Güclü dövlətin
müasir ordusu
.
Bakı Dövlət Universitetini
və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasını bitirən
M.Süleymanov 1979-1983-cü illərdə Əfqanıstanda hərbi
xidmətdə olub, 1992-2015-ci illərdə isə Azərbaycan
Silahlı Qüvvələri sıralarında xidmət keçib.
10 il ərzində hərbi attaşe kimi ordumuzu ölkə
xaricində təmsil edib.
1996-cı ildə Azərbaycan Ordusu
sıralarında ilk dəfə elmlər namizədi,
2004-cü ildə isə yenə Azərbaycan Ordusu
sıralarında ilk dəfə elmlər doktoru elmi dərəcəsi
almış tarixçi alimdir.
“Azərbaycan Ordusu - 1918-1920”, “Qafqaz İslam
Ordusu və Azərbaycan”, “Azərbaycan Xalq Cümhuriyyətinin
hərb tarixi” (1-ci, 2-ci cildlər), “Azərbaycan hərb tarixi.
Sovet dövrü” (1-ci, 2-ci cildlər),
“Gülüstan müqaviləsi” (1-ci, 2-ci cildlər),
“Türkmənçay müqaviləsi”, “Azərbaycanda Ali
Baş Komandanlıq institutunun Heydər Əliyev mərhələsi”,
“Ali Baş Komandanın institutu”, “Nadir Şah”, “Şah
İsmayıl Səfəvi” kitablarının müəllifidir.
2018-ci ildə onun Azərbaycan ordusunun 100 illik
dövrünü əhatə edən fundamental araşdırması
- “Azərbaycan Ordusunun tarixi” (5 cilddə) kitabı çapdan
çıxıb.
Mehman Süleymanovdan aldığımız
müsahibəni oxuculara təqdim edirik.
- Mehman müəllim, istərdim söhbətimizə
ötən ay 101-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan
Silahlı Qüvvələrinin yaranması, təşkilatlanması
və tarixi əhəmiyyəti barədə fikirlərinizlə
başlayaq...
- Əvvəlcə qeyd edim ki,
ötən əsrin ikinci onilliyinin sonlarında, imperialist
qüvvələrin dünyanı yenidən
bölüşdürmək uğrunda apardıqları
mübarizə nəticəsində yaranmış son dərəcə
gərgin beynəlxalq şəraitdə Azərbaycan Xalq
Cümhuriyyəti kimi Şərq aləmində ilk demokratik
dövlətin qurulması bütövlükdə
xalqımızın şanlı tarixinin parlaq bir səhifəsini
təşkil edir. Heç şübhəsiz ki, Azərbaycan
Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində
dövlət quruculuğu sahəsində əldə
edilmiş çox mühüm və tarixi nəticələrdən
biri məhz Cümhuriyyət ordusunun yaradılması
olmuşdur. Müasir ordumuzun sələfi kimi qəbul etdiyimiz
bu ordunun formalaşdırılması, təşkilatlandırılması
Azərbaycan xalqının dövlətçilik tarixində,
Azərbaycanın hərb tarixində yeni bir mərhələnin
başlanğıcını təşkil edir. Hər
şeydən əvvəl ona görə ki, təxminən
yüz illik fasilədən sonra xalqımız özünə
məxsus ərazilərin bir hissəsində müstəqil
dövlətçiliyini bərpa etdi və onun mühüm atributu
kimi milli ordu quruculuğunun əsası qoyuldu. Cümhuriyyət ordusunun yaradılması həm də
Azərbaycanda müstəqil nizami ordu quruculuğunun
başlanğıcını qoydu. Ən başlıcası
isə, Azərbaycan xalqının müstəqillik və qəhrəmanlıq
tarixinə son dərəcə şərəfli, bugünkü
və gələcək nəsillərin hər zaman
qürurla xatırlayacağı və istinad edə biləcəyi
bir səhifə yazıldı. Azərbaycan xalqı bir daha
sübut etdi ki, dünya tarixində dərin izlər
buraxmış qəhrəmanlıq ənənələrini
davam etdirməyə layiq və qadirdir. Odur ki, qısa müddət
ərzində, özü də zəruri bazanın
olmadığı çox mürəkkəb hərbi-siyasi-iqtisadi
şəraitdə döyüşkən bir ordunu
formalaşdırmaq mümkün oldu. Cümhuriyyət ordusu
quruculuğunun təcrübəsi və ənənələri
bu gün də öz dəyərini itirməmiş və
heç zaman da itirməyəcəkdir. Məhz buna görə
də bir əsr əvvəl əsası qoyulmuş ordunun Azərbaycanın
dövlətçilik və hərb tarixində xüsusi yeri
və əhəmiyyəti vardır.
