Azərbaycanda
patent sistemi və onun tarixi inkişaf dinamikası
Azərbaycanlı
alimin Nobel mükafatı almasına A.Mikoyan mane oldu
Bəziləri Azərbaycanda patent
sisteminin yaradılması tarixi ilə patent işinin tarixini
qarışdırırlar. Sadə bir həqiqət var:
köynəyin ilk düyməsi səhv düymələnibsə,
digər düymələrin də yeri səhv düşəcək.
Patent işinin tarixi ilə əlaqədar bəzi adamlar bu
gün 25 il rəqəmini
hallandırırlarsa, deməli, bu tarix nəinki 200 il
cavanlaşır, eyni zamanda 200 illik bir zaman içərisində
yetişmiş və dünyasını dəyişmiş zəka
sahiblərini və onların ixtiralarını da tarixdən
silmiş olurlar.
ümumiyyətlə, dünyada əqli
mülkiyyət hüquqlarının qorunmasının təqribən
500 il tarixi var. Patentlə bağlı ilk qanun 1623-cü ildə
Böyük Britaniyada, 1812-ci ildə isə Rusiyada qəbul
olunmuşdur.
Müasir Azərbaycan
tarixinin 30 ildən artıq bir dövründə
respublikamıza rəhbərlik etmiş Heydər Əliyev bu
sahədə də müstəsna xidmətlər göstərmişdir. Müstəqilliyin ilk illərində
əqli mülkiyyət sahəsində də dövlət
siyasətinin aparılması, hüquqların tənzimlənməsi,
beynəlxalq sistemə inteqrasiya və s. məsələlərin
həlli ön plana çəkildi. 1993-cü ildə Azərbaycan
Respublikası Prezidentinin Fərmanı ilə yaradılan
Dövlət Elm və Texnika Komitəsinin əsas məqsədi,
Fərmanda deyildiyi kimi, respublikada elmi-tədqiqat və təcrübə-konstruktor
işlərinin səmərəliliyinin
artırılmasını və yüksəkixtisaslı elmi
kadrların hazırlanmasını təmin etmək, elmi-tədqiqat
müəssisələrinin fəaliyyətini əlaqələndirmək,
elmi nailiyyətlərin iqtisadiyyata tətbiqini sürətləndirmək
idi. Komitənin tərkibində yaradılan Patent-Lisenziya
İdarəsi ilə Patent sistemi öz fəaliyyətinə
başladı. Sonradan aparılan struktur dəyişikliyinə
rəğmən bu idarənin adı bir neçə dəfə
dəyişikliyə məruz qaldı.
Ümumiyyətlə, Azərbaycan
SSR Nazirlər Soveti yanında Dövlət Elm və Texnika
Komitəsi və Dövlət Elmi-Tədqiqat İşlərini
Əlaqələndirmə Komitəsi adlı strukturlar sovetləşmə
dövrünün 20-ci illərindən mövcud idi. Hətta
bununla bağlı 1923-cü ildə Respublika Elmi-Texniki
Kitabxanası da fəaliyyətə başlamışdı,
hansı ki, indi orada minlərlə beyin məhsulumuz toz
altında qalıb. Həmin strukturlarda
vaxtilə Azərbaycanın görkəmli alimləri
çalışmışlar. Görkəmli
elm və dövlət xadimi - Azərbaycan SSR xarici işlər
naziri və paralel olaraq, Nazirlər Soveti sədrinin müavini
işləmiş Tahirə Əkbər qızı Tahirova
1957-1959-cu illərdə bu Komitənin və Dövlət
Elmi-Tədqiqat İşlərini Əlaqələndirmə
Komitəsinin sədri olmuşdur. Dünya
şöhrətli kimyaçı alim Yusif Məmmədəliyev
və görkəmli elm xadimi Azad Mirzəcanzadə də Elm və
Texnika Komitəsinin idarəetmə strukturlarında çox səmərəli
fəaliyyət göstərmişlər.
