Prezident İlham Əliyevin
Real televiziyasına müsahibəsi
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev fevralın 12-də Real televiziyasının
rəhbəri Mirşahin Ağayevə geniş müsahibə
verib. AZƏRTAC müsahibəni təqdim edir.
-Cənab Prezident, müsahibəyə vaxt
ayırdığınız və bizi qəbul etdiyiniz
üçün Sizə minnətdarlığımı
bildirirəm və bunu biz Azərbaycan mətbuatına,
mediasına Sizin diqqətiniz kimi qəbul edirik, təşəkkür
edirəm.
-Sağ olun. Siz bilirsiniz ki, mən Azərbaycan
mediasına həmişə böyük dəstək göstərmişəm.
Mənim media nümayəndələri ilə
çoxsaylı görüşlərim bunun əyani
sübutudur və həmişə
çalışmışam ki, öz işimlə
medianın inkişafına dəstək verim. Şadam ki, Azərbaycan
mediası bu gün ölkəmizin həyatında önəmli
rol oynayır. Deyə bilərəm ki, mən də
öz işimdə mediadan gələn xəbərlərə
istinad edirəm, bəzi hallarda mediadan bir çox məsələləri
öyrənirəm, dərhal reaksiya verirəm. Bu barədə
mən bir neçə dəfə öz fikirlərimi
bildirmişəm və hesab edirəm ki, gələcəkdə
Azərbaycan mediası ölkəmizin həyatında bundan da
böyük rol oynayacaqdır.
Onu da bildirməliyəm ki, bəzən belə
bir sual verilir, nə üçün Prezident xarici mediaya daha
çox müsahibə verir? Bunun iki səbəbi var. İstərdim
ki, bu barədə də öz fikrimi bildirim, Azərbaycan
mediası da bunu bilsin. Birincisi, bu gün Azərbaycan həqiqətlərini
dünyaya çatdırmaq xüsusi əhəmiyyət
daşıyan bir məsələdir. Çünki bu gün
dünyada informasiya mübarizəsi gedir. Azərbaycana
qarşı bir sıra hallarda çox əsassız ittihamlar
irəli sürülür, qərəzli, saxta məlumatlar dərc
edilir. Bunun məqsədi ölkəmizin imicinə zərbə
vurmaq, ölkəmizi inkişaf, müstəqillik yolundan
döndərmək və Azərbaycanı geridə
qalmış ölkə kimi təqdim etməkdir. Ona görə
xarici mediada bizim mövcudluğumuz, sözlərimizin
çatdırılması xüsusi əhəmiyyət
daşıyır. Yəni, bizə qarşı
aparılan bütün bu təbliğatın
qarşısında öz həqiqətlərimizi ortaya
qoyuruq, Azərbaycanı müasir, güclü dövlət
kimi tanıtdırırıq və ölkə haqqında həqiqətləri
çatdırırıq. Bu, birinci səbəbdir.
İkinci səbəb ondan ibarətdir ki, mən ölkə
daxilində gedən işlərlə bağlı öz fikirlərimi
müntəzəm olaraq müxtəlif formatda bildirirəm. Mənim
çıxışlarımın bir çoxu hesabat
xarakterlidir. Nazirlər Kabinetinin müntəzəm olaraq
keçirilən toplantılarında həm
görülmüş işlərə qiymət verilir və ən
önəmlisi görüləcək işlər haqqında
danışılır. Regional inkişaf proqramlarının
icrası ilə bağlı tədbirdə il ərzində
görüləcək işlər haqqında çox
aydın ifadələr ortaya qoyulur. Beləliklə,
Azərbaycan vətəndaşları həm məndən
eşidirlər ki, hansı işlər görülüb, biz
harada uğurlara nail olmuşuq, harada hələ ki, həll
olunmamış problemlər, nöqsanlar var və həm də
görüləcək işlərlə bağlı fikirlər
ortaya qoyulur. Müxtəlif mövzularla bağlı müntəzəm
olaraq öz fikirlərimi çatdırıram. Yenə də
deyirəm ki, bu, həm hesabat xarakterli, həm də
görüləcək işlər, istiqamətlərlə
bağlı, istiqamətverici çıxışlardır.
Ona görə bu məsələ ilə bağlı iki amil
mövcuddur və istərdim ki, Azərbaycan mətbuatı
bunu bilsin. Ancaq, eyni zamanda, bugünkü müsahibəmiz onu
göstərir ki, mən həmişə Azərbaycan mətbuatına
da açıq olmuşam, bundan sonra da belə olacaq.
-Təşəkkür edirəm cənab
Prezident, biz bunu hiss edirik, qiymətləndiririk. Ümidvaram ki,
bu ənənə davamlı olacaq.
Azərbaycanda 2019-cu il islahatların yeni və
daha genişmiqyaslı dalğası ilə başlandı. Biz
islahatların əhatə dairəsini və əsas hədəflərini
mahiyyət etibarilə inqilabi adlandırırıq. Sizcə
yanılmırıq ki?
-Mən hesab edirəm ki, siz çox
düzgün təhlil apararaq belə bir qənaətə gəlmisiniz.
Doğrudan da 2019-cu ildən bizim islahatlarımızın yeni
mərhələsi başlayır. Bu da təbiidir.
Çünki ötən il keçirilmiş prezident
seçkilərində Azərbaycan xalqı mənə bir
daha böyük etimad göstərib və mən bu
seçkilərə islahatlar gündəliyi ilə getmişəm.
Təbii ki, keçən ilin ikinci yarısından
başlayaraq islahatların dəqiqləşdirilməsi,
müəyyən edilməsi və
ardıcıllığı haqqında çox geniş
işlər aparılırdı və bu ilin əvvəlindən
yeni islahatlara start verildi.
Onu da deməliyəm ki, Azərbaycanda islahatlar
müntəzəm olaraq keçirilir. İslahatların əsasını
ulu öndər Heydər Əliyev 1993-cü ildə
qoymuşdur. Məhz o ildən başlayaraq Azərbaycan sabitlik
və inkişaf dövrünə qədəm qoymuşdur.
Əgər biz o illəri xatırlasaq görərik ki, ən
böyük siyasi islahatlar məhz Heydər Əliyevin adı
ilə bağlıdır. O, hakimiyyətə gələnə
qədər Azərbaycanda senzura mövcud idi. Siz də o vaxt gənc
jurnalist kimi bu senzura şəraitində fəaliyyət
göstərirdiniz. Senzuranın ləğv edilməsi Heydər
Əliyev tərəfindən aparılan çox ciddi islahat
idi. Azərbaycana sərmayə qoyuluşunun, xarici sərmayə
qoyuluşunun cəlb edilməsi işində çox
böyük islahatlar aparıldı. “Əsrin müqaviləsi”,
– o vaxt postsovet məkanında bunun tayı-bərabəri yox
idi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə
bu islahatlar aparıldı. Torpaq islahatı, hansı ki, biz bu
gün də onun qoyduğu yolla gedirik və Azərbaycanda
fermerlər torpaq vergisi istisna olmaqla, heç bir başqa vergi
vermirlər. Bilmirəm dünyanın hansı ölkəsində
buna oxşar mənzərə var? İqtisadi islahatlar
aparılmışdır.
