Milli-mənəvi irsimizin, mədəniyyətimizin
hamisi
Azərbaycan
qadınının cəmiyyətdəki rolunu, ictimai-siyasi fəaliyyətini,
milli şüurunda, mənəviyyatında təzahür edən
bir sıra keyfiyyətləri - diplomatik xüsusiyyətləri,
xeyriyyəçilik əməllərini səciyyələndirən
hadisələr zaman-zaman özünün inkişaf
yollarında böyük mənəvi-əxlaqi dəyərlərlə
müşayiət olunmuşdur. Bu mənada
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər
Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun
prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın da geniş əhatəli fəaliyyəti
tarixdə yaşamış nəcib, fədakar
qadınlarımızın ibrətamiz həyatının,
missiyasının yeni formada davamıdır. Dövlətçiliyimizin
möhkəmlənməsində, gəncliyin
yetişib-formalaşmasında, fədakar
çalışmalar, milli-mənəvi irsimizin, mədəniyyətimizin,
təhsilin, səhiyyənin, idmanın inkişafına
göstərdiyi qayğı birinci xanımın şəxsində
maarifpərvər, vətənpərvər imicini
formalaşdırmışdır.
Mehriban Əliyevanın
timsalında düşünürəm ki, Uca Yaradan
qadını işıq təki, ailəyə, yaşadığı
cəmiyyətə, eləcə də bəşəriyyətə
nur saçmaqdan ötrü, həm də şəfqətli,
mərhəmətli, qəlbi daim ülvi hisslərlə
dopdolu nəcib bir bəşər övladı kimi xəlq
edib. Qadın özünün düşüncəsi,
yaratdıqları ilə aləmi şəfəqlərə
boyamaq qüdrətindədir. Dünya sanki onun işığı
ilə cilvələnmiş cazibədar bir həyat mənbəyidir.
Elə bu səbəblərdən də yer aləmi
qadının ziyası, varlığı ilə daha cazibəli
və mənalıdır.
Qadın bütün ömrünü
çiçəklərdən qətrə-qətrə
şirə çəkən arı təki saf, təmiz,
duyğularla zənginləşməyə, qəlbində
gözəlliklə süslənmiş mənəvi xəzinə
yaratmağa həsr edir. Bu xəzinənin bitib-tükənməyən
varidatı ilə mənəvi-əxlaqi dəyərlərə
zənginlik gətirir, övlad böyüdür, tərbiyə
edir, onu həyatın istisinə, soyuğuna
alışdırır. Qadın yaşam boyu həyat
yollarında böyük mənalar, dəyərlər aramaqla
bəşəriyyəti sülhə, əmin-amanlığa,
apaydın sabahlara səsləyir. Bu ülviyyətə
onun ictimai fəaliyyətini - vətənin çiçəklənməsi,
xalqın sağlamlığı, firavanlığı,
dövlətçiliyimizin möhkəmlənməsi yolunda
çalışmasını, zəhmətini də əlavə
etsək, qadının şəffaf, parlaq adının,
varlığının cəmiyyət həyatını necə
bir şəfəqlərə boyadığını dərindən
dərk etmiş olarıq. Belə bir qüdrətə malik
olduğundandır ki, qadın cəmiyyətin tərbiyəçisi
adının halal haqqını qazanıb. Odur ki, Azərbaycan
qadınları tarixən özünün nəcibliyi, şərəfi,
mərdliyi və məğrurluğu ilə hər zaman ucada
dayanıblar. Elə sözün, fikrin ilkin mənasında
da qadın bir çox xüsusiyyətləri-möhkəmliyi,
iradəli, qətiyyətli olması, xeyirxahlığı, nəcibliyi
ilə həqiqətən də ucada dayanır. Ümumiyyətlə,
qadın təbiətən ülvi, müqəddəs bir bəşər
övladı olduğundan Tanrı onun taxtını ucada
qurub...
