Alimlərin
2018- ci il üzrə əldə etdiyi
elmi nəticələr gələcəyə nikbin
baxmağa əsas verir
Akademik Akif Əlizadə: “Dördüncü
sənaye inqilabının meydana gətirdiyi müasir
reallıqlar şəraitində biliklər
iqtisadiyyatının qurulması cəmiyyətdə, o
cümlədən elektron informasiya mühitində əvvəlki
dövrlərdən fərqli yeni sosial, demoqrafik, siyasi,
iqtisadi, psixoloji münasibətlərin meydana gəlməsinə
səbəb olmuşdur. Bu da öz növbəsində
əmək bazarının modernləşdirilməsini,
süni intellekt texnologiyalarının geniş tətbiqini, bir
sıra elektron sosial institutların yaradılmasını,
proqram sənayesinin və kosmik infrastrukturun formalaşmasını,
həmçinin informasiya təhlükəsizliyinin müasir
texnologiyalar əsasında təmin edilməsi üzrə
yeni effektiv üsullarının tətbiqini və bu sahələr
üzrə yüksəkixtisaslı peşəkar kadrların
hazırlanmasını günün başlıca tələbinə
çevirmişdir”.
Müsahibimiz Azərbaycan Milli Elmlər
Akademiyasının prezidenti, akademik Akif Əlizadədir.
– Akif müəllim, öncə müsahibəyə
razılıq verdiyinizə görə Sizə dərin təşəkkürümüzü
bildiririk. İlk növbədə zəngin və mənalı
ömür yolunuza qısaca bir nəzər salmaq
oxucularımız üçün maraqlı olardı.
– Mən ilk gənclik çağlarından
taleyimi elmə, müqəddəs elm məbədi Elmlər
Akademiyasına bağlamışam. Bu gündən
çevrilib geriyə baxarkən həyat bioqrafiyamın
bir-birindən çox da uzaq zaman məsafəsində olmayan
aşağıdakı tarixləri gözlərim önündən
gəlib keçir: 1961-ci ildə geologiya-mineralogiya elmləri
namizədi, 1969-cu ildə geologiya-mineralogiya elmləri doktoru,
1970-ci ildə Geologiya İnstitutunun direktor müavini,
1976-cı ildən bu günə kimi həmin institutun
direktoru, 1980-ci ildə AMEA-nın müxbir üzvü, 1989-cu
ildə AMEA-nın həqiqi üzvü, 1990-cı ildə AMEA
Yer Elmləri Bölməsinin akademik-katibi, 2007-ci ildə
AMEA-nın vitse-prezidenti və nəhayət, 2013-cü ildən
AMEA-nın prezidenti...
Əlbəttə, bu tarixlərdə ifadə
olunan ömür yolunun milli və ictimai miqyasda
faydalılıq əmsalını başqaları daha dəqiq
qiymətləndirə bilər. Mən isə
keçib gəldiyim ömür yoluna nəzər salarkən
yalnız bir məqamı qeyd etmək istərdim: ilk gənclik
illərindən bu günə qədər həyatımın
bütün mərhələlərində mənim fəaliyyətimi
yalnız və yalnız elmə sonsuz sevgi və sadiqlik
stimullaşdırmışdır. Hər bir kəsin fəaliyyətinin
strateji məqsədini, amalını ifadə edən bir həyat
kredosu olur. Mənim həyat kredomu isə
aşağıdakı şeir parçası daha dəqiq
ifadə edir:
Cahanda hansı sərvət təsadüf etsə
mənə,
Səcdə etməkdəyəm yalnız
elmi-ürfanə.
Fəqət budur şöhrətim, izzətim,
cənnətim mənim,
Həyatda ən böyük məqsədim mənim!
Mən Azərbaycan gəncliyinə müraciətlə
demək istəyirəm ki, yalnız elmə olan sonsuz sevgi onun
bütün ağrı-acısına dözməkdə, onun
çətin yollarında mətanətlə addımlamaqda
insana ən böyük yardımçı olur. Mən
bütün Azərbaycan gəncliyinə belə bir sevgi və
sədaqət arzulamaq istəyirəm.
– Hazırda respublikamızda elmi fəaliyyət
sahəsi özünün ən mühüm dövrlərindən
birini yaşayır. Cənab Prezident İlham Əliyev ötən
ay respublika üzrə elmi fəaliyyət sahəsində
struktur dəyişikliyi aparılması ilə bağlı Fərman
imzalamışdır. Yəqin ki, bu, elmi infrastrukturun daha
effektiv təşkili üçün mühüm imkanlar
açır.
– Heç şübhəsiz ki,
belədir. Ölkə Prezidenti cənab İlham Əliyevin Fərmanında
mərkəzi icra hakimiyyəti orqanlarının, habelə Azərbaycan
Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi
qurumların fəaliyyətində səmərəliliyi
artırmaq və onların idarə edilməsini təkmilləşdirmək
üçün müvafiq tədbirlərin həyata
keçirilməsi nəzərdə tutulur. Hesab edirik ki, fərman
respublika üzrə elmi infrastrukturun
optimallaşdırılması, onun idarə edilməsinin təkmilləşdirilməsi,
nəticədə elmin, cəmiyyətin sosial-iqtisadi
inkişafında rolunun artırılması istiqamətində
olduqca mühüm əhəmiyyətə malikdir. Elmi fəaliyyət
sahəsində köklü islahatların həyata
keçirilməsinə əlverişli şərait və
imkanlar yaradan fərman həm də AMEA qarşısında
mühüm vəzifələr müəyyənləşdirir.
Artıq hər bir elmi müəssisə, şöbə,
laboratoriya, hətta ayrı-ayrı fərdlər
qarşısında duran vəzifələrə yenidən
baxılmalıdır. Onların
araşdırdıqları problemlər və prioritetlər
biliklər cəmiyyəti quruculuğuna, müasir
dünyanın çağırışlarına, həmçinin
ölkənin sosial-iqtisadi və mədəni-mənəvi
inkişaf tendensiyalarına uyğun olaraq yenidən müəyyənləşdirilməlidir.
