Muzey işinə həsr olunmuş
ömür
Azərbaycan
tarixşünaslığında Zərifə Dulayeva
imzası özünəməxsus yazı məzmununu ehtiva
edir. AMEA Milli Azərbaycan Tarixi Muzeyinin 2020-ci ildə 100
illiyi tamam olduğu ərəfədə 2019-cu ildə Zərifə
Dulayeva 90 yaşına çatır. Zərifə
xanımın 90 illik ömür yolunun tam 60 ili bu muzeylə
bağlı olmuşdur. Azərbaycan Tarixi Muzeyi dedikdə ilk
ağıla gələn isimlər sırasında Zərifə
Dulayevanın adı çəkilir.
Elmi
yaradıcılığı əsasən sovet dövrü
tarixini əhatə edən, müstəqil dövlətçiliyimiz
illərində həmçinin Cümhuriyyət tariximizi tədqiq
edən Zərifə Dulayevaya nə sovet məmurunun standart həyat
tərzi, nə də müasir dünyanın konyunktur xisləti
xasdır. Sovet dövründə də Zərifə
xanım inandığı həqiqətləri qələmə
almış, indi də düzgün bildiyi mövqeyini dəyişməmişdir.
Sovet dövründə onun yazıları
mövcud ideologiyanı nəinki rədd etmirdi, əksinə
sovet sisteminə xidmət etmiş insanların taleyini əks
etdirir, bir eksponatın izi ilə yazdığı oçerklərdən
ibarət salnamə yaranırdı. Zərifə xanım qələminin
“qəhrəmanları” ilə maraqlı həmsöhbət
olur, onların düşüncələrini
araşdırır, psixoloji portretini yaratmağa səy edir. Zərifə
Dulayevanın yaradıcılıq qəhrəmanları konkret
şəxsiyyətlərdir: əməkdə, vətənpərvərlikdə,
savaşda, təhsildə... fərqlənən insanlar.
Dulayevanın qələminin gücü, yazısının
sehri müəllif təfəkkürünün itiliyində,
daha dəqiqi yaratdığı qəhrəman
üçün ən xarakterik cəhəti tapmaq məharətindədir.
Bundan sonra portret-oçerk həmin ştrixin müşayiətində
tamamlanır. Zərifə xanım yaratdığı portretlərin
sahibləri ilə də çox zaman tanış olur. Onun
yaradıcılığının izi ilə gəlib Zərifə
xanımı tapır, tanış olur, illərin ünsiyyətini
qururlar. Zərifə xanım peşəkar muzey
işçisi kimi akademik tədqiqatla yanaşı toplama
işinə də xüsusi əhəmiyyət vermişdir.
Çünki ən kiçik əşya, sahibi haqqında
doğmalarının belə duya bilmədiyi qiymətli, hətta
ən mühüm məlumat verməyə qadirdir. Amma hər
tədqiqatçıya da maddi əşyaları “dilə gətirib”
təfərrüatlı bilgi almaq nəsib olmur. Zərifə xanım isə bir portretin, bir məktub
parçasının, bir qələmdanın, eynəyin və
s. daşıdığı mənəvi yükü zəkası
və qələmi ilə çağdaşlarına
ötürə bilir. Özünəməxsus səliqəli
xətlə cüzi intervalla əksər halda bir tərəfi
işlənmiş vərəqlərə fikirlərini həkk
etməklə mənəvi zövq alıbdır.
Yaradıcı insanı məmnun edə biləcək ən
ali məqam yaratdığının kamilliyinə
özünün inanmasıdır. Zərifə xanım
yaratdığının qiymətini həmkarlarından,
oxucularından eşitdikdə həyatının ən ali
mükafatını almış kimi olur, yaradıcılıq
şövqünün artdığı gözlərindən,
enerjili danışığından hiss olunur. Hər verilən
dəyər Z.Dulayevanı daha yeni ideyalara, əməllərə
stimullaşdırır.
Zərifə xanımın
yaradıcılığında İkinci Dünya müharibəsi
mövzusu xüsusi yer tutur, bu mövzuda onlarca məqalənin
müəllifidir. Faşizm üzərində qələbənin
qazanılmasında Azərbaycan xalqının fədakar xidmətini
tarixə yazmaq onun yalnız istəyi, vəzifəsi yox, vətəndaşı
olduğu dövlətin şərəfini uca tutmaq hissindən
irəli gələn borc işi olmuşdur. “Onlar Belarus
uğrunda döyüşürdülər” kitabı da məhz
belə amalla ərsəyə gəlmişdir. Müharibənin
xaricdəki yubiley tədbirlərində Azərbaycan
xalqının misilsiz xidmətinin yetərincə
işıqlandırılmaması haqqında məlumatlar Zərifə
xanım tərəfindən qürurunun zədələnməsi
kimi qəbul olunmuşdu. Qələmə sarılaraq qısa
müddətdə kitabın işıq üzü görməsinə
nail oldu. Kitab haqqı-ədaləti bərpa etməklə
yanaşı, Belarus xalqı ilə münasibətlərin
daha da yaxınlaşmasına öz töhfəsini vermiş,
bir neçə birgə tədbirin keçirilməsinə vəsilə
olmuşdur.