Mütləqdir, deyəm ki, dan
üzünün yenicə söküldüyü anında, səhərin
təzəcə açıl-saçıl
çağında bu duyğusal fikirlərin qəlbimdə
baş qaldırmasına səbəb Mehriban xanım Əliyevanın
öz həyatında xalqın taleyini yaşaması
ecazıdır. Onun obrazına mükəmməllik gətirən
ştrixləri canlandırmaq, bu fövqəlbəşər
insanın həyatına, ictimai fəaliyyətinə
işıq salmaq istəyimiz də güclü xarakterə
malik dövlət xadiminə böyük maraqdan yaranıb.
Xalqa xidmət sahələri çox, bu istiqamətdə
həyata keçirilən layihələrin, görülən
işlərin sırası, miqdarı misilsiz... Bu mənada
onun Vətənə, xalqa xidmətlərini bir araya gətirməklə
yığcam bir məqalədə xarakterizə etmək sadəcə,
mümkün deyil. Odur ki, indiki məqamda məramımız
ilk gənclik çağlarından ictimai mühitin mərkəzində
olan və həyatının mənasını Vətəninə,
xalqına xidmət etməkdə görən nəcib, xeyirxah
əməllər sahibinin gəncliyimizə örnək olan
ömür yoluna nəzər yetirməkdir.
Çünki xalq eldən ötrü yananları, Vətən
və millət üçün çalışanları
sevir, ona ehtiram göstərir. Düşünürəm ki,
necə böyük qəlbə və idraka malik olasan ki,
Tanrının sənə həvalə etdiyi missiyanı sevərək
yerinə yetirməkdən, eləcə də ölkəni və
xalqı nurlu sabahlara aparan yollarda daim axtarışlarda olmaqdan
usanmayasan. Bunlar Birinci vitse-prezident Mehriban xanım
Əliyevanın həyat amalı, yaşam tərzinin
düsturu timsalındadır.
Mehriban xanım genişəhatəli fəaliyyətini
qəlbinin səsi, ürəyinin saflığı, təfəkkürünün
işığı, istiqanlılığı, nəcibliyi,
xeyirxahlığı ilə həyata keçirir. Bunlar onun həyat
yolunu aydınladan ümdə keyfiyyətləri
sırasındadır. Bütün mərhələlərdə
görülən işləri böyük həssaslıqla, ən
kiçik detallarına, incəliklərinə qədər izləməsi,
proseslərin içərisində olması onun özəlliklərə
qadir olduğunun aydın göstəricisidir.
Mehriban Əliyevanın ömrünü zinətləndirən
xüsusiyyətlər bütövlükdə əməli fəaliyyətini
ehtiva edən ölkənin, xalqın mənafeyinə
hesablanmış böyük xidmətidir. Bu baxımdan şərafətli
xanımı, Birinci vitse-prezidenti gördüyü işlərin
fonunda qədərincə səciyyələndirmək olar.
Qeyd edək ki, Onun ictimai fəaliyyətə qoşulduğu
zaman Azərbaycanda xalqın milli oyanış
dövrünün ilkin çağlarına təsadüf
edir. Ulu öndərin təşəbbüsü
ilə yaradılan və müəllifi olduğu Yeni Azərbaycan
Partiyasının (1992) üzvü olaraq Vətənin
çiçəklənməsi, xalqın milli təfəkkürünün
yenilənməsi, insanların yeni güc, qüvvə ilə
təkmilləşməsi, vətəndaş cəmiyyətinin
yaradılması prosesinin fəal iştirakçısına
çevrildi.
Mehriban Əliyeva 1995-ci ildə Azərbaycan
Mədəniyyət Fondunun, 2002-ci ildə isə Azərbaycan
Gimnastika Federasiyasının prezidenti kimi çətin vəzifələrin
məsuliyyətini öhdəsinə alaraq bütün işlərin
ibtidasından başlayıb yorulmadan, səylə
çalışdı. Unudulmuş, yaddan
çıxmış sahələri köhnəlikdən,
passivlikdən çıxararaq onlara yeni
ictimai məzmun verən qlobal işlər gördü.