- Azərbaycan Xalq Cümhuriyyəti
dövründə ordu quruculuğu prosesi zamanı ilk növbədə
hansı prinsiplərə, amillərə və şərtlərə
üstünlük verildiyini qeyd etmək olar?
- Hər şeydən əvvəl, milli ordu
quruculuğu milli dövlət quruculuğunun tərkib hissəsi
idi. Bu məqsədlə əsaslandırılmış
Dövlət Proqramı qəbul edilmişdi. Ordu quruculuğu
dövlətin rəhbəliyi, himayəsi və
qayğısı altında aparılırdı. Bu mənada
ordu-dövlət münasibətləri dəqiqliklə müəyyənləşdirilmişdi
və ordu siyasətdən tam kənar saxlanılırdı.
İkincisi, Azərbaycan dövlətinə,
onun müstəqilliyinə sədaqətli,
hazırlıqlı milli zabit kadrları korpusunun
formalaşdırılması ordu quruculuğunun hərəkətverici
qüvvəsi sayılırdı. Bu mənada ilk növbədə,
sözsüz ki, tam artilleriya generalı Səməd bəy
Mehmandarovla tam artilleriya generalı Əliağa
Şıxlinskinin tarixi fəaliyyəti hər zaman
xalqımız tərəfindən minnətdarlıqla
xatırlanacaqdır. Onlar ordunun təşkilatlanması və
döyüşkən bir qüvvəyə çevrilməsi
məqsədilə öz ətraflarına bu yolda əsl fədakarlıqlar
göstərmiş bir çox milli zabit və generalları
toplaya bilmişdirlər: Məmməd bəy Sulkeviç, Həbib
bəy Səlimov, Həmid bəy Qaytabaşı, Cavad bəy
Şıxlinski, Teymur bəy Novruzov, Xosrov Mirzə Qacar, Davud bəy
Yadigarov, İbrahim ağa Usubov və başqaları...
Hökümət orqanları ilə Hərbi
Nazirlik arasındakı qarşılıqlı əlaqələrin
səmərəli qurulması da mühüm amillərdən
idi. Müvafiq nazirliklər və qurumlar
çağırış işinin təşkilində, fərariliyə
qarşı mübarizədə, təchizat məsələlərinin
həllində səmərəli fəaliyyət göstərirdilər.
Çox mühüm amillərdən biri kimi,
ordunun milli-mənəvi dəyərlər əsasında
qurulmasını qeyd etmək olar. Xidmətə gələn hər
bir zabit və əsgər bilirdi ki, o, Cümhuriyyətin
müstəqilliyinin müdafiəsinə xidmət edir. Bu isə
həm də müstəqilliyin qurucusu olan Azərbaycan
xalqının milli dəyərlərinə ehtiram göstərilməsini
tələb edirdi. Rəsmi dil kimi Azərbaycan dili qəbul
edilmişdi. Hər bir qeyri-azərbaycanlı zabit
qarşısında qısa müddət ərzində milli
dilin öyrənilməsi və əsgərlərlə
yalnız Azərbaycan dilində ünsiyyət qurulması tələbi
qoyulmuşdu. Qoşunların şəxsi heyəti arasında
Azərbaycan xalqının qəhrəmanlıq tarixi təbliğ
edilir, əsgərlər hər gün milli dildə yazılmış
marşları səsləndirirdilər.