Orta əsrlərdən bəri
Azərbaycanın ən qiymətli təbii sərvəti,
şübhəsiz ki, neft hesab olunmuşdur. Tarixə nəzər salanda
görürük ki, Azərbaycanın zəngin yeraltı və
yerüstü sərvətlərinin mövcudluğu əcnəbi
iş adamlarının bu torpağa olan sonsuz maraqlarına səbəb
olub. Neft və milyonlar səltənəti kimi
tanınan Azərbaycan XIX əsrdən başlayaraq məhz bu
sərvətinə görə işğalçı qüvvələr
üçün yağlı tikəyə çevrilmişdi.
Rus imperiyası tərkibində 200 ilə yaxın bir dövrdə
bu sərvətlər talanmış, əqli mülkiyyətin
xalqımıza məxsus məhsulları yadellilərin adına yazılmış, xarici ölkələrə
yad dillərdə və yad markalar altında
çıxarılmışdır.
1803-cü ildə bakılı
Hacı Qasımbəy Mənsurbəyov dünyada ilk dəfə
olaraq Bibiheybət körfəzində, sahildən 18 və 30
metr aralıda iki quyudan neft çıxarmağa
başlamışdır. Lakin birinci dəniz mədəninin
ömrü çox qısa olmuşdur - 1825-ci ilin
güclü dəniz fırtınası quyuları məhv
etmişdir.
1949-cu ildə isə açıq dənizdə,
Bakı şəhərindən 100 kilometr məsafədə o
zaman üçün nadir yataq sayılan Neft Daşlarında
vuran fəvvarə dənizdə neftçıxarmanın yeni
mərhələsinin başlanğıcını
qoymuşdur və Azərbaycan dünyada ilk dəfə olaraq
açıq dənizdə neft çıxarmağa
başlamışdır. Birinci dəniz neft
platforması kimi Neft Daşlarının adı Ginnesin
Rekordlar Kitabına düşmüşdür.
Nəhayət, XIX əsrin
sonlarında Azərbaycanda irimiqyaslı neft bumu milli
burjuaziyanın yaranmasına səbəb olmuş və bununla
yanaşı, milli özünüdərk prosesi
başlanmışdır. Nobel qardaşlarının Bakıda
neft sənayesinin yaradılmasındakı xidmətləri,
Bakı milyonçularının Abşeronda neft və onun
emalının təşkilindəki rolu külli miqdarda sərvətin
əllərdə cəmlənməsinə gətirib
çıxarmış və istehsalın az
məsrəflə daha da genişləndirilməsi və səmərəliliyinin
artırılması uğrunda milyonçular arasında elm
adamlarının bu sahəyə cəlb edilməsi məqsədilə
rəqabətin artmasına rəvac vermişdir. Nəticədə, XIX əsrin sonunda Azərbaycan
neft hasilatına görə ABŞ-ı ötüb
keçmiş və 1898-ci ildə dünyada birinci yerə
çıxmışdı.
İsveçli Robert və Lüdviq
qardaşlarının “Nobel qardaşları birliyi” adı ilə
Rusiyada (oxu: Azərbaycanda) qeydiyyatdan keçirdikləri firma,
azərbaycanlı milyonçu, Rusiya İmperiyasının Həqiqi
Dövlət Müşaviri, müsəlman Şərqində
ilk qızlar məktəbinin yaradıcısı, II və III
dərəcəli Müqəddəs Stanislav ordeni laureatı
Hacı Zeynalabdin Tağıyevin (1823-1924) “Hacı Zeynalabdin”
şirkəti, tanınmış azərbaycanlı
milyonçu, neft hasilatçısı, xeyriyyəçi
Ağa Musa Nağıyevin (1848-1919) “Nağıyev Musa” və
“Xəzər ortaqlığı” şirkətləri, XX əsrin
əvvəllərində Azərbaycanın neft
maqnatlarından biri, neftin Rusiyaya daşınmasında buxar gəmisindən
birinci istifadə edən neftxuda Şəmsi Əsədullayevin
(“Nobellərin qənimi”) (1840-1913) çoxsaylı şirkətləri,
Bakı neft sahibkarı, mesenat, Peterburq müsəlman xeyriyyə
cəmiyyətinin fəxri üzvü, 1895-ci ildə
(dünyada ilk dəfə) metal ştanqlarla zərbə qazma dəzgahını
quraşdırmış və bu ixtirasını “Bakı
qazma sistemi” adlandırmış və dövlətdən
müəlliflik hüququ almış (onun digər
ixtiraları da var idi), XIX əsrin axırlarında Bibiheybətdə
ilk neft avadanlığı müəssisəsini, 1917-ci ildə
ilk dəfə taxtayonan dəzgah ixtira etmiş (dəzgah hazırda
Sankt-Peterburq şəhərindəki “Dağ-mədən”
İnstitutunda saxlanılır) Murtuza Muxtarovun (1857-1920) rəsmi
qeydiyyatdan keçirdiyi onlarla şirkəti Azərbaycanda
ixtiraçılıq və patent işinin əsasını
qoymuşdu.