Bütün çalışmaların mahiyyətində
nüfuzlu ictimai xadim olan Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinə
yeni nəfəs gətirməsi, onun tarixi keçmişindən
bəhrələnməklə bugünkü inkişafına
təkan vermək amalı dayanırdı. Və
tale onun çiyninə daha məsuliyyətli, ağır, həm
də şərəfli bir yük qoydu. 2004-cü il mayın
10-da, ulu öndər Heydər Əliyevin doğum
günündə təsis olunmuş Heydər Əliyev Fondunun
Prezidenti kimi fəaliyyətə başladı. Fondun
qarşıya qoyduğu məqsədlərlə
tanış olanda birinci xanımın fəaliyyətinin əhatəsi
insanı heyrətləndirir. Bu məqsəd
“...milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan
mədəniyyətinin geniş təbliğ olunması ilə
bağlı işlərin aparılmasına kömək etmək,
əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş
müxtəlif proqram və tədbirləri, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın
inkişafını təmin edən layihələri dəstəkləmək,
uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə
sadiq, hərtərəfli biliklərə malik vətəndaş
kimi yetişdirilməsi işinə xidmət etmək, Azərbaycanın
beynəlxalq nüfuzunun artırılması ilə
bağlı tədbirlərin reallaşdırılmasına
yardım göstərməkdən ibarətdir”.
Həmin illərdə Mehriban xanımın qəlbində
Azərbaycan xalqının sosial-ictimai həyatına, onun mədəniyyətinə
xidmət etmək istəyi dumduru axan bulaq təki
çağladı. Düşünmək,
çalışmaq, yeni yollar axtarmaq gərəkdi. O, işlərin
və vəzifələrin həcmindən qorxmadan,
böyük şövqlə, cəsarətlə fəaliyyət
göstərirdi. Sonra bu fəaliyyət istiqamətləri həyatımızın
böyük sahələrinə vüsətli şəkildə
sirayət etdi. Xalqın mənafeyi yolunda yeni
işlər görüldü, böyük təcrübə
qazanıldı, uğurlar, irəliləyişlər, təkanlar,
dəstəklər yarandı. Bu qədər irimiqyaslı
işləri əhatə edən ictimai fəaliyyət ona bir
qadın, ana kimi bağlandığı ailəsi qədər
doğmalaşdı, şəxsi taleyinə çevrildi. Azərbaycançılıq
ənənələrini ləyaqətlə yaşatmasında
Mehriban xanıma Heydər Əliyev məktəbinin
böyük təsiri oldu. Bu məktəb onun şəxsiyyətində
özünü ifadə edən alicənab, mərdanə,
humanist cizgilərin daha da dolğunlaşmasına öz təsirini
göstərdi. Belə nəcib və mübariz keyfiyyətlərə
malik olduğundan yaranmış imkanlarını dövlətçiliyin
möhkəmlənməsinə, vətənçilik əxlaqının
yeni dəyərlərlə inkişafına səfərbər
etdi. Heydər Əliyevin dövlətçilik
konsepsiyasını, bununla paralel apardığı vətənçilik
əxlaqını özünün müşahidələrindən,
ictimai fikirlərindən öyrənmiş, yaxşı mənimsəmiş
ümummilli liderin varisi Prezident İlham Əliyevlə birgə
Vətən və xalq naminə, azərbaycançılıq
məfkurəsinin inkişaf etdirilməsində yeni yollar
aradılar.