Savadsızlığın ləğvi üçün Azərbaycan
dili dərsləri təşkil edilmişdi. Ordunun hərbi
geyimlərinin milli nümunələri
yaradılmışdı və bu nümunələrin
mühüm göstəricilərindən biri də poqonlar
üzərində “Azərbaycan” sözünün yazılması
idi. Qoşunların məişət həyatı xalqın məişət
həyatına yaxınlaşdırılmışdı. Belə
ki, orduda əsasən milli yeməklərin hazırlanmasına
üstünlük verilirdi.
Nəhayət, qeyd etmək
lazımdır ki, ordu quruculuğu prosesində dünya təcrübəsinə
əsaslanılsa da, bu məqsədlə milli qanunvericilik
bazası yaradılmışdı. Parlamentin mövcud
olduğu 15 ay ərzində 10-dan artıq qanun və qərar
qəbul edilmiş və respublikadakı mövcud hərbi
şərait vaxtaşırı parlamentin müzakirəsinə
çıxarılmışdı. Bu istiqamətdə fəaliyyətin
səmərəli təşkili üçün parlamentin Hərbi
komissiyası yaradılmışdı və qanunlar bu komissiya
tərəfindən müzakirələrə
hazırlanırdı.
- Çox qısa bir müddət ərzində
formalaşmış Cümhuriyyət ordusu dövlətimizin
müdafiəsi, torpaqlarımızın
bütövlüyü uğrunda hansı nailiyyətlərə
nail ola bildi?
- Xalq Cümhuriyyətinin elan
olunduğu gündən onun silahlı müdafiəsinə
tarixi zərurət yaranmışdı. Lakin həm müstəqilliyimiz,
həm də xalqımızın mövcudluğuna yönəlmiş
təhlükənin qarşısının alınması
üçün kifayət qədər yetərli müdafiə
qüvvələri hələ yox idi. Odur ki,
hökümət qardaş Osmanlı dövlətindən hərbi
yardım istəmək məcburiyyətində qaldı. Hər
iki ölkənin hərbi qüvvələrinin bazasında
yaradılan Qafqaz İslam Ordusu 1918-ci ilin iyun-sentyabr ayları ərzində
uğurlu döyüş əməliyyatları nəticəsində
Qarabağı, Azərbaycanın digər işğal
olunmuş ərazilərini və Bakı şəhərini
erməni-daşnak qüvvələrindən azad etdi, bu
bölgələrdə hökümətin nəzarətini bərqərar
etdi.
Məlum tarixi səbəblərə
görə, Qafqaz İslam Ordusu ləğv edildikdən sonra
müstəqilliyimizin və ərazi bütövlüyümüzün
müdafiəsi bütünlüklə milli qüvvələrin
üzərinə düşdü. 1919-cu ilin yazından həmin
ilin sonuna qədər Denikin qoşunlarının hücum təhlükəsinin
qarşısının alınması üçün
Cümhuriyyət ordusu çox ciddi sınaqlarla
qarşılaşmalı oldu. Ölkənin şimal sərhədlərində
hərbi qüvvələr cəmləşdirildi, Bakı və
Abşeron yarımadasının müdafiə sistemi
yaradıldı. Eyni zamanda, erməni-daşnak təcavüzkarlığına qarşı
lazımi tədbirlər həyata keçirildi. 1919-cu ilin
avqustunda ordu qüvvələri Lənkəran istiqamətində
hərbi yürüş edərək bu bölgəni müstəqilliyə
yad qüvvələrdən təmizlədi, həmin ilin noyabr
ayında isə Zəngəzurda erməni-daşnak
qüvvələrinə qarşı uğurlu
döyüş əməliyyatı keçirildi.
Nəhayət, 1920-ci ilin Novruz bayramı
günləri Qarabağa kütləvi hücum təşkil
etmiş düşmən qüvvələrinin təcavüzünün
qarşısının alınması... Səməd bəy
Mehmandarovun və onun həmkarlarının fədakarlığı
nəticəsində bu bölgə bütünlüklə
erməni-daşnak qüvvələrindən təmizləndi
və Qarabağın Azərbaycandan qoparılmasına imkan
verilmədi. Amma çox təəssüf ki,
Cümhuriyyətin əsas hərbi qüvvələrinin
Qarabağ cəbhəsinə cəlb edilməsi, buradakı
döyüşlərdə verilən itkilərin bərpasına
vaxt qalmaması şimaldan başlanan bolşevik
işğalının qarşısının
alınmasını mümkünsüz etdi. 1920-ci ilin
aprelində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdiyi
kimi, onun ordusunun təşkilatlanmasına da son qoyuldu...
