Atatürk, Nərimanov və Türk Qurtuluş Savaşı

 

Nəriman Nərimanovu Türkiyədə çoxları tanımır, haqqında da heç bir məlumatları yoxdur. Bu mövzu ilə bir az bağlılığı olanlar isə, onu qardaş Azərbaycanın ilk kommunist rəhbəri kimi şifahi eşitdikləri uydurma söz-söhbət əsasında tanıyırlar. Gerçək isə bu uydurma fikirlərdən çox fərqlidir. Sovetlər Birliyinin Lenindən sonra ikinci dövlət başçısı Stalin tərəfindən Türk, Türkçü olduğu üçün həyatının son günlərinə qədər təqib edilən, Türkiyədə isə kommunist olduğu üçün adının çəkilməsi belə yasaqlanan Nərimanov və onun kimi düşünən insanlar hər iki tərəfdən arzuolunmazlar siyahısında idilər. Halbuki, onlar bizim yəni Türklərin son dönəm tarixində önəmli şəxsiyyətlər kimi yer alıblar və türk milləti adına çox mühüm və əhəmiyyətli işlərə imza atıblar. Bu şəxsiyyətlərdən biri də heç şübhə yoxdur ki, Azərbaycan Sovet Sosialist Respublikasının ilk dövlət başçısı olan Nəriman Nərimanovdur.

 

 

Nərimanov Bakıda, Azərbaycan Sovet Sosialist Respublikasının rəhbəri təyin olunana qədər müəllimlik edir, yazıçı kimi müxtəlif qəzetlərdə, bilavasitə, 1917-ci ildən etibarən baş yazarı olduğu “Hümmət” qəzetində yazdığı məqalələrlə və çap etdirdiyi kitabları ilə Azərbaycan ictimai fikrində önəmli simalardan biri kimi tanınırdı. Ağalığa, despotizmə və zülmə qarşı Azərbaycan demokratlarının apardığı mübarizədə ön sıralarda yer alan, Azərbaycan Sosial Demokratlarının-sosialistlərinin yürütdüyü mücadilənin liderlərindən biri idi.

Çarizmə qarşı yürüdülən mücadilə sırasında, müxtəlif tarixlərdə təqibə məruz qalmış, cəza almış, Həştərxana sürgünə göndərilmişdir. Türkiyə Türkləri ilə ilk dəfə Həştərxanda sürgündə olduğu illərdə tanış olmuşdur. Birinci Dünya Müharibəsində ruslara əsir düşən və Həştərxana göndərilən türk zabitləri ilə orada qarşılaşmış və onlardan aldığı məlumatlarla Türkiyə və türklərin vəziyyətindən xəbər tutmuş Qurtuluş Savaşı müddətində çətin durumda olan Türkiyə türklərinə əlindən gəldiyindən də daha artığını yaparaq, yardım etməyə çalışmışdır. Buradan Azərbaycana döndükdən sonra Bolşevik partiyasına üzv olan Nərimanov partiyanın mətbu orqanı olan “Hümmət” qəzetinin baş redaktoru olmuş və 1917-ci il oktyabr inqilabına qədər bu vəzifədə qalmış və Çar Rusiyası ilə mücadiləsinə davam etmişdir.

Mustafa Kamal Paşa ilə Nəriman Nərimanov heç vaxt qarşılaşmasalar da çox yaxşı münasibətlərə malik idilər. Bu dostluq müxtəlif tarixlərdəki yazışma və məktublardakı söhbət, qarşılıqlı, ortaq fikirlər əsasında yaranmışdı. Bu iki liderin dostluğu Mustafa Kamal Paşanın Qurtuluş Savaşına apardığı illərdə də davam edir. 1920-ci ilin avqust ayında Mustafa Kamal Paşa, Azərbaycana ünlü yazar Memduh Şevket Esendağı səfir göndərir. Tam bir il sonra Azərbaycanla qurulan dostluq əlaqələri müsbət nəticələr verir. Azərbaycan Ankarada səfirlik açmaq haqqında qərar qəbul edir. İlk səfir İbrahim Əbilovun dəvətilə səfirliyin açılışında iştirak edən Mustafa Kamal Paşa Azərbaycan bayrağını öz əlləriylə göylərə qaldırır və çıxışında deyir: “Milli hüdudlarımız içində azad və müstəqil yaşamaq istəyirik. Millətimiz bu istəyimizin qardaş Azərbaycan xalqı və hökuməti tərəfindən dəstəkləndiyi üçün böyük qürur hissi duyur. Türkiyə və Anadolu türkləri azərbaycanlı qardaşlarının onlara bəslədikləri xoş və gözəl duyğulara böyük dəyər verirlər. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı”.