Bu gün mənəvi sərvətlərimizin,
xüsusən də kökü çox dərinlərə
işləmiş muğam və aşıq sənətimizin
dünyada tanıdılması, təbliğ olunması və
sevilməsi məhz Mehriban xanımın bu sahəyə
göstərdiyi diqqəti, əməli köməyi sayəsində
olmuşdur. Uşaqların, yeniyetmə gənclərin, gənc
istedadların Vətən və xalq üçün
yetişməsi və tərbiyə olunması onun humanist və
xeyirxah missiyasının aparıcı xəttinə
çevrildi. Zənnimizcə, bu, Vətənə, xalqa qədirdanlıqla
xidmət etməyin ən bariz nümunəsidir. Hələ
illər öncədən başlamış “Yeniləşən
Azərbaycana yeni məktəb” layihəsi möhtəşəmliklə
həyata keçirilmiş, bu gün də uğurla davam
etdirilir.
Belə bir möhtəşəmlikdən
qürurlandığımız indiki anlarda Birinci vitse-prezident
Mehriban xanım Əliyevanın xariqüladə əməllərindən
bəhs etmək də olduqca xoşdur. Onun genişəhatəli
fəaliyyəti müasir tariximizin parlaq səhifələrindən
biridir. Mehriban xanım Əliyevanın genişəhatəli fəaliyyəti
tarixdə yaşamış nəcib, fədakar
qadınlarımızın ibrətamiz həyatının,
missiyasının yeni formada davamıdır. Burda
təkrir olaraq bir daha vurğulayırıq ki, dövlətçiliyimizin
möhkəmlənməsində, gəncliyin
yetişib-formalaşmasında, milli-mənəvi irsimizə, mədəniyyətimizə,
təhsilin, səhiyyənin inkişafına qayğı
göstərməsi birinci xanımın şəxsində
maarifpərvər, vətənpərvər imicinin
formalaşmasına səbəb olmuşdur.
2017-ci il fevralın 21-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə
keçirilən Təhlükəsizlik Şurasının
iclasında ölkə başçısı Sərəncamla
Mehriban xanım Əliyevanı Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti təyin etdi. Heç şübhəsiz, bu təyinat azərbaycançılıq
məfkurəsinə bütün ictimai şüuru ilə
bağlı olan, vətən və xalq naminə işləməkdən
zövq alan və bunu həyatının amalı hesab edən,
taleyini ölkənin və xalqın taleyində yaşayan
Mehriban Arif qızı Əliyevaya bəslənilən
böyük etimadın, inamın bariz nümunəsi idi.
Bu mötəbər iclasda onun görülən
işlər barədə hesabat xarakterli
çıxışı da icra olunmuş işlərin həqiqi
nümunəsi idi. Mehriban Əliyevanın - “Biz fəxr edirik
ki, son illər ölkəmizdə baş verən müsbət
meyillərdə, dəyişikliklərdə, inkişafda, Azərbaycanın
beynəlxalq arenada nüfuzunun artmasında biz öz kiçik
də olsa töhfəmizi verməyi bacarmışıq. Mən əminəm ki, vəzifəsindən
asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə
hər hansı bir işinə, əməyinə vicdanla
yanaşmalı, qarşısına aydın məqsədlər
qoyub, bu məqsədlərə nail olmağa
çalışmalı, söz və işlərində
bütöv olmalıdır,” - qətiyyətli fikirləri
həyata, insanlara, onların gələcəyinə bəslədiyi
ümidin, inamın apaydın təzahürüdür. Bu,
Mehriban xanım Əliyevanın ölkənin beynəlxalq arenada
nüfuzunun artmasına çalışacağına, yeni təşəbbüslərə,
genişmiqyaslı layihələrə imza atacağına əminliyini