“Nobel qardaşları”
firmasının zavodlarında ilk dəfə olaraq 1882-ci ildə
neftin D.İ.Mendeleyev tərəfindən təklif olunmuş
fasiləsiz distilləsi həyata keçirilmişdir.
Eklundu Qustav Petroviç isə
neft işində ilk dəfə olaraq Bakı mədənlərində
elektrik dartı qüvvəsini tətbiq etmiş, həmçinin
əvvəlki kanat qazmasını ştanq qazması ilə əvəz
etmişdi. Beləliklə, bu dövrdə yüzlərlə
ixtira və səmərələşdirici təkliflər
qeydə alınmışdı.
Patent haqqında qanunların tarixinin
qədimliyi hər hansı bir xalqın əlahiddə əqli
keyfiyyətlərinin səviyyəsinə dəlalət etsə
də ixtiraların tarixi mübahisəlidir. Məsələn,
Amerikada quldarlıq quruluşunu ləğv edən prezident
Avraam Linkoln patentdən yararlanan ilk və hələ ki, son
ABŞ prezidentidir. Maraqlıdır ki, düzəltdiyi
qurğuya görə onun aldığı patent prezidentin
ölümündən 132 il sonra - 1997-ci
ildə aşkarlanmışdır.
Almaniya qədim dövlətdir,
orada əvvəllər də ixtiralar mövcud olub, lakin 1877-ci
ildə qəbul olunan Patent Qanunundan sonra elmi kəşflərə,
mühəndis ixtiralarına və sənaye nümunələrinə
görə müəlliflik hüquqları rəsmi dövlət
qeydiyyatına alınmağa başlanıb. Ancaq baxın, cəmi 68 il ərzində - 1945-ci ilin mayına qədər
Almaniyada elmi kəşf, mühəndis ixtirası və sənaye
nümunəsinə 768,161 patent verilmişdi. Bu
da təxminən bir ilə 11,296 kəşf, ixtira və sənaye
nümunəsi deməkdir.
Məlumat üçün
deyək ki, müharibəni məğlub tərəf kimi
başa vuran alman xalqının beyin nailiyyətlərinin əksəriyyətini
müharibədə onlara dəymiş ziyana görə təzminat
olaraq qalib dövlətlər özlərinə
götürdülər. Təxminən 370,000 patenti ABŞ
götürdü. Qalanı isə Britaniya,
Fransa və SSRİ arasında
bölüşdürüldü. Ən kiçik pay
SSRİ-yə çatdı.
Yeri gəlmişkən, II Dünya
müharibəsi zamanı Azərbaycan kimyaçısı
Yusif Məmmədəliyevin yüksək oktanlı benzin ixtira
etməsi və bunun nəticəsində bizim təyyarəçilərin
düşmən qırıcılarını daha əzmlə
məhv etməsi, eləcə də məşhur “Molotov
kokteyli”ni ixtira etməsi Stalinin diqqətindən
yayınmayıb və o, şəxsən alimə təşəkkür
edərək onu “Lenin” ordeni ilə təltif etmişdir.
Stalinin göstərişi ilə Y.Məmmədəliyev
birbaşa kimya elmləri doktoru alimlik dərəcəsi və
professor elmi adına layiq
görülüb. 1945-ci ildə Azərbaycan SSR
Elmlər Akademiyasının akademiki seçilən alim Elm və
Texnika Komitəsinin fəal üzvü olmuşdur. Y.Məmmədəliyevin elmi tədqiqatlarının
nəticələri 936 elmi və publisistik əsərdə, o
cümlədən 15 müəlliflik şəhadətnaməsi
və patentdə öz əksini tapmışdır.