2003-cü ildən islahatların
yeni mərhələsi başlandı və hesab edirəm ki,
o vaxt ən böyük islahat regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramının qəbul edilməsi
idi. Çünki bu proqram bizə imkan verdi ki, ölkəmizin
müxtəlif istiqamətlər üzrə inkişaf
strategiyasını müəyyənləşdirək
və qısa müddət ərzində çox güclü
infrastruktur bazasının yaradılması işində nəticələr
əldə edək. Əgər həmin illəri
xatırlayırsınızsa, o vaxt biz infrastruktur
baxımından çox geridə idik. Elektrik enerjisi ilə
bağlı böyük problemlər, fasilələr var idi,
elektrik enerjisi saatlarla verilirdi. Bu gün Azərbaycan nəinki
özünü təmin edir, eyni zamanda, böyük həcmdə
elektrik enerjisini ixrac edir. Bölgələrdə qaz təchizatı
yox idi. Bakı şəhərində qaz təchizatı təqribən,
50 faiz səviyyəsində idi. Bu gün ən
ucqar rayonlara, hansılar ki, heç sovet vaxtında
qazlaşdırılmamışdı, təbii qaz verilir və
qazlaşdırmanın səviyyəsi 95 faizə
çatıb. İçməli su layihələrinin
icrası böyük əhəmiyyət daşıyır,
böyük sosial məsələdir. 2003-cü ildə
dayanıqlı və keyfiyyətli içməli su ilə təminat
cəmi 20 faiz idi. Bu gün bu, 70 faizə çatıb.
Düzdür, 70 faiz də bizi qane edə bilməz. Bakı
şəhərində bu, 80 faizdən çoxdur. Ancaq bu,
böyük bir islahat idi. Digər infrastruktur layihələrinə
gəlincə, misal üçün, biz artıq bir neçə
ildir ki, 5 milyon insana pulsuz tibbi müayinə xidməti göstəririk.
Bu, nəyə görə mümkün olub? Ona görə ki,
son illərdə ölkəmizin hər bir yerində müasir
xəstəxanalar, diaqnostika mərkəzləri
yaradılıb. Yəni, bu imkan yaradılıb ki, biz indi ondan
istifadə edək. İqtisadi sahədə
aparılmış islahatlar, ölkə iqtisadiyyatının
şaxələndirilməsi ilə bağlı islahatlar bu
yeni reallıqları ortaya qoydu.
Biz birinci dəfə Dünya Bankının “Doing
Business” hesabatına 2006-cı ildə
düşmüşük. O vaxt biz təqribən, 90-cı,
95-ci və ya 96-cı yerdə idik. Bu gün biz
25-ci yerdəyik. Bu, ciddi islahatdır.
Bu, biznes mühitinin
yaxşılaşdırılması, sərmayə
qoyuluşu üçün yeni imkanların yaradılması
istiqamətində inqilabi islahatdır. Baxın,
biz bir çox inkişaf etmiş ölkələrdən
öndəyik. Bu, çox ciddi məsələdir.
Ona görə islahatların bugünkü mərhələsi
əvvəlki dövrlərdə aparılmış
islahatların məntiqi nəticəsidir. Bu
gün isə qarşımızda yeni vəzifələr
durur, yeni çağırışlar dayanır. Dünya dəyişir, dünyada gedən proseslər
narahatlıq doğurur. Beynəlxalq
hüquq prinsipləri artıq belə görünür ki, o qədər
də böyük rol oynamır. Ona görə,
hər bir ölkə çalışmalıdır ki,
maksimum öz daxili resurslarına arxalansın. Əslində, biz bu siyasəti uzun illərdir ki,
aparırdıq. Əsas hədəf ondan
ibarət idi ki, biz iqtisadi cəhətdən heç kimdən
asılı olmayaq. Biz iqtisadi müstəqilliyi
əldə edəndən sonra əlbəttə ki, öz
siyasi addımlarımızı daha inamla atırıq və
ölkəmizin maraqlarını daha böyük dərəcədə
qoruyuruq.
Ona
görə 2019-cu ildən başlayan islahatların əsas hədəfi
Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə
inkişaf etmiş ölkəyə çevirməkdir, ölkədə
mövcud olan nöqsanları aradan qaldırmaqdır, vətəndaşları
narahat edən problemləri tamamilə gündəlikdən
çıxarmaqdır, insanların rifah halını yaxşılaşdırmaqdır,
daha güclü, qüdrətli dövlət qurmaqdır. Biz bu istiqamətdə məqsədyönlü, hərtərəfli
siyasət aparırıq, həm beynəlxalq mövqelərimizi
möhkəmləndiririk, həm də regional əməkdaşlıq
təşəbbüsləri ilə çıxış
edirik. Bu gün Azərbaycan Avrasiyanın nəqliyyat
mərkəzinə çevrilib. Yəni, nəqliyyat
mərkəzlərindən birinə yox, məhz nəqliyyat mərkəzinə
çevrilib. Çünki Şimal-Cənub
və Şərq-Qərb dəhlizləri ölkəmizin ərazisindən
keçir. Biz bu coğrafi vəziyyətdən
çox səmərəli istifadə etdik, güclü
infrastruktur yaratdıq. Bu gün Şimal-Cənub
və Şərq-Qərb nəqliyyat dəhlizlərində
10-dan çox ölkə əməkdaşlıq edir. Yalnız bir ölkə hər iki layihədə
iştirak edir ki, o da Azərbaycandır.
Yəni,
bugünkü reallıqlar, dünyada baş verən və
bölgəmizdə yaşanan hadisələr diktə edir ki,
biz daha səmərəli iş aparmalıyıq və şəffaflıq
əsas prinsip olmalıdır. Deyə bilərəm ki,
keçən il hazırlanan və bu il
başlanan, xüsusilə iqtisadi, sosial və kənd təsərrüfatı
sahələrində aparılan islahatlar imkan verir ki, biz əlavə
maliyyə resursları əldə edək. Siz
bilirsiniz ki, bu yaxınlarda minimum əməkhaqqının
qaldırılması ilə bağlı çox ciddi
addım atılmışdır, digər
sosialyönümlü addımlar atılmışdır.
Biz nəyin hesabına buna nail ola
bilmişik? Ona görə ki, bu ilin birinci
ayında biz əlavə gəlirlər əldə etdik.
Gəlirlər məhz şəffaflıq,
düzgün yanaşma hesabına əldə olundu. Bu gəlirlər
bizə əlavə maliyyə resurslarının yaranmasına
imkan verdi. Biz bu maliyyə
resursunu müxtəlif istiqamətlərə - ehtiyatların
artırılmasına, infrastruktur layihələrinin
icrasına yönəldə bilərdik. Amma
mən qərar verdim ki, əldə edilmiş bu əlavə
maliyyə resursları, ilk növbədə, vətəndaşların
rifah halının yaxşılaşmasına yönəlməlidir
və biz bunu da etdik. Güclü sosial
siyasət bizim gündəliyimizdə bundan sonra da ən vacib,
ən ümdə məsələlərdən biri olaraq
qalacaqdır.