- Nəhayət, tale Azərbaycan xalqının
üzünə bir də yetmiş il sonra güldü...
- Bəli, imperiya siyasəti uzun
onilliklər ərzində xalqımızın qəlbində
yaşayan suverenlik arzusunu söndürə bilmədi. Ötən
əsrin 80-ci illərinin sonlarında başlanan milli
azadlıq hərəkatı müstəqilliyimizin bərpası
ilə başa çatdı. Milli dövlət quruculuğu
işlərinə başlanıldı. Bu sırada Azərbaycan
Silahlı Qüvvələrinin yaradılması da önəmli
yer tuturdu. Lakin təəssüf ki, o
dövrkü hakimiyyətin səriştəsizliyi
üzündən bu sahədə səmərəli işlərin
görülməsi mümkün olmadı. Bir tərəfdən
qonşu Ermənistanın ölkəmizə qarşı
apardığı işğalçılıq siyasəti,
digər tərəfdən isə ölkədə
yaranmış hakimiyyət boşluğu, anarxiya, hərc-mərclik,
özbaşınalığın hökm sürməsi və
s...
Azərbaycanda əsl ordu
quruculuğu prosesinin başlanması ulu öndər Heydər
Əliyevin adı ilə bağlıdır. 1993-cü ilin iyun
ayında xalqın təkidli tələbi ilə onun hakimiyyətə
qayıdışı həm Azərbaycan dövlətçiliyini,
həm də Azərbaycan ordusunu süqutdan xilas etdi. Həmin
il noyabrın 2-də ümummilli liderin radio və televiziya ilə
xalqa müraciəti ictimaiyyət arasında geniş rezonans
doğurdu. Daha sonra Əfqanıstan veteranları, müxtəlif
ictimai birliklərin, xalqın müxtəlif təbəqələrinin
nümayəndələri ilə görüşlər bu
işdə böyük bir canlanmaya səbəb oldu. Beləliklə,
Rusiyadan, digər MDB ölkələrindən milli zabit
kadrları respublikamıza qayıtdı. Yüzlərlə,
minlərlə vətənpərvər oğul
könüllü olaraq ordu sıralarına yazıldı.
Bu dövrdə ümummilli lider Heydər
Əliyev tərəfindən ordu quruculuğunun əsaslandırılmış
siyasəti hazırlandı. Orduya vahid və mərkəzləşdirilmiş
rəhbərlik təmin edildi, bu proses dövlət rəhbərliyinin
ciddi nəzarəti altına götürüldü,
ordudakı yararsız idarəetmə strukturları, o
cümlədən siyasi qüvvələrin nəzarəti
altında olan hərbi strukturlar ləğv edildi, xalqın
potensial gücü orduya istiqamətləndirildi. Ordunun sağlamlaşdırılması siyasəti
bütün xalq tərəfindən dəstəkləndi və
bu siyasətin nəticəsi dərhal özünü göstərməyə
başladı. Belə ki, 1994-cü il yanvar ayının əvvəllərində
Azərbaycan Ordusunun yenidən formalaşdırılan qüvvələri
Füzuli rayonu ərazisində hücuma keçərək 42
km-lik məsafədə torpaqlarımızı və Horadiz qəsəbəsi
də daxil olmaqla 22 yaşayış məntəqəsini
düşmən tapdağından azad etdi.
Atəşkəsin əldə
edilməsi ordu quruculuğunun ahəngdarlığına zəmin
yaratdı və bu prosesin səmərəliliyini daha da
artırdı. Ordunun möhkəmləndirilməsi
üçün lazımi tədbirlər görüldü.