bildirməsi idi. Burda diqqətimizi çəkən
bir məsələ də Mehriban xanımın görülən
işləri, çəkilən zəhməti “mən” ifadəsi
işlətmədən, ümumi şəkildə, Fondun
adından, bu sahədə çalışan insanların xidməti,
fəaliyyəti kimi ifadə etməsi oldu. Əslində bu,
ölkənin birinci xanımının simasında,
xarakterində nəzərəçarpan təvazö və səmimiyyətin
ən incə, həm də dolğun ifadəsi idi. Elə həmin
gündən Birinci vitse-prezident kimi xalqa xidmət missiyası
özünün axtarış istiqamətlərini daha da
genişləndirdi. O, istər ölkədaxili,
istərsə də beynəlxalq miqyasda həyata keçirdiyi
bütün proqram və layihələrə həssaslıqla,
milli təəssübkeşlik baxımından yanaşaraq,
böyük ideallara doğru əməllərini yeni layihələrin
timsalında davam etdirdi. Vaxtilə
cümhuriyyət qurucularının, maarifçi
qadınlarımızın dini-fanatiszmin,
savadsızlığın tüğyan etdiyi vaxtlarda Azərbaycanın
tarixi taleyi ilə bağlı gördükləri milli-bəşəri
əhəmiyyətli işlər bu gün Mehriban
Əliyevanın genişəhatəli fəaliyyəti sayəsində
yeni düşüncədə davam etdirilir. O,
sözün həqiqi mənasında cümhuriyyət dəyərlərinin
ləyaqətli varisidir... Mehriban Əliyevanın Azərbaycanın
Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi Vətənin
və xalqın taleyində misilsiz rolu olacağına, ölkənin
vüsətli inkişafına yeni və davamlı töhfələr
verəcəyinə böyük inam yaratdı.
Bir məqamı da xatırladaq ki, onun
genişmiqyaslı fəaliyyəti ölkənin ictimai-sosial,
mədəni həyatını əhatə etməklə
tükənmir. Mehriban xanımın fövqəlbəşər
fəaliyyəti dünya cəmiyyətində də
böyük maraqla qarşılanır.
Bu gün ictimai-sosial həyatımızın
elə bir sahəsi yoxdur ki, Mehriban xanım ora nəzər
yetirməsin, qayğısını göstərməsin.
Xalqın sosial-mədəni həyatının
inkişafında Birinci vitse-prezidentin xidmətləri
misilsizdir. Gələcəyin sahibi olan balalarımızı
yetişdirmək, onlarda ailəyə, Vətənə
bağlılıq duyğuları yaratmaq, gəncliyi vətənpərvər
ruhda tərbiyə etmək: - budur Mehriban xanımın istəyi.
Onun nurlu çöhrəsindən sezilən mehribanlığı,
alicənablığı, həssaslığı, nəcibliyi,
yəqin ki, Birinci vitse-prezidentlə ünsiyyətdə olan,
onun rəhbərliyi altında çalışan insanların
böyük xoşbəxtliyidir.
Mehriban Əliyeva Azərbaycanın milli-mənəvi
dəyərlərini, mədəniyyətini, ölkəmizin
özünəməxsusluğunu, özəlliklərini
dünya cəmiyyətində böyük fədakarlıqla,
uğurla təbliğ edir. Qədim ənənələrimizlə
bağlı multikultural dəyərləri,
tolerantlığı başqa ölkələrdə əməli
işləri ilə nümayiş etdirir. Unutmayaq
ki, bütün bunlar əfsanəvi bir qəhrəman tərəfindən
deyil, zərif, incə təbiətli, həm də
güclü, aydın təfəkkürə, təxəyyülə
malik olan qadının - ölkənin birinci xanımı
Mehriban Əliyevanın bilavasitə çalışmaları
sayəsində həyata keçirilir...