Yalnız bundan sonra, qarşıya qoyulan yeni vəzifələr,
prioritet elmi istiqamətlər kontekstində elmi qurumların
strukturunun təkmilləşdirilməsi və idarə edilməsinin
optimallaşdırılması istiqamətində əsaslı
tədbirlər həyata keçirilməlidir. Yəni yeni
strukturu elmin müasir prioritetləri müəyyənləşdirməlidir.
Fundamental və tətbiqi tədqiqatların səmərəliliyinin
artırılması, xüsusən innovativ tutumlu elmi
araşdırmaların genişləndirilməsi
üçün qarşıda duran digər əsas vəzifələrdən
biri də intellektual əmək resurslarından daha səmərəli
istifadə edilməsidir. Bu baxımdan elmi işçilərin
attestasiyasının və səmərəli yerləşdirilməsinin
təmin edilməsi də vacib məsələlərdəndir.
Artıq bu istiqamətdə Akademiyada fəaliyyətə
başlanılmışdır. Müvafiq komissiya
yaradılmışdır. Hazırda komissiya elmi müəssisələrdən
təkliflərin toplanılması və analizi ilə məşğuldur.
Bu proses bitdikdən sonra yekun təklif hazırlanacaqdır.
– Son zamanlar geniş müzakirə olunan məsələlərdən
biri də yüksəkixtisaslı kadrların
hazırlanması, onların attestasiyası, həmçinin
dissertasiyaların ekspertizasının təkmilləşdirilməsi
sahəsində müəyyən islahatların həyata
keçirilməsidir. Bu barədə də fikirləriniz
oxucularımız üçün olduqca maraqlı olardı.
– Çox vacib bir məsələyə
toxunursunuz. Yüksəkixtisaslı kadr
hazırlığı, onların attestasiyası, o cümlədən
dissertasiyaların müasir tələblər səviyyəsində
ekspertizası elmi fəaliyyət sahəsində olduqca vacib məsələlərdir.
Mən hesab edirəm ki, bu məsələyə kompleks
yanaşmaq lazımdır. Elmin idarə olunması ilə əlaqədar
qarşıya qoyulmuş məsələlərin böyük
bir qismi əsasən, elektron elmə aiddir. Bu
istiqamətdə kompleks tədbirlərin yüksək keyfiyyətdə
və beynəlxalq tələblərə uyğun həyata
keçirilməsi üçün “Azərbaycan
Respublikasında elektron elmin inkişafına dair Milli
Strategiya”nın və Dövlət Proqramının qəbul
olunmasını məqsədəuyğun hesab edirik.
Bundan əlavə, hesab edirik ki, qabaqcıl
ölkələrin təcrübəsindən istifadə edərək
elmi və elmi-pedaqoji kadrların attestasiyası prosesinin tələblərin
artırılması şərtilə sadələşdirilməsinə
ehtiyac vardır. Digər vacib bir məsələ
plagiatlıqla bağlı zəruri normativ-hüquqi bazanın
yaradılmasıdır. ümumiyyətlə, ölkədə
elmi tədqiqatların qeydiyyatını həyata keçirən,
statistik, analitik və elmmetrik təhlillərin
aparılmasına imkan verən vahid “İntellektual
İnformasiya Sistemi”nin yaradılması, hesab edirik ki, məqsədəuyğun
olardı.
Həmçinin, bu istiqamətdə
digər bir mühüm məsələ doktoranturaların
yaradılması, fəaliyyət qaydaları, fəaliyyətinin
nəticələrinə görə məsuliyyət tədbirlərinin
müəyyən edilməsi, ekspertiza prosesində iştirak
edən alimlərin mənəvi və hüquqi məsuliyyətlərinin
artırılması, ixtisasların nomenklaturasının və
şifrlərinin formalaşdırılması prosesinin beynəlxalq
norma və tələblərə
uyğunlaşdırılmasıdır.
– Akif müəllim, əgər
mümkündürsə, sonuncu qeyd etdiyiniz məsələ
ilə bağlı, respublika üzrə tədris olunan və
yüksəkixtisaslı kadrlar hazırlanan ixtisas və fənn
sahələri ilə bağlı nisbətən geniş məlumat
verməyinizi xahiş edərdik.
– Böyük məmnuniyyətlə.
Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi
sübut edir ki, dördüncü sənaye inqilabının
meydana gətirdiyi müasir reallıqlar şəraitində
biliklər iqtisadiyyatının qurulması cəmiyyətdə,
o cümlədən elektron informasiya mühitində əvvəlki
dövrlərdən fərqli, yeni sosial, demoqrafik, siyasi,
iqtisadi, psixoloji münasibətlərin meydana gəlməsinə
səbəb olmuşdur. Bu da öz növbəsində əmək
bazarının modernləşdirilməsini, süni intellekt
texnologiyalarının geniş tətbiqini zəruri edir. Həmçinin
bir sıra elektron sosial institutların yaradılmasını,
proqram sənayesinin və kosmik infrastrukturun
formalaşmasını, həmçinin informasiya təhlükəsizliyinin
müasir texnologiyalar əsasında təmin edilməsi də
zəruridir.
Dünyanın yeni reallıqlarına uyğun
olaraq, müasir şəraitdə elm və təhsil də
öz inkişafının əvvəlki dövrlərdən
tamamilə fərqli yeni mərhələsinə qədəm
qoymuşdur. Hazırda eimi-texnoloji potensialın cəmiyyətin
sosial-iqtisadi inkişafında rolu olduqca artmışdır. Bu
da yüksək texnologiyaların sürətli inkişafı
və tətbiqi, yeni keyfiyyətli elmi-innovativ idarəetmə
üsullarının genişlənməsi ilə
müşayiət olunur. Belə bir şəraitdə bir
sıra yeni multidissiplinar ixtisas və fənn sahələri
üzrə peşəkar kadrlara tələbatın artması
tam bir reallıqdır. Hazırda qeyd olunan yeni multidissiplinar
elmi ixtisas sahələri üzrə peşəkar kadrların
hazırlanması dünyanın inkişaf etmiş ölkələrində
beynəlxalq rəqabət qabiliyyətinin
artırılması baxımından ən mühüm amillərdən
biri hesab olunur.
