“Beyin axını” probleminin yaranması səbəbləri və nəticələri

 

 

(əvvəli 25 iyul tarixli sayımızda)

Digər xalqlarla müqayisədə azərbaycanlıların doğma torpağa daha sıx bağlılığı Vətəni tərk edib qürbətdə yaşamaları üçün etik-mənəvi baxımdan daha ağrılıdır. Mənəvi köklərə söykənən amil Azərbaycan diasporunun yaranmasının nə qədər qədim tarixə malik olduğunu göstərir. Bu gün Azərbaycan diasporu dedikdə, tarixi Vətəndən kənarda məskunlaşmış həmvətənlərimiz nəzərdə tutulur. “Xaricdə yaşayan azərbaycanlılar” anlayışının təfsiri isə “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda öz əksini tapmışdır. Həmin qanuna əsasən bu anlayış Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına və onların övladlarına, Azərbaycan Respublikasının vətəndaşları, lakin hazırda xarici dövlətlərdə məskunlaşan şəxslərə və onların övladlarına, bu kateqoriyaya aid olmayan, lakin etnik, dil, mədəniyyət və ya tarixi əlaqələr baxımından özünü Azərbaycana bağlı və ya azərbaycanlı hesab edənlərə aid edilir.

27 dekabr 2002-ci il də, “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Bu qanun xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycan Respublikasının dövlət siyasətinin məqsəd və prinsiplərini, dövlət orqanlarının fəaliyyətinin əsaslarını müəyyən edir. Xaricdə yaşayan azərbaycanlılarla sıx əlaqələrin qurulması, Azərbaycan diasporunun formalaşmasında Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin mühüm əhəmiyyəti vardır. Dostluq Cəmiyyəti 1946-cı ildə Bakı şəhərində yaradılıb. O zaman Dövlət Təhlükəsizlik Komitəsinin nəzarəti altında fəaliyyət göstərən cəmiyyətin əsas məqsədi xaricdə yaşayan azərbaycanlılar, xüsusilə ziyalı təbəqəsinin vətənlə əlaqələrinin qurulması idi. O illərdə artıq Azərbaycan diasporunun ziyalı kütləsi formalaşmışdı və onlar təşkilati strukturlaşma işində fəallıq nümayiş etdirirdilər. Belə insanlarla əməkdaşlıq Sovetlər Birliyi üçün mühüm əhəmiyyət kəsb edirdi və onların vətənlə əlaqələrinin təşkilindən irəli gələrək yaradılan cəmiyyətin xətti ilə keçmiş legionerlərin bəziləri Azərbaycana dönə bilmişdilər. 1960-cı ildə işlərin daha da fəallaşması məqsədilə cəmiyyətin nəzdində xaricdə yaşayan azərbaycanlılar üçün nəzərdə tutulan “Vətənin səsi”nin səhifələri siyasi səpkili materiallar təbliğat xarakteri daşıyırdı.

Azərbaycanlılar hər zaman öz milli mənsubiyyətini, adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qoruyub saxlamış, tarixi vətənlə əlaqələrini itirməmişlər. Hazırda dünyanın müxtəlif ölkələrində diasporun olması bu amillə bağlıdır. Azərbaycanlılar Amerika qitəsinin Şimal, Cənub və Mərkəzi hissəsində daha çox məskunlaşıblar. Onların sayı Birləşmiş Ştatlarda 400 min nəfərə çatır. Amerika qitəsinin digər ölkələrində-Argentina, Braziliya, Kanada və Meksikada da soydaşlarımız yaşayırlar. Amerika qitəsində məskunlaşan azərbaycanlıların əksəriyyəti İran İslam Respublikasından miqrasiya etmiş soydaşlarımızdır. 1970-ci ildən etibarən Türkiyə, 1991-ci ildən isə Azərbaycandan soydaşlarımızın bu qitəyə axını diasporumuzun tərkibinə və sosial-iqtisadi fəaliyyətinə öz təsirini göstərdi.

Azərbaycan diasporunun yayılma coğrafiyası və say tərkibinə görə, geniş olduğu ikinci yer Avropa qitəsidir. Türkiyədə 3 milyon, Rusiya Federasiyasında 2,5 milyon, Ukraynada 500 min, Almaniyada 100 min, İsveçdə 30 min, Niderlandda 20 minə yaxın azərbaycanlı yaşayır. Niderland Krallığı, Belçika, Danimarka, İsveçrə və Almaniyada yaşayan soydaşlarımızın əksəriyyəti Türkiyədən, Böyük Britaniya, Çexiya, Slovakiya, Polşa, Avstriya, Estoniya, Belarus, Rusiya Federasiyası, Ukrayna, Moldova və Fransadakı soydaşlarımız isə İran və Azərbaycan Respublikasından köç edənlərdir.

Azərbaycan diasporunun üçüncü böyük hissəsi Asiya qitəsində, (Banqladeş, Hindistan, Əfqanıstan, Pakistan, İordaniya və Orta Asiya respublikalarında, İndoneziya, Yəmən Ərəb Respublikası, Yəmən Demokratik Respublikası, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Səudiyyə Ərəbistanı və Suriya, İraqda) məskunlaşıblar. Misir, Əlcəzair və Sudanda azərbaycanlıların yaşadığına dair məlumatlar var.

