Üzeyir Hacıbəylinin əsərlərində qadın mövzusu

Görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin çoxyönlü və zəngin yaradıcılığında, heç təsadüfi deyil ki, qadın mövzusu da önəmli yer tutur. Onun ortaya qoyduğu qadın surətləri geniş bir qalereya təşkil edir. Leyla, Minnət xanım, Gülpəri, Gülçöhrə, Asya, Nigar və digər surətlər bəstəkarın operalarında, operettalarında önəmli dramaturji rola malik olmaqla birlikdə, eyni zamanda xalqımızın müxtəlif tarixi inkişaf aşamalarında qadınlarımızın toplumsal yaşamımızda oynadığı rolu, öz hüquq bərabərliyi uğrunda cəsarətlə mücadilə verə bilməsi, yeri gəldikdə kişilərlə birlikdə yabancı işğalçılara qarşı amansız olması və s. bədii boyalarla öz ifadəsini tapmışdır. Böyük sənətkar qadın surətlərinin yaradılmasında, hər şeydən öncə, dönəmin mütərəqqi ictimai-siyasi baxışlarından çıxış edir və qadın azadlığı məsələlərini heç də xalqın ümumi sosial-siyasi və hüquqi azadlığından ayrı təsəvvür etmirdi.

Əsrlərdən bəri davam edən sosial bərabərsizlikdən, yerli feodal-patriarxal münasibətlərin mürtəce qayda-qanunları, yasaqları qadınlarımızın ləyaqətinin, şərəfinin, istək-arzularının, saf əməllərinin uzun bir zaman çeynənməsinə səbəb olmuşdur. XX əsrin əvvəllərində belə bu son dərəcə mürtəce meyillərin yaşaması və fasiləsiz olaraq ona himayəçilik edənlər hələ də az deyildir. Mürtəce burjua-mülkədar zümrələr, dini istismar edən sosial qruplar hər vasitə ilə qadınların çadra örtməsinə, ərlərinin bütün şıltaqlıqlarına, haqlı-haqsız təhqirlərinə dözmələrinə haqq qazandırır. Bu qaranlıq güclər onları həqiqi azadlıqdan, eyni zamanda hürr olaraq sevib-sevilmək iqtidarından, maarif və mədəniyyətdən ayrı görürdü. Böyük bəstəkarımız qadınlarımızın ləyaqətinin, şərəfinin ayaq altına atılması, onlara qarşı çevrilmiş sınırsız haqsızlıqlara qarşı öz barışmaz səsini ucaltmış və bədii yaradıcılığında bu qəbildən olan mürtəce meyilləri tənqid etmiş, gülüş hədəfinə almışdır. Xüsusilə XX əsrin əvvəllərində toplumsal yaşamımızda baş verən keyfiyyət dəyişikliklərini, tədricən milli şüurun formalaşması sürəcini gözəl duyan bəstəkar, öz əsərlərində yerli mühitdən, sadə insanların istək-arzularından, onların bu və ya digər hadisələrə olan tələbatından çıxış edir. Bu dönəmlər fəaliyyət göstərən müxtəlif sosial təbəqələrin təmsilçilərindən olan bəylərin, qoçuların, milliyəytçi ruhlu jurnalistlərin, antidemokratik zehniyyətli aydınların və s. prototiplərini meydana gətirir. Təsadüfi deyil ki, qadın azadlığı məsələsi bütün hallarda ön plana çəkilmiş olurdu. Üzeyir Hacıbəyli ölməz “O olmasın, bu olsun” musiqili komediyasında XX əsrin əvvəllərində Azərbaycanda mürəkkəb ictimai şərait haqqında, paranın oynadığı həlledici rolu haqqında gözəl təsəvvür yaradır. Əsasən o dönəmin Azərbaycan mühiti üçün xarakterik olan mövzuya əl atan müəllif onu bədii gülüş səviyyəsinə qaldıra bilir. Kasıblaşmış Rüstəm bəy paranın xətrinə ağlını itirərək 15 yaşlı qızı Gülnazı 50 yaşlı Məşədi İbada ərə verməyə çalışır. İfrat dərəcəsinə ulaşmış bu qərar hətta dönəmin köhnə qayda-qanunlarından qida almış Rüstəm bəyin tanışlarına da təəccüblü gəlir. Bununla belə, Rüstəm bəyin arzusuna qarşı yalnız Sənəm açıq-aydın etiraz edir. O, sadə xalq təmsilçisidir, sağlam düşüncəli, cəsarətlidir.