-Şəhid ailələri, təqaüdçülər,
aztəminatlı ailələr, yığcam şəkildə
desək, islahatların mərkəzində sadə azərbaycanlılar
dayanır. Özü də mən burada heç də
yalnız şəhid vərəsələrinə verilən
birdəfəlik müavinətləri, minimum əməkhaqqının,
təqaüdlərin artırılmasını nəzərdə
tutmuram. Mənə elə gəlir ki,
söhbət daha dərin, daha böyük mətləbdən
gedir. Söhbət vətəndaş-dövlət
təmasının yeni formatına keçiddən gedir.
-Tamamilə
haqlısınız. Əlbəttə ki, bizim
siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı
dayanır. Mən dəfələrlə
bu barədə öz fikirlərimi bildirmişəm və
bizim atdığımız addımlar dediklərimi sübut
edir. Bizim imkanlarımız artdıqca, ilk
növbədə, bu gün hələ də ağır vəziyyətdə,
çətin şəraitdə yaşayan insanların
yaşayış səviyyəsini yaxşılaşdırmağa
çalışırıq. Son illər
bu istiqamətdə çox böyük işlər
görülmüşdür. Baxın,
köçkünlər üçün 100-dən çox
şəhərcik tikilmişdir. Yəni, mən
bilmirəm, hansı başqa ölkədə buna rast gəlinir.
Mən bilirəm ki, bu məsələ ilə məşğul
olan beynəlxalq təşkilatlar həmişə Azərbaycanı
nümunə kimi göstərirlər. Şəhid
ailələrinə, Qarabağ müharibəsi əlillərinə
6500-dən çox mənzil verilmişdir. Mən eşitməmişəm, hansı ölkədə
bu kateqoriyadan olan insanlara bu qədər dəstək göstərilir.
Şəhid vərəsələrinə 11 min
manat məbləğində birdəfəlik maddi yardım
verilmişdir. Bu da dünya praktikasında
analoqu olmayan bir yanaşmadır. Yəni,
bütün bunlar bizim niyyətimizi, siyasətimizi göstərir.
Onu göstərir ki, bizim siyasətimizin mərkəzində
Azərbaycan vətəndaşıdır, onun
maraqlarıdır, onun rifahıdır. Eyni
zamanda, dediyiniz kimi, bu yanaşma daha böyük
yanaşmanın tərkib hissəsidir – dövlət-vətəndaş
münasibətlərinin. Hesab edirəm ki,
bu münasibətlər Azərbaycanda sağlam zəmində
qurulub. Vətəndaş bu gün bilir ki,
dövlət güclü olarsa, onun da həyatı təhlükəsiz
olar, risksiz olar, rahat olar və ildən-ilə artan maddi rifah
daha da çoxalar.
Eyni zamanda, Azərbaycan vətəndaşı çox
yaxşı bilir ki, biz hələ müstəqilliyimizin ilk
illərindəyik. Bizim müstəqilliyimizin cəmi 27
yaşı var. Ona görə hər bir vətəndaş
öz işi, əməyi, dövlətə olan sədaqəti
ilə dövlət müstəqilliyini möhkəmləndirməlidir.
Hesab edirəm ki, Azərbaycan bu sahədə də
nümunəvi ölkədir. Çünki
Azərbaycanda vətənpərvərlik hissləri, dövlətçiliyə
bağlılıq çox yüksək səviyyədədir.
Ona görə vətəndaş dövlət
qarşısında öz vəzifə borcunu yerinə yetirir
və yetirməlidir. Eyni zamanda, dövlət
də həmişə vətəndaşın yanında
olmalıdır. Yəni, bizim prinsiplərimiz
bundan ibarətdir və dövlət ən ağır vəziyyətdə
olan vətəndaşın yanında olmalıdır. Gətirdiyim misallar buna əyani sübutdur.
Bütün çətin anlarda dövlət vətəndaşın
yanındadır. Təbii fəlakət baş verdiyi zaman
dövlət vətəndaşın yanındadır. Bu
yaxınlarda Şamaxıda zəlzələ baş verdi. İlk növbədə,
dövlət qurumları mənim
tapşırığımla öz dəstəyini göstərirlər
və göstərəcəklər. Bundan
əvvəl şimal-qərb bölgəsində bundan daha
böyük zəlzələ olmuşdur. Daşqın
olmuşdur, minlərlə sakin evsiz-eşiksiz
qalmışdır. İnkişaf etmiş
ölkələrdə belə olan hallarda nə baş verir?
Vətəndaş hansı ki, öz evini
sığortalayıb, gedir sığorta şirkətindən
uzun prosesdən sonra pulunu alır, - əgər ala bilsə, -
və o pulla özü üçün yeni ev
tikir. Yəni, aylarla, bəlkə də illərlə
vətəndaş öz məişət problemini həll edə
bilmir. Azərbaycanda nələr baş
verir?! Dərhal bütün dövlət qurumları səfərbər
olunur, dövlət maliyyə vəsaiti ayırır və
evini itirmiş vətəndaşa dövlət xətti ilə
ev tikilir. Hansı başqa
ölkədə bunlar var?! Bunu deməklə
mən öyünmək istəmirəm, sadəcə olaraq, həqiqətləri
demək istəyirəm.
Dövlət-vətəndaş münasibətləri
sağlam zəmində qurulub. Azərbaycan vətəndaşı
bilir ki, ən ağır vəziyyətdə Azərbaycan
dövləti onun yanında olacaq. Dövlət
isə tam əmindir ki, vətəndaş hər zaman dövlətin
arxasında olacaq.
-Şamaxıya gedəndə 92 yaşlı Saray nənə
ilə görüşdük. Deyim, cənab Prezident,
o, bu saat da Sizinlə görüşün təəssüratları
altındadır.
-Saray nənəni
xatırlatdınız. Hesab edirəm ki, Saray nənə
Azərbaycan qadınının ən yüksək keyfiyyətlərini
özündə təcəssüm etdirir. Saray nənə kimi nənələr, analar bizim
milli-mənəvi dəyərlərimizi əsrlər boyu
qoruyan insanlar olublar. Hər bir Azərbaycan
qadını Saray nənəyə oxşamaq istəyir. Məncə, bu, belədir. Baxın, evi
dağılmış 92 yaşında bir qadın, bu adamda nə
qədər nikbinlik var. Çünki Saray nənədə
inam var ki, dövlət onun yanında olacaq. Sözün
düzü, mən Şamaxıya gedəndə bilmirdim ki,
Saray nənə ilə rastlaşacağam. Mən gedib zəlzələdən
ziyan çəkmiş evlərə baxırdım, oradakı
vəziyyətlə tanış olurdum. Saray nənəni görəndə mən bir daha əmin
oldum ki, Azərbaycan xalqı nə qədər böyük
xalqdır. Biz xalqımızla fəxr edə
bilərik. Ən ağır vəziyyətdə,
evi uçub. Sözün düzü, yəqin
heç bilmirdi ki, kimsə onun köməyinə gələcək,
ya gəlməyəcək. Onun evi təmir olunacaq, ya
olunmayacaq, yeni ev tikiləcək, yoxsa yox. Amma bu insanda nə qədər inam, nikbinlik,
xeyirxahlıq var. Saray nənə kimi nənələr Azərbaycan
xalqının əyilməz ruhunu təcəssüm etdirir.
