BƏDİİ ƏDƏBİYYATA
DAİR İLK DİALEKTOLOJİ LÜĞƏT
Dilçilik
tarixindən məlumdur ki, ədəbi dilin lüğət tərkibinin
zənginləşməsində dialektizmlərin rolu
böyükdür, dildə ilk olaraq dialekt və şivələr
yaranır, cəmiyyət inkişaf etdikcə həmin sözlər
də formalaşaraq ədəbi dilə keçir. Bu səbəbdəndir ki, dildə dialekt və şivələrin tədqiqi
geniş vüsət almış, respublikamızda
bu sahə kifayət qədər araşdırılmışdır.
Dialektoloji materiallar
dilin həm tarixi fonetikasında, həm də qrammatikasının öyrənilməsində
zəngin bir bazadır. Ona görə də
dili yaxşı mənimsəmək üçün
dialekt və şivələri öyrənmək
vacib məsələlərdəndir.
Çünki dialekt və şivələrin bir qisminin mənası
ədəbi dildə müvafiq sözlərin mənasına uyğun gəlir. Deməli, dialekt və şivələr dil tarixi üçün zəngin material verir və bununla
yanaşı, onlar xalqın tarixini, keçmiş adət-ənənələrini,
etnoqrafiyasını etibarlı
mənbə canlı fakt kimi özündə
yaşadır. Məhz buna
görə də Azərbaycan dilçiliyində
dialekt və şivələr keçən
əsrin əvvəllərində
tədqiq olunmağa başlamış, ilk lüğət rüşeymləri
hazırlanmış, həmçinin
Elmlər Akademiyasının
Nəsimi adına Dilçilik İnstitutunda
Dialektologiya şöbəsi
yaranmışdır. Akademik M.Şirəliyev şöbənin ilk müdiri olmuş və bundan sonra Azərbaycan dialektologiyası geniş həcmdə tədqiq olunmağa başlamışdır.
Bu sahədə M.Şirəliyev, R.Rüstəmov,
M.Adilov, S.Behbudov, İ.Xasıyev, T.Hacıyev,
E.Əzizov, K.Quliyeva, K.İmanquliyeva və başqaları tərəfindən
bir çox araşdırmalar aparılmışdır.
Aparılan tədqiqat
işləri ilə yanaşı, toplanılan
materiallar əsasında
dialektoloji lüğətlər
də hazırlanmışdır.
Qeyd edək
ki, Azərbaycan dilçiliyində “Təfsirli
xalq lüğəti”
adlı ilk dialektoloji lüğət
Q.R.Mirzəzadə tərəfindən
1921-ci ildə tərtib
olunub. Həmin lüğət rusca-azərbaycanca
terminoloji lüğət
səviyyəsində olduğu
üçün geniş
yayılmamış, burada
beynəlmiləl terminlərin
çoxu ərəb və fars sözləri
ilə əvəzləndiyinə
görə nöqsanlı
sayılmışdır. Nöqsanlı
olmasına baxmayaraq, lüğətin Azərbaycan
leksikoqrafiya tarixində
mühüm əhəmiyyəti
vardır. Bundan sonra Azərbaycan dialekt və şivələrinin lüğətini
yaratmaq ideyası
1924-cü ilə təsadüf
edir. Bu ideya 1926-cı ildə Bakıda baş tutmuş Birinci türkoloji qurultayda bəyənilmiş, 1929-cu ildə
təsis edilmiş Dövlət Elmi-Tədqiqat
İnstitutu nəzdində
Dil, ədəbiyyat, sənaye və incəsənət şöbəsində
fəaliyyətə başlamışdır.
Həmin şöbənin
tərkibində də
lüğət komissiyası
yaradılmışdır. Dövlətin nəzarəti
altında komissiya gərgin iş şəraitində dialekt
və şivələrə
aid materiallar toplamışdır. Bununla
da lüğətin
“A” hərfinə aid hazırlanmış sözlük
latın əlifbası
ilə 1930-cu ildə,
“B” hərfinə aid hazırlanmış sözlük
isə ondan bir il sonra
- 1931-ci ildə nəşr
olunmuşdur. Lüğətin
hazırlanıb işıq
üzü görməsində
türkoloq N.İ.Aşmarinin,
A.R.Zifeldin, V.Xuluflunun,
B.Çobanzadənin, İ.Həsənovun
və Ə.Haqverdiyevin
xüsusi rolları olmuşdur. Həmin lüğətdə, qeyd
edildiyi kimi, 21 rayonun şivələrindən
materiallar toplanmışdır.
Azərbaycan dialektoloji lüğətinin
hazırlanmasına və
tərtibinə Nəsimi
adına Dilçilik İnstitutunun Dialektologiya şöbəsi tərəfindən
1958-ci ildə başlanmış,
1964-cü ildə isə
bircildlik lüğət
çap olunmuşdur.
Lüğətdə 6300 dialekt
söz verilmişdir. Həmin lüğətdəki
sözlərin sayı
sonradan artırılaraq
20 minə çatdırılmış
və 2 cilddə Ankarada çap olunmuşdur (1999-2000). Bununla
yanaşı, 2 dəfə
Azərbaycan dialektoloji
atlası nəşr olunmuşdur.
Dialekt sözlərinin
böyük bir qismi yazıçı və şairlərimizin əsərlərində öz
əksini tapmışdır:
C.Məmmədquluzadənin, C.Cabbarlının, S.Vurğunun,
S.Rəhimovun, Ə.Vəliyevin,
R.Rzanın, S.Rüstəmin,
S.Rəhmanın, S.Əhmədovun,
İ.Şıxlının və başqalarının
adlarını çəkə
bilərik.