Gülnaz isə təmiz qəlblidir, öz məhəbbətinə, sevgilisinə sona qədər sədaqətlidir. Təsadüfi deyildir ki, o, Sərvərə cavabında kəskin olaraq atası Rüstəm bəyin qərarını heç bir zaman qəbul etməyəcəyini söyləyir və sevgilisinə müraciətlə: “Yox yox, mən səndən başqa kimsəyə getməyəcəyəm. Qoy məni öldürsün, mən səni sevirəm, sənə də gələcəyəm” - deyir. “Arşın mal alan” əsərinin qəhrəmanı Gülçöhrə də eynilə düşünür. Görmədən, sevmədən, bəxtə-bəxt ərə getməyin əleyhinə çıxır. Gülnaz sevgi azadlığını zənginlikdən üstün tutur, atası Sultan bəyin bütün hədə-qorxusuna baxmayaraq sıradan bir arşınmalçı olan Əsgəri sevir. Bəstəkar burada zahirən sadə süjet xətti kimi görünən sevgi motivində dərin sosial məna olduğunu açıq bir şəkildə göstərə bilir. Sultan bəyin sözlərindən bəlli olur ki, o qızının mutluluğunu onun ancaq zəngin, imkanlı adama ərə getməsində görür, çünki bu, onun şəxsi, sosial mənsubiyyətinə uyğundur. “Mən bir bəyəm ki, bütün tanışlarım adımı əzbər bilir. Əşi hamı ilə aş yemirəm ki, bığım yağa batar, bir uşağın birisi mənə eniştə olmaq istəyir”.

Ü.Hacıbəyli ilk komediyası olan “Ər və arvad”da da qadın azadlığının, onun ləyaqətinin, şərəfinin tapdanmağı əleyhinə çıxır. Maraqlıdır ki, əsərin gerçək qəhrəmanı Minnət xanım öz ağlı, zəkası, namus və qeyrətilə bütün iştirakçılardan yüksəkdə durur. Sinifli cəmiyyətin, insanların müxtəlif inanclarının, toplumun meydana gətirdiyi əxlaq normalarının qurbanı olan Mərcan bəyin pis niyyətlərini, düşgünlüyünü bilə-bilə eşini doğru yola gətirməyə çalışır. Nəhayət, Minnət xanımın xoş bir niyyətlə işlətdiyi hiylədən sonra Mərcan bəy elə bir gülünc vəziyyətə düşür ki, bu, eyni zamanda bütün müsəlman aləmində geniş yayılmış çox arvadlılıq, kəbin kəsmə və s. kimi zamanını ötürmüş və gerçək ailə əxlaq normaları ilə bir araya sığmayan adət-ənənələrin öz-özlüyündə lazımsız olduğunu göstərir. Təsadüfi deyil ki, Üzeyir Hacıbəylinin opererttaları tez bir zamanda bütün Şərq ölkələrində geniş yayılmış və bu gün də bir çox teatrların repertuarlarında səslənməkdədir. Zənnimizcə, bu böyük marağn səbəblərindən birisini də bəstəkarın əsərlərində qaldırılmış qadın və sevgi azadlığı məsələlərinin eynilə Şərq ölkələrinin bir çoxunda hələ də həll olunmamış, müasir ictimaiyyəti dərindən düşündürməsi ilə izah etmək mümkündür. Təsadüfi deyil ki, “Arşın mal alan” musiqili komediyasının İran seyirçiləri arasında qazandığı böyük uğurun səbəbini mədəniyyət xadimləri yalnız əsərin dərin ideya-məzmunu, incə yumoru ilə bərabər, eyni zamanda əsərdə ifadə olunan ailə-kəbin problemlərinin müasir İran həyatı ilə olduqca yaxın olmasında görürlər. Əsərin iştirakçılarından olan D.Makaddam “Keyhan” qəzetinin Məşhəd müxbiri ilə olan müsahibəsində söyləyirdi ki, əsərin ifası zamanı seyirçilər iki saat televiziya ekranlarından uzaqlaşmışlar və bu, tamamilə təbiidir, çünki komediya ruhən iranlılara çox yaxındır, burada meydana gətirilmiş obrazları xalq hər gün görür. D.Makaddanın söylədiyinə görə, günümüzdəki İranda hələ də elə ailələr var ki, burada gənclər evlənmək istədiklərini öz ana və atalarına, hətta xalalarına belə söyləyə bilmirlər.