Biz əsrlər boyu yaşayan bir xalq, bir millət,
inkişaf edən bir millət olaraq Saray nənə kimi nənələrə
borcluyuq. Ona görə bu görüş
məndə də çox böyük təəssürat
yaratdı, böyük bir iz buraxdı. Ümid
edirəm ki, tezliklə Saray nənə ilə bir daha
görüşəcəyəm və onun yeni evinin
açarını ona təqdim edəcəyəm.
-Biz
artıq məzmunca yeni bir Azərbaycanda
yaşadığımızın fərqindəyik. Xeyli köhnə vərdişlər var idi ki, onlardan
qurtulmuşuq. "ASAN xidmət"in təsiri
ilə başlanan yeni həyat tərzinə, müasir, halal,
şəffaf dövlətdə yaşamağa artıq öyrəşmişik.
İslahatların yeni qanadı da bizdən təfəkkür
mödelimizi tamam dəyişməyi tələb edir. Yəni, köhnə təfəkkür artıq
bugünkü Azərbaycana yaramır. Son nəticədə
hədəfiniz nədir?
-Əlbəttə ki, bugünkü Azərbaycan əvvəlki
Azərbaycandan çox fərqlənir. Bugünkü
Azərbaycan müasir dövlət kimi özünü
artıq təsdiqləyib. Ölkədə
aparılan islahatlar bizim niyyətimizi, siyasətimizi əks
etdirir. Siz "ASAN xidmət"i yada
saldınız. "ASAN xidmət" əslində
ictimai xidmətlər sahəsində böyük bir
inqilabdır. "ASAN xidmət"in əhəmiyyətini
bəlkə də bu gün biz tam dərk etmirik. Yəni, bu, sadəcə olaraq, vətəndaşlara
gözəl, rahat xidmət mərkəzi deyil. Bu, insanlarda böyük dərəcədə dəyişikliklərə
gətirib çıxardı.
"ASAN xidmət" mənim təşəbbüsümlə
yaradıldı. Ancaq onu da bildirməliyəm ki, orada
çalışan gənclər "ASAN xidmət"i
çox böyük dərəcədə inkişaf etdirdilər,
zənginləşdirdilər, yeni, kreativ ideyaları ilə
"ASAN xidmət"i doğrudan da nadir bir ictimai xidmət mərkəzinə
çevirdilər. Hər bir yeni mərkəzə
gedəndə, - mən 15 mərkəzin
açılışının hər birində olmuşam,
- görmüşəm ki, edilən təqdimatlarda hansısa
bir yenilik var. Yəni, bu, onu göstərir ki, orada
çalışan insanlar, - onların mütləq əksəriyyəti
gənclərdir, - çox böyük həvəslə,
böyük sevgi ilə bunu edirlər. Onlarda
böyük ruh yüksəkliyi var. Onlar istəyirlər ki,
ölkəmizdə işlər daha yaxşı getsin, istəyirlər
ki, bu işlərə öz töhfələrini versinlər.
Yəni, "ASAN xidmət" çox geniş
və müsbət bir təşəbbüsün təzahürüdür.
Orada işləyən gənclər bizim gələcəyimizdir.
"ASAN xidmət"də korrupsiya,
rüşvətxorluq, kobudluq, bürokratiya
sıfırdır. Yəni, mənfi
halların qarşısını almaq mümkündür.
Bunu biz özümüz etmişik. Hansısa heç bir xarici təşkilat bunu bizə
tövsiyə etməmişdir. Qərar da
bizimdir, icraçılar da Azərbaycan vətəndaşlarıdır,
gənclərdir və nəticəni də Azərbaycan vətəndaşları
görürlər. Ona görə bu,
ictimai davranış sahəsində, ictimai xidmətlər sahəsində,
məmur-vətəndaş münasibətlərində
inqilabdır. Sirr deyildir ki, "ASAN xidmət"ə
qədər bizim vətəndaşlar hər hansı bir
arayışı almaq üçün nə qədər
böyük əziyyət çəkirdilər. Günlərlə, bəlkə həftələrlə
vaxt itirirdilər, digər xoşagəlməz hallarla üzləşirdilər.
İndi biz bunu bacardıq, bu, artıq
keçmişdə qaldı. "ASAN xidmət"də
təlim keçmiş 17 min könüllü tam yeni təfəkkürlü
insanlardır. Onların amalı vətəndaşlara
xidmət etməkdir, özü də təmənnasız.
Gələcəkdə bu könüllülər,
- artıq onların bir çoxu indi müxtəlif təşkilatlarda
işləyirlər, - vətəndaşlarla təmasda tam yeni
bir mövqe, tam yeni bir yanaşma nümayiş etdirəcəklər.
Mən demişəm ki, hər bir dövlət məmuru
vətəndaşların xidmətçisidir - Prezidentdən
tutmuş aşağı səviyyəli məmura qədər. "ASAN
Könüllüləri" bax, bu prinsiplərlə
yaşayırlar. Ona görə bu,
böyük bir hərəkatdır. Məhz buna görə
bu il 5 yeni "ASAN xidmət" mərkəzi
açılacaq. "ASAN xidmət" mərkəzlərində
xidmətlərin sayı da gündən-günə artır,
200-dən çox xidmət göstərilir. Əlbəttə ki, bu, çox qürurverici bir məsələdir.
O ki
qaldı, “hədəfimiz nədir” sualınıza, deməliyəm
ki, hədəfimiz qüdrətli, müasir dövlət
qurmaqdır. Hədəfimiz xoşagəlməz
hallara qarşı siyasətimizi bundan sonra da aparmaqdır.
Burada mübarizənin bir neçə istiqaməti
var, həm inzibati yollar, həm də institusional. Yəni, sistem xarakterli islahatlar. İndi
"ASAN xidmət" elə qurulub ki, artıq bu sistem
müstəqil formada yaşayır. Gələcəkdə
orada çalışacaq vətəndaşlar bu prinsiplərə
əməl edəcəklər. Əsas məsələ,
əsas hədəf güclü, müasir dövlət
qurmaqdır ki, vətəndaşlar özlərini rahat hiss
etsinlər, dövlət məmurları vətəndaşlara
təmənnasız və sədaqətlə xidmət
göstərsinlər.
-Cənab
Prezident, 1992-ci ildə Əbülfəz Elçibəy
haqqında belə bir söz demişdim: "Zəif Prezident, əliboş
komandan". Mənim qarşımda indi
güclü Prezident və gerçək Ali Baş Komandan var.
Elə bilirəm ki, buradan Dağlıq Qarabağ ətrafındakı
vəziyyət mövzusuna keçək. Həm
də ona görə ki, bizim ortada 2016-cı ilin Aprel rəşadəti,
2018-ci ilin Naxçıvan uğurları var və elə gizlətməyək,
2019-cu ildən də uğurlar gözləyənlərimiz
var, mən daxil olmaqla. Nəyə əsaslanırıq?
-Bilirsiniz,
mən Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı dəfələrlə öz fikirlərimi
bildirmişəm. Bir daha demək istəyirəm
ki, tam əminəm, əgər müstəqilliyimizin ilk illərində
Heydər Əliyev Azərbaycan Prezidenti olsaydı, heç
vaxt torpaqlarımız işğal altına düşməzdi.