Azərbaycanın müstəqillik
qazandığı ilk ildən başlayaraq Zərifə
xanımın yaradıcılığında yeni mərhələ,
daha doğrusu yeni məzmun kəsb edən istiqamət
başlayır. Azərbaycan Demokratik Respublikası deyimi ilə
1990-cı illərdə cəmiyyətə coşqu, yeni ovqat
bəxş edən tarix araşdırılmağa
başlanılır. Bu istiqamətdə demək olar ki,
ixtisasından asılı olmayaraq əksər Azərbaycan
ziyalıları fəal idilər. Vətən sevgisi, ədalət
duyğusu ziyalıları hərəkətə, xalqı da
birliyə səsləyirdi. Bu çağırışa səs
verən ziyalılar içərisində AMEA Azərbaycan
Tarixi Muzeyinin əməkdaşları da aktiv idilər. Azərbaycan Cümhuriyyətinin
araşdırılması yönündə respublikada həmin
dövrdə ilk işlər görülürdü. Geniş
həcmli sənədlər toplusu hazırlanır, muzey ekspozisiyasında
Cümhuriyyət tarixinə dair sərgi hazırlanır,
dövlət televiziyası ilə sərgidən ətraflı
ekskursiya təqdim olunurdu. Bütün bu işlərə
muzey rəhbərliyi ilə yanaşı birbaşa rəhbərlik
edən, təşkilatçı, məsul şəxs Zərifə
Dulayeva olmuşdur. Yalnız dövrü ilə
bağlı şöbəyə rəhbərlik etdiyinə
görə deyil, həm də bu tarixlə bir mənəvi
üzrxahlıq hissi də rol oynayırdı. Zərifə
xanımın həyat yoldaşı tanınmış alim,
dövrünün ən nüfuzlu tarixçilərindən
olan akademik İsmayıl Hüseynov əslən gəncəli
idi və Cümhuriyyət xadimlərinə qan
bağlılığı var idi. Cümhuriyyət
dövrü tarixinin tədqiqatçılarından biri kimi
ideoloji tələblər çərçivəsində
fikirlərini ifadə etmişdi. Çoxsaylı məqalələrin,
akademik nəşrlərin fəsillərinin müəllifi, həmçinin
redaktoru olmuş İsmayıl Hüseynovun monoqrafiyası
yoxdur. Zərifə xanımın dediklərinə görə,
bu barədə İsmayıl müəllim belə söyləmişdi:
“Mən istədiyim kimi qoymazlar, onlar istədiyi kimi mən
yazmaq istəmirəm”. Yusifbəylilər,
Xanbudaqovlar, Cuvarlılar nəslinə qan
bağlılığı və ünsiyyəti olan alim
üçün həqiqəti olduğu kimi yaza bilməmək
dözülməz əzabdır. İsmayıl müəllimi
çox tez itirdiyinə baxmayaraq onunla bağlı xatirələr
Zərifə xanımın ən doğma, ən sevimli
söhbətləridir. Əgər “İsmayıl
Abbasoviç” haqqında danışmağa başlasa Zərifə
xanımın söhbətləri saatlarla çəkir, yaxud
tamamilə başqa mövzudan İsmayıl Hüseynova aid
xatirələrə keçid alır. Bu baxımdan
Cümhuriyyət tarixi həmin prosesləri həqiqətin
gözü ilə işıqlandırmaq imkanı idi ki,
İsmayıl müəllimin etmək istədiklərini
sevgili xanımı Zərifə Dulayeva yerinə yetirirdi. Baxmayaraq ki, Cümhuriyyət tarixi ilə
bağlı həmin dövrdə respublikada
hazırlanmış ilk toplu sayıla bilərdi, maliyyə səbəblərindən
“Azərbaycan Respublikası. Sənədlər və
materiallar” toplusu bir neçə il gec, 1998-ci ildə
işıq üzü gördü. Artıq 30 ilə
yaxındır ki, Cümhuriyyət xadimləri
haqqında Dulayeva çoxsaylı məqalələr
yazmışdır. Həmin məqalələrdən “Azərbaycan
Xalq Cümhuriyyəti Ensiklopediyası”nda istifadə
edilmişdir. Zərifə xanım “Nəsib bəy Yusifbəyli
- milli istiqlal və dövlətçilik mücahidi” (2013)
kitabında iki irihəcmli məqalənin, “Azərbaycanın
Paris konfransında elçiləri” (2011) kitabının
müəllifidir. Cümhuriyyət tarixi ekspozisiyasının
yenidən qurulmasında yaxından iştirak etmiş,
xüsusən də Cümhuriyyət xadimlərinin yalnız
siyasi deyil, bir şəxsiyyət olaraq bütöv portretlərini
yaratmağa çalışmışdır. Z.Dulayeva
bu gün də yazı masası başındadır, bir
neçə yeni məqaləsi nəşr prosesindədir.
