"Azərbaycan
poeziyasının musiqi ilə qarşılıqlı əlaqəsi
problemləri"
Şeir dilimizin formalaşmasında
musiqi müstəsna rol oynayıb. Şeirimizin ahəngdarlığı
dilin şirinliyi və musiqimizin ecazkarlığı ilə
əlaqəlidir. Klassik şairlərimiz
ölməz lirik əsərləri ilə sanki Azərbaycan sözlərinin, səslərinin
musiqisini kəşf edib, poeziyamıza ümumdünya şöhrəti
qazandırıblar. Ədiblərimizin nəsr əsərlərinin
özündə də
daxili bir ahəng parlaq şəkildə təzahür
edir. Qəzəli sevdirən həm
də musiqinin ecazkarlığıdır. Həm qəzəl, həm də qoşma və başqa növlər musiqi ilə əlaqədar olduğundan o zamanlar həmin janrlarda yazıb-yaratmaq xalqla, onun həyatı və dili ilə
yaxınlığa daha
artıq imkan verirdi. Heç şübhəsiz, şeir dilimizin tarixən cilalanması və inkişafında muğamatın və aşıq musiqisinin rolu çox böyük olub.
AZƏRTAC xəbər verir ki, bu
fikirlər yenicə çapdan çıxmış
“Azərbaycan poeziyasının
musiqi ilə qarşılıqlı əlaqəsi
problemləri” kitabında
yer alıb.
Kitabın müəllifi, mərhum
professor Arif Məmmədov
1972-ci ildə eyniadlı
doktorluq dissertasiyası
müdafiə edib. Vaxtilə
bu əsəri görkəmli alimlər
Mir Cəlal Paşayev,
Mehdi Məmmədov, Cəfər
Cəfərov, Mirzağa
Quluzadə, Bəkir Nəbiyev, Vasim Məmmədəliyev müsbət
qiymətləndiriblər.
Əsərin birinci fəslində şeir və musiqi sənətinin yaxınlığı məsələsini
geniş təhlil edən müəllif digər fəsil və bölmələrdə
Azərbaycan xalq şeiri və musiqisinin qarşılıqlı
əlaqəsindən bəhs
edib, aşıq sənətinin spesifik xüsusiyyətlərini araşdırıb
və “Kitabi-Dədə
Qorqud” dastanının
musiqi ilə əlaqəsi məsələsinə
aydınlıq gətirib.
Klassik ədəbi və musiqi irsimizdən bəhs edən müəllif Şərqin
böyük dahilərindən
Məhsəti Gəncəvi,
Məhəmməd Füzuli,
İmadəddin Nəsimi,
Şah İsmayıl Xətai, Seyid Əzim Şirvani və digərlərinin ədəbi irsini araşdırıb, onların
musiqi ilə bağlı fikirlərini diqqətə çatdırıb.
Filologiya
elmləri doktoru Arif Məmmədov əsərin “XX əsr Azərbaycan şeiri və musiqimiz” adlı fəslində “Mirzə Ələkbər
Sabir şeirinin musiqililiyi və şairin musiqiyə münasibəti” mövzusuna
xüsusi yer ayırıb. Həm poeziyanın, həm
də musiqinin xalqın və onun ayrı-ayrı nümayəndələrinin düşüncə
tərzinin məhsulu olduğunu vurğulayan müəllif xalq müğənnilərinin şeir
və musiqimizin təbliğindəki rolunu
yüksək qiymətləndirib.
Nəşrin elmi məsləhətçi
Bakı Dövlət Universitetinin ərəb filologiyası kafedrasının
müdiri, akademik Vasim Məmmədəliyev,
redaktoru həmin kafedranın professoru Nəsrulla Məmmədovdur. Kitaba
“Ön söz”ü də bu alimlər
yazıblar.
Respublika.- 2019.- 25
iyul.- S.6