Tam əminliklə bunu deyirəm. Əfsuslar olsun ki, o vaxt Azərbaycana rəhbərlik
etmiş şəxslər öz məsuliyyətini dərk edə,
ölkəmizin maraqlarını qoruya bilməmişlər.
Xüsusilə 1992-ci ildə baş vermiş
çevriliş nəticəsində hakimiyyətə gəlmiş
AXC-Müsavat cütlüyü və onun xəyanətkar siyasəti
işğalı şərtləndirən əsas amil
olmuşdur. O vaxt hakimiyyət uğrunda mübarizə
gedirdi və çevriliş ərəfəsində Şuşa, Laçın işğal
altına düşmüşdü. Çevrilişdən bir
il keçmədən - 1993-cü ilin aprel
ayında Kəlbəcər işğal altına
düşmüşdü və beləliklə, Dağlıq
Qarabağla Ermənistan arasında coğrafi əlaqə
yarandı. Heydər Əliyev buna heç vaxt
imkan verməzdi. Çünki onun siyasəti,
onun qətiyyəti, xalqın ona olan inamı heç vaxt imkan
verə bilməzdi ki, bizim torpaqlarımız işğal
altına düşsün. Dağlıq
Qarabağ münaqişəsi və torpaqlarımızın
işğalı, bir milyondan artıq qaçqın,
köçkünün ağır vəziyyəti
AXC-Müsavat cütlüyünün ağır
mirasıdır. Bu gün Azərbaycan həm
danışıqlar masasında, həm də döyüş
meydanında üstün mövqedədir. Biz
son illər ərzində münaqişənin həlli
üçün güclü hüquqi baza yaratdıq.
Dünyanın bir çox mötəbər aparıcı beynəlxalq
təşkilatları münaqişə ilə bağlı həqiqəti
əks etdirən, bizim mövqeyimizi dəstəkləyən qətnamələr,
qərarlar qəbul etmişlər - BMT-nin Baş
Assambleyası, ondan əvvəl Təhlükəsizlik Şurası,
ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq
Təşkilatı, digər təşkilatlar. Avropa
İttifaqı ilə Azərbaycan arasında imzalanmış
Tərəfdaşlıq Prioritetləri sənədində ərazi
bütövlüyümüz, suverenliyimiz, sərhədlərimizin
toxunulmazlığı haqqında dəstək ifadə olunub.
Yəni, bu, münaqişə üçün
hüquqi baza yaradır. Hüquqi baza ondan
ibarətdir ki, Dağlıq Qarabağ, - bunu biz hamımız
yaxşı bilirik, - Azərbaycanın ayrılmaz hissəsidir.
Münaqişənin həlli yalnız və
yalnız ölkəmizin ərazi bütövlüyü
çərçivəsində mümkündür.
Eyni zamanda, biz güclü iqtisadi potensial yaradaraq
güclü ordu da yaratmışıq. Bu gün Azərbaycan
Ordusu dünyada güclü ordular sırasındadır.
Bizim döyüş qabiliyyətimiz,
imkanlarımız artır. Biz ordumuzu ən
müasir texnika ilə təchiz edirik. Aprel
döyüşləri bizim gücümüzü göstərdi.
Ən əlverişsiz hərbi mövqelərdən
əks-hücum əməliyyatı apararaq biz strateji yüksəklikləri
əldə etdik. Torpaqlarımızı
işğalçılardan azad etdik. Bu
gün Ağdərə, Füzuli, Cəbrayıl
rayonlarında Azərbaycan bayrağı dalğalanır.
Aprel döyüşləri bizim şanlı
tarixi qələbəmizdir. Mən Lələtəpədə
olanda, orada Azərbaycan bayrağını görəndə
qürur hissi keçirirəm. Hər bir
Azərbaycan vətəndaşı qürur hissi keçirir.
Bizim əsgər və zabitlərimiz əsl qəhrəmanlıq
göstərmişlər. Aprel
döyüşləri tarixi hadisədir. Bu
döyüşlər Ermənistanın uzun illər ərzində
yaratdığı mifi tamamilə darmadağın etdi. Yəni, ermənilər elə bir rəy
formalaşdırmağa çalışırdılar ki, guya
onların ordusu güclüdür və yenilməzdir. Azərbaycan əsgəri, zabiti göstərdi ki,
kimin ordusu güclüdür, kimin ordusu yenilməzdir. O
mif tamamilə dağıdıldı. Aprel
döyüşləri milli ruhumuzu yüksəltdi, zirvələrə
qaldırdı. Ona görə bu hadisə
bir daha onu göstərir ki, Azərbaycan xalqı və
dövləti heç vaxt işğalla barışmayacaq.
Aprel
döyüşlərindən iki il sonra
uğurlu Naxçıvan əməliyyatı keçirildi. O,
taktiki baxımdan fərqli əməliyyat idi, ancaq nəticə
etibarilə çox uğurlu idi və bizə imkan verdi ki, strateji yüksəklikləri,
dağları tam nəzarətə götürək və bu
dağlardan düşmənin strateji kommunikasiyalarına nəzarət
edək. Yəni, bütün bunlar ordumuzun
qüdrətini, peşəkarlığını əks etdirən
önəmli hadisələrdir. Bütün
bunlar onu göstərir ki, münaqişə Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində
öz həllini tapmalıdır.
Bildiyiniz kimi, Ermənistanın yeni hökuməti birinci
mərhələdə çox ziddiyyətli bəyanatlar
verirdi ki, Azərbaycan Ermənistanla yox, qondarma “Dağlıq
Qarabağ respublikası” ilə danışıqlar
aparmalıdır. Biz əlbəttə ki, bu ziddiyyətli və
anlaşılmaz bəyanatları dərhal rədd etdik.
O cümlədən vasitəçilər də əlbəttə
ki, belə bir mövqe ilə razılaşa bilməzdilər.
Öz prinsipial mövqeyimizdə qalaraq biz
danışıqlar prosesinə sadiqik. Bu
gün danışıqlar Ermənistan və Azərbaycan
xarici işlər nazirləri arasında aparılır. Artıq bir neçə raund danışıqlar
aparılıb. Biz ümid edirik ki, bu danışıqların
nəticəsi olacaqdır. Ona görə
danışıqların aparılması əlbəttə
ki, müsbət hal kimi qiymətləndirilə bilər.
Bu, bir daha onu göstərir ki, Ermənistanın
yeni rəhbərliyinin ilk mərhələdə bəyan
etdiyi prinsiplər tamamilə qəbuledilməzdir.
Digər tərəfdən, mən həmişə
demişəm ki, bu gün dünyada güc amili ön plana
çıxır. Baxın, dünyanın müxtəlif
yerlərində beynəlxalq hüquq kobudcasına pozulur.