Qeyd olunanlar, həmçinin
respublikamızda yüksək texnologiyaların tətbiqi şərtilə
qeyri-neft sektorunun inkişafı, müasir kənd təsərrüfatının
formalaşdırılması, bazar münasibətlərinin
modernləşdirilməsi ali təhsil sistemində tədris
olunan fənlərin, həmçinin yüksəkixtisaslı
kadrların hazırlanması üzrə elm sahələrinin
məzmunun əsaslı olaraq yeniləşdirilməsi və
müasir tələblərə cavab verən kadrların
hazırlanması zərurətini meydana
çıxarmışdır. Oxucularda aydın təsəvvür
olsun deyə bu yeni ixtisas sahələrindən bir neçəsinin
adını qeyd etmək istərdim. Proqram mühəndisliyi,
informasiya təhlükəsizliyi, linqvistik informatika, sosial
antropologiya, psixolinqvistika, hesablama kimyası, kvant fizikası,
biofizika, süni intellekt, gen mühəndisliyi, bioloji antropologiya,
paleoantropologiya, təbii dilin kompüter emalı, riyazi
iqtisadiyyat, geoinformatika, riyazi psixologiya, sosial mühəndislik,
etnobotanika, bioinformatika və s. Hesab edirik ki, qeyd olunan bu istiqamətlərdə
Azərbaycanda da peşəkar kadrların hazırlanması
artıq günün tələbidir. Məlumat
üçün bildirim ki, biz artıq bu barədə ölkə
rəhbərliyinə də müraciət etmişik.
– Hazırda Akademiyada hesabatlar
dövrüdür. Bizə məlumdur ki, akademiyanın elmi
bölmələri üzrə hesabatlar Rəyasət Heyəti
iclaslarında dinlənilmiş və geniş müzakirə
edilmişdir. Akademiyanın 2018-ci ildəki elmi və elmi-təşkilati
fəaliyyətini necə dəyərləndirirsiniz. Əldə
olunan nəticələri müasir tələblər
baxımından qənaətbəxş hesab etmək
olarmı?
– Qeyd etdiyiniz kimi, biz yanvar və
fevral aylarında müəyyən bir ardıcıllıqla
Akademiyanın elmi bölmələrinin hesabatlarını dinlədik,
geniş müzakirələr apardıq, müvafiq qərarlar
qəbul etdik. İlk növbədə onu qeyd etmək istərdim
ki, bu il biz, ilk dəfə olaraq hesabatların qəbulunda
ciddi bir dəyişikliyə, daha doğrusu, yeniliyə imza
atdıq. Qərara gəldik ki, yalnız bölmə
akademik-katiblərini deyil, həm də 2018-ci ildə bölmələr
üzrə əldə edilmiş mühüm elmi nəticələrin
müəlliflərini dinləyək. Hesab edirəm ki, bu
yanaşmamız özünü doğrultdu. Müzakirələr
prosesində məlum oldu ki, 2018-ci ildə alimlərimiz tərəfindən,
həqiqətən də əhəmiyyətli mühüm nəticələr
əldə edilmişdir. 2018-ci ildə əldə edilən nəticələr
gələcəyə nikbin baxmağa əsas verir.
Elm olduqca spesifik sahə olduğundan, əlbəttə
bu elmi nəticələrin geniş şərhi, bəlkə
də oxucularımız üçün bir az yorucu olardı.
Lakin mən onlardan ən zəruri hesab etdiyim bir neçəsini
qeyd etmək istərdim.
Məsələn, ilk növbədə fizika
elmi istiqamətində Manqan, Bismut və Tellur laylı
kristalı timsalında materiyanın yeni topoloji halının -
antiferromaqnit topoloji izolyatorun mövcudluğu isbat
edilmişdir.
Siz yaxşı bilirsiniz ki, Azərbaycanda
riyaziyyat həmişə aparıcı elm sahələrindən
biri olmuşdur. Çox sevindirici haldır ki, bu ənənələr
bu gün də davam etməkdədir. Ötən hesabat ilində
Riyaziyyat və Mexanika İnstitutunda xətti fazaya malik eksponent
sistemin Morri tip fəzalarda bazislik xassələrinin öyrənilməsi
üçün Riman sərhəd məsələsi metodu
işlənilib və bu sistemin bazislik xassələri
üçün zəruri və kafi şərtlər
alınmışdır.
Növbəti mühüm nəticə İKT
sahəsi ilə bağlıdır. Müasir qloballaşan və
virtuallaşan dünyada İKT dünyanın inkişaf
etmiş ölkələri üçün prioritet sahələrdən
birini təşkil edir. Qürur hissi ilə qeyd etmək istərdik
ki, Azrbaycanda İKT-nin inkişafı bu gün yüksək səviyyədədir.
2018-ci ildə əldə etdiyimiz uğurların bir qismi də
bilavasitə İKT sahəsinə aiddir. Belə ki, ötən
il İnformasiya Texnologiyaları İnstitutunun alimləri tərəfindən
elektron dövlət mühitində terrorizmlə əlaqəli
fəaliyyətin aşkarlanması üçün istifadəçi
şərhlərinin sentiment analizi əsasında yeni
xüsusi yanaşma təklif olunmuşdur. Hesab edirik ki,
hazırkı dövrdə, virtual mühitdə yeni sosial
münasibətlərin formalaşdığı bir şəraitdə
bu mühüm elmi nəticə böyük tətbiqi əhəmiyyətə
malikdir.
Biz dünyanın yeni elmi
çağırışlarına və ölkəmizin
sosial-iqtisadi inkişaf tendensiyalarına uyğun olaraq
Akademiyada bir sıra yeni institutlar açmışıq.
Onlardan biri də sırf multidissiplinar elmi problemlər üzrə
fəaliyyət göstərən Biofizika İnstitutudur. Yeni
yaranmasına baxmayaraq, ötən il biofizika elmi istiqamətində
çalışan alimlərimizin də nəticələri
sevindiricidir. Həmin institutda EPR spektroskopiya
metodunun istifadəsi ilə ultrabənövşəyi
şüaların təsiri altında yaranan sərbəst
radikalların rekombinasiyası fibroin zülalının quru və
hidrasiya olunmuş halında tədqiqi ilə zülalın
müxtəlif dinamik modları müəyyən edilmişdir.
