Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı inkişaf dövrünü yaşayır

 

Ekspertlər KİVDF-nin yaradılmasını müstəqil Azərbaycan mətbuatının inkişaf tarixində növbəti dönüş mərhələsi kimi dəyərləndirirlər

Məlum olduğu kimi, dövlət müstəqilliyinin ilk illərində Azərbaycanda digər sahələr kimi, söz, fikir və məlumat azadlığı sahəsində də ciddi problemlər mövcud idi. Kütləvi informasiya vasitələrində senzuranın tətbiq edilməsi, mətbuat orqanlarının maddi-texniki bazasının zəifliyi, jurnalistlərin peşəkarlıq səviyyəsinin aşağı olması vətəndaş cəmiyyətinin mühüm elementlərindən biri olan fikir, söz və məlumat azadlığının inkişafına mane olurdu. Bir sözlə, müstəqilliyimizin ilk illərində ölkəmizdə baş verən xoşagəlməz olaylar, mövcud olan xaos və anarxiyanın fonunda zəngin ənənələrə və böyük inkişaf yoluna malik olan milli mətbuatımız da, demək olar ki, tənəzzül ilə qarşı-qarşıya qalmışdı. Məhz həmin vaxt mətbuat üzərində hərbi senzuranın yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərmanın və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncamın imzalanması isə onsuz da acınacaqlı durumda olan mətbuatımıza basqıları daha da artırmışdı. Bütün bu problemlər isə 1993-cü ilin iyunundan sonra aradan qaldırılmağa başlandı.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə KİV-in inkişafı üçün mühüm addımlar atıldı

Hələ Sovet hakimiyyəti illərində Azərbaycana rəhbərlik etdiyi dövrdə milli mətbuatın inkişafının qayğısına qalan Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, mətbuatda da əsaslı və müsbət dəyişikliklər baş verdi. Belə ki, 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında hər kəsin fikir və söz azadlığı, qanuni yolla istədiyi məlumatı əldə etmək, ötürmək, hazırlamaq və yaymaq hüququ təsbit olundu, informasiya azadlığına təminat verildi. Azərbaycan Prezidentinin 1998-ci il 6 avqust tarixli Fərmanı ilə Nazirlər Kabineti yanında Mətbuatda və Digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə Edən Baş İdarə ləğv olundu. 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında” yeni qanun qəbul edildi, 2001-2002-ci illərdə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində bu sahədəki qanunvericilik bazası tam təkmilləşdirilərək, beynəlxalq standartlara uyğunlaşdırıldı. 2000-ci ildə KİV-in fəaliyyətinə nəzarət funksiyasını yerinə yetirən Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, 2003-cü ildə isə cəmiyyət, dövlət orqanları və kütləvi informasiya vasitələri arasında münasibətlərin ictimai tənzimlənməsi mexanizmi kimi Mətbuat Şurası yaradıldı. 2002-ci il iyunun 25-də “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Həmin qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 oktyabr tarixli Fərmanının 1-ci bəndi ilə Milli Televiziya və Radio Şurası yaradıldı.

Şübhəsiz ki, senzuranın ləğvi ilə KİV-in inkişafında yeni dövrün başlanğıcı qoyuldu. Eyni zamanda, jurnalistlərin sərbəst fəaliyyət göstərməsi və maneəsiz informasiya toplaması üçün lazımi hüquqi-normativ baza yaradıldı, həyata keçirilən tədbirlər ölkədə fikir plüralizminin genişləndirilməsinə yol açdı.

Ulu Öndərin əsasını qoyduğu KİV-ə dövlət dəstəyi siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən cənab İlham Əliyevin 2003-cü ildən etibarən ölkə başçısı kimi fəaliyyət göstərdiyi dönəmdə də KİV-in inkişafı üçün çoxsaylı tədbirlər görülüb, əhəmiyyətli nəticələr əldə edilib. Bu kontekstdə həm hüquqi əsaslar, həm də mətbuatımızın maddi-texniki bazası daha da gücləndirilib. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında” Sərəncamı ilə kütləvi informasiya vasitələrinin “Azərbaycan” nəşriyyatına olan borcları tamamilə silindi. Məlum olduğu kimi, Ulu Öndər Heydər Əliyevin göstərişi ilə qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borcları dondurulmuşdu. Prezident İlham Əliyevin Sərəncamı ilə məlum borcların silinməsi isə mətbuatın maddi problemlərinin aradan qaldırılması istiqamətində tarixi bir addım idi.

Bundan başqa, dövlət başçısının 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” təsdiq edildi. Məhz bu Konsepsiyada KİV-in inkişafını təmin edəcək, Azərbaycan dövlətinin və xalqının maraqlarına xidmət edəcək əsaslar öz əksini tapdı. Xatırladaq ki, sözügedən Sərəncamda KİV-in inkişafına dövlət dəstəyini həyata keçirəcək qurumun yaradılması üçün müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub. Bunun nəticəsi olaraq, 10 il öncə, 2009-cu il aprelin 3-də dövlət başçısının Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Nizamnaməsi təsdiq olundu, mayın 22-də isə Fondun Müşahidə Şurasının üzvləri və icraçı direktoru təyin edildi. Yarandığı vaxtdan KİVDF-yə ayrılan dövlət vəsaiti bir daha dövlətimizin KİV-ə yüksək diqqət və qayğı göstərdiyini təsdiqlədi.

