ADA Universitetində Azərbaycanın diplomatik
xidmətinin 100 illiyinə
həsr edilən beynəlxalq konfrans keçirilib
İyulun 8-də ADA Universitetində Azərbaycanın
diplomatik xidmətinin
100 illiyinə həsr
edilən beynəlxalq
konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, ADA Universiteti
və Xarici İşlər Nazirliyinin
birgə təşkilatçılığı
ilə keçirilən
tədbiri Azərbaycanın
Xarici İşlər
nazirinin müavini, universitetin rektoru, səfir Hafiz Paşayev açıb. O deyib ki, Azərbaycan
Xalq Cümhuriyyəti
çətin bir tarixi yol keçib.
Həmin illərdə
diplomatlarımız ölkəmizin
tarixində müstəsna
rol oynayıblar. Müasir tariximizə baxsaq, artıq 30 ildir ki, Azərbaycan
bu diplomatiyanı həyata keçirir. Müasir diplomatiyamızı
da həyata keçirmək asan olmayıb.
Hafiz Paşayev
deyib ki, ulu öndər Heydər Əliyev ən böyük diplomatımız olaraq, ölkəmizin həyatında
müqayisəyəgəlməz rol oynayıb. Azərbaycan diplomatiyası
xeyli uğurlara imza atıb. Xarici ölkələrin Azərbaycandakı diplomatik
missiyalarının sayı
2004-cü ildə iki dəfə artıb. Bu amil ölkəmizin
beynəlxalq əlaqələrinin
göstəricisidir.
Konfransda çıxış edən Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycan diplomatiyasının
bir əsrlik inkişaf yolu, müsəlman Şərqində
ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə
yeni yaranmış respublikanın tanıdılması
istiqamətində atılmış
addımlar, Cümhuriyyətin
süqutundan sonra sovet dövründə Xarici İşlər Komissarlığının fəaliyyəti
və nəhayət, müstəqilliyini bərpa
edən müasir Azərbaycan Respublikasının
təməli ümummilli
lider Heydər Əliyev tərəfindən
qoyulmuş və hazırda Prezident İlham Əliyevin müvəffəqiyyətlə davam etdirdiyi, milli maraqlarımıza əsaslanan dinamik və fəal xarici siyasətimiz barədə danışıb.
Nazir ölkəmizin xarici siyasət prioritetlərindən bəhs
edib. Bu xüsusda, o, Ermənistan tərəfindən ölkəmizə
qarşı davam edən hərbi təcavüzü qeyd edərək, Ermənistan-Azərbaycan
münaqişəsinin həllinin
xarici siyasətimizin ən əsas prioriteti olaraq qaldığını vurğulayıb.
Konfrans çərçivəsində
keçirilən “Azərbaycanın
xarici siyasəti: XX əsrdə tarixi
inkişaf” adlı sessiyada Türkiyənin sabiq Xarici İşlər
naziri Hikmət Çətin, ABŞ-ın
Prinston Universitetinin professoru Maykl Reynolds, Azərbaycanın
AŞPA-dakı nümayəndə
heyətinin rəhbəri,
Milli Məclisin Beynəlxalq münasibətlər
və parlamentlərarası
əlaqələr komitəsinin
sədri Səməd
Seyidov və ABŞ-ın Corctaun Universitetinin professoru Brenda Şaffer Azərbaycan diplomatiyası
və bu sahədə qazanılan uğurlarla bağlı fikirlərini bildiriblər.
“Müasir Azərbaycan və xarici siyasət prioritetləri” mövzusuna
həsr edilən növbəti panel müzakirələrdə Milli
Məclisin deputatı
Musa Qasımlı, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva, Avropa Parlamentinin nümayəndəsi
Eldar Mamedov və Avropa Siyasət Mərkəzinin
nümayəndəsi Amanda
Pol çıxış
ediblər.
Respublika.- 2019.- 9
iyul.- S.4