Bakıda “Din və multikultural təhlükəsizlik” mövzusunda
konfrans keçirilib
Dekabrın 16-da Azərbaycan Respublikasının
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
(DQİDK) və Bakı
Beynəlxalq Multikulturalizm
Mərkəzinin (BBMM) birgə
təşkilatçılığı ilə “Din və
multikultural təhlükəsizlik”
mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri
giriş sözü ilə açan DQİDK sədrinin müavini Səyavuş Heydərov dünyada dini zəmində baş verən hadisələrdən
danışıb. O qeyd
edib ki, dünyanın aparıcı
güc mərkəzləri,
bəzi iddialı ölkələr insan hüquqları, din azadlığı anlayışından
öz geosiyasi, geoiqtisadi maraqlarını
təmin etmək üçün bir alət, vasitə kimi istifadə edirlər. Bunun acı nəticəsinin
özünü Yaxın
Şərqdə göstərdiyini
bildirən sədr müavini vurğulayıb
ki, əsas narahatedici məqam hələ də bu neqativ, təhlükəli
proseslərdən zəruri
nəticə çıxarılmaması
və bu zəmində baş verən proseslərin daha da genişlənməsidir.
Komitə sədrinin
müavini diqqətə
çatdırıb ki,
belə bir zamanda Azərbaycan əsası Ulu Öndər tərəfindən
qoyulan nümunəvi dövlət-din münasibətləri
və müasir multikulturalizm siyasəti həyata keçirir. Onun sözlərinə görə, bu siyasət bəşəri
dəyərlər sisteminə,
xüsusilə beynəlxalq
təhlükəsizliyə qarşı yaranmış
təhdidlərin qarşısının
alınmasında çox
önəmli strategiyaya
çevrilib. S.Heydərov
qeyd edib ki, dünyada radikalizmin, ekstremizmin fəsadlarına yönəlik
mübarizədə Azərbaycan
strategiyasının alternativi
yoxdur. O bildirib
ki, Azərbaycan sülhün carçısı
olduğunu sözlə
deyil, əməllə
göstərir. “Əfsuslar
olsun ki, beynəlxalq təşkilatlar,
dünya birliyi tərəfindən görülən
tədbirlərin bir çox hallarda imitasiya xarakterli olduğunu görürük.
Bir çox ölkələrdə tolerantlıq
zəifləyib, bunun səbəbi isə islamafobiya, ksenofobiyadır”,
- deyə komitə sədrinin müavini əlavə edib.
Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin
icraçı direktoru
Rəvan Həsənov
qeyd edib ki, multikulturalizm siyasəti hansısa dövlətin rəsmi siyasətinə çevrilibsə,
multikultural təhlükəsizlik
də onun milli təhlükəsizliyinin
tərkib hissəsinə
çevrilməlidir. Bu
məsələ getdikcə
daha da aktuallaşır.
Bu gün nadir ölkələr var ki, mono-etnik
xarakterlidir. Bildirilib ki, multikultural təhlükəsizlik sadəcə
bir ifadə deyil, bunun konsepsiyası
çox yaxın keçmişdə işlənib
hazırlanıb və
təkmilləşməkdə davam edir. Bu
konsepsiyanın təməlində
dayanan ən mühüm əlamətlərdən
biri bərabərlik hüququnun təmin olunmasıdır.
Daha sonra
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
təhlilçisi Araz
Qurbanov “Multikultural təhlükəsizlik: problemlər
və vəzifələr”
mövzusunda təqdimatla
çıxış edib.
Milli Məclisin
deputatı Hikmət Babaoğlu qeyd edib ki, bəzi
qlobal mərkəzlər
daima bu mövzunu istismar etdiklərinə görə
biz həmişə bunu diqqətdə saxlamalıyıq. O vurğulayıb
ki, bu gün
biz müharibələr
dövründə yaşayırıq
və çox təəssüf ki, din də müharibələr
üçün bir alətə çevrilib. Cəmiyyətin bütövlüyü və harmoniyasının təmin olunmasının vacibliyinə də toxunan deputat bildirib ki, Azərbaycanda
din və dövlət arasındakı
münasibətlər Qafqaz
Müsəlmanları İdarəsinin
fəaliyyəti, DQİDK-nın
yaradılması ilə
yeni elmi praktik və real sistem yaratdı
ki, bu da
tarixdən gələn
ənənələri qorumağı
təmin edən instituta çevrildi.
Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov istənilən
ölkədə, istənilən
cəmiyyətdə tolerantlığın,
multikultural mühitin,
əmin-amanlığın əsaslarının üç
faktora- dominant xalqın digər xalqlara olan münasibəti,
dövlətin apardığı
siyasət, ölkənin
aparıcı dininin multikultural dəyərlərə, digər
dinlərə, digər
etnoslara olan münasibətinə söykəndiyini
deyib. Əlavə edib ki, bu
faktorlar bir-birini tamamlamazsa, orada mütləq sistem pozulacaq.
Azərbaycan İlahiyyat İnstitutunun
rektoru Ceyhun Məmmədov isə çıxışında bildirib
ki, müasir dünyada cərəyan edən mürəkkəb
proseslər və baş verən münaqişələr hər
bir xalqın milli-mənəvi və dini dəyərlərinin qorunması zərurətini
dövrün aktual məsələlərindən
birinə çevirir.
O vurğulayıb ki, bu gün öz
multikultural təhlükəsizliyini
təmin edə bilməyən ölkələr
terrordan və ekstremizmdən əziyyət
çəkir. Hazırda
dinlər və sivilizasiyalar arasında baş verən hadisələr XX əsrdə
“soyuq müharibə” illərindəki ideoloji toqquşmanı əvəz
edib. Belə hallarda siyasi oyunlara alət edilən din əsl missiyasını, mahiyyətini itirmiş olur.
AMEA-nın Fəlsəfə İnstitutunun
direktoru İlham Məmmədzadə, Alban-Udi
Xristian dini icmasının sədri Robert Mobili, Mənəvi Dəyərlərin
Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov çıxışlarında multikultural
və tolerant dəyərlərin təşviqinin
əhəmiyyəti, eləcə
də dini təhlükəsizliyin təmin
edilməsində bu dəyərlərin rolu barədə fikirlərini
bölüşüblər.
Tədbirin sonunda
Azərbaycan İlahiyyat
İnstitutunun I kurs tələbəsi Nicat Hüseynovun çıxışı
dinlənilib.
Konfrans öz
işini müzakirələrlə
yekunlaşdırıb.
Respublika.- 2019.- 17
dekabr.- S.6