Gədəbəydə ilk dəfə Milli Yaylaq Festivalı keçirilir
Festivala minlərlə
yerli və xarici turist qatılıb
Azərbaycanda yaylaq və elat ənənələrinin
yaşadılması və
təbliği məqsədilə
iyulun 26-da ilk dəfə
olaraq Gədəbəy
rayonunda Milli Yaylaq Festivalına start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyulun
28-dək davam edəcək
festival Türk Əməkdaşlıq
və Koordinasiya Agentliyi (TİKA), “Cavadxan”
Tarix və Mədəniyyət Fondu, Gədəbəy Rayon İcra
Hakimiyyətinin təşkilatçılığı,
Mədəniyyət Nazirliyi,
Kənd Təsərrüfatı
Nazirliyi, Dövlət
Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı
Agentliyi, Azərbaycan Atçılıq Federasiyası
və Dünya Etnoidman Konfederasiyasının
rəsmi dəstəyi
ilə keçirilir.
Gədəbəy rayonunun ərazisində
yerləşən Düzyurd-Miskinli
yaylağında, unikal
konsepsiya əsasında
təşkil olunan Milli Yaylaq Festivalına
təşkilatçı və
tərəfdaş qurumların
rəhbər şəxsləri,
dövlət və hökumət rəsmiləri,
diplomatlar, 16 ölkədən
nümayəndələr, o cümlədən Dünya
Etnoidman Konfederasiyasının
sədri Bilal Ərdoğan, eləcə
də yerli və xarici turistlər qatılıb.
Festivalın açılış mərasimində çıxış
edən Gədəbəy
Rayon İcra Hakimiyyətinin
başçısı İbrahim
Mustafayev iştirakçıları
salamlayaraq, Milli Yaylaq Festivalının təşkilində əsas
məqsədinin Azərbaycan
xalqının zəngin
və çoxəsrlik
mədəni irsinin, yüz illərlə formalaşmış yaylaq
və elat mədəniyyətinin, unikal
mədəniyyət nümunələrinin
və tarixi abidələrinin nümayiş
etdirilməsi və ərazinin turizm potensialının üzə
çıxarılmasından ibarət olduğunu diqqətə çatdırıb.
Kənd Təsərrüfatı naziri
İnam Kərimov isə çıxışında
festivalın önəmindən
danışıb. Qeyd edib
ki, çoxsaylı qonaqların ilk dəfə
keçirilən Milli
Yaylaq Festivalına qatılması bu festivalın gələcəyindən
xəbər verir.
Nazir Azərbaycanın multikultural
ölkə olduğunu
vurğulayaraq, ölkəmizdə
azsaylı xalqların
mehriban, dinc yanaşı yaşadığını
diqqətə çatdırıb.
Bildirib ki, bu gün
sabitlik adası olan Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi
ilə dünyanın
ən inkişaf edən dövlətlərindən
biridir. “Milli Yaylaq Festivalının
təşkil olunması
Azərbaycanın, dövlətimizin
öz tarixinə, adət-ənənələrinə bağlılığının, dəyər verməsinin təcəssümüdür. Festivala respublikamızdan, o cümlədən
qonşu ölkələrdən
çox dəyərli
qonaqlar təşrif buyurublar. Bu tədbir
təkcə Gədəbəyin
deyil, Azərbaycanın
gözəlliklərini, onun
diyarlarını, təbiətini
nümayiş etdirmək
üçün bir fürsətdir. Hesab edirəm
ki, festival iştirakçıları
Gədəbəyin füsunkar
təbiətinə heyran
qalacaq və bu regionun daimi
qonaqları olacaqlar.
Bu festival, həmçinin Azərbaycanın dostluq və qardaşlıq diyarı olduğunu göstərir. Bu tədbirdə ölkəmizlə
yanaşı, Türkiyənin
aidiyyəti qurumları
da təşkilatçıdır.
Milli Yaylaq Festivalı, eyni zamanda, Azərbaycan-Türkiyə
qardaşlığının təcəssümü və
nümayişidir. Hesab edirəm
ki, birinci Milli Yaylaq Festivalı
növbəti illərdə
daha da möhtəşəm
olacaq”, - deyə nazir İnam Kərimov bildirib.
Türk
Əməkdaşlıq və
Koordinasiya Agentliyinin
(TİKA) Bakı nümayəndəliyinin
koordinatoru Teoman Tiryaki çıxışında
festivalın təşkilatçıları
arasında olmalarından
məmnunluğunu ifadə
edib, tədbirə qatılan xarici ölkə nümayəndələrinin
milli adət-ənənələrlə
yaxından tanış
olacağını vurğulayıb.
Festivalın iştirakçılarda
zəngin təəssürat
doğuracağına əminliyini
bildirən T.Tiryaki qeyd edib ki,
ilk Milli Yaylaq Festivalına minlərlə
iştirakçının, o cümlədən yerli və xarici turistin qatılması bu festivalın davamlı olacağından
və öz məqsədinə çatacağından
xəbər verir.
Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral və “Cavadxan” Tarix və Mədəniyyət
Fondunun vitse-prezidenti Müzadil Həsənov çıxış edərək,
Milli Yaylaq Festivalının bölgədə
turizmin inkişaf etdirilməsi, eləcə
də qədim ənənələrin qorunub
saxlanmasında oynayacağı
roldan danışıblar.