Yerin ilk peyki, Y.Qaqarinin
uçuşu - bütün bunlar Bakı nefti, Azərbaycanın
neft kimyası məktəbinin yaradıcısı olan Y.H.Məmmədəliyevin
və onun həmfikirlərinin fədakar əməyi sayəsində
baş tutub.
Bəşər
övladı yaranan gündən yaxşı və pis, xeyir və
şər yanaşı yaşayıb. Bir vaxtlar
Abşeron nefti ilə milyonlar qazanan Nobel
qardaşlarının təsis etdikləri Beynəlxalq
mükafata ən layiqli namizəd göstərilən və hətta
Sov. İKP MK-da müzakirəyə
çıxarılan Yusif Məmmədəliyevin namizədliyi
üç yüksək vəzifəli erməninin fitvası
ilə ləğv olunub.
Sovet ordusunun arxa təchizat
idarəsinin rəisi marşal Baqramyan, tank qoşunları
komandanı general Babacanyan MK-ya məktubla müraciət edərək
Yusif Məmmədəliyevin ixtiralarının “dövlət
sirri və hərbi sirr” olduğu üçün ona dair məlumatların
Stokholma göndərilməsini məsləhət görməyiblər. Dövlət
Təhlükəsizlik Komitəsinin sədri A.Şepilovun məktubda
yazılanlara qəti etirazına baxmayaraq, A.Mikoyan məktub
müəlliflərinə haqq qazandırıb və onları
dəstəkləyib.
Beləliklə, Azərbaycanda Patent işinin, müəlliflik hüququnun, eləcə də digər əqli mülkiyyət hüquqlarının Rus imperiyası tərkibində olduğumuz çağlardan bu günədək 200 ildən artıq rəsmi, qeyri-rəsmi və yazılı tarixi mövcuddur. Ulu öndər Heydər Əliyevin bu sahədə ən böyük xidmətlərindən biri isə ondan ibarət oldu ki, Azərbaycanın yeni dönəmində - müstəqillik illərində beynəlxalq qanunlara uyğun olaraq Azərbaycanın Patent sistemini formalaşdırdı və bunu öz Fərmanı ilə təsbit etdi. Məhz bu sahədə qəbul olunan qanunlara rəğmən Azərbaycan Respublikası Ümumdünya Əqli Mülkiyyət Təşkilatının patent sistemi sahəsinə aid olan onlarla konvensiya, saziş və müqaviləsinə qoşulmuş və sıx əməkdaşlıq əlaqələri yaratmışdır. İndi ölkəmiz Paris Konvensiyası, Madrid Sazişi, Budapeşt Müqaviləsi, Lokarno Sazişi, Nitsa Sazişi, Strasburq Sazişi, Haaqa Sazişinin Cenevrə Aktı, Nayrobi Müqaviləsi kimi beynəlxalq sənədlərin tələblərinə uyğun olaraq ən işgüzar və səmərəli fəaliyyət göstərən ölkələrdəndir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 aprel 2018-ci il tarixli sərəncamı ilə yaradılmış Əqli Mülkiyyət Agentliyində bu gün patent işinin təşkili və patent sisteminin dünya əqli mülkiyyət prosesinə daha sıx inteqrasiyası özünün ən yüksək və məsul dövrünü yaşamaqdadır. Ölkənin texniki və iqtisadi siyasətinin həyata keçirilməsində özünəməxsus rol oynayan, intellektual kapitaldan istifadənin genişləndirilməsi və elmi-texniki inkişafın stimullaşdırılması, əqli dəyərlərin insanların sosial həyatını daha da mənalandırması və digər sahələrdə patent sistemi üzrə dövlət siyasəti uğurla davam etdirilir.
Şərif KƏRİMLİ,
Əqli Mülkiyyət Agentliyinin
məsləhətçisi,
yazıçı-publisist.
Respublika.- 2019.- 25 iyul.- S.5.