İlk Milli Yaylaq Festivalında ikinci gün maraqlı anlarla yadda qaldı
Azərbaycanda
yaylaq və elat ənənələrinin yaşadılması
və təbliği məqsədilə iyulun 26-da
açılış mərasimi keçirilən Milli Yaylaq
Festivalının ikinci günü də maraqlı anlarla yadda
qalıb.
Gədəbəy
rayonunun ərazisində yerləşən Düzyurd-Miskinli
yaylağında, nadir konsepsiya əsasında təşkil
olunan ilk Milli Yaylaq Festivalına 16 ölkədən qatılan
minlərlə iştirakçı-turist etno-qəsəbənin
ərazisində yaşayış yurdları
(alaçıqlar), Cıdır meydanı, “Yaylaq bazarı”, “Sənətkarlıq
guşəsi”, “Dədə Qorqud ocağı” (tamaşalar
üçün səhnə), “Yaylaq yatağı”, “Pəhləvan
meydanı”, “Aşıq Ələsgər ocağı”, “Yaylaq
süfrəsi” və digər tematik sahələrlə
tanış olublar.
El
şənliyində yaradılan mədəni-etnoqrafik, milli
yaylaq (idman) oyunları və eko-etnoturizm sahələri
qonaqların diqqətini çəkib.
Festival
iştirakçıları aşıqların deyişməsini,
milli rəqsləri (yallılar, cəngilər),
tamaşaları, əski xalq oyunlarını izləyib, yaylaq
kulinariyasına aid təamlardan dadıblar. Burada tətbiqi sənət
nümunələrinin satış-sərgisi də təşkil
olunub.
Meydana
daxil olan çaparların Qarabağ atları ilə şousu
alqışlarla qarşılanıb.
Azərbaycanda
yaşayan müxtəlif etnik qrupların, eləcə də
xarici ölkə sənətçilərinin
çıxışları isə festivalın bayram
ovqatına əlavə rəng qatıb.
Festival
çərçivəsində bir tərəfdə at
yarışları, atüstü milli oyunlar, milli güləş
yarışı, çoban güləşi, zorxana, ox atma
yarışları keçirilir, digər tərəfdə
qonaqlar və turistlər arasında kütləvi
oyun-yarışları da təşkil olunur.
Qeyd
edək ki, Milli Yaylaq Festivalının təşkilində əsas
məqsəd Azərbaycan xalqının zəngin və
çoxəsrlik mədəni irsinin, yüz illərlə
formalaşmış yaylaq və elat mədəniyyətinin,
nadir mədəniyyət nümunələrinin və tarixi
abidələrinin nümayiş etdirilməsi və ərazinin
turizm potensialının üzə
çıxarılmasından ibarətdir.
İyulun
28-dək davam edəcək festival Gədəbəy Rayon
İcra Hakimiyyəti, Türk Əməkdaşlıq və
Koordinasiya Agentliyi (TİKA), “Cavadxan” Tarix və Mədəniyyət
Fondunun təşkilatçılığı, Mədəniyyət
Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət
Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı
Agentliyi, Azərbaycan Atçılıq Federasiyası və
Dünya Etnoidman Konfederasiyasının rəsmi dəstəyi
ilə keçirilir.
Respublika.-2019.- 28 iyul.- S.7.