Əgər əvvəlki dövrlərdə
bunu müəyyən formada gizlətmək istəyirdilərsə,
bu gün heç buna ehtiyac da görmürlər. Bu gün dünyada “kim güclüdür, o da
haqlıdır” prinsipi hökm sürür. Bu, yeni reallıqdır. Biz bu
reallığa hazır olmalıyıq. Dünya
dəyişir və biz bu dəyişikliyə hazır
olmalıyıq. Xoşbəxtlikdən biz
öz iqtisadi və hərbi gücümüzü uzun illərdir
ki, artırırıq. Sanki
özümüzü bugünkü vəziyyətə
hazırlayırdıq və bu gün biz hazırıq. Ona görə güc amili həmişə gündəlikdə
olub və olacaq. Biz bunu nəinki bizim
münaqişə, bir çox başqa münaqişələrlə
bağlı da görürük. Ona
görə biz müxtəlif imkanlardan istifadə edəcəyik
və Azərbaycanın ərazi bütövlüyünün
bərpası bizim əsas vəzifəmizdir. Azərbaycan vətəndaşları bunu bilməlidirlər
ki, bu, hər bir vətəndaşın əsas vəzifəsidir,
dövlətin əsas vəzifəsidir. Biz
bu istiqamət üzrə öz siyasətimizi bundan sonra da
aparacağıq.
-
1990-cı illərdə yəqin ki, Azərbaycanı hətta
turistin gözündən gizlətmək lazım idi ki, gəlib
görməsinlər. Amma indi vəziyyət o dərəcədə
dəyişib ki, gəlsinlər də, görsünlər də.
Belə olanda kosmik kluba
üzvlüyümüzün də təbii ki, əsası məntiqli
olur, təbii ki, Formula 1 yarışlarının
Bakının küçələrində keçirilməsi
də əsaslı olur. Bir zamanlar Siz deyəndə ki, Azərbaycanda
beşulduzlu, yeddiulduzlu otellər tikilməlidir, bəlkə də
bunlara bir az anlaşılmaz, hətta
mümkün olmayan bir şey kimi baxırdılar. Amma bu gün görürük ki, belə otellərin
sayı azlıq edir, artırmaq lazımdır. Belə deyək, qonaqlarımızın ölkəmizə
xoş gəlib, səfa gətirmələrindən
ötrü daha nələri etmək niyyətindəsiniz, cənab
Prezident.
-
Bilirsiniz, turizm hər bir ölkə üçün çox
önəmli bir sahədir. Elə ölkələr
var ki, onların ümumi daxili məhsulunda əsas hissə
turizmlə bağlıdır. Biz də
çalışırıq ki, Azərbaycanın turizm
imkanlarını genişləndirək və bu istiqamətdə
müxtəlif addımlar atırıq. İlk
növbədə, əlbəttə ki, infrastruktur
yaradılmalı idi. Əgər
infrastruktur yoxdursa, heç bir turist buraya gəlməz. Azərbaycanda hazırda altı beynəlxalq hava
limanı fəaliyyət göstərir. Gözəl
yollar, dəmir yolları, xidmət infrastrukturu, otellər,
ictimai yerlər yaradılmalı idi. Əlbəttə
ki, hər bir turist üçün təhlükəsizlik məsələləri,
xüsusilə indiki zəmanədə ön plandadır.
Azərbaycan dünyanın bəlkə də ən
təhlükəsiz ölkələrindən biridir. Xalqımızın qonaqpərvərliyi, gözəl
iqlim, gözəl şərait. Bütün
bunlar turizmin inkişafı üçün əsas şərtlər
idi ki, biz bunları yaratdıq. İkinci məsələ
ondan ibarət idi ki, biz turistləri necə cəlb edək, Azərbaycanı
dünyaya necə təqdim edək. Burada
xüsusi rol oynayan Azərbaycanda keçirilmiş beynəlxalq
tədbirlər idi. Avropa Oyunları. 2015-ci
ildə keçirilmiş Avropa Oyunlarından sonra və
2016-cı ildə keçirilmiş birinci Formula 1
yarışından sonra Azərbaycana gələn turistlərin
sayı 22 faiz artdı. Yaxşı, nəyə
görə bu vaxta qədər artmırdı. Bu vaxta qədər də biz turistləri cəlb etmək
üçün səylər göstərirdik. Məhz
Avropa Oyunları, Formula 1 yarışları turistlərin
sayını 22 faiz qaldırdı. Ondan sonra -
2017-ci ildə İslam Həmrəyliyi Oyunları
keçirilmişdir. Biz gördük ki,
müsəlman ölkələrindən gələn turistlərin
sayı kəskin artdı. Bəzi ölkələrdən
3-4 dəfə. Yəni, bu Oyunların da
çox böyük təsiri oldu. 2017-ci
ildə turistlərin sayı 20 faiz artdı. Amma o 22 faizin üstündə olan rəqəmdir.
Təsəvvür edin nə qədər.
Deməli, keçən il 6 faiz artdı. Artım böyük deyil, amma artıq baza yüksəkdir.
Bu ilin yanvar ayında yenə də artır.
Təkcə Formula 1 yarışı birbaşa
ölkəmizə, ölkəmizin xidmət sektoruna təxminən
300 milyon dollara yaxın vəsaitin daxil olmasına şərait
yaratdı. Yarım milyard auditoriyası
olan bu yarış əlbəttə ki, Azərbaycan
üçün çox böyük fayda gətirir. Bu yarışlar 21 şəhərdə
keçirilir. Əgər bu yarışlar
səmərəsizdirsə, əgər bu yarışlar iqtisadi
itkilərə gətirirsə, inkişaf etmiş şəhərlərdə
bu yarışlar keçirilərdimi? Əlbəttə
ki, yox.
Biz xidmət sektorunda bundan çox böyük xeyir
götürürük. Azərbaycanı dünyada tanıtmaq
üçün bunun çox böyük əhəmiyyəti
var. Turizm ixracın bir növüdür. Mən
bir müqayisə gətirim sizin üçün.
Keçən il kənd təsərrüfatı
məhsullarının ixracından Azərbaycan turizmdən gələn
vəsaitdən daha az vəsait əldə etdi. Yəni,
turizm ixrac növüdür. Keçən il Azərbaycana turizmdən iki milyard dollar vəsait
daxil oldu. Bu vəsait vətəndaşlara, xidmət
sektoruna, vergilərə və ümumi inkişafa xidmət
göstərir. Ona görə biz
qabaqcıl ölkələrin təcrübəsini öyrənirik
və çalışırıq ki, Azərbaycanda turizm sənayesi
daha da sürətlə inkişaf etsin. Keçən il ölkəmizə 2 milyon 800 min xarici qonaq gəlmişdi.
Bu il daha çox gələcək. Bu, bizim iqtisadi inkişafımızın çox
önəmli istiqamətidir.
-Mən
istəyirəm Azərbaycan Gəncləri Gününə həsr
olunmuş respublika toplantısındakı
çıxışınıza toxunaq. Ona
görə ki, bu, sadəcə, çıxış deyildi,
bu, Azərbaycan gəncləri üçün dövlət
başçısının elan etdiyi platforma idi. Ümumiyyətlə, kadr siyasətinizdə gənclərə
verilən xüsusi önəm də diqqət mərkəzindədir.
Bütün bunları nəzərə alaraq,
Sizin gənclərlə bağlı xəttinizi təxminən
belə elan etmək olarmı ki, müstəqil dövlət
üçün sağlam, kreativ və güclü gənclik?
-Bəli,
bu forum çox möhtəşəm bir tədbir idi. Orada toplaşmış 3500 gənc öz iradəsini,
dövlətə olan sədaqətini göstərdi. Forum məndə çox böyük təəssürat
yaratdı. Yəni, mənə çox
böyük, gözəl təəssürat
bağışladı. Bir daha
gördüm ki, Azərbaycan gəncləri dövlətə,
Vətənə nə qədər sədaqətlidir, nə qədər
cəsarətlidir, nə qədər biliklidirlər. Gənclərin gələcəkdə həyatda
layiqli yerini tutmaları üçün bu gün Azərbaycanda
bütün şərait var. Gənclər üçün
imkanlar açılır, gənclər dövlət işinə
dəvət olunurlar. Mən göstəriş
vermişəm ki, Azərbaycanın müxtəlif təşkilatları,
dövlət qurumları könüllüləri işə cəlb
etsinlər. Yəni, təkcə “ASAN”da
yox, başqa qurumlarda, indi Aqrar Könüllülər Təşkilatı
yaradıldı. Hesab edirəm ki, bizim
bütün dövlət təşkilatlarında
könüllülər fəaliyyət göstərməlidirlər,
təcrübə qazanmalıdırlar və özlərini gələcəyə
hazırlamalıdırlar.
Mən
çıxışımda gənclərə öz
sözümü dedim. Dedim ki, əlbəttə, bilikli,
savadlı olmalıdırlar. Çünki hər
bir ölkənin inkişafı vətəndaşların
intellektual səviyyəsindən asılıdır, təbii sərvətlərdən
yox, hansısa başqa qaynaqlardan yox, məhz intellektual səviyyədən.
Baxın, inkişaf etmiş ölkələrin
təcrübəsinə. Onlar nəyin
hesabına inkişaf ediblər? Texnologiyaların,
innovasiyaların, biliyin, savadın. Ona
görə Azərbaycan gəncləri də mütləq
bilikli, savadlı olmalıdırlar. Eyni zamanda, mən
forumda da bunu dedim, gənclərimiz milli
ruhda tərbiyə almalıdırlar. Biz əsrlər
boyu başqa ölkələrin, imperiyaların tərkibində
yaşamışıq, ancaq öz milli mənliyimizi
qorumuşuq. Halbuki bu, çətin idi.
Nəyin hesabına? İlk
növbədə, ona görə ki, biz həmişə
milli-mənəvi dəyərlərə sadiq olmuşuq, həmişə
Azərbaycan dəyərlərini qorumuşuq. Bunu əsrlər boyu ən əlverişsiz mühitdə
qorumuşuq, bu gün də qorumalıyıq. Bunu qoruyan nəsillərdir - yaşlı nəsil, gənc
nəsil. Bu gün biz bunu qoruyuruq və Azərbaycanın
müstəqilliyinin, xalqımızın milli
maraqlarının keşiyində durmuşuq. Bax, bu gün yetişən gənclər gələcəkdə
eyni addımları atmalıdırlar. Bunu
etmək üçün onlarda milli təfəkkür, milli
düşüncə, milli ruh olmalıdır. Biz çalışırıq gəncləri bu
istiqamətə yönləndirək ki, onlar böyüyəndə
həmişə Azərbaycanın dövlət müstəqilliyinin
keşiyində dursunlar. Ona görə
hesab edirəm ki, bilik, savad, müasirlik, vətənpərvərlik,
milli ruh gənclərimizin əsas prinsipləri
olmalıdır. Mən şadam ki, Azərbaycan
gəncləri məhz bu meyarlara cavab verirlər.
-Forumda Sizin çıxışınızdan bir sitat gətirmək
istəyirəm. Mənə elə gəlir ki, bu, yeni redaksiyada təqdimat
idi: “Bəzən bizim xarici siyasətimizi
tarazlaşdırılmış siyasət kimi qələmə
verirlər. Ancaq mən hesab edirəm ki, bizim
xarici siyasətimiz milli maraqlar üzərində qurulub”.
Bu bəyanatınızı bir az
açıqlamağınızı xahiş edirəm.
-Bəli,
bu açıqlama təsadüfən verilmədi. Çünki yenə də deyirəm, bəzi xarici
mətbu orqanlarda, ekspert cəmiyyətlərində belə
bir fikir söylənilir ki, Azərbaycan
balanslaşdırılmış, tarazlaşdırılmış
siyasət aparır və elə bil ki, bu regionda balans
axtarır. Bu, belə deyil. Biz balans axtarmırıq. Biz, sadəcə
olaraq, xarici siyasətimizlə öz milli
maraqlarımızı qoruyuruq və mümkün olan riskləri
azaldırıq. Bizim xarici siyasətimiz məhz
milli maraqlar üzərində qurulub. Milli
maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu
da etməliyik və edirik. Deyə bilərəm
ki, buna müvəffəq olmuşuq.
Biz bu coğrafiyada, bu regionda yaşayırıq. Əlbəttə
ki, qonşularla əlaqələrimiz xüsusi əhəmiyyət
daşıyır, hər bir ölkə üçün.
Mən hesab edirəm ki, hər bir ölkə istəyər
ki, onun qonşuluğunda dost bir ölkə olsun. Biz son illər ərzində bütün
qonşularla, - təbii ki, Ermənistan istisna olmaqla, - dostluq
münasibətlərimizi daha da gücləndirmişik, yeni səviyyəyə
qaldırmışıq. Həm ikitərəfli
formatda, həm də bizim təşəbbüsümüzlə
qonşularla artıq üçtərəfli və hətta
dördtərəfli əməkdaşlıq formatı
mövcuddur. Onu da bildirməliyəm ki,
bunun təşəbbüskarı da Azərbaycandır.
Qonşularla yaxşı münasibətlər olmadan biz
enerji, nəqliyyat layihələrimizi icra edə bilərdikmi? Əlbəttə
ki, yox. Mən qeyd etdim ki, bu gün Azərbaycan
Avrasiyanın nəqliyyat mərkəzinə çevrilib.
Biz qonşularsız buna nail ola bilərdikmi?
Əlbəttə ki, yox. Nəinki
yaxın qonşularımızla, biz daha böyük
coğrafiyanı əhatə edən əməkdaşlıq
formatı yaradırıq. Məhz bu əməkdaşlıq
formatı imkan verir ki, biz öz nəhəng, transmilli layihələrimizi
uğurla və vaxtında icra edək. Ona
görə bu, bizim üçün strateji əhəmiyyət
daşıyan bir yanaşmadır. Mən
şadam ki, bu gün qonşularımızla bizim əlaqələrimiz
dostluq, mehriban qonşuluq, əməkdaşlıq üzərində
qurulub və bu əməkdaşlığın çox
böyük gələcəyi var.
Eyni zamanda, Azərbaycan müsəlman aləminin bir
parçasıdır. Müsəlman ölkələri ilə əlaqələr
bizim üçün xüsusi əhəmiyyət
daşıyır. Onu da bildirməliyəm
ki, beynəlxalq təşkilatlarda bizi ən çox dəstəkləyən
müsəlman ölkələridir. Azərbaycan
İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində
çox müsbət rol oynayır və bu rol yüksək
qiymətləndirilir. Bilirsiniz, müsəlman
aləmində bəzi ölkələr bir-biri ilə hələ
ki, lazımi səviyyədə, yumşaq desək, əlaqələr
qura bilməmişlər. Ancaq Azərbaycan
bu ziddiyyətlərin azaldılmasında öz rolunu
oynayır və bu rol yüksək qiymətləndirilir.