Sözün bu məqamında mədəniyyətimizin
tarixində əlamətdar olan bir hadisəni də
xatırlamağı vacib sanıram. Mart ayının əvvəlində
Prezident İlham Əliyev və birinci xanım Mehriban
Əliyevanın mədəniyyət və incəsənət
xadimlərinin bir qrupu ilə görüşündə bu
panoram özünü bütün aydınlığı və
şəffaflığı ilə göstərdi. Sənətkarlarımız
adıçəkilən sahələrin uğurlarından,
onlara göstərilən qayğıdan, ən
başlıcası da qarşılaşdıqları problemlərdən
söz açdılar. Hər kəs öz təklif
və təşəbbüsləri ilə
çıxış etdi. Ədalət naminə qeyd edək
ki, sənətkarların arzu və istəklərini, ədəbiyyatımızın,
mədəniyyətimizin və incəsənətimizin
inkişafı, günü-gündən çiçəklənməsi
üçün bundan sonra nələr etməyi,
nə kimi tədbirlər görməyi, bir sözlə, sahənin
bütün problemlərini eşitmək və dövlət
başçısı olaraq, köməklik göstərməyi
Prezident İlham Əliyev sənətkarların öz dilindən
eşitməyə imkan yaratdı. Hər kəsi səbirlə,
diqqətlə dinlədi və deyilənlərə münasibətini
bildirdi, yerindəcə əlaqədar qurumlara öz göstərişini
verdi. Burda diqqətəlayiq məqamlardan biri də
bundan ibarət idi ki, ədəbiyyatımızın, mədəniyyətimizin
və incəsənətimizin inkişafında qarşıya
çıxan çətinliklərin yerindəcə həllini
tapmasında, digər tərəfdən, köməyə, dəstəyə
ehtiyacı olanlara Birinci vitse-prezident Mehriban xanım
Əliyevanın da xidmətləri dilə gətirildi,
bütün çıxışlarda birinci xanıma səmimi
təşəkkürlər səsləndi. Mehriban
xanımın gördüyü işlər, həyata
keçirdiyi layihələr, ayrı-ayrı fərdlərə
də qayğısı öz bəhrəsini verdiyindən,
görüş iştirakçılarında xoş ovqat
yaratdığı aydın görünürdü. Bu elə
bir möhtəşəm, yaddaqalan görüş oldu ki,
inanırıq ki, xalq, xüsusilə də sənətkarlar
hələ də o görüşün unudulmaz təəssüratları
ilə yaşayır, yaşayacaq və bundan sonra da daha
böyük əzmlə fəaliyyət göstərməyə
çalışacaqlar.
Bu bir həqiqətdir ki, Vətənin
əsl vətəndaşı olaraq, ölkənin
inkişafı prosesində Mehriban xanım Əliyevanın
xeyirxahlığı, mərhəməti, şəfqəti
ilə var olması, xalqın taleyinə günəş təki
saçması, genişmiqyaslı layihələri ilə
bütün sahələrdə yeniliklərin yaranmasına, həyatımızın sürəkli inkişafına səbəb
oldu. Əslində o, özünün işıqlı əməlləri,
maarifçilik fəaliyyəti, xeyirxahlığı ilə
tarixdə izi qalan bəsirətli qadınlarımızın
ideyalarını bu gün daha geniş anlamda davam etdirən nəcib
bir xanım, dövlət adamıdır. Cəsarəti,
təfəkkürünün işığı, istedadı
ilə bütün həyatını xalqın, ölkənin
inkişafına həsr edən bu böyük şəxsiyyətin,
Vətən sevdalısının işıqlı əməllərindən
necə duyğulanmayasan!
Bütün bunlar Mehriban Əliyevanın
xalqın adamı olduğunun, insansevərliyinin, vətənsevərliyinin,
milli ruha, kökə bağlılığının təcəssümüdür.
Bunların timsalında onun özünün inkişafı
xalqın, Vətənin inkişafı ilə bağlı
olmuşdur. Bu axarın gətirdiyi yeni, həm də
məsuliyyətli vəzifə, zərif çiyinlərə
qoyulan missiya onun çoxşaxəli fəaliyyətinin
uğurlu davamı kimi qiymətləndirilməlidir. İki
gücün, qoşa qanadın - Prezident İlham Əliyevlə
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqa, Vətənə
vicdanla, ləyaqətlə xidmətindən yararlanan yenə
Vətəndir, xalqın özüdür.