Bu siyasətin həyata keçirilməsinin əməli
işləri də məhz Heydər Əliyevin adı ilə
bağlıdır. Ordunun maddi-texniki təminatına
diqqət artırıldı, onun beynəlxalq əlaqələri
gücləndirildi, kadr hazırlığı dünya
standartları səviyyəsinə qaldırıldı. Ulu
öndər tərəfindən Azərbaycanda milli hərbi təhsilin
mükəmməl sistemi yaradıldı, ordu daxilindəki
islahatlar dərinləşdirildi. Əslində Heydər
Əliyev yeni, müasir ordu quruculuğu prosesinin əsasını
qoydu, onun istiqamətlərini müəyyənləşdirdi.
Bu siyasətin dövlət tərəfindən fəaliyyət
proqramına çevrilməsi və xalqın dəstəyi ilə
qarşılanması Azərbaycanda yeni və güclü bir
ordunun təməlini qoydu.
Əsası ulu öndər Heydər
Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasətinin
onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Ali
Baş Komandan İlham Əliyev tərəfindən
yaradıcı şəkildə davam etdirilməsi
bugünkü güclü Azərbaycan Ordusunun
yaradılmasına gətirib çıxardı...
- Azərbaycan Silahlı Qüvvələrinin
beynəlxalq əlaqələri barədə nə demək
olar?
- Bu əlaqələrin yaranma tarixi 1990-cı
illərin ortalarına gedib çıxır. Belə ki,
1994-cü il may ayının 4-də ulu öndər Heydər
Əliyevin “Sülh Naminə Tərəfdaşlıq” Çərçivə
sənədini imzalaması ilə Azərbaycanla NATO
arasında əməkdaşlığın əsası
qoyulmuşdur. Bu əməkdaşlığın
davamı olaraq 1996-cı ildə “Planlaşdırma və
analiz prosesi Proqramı”na, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq
üzrə Əməliyyat Planı”na
qoşulmağımız ölkəmizdə ordu quruculuğu
prosesinin sürətlə təkmilləşdirilməsinə,
Silahlı Qüvvələrimizin modernləşdiril- məsinə,
müasir beynəlxalq standartlara
uyğunlaşdırılmasına təkan vermişdir. Minlərlə
hərbçimiz adıçəkilən və digər
proqramlar çərçivəsində keçirilən əməkdaşlıq
tədbirlərində yaxından iştirak etmiş, ən son
hərbi yenilikləri və döyüş texnikalarından
istifadə qaydalarını mənimsəmişlər. Yeri gəlmişkən,
1997-ci ildən etibarən ölkəmizin hərbi təhsil
müəssisələri NATO standartlarına
uyğunlaşdırılmışdır.
Azərbaycan Silahlı Qüvvələrinin
bölmələri çoxmillətli qüvvələrin tərkibində
Kosovo vilayətində, İraqda və Əfqanıstanda
keçirilən beynəlxalq sülhyaratma əməliyyatlarında
iştirak etmişdir. Öz missiyasını lazımi səviyyədə
yerinə yetirən hərbçilərimizin xidməti NATO rəhbərliyi
tərəfindən yüksək qiymətləndirilmişdir.
Son illər ərzində Silahlı Qüvvələrimizin
beynəlxalq əlaqələri kifayət qədər
genişlənmişdir. Müdafiə Nazirliyi
Avro-Atlantik strukturları ilə, ikitərəfli və
çoxtərəfləri formatda region və regiondankənar
ölkələrlə, beynəlxalq hərbi-siyasi təşkilatlar
və xarici dövlətlərin müdafiə-sənaye
kompleksləri ilə davamlı şəkildə əməkdaşlıq
edir. 30-dan artıq ölkə ilə hərbi əməkdaşlıq
sahəsində hökümətlərarası və
qurumlararası yeni hüquq-müqavilə sənədləri
imzalanmış, bəzi ölkələrlə isə
oxşar müqavilə sənədlərinin imzalanmasına
dair müzakirələr aparılır. Bir sıra xarici
ölkələrlə uğurlu ikitərəfli əməkdaşlıq
qurulmuşdur. Onların arasında Türkiyə Cümhuriyyət
xüsusi yet tutur.