Əldə olunan bu nəticənin də mühüm
tibbi-praktiki əhəmiyyəti vardır.
– Akif müəllim, Siz həm də
respublikamızın görkəmli geoloq alimlərindən
birisiniz. Qırx ildən artıq bir müddətdə
AMEA-nın Geologiya və Geofizika İnstitutuna rəhbərlik
edirsiniz. Rəhbərlik etdiyiniz İnstitut üzrə,
ümumiyyətlə yer elmləri sahəsi üzrə 2018-ci
ildə əldə edilmiş elmi nailiyyətlər barədə
danışarkən ilk növbədə nələri qeyd etmək
istərdiniz?
– Qeyd etdiyiniz kimi, Azərbaycanda geologiya elminin zəngin
və şərəfli tarixi vardır. Heç şübhəsiz,
Azərbaycanımızın bugünkü sosial-iqtisadi
inkişafının, ölkəmizin çiçəklənməsinin
əsasında bilavasitə geoloq alimlərimizin zəngin
yeraltı sərvətlərin kəşfi sahəsində
nailiyyətləri dayanır. Təqdirəlayiq haldır ki,
geologiya və geofizika sahəsində bu elmi ənənələr
bu gün də davam etməkdədir. Bunun nəticəsidir ki,
2018-ci ildə də Geologiya və Geofizika İnstitutunda bir
sıra xüsusi elmi və tətbiqi əhəmiyyətə
malik olan nəticələr əldə edilmişdir. Onlardan
bir neçəsini qeyd etmək istərdim. Birincisi,
geoloq alimlərimiz tərəfindən qeyri-klassik elastodinamika
nəzəriyyəsi əsasında geoloji mühitin
deformasiyasının müxtəlif elastiki potensiallarla modelləşdirərək
onlarda yayılan elastiki dalğaların sürətlərinin
deformasiya parametrindən analitik asılılıqları
alınmışdır. Bu, xüsusi fundamental-elmi əhəmiyyətə
malik olan bir yenilikdir. Geoloqlarımızın digər bir
uğuru İsveçrənin, Rusiyanın və qonşu
Gürcüstanın alimləri ilə birgə
apardıqları tədqiqatlardır. Alimlərimiz
beynəlxalq qrupda fəaliyyət göstərməklə
geoloji pilitələr tektonikası mövqeyindən alp
geodinamikası nəzərə alınmaqla Alp-Himalay
qırışıqlıq qurşağının Qaradəniz-Xəzər
seqmentinin müasir strukturunu və müxtəlif yaşlı
struktur-maddi komplekslərin ərazi paylanma
qanunauyğunluqlarını əks etdirən GİS-əsaslı
rəqəmsal xəritəni tərtib edilmişdir.
– Ötən il Humanitar Forumda Siz qeyd etdiniz ki,
yaşadığımız XXI əsr biologiya əsridir.
Dünyanın simasını dəyişən bir sıra nailiyyətlər
bilavasitə biologiya elmində edilən kəşflərin nəticəsidir.
Azərbaycanda biologiya elminin inkişafı müasir
dünyanın çağırışlarına nə dərəcədə
cavab verir?
– Adətən XX əsri fizika əsri
adlandırırdılar. Bu, həmin əsrdə
sivilizasiyanın simasını dəyişən hamıya məlum
fizika sahəsindəki böyük nailiyyətlərlə əlaqədardır.
Alimlər yekdiliklə güman edirlər ki, XXI əsr isə
biologiya əsri olacaq. Artıq biologiya fizikanı üstələyib.
Biologiya ilə bağlı olan elm və istehsal
sahələrində daha çox insan çalışır,
biologiya üzrə dünyada edilən kəşflərin nəticələri
möhtəşəm və fantastikdir, bioloji elmi tədqiqatların
büdcəsi bu gün başqa elm sahələrinə çəkilən
xərclərdən bir neçə dəfə
artıqdır. İqtisadi nəticələr və onların
insan rifahına təsiri baxımından biologiya get-gedə
daha çox sanbal və nüfuz əldə edir. Az bir zaman
keçəcək və canlı strukturların
avtomat-analizatorları biologiyada elə bir çevriliş edəcək
ki, bunu 300 il bundan qabaq optik mikroskop, 35-40 il bundan qabaq isə
elektron mikroskop etmişdi. Tamamilə aydındır ki, ən
perspektiv gələcəyə malik olan maşın
biologiyası dövrü, zənnimizcə, yaxındadır.
Fikirlərimə əlavə olaraq onu demək istəyirəm
ki, yüksək informasiya-kommunikasiya texnologiyaları, fərdi
kompüterlər, GPS naviqasiya və rəqəmsal smart cihazlar
bu gün artıq bizim məişətimizə daxil olaraq, adi
ev texnikasına çevrilmişdir. Tam əminliklə demək
olar ki, növbəti 50 ildə bəşəriyyət
biotexnologiyaların ev şəraitinə tətbiqinin
şahidi olacaqdır. Bunun həyata keçirilməsinə
gen mühəndisliyi, biotəbabət, molekulyar biologiya və
b. sahələrdə əldə edilmiş uğurlar imkan verəcəkdir.
Azərbaycanda biologiya və tibb elmlərinin zəngin
ənənələri olmuşdur. Bu ənənələr bu
gün də uğurla davam etdirilir. Buna misal
olaraq, ötən il Akademiyanın Molekulyar Biologiya və Biotexnologiyalar
İnstitutunda alimlərimiz tərəfindən müəyyən
bir genin tam nukleotid ardıcıllığı “Xromosom üzərində
addımlama” metodu ilə xarakterizə edilmiş və geni
amplifikasiya etməyə imkan verən spesifik Nested PZR test metodu
işlənilib hazırlanmışdır. Bundan əlavə,
həmin institutda izotropik temperatur faktorunun statistik analiz modeli
qurulmuş və onun əsasında zülal
quruluşlarının validasiya metodu işlənilib
hazırlanmışdır. Mən bu nəticələri
yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu elmi
nəticələr Azərbaycan elminin dünya səviyyəsinə
çıxarıla bilən nailiyyətləridir. Həm də
sevindirici haldır ki, bu müasir tədqiqatlar təcrübəli
alimlərimizin rəhbərliyi ilə əsasən gənc
alimlər tərəfindən həyata keçirilmişdir.