Belə bir möhtəşəmlikdən
qürurlandığımız indiki anlarda Azərbaycanın
bugünkü mənzərəsindən heyrətlənməmək
olmur. Bu mənzərəni özünün ecazı, azərbaycançılıq
məfkurəsi, vətənçilik əxlaqı ilə daha
da rövnəqli edən Birinci vitse-prezident Mehriban xanım
Əliyevanın xariqüladə əməllərindən bəhs
etmək də olduqca xoşdur. Onun genişəhatəli fəaliyyəti
müasir tariximizin parlaq səhifələrindən biridir.
Mehriban xanımın qurub-yaratmaq və
yaşatmaq eşqi tükənməyən bir işıq
selidir, bu hərarəti, şəfqəti duymaq, ondan
faydalanmaq böyük xoşbəxtlikdir. Bir daha qeyd edirik ki,
Xalqın sosial-mədəni həyatının
inkişafında onun xidmətləri misilsizdir. Gələcəyin
sahibi olan balalarımızı yetişdirmək, ailəyə,
Vətənə bağlılıq duyğuları
aşılamaq, gəncliyə yol açmaq, onları vətənpərvər
ruhda tərbiyə etmək: - budur Mehriban xanımın istəyi.
Mehriban xanım Əliyeva dövlət
xadimi olaraq, ictimai-siyasi fəaliyyətində və
dünyanın inkişaf etmiş ölkələri ilə
qurduğu ədəbi-mədəni əlaqələrində,
işgüzar münasibətlərində fərqləndiyinə
görə bir çox yüksək mükafatlara, təltiflərə
layiq görülüb. Bunların sırasında həm
Azərbaycanda, həm də digər dövlətlər tərəfindən
verilmiş çoxlu sayda orden və medallar, Fəxri adlar onun
tərcümeyi-halında şərəfli bir səhifəni
təşkil edir. Burda böyük fərəh
hissilə xatırlatmaq istəyirik ki, 2015-ci ildə Azərbaycanda
keçirilən I Avropa Oyunlarının qələbə ilə
başa çatmasında “Bakı-2015” I Avropa Oyunları Təşkilat
Komitəsinin sədri Mehriban Əliyevanın 29 iyun 2015-ci il
tarixində “Heydər Əliyev” ordeni ilə təltif olunması
zənnimizcə, ona indiyədək layiq görüldüyü
saysız mükafatlardan daha çox sevinc hissi yaşatdı,
onu çox duyğulandırdı. Bu mükafat onun halal
haqqı idi. Elə yaxın günlərdə
Prezident Vladimir Putinin Fərmanı ilə Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban
Əliyevanın Rusiya Federasiyasının “Dostluq” ordeni ilə
təltif olunması, onun iki ölkə arasında
apardığı dostluq əlaqələrinin vüsətli
inkişafında xidmətlərinə göstərilən
yüksək etimad və ehtiramın ifadəsi idi...
İllər boyunca apardığım
müşahidələr birinci xanım haqqında qənaətimi
hər zaman xatırlamağıma yol açır. İndiki məqamda
sözümə yekun olaraq, hər vaxt könlümdə,
dilimdə olan bir fikri təkrar etməyə ehtiyac duydum:
Mehriban Əliyeva bütün hallarda - çətin və
mürəkkəb situasiyalarda, xoş, fərəhli
anlarında belə dəyişməzdir: dəyanətli,
güclü, qətiyyətli və bütövdür. Hər
yerdə, hər zaman özüdür. Ən ümdəsi də
olduğu kimi görünən bir inci, nur timsalında fövqəlbəşər
İnsandır...
Şəfəq
NASİR
Respublika.- 2019.- 25
avqust.- S.3