- Təqdirəlayiq bir hal kimi, Silahlı
Qüvvələrimizin yerli istehsal olan döyüş
silahları ilə təmin edilməsi istiqamətində
görülən işlərdən danışmaq da yerinə
düşərdi...
- Müharibə şəraitində yaşayan
ölkənin öz müdafiə potensialını gücləndirməsi
təbii və zəruri bir prosesdir. Bu məsələ daim
dövlətimizin diqqət mərkəzindədir. Ordumuzun
xaricdən alınan müasir, modern silah və texnika ilə təmin
olunması nə qədər vacibdirsə, bu istiqamətdə
yerli istehsalın təşkili də o qədər əhəmiyyətlidir.
Fəxrlə deyə bilərik ki, bu gün silah
arsenalımız həm də ölkə istehsalı olan ən
müasir silah və texnikalarla zənginləşdirilməkdədir.
Bu məqsədlə hələ 2006-cı ilin sonlarında
yaradılan müdafiə sənayesi qısa müddət ərzində
sürətli inkişaf yolu keçmiş, silah və texnika
istehsalı sahəsində ən son texnologiyalar mənimsənilmişdir.
Hazırda Müdafiə Sənayesi Nazirliyinin 20-dən artıq
müəssisəsində 1200-dən çox hərbi təyinatlı
məhsul istehsal edilir. Ordumuzun ehtiyacının mühüm
bir qismi məhz bu məhsullar hesabına ödənilir.
Sevindirici haldır ki, Azərbaycan hazırda həm
də silah və hərbi təyinatlı məhsul ixrac edən
ölkəyə çevrilmişdir. Müdafiə sənayemizin
məhsulları respublikamızda keçirilən ADEX-2014,
ADEX-2016, ADEX-2018 sərgilərində müntəzəm
nümayiş etdirilmişdir. Eyni zamanda, bu silahlara xarici
ölkələrdə keçirilmiş sərgi-yarmarkalarda
da geniş maraq göstərilir.
Yeri gəlmişkən qeyd edək ki,
Silahlı Qüvvələrimizin ildönümü ərəfəsində
Müdafiə Sənayesi Nazirliyi Moskvada RF Müdafiə
Nazirliyinin təşkilatçılığı ilə
keçirilən “ARMY-2019” Beynəlxalq Hərbi-Texniki Forumunda
iştirak etdi. Dünyanın ən böyük silah və hərbi
texnika sərgilərindən birinə çevrilən bu
forumda ölkəmiz ilk dəfə stendlə təmsil olunaraq
hərbi məhsullarını nümayiş etdirdi. Bu məhsullar
əsasən ixracyönümlü məhsullardır. Onu da nəzərə
çatdıraq ki, “ARMY-2019” sərgisi Müdafiə Sənayesi
Nazirliyinin son iki ayda stendlə təmsil olunduğu
üçüncü beynəlxalq sərgi idi. Bu ilin aprel-may
aylarında Müdafiə Sənayesi Nazirliyi Türkiyədə
“İDEF-2019” və Belarusda “MİLFX-2019” sərgisində hərbi
təyinatlı məhsullarını nümayiş etdirib.
- Mehman müəllim, Silahlı Qüvvələrimizin
bugünkü döyüş hazırlığı səviyyəsini
necə qiymətləndirərdiniz?
- Tam əminlikə demək olar
ki, bu gün Azərbaycan Ordusu özünün şərəfli
tarixini, əsl yüksəliş dövrünü
yaşayır. Ölkəmiz hərtərəfli inkişaf
etmiş güclü dövlət olduğu kimi, güclü də
ordu yarada bilmişdir. Silahli Qüvvələrimizin
maddi-texniki bazası tamamilə yenilənmiş, ən
müasir silah və texnika ilə təchiz olunmuş və bu
proses hazırda da davam etməkdədir. Müdafiə
Nazirliyinin döyüş hazırlığı planına
uyğun olaraq keçirilən hərbi təlimlər ordunun
şəxsi heyətinin müasir döyüşlərin ən
mürəkkəb tapşırıqlarını yüksək
səviyyədə yerinə yetirməyə qadir olduğunu
nümayiş etdirir, ordunun döyüş qabiliyyətini və
peşəkarlığını artırır, yeni silah
sistemlərindən və döyüş texnikasından
istifadə bacarığını daha da təkmilləşdirir.
