İstedadlı şair
və tərcüməçi Sabir Mustafa
Dərəçiçək mahalı İrəvan
xanlığının ən dilbər guşələrindən
biri olmuşdu.
Göz oxşayan dağlar, meşəliklər,
füsunkar təbiəti, min bir rəng açan
çiçəkləri. Dərəçiçək
mahalından söhbət düşərkən həsrət
dolu kövrəkliklə xatırladığım İrəvan
yaxınlığındakı Zəngibasar mahalının
Yuxarı Necili kəndində məktəb direktorum olmuş
gözəl şair, tərcüməçi İbrahim Xəlilovun
bir söhbətini xatırlayıram: “1957-1958-ci illərdə
professor Mehdixan Erivanski bizə İrəvan Pedaqoji
İnstitutunda Qədim Şərq tarixindən dərs deyirdi. Bir gün yay aylarında imtahandan sonra İrəvanın
təxminən 25-30 km-də yerləşən Dərəçiçəyə
getdik. Xoş bir məclisdən sonra Mehdixan müəllim
oturmuş vəziyyətdə əli ilə ətrafdakı təpələrin
üstündəki sarayları göstərib dedi: “Bunlar
babalarımın mülkləridir. Yay
aylarında gəlib burada dincəlirdik”.
Dahi sənətkar, Xalq yazıçısı İsa
Hüseynov (Muğanna) əslən bu mahaldandır. Mənim
keçmiş müəllimim, fəlsəfə elmləri
namizədi, Amerika yazıçısı İrvinq Stounun
“Yaşamaq yanğısı” romanını dilimizə
çevirmiş mərhum Fərhad Qəmbəroğlu
Əliyev də, hazırda Azərbaycan Dillər Universitetində
çalışan dos. Rəfiqə
İsayeva və tanınmış şair, tərcüməçi,
dosent Sabir Mustafa da Dərəçiçək mahalında
dünyaya göz açmışlar.
Sabir Məmməd
oğlu Mustafa 1939-cu il iyun ayının
22-də Dərəçiçək mahalının Təpəlik
kəndində anadan olmuşdur. 1948-ci ildə
deportasiyaya məruz qalan bu ailə Saatlı rayonuna
köçdükdən bir müddət sonra Qazax rayonunun
Göyçəli kəndində məskunlaşmışdır.
Orta təhsilini burada aldıqdan sonra M.F.Axundov adına
ADPXDİ-nin ingilis dili şöbəsində təhsilini davam
etdirmişdir (1959-1964). Əmək fəaliyyətinə
Zaqatala rayon Mamaqabinə kənd orta məktəbində
başlamışdır. Sonra Bakıya
köçmüş, Suraxanı qəsəbəsindəki 56
nömrəli axşam məktəbində müəllimlik
etmişdir (1967-1968).
1962-ci ildə ilk şeiri dövri mətbuatda dərc
ediləndən sonra bədii yaradıcılıqla məşğul
olmağa və ingilis ədəbiyyatını orijinaldan
dilimizə tərcümə etməyə
başlamışdır. S.Mustafa 1968-1972-ci illərdə
Azərbaycan Dövlət Nəşriyyatında redaktor-tərcüməçi,
Sularda Xilsaetmə Cəmiyyəti Respublika Şurasında
kütləvi işlər və təbliğat şöbəsinin
rəisi (1972-1978) vəzifələrində
çalışmışdır. “Yazıçı”
nəşriyyatında bədii tərcümə
redaksiyasının redaktoru olmuşdur (1978-1991). 1991-ci ildən bu günə kimi Azərbaycan Dillər
Universitetinin ingilis dilinin tərcüməsi kafedrasında
müəllim işləyir.
Sabir
Mustafayevin müxtəlif illərdə “Daha uşaq deyiləm”
(1973), “Meh əsəndə” (1980), “Hədiyyə” (1982), “Məhəbbət
ölmür” (1986), “Mən bu elin oğluyam” (1989), “Mənim
Taleyim” (1991) və bir çox şeirlər kitabının
müəllifidir. Məhəbbət, Vətən
sevgisi, yurd yanğısı, dostluq, sədaqət şairin
şeirlərinin əsas qayəsini təşkil edir. Onun son illərdə nəşr etdirdiyi “Türk
sonetləri” şeirlər kitabı ədəbi ictimaiyyət
arasında geniş əks-səda doğurdu.