Son vaxtlar
orta və gənc nəsil yazarların əsərlərində
də dialekt sözlərə tez-tez rast gəlirik. Belə yazarlarımızdan
Anar, Elçin, A.Abbas, Ç.Əlioğlu,
E.Əlləzoğlu, İ.Məlikzadə,
T.Hüseynov, V.Babanlı,
A.Abdulla, V.Nəsib, B.Tağızadə, Ə.Bağırov,
M.Bəkirli və digər onlarca yazıçı və şairlərimizin adlarını
çəkmək olar.
Bu və ya digər yazıçıların
əsərlərində işlənmiş
dialekt və şivə sözləri bu yaxınlarda AMEA Nəsimi adına Dilçilik İnstitutunun
Dialektologiya şöbəsinin
dosenti, filologiya elmləri üzrə fəlsəfə doktoru Kübra Quliyevanın çapdan çıxmış
288 səhifəlik “Bədii
ədəbiyyatda dialektizmlər”
(Bakı, “Elm və təhsil”, 2019) adlı lüğətində
öz əksini tapmışdır. Lüğətin
redaktoru tanınmış
Xalq şairi, Azərbaycan Yazıçılar
Birliyinin birinci katibi, Azərbaycan Respublikasının Dövlət
Mükafatı laureatı
Fikrət Qoca və dilçi alim, Dialektologiya şöbəsinin müdiri,
filologiya üzrə fəlsəfə doktoru Kifayət İmamquliyevadır.
Rəyçilər isə
professor Məhərrəm
Məmmədli, filologiya
üzrə fəlsəfə
doktorları - Gültəkin
Binnətova və Qüdsiyyə Qəmbərovadır.
Lüğətdə respublikamızın müxtəlif
bölgələrindən olan
yazarların əsərlərində
ədəbi dilimizdə
işlənməyən və
yalnız dialekt və şivələrimizdə
işlənən söz
və ifadələr verilmişdir. Burada hər bir sözün
izahı verilmiş, hər bir sözə
uyğun ifadələrin
açıqlaması da
göstərilmişdir.
Lüğətdə 2200-dən
artıq söz və ifadə vardır. Xalq şairi Fikrət Qocanın qeyd etdiyi kimi, lüğətdə
bu qədər sözün toplanması alqışalayiqdir.
Lüğətdə verilmiş dialekt materialları 1987-1992-ci illərdə
“Azərbaycan” və “Ulduz” jurnallarında dərc olunmuş bədii əsərlərdən
götürülmüşdür. Göründüyü kimi,
həmin dövr müstəqillik illərinin
əvvəllərinə təsadüf
edir.
Lüğətin müsbət cəhəti
odur ki, orada verilmiş dialekt və şivə sözlərinin
heç biri əvvəlki çap olunmuş lüğətlərdə
əksini tapmamışdır.
Bu da Kübra
Quliyevanın tərtib
etdiyi lüğətin
sonradan hazırlanacaq digər dialektoloji və izahlı lüğətlər üçün
bir mənbə olacağını söyləməyə
əsas verir.
Adıçəkilən lüğətdə verilmiş dialekt sözləri, əsasən,
“Azərbaycan” jurnalında
nəşr olunan 103,
“Ulduz” jurnalında nəşr olunan 130 yazıçı və şairin əsərlərindən
götürülmüşdür ki, bunların bəzilərinin adlarını
yuxarıda qeyd etmişik. Lüğətdə
omonim sözlər də geniş əksini tapmışdır.
Sözlər və söz birləşmələrinin
şərhi sinonimlərlə
aydınlaşdırılır. Nümunə üçün
bir neçə misal veririk:
İrəmə I - təpəlik. - Boz, kərtənkələsifət irəmələr başlandı
(E.Əlləzoğlu “Yeddi
çinar”).
İrəmə II - su çıxmayan yer. - Bəlkə bir yağış diləyəsən bizim bu dili eşiyə
çıxan irəmələrə
(V.Nəsib “Hərlənbaba”).
İrəmə III - dikdir. - Ona elə
gəldi ki, irəmədədir (E.Əlləzoğlu
“Şülləbaş Həmid”).
Çıxdanc - yararsız, vecsiz, kara gəlməyən, işə yaramayan, xeyirsiz. - Mənim bir borcum var
- dedi - bacılıqdan
çıxdanc (M.Süleymanov
“Səs”).
Girlənmək - hərlənmək, fırlanmaq,
dolanmaq, gəzmək.
- O da bunları güdürdü, daldada girlənir, tayı qoyur, xaşanı götürürdü (S.Əhmədov
“Yasaq edilmiş oyun”).
Düy vurmaq
- car çəkmək,
xəbər yaymaq. - Arvadı, uşaqları bütün kəndə düy vurmuşdular (S.Səxavət “Sanatoriya”).
Səfsəfə danışmaq - çərənləmək,
boş-boş danışmaq,
yersiz, mənasız, cəfəngiyat danışmaq.
- İndi icazə alınsa o qədər səfsəfə danışacaq
ki, gəl görəsən (F.Qoca.
“Kələfin ucu”).
Belə bir
lüğətin hazırlanması
indiki şəraitdə
dilimiz üçün
olduqca vacib idi. Çünki bu, Azərbaycan dilinin zənginliyini bir daha sübut
edir. Odur ki, tədqiqatı davam etdirməyini müəllifə məsləhət
görürəm. Lüğət
geniş oxucu kütləsi üçün
də çox maraqlıdır. Hər kəs ondan istifadə edə bilər. Bu da oxucuda söz
ehtiyatının artması
üçün gözəl
mənbədir.
Nəriman SEYİDƏLİYEV,
filologiya elmləri doktoru.