Təsadüfi deyil ki, İslam Əməkdaşlıq
Təşkilatının rəhbərləri Azərbaycanın
rolunu çox yüksək qiymətləndirirlər. Biz İslam həmrəyliyinin güclənməsinə
böyük töhfə veririk. Bakıda
İslam Həmrəyliyi Oyunlarının keçirilməsi,
sadəcə, bir idman yarışı deyildi. Bu, bütün müsəlman ölkələrinin gənclərini,
idmançılarını bir araya gətirən dostluq, həmrəylik
bayramı idi. Bu Oyunların yüksək səviyyədə
keçirilməsi əlbəttə ki, müsəlman aləmində
bizim rolumuzu daha da gücləndirdi. Ona
görə xarici siyasətimizin önəmli istiqaməti
müsəlman ölkələri ilə əməkdaşlıqla
bağlıdır.
Eyni zamanda, Azərbaycan Avropa İttifaqı ilə
sıx əlaqələr qurub. Avropa İttifaqına
üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq
haqqında sənədlər imzalanıb - Avropa
İttifaqının üçdəbir hissəsi ilə.
Keçən il Avropa Komissiyası ilə
Azərbaycan arasında Tərəfdaşlıq Prioritetləri
sənədi imzalanıb. Bu, çox ciddi sənəddir,
bir çox məsələləri əhatə edir, o cümlədən
münaqişə ilə bağlı, ölkəmizin ərazi
bütövlüyü, suverenliyi, sərhədlərimizin
toxunulmazlığı haqqında açıq-aydın dəstək
göstərilir. Bu, böyük diplomatik
uğurumuzdur. Bu, xarici siyasətimizin əsas
istiqamətləridir.
Biz Qoşulmama Hərəkatının
üzvüyük. Bir neçə il bundan əvvəl
üzv olmuşuq. Amma dərhal Qoşulmama Hərəkatı,
- BMT-dən sonra ikinci böyük təşkilatdır, -
münaqişə ilə bağlı çox ədalətli
qətnamə qəbul etmişdir. Biz
Qoşulmama Hərəkatına sədrlik edəcəyik.
Yəni, bizim beynəlxalq nüfuzumuz artır.
Biz 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik
Şurasına üzv seçilmişik. Özü
də çox çətin bir mübarizədə. On
altı turdan sonra biz buna nail ola
bilmişik. Yəni, bu, nəyi göstərir?
Onu göstərir ki, bizə inam, rəğbət
var, bizim müstəqil siyasətimizə dəstək var. Bu
gün Azərbaycan dünyada çox etibarlı tərəfdaş
kimi tanınır. Tərəfdaşlar
bilirlər ki, bizim sözümüzün imzamız qədər
qüvvəsi, dəyəri var. Ona görə hesab edirəm
ki, xarici siyasətlə bağlı aparılan işlər təqdirəlayiqdir.
Xarici siyasət daxili siyasətin məntiqi
davamıdır. Ümid edirəm ki, bundan
sonra da biz bu istiqamətdə uğurlar yolu ilə gedəcəyik.
-Elə məntiqi
davam olaraq mən Azərbaycanın daxili siyasəti barədə
də soruşmaq istəyirəm, cənab Prezident. Nəinki Qafqazda,
MDB-də, Avropada, hətta mən dünyada Azərbaycan kimi
ikinci sabit, əmin-aman bir ölkə tanımıram ki, orada
dinlər və dillər, dünyanın bütün dinləri
və dilləri normal ünsiyyətdə olsunlar. Buna necə
nail olursunuz?
-Bilirsiniz,
yəqin ki, bunun da bir çox səbəbləri var.
Xüsusilə son illər ərzində dünyada, bizim
regionumuzda, MDB məkanında, Yaxın Şərqdə,
Avropada vəziyyət gərginləşir. Biz
bunu gündəlik formatda televiziyadan başqa, kütləvi
informasiya vasitələrindən görürük, izləyirik.
Münaqişələr, qanlı toqquşmalar,
müharibələr alovlanır, milyonlarla yeni
köçkün dalğası yaranır. Ölkələr arasında ziddiyyətlər kəskinləşir,
müttəfiqlər arasında münasibətlər pozulur.
Yəni, biz dünyanın müxtəlif yerlərində
bunu görürük. Təhdidlər,
risklər artır. Bütün bu mənfi
mənzərə fonunda, əlbəttə ki, Azərbaycanın
tutduğu mövqe daha da böyük maraq doğurur,
özünə daha da böyük rəğbət
qazandırır. Çünki sabitlik
dövründə deyə bilərlər ki, elə hər yerdə
sabitlikdir. Amma bu gün, qeyd etdiyiniz kimi, Azərbaycan
bu coğrafiyada sabitlik məkanıdır. Bunun bir çox səbəbləri var, ilk növbədə,
hesab edirəm ki, bizim düzgün siyasətimiz, digər tərəfdən,
Azərbaycanda bütün xalqların, bütün
konfessiyaların bir ailə kimi yaşaması, dini-milli zəmində
heç vaxt ayrı-seçkiliyin olmaması. Bu, həm bizim siyasətimizdir, həm də ki,
xalqdan gələn bir niyyətdir, təşəbbüsdür,
sifarişdir, eyni zamanda, aparılan işlərə xalq tərəfindən
göstərilən dəstəkdir. Əsas səbəblər,
məncə, bunlardan ibarətdir.
Xalq-iqtidar birliyi hər bir ölkənin
inkişafı üçün əsas şərtdir.
Sabitliyin qorunmasının təminatçısı Azərbaycan
xalqıdır. Son prezident seçkilərində mənə
göstərilən böyük etimad dediyim sözlərin məntiqi
sübutudur. Sabitlik olmayan yerdə ölkələr
dağılır, insanlar əziyyət çəkir, fəlakətlər
baş verir. Biz bunu yaxın tarixdə görürük. Ona
görə Azərbaycanda sabitliyin möhkəmləndirilməsi
hər bir vətəndaşın işi olmalıdır, ilk
növbədə, dövlətin və hər bir vətəndaşın.
Mən çox şadam ki, bu gün Azərbaycan dünyada
sabitlik adası kimi tanınır. Bu, bizim böyük
üstünlüyümüzdür. Bu, bizə imkan verir ki, Azərbaycan
islahatlar yolu ilə uğurla getsin. Bu, bizə imkan verir ki,
öz iqtisadi imkanlarımızdan istifadə edib,
xalqımızın rifah halının
yaxşılaşmasına yönəlmiş növbəti
addımlar atılsın. Bu, bizə imkan verir ki, Azərbaycan
xalqı bundan sonra da sülh və əmin-amanlıq şəraitində
yaşasın.
-Cənab Prezident, təşəkkür edirəm.
Bizə səxavətlə vaxt ayırdınız,
suallarımıza cavab verdiniz. Bütün Azərbaycan mətbuatı
və mediası adından minnətdaram.
-Sağ olun
Respublika.-
2019.- 13 fevral.- S.1-2