Ancaq bir həqiqəti etiraf etmək lazımdır ki,
Sabir Mustafa respublikanın ədəbi mühitində daha
çox tərcüməçi kimi tanınmış,
özünü təsdiq etmişdir. Onun müxtəlif illərdə
ingilis dilindən tərcümə etdiyi Frank Baum “Öz
ölkəsinin möcüzələri” (1980), Vilyam Şekspir
“Sonetlər” (1980), “Uzaq ellər, doğma nəğmələr”
(1986), Vilyam Şekspir “Sonetlər” (1982), Vilyam Şekspir “Pyeslər”
kitabları dilimizdə işıq üzü
görmüşdür.
Uzun müddət Azərbaycan oxucusu elə bilirdi ki,
Şekspir faciələrini nəsrlə yazmışdır. Çünki
indiyə kimi ingilis dramaturqunun bu məşhur faciələri
dilimizə nəsrlə tərcümə olunmuşdu. S.Mustafa Şekspir faciələrini orijinalda olduğu
kimi nəzmlə tərcümə etdi. O, Şekspirin
beş ən məşhur faciəsini — “Hamlet”, “Otello”, “Romeo və
Culyetta”, “Kral Lir” və “Maqbet”i dilimizə şeirlə
çevirməklə bu həqiqəti aşkarladı. Mən dəfələrlə fransız ədəbiyyatına
dair yazdığım əsərlərdə S.Mustafanın tərcümələrindən
istifadə etmişəm. Məsələn “Zairə”
faciəsinin təhlilində Orosmanla Otello müqayisə
olunarkən Otello ilə Dezdemona surətləri təqdim
olunmuşdur: Otello: - Bu axşam bir söylə, yatmış
ülkərim, Dua etmisənmi? Dezdemona: - Bəli, sərvərim.
Otello: - Günahın qalıbsa, bunun üçün də.
Allah qarşısında, Tanrı önündə Dua et, tezliklə günahını yu. Dezdemona: - Sənin
fikrin nədir, nə deməkdir bu? Otello: - Di başla, dua et, durma bir an da. Cəld ol,
gözləyirəm səni bu yanda.
S.Mustafa Şekspirin sonetlərini tərcümə edib, dəfələrlə
nəşr etdirmişdi. Şekspirin məşhur 66-cı sonetindən
bəhs edən tədqiqatçılar yazırlar ki,
şairin bu sonetinin kimə aid olması orijinalda bəlli
deyildi. Ancaq T.Əyyubov bu sonetin tərcüməsində
onu dostuna aid etmişdir.
Hara baxsan rəzalət, göyə qalxıb yüksəlir.
Ancaq səni
atmağa, əziz dost, heyfim gəlir.
Şair-tərcüməçi Ənvər Rza onu
sevgilisinə aid etmişdir. Ancaq S.Mustafa onu orijinalda olduğu
kimi saxlamışdır: Ölüm istəyirəm, çarə
budur bax. Səni tək qoymağa qıymıram
ancaq.
Sabir Mustafa ilə tez-tez zəngləşib hal-əhval
tuturuq. Mən
ona zəng edən kimi dahi Səməd Vurğunun, poetik incilərindən
olan, ruhunu ovsunlayan bu iki misrası ilə salamlayıram:
Şair! nə incidir rübabın sənin,
Uçurdu
ruhumu çaldığın bu saz—
və
sonra bir- birimizdən hal-əhval tuturuq.
O isə
mənə zəng edən kimi 65 illik yubileyimə həsr
etdiyi “O, Əsgərdi” şeirinin sonuncu bəndi ilə
sözə başlayır
Biz zəngləşib söhbət edəndə, həmişə
özümüzdən asılı olmayaraq, İrəvan
xanlığı ərazisinə - Dərəçiçək
mahalına, Zəngibasar, Vedibasara eyni zamanda ədəbiyyata, tərcüməyə,
poeziyaya qayıdırıq. Bəzən söhbətimiz
uzun çəkir. Hər dəfə də
o, özünün yenicə yazdığı iki-üç
şeirini oxuyub fikrimi öyrənmək istəyir.
İnsan yaşa dolduqca, doğulub göz
açdığı yerləri daha çox xatırlayır. Öz elinə,
yurduna bağlı olan şair-tərcüməçi Sabir
Mustafa da həmçinin. Sabir Mustafa bir
çox poemaların müəllifidir. “Arazın fəryadı”,
“Məhəbbət ölmür”, “Türk ömrü”, “Ruhlar
danışır”, “Qayıdış” və s. Ancaq şairin
“Vətəndən vətənə” poemasını ayrıca
qeyd etmək lazım gəlir.
“Dərəçiçək
- qədim, gözəl Türk eli,
Türk cocuğu mən də burda doğuldum.
Kükrədikcə
dərələrin gur seli,
Zivələrdə
at oynadan oğuldum” -
deyən
Sabir Mustafa sonra da bu yerləri incəlikləri ilə təqdim
etməyə çalışır.
Koroğlu
dağında Koroğlu zəhmi
Gözəl
Altun dağda Nigar hüsnü var
Dilbər
Düz çalada bir Sona rəhmi
Güllü Dərəyurdda sədaqət, ilqar.
Dərəçiçək
mahalından kövrəkliklə danışan şair, Qərbi
Azərbaycandakı yaşı bilinməyən tarixi, azərbaycanlıların
yaşadıqları yerləri həsrətlə
xatırlayır:
Mehrim, Zəngəzurum,
Zəngibasarım.
Gözəllər gözəli qu quşu Göyçəm.
Vedim, İrəvanım, Qorçulum, Zarım.
Zümrüd
Göyçə gölüm - şərbət dolu Cəm...
Ancaq bütün bunlarla yanaşı, öz tərcümələrilə
dünyanın böyük, əvəzsiz sərvətini
xalqımıza bəxş edən Sabir Mustafanın qəlbində
böyük, bütöv bir Azərbaycan var.
Qəlbimdə
bütövdü Odlar ölkəsi,
Mən nə
xırdalandım, nə də kiçildim, -
deyən
şair:
-Ərdəbil, Borçalı, Dərbənd, İrəvan.
Azəri
türkünün dörd qitəsini,
Bütöv
Azərbaycan xəritəsini-
sözləri ilə fikrini tamamlayır.
Şairin yaracılığında “Türk sonetləri”
xüsusi yer tutur. Adətən Avropada yaranan bir çox
şairlərin sonetləri 4+4+3+3 bəndləri şəklində
yazılıb, eləcə də tərcümə
olunmuşdur. Ancaq Sabir Mustafa Şekspirin
sonetlərini 4+4+4+2 bəndləri ilə tərcümə
etmiş və özü də türk sonetlərini bu səpkidə,
bu quruluşda yazmışdır. Şairin
“Türk sonetləri” Avropa sonetlərindən fərqli olaraq əvvəlki
sonetin sonuncu misrası, növbəti sonetin ilk misrasında təkrar
təqdim olunur. Sonet
aşağıdakı misralarla bitir.
Çatıb
ləyaqətə cavan yaşında
Ləyaqət-zər
tacdır, türkün başında
İkinci
sonetisə belə başlayır:
Ləyaqət-zər
tacdır türkün başında
Bu
tacı igid tək daşımaq gərək
Sabir Mustafa dönə-dönə
çıxışlarında vurğulayır ki, tərcüməçilik
onun yaradıcılığına güclü təsir
etmişdir. Şairin yaradıcılığı, orijinal
poeziyası tərcümə etdiyi əsərlərlə
müqayisə olunduqda bu təsir açıq şəkildə
özünü büruzə verir. Məsələn,
Şekspirin bir sonetində deyilir:
Şərəf dustaq olub şərəfsizliyə.
Saflıq dərd içində göynəyir, əsir.
Kütlük əqlə gülür, yalan düzlüyə.
Gücün qollarına vurulub zəncir.
Bu bənddə
ziddiyyətlər bir-birini izləyir: şərəf - şərəfsizlik,
saflıq - göynəmək, kütlük - əql, yalan -
düzlük, güc - zəncir.
Əlbəttə,
belə misraların sayını xeyli artırmaq olar... Bu günlərdə şair Sabir Mustafanın 80
yaşı tamam olur. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı
ilə tanınmış şair Sabir Mustafa “Tərəqqi”
medalı ilə təltif olunmuşdur. Biz
istedadlı şair və tərcüməçi Sabir
Mustafanı anadan olmasının 80 illiyi münasibəti ilə
təbrik edir, ona möhkəm cansağlığı və
yaradıcılıq uğurları arzulayırıq.
Əsgər ZEYNALOV,
filologiya elmləri doktoru, professor.
Respublika.- 2019.- 3
iyul.- S.6