Festival iştirakçılarını
Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğanın adından
salamlayan Dünya Etnoidman Konfederasiyasının
sədri Bilal Ərdoğan Azərbaycanın
son illərdə xeyli
inkişaf etdiyini bildirib. Birinci Milli Yaylaq Festivalında iştirakından məmnun
olduğunu vurğulayan
Bilal Ərdoğan deyib: “Belə bir festivalın təşkili Azərbaycanda
milli idman növlərinin inkişafına
çox güclü dəstəyin olduğunu göstərir. Azərbaycanda xüsusilə uşaqlar,
gənclər öz milli idman növlərini
öyrənməli, onları
yaşatmalıdırlar”.
Bilal Ərdoğan qeyd edib ki, mədəniyyətimizi
itirsək müstəqilliyimizi
itirərik: “Buna görə
də gənc nəsil arasında milli idman oyunlarının
təbliği aparılmalıdır
ki, onlar unudulmasın. Əgər öz mədəniyyətimizə
sahib çıxmasaq, o zaman
bizi məğlub etmək istəyənlər
arzularına çatarlar.
Dünya
Etnoidman Konfederasiyası
olaraq, bu mesajı sadəcə türk dünyasında deyil, dünyanın hər bir yerində
veririk. Hər bir xalq, millət öz milli idman növlərini
yaşatmaq haqqına sahibdir. Bütün ənənəvi milli idman növləri
dünyanın zənginliyidir.
İnşallah konfederasiyamız həm Azərbaycanda milli idman növlərinin
inkişafına dəstək
göstərər, həm
də Azərbaycan ictimaiyyətinin bu məsələyə marağını
çəkməsinə vəsilə
olar. Biz Dünya Etnoidman Konfederasiyası olaraq, Azərbaycan milli idman növləri sahəsində çalışan
bütün qurumlarla çox yaxından əməkdaşlıq etmək
istəyirik. Bugünkü gün bu baxımdan
xoş bir başlanğıc olsun”.
Açılış mərasimindən
sonra tədbir iştirakçıları Milli
Yaylaq Festivalında adət-ənənələrlə tanış olub, milli idman
növlərinə tamaşa
ediblər.
Miskinli yaylağında orijinal üslubda salınan “Yaylaq yurdu” adlı
etno-qəsəbədə yaşayış
yurdları (alaçıqlar)
ilə yanaşı, cıdır meydanı, yaylaq (kənd təsərrüfatı) bazarı,
sənətkarlıq guşəsi,
“Dədə Qorqud” ocağı (tamaşaçılar
üçün səhnə),
yaylaq yatağı (ev heyvanları üçün yerlər),
pəhləvan meydanı,
“Aşıq Ələsgər”
ocağı, yaylaq süfrəsi və digər tematik sahələr yaradılıb.
Festival şərti olaraq
mədəni–etnoqrafik, milli
yaylaq (idman) oyunları, eko–etnoturizm adlı 3 hissədən ibarətdir.
Milli Yaylaq Festivalı günlərində mədəni–etnoqrafik hissədə aşıqların deyişməsi, milli rəqslər (yallılar, cəngilər), xalq mahnıları, müxtəlif xalq səhnələri və tamaşaları, əski xalq oyunları (dirədöymə, çilingağac, əzəldəyməz, müçük, aşıq–aşıq, molla mindi) təşkil olunacaq, yaylaq kulinariya nümunələri (odun üzərində bişən xörəklər - dovğa, çoban buğlaması, sacüstü kətələr, kabablar və sair) təqdim ediləcək. Həmçinin tətbiqi sənət nümunələrinin nümayişi və satış–sərgisi təşkil olunacaq. Qoçların, qurdbasarların (çoban itlərinin) və yerli yorğa atların sərgi müsabiqəsi keçiriləcək. Yaylaq və spesifik kənd təsərrüfatı mallarının yarmarkası fəaliyyət göstərəcək. Festival müddətində ölkəmizdə tolerantlıq və multikulturalizmin əyani nümayişi olaraq Azərbaycanda yaşayan müxtəlif etnik qrupların mədəni proqramları və nümunəvi çıxışları da maraqla qarşılanacaq.
Festivalın milli yaylaq (idman) oyunları şərti adı altında keçirilən hissəsində qədim kökə söykənən yorğa at yarışları (müxtəlif məsafə və kateqoriyalarda), milli güləş yarışı, çaparaq at yarışları, çoban güləşi (kəmər güləşi), nümunəvi çıxışlar, atüstü milli oyunlar – Çövkən, Baharbənd, Sürpapaq, Piyalə, Ər endir (atüstü güləş), Gərdək qaçırmaq, Zorxana, Kəndirbazlıq və ox atma təşkil olunacaq.
Yaylaq festivalının eko–etnoturizm hissəsində isə turistlər üçün köhnə ənənəvi üslubda düzəldilmiş yurdlarda qalmaq imkanı yaradılıb.
Şərti olaraq XVIII əsrin ənənəvi
yaylağına səyahət də təşkil ediləcək.
Belə ki, burada
turistlər gün ərzində adi kənd həyatını yaşayacaqlar.
Yəni, inək, qoyun-keçi
otaracaq, onları sağacaq,
ot biçəcək, taya
düzəldəcək, atlara qulluq edəcək, nehrə çalacaq,
tətbiqi sənətlə məşğul olacaq,
milli xörəklərdən bişirəcək
və dəyədə gecələyəcəklər. Həmçinin
bölgənin məşhur yerlərinə - Koroğlu
qalası, Mahrasa məbədi, Qız
qalası və digər məkanlara turlar,
at gəzintiləri, “Alman
izləri” adlı xüsusi ekskursiyalar təşkil olunacaq.
Respublika.-2019.- 27 iyul.- S.6