Eyni zamanda, jurnalistlərə fəxri adların verilməsi, mətbuat orqanlarının və jurnalistlərin obyektiv prinsiplərə, milli maraqlara əsaslanan fəaliyyətinin qiymətləndirilməsi xüsusi vurğulanmalıdır. Bu kontekstdə Azərbaycanda dünyada analoqu olmayan bir nümunənin ortaya qoyulması da ayrıca qeyd edilməlidir. Belə ki, dövlət başçısının 2010-cu il 22 iyul tarixində imzaladığı “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” Sərəncama əsasən, mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrıldı. Həmin Sərəncamın icrası nəticəsində Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsində jurnalistlər üçün 2 blokdan, 156 mənzildən ibarət 17 mərtəbəli bina tikildi və 2013-cü il iyulun 22-də Prezident İlham Əliyev həmin binada mənzillərin paylanması mərasimində iştirak etdi. Həmçinin dövlət başçısının “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə tikilən 3 bloklu, 17 mərtəbəli, 255 mənzilli binanın ötən il iyulun 20-də istifadəyə verilməsi və həmin gün jurnalistlər üçün yeni, sayca üçüncü binanın təməlinin atılması bu istiqamətdə atılan addımların davamlı xarakter daşıdığını bir daha təsdiqləyir. Yəni bütün bunlar onu göstərir ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu KİV-ə dövlət dəstəyi siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Media nümayəndələri KİVDF-nin fəaliyyətini yüksək qiymətləndirirlər

Beləliklə, vurğulandığı kimi, KİVDF Nizamnaməsinin təsdiq edilməsindən 10 il ötür. Həmin vaxtdan etibarən, dövlətin maliyyə dəstəyi ilə fəaliyyət göstərən Fond mütəmadi olaraq həyata keçirdiyi irimiqyaslı layihələrlə ölkəmizdə KİV-in inkişafına yardım göstərir. Təsadüfi deyil ki, ayrı-ayrı media qurumlarının rəhbərləri və təmsilçiləri milli mətbuatın inkişafına göstərilən dövlət qayğısını yüksək qiymətləndirir, KİVDF-nin yaradılmasını müstəqil Azərbaycan mətbuatının inkişaf tarixində növbəti dönüş mərhələsi kimi dəyərləndirirlər.

Məsələn, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan KİV-ə diqqət və qayğı siyasəti son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir: “Hüquqi dövləti azad mətbuatsız təsəvvür etməyin qeyri-mümkünlüyünü bəyan edən Prezident İlham Əliyevin bu sahənin inkişafına diqqət və qayğısı ardıcıl şəkildə həyata keçirdiyi tədbirlərdən, imzaladığı Fərman və sərəncamlardan da aydın görünür. Artıq KİVDF-nin yaradılmasından 10 il ötür. 10 il zaman baxımından qısa bir dövr olsa da, təbii ki, görülən işlər, əldə olunan uğurlu nəticələr bu illəri daha da zənginləşdirməklə böyük zaman təəssüratı yaradır. Fond tərəfindən həyata keçirilən tədbirlər tək mətbuat işçiləri deyil, ictimaiyyətin bütün təbəqələri tərəfindən rəğbətlə qarşılanır, təqdir olunur”.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə bildirib ki, dövlət başçısının 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”ndakı müddəaların ardıcıl olaraq həyata keçirilməsi ölkəmizdə mətbuatın inkişafına çox geniş imkanlar yaradır: “Bu müddət ərzində Azərbaycan dövləti KİV-in inkişafı ilə bağlı özünün strateji mövqeyini ortaya qoyub, bu istiqamətdə ciddi addımlar atıb. Mətbuat orqanlarına siyasi baxışlarına görə heç bir fərq qoymayan dövlətimiz azad mətbuatın inkişafına böyük diqqət göstərir”.

“Həm KİVDF-nin fəaliyyəti, həm də KİV-in inkişafı ilə bağlı atılan bütün addımlar, ilk növbədə, dövlətimizin mətbuatımıza verdiyi qiymət kimi dəyərləndirilməlidir”, - deyən E.Mirzəbəyli qeyd edib ki, KİVDF-nin həyata keçirdiyi layihələr dövlət-mətbuat münasibətlərinin inkişafına mühüm töhfə verir.

Onu da qeyd edək ki, KİVDF 2018-ci ildə də uğurla fəaliyyət göstərib. KİVDF-nin icraçı direktoru Vüqar Səfərlinin Fondun Müşahidə Şurasının iclasındakı çıxışında bildirdiyi kimi, ötən il ərzində də mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində çoxsaylı layihələr həyata keçirilib. Belə ki, ötən il gündəlik, günaşırı və həftəlik nəşr olunan 33 qəzetə maliyyə dəstəyi göstərilib, həmin qəzetlərdə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nda nəzərdə tutulmuş 19 istiqamət üzrə 6.000 səhifədən çox yazı dərc edilib.

Dövlət və cəmiyyət üçün həlli vacib məsələlərdə medianın potensialından səmərəli istifadəyə, jurnalist peşəkarlığının artırılması və sosial müdafiəsinin gücləndirilməsi məsələlərinə xüsusi diqqət ayrıldığını deyən V.Səfərli Fond tərəfindən bu məqsədlə 3 dəfə - Novruz bayramı, Azərbaycan Milli Mətbuatının 143-cü ildönümü və 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə fərdi jurnalist yazıları müsabiqələrinin təşkil olunduğunu bildirib. Fond 2018-ci ildə həmçinin müxtəlif dövlət qurumları ilə birgə 8 əlavə müsabiqə keçirib. Eyni zamanda, Fond ötən il ərzində KİV-in inkişafına xidmət edən digər mühüm addımlar da atıb, redaksiyalara metodiki, texniki-təşkilati, konsultativ və maliyyə dəstəyini də davam etdirib.

Beləliklə yuxarıda sadalananlar da onu deməyə əsas verir ki, dövlətin yüksək diqqət və qayğısı sayəsində Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır.

Nadir AZƏRİ

Azərbaycan Respublikasının

Prezidenti yanında Kütləvi

İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün