BƏDİİ ƏDƏBİYYATA DAİR İLK DİALEKTOLOJİ LÜĞƏT

 

 

Dilçilik tarixindən məlumdur ki, ədəbi dilin lüğət tərkibinin zənginləşməsində dialektizmlərin rolu böyükdür, dildə ilk olaraq dialekt və şivələr yaranır, cəmiyyət inkişaf etdikcə həmin sözlər də formalaşaraq ədəbi dilə keçir. Bu səbəbdəndir ki, dildə dialekt və şivələrin tədqiqi geniş vüsət almış, respublikamızda bu sahə kifayət qədər araşdırılmışdır.

Dialektoloji materiallar dilin həm tarixi fonetikasında, həm də qrammatikasının öyrənilməsində zəngin bir bazadır. Ona görə də dili yaxşı mənimsəmək üçün dialekt və şivələri öyrənmək vacib məsələlərdəndir. Çünki dialekt və şivələrin bir qisminin mənası ədəbi dildə müvafiq sözlərin mənasına uyğun gəlir. Deməli, dialekt və şivələr dil tarixi üçün zəngin material verir və bununla yanaşı, onlar xalqın tarixini, keçmiş adət-ənənələrini, etnoqrafiyasını etibarlı mənbə canlı fakt kimi özündə yaşadır. Məhz buna görə də Azərbaycan dilçiliyində dialekt və şivələr keçən əsrin əvvəllərində tədqiq olunmağa başlamış, ilk lüğət rüşeymləri hazırlanmış, həmçinin Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Dialektologiya şöbəsi yaranmışdır. Akademik M.Şirəliyev şöbənin ilk müdiri olmuş və bundan sonra Azərbaycan dialektologiyası geniş həcmdə tədqiq olunmağa başlamışdır. Bu sahədə M.Şirəliyev, R.Rüstəmov, M.Adilov, S.Behbudov, İ.Xasıyev, T.Hacıyev, E.Əzizov, K.Quliyeva, K.İmanquliyeva və başqaları tərəfindən bir çox araşdırmalar aparılmışdır. Aparılan tədqiqat işləri ilə yanaşı, toplanılan materiallar əsasında dialektoloji lüğətlər də hazırlanmışdır.

Qeyd edək ki, Azərbaycan dilçiliyində “Təfsirli xalq lüğəti” adlı ilk dialektoloji lüğət Q.R.Mirzəzadə tərəfindən 1921-ci ildə tərtib olunub. Həmin lüğət rusca-azərbaycanca terminoloji lüğət səviyyəsində olduğu üçün geniş yayılmamış, burada beynəlmiləl terminlərin çoxu ərəb və fars sözləri ilə əvəzləndiyinə görə nöqsanlı sayılmışdır. Nöqsanlı olmasına baxmayaraq, lüğətin Azərbaycan leksikoqrafiya tarixində mühüm əhəmiyyəti vardır. Bundan sonra Azərbaycan dialekt və şivələrinin lüğətini yaratmaq ideyası 1924-cü ilə təsadüf edir. Bu ideya 1926-cı ildə Bakıda baş tutmuş Birinci türkoloji qurultayda bəyənilmiş, 1929-cu ildə təsis edilmiş Dövlət Elmi-Tədqiqat İnstitutu nəzdində Dil, ədəbiyyat, sənaye və incəsənət şöbəsində fəaliyyətə başlamışdır. Həmin şöbənin tərkibində də lüğət komissiyası yaradılmışdır. Dövlətin nəzarəti altında komissiya gərgin iş şəraitində dialekt və şivələrə aid materiallar toplamışdır. Bununla da lüğətin “A” hərfinə aid hazırlanmış sözlük latın əlifbası ilə 1930-cu ildə, “B” hərfinə aid hazırlanmış sözlük isə ondan bir il sonra - 1931-ci ildə nəşr olunmuşdur. Lüğətin hazırlanıb işıq üzü görməsində türkoloq N.İ.Aşmarinin, A.R.Zifeldin, V.Xuluflunun, B.Çobanzadənin, İ.Həsənovun və Ə.Haqverdiyevin xüsusi rolları olmuşdur. Həmin lüğətdə, qeyd edildiyi kimi, 21 rayonun şivələrindən materiallar toplanmışdır.

Azərbaycan dialektoloji lüğətinin hazırlanmasına və tərtibinə Nəsimi adına Dilçilik İnstitutunun Dialektologiya şöbəsi tərəfindən 1958-ci ildə başlanmış, 1964-cü ildə isə bircildlik lüğət çap olunmuşdur. Lüğətdə 6300 dialekt söz verilmişdir. Həmin lüğətdəki sözlərin sayı sonradan artırılaraq 20 minə çatdırılmış və 2 cilddə Ankarada çap olunmuşdur (1999-2000). Bununla yanaşı, 2 dəfə Azərbaycan dialektoloji atlası nəşr olunmuşdur.

Dialekt sözlərinin böyük bir qismi yazıçı və şairlərimizin əsərlərində öz əksini tapmışdır: C.Məmmədquluzadənin, C.Cabbarlının, S.Vurğunun, S.Rəhimovun, Ə.Vəliyevin, R.Rzanın, S.Rüstəmin, S.Rəhmanın, S.Əhmədovun, İ.Şıxlının və başqalarının adlarını çəkə bilərik.

Son vaxtlar orta və gənc nəsil yazarların əsərlərində də dialekt sözlərə tez-tez rast gəlirik. Belə yazarlarımızdan Anar, Elçin, A.Abbas, Ç.Əlioğlu, E.Əlləzoğlu, İ.Məlikzadə, T.Hüseynov, V.Babanlı, A.Abdulla, V.Nəsib, B.Tağızadə, Ə.Bağırov, M.Bəkirli və digər onlarca yazıçı və şairlərimizin adlarını çəkmək olar.

Bu və ya digər yazıçıların əsərlərində işlənmiş dialekt və şivə sözləri bu yaxınlarda AMEA Nəsimi adına Dilçilik İnstitutunun Dialektologiya şöbəsinin dosenti, filologiya elmləri üzrə fəlsəfə doktoru Kübra Quliyevanın çapdan çıxmış 288 səhifəlik “Bədii ədəbiyyatda dialektizmlər” (Bakı, “Elm və təhsil”, 2019) adlı lüğətində öz əksini tapmışdır. Lüğətin redaktoru tanınmış Xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı Fikrət Qoca və dilçi alim, Dialektologiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Kifayət İmamquliyevadır. Rəyçilər isə professor Məhərrəm Məmmədli, filologiya üzrə fəlsəfə doktorları - Gültəkin Binnətova və Qüdsiyyə Qəmbərovadır.

Lüğətdə respublikamızın müxtəlif bölgələrindən olan yazarların əsərlərində ədəbi dilimizdə işlənməyən və yalnız dialekt və şivələrimizdə işlənən söz və ifadələr verilmişdir. Burada hər bir sözün izahı verilmiş, hər bir sözə uyğun ifadələrin açıqlaması da göstərilmişdir.

Lüğətdə 2200-dən artıq söz və ifadə vardır. Xalq şairi Fikrət Qocanın qeyd etdiyi kimi, lüğətdə bu qədər sözün toplanması alqışalayiqdir.

Lüğətdə verilmiş dialekt materialları 1987-1992-ci illərdə “Azərbaycan” və “Ulduz” jurnallarında dərc olunmuş bədii əsərlərdən götürülmüşdür. Göründüyü kimi, həmin dövr müstəqillik illərinin əvvəllərinə təsadüf edir.

Lüğətin müsbət cəhəti odur ki, orada verilmiş dialekt və şivə sözlərinin heç biri əvvəlki çap olunmuş lüğətlərdə əksini tapmamışdır. Bu da Kübra Quliyevanın tərtib etdiyi lüğətin sonradan hazırlanacaq digər dialektoloji və izahlı lüğətlər üçün bir mənbə olacağını söyləməyə əsas verir.

Adıçəkilən lüğətdə verilmiş dialekt sözləri, əsasən, “Azərbaycan” jurnalında nəşr olunan 103, “Ulduz” jurnalında nəşr olunan 130 yazıçı və şairin əsərlərindən götürülmüşdür ki, bunların bəzilərinin adlarını yuxarıda qeyd etmişik. Lüğətdə omonim sözlər də geniş əksini tapmışdır. Sözlər və söz birləşmələrinin şərhi sinonimlərlə aydınlaşdırılır. Nümunə üçün bir neçə misal veririk:

İrəmə I - təpəlik. - Boz, kərtənkələsifət irəmələr başlandı (E.Əlləzoğlu “Yeddi çinar”).

İrəmə II - su çıxmayan yer. - Bəlkə bir yağış diləyəsən bizim bu dili eşiyə çıxan irəmələrə (V.Nəsib “Hərlənbaba”).

İrəmə III - dikdir. - Ona elə gəldi kiirəmədədir (E.Əlləzoğlu “Şülləbaş Həmid”).

Çıxdanc - yararsız, vecsiz, kara gəlməyən, işə yaramayan, xeyirsiz. - Mənim bir borcum var - dedi - bacılıqdan çıxdanc (M.Süleymanov “Səs”).

Girlənmək - hərlənməkfırlanmaqdolanmaqgəzmək. - O da bunları güdürdü, daldada girlənir, tayı qoyur, xaşanı götürürdü (S.Əhmədov “Yasaq edilmiş oyun”).

Düy vurmaq - car çəkməkxəbər yaymaq. - Arvadı, uşaqları bütün kəndə düy vurmuşdular (S.Səxavət “Sanatoriya”).

Səfsəfə danışmaq - çərənləmək, boş-boş danışmaq, yersiz, mənasız, cəfəngiyat danışmaq. - İndi icazə alınsa o qədər səfsəfə danışacaq ki, gəl görəsən (F.Qoca. “Kələfin ucu”).

Belə bir lüğətin hazırlanması indiki şəraitdə dilimiz üçün olduqca vacib idi. Çünki bu, Azərbaycan dilinin zənginliyini bir daha sübut edir. Odur ki, tədqiqatı davam etdirməyini müəllifə məsləhət görürəm. Lüğət geniş oxucu kütləsi üçün də çox maraqlıdır. Hər kəs ondan istifadə edə bilər. Bu da oxucuda söz ehtiyatının artması üçün gözəl mənbədir.

 

Nəriman SEYİDƏLİYEV,

filologiya elmləri doktoru.

 Respublika.- 2019.- 5 iyul.- S7