Azərbaycan Prezidenti İlham
Əliyevin rəhbərliyi altında ulu öndər Heydər
Əliyev tərəfindən əsası qoyulmuş ordu
quruculuğu siyasətinə yaradıcı
yanaşılmasının və bu prosesin dövlətin
iqtisadi imkanları ilə düzgün
uzlaşdırılmasının nəticəsidir ki,
hazırda Azərbaycan Ordusu dünyanın ən
güclü orduları sırasındadır. Bunu beynəlxalq
ekspertlər də təsdiq edirlər. Cənab İlham
Əliyevin prezidentliyi dövründə hərbi büdcəmiz
15 dəfədən çox artmışdır. Milli ənənələrə dayanmaqla dünya təcrübəsinin
öyrənilməsi, NATO kimi hərbi-siyasi qurumla, eləcə
də bir sıra digər ölkələrlə hərbi sahədə
əməkdaşlığın uğurla davam etdirilməsi
ordumuzun gücünü və təcrübəsini daha da
artırmışdır. Heç də təsadüfi
deyil ki, 2016-cı ilin aprelində erməni hərbi qüvvələrinin
təxribatlarına cavab verərkən Azərbaycan Ordusunun
hissə və bölmələri çox mühüm qələbə
əldə etdilər. 2018-ci ilin mayında bu uğurlar davam
etdirilərək Naxçıvan Muxtar Respublikasının
düşmən nəzarətində olan 11 min hektar torpaq sahəsi
işğaldan təmizləndi.
Bu uğurlar əslində, Azərbaycan
Ordusunun böyük uğurlarının
başlanğıcıdır. İndi kimsədə
şübhə yoxdur ki, Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
cənab İlham Əliyevin rəhbərliyi altında
inkişafının zirvəsində olan Azərbaycan Ordusu
ölkəmizin işğal altında olan bütün ərazilərini
azad etməyə qadirdir.
- Hazırda islahatlar dövrünü
yaşayan ölkəmizdə həyatın bütün sahələrində
mühüm dəyişikliklər baş verməkdədir. Bu
islahatlar yəqin ki, Silahlı Qüvvələrimizdən də
yan keçmir...
- Bəli, ordumuzda davam edən islahatlar artıq
yekunlaşmaq üzrədir. Əldə edilən nəticələr
həm Azərbaycan xalqı, həm də Prezident, Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən
yüksək qiymətləndirilir. Müdafiə naziri,
general-polkovnik Zakir Həsənovun bəyan etdiyi kimi, Azərbaycan
ordusu yeni, müasir silahlarla artıq tam şəkildə təmin
edilib. 2019-cu ildə aparılan islahatların əsas istiqamətlərindən
biri, ordunun idarə olunmasının təkmilləşdirilməsidir.
Bu sahədə qarşıya qoyulan mühüm vəzifə
bütün hissə və birləşmələrin fasiləsiz,
məxfi, operativ şəkildə idarə olunmasını təmin
etməkdir. Məqsədə nail olunması üçün ən
müasir texnika bu işlərə cəlb edilir, müasir
komanda-idarəetmə sistemi qurulur. İndi ordunun hərbi hissələri
“onlayn” qaydada idarə edilir. Artıq tabor səviyyəsinə
qədər olan bölmələrdə “onlayn” idarəetmə
tətbiqinə nail olunmuşdur. Azərbaycan Ordusu
aparıcı dövlətlərin təcrübəsindən
və texnikasından istifadə edərək bu məsələnin
böyük ölçüdə həllini təmin edib.
Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab
İlham Əliyev dəfələrlə bəyan etmişdir
ki, biz ordunun inkişafı üçün lazım olan
işləri bundan sonra da davam etdirəcəyik.
Müsahibəni apardı:
Səfər MAHMUDZADƏ,
Respublika2019.-
28 iyul.- S.6