Ü.Hacıbəylinin bütün Şərq ölkələrində yayılmış “Leyli və Məcnun”a müraciət etməsi də heç şübhəsiz, müəyyən mənada qeyd etdiyimiz səbəblərlə izah edilməkdədir.

1908-ci ildə Füzulinin eyni adlı faciəsi əsasında bəstələnmuiş ilk Azərbaycan operasında bəstəkar orta çağın aşırı dini etiqadlarından, sxolastik qayda-qanunlarından uzaq olan gənclərin - Leyli və Məcnunun saf məhəbbətini zəngin xalq musiqimizin, muğamlarımızın vasitəsilə daha da ülvləşdirmiş, əbədiləşdirmişdir. Leylinin faciəsi minlərcə Şərq qızlarının faciəsinin ümumiləşdirilmiş ifadəsi kimi verilmişdir. Uzun bir zaman orta Çağ Şərq dünyasında hökm sürən sosial-əxlaqi haqsızlıqlar, eyni zamanda qadınların sosial esitsizligi, istismarı, sosial fəaliyyətsizliyi, sevgi azadlığından məhrum olması və s. operada zəngin və emosional musiqi obrazları, xüsusilə də Leylinin unudulmaz surəti vasitəsilə bütün dolğunluğu ilə açıqlanır. Təsadüfi deyil ki, opera günümüzə qədər seyrçilər tərəfindən ən şox sevilən əsərlərdən sayılır. Bu operanın səhnə taleyi neçə-neçə tanınmış müğənnilərimizin adı ilə bağlı olmuşdur. Bu baxımdan Leyli obrazını meydana gətirən müğənnilərdən Həqiqət Rzayevanı, Sara Qədimovanı, Rübabə Muradovanı, Zeynəb Xanlarovanı, Nəzakət Məmmədovanı və digərlərini qeyd etmək istərdik.

Üzeyir Hacıbəylinin şah əsəri sayılan “Koroğlu” operasında yaradılmış Nigar obrazı öncələr meydana gətirilmiş qadın surətlərindən ayrılır. Azərbaycan qadınlarına xas olan ən gözəl xüsusiyyətlər - zəriflik, incəlik, ləyaqət, sevgilisinə sadiqlik, cəsurluq və s. Nigar surətində öz musiqili-estetik ifadəsini tapmışdır. Eyni zamanda, bəstəkar Nigar surəti vasitəsilə xalqımızın yüksək etik və estetik idealını əks etdirmişdir. Nigar, Koroğlu kimi məğrur bir xalq qəhrəmanının sevgilisi olmaqla bərabər, heç də passiv olaraq qalmır. Xalqın yabançı işğalçılara qarşı, eyni zamanda öz azadlıqları uğrundakı mücadilədə yaxından iştirak edir.

