə
təşəbbüslərinin səmərəliliyinin və
bu təşəbbüslərin
iş yerlərinin yaradılmasına qlobal təsirinin təsdiqidir.
Təşkilatın baş
direktoru Stiv Fitçin sözlərinə
görə, ağacəkmə
yerli kəndlərdə
məşğulluğu artırıb.
Mehriban Əliyevanın
ağacəkmə kampaniyasının
qlobal nəticələri
dərhal görünməsə
də, potensialı çox böyükdür.
Məsələn, Asiya
və Afrikanın az inkişaf etmiş dövlətlərində
çox vaxt elə şərait yaranır ki, işsiz cavanlar arasında radikalizm meyilləri güclənir.
Ağacəkmə nəticəsində
əldə edilən fundamental fayda iş yerlərinin davamlı artmasının
əsasını qoya
bilər. Ağacəkmə
meşəsizləşmənin qarşısının alınmasında,
ərzaq təhlükəsizliyinin
təmin edilməsində
mühüm rol oynaya bilər.
Azərbaycanın birinci xanımının
bu təşəbbüsünün
qlobal miqyasda dini dözümlülüyün,
qarşılıqlı anlaşmanın
və əməkdaşlığın
təşəkkülünə kömək etməsi bu kampaniyanın daha bir nəticəsidir.
Dünyanın bütün
əsas dinləri ağacların əkilməsini
və onlara qulluq edilməsini savab iş sayır.
Məsələn, yəhudilikdə
Tu bi-Şvat deyilən ağacəkmə
bayramı var. Quran və hədislərdə
Allahın adı ilə ağac əkilməsi tez-tez xatırlanır. Bibliyada ağaclar “yaxşı qida”ya kömək edən vasitə kimi (Yaradılış
2:9) xatırlanır. Qlobal
ağacəkmə kampaniyası
müxtəlif etiqad və inancları olan xalqları birləşdirə bilər.
Vos Fondunun məlumatına görə, bir ağacın əkilməsinin
qiyməti 10 sentdən
baha deyil və deməli, 1 trilyon ağacın əkilməsi 100 milyard dollara başa gələcək ki, bu da hazırda
dünyanın 10 aparıcı
suveren xeyriyyə fondunun sərəncamında
olan 6 trilyon dollardan çox məbləğin müəyyən
qismini təşkil edir.
Rob Sobhani
sonda yazır ki, dünya liderlərinin bütün
dünyada və öz ölkələrində
ağaclar əkməklə
iqlim dəyişmələri
probleminin həllinin bu sağlam və səmərəli üsulunu tətbiq etmələrinin vaxtı çatıb.
Respublika.- 2019.- 28
avqust.- S.1