Mustafa Kamalın bu çıxışı Çar Rusiyasında 1917-ci il oktyabr inqilabının qələbəsindən sonra 1920-ci ildə Azərbaycanda Sovet rejiminin qurulduğu bir vaxta təsadüf edirdi. Nəriman Nərimanov Lenin tərəfindən Azərbaycan Sovet Sosialist Respublikasına dövlət başçısı təyin edilmişdi.

Anadoluda davam edən Qurtuluş savaşının zəfərlə başa çatması üçün lazım olan maddi və mənəvi dəstəyin alına biləcəyi ölkələrin başında Sovetlər Birliyi dövləti vardı. Mustafa Kamal təbii ki, imperializmin, xüsusən də Qərbin böyük güclərinin düşməni olan Sovetlər Birliyindən imperializmə qarşı savaşmaq üçün dəstək və yardım istəyir. Buna görə, Yusuf Kamal bəy, İbrahim Tali bəy, Osman Nuru bəy və hərbi qubernator Seyfi Bəydən ibarət nümayəndə heyətini Moskvaya göndərir. Bu heyət Moskvada hakimiyyəti təmsil edən heç kimsə ilə görüşmədən geri dönmək məcburiyyətində qalır.

Türkiyə Böyük Millət Məclisi 1921-ci ilin fevral ayında Ali Fuat Cebesoy, Yusuf Kamal və Dr. Riza Nurdan ibarət bir heyətin əvvəlcə Bakıda olmasına, oradan Moskvaya getməsinə qərar verir. Bu heyət Bakıda Şura hökumətinin başçısı Nəriman Nərimanov tərəfindən qarşılanır. Nərimanov hələ 1915-ci ildə Leninin elan etdiyi qanunlara görə qurulacaq Bolşevik dövlətin çar hakimiyyətinin xalqlar həbsxanasına çevirdiyi Rusiyanın qapılarını açacağına, xalqların öz müqəddəratını özlərinin təyin haqqına sadiq qalacağına, xalqlara azadlıq verərək bütün Şərq xalqlarını imperializmin zəncirlərindən qurtaracağına inanırdı. Məhz bu illərdə kapitalist və imperialist təmsilçiləri dövlətlər işğal etdikləri Türkiyəni öz müstəmləkələrinə çevirmək üçün çalışırdılar. Türkiyədə başda Mustafa Kamal Paşa olmaqla bir qrup vətənsevər işğala son qoymaq üçün Qərb dövlətlərinə qarşı cəbhə açmış, ölkələrini və azadlıqlarını qorumaq və qurtarmaq üçün imperialistlərlə savaşırdılar. Bu vətənsevərlərə yardım etmək və düşmənləri olan imperializmlə savaşan bir xalqa dəstək vermək Nərimanovun inandığı prinsiplər və qanunlar baxımından son dərəcə gərəkli və önəmliydi.

Nərimanov Anadoluda imperializmə qarşı savaşan xalqın özü kimi Türk olduğunun fərqindəydi. Onlara yardım etməyi prioritet olaraq düşünür və qardaşlarının azad və müstəqil yaşamasına dəstək vermək istəyirdi. Onun bu duyğu və düşüncədə olduğunu Moskvaya gedəcək TBMM heyətini öncə Bakıya özü ilə görüşə dəvət etməsi də təsdiq edir. Dr. Riza Nur, xatirələrində bir görüş sırasında “... Bolşoviklik nədir? Bu rəzalət bizə yaraşmaz. Biz Türkük. Millətimizin ürf, adət və ənənələri ilə yaşayırıq” dediyini diqqətə çatdırır. Bu xatırlatma Nərimanovun Mustafa Kamal Paşa və silahdaşlarını nədən dəstəkləməsi sorğusuna da açıq və dəqiq cavabdır (Rıza Nur. “Moskva-Sakarya xatirələri” İstanbul 1991. Səh. 117).

Nərimanov Türk qurtuluş savaşının uğurla, qalibiyyətlə başa çatmasının Şərq xalqları üçün yaxşı bir örnək olacağını düşünürdü. Anadoluya hücum edən imperializmin yenilməsi ilə məzlum Şərq xalqlarının hərəkətə keçərək azadlıqlarına qovuşacaqları ideyasının gerçəkləşməsi üçün Türk Qurtuluş Savaşına dəstək verdiyini bildirən Nərimanov bu inamın Leninə də yazdığı məktubda açıq bildirir. Bu fikirdə olan Nərimanov Mustafa Kamal Paşa öndərliyindəki vətənsevərlərlə ilk təması 1920-ci ildə Naxçıvan Bölgə komutanı olan Mürsel Paşa ilə qurur. Onun yardımı ilə öncə Şərq cəbhəsi komutanı Kazım Karabekir Paşa sonra da başkomutan Mustafa Kamal Paşa ilə əlaqələr yaranır. Çox səmimi olan bu əlaqələri nəzərə alan Mustafa Kamal Paşa TBMM heyətinə öncə Bakıya gedərək Nəriman Nərimanov ilə görüşmələrini tövsiyə edir. Bu heyət ilə görüşən Nərimanov məsələ ilə bağlı Leninə bir məktub yazır və çox güvəndiyi adamlarından Behbud Şahtaxtinskini də Moskvaya göndərir. Nərimanovun bu tədbiri sayəsində, Mustafa Kamal Paşa bu heyətin Moskva səfərindən gözlənildiyindən də artıq müsbət nəticələr əldə etdi və Ankaraya döndü.

Nərimanovun Leninə Bakıdan göndərdiyi bu məktubu Lenin 1921-ci il fevralın 19-da oxumuşdur. Məktubun çox diqqətlə oxunduğu bizə bəzi fikirlərin altından qara qələmlə xətt çəkilməyindən də aydın olur. Lenin məktubun kənarına qeydlərini yazaraq Stalinə həvalə etmişdir: “Yoldaş Stalin! Məktub haqqında fikirlərinizi bildirin. Məktubu Mərkəzi Komitənin üzvlərinə verin. Onlar məktubu oxuduqlarını yazaraq imzalasınlar. Sonra məktubu mənə geri qaytarın”. 19 fevral tarixi yazılmış və Lenin tərəfindən imzalanmış məktubun üzərində Mərkəzi Komitə üzvlərinin qeydləri və imzaları var: “Geri qaytarıram” , “Oxudum” N.Krestinski, L.Srebiyakov. “Oxudum” Zinovyev, Radek, A.İ.Rıkov, M.Kalinin. “Zənnimcə, Nərimanov öz fikirlərində haqlıdır”, İ.Kamnev “Məsələyə bütünlüklə cümə axşamı günü baxılması vacibdir. Oxudum” N.Buxarin.

Buxarinin bu qeydində “Məktubda haqqında bəhs edilən heyət gəlmiş olmalıdır. Bu heyəti kimsə qəbul etmir. Bunu mənə Mərkəzi Komitədə çalışanlardan biri söylədi” kimi ifadələrin yer alması, Nərimanovun bu məsələdə araya girməsinin nə qədər doğru və əhəmiyyətli olduğunu göstərir. Demək olar ki, məktub və Behbud Şahtaxtinski olmasaydı, heyət yenə də kimsə ilə görüşmədən geri dönəcəkdi.

Nərimanov Leninə yazdığı bu məktub ilə Anadolu Türkləri olan qardaşlarına əlindən gələn bütün yardımı etmək niyyətində olduğunu açıq şəkildə təsdiq edir. Hətta bir məqamda Leninə şantaj belə yaparaq Türkiyənin İngiltərə qarşısında tək qalmasının qarşısının alınmasına çalışırdı: “Erməni məsələsi Türklər üçün ölüm, qalım məsələsidir. Bu məsələdə Türklərin yanında yer almasanız, bütün Şərq xalqlarını itirə bilərik və Azərbaycanı əldə saxlamaq mümkün olmaz!.” Bu cümlələr Nərimanovun Anadoludakı Türk Milliyətçiləri ilə bir anlaşma imzalanması və Türkiyəyə yardım edilməsi üçün çox tutarlı arqumentlər idi. Mərkəzi Komitədə Türkiyə Böyük Millət Məclisi heyətinin Xarici İşlər Naziri Çiçerin ilə görüşməsi qərara alınır. Ermənilərin yaxın dostu olan Çiçerin Türkiyədən gələn heyəti soyuq qarşılayır və heç bir təkliflərini diqqətə almır. Stalinin Çiçerinə təpkisindən sonra heyətlə bir daha görüş keçirilir və anlaşma imzalanır. Türkiyə istədiyi beş milyon qızıl pul yerinə bir milyon qızıl pul borc ala bilir. Naxçıvanın Azərbaycanın tərkibində qalması razılaşdırılır. Rusiya Federasiyası ilə Türkiyə ortaq düşmənləri İngiltərəyə qarşı hər məsələdə iş birliyində olmağı qərarlaşdırırlar.

Beləliklə Ankara hökuməti beynəlxalq aləmdə böyük bir dövlət tərəfindən dəstəklənir, istədiyi qədər olmasa da borc pul ala bilir, Naxçıvan məsələsini düşündüyü şəkildə həll edə bilir. Əlbəttə bu nəticələrin alınmasında Nərimanovun Leninə təsirini unutmaq olmaz. Lenin Nərimanovun məktubdakı xəbərdarlıqlarını diqqətə almış və tərəflər arasındakı anlaşmanın gərəkli olması qənaətinə gəlmişdir. Ankara hökumətinin Sovet İttifaqı tərəfindən tanınması beynəlxalq siyasi müstəvidə çox önəmli hadisə idi. Bu uğurun memarlarından biri, heç şübhə yoxdur ki, o dönəmdə Azərbaycan Şura hökumətinin başçısı Nəriman Nərimanov idi.

1921-ci ildə Türk ordusunun işğalçı Yunan ordusu qarşısında ard-arda qazandığı Birinci və İkinci İnönü zəfərləri Azərbaycanda da böyük sevinc və coşquya səbəb oldu. Nərimanovun tapşırığı ilə Azərbaycanın xarici işlər komissarı (naziri) Davud Hüseynov TBMM rəhbərliyinə bir təbrik mesajı göndərdi. “...İmperializmə qarşı qazandığı böyük zəfərlərə görə qardaş Türk xalqını, TBMM-ni və onun rəhbəri Mustafa Kamal Paşanı Azərbaycan Sovet Sosialist Respublikası və Azərbaycan xalqı adından təbrik edirik” deyilən teleqrafda, Azərbaycan xalqının arzusu ilə Azərbaycan hökumətinin bu böyük zəfərlərin şərəfinə otuz sistern neft, iki sistern benzin və səkkiz sistern kerosin göndərildiyi bildirilirdi.

Yenə Nərimanovun əmri ilə 1921-ci il, may ayının ortalarında Azərbaycan Şura hökuməti, TBMM Hökumətinin tələbi olmadığı halda altmış iki sistern neft göndərdi. Xarici işlər komissarı Davud Hüseynov Nərimanovun tapşırığı ilə göndərdiyi teleqrafda “... Bundan sonra Azərbaycan hökuməti qardaş türk xalqının yürütdüyü azadlıq savaşı müddətində hər ay altmış iki sistern neft və üç vaqon kerosin göndərməyi öhdəsinə götürür” deyirdi.

Azərbaycan Nərimanov vəzifədə qaldığı müddətdə bu öhdəliyinə sonuna qədər sadiq qaldı. Bu aylıq öhdəlikləri nəzərə alsaq 1922-ci ilin iyul ayına qədər Azərbaycan Türkiyəyə Batum yolu ilə doqquz min tondan çox kerosin və üç yüz əlli ton benzin göndərdi.