Əgər onun əsərlərinin biblioqrafiyası
hazırlansa irihəcmli kataloq ola bilər. Özü isə həyatı
boyu çoxsaylı kataloqlar tərtib etmiş,
ekspozisiyaların tematik planlarını hazırlamış,
yaradılmasında birbaşa iştirak etmişdir.
Z.Dulayevanın fəaliyyətinin bir istiqaməti
də təbliğatla bağlıdır. “Bilik” cəmiyyəti
xətti ilə çoxsaylı mühazirələr
oxumuş, istər muzeydə, istərsə respublika üzrə
keçirilən tədbirlərdə, konfranslarda
çıxışlar etmişdir. Onun natiqliyi
yazdığı qədər canlı, obrazlı dilə
söykənir. Respublikanın bir sıra ali məktəblərində
tədris etdiyi fənləri tələbələrə mənimsətməkdə
onun natiqlik bacarığı öz təsirini göstərib.
Zəngin söz ehtiyatı, inandırmaq və maraq doğurmaq
qabiliyyəti, erudisiyası, qüsursuz nitqi Zərifə
xanıma daha geniş auditoriyanın diqqətini qazandıra
bildi. Məhz onun müəllifliyi ilə dövlət
televiziyasında “Tarixin səhifələrində” adlı
veriliş çox populyar olmuşdu.
Qocaman muzeyşünas kimi tanınsa da, Zərifə
xanımın fəaliyyətinin əhəmiyyətli hissəsi
elmi kadr hazırlığı ilə bağlıdır.
Çoxsaylı dissertasiyaların müzakirəsi, rəyləndirilməsi
cari işlərinin bir parçası idi. Sumqayıt
şəhərinin tarixindən yazdığı kitab ilk
işlərindən sayılsa da, onun
yaradıcılığı çox fərqli
mövzuları əhatə etmişdir. Ümumilikdə 70-dən
artıq elmi məqalənin müəllifi olan Zərifə
Dulayeva zəkası, yaddaşı ilə hələ yeni əsərlər
yaratmaq iqtidarındadır. Zərifə xanım o şəxsiyyətlərdəndir
ki, onu tanıyıb-tanımamaqla dövrünün
insanlarının intellekt səviyyəsini müəyyən
etmək olar. Zərifə xanımın əhatəsində,
ünsiyyətində varsansa, deməli müvafiq kateqoriyaya mənsub,
yəni mədəni, bilgili insan sayıla bilərsən. Bu məziyyətlər
son dərəcə ciddi, darıxdırıcı, cansıxıcı
obraz təəssüratı doğura bilsə də, əslində
Zərifə xanım güclü yumor hissinə, zarafat etməyə,
lətifələr danışmağa malik insandır. Onun
gözlərindəki parıltı, səsindəki qətiyyət,
təfəkküründəki aydınlıq
yaradıcılıq üçün yaşın heç bir
rol oynamadığını təsdiqləyir.
Yaradıcılıq işindən aldığı enerjini elə
həmin prosesə də yönəldir. Z.Dulayevanın
ömür yolu tariximizin bir parçası, cəmiyyətimizin
bir əsrlik yolunu səciyyələndirə biləcək 90
illik salnaməsidir. Bu salnamənin ilk rəsmi
mükafatını Zərifə xanım 42 yaşında “Rəşadətli
əməyə görə” medalı ilə 1971-ci ildə
almış, növbəti ildə Azərbaycan SSR Ali Sovetinin
Fəxri fərmanı ilə təltif olunmuşdur. İki
mükafatı isə müstəqillik dövrünə
aiddir: 2005-ci ildə Əməkdar mədəniyyət
işçisi adına layiq görülmüş, 2010-cu ildə
“Tərəqqi” medalı ilə təltif olunmuşdur. Həyatda
ən ali mükafat isə insana dünyaya gəlişində
verilmiş zəka, istedad və sonradan sahib olduğu bəşəri
dəyərlərdir. Belə mükafat insanın həyat
yolunu işıqlandırır, mənalı və ləyaqətli
edir. Təbii ki, bir çox dəyərlər insanın
özü ilə birlikdə dünyaya gəlir. Belə bir
ömürlə fəxr etməyə dəyər.
Firdovsiyyə
ƏHMƏDOVA
Azərbaycan
Respublikasının Prezidenti yanında
Dövlət
İdarəçilik Akademiyasının Tarix
kafedrasının müdiri,
Əməkdar
müəllim.
Respublika.- 2019.- 28 avqust.- S.2