Genetik Ehtiyatlar İnstitutunun elmi
nəticələri də təqdirəlayiqdir. İnstitutda
yabanı və mədəni üzüm, nar və yemiş
genotiplərinin molekulyar markerlərlə identifikasiyası
zamanı Azərbaycanın üzüm və nar bitkilərinin
ilkin əmələgəlmə və mədəniləşdirilmə
mərkəzi olması sübut edilmiş, yemiş kolleksiyasının
isə yüksək genetik variasiyaya malik olması müəyyən
edilmişdir. İlk dəfə olaraq pambıq bitkisində
xromosom introqressiyası həyata keçirilmiş və
onların əsasında yaradılmış genotiplər
unikal germplazm kimi qeydiyyatdan keçmişdir.
– Akif müəllim, bizə yaxşı məlumdur
ki, Azərbaycanda olduqca zəngin ənənələri olan
elm sahələrindən biri kimyadır. Maraqlıdır, bu ənənələr
bu gün necə, qorunub-saxlanılırmı?
– Əlbəttə. Bu ənənələrin
saxlanılmasının nəticəsidir ki, ötən il
kimyaçılar tərəfindən bir sıra nəticələr
əldə edilmişdir. Məsələn,
nanoölçülü katalizatorların iştirakı ilə
təbii qazın hidrogen və arqon mühitində yüksək
(8500 C) temperatur pirolizi vasitəsilə nanoboruları
alınmışdır.
Kimyaçılarımızın
və bioloqlarımızın şərikli tədqiqatları
nəticəsində dərman preparatı səviyyəsində
potensiala malik Altsheymer və qlaukoma xəstəliklərin
yaranmasına və inkişafına təsir göstərən
bəzi fermentlərə qarşı yeni birləşmələr
tədqiq edilmişdir.
– Bilirik ki, ictimai və humanitar elmlər hər
bir xalqın tarixinin, mədəniyyətinin, ictimai fikir xəzinəsinin
öyrənilməsi, milli ideoloji məsələlərin həlli
baxımından xüsusi əhəmiyyətə malikdir.
Oxucularımız üçün maraqlı olardı, 2018-ci
ildə humanitar və ictimai elmlər sahəsində hansı
nəticələr əldə edilmişdir?
– Bu suala mən bir əz ətraflı cavab vermək
istərdim. Dünya ictimaiyyəti humanitar tədqiqatların
inkişafından da çox şey gözləyir. Sirr deyil
ki, elmi-texniki tərəqqi bizim ətraf aləmə
münasibətimizi köklü şəkildə dəyişmişdir.
Elmi-tədqiqatların iqtisadi məqsədəuyğunluğu,
daha aydın desək, gəlir və qazanc əldə etmək
fonunda humanitar elmlər rəqabətə dözmür. Bununla bağlı olaraq, təhsil və elmin
qarşısında çətin seçim durur: nəyə
üstünlük verməli — praktik vəzifələri yerinə
yetirməyə hazır olan dar texniki mühəndis profilli
mütəxəssislərin, yoxsa gələcəyi anlamaq,
qabaqcadan görmək və yaratmaq qabiliyyətinə malik olan
daha geniş dünyabaxışlı eruditlərin
hazırlanmasına?
Təəssüf ki, hər yerdə, xüsusən
inkişaf etmiş ölkələrdə humanitar elmlərə
hazırda bir qədər az diqqət ayrılır. Bir tərəfdən
texniki sahələrin nümayəndələri bu elmlərə
nadir hallarda müraciət etdiyindən onların tətbiq dairəsi
getdikcə daralır. Digər tərəfdən bir sıra
ölkələrdə humanitar fənlərin tədrisinə
və humanitar profilli elmi-tədqiqat işlərinə
ayrılan vəsait tədricən ixtisar olunur.
Tamamilə təbiidir ki, bugünkü
dünyanı anlamaq üçün mədəniyyət
istiqamətinə diqqət artırılmalıdır. Təbiidir ki, söhbət yüksək inkişaf
etmiş, çoxdilli, zəngin tarixə malik olan mədəniyyətdən,
öz köklərinə qayğı ilə yanaşan və
gələcəyə daha uğurlu baxan, bu günü daha dərindən
təhlil etməyə çalışan mədəniyyətdən
gedir. Bu baxımdan, dərin və hərtərəfli
biliklərə əsaslanan belə mədəniyyət
inkişafını humanitar elmlər sahəsində tədqiqat
aparmadan təmin etmək mümkün deyil.
Hər il olduğu kimi, 2018-ci ildə də
ictimai və humanitar elmlər sahəsində bir sıra nailiyyətlər
əldə edilmişdir. Bunlardan ilk növbədə Ədəbiyyat
İnstitutunda “Ədəbiyyatda Heydər Əliyev obrazı:
tarixi gerçəklikdən ideala” monoqrafiyasını qeyd etmək
istərdim. Monoqrafiyada ilk dəfə olaraq ulu
öndər Heydər Əliyevin ədəbiyyatda bədii
obrazının yaradılması məsələlərindən
söz açılmış, görkəmli sənətkarların
və yeni ədəbi nəsillərin ədəbiyyatın
müxtəlif janrlarında bu istiqamətdəki
yaradıcılıq axtarışları geniş tədqiq
və təhlil olunmuş, elmi-nəzəri ümumiləşdirmələr
aparılmışdır.
Humanitar və ictimai elmlər sahəsində
ötən ilin mühüm elmi nəticələrindən
biri kimi Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfəvilər
dövlətinə qarşı casusluq aləti kimi”
kitabının nəşrini xüsusi qeyd etmək istərdim.
Kitabda Qərb dövlətlərinin əlində Səfəvilər
dövlətinə qarşı casusluq, şantaj və
separatizm vasitəsinə çevrilmiş Qriqorian kilsəsinin
kəşfiyyat və siyasi-ideoloji fəaliyyətini tutarlı
tarixi materiallar əsasında elmi cəhətdən əsaslandırmışdır.