1921-ci ildə Mustafa Kamal Paşa Azərbaycanın dövlət başçısı Nərimanova yazdığı məktubda borc pul göndərməsini xahiş edirdi. Məktub 1921-ci il martın 17-də TBMM Azərbaycan təmsilçisi böyük səfir Memduh Şövkət bəy tərəfindən Nərimanova təqdim edildi. Nərimanov hökumət üzvlərindən bəzilərinin buna qarşı çıxmalarına rəğmən Mustafa Kamal Paşaya müsbət cavab verdi. Dərhal xəzinədə olan 500 kilo qızılı Ankaraya çatırdı. TBMM hökuməti bu qızılın iki yüz kilosunu dövlət büdcəsinə, qalanını isə Müdafiə Nazirliyinə ayırdı. Daha sonra, Azərbaycan hökuməti tərəfindən Rusiyadan alınan on milyon qızıl pul Ankaraya göndərildi. Yenə eyni məktuba görə, Azərbaycan hökuməti otuz sistern neft, iki sistern benzin və səkkiz sistern mədən yağı göndərdi. Nərimanov 1921-ci il martın 23-də Mustafa Kamal Paşaya yazdığı cavab məktubunda bir-birinin ardınca qazanılan zəfərlərlə Türk xalqının imperializmdən qurtulma günlərinin yaxınlaşdığını, buna görə, bu uğurları qazanan TBMM hökumətini, onun başçısını və qəhrəman Türk ordusunu təbrik etdikdən sonra “Paşam, Türk millətində bir ənənə vardır; qardaş qardaşa borc verməz, qardaş qardaşın hər çətin durumunda əlindən tutar. Biz qardaş xalqlarıq, hər zaman və hər şərtlər altında bir-birimizin əlindən tutacağıq. Bu gün etdiklərimiz bir qardaşın qardaşına etdiklərindən başqa bir şey deyildir” yazırdı. (Doğan Avcıoğlu. “Milli Qurtuluş Tarixi” 3-cü cild, səh. 438.) Qurtuluş Savaşımızın ən təhlükəli günlərində, bir qardaş olaraq əlini uzadan və əlindən gələn bütün yardımları yapan Sovetlər Birliyindən Türk Qurtuluş Savaşına böyük dəstək verən Nəriman Nərimanovun bir kommunist olsa da, Türk olduğundan Türk milliyyətçisi olduğundan zərrə qədər şübhəmiz yoxdur. Onun kommunist olması bizə yardım etməsinə əngəl olmadığı kimi bizlər də onun kommunist olmasına baxmayaraq, onun Türkiyə türkləri və Türk milləti üçün etdiklərini əsla unuda bilmərik. Tarix olduğu kimi yazılmalıdır ki, Türk birliyinin təməli sağlam olsun!

Tarixi mənbə və qaynaqlar təsdiq edir ki, Nərimanov Azərbaycan Dövlətinin başında qaldığı iki il boyunca Moskvaya bağlı olmasına baxmayaraq, müstəqil dövlət başçısı kimi hərəkət edərək Türkiyə hökuməti ilə olan əlaqələri daha yüksək ölçü və miqyaslara daşımış və hər şeydən önəmlisi, çox çətin durumda olan Anadoludakı qardaşlarına dövlətinin bütün imkanlarını səfərbər edərək heç kimsədən çəkinmədən əlindən gələn hər cür yardım etmişdir. Bütün bunlar sənəd və mənbələrdə öz əksini tapsa da, tarixi dəyərini almamışdır.

Mustafa Kamal Paşa ilə Nərimanov həyatları boyunca heç vaxt görüşməyiblər. Aralarındakı əlaqələr rəsmi yazışmalar və məktublar vasitəsiylə qurulmuşdur. Mustafa Kamal Paşa ilə Nəriman Nərimanovun əlaqələri Nərimanovun vəzifədən alındığı 1922-ci ilin sonlarına qədər davam etmişdir və Nərimanovun vəzifədən getməsindən sonra tamamən kəsilmişdir. Atatürk ilə Nərimanovun yazışmaları, Nərimanovun 1925-ci ildə, iddialara görə zəhərlənərək öldürülməsinə qədər bir daha olmamışdır.

 

Hüseyn ADIGÖZƏL

Respublika.- 2019.- 19 iyul.- S.6