Hazırda xaricdə yaşayan azərbaycanlılarla iş dövlət səviyyəsində qurulub və dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız Azərbaycan dövlətinin diqqət və qayğısı altındadır. 5 iyul 2002-ci ildə dövlət başçısının imzaladığı fərmanın başlıca məqsədi Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin qarşısına qoyulan vəzifələr xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələri genişləndirmək və bu əlaqələri tədricən inkişaf etdirməkdədir. Bu Qanun xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycan Respublikasının dövlət siyasətinin məqsəd və prinsiplərini və bu siyasətin həyata keçirilməsi ilə əlaqədar dövlət orqanlarının fəaliyyətinin əsaslarını müəyyən edir. Qanunda qeyd olunur ki, xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin məqsədləri beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, xarici dövlətlərin qanunvericiliyi nəzərə alınmaqla, xaricdə yaşayan azərbaycanlıların əsas hüquq və azadlıqlarının həyata keçirilməsinə və onların öz milli varlıqlarını qoruyub saxlamasına və inkişaf etdirməsinə kömək göstərməyə, xaricdə yaşayan azərbaycanlıların Azərbaycan Respublikasının dövlət orqanları, eləcə də qeyri-hökumət təşkilatları ilə sıx əlaqələr qurmasına və inkişaf etdirməsinə xidmət edir.

Bu sahə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 noyabr 2008-ci ildə imzaladığı sərəncam əsasında Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı. Prezidentin 14 may 2009-cu il, tarixli fərmanı ilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Əsasnaməsi təsdiq edildi. Əsasnamədə qeyd olunur ki, Dövlət Komitəsi diasporla iş sahəsində dövlət siyasətinin həyata keçirilməsini, xaricdə yaşayan azərbaycanlılar, eləcə də onların təsis etdiyi diaspor təşkilatları, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələrin genişləndirilməsini və inkişaf etdirilməsini, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının bu sahə ilə bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Komitə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

Hər bir ölkənin gələcəyi əhalinin sağlam, təhsilli, yüksək kadr potensialına və onların iş bacarığının olmasından asılıdır. Tarixin bütün dövrlərində iqtisadiyyatın ən dəyərli resursu insan kapitalı olmuşdur. İnsan kapitalının inkişaf etdirilməsi olduqca əhəmiyyətlidir. Bu zaman əsas investisiya tərəfdaşı dövlət, sahibkarlar, təşkilatlar, şirkətlər ola bilər.

1961-ci ildə Theodore Schultz insan kapitalını “İnsanların müxtəlif ehtiyaclarını qarşılamaq üçün istifadə olunan bilik və bacarıqların məcmusu” kimi göstərmişdir. “İnsan kapitalı bir müəssisə və təşkilatın malik olduğu ixtisaslı mütəxəssislilərin məcmusu” kimi qiymətləndirmək daha məqsədəuyğundur.

İnsan kapitalı - insanların və cəmiyyətin müxtəlif tələbatlarının qarşılamaq üçün, istifadə olunan bilik və bacarıqların məcmusu hesab olunur. İşçi qüvvəsinin formalaşdırılması problemləri, insanın yaradıcılıq və faydalılıq imkanlarının artırılması bu nəzəriyyənin əsas hədəfləri kimi müəyyənləşdirilir. İnsan kapitalı nəzəriyyəsi ötən əsrin 50-60-cı illərində Amerika iqtisadçılarının tədqiqatları nəticəsində yaranmışdır. Bu termini ilk dəfə 1961-ci ildə Teodor Şuls (Theodor Schultz) istifadə etmişdir. 1965-ci ildən sonra isə Heri Becer (Gary Stanley Becer) bu ideyanı insan kapitalına qoyulan investisiyanın effektivliyinə əsaslanaraq və insan davranışına iqtisadi yanaşmanı formalaşdıraraq, daha da inkişaf etdirmişdir.

1. Təhsil (ibtidai, orta və ali məktəbin kəmiyyət və keyfiyyət göstəricisidir)

2. Sağlamlıq (Cəmiyyətin fiziki və zehni gücünün göstəricisidir)

3. Əlverişli mühit (hüquqi baza və infrastrukturun inkişaf göstəricisidir)

4. İş qüvvəsi və məşğulluq (fərdlərin təcrübəsi, istedadı, səriştəsi və əmək qabiliyyəti).

İnsan kapitalının inkişafı bütün dövrlərdə öz aktuallığı ilə seçilmişdir. Bu baxımdan, insan potensialının sosial-iqtisadi əhəmiyyəti artdıqca, elmi-texniki potensialın kompleks tədqiq olunması zəruri tələbata çevrilir.