Alim missionerlərin tarixən Şərq ölkələrində
dini missiya adı altında siyasi fəaliyyət
apardıqlarını, agentura şəbəkəsi
üçün qeyri-millətlərin seçildiyini və əldə
olunan məlumatların Vatikana göndərildiyini diqqətə
çatdırmışdır. Kitabda tarixi faktlarla ermənilərin
Səfəvilər hakimiyyətinə qarşı casusluq etməsi
sübuta yetirilmişdir.
Ötən il tarixçi alimlərimizin də
uğurları diqqətəlayiqdir. Tarixçi
alimlərimiz tərəfindən təkzibolunmaz ilkin mənbələr
əsasında İrəvan xanlığının Azərbaycanın
ayrılmaz tərkib hissəsi olduğu sübut edilmiş,
İrəvan xanlığı əhalisinin etnik tərkibi
ilkin mənbələr əsasında
araşdırılmış və erməni müəlliflərinin
xanlığın xristian əhalisi barədə uydurma fikirləri
ifşa olunmuşdur.
İqtisadçı alimlərimizin də bir
uğurunu qeyd etmək istərdim. İqtisadiyyat İnstitutunda
alimlərimiz tərəfindən “Post-neft
iqtisadiyyatının meyarları” adlı elmi-tədqiqat
işində ilk dəfə olaraq, post-neft iqtisadiyyatına
keçidin meyarları astana göstəriciləri şəklində
ifadə olunmuşdur. Bu göstəricilər əsas
götürülməklə Azərbaycanda post-neft
iqtisadiyyatı quruculuğunun mümkün ssenariləri
hazırlanmışdır.
Ötən ildə folklorşünas alimlərimizin
multidissiplinar istiqamətli işləri də təqdirəlayiqdir.
Folklorşünas alimlərimiz tərəfindən
Azərbaycanda ilk dəfə olaraq sosial-antropoloji yanaşma əsasında
folklorun funksional strukturunun, psixoanalitik semantikasının,
İnternet mühitindəki folklor proseslərinin multidissiplinar
analizi aparılmış, bu istiqamətdə bir sıra yeni
elmi nəticələr əldə edilmişdir.
– Akif müəllim, bizə yaxşı məlumdur
ki, elm və təhsilin inteqrasiyası Sizin rəhbərliyinizlə
Akademiyada həyata keçirilən islahatların mühüm
istiqamətlərindən birini təşkil edir.
– Tamamilə doğrudur. Akademiyada elm və təhsilin
vahid sosial institut kimi formalaşması əsas vəzifələrdən
biri kimi qarşıya qoyulmuşdur. Son illər
Akademiyada kadr hazırlığı sisteminin müasir
standartlara uyğun olaraq təkmilləşdirilməsi, elmi-tədqiqat
işlərinin nəticələrinin tədris prosesində tətbiqi,
multidissiplinar biliklərin tədris olunması istiqamətində
bir çox mühüm işlər
görülmüşdür.
Yüksəkixtisaslı kadr
hazırlığı sahəsində elm və təhsilin
inteqrasiyasına daha səmərəli nail olmaq, ölkəmizin
yüksəkixtisaslı mütəxəssislərə və
elmi kadrlara artan tələbatını ödəmək məqsədilə
ölkə rəhbərliyinin dəstəyi sayəsində
AMEA-da magistratura yaradılmışdır. Dörd ildir
ki, bir çox prioritet ixtisaslar üzrə qəbul həyata
keçirilməkdədir. Artıq magistratura təhsili
Akademiyanın əsas təhsil istiqamətlərindən birini
təşkil edir. Bizdə magistratura təhsilinin əsas
özəlliklərindən biri tədqiqat istiqamətini
xüsusi olaraq nəzərə almaqdır. Magistrlərə
verilən təhsil elə istiqamətdə qurulur ki, onlar ciddi
olaraq tədqiqatçılıq vərdişlərinə yiyələnə
bilsinlər. Biz magistrlərimizi gələcəyin peşəkar
alimləri kimi görmək arzusundayıq və təhsili də
bu istiqamətdə təşkil edirik. Bax, bu cəhət
Akademik magistraturanı fərqləndirən əsas özəlliklərdəndir.
– Müasir zamanın əsas tələblərindən
biri də innovativ fəaliyyətin genişləndirilməsidir.
Bilirik ki, bu Akademiyanın son illər əldə etdiyi
uğurların bir hissəsi də bu sahə ilə
bağlıdır.
– Sualınıza cavab olaraq ilk
növbədə onu qeyd etmək istərdim ki, 2018-ci ildə
innovasiya fəaliyyəti infrastrukturunun inkişaf etdirilməsi,
o cümlədən texnoparklar, texnoloji mərkəzlər,
biznes inkubatorları şəbəkəsinin genişləndirilməsi
innovasiya sisteminin formalaşdırılmasının
mühüm istiqamətlərindən birini təşkil
etmişdir. Bu istiqamətdə də bir sıra uğurlar əldə
edilmişdir. Bu baxımdan AMEA-da elmlə
istehsalat arasında birbaşa əlaqənin yaradılması,
təcrübə və təcrübə-sənaye
miqyasında yeni texnoloji proseslərin mənimsənilməsi,
eyni zamanda neft-kimya, kimya və texniki təyinatlı məhsulların
istehsalı və satışı üzrə bir sıra
texnoparklar, təsərrüfathesablı müəssisə və
zavodlar yaradılmışdır.
Bilirsinizmi, AMEA-nın elmi müəssisələri
Respublika Prezidenti tərəfindən təsdiq olunmuş
iyirmiyə yaxın Dövlət Proqramının həyata
keçilməsində yaxından iştirak edir. Ən
müxtəlif sosial-iqtisadi və mədəni-mənəvi
sahələri əhatə edən bu Dövlət
proqramlarında respublika elmi potensialının
yaxından iştirakı olduqca təqdirəlayiqdir.
