İlk Milli Yaylaq Festivalı minlərlə
turist üçün
möhtəşəm bayram tədbirinə
çevrilib
Azərbaycanda
yaylaq və elat ənənələrinin yaşadılması
və təbliği məqsədilə keçirilən Milli
Yaylaq Festivalının üçüncü – sonuncu
günü də maraqlı anlarla yadda qaldı.
Gədəbəy rayonunun ərazisində yerləşən Düzyurd-Miskinli yaylağında, nadir konsepsiya əsasında təşkil olunmuş ilk Milli Yaylaq Festivalına 16 ölkədən qatılan minlərlə iştirakçı-turist etno-qəsəbənin ərazisindəki yaşayış yurdları (alaçıqlar), “Cıdır meydanı”, “Yaylaq bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı” (tamaşalar üçün səhnə), “Yaylaq yatağı”, “Pəhləvan meydanı”, “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” və digər tematik sahələrlə tanış olublar. El şənliyində yaradılan mədəni-etnoqrafik, milli yaylaq (idman) oyunları və eko-etnoturizm sahələri qonaqların marağına səbəb olub.
Festival iştirakçıları aşıqların deyişməsini, milli rəqsləri (yallılar, cəngilər), tamaşaları, qədim xalq oyunlarını izləyib, yaylaq kulinariyasına aid təamlardan dadıblar. Burada tətbiqi sənət nümunələrinin satış-sərgisi də təşkil olunub. Meydana daxil olan çaparların yorğa atlarla çıxışı alqışlarla qarşılanıb.
Azərbaycanda yaşayan müxtəlif etnik qrupların, eləcə də xarici ölkə sənətçilərinin çıxışları isə festivalın bayram ovqatına əlavə rəng qatıb.
Festival çərçivəsində bir tərəfdə yorğa və çaparaq at yarışları, atüstü milli oyunlar, milli güləş yarışı, çoban güləşi, zorxana, oxatma yarışları keçirilib, digər tərəfdə qonaqlar və turistlər arasında kütləvi oyun yarışları – qurşaq, kəndirdartma təşkil olunub.
Festivalın sonunda, iştirakçıların
paradından sonra mükafatlandırma olub. Milli Yaylaq
Festivalına konsert proqramı ilə yekun vurulub. Beləliklə, Milli Yaylaq Festivalı minlərlə
iştirakçı üçün
ən xoş anlarla və unudulmaz xatirələrlə
yaddaşlara həkk olundu və əsl bayram tədbirinə çevrildi.
Qeyd edək ki, Milli
Yaylaq Festivalının
təşkilində əsas
məqsəd Azərbaycan
xalqının zəngin
və çoxəsrlik
mədəni irsinin, yüz illərlə formalaşmış yaylaq
və elat mədəniyyətinin, nadir mədəniyyət
nümunələrinin və
tarixi abidələrinin
nümayiş etdirilməsi
və ərazinin turizm potensialının üzə çıxarılmasından
ibarətdir.
Festival Gədəbəy Rayon İcra
Hakimiyyəti, Türk
Əməkdaşlıq və
Koordinasiya Agentliyi
(TİKA), “Cavadxan” Tarix
və Mədəniyyət
Fondunun təşkilatçılığı,
Mədəniyyət Nazirliyi,
Kənd Təsərrüfatı
Nazirliyi, Dövlət
Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı
Agentliyi, Azərbaycan Atçılıq Federasiyası
və Dünya Etnoidman Konfederasiyasının
rəsmi dəstəyi
ilə keçirilib.
Respublika.-2019.- 30 iyul.- S.4.