Azərbaycan Respublikasında iqtisadiyyatın bazar münasibətlərinə transformasiyası, yeni siyasi, iqtisadi və sosial münasibətlərin formalaşması ilə yanaşı, elmi fəaliyyətin inkişaf istiqamətlərini, kadr potensialının inkişaf formalarını əsaslı surətdə dərinləşdirmişdir. Müasir dövrün zərurətdən asılı olaraq, kadr potensialının metodoloji tövsiyənin hazırlanması Azərbaycan Respublikasında Dövlət Proqramında öz əksini tapmışdır. AMEA-nın müxbir üzvü, i.e.d., professor Ş.M.Muradov “İnsan potensialı: əsas meyillər, reallıqlar, problemlər” adlı monoqrafiyasında son 106 il ərzində (1897-2003) Azərbaycanda insan potensialının formalaşmasını ümumiləşdirərək, göstərmişdir ki, elmi fəaliyyət sahəsinin yüksək səviyyəli bilikli və bacarıqlı kadrlarla təmin olunması, cəmiyyətdə maddi və mənəvi dəyərlər istehsalının artmasına əhəmiyyətli təsir göstərən ən mühüm amillərdən biridir. Elm sahəsini digər sahələrdən fərqləndirən əsas cəhətlərdən biri də burada müxtəlif düşüncə, təfəkkür və intellektə malik insanların cəmlənməsidir.

Azərbaycan insan kapitalına görə dünya ölkələri arasında 2005-ci il - 101-ci, 2010-cu il - 67-ci, 2014-cü il - 64-cü pillədə yer almışdır. 2016-cı ilin nəticələrinə görə, Ümumdünya İqtisadi Forumunun hazırladığı “İnsan Kapitalı İndeksi” reytinq cədvəlində Azərbaycan bu göstəriciyə görə dünyada 64-cü yeri tutmuşdur. Ölkəmiz təhsil səviyyəsinə görə 71-ci, əlverişli sosial mühit, işçi qüvvəsi və məşğulluğa görə isə 55-ci yerdə qərarlaşmışdır. Azərbaycan beynəlxalq reytinq göstəricilərini ildən-ilə yaxşılaşdıraraq, insan kapitalı inkişafına görə dünyada yüksək insan inkişafı qrupunda yer almışdır.

Azərbaycan Respublikasında neft kapitalının insan kapitalına çevrilməsi üçün təxirəsalınmaz tədbirlər görülür. Belə ki, 2025-ci ildə Azərbaycan həyat səviyyəsi və insan inkişafı indeksinə görə yeni mərhələyə qədəm qoyması planlaşdırılır. Məhz bu baxımdan, İnsan kapitalının inkişafında əsas yerlərdən birini insanların sağlamlığının möhkəmlənməsi, rifahının yüksəlməsi və orta ömür uzunluğunun artması üçün dövlət səviyyəsində tədbirlər görülür. Bunun nəticəsidir ki son beş ildə respublikada sosial sferada yüksəkixtisaslı peşəkar kadrlarla təminat, bütün bölgələrdə ağır əməliyyatların həyata keçirilməsi imkanları xeyli yüksəlmişdir. Nəzərə almaq lazımdır ki, insan kapitalının inkişafında mühüm amillərdən biri təhsildir. Azərbaycanda ibtidai və orta təhsil icbaridir və tam dövlət vəsaiti hesabına həyata keçirilir. Bu sahədə də çatışmazlıqlar vardır. 2015-2016-cı il tədris ilinin əvvəlində MDB-yə üzv olan ölkələr üzrə təhsil müəssisələrinin və onlarda təhsil alanların sayının yüksək olmadığını görürük. Hazırda təhsilin bütün pillələrində uğurlu islahatlar aparılır, qanunvericilik bazası genişlənir və möhkəmlənir. XXI əsrin təhsil əsri elan olunmasına uyğun addımlar nəticəsində 2010-cu ildə Azərbaycanda təhsilə 1.3 milyard manat vəsait yönəlmişdir.

Ölkədə və xaricdə əhalinin təhsil alması üçün dövlət səviyyəsində tədbirlər görülür. Respublika ərazisində təhsil alanların sayının yüksək olmasına baxmayaraq, ali təhsil müəssisələrində təhsil alanlar azlıq təşkil edir. Bu məqsədlə Azərbaycandan 1969-cu ildə 47 tələbə xaricə göndərilmişdir, 1980-ci ildə isə bu rəqəm 1400-ə çatdırıldı. 1970-1988-ci illərdə isə Azərbaycandan kənarda 15.000-dən çox mütəxəssis hazırlanmışdır. İlham Əliyevin sərəncamı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsilinə imkan yaratmaq üçün Dövlət Proqramı” qəbul edilir. Dövlət Proqramı ilə 2007-2015-ci illər ərzində 3000-dən çox azərbaycanlı gənc dünyanın müxtəlif aparıcı universitetlərində ali təhsil almaq imkanı əldə etmişlər.

 

 

 

(davamı növbəti saylarımızda)

 

Ələsgər SARIYEV,

Vəfa RÜSTƏMOVA,

AMEA İqtisadiyyat İnstitutunun

elmi əməkdaşları.

 

Respublika.- 2019.- 25 iyul.- S.6