İnnovativ fəaliyyətlə bağlı
digər bir mühüm məsələni də qeyd etmək
istərdik. Azərbaycan Respublikası Prezidentinin 8 noyabr
2016-cı il tarixli Sərəncamı ilə AMEA-da Yüksək
Texnologiyalar Parkı yaradılmışdır. Elm və
biznesin qovuşduğu AMEA-nın Yüksək Texnologiyalar
Parkı yarandığı gündən Akademiyada innovasiya
ekosisteminin inkişafı istiqamətində bir çox layihələrin
uğurla həyata keçirilməsinə nail olmuşdur. AMEA
Yüksək Texnologiyalar Parkında çalışan gənc
alimlər startap müsabiqələrində fəal iştirak
edirlər. Həmin Texnoparkda bu gün fəaliyyət göstərən
6 rezident sırasında təsisçisi gənclər olan
rezidentlər də vardır.
– Akademiyada həyata keçirilən sosial siyasət
barədə də fikirlərinizi eşitmək istərdik.
– Bu gün elmi fəaliyyətlə
məşğul olan vətəndaşların, xüsusən
gənclərin mənəvi-ideoloji tərbiyəsi, təhsili,
sağlamlığı, intellektual və mənəvi
inkişafı, onların sosial problemlərinin həlli, asudə
vaxtlarının səmərəli təşkili, o cümlədən
yaradıcı və istedadlı gənclərə, gənc
ailələrə dövlət qayğısının
artırılması ölkədə diqqət mərkəzindədir.
Təqdirəlayiq haldır ki, son illər bu istiqamətlərdə
bir sıra əməli tədbirlər həyata keçirilməkdədir.
Belə tədbirlərdən biri olaraq,
Abşeron rayonunun Saray qəsəbəsində AMEA və Təhsil
Nazirliyi əməkdaşları üçün “Alimlər
şəhərciyi” (Science City) kooperativ yaşayış
kompleksinin tikintisinə başlanılmışdır. Yeddi hektarlıq ərazidə
reallaşdırılacaq bu layihə çərçivəsində
ümumulikdə 18 bloklu binanın tikilməsi və 1928 mənzilin
istifadəyə verilməsi nəzərdə tutulur. Ötən
ilin mart ayında təməli qoyulan ilk binanın
inşasının 2 ilə başa
çatdırılması planlaşdırılır.
Kompleksin inşa olunacağı ərazidə müvafiq sosial
infrastrukturun yaradılması, həmçinin ictimai iaşə,
məişət, məktəb, uşaq bağçası və
digər xidmət obyektləri üçün qeyri-yaşayış
sahələrinin də istifadəyə verilməsi nəzərdə
tutulur. Mən hesab edirəm ki, yaxın vaxtlarda güzəştli
ipoteka krediti əsasında alimlərin ixtiyarına veriləcək
bu şəhərcik sosial siyatə ən əyani bir
sübutdur.
– Azərbaycan Pespublikası Prezidentinin Sərəncamı
ilə Azərbaycan Milli Elmlər Akademiyasının
yaradıldığı 27 mart tarixi ölkəmizdə “Elm
Günü” olaraq təsis edilmişdir. Artıq həmin tarixə
bir o qədər də çox vaxt qalmır. Bilirik ki,
Akademiya, bütövlükdə respublika elmi ictimaiyyəti Elm
Gününün qeyd edilməsinə hazırlaşır.
– Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı
ilə “Elm Günü”nün təsis edilməsi
respublikamızın elmi ictimaiyyəti, o cümlədən
Akademiyanın çoxsaylı kollektivi tərəfindən
olduqca böyük sevinc və minnətdarlıq hissi ilə
qarşılanmışdır. Qeyd etmək istərdim
ki, “Elm Günü”nün təsis edilməsi son illər ərzində
Azərbaycanda elmi fəaliyyət sahəsində həyata
keçirilən dövlət siyasətinin məntiqi nəticəsidir.
Cənab Prezident İlham Əliyev milli sərvətimizin tərkib
hissəsi olan elmi potensialın qorunmasını, inkişaf
etdirilməsini dövlət siyasətinin vacib istiqamətlərindən
biri hesab edir. Azərbaycan Elmlər
Akademiyasının təsis edildiyi 27 mart tarixinin respublikada
elmi fəaliyyətlə məşğul olanların peşə
bayramı - “Elm Günü” kimi qəbul edilməsi ilə
bağlı Prezidentin Sərəncamı ilk növbədə
yuxarıda qeyd olunanların bariz nümunəsidir.
Prezidentimizin Azərbaycan elminə göstərdiyi
qayğı və verdiyi yüksək qiymət alimlərimizi
daha da ruhlandırır, onları öz intellektual
potensiallarını dövlətimiz, xalqımız
üçün daha mütəşəkkil olaraq səfərbər
etməyə sövq edir.
“Elm Günü” ilə bağlı bir məqamın
üzərində xüsusilə dayanmaq istərdim. Məlumdur
ki, dünyanın bir sıra ölkələrində müxtəlif
əlamətdar tarixlər “Elm Günü” kimi qeyd edilir. Məsələn,
on ildən artıqdır ki, YUNESKO kimi nüfuzlu beynəlxalq
qurumun bilavasitə təşəbbüsü və təşkilatçılığı
ilə 10 noyabr müasir sivil dünyada sülh və
inkişaf naminə Ümumdünya Elm Günü kimi qeyd
olunur. Dünyanın bir sıra ölkələri məhz bu
günü “Elm Günü” kimi qeyd edirlər. Bir sıra
inkişaf etmiş ölkələrdə digər təcrübələr
də vardır. Bizdə də “Elm Günü”
üçün hansı tarixin seçilməsi ilə
bağlı müxtəlif mülahizələr mövcud idi.
Uzun məsləhətləşmələrdən sonra məhz
27 mart tarixi, Azərbaycan Elmlər Akademiyasının
yarandığı tarix “Elm Günü” kimi təsis olundu. Bizə
belə gəlir ki, bu tarixin seçilməsinin olduqca
böyük əhəmiyyəti vardır.
Azərbaycan Elmlər Akademiyasının
inkişafında müstəsna xidmətləri olan
ümummilli lider Heydər Əliyev Akademiyanı “Azərbaycan
xalqının milli sərvəti” adlandırmışdır.
Belə yüksək dəyər yalnız ona görə deyil
ki, Akademiya Azərbaycanda elmi fikri formalaşdırmış və
inkişaf etdirmişdir. Bu elm məbədindən yayılan mənəvi-intellektual
enerji 70 ildən artıqdır ki, bütövlükdə Azərbaycan
milli mədəniyyətini stimullaşdırır. Müasir
Azərbaycan mədəniyyətinin, milli dövlətçilik
və azərbaycançılıq məfkurəsinin
formalaşması, ziyalı elitasının yetişdirilməsi
məhz Akademiyanın fəaliyyəti nəticəsində
mümkün olmuşdur. Bu mənada
Akademiyanın - milli elmi təfəkkür mərkəzinin
yarandığı günün, 27 mart tarixinin respublikada elmi fəaliyyətlə
məşğul olanların peşə günü - “Elm
Günü” kimi təsis edilməsi müstəsna əhəmiyyətə
malik olan mühüm bir hadisədir.
Hazırda Akademiyada Elm Günü ilə
bağlı ciddi hazırlıq prosesi gedir. Konkret Tədbirlər
Planı qəbul edilmiş, bu Tədbirlər Planı üzrə
işlərin icrasına başlanılmışdır.
Bu tədbirlərə misal olaraq,
Azərbaycan Respublikası Prezidenti yanında Elmin
İnkişaf Fondu və AMEA Rəyasət Heyətinin müxtəlif
nominasiyalar üzrə birgə müsabiqələrin keçirilməsi,
Elm Gününə həsr olunmuş elmi-populyar kitabların
müsabiqəsinin təşkil olunması, elmi əsərləri
beynəlxalq elmi bazalarda (Thomson Reuters, Web
of Science) çap olunmuş alimlər arasında müsabiqənin
keçirilməsi, 2018-ci ilin yekunlarına əsasən gənc
alimlər arasında elmi tədqiqat işlərinin (məqalə,
tezis, patent və s.) qiymətləndirilməsi istiqamətində
müsabiqənin keçirilməsi, AMEA elmi müəssisə
və təşkilatları arasında “XXI əsrin ən
səmərəli tətbiq işi” mövzusunda müsabiqənin
keçirilməsi, Bakıda və regionlarda Elm Gününə
həsr edilmiş elmi seminarların keçirilməsi və
s. qeyd edə bilərik.
– Gələcək planlarınız haqqında
da oxucularımıza məlumat verməyinizi xahiş edərdik.
– Azərbaycan elminin inkişafı naminə
bizim qarşımızda xeyli vəzifələr vardır.
Hesab edirəm ki, uğurla həyata keçirdiyimiz
islahatları bundan sonra da davam etdirməliyik. Elmi
prioritetlərin müasirləşdirilməsi, elm, təhsil,
istehsalat arasında inteqrasiyanın artırılması,
innovativ fəaliyyətin gücləndirilməsi, sosial siyasətin
artırılması, elmin maddi-texniki bazasının gücləndirilməsi
və s. istiqamətlərdə həyata keçirilməli
olduğumuz işlər hələ çoxdur. Bu tədbirlər
içərisində mən bir məsələni xüsusilə
qeyd etmək istərdim. O da Akademik Tədqiqat Universitetinin
yaradılmasıdır. Bilirsinizmi, Akademiya və ali məktəb
əlaqələri sanki birləşmiş qablar qanununa
tabedir. Onları ayırmaq üçün göstərilən
cəhd nəinki uzaqgörən deyil, bu, həm də
onların özləri və bütövlükdə ölkənin
elmi-tədris məkanı üçün risklidir. Onlar vahid
bir sistemin tərkib hissəsi olduğundan elmi strukturda da
universitetin olması olduqca zəruridir, hətta mən deyərdim
ki, günün tələbidir. Ona görə də hesab
edirik ki, sırf tədqiqatyönlü və yeni multidissiplinar
ixtisaslar üzrə fəaliyyət göstərən Tədqiqat
Universitetinin yaradılmasına olduqca ciddi ehtiyac vardır.
Bilirsinizmi, auditoriyaya girən professor ənənəvi normativ
biliklərdən daha çox, öz tədqiqatlarının
yeni nəzəri-metodoloji axtarışlarını tələbələrə
izah etməlidir. Başqa sözlə ifadə etsək, tədris
prosesi professorlarla tələbələr arasında canlı mənəvi-idraki
prosesə çevrilməlidir. Yalnız bu yolla gənclərdə
elmə, intellektual fəaliyyətə sevgi yaratmaq
mümkündür. Azərbaycan üçün gələcək
sosial-iqtisadi inkişafın əsasında dayanan gəncliyi,
peşəkar kadr potensialını yalnız bu yolla
yetişdirmək mümkündür. Məhz belə
kadrların yetişdirilməsi üçün bizim əsas məqsədlərimizdən
biri ölkə rəhbərliyinin dəstəyi əsasında
Akademiyanın Tədqiqat Universitetini reallığa çevirməkdən
ibarətdir.
– Akif müəllim, sonda arzularınızı
eşitmək istərdik.
– Mən dəfələrlə təkrar
etdiyim bir fikri bu gün yenidən səsləndirmək istərdim:
elm sərhədsizdir! İntellektual sərvət: təbiət
elmləri sahəsində böyük elmi kəşf və
ixtiralar, ictimai-humanitar elm sahələrində fundamental fəlsəfi-əxlaqi
təlimlər, nəzəri konsepsiyalar heç bir milli,
irqi, dini mənsubiyyət tanımır. Onlar bütün bəşəriyyətin
ümumi sərvətinə çevrilərək qlobal
inkişafa xidmət edirlər. Biz əminik ki,
doğma Azərbaycanımız elmdə və təhsildə
həyata keçirilən bütün tədbirlər sayəsində
müasir dünyanın çağırışlarına
müvafiq olaraq intellektual insan potensialının
inkişafı, yüksəkixtisaslı kadrların
hazırlanması sahəsində uğurlar əldə edəcək,
elm və təhsilimizin insan kapitalının
formalaşdırılması hədəflərinə daha
effektiv səfərbər edilməsinə nail olacağıq.
– Maraqlı müsahibəyə görə təşəkkür
edirik.
Müşfiq
MİRZƏ
Respublika.-
2019.- 24 fevral.- S.2.