Operada Nigarın daxili aləmi, Koroğluya olan ülvi məhəbbəti, düşmənlərə qarşı sonsuz nifrəti və s. tədricən professional çoxsəsli musiqinin ariya və arioza kimi janrları vasitəsilə açıqlanır. Məsələn, artıq operanın birinci pərdəsində Nigarın oxuduğu ariozadan bəlli olur ki, o qəsbkarların zülmkarlığına, haqsıqlıqlarına qarşı barışmaz olub, xalqın mutlu gələcəyinə tam olaraq inanır. Bu pərdədə səslənən ariya isə Nigarın xarakterinin digər tərəfini, yəni Koroğluya olan saf, nəcib məhəbbətini, sadiqliyini ifadə edir. Təsadüfi deyil ki, ariyanın musiqi dili sevgidən doğan lirik əhval-ruhiyyə ilə bağlıdır. Bununla belə, ariyanın musiqisinin orta bölümündə müəyyən emosional dəyişiklik hiss olunur. Musiqinin dili bir qədər kəskinləşir. Musiqi səslərinin hərəkəti nisbətən tezləşir. Belə bir bədii metodla bəstəkar Nigarın sona qədər öz sevgisinə sadiq qalacağına and içməsini ifadə edə bilmişdir. Nigar surətinin hərtərəfli ifadə olunmasında eynilə Koroğlunun ariyalarını və xüsusilə də operanın üçüncü pərdəsində oxuduğu ariyanı qeyd etmək lazımdır. Qəhrəmanın bu ariyasından bəlli olur ki, Koroğlu heç də yalnız mücadiləçi bir qəhrəman, xalqın azadlığı uğrunda mübarizə aparan barışmaz bir qəhrəman olmayıb, eyni zamanda dərin bir məhəbbətlə, səmimi qəlblə sevən və bu sevgidən doğan və zəfərlər üçün ruhlana bilən bir qəhrəmandır. Hər iki qəhrəmanın musiqi partiyalarındakı melodik-intonasiya bənzərlikləri, eyni zamanda kütləvi xor səhnələrində belə, onların tez-tez orkestrdə səslənməsi, hər şeydən öncə Koroğlu ilə Nigarın ruhən bir-birinə yaxın olması, xalqın istək-arzularını ifadə etmək üçün bəstəkar tərəfindən istifadə olunan mühüm bədii-estetik vasitələrdəndir. Məgər incəliyini bəstəkarın Nizami Gəncəvinin qəzəllərinə əsasən bəstələdiyi “Sənsiz” və “Sevgili canan” musiqili qəzəlləri də yüksək poetik bir dillə qadın ləyaqətini, zərifliyini incəliyini tərənnüm etmirmi? Hər iki musiqili qəzəl öz yüksək bədiiliyi, emosionallığı, son dərəcə ifadəli, axıcı melodiyasına görə vokal lirikasının ən gözəl nümunələri kimi dinləyicilərimizin çox sevdiyi əsərlərdən sayılır.

Qadın mövzusu Üzeyir Hacıbəylinin hər zaman diqqət mərkəzində olmuşdur. Ömrünün son illəri belə, səhhətinin ağırlaşmasına baxmayaraq, bəstəkar “Füruzə” operası üzərində çalışırdı. Operadan yayınlanmış yeganə parça olan Firuzənin ariyası bəstəkarın qadın surətinin daxili aləminə, psixologiyasına nə dərəcə dərindən nüfuz etməsini açıq bir şəkildə ifadə edir. Bu ariya bəstəkarın yaradıcılığında ən parlaq səhifələrdən biri kimi dəyərləndirilir. Söylənənlər qadın surətlərinin Üzeyir Hacıbəyli yaradıcılığında nə qədər geniş bir yer tutduğunu göstərməklə yanaşı, eyni zamanda bəstəkarın qadınlarımızın daxili duyğu aləminin, xarakterinin, istək-arzularının və s. hər yönlü və geniş bir şəkildə bədii dillə ifadə etməyə çalışmasını da unutmamağı təlqin edir. Müxtəlif məzmunlu və biçimli əsərlərdə yaradılmış qadın surətləri dahi bəstəkarımızın gerçəkdən də qadınlarımızın kədəri, hüquq bərabərsizliyi, müstəqilliyi, ictimai yaşamda layiqli yer tutması kimi sosial problemlərin həllinə dərin maraq göstərməsinin bariz nümunəsidir. Təsadüfi deyil ki, bəstəkar hələ 1926-cı ildə yazdığı “Azərbaycan musiqisinin inkişafı” məqaləsində operaların və musiqili komediyaların xalqımızın sosial-mədəni həyatında, tərbiyələnməsində, eyni zamanda dini fanatizmə qarşı mücadiləsində oynaya biləcəyi rolu xüsusilə qeyd edərkən, bu əsərlərin keçmişdə cahilliyin, dini fanatizmin qurbanı olmuş qadınlarımızın azadlıqlarını əldə etməsində, öz hüquq və bərabərliyini tapmasında oynadığı önəmli rolu da vurğulamışdı.

Üzeyir Hacıbəylinin yaradıcılığında öz bədii ifadəsini tapmış qadın surətləri, onların əvvəlki cəmiyyətlərdə acınacaqlı vəziyyəti, dini fanatizmə, sosial haqsızlıqlara, hüquq bərabərsizliyinə və s. qarşı mücadiləsi bir daha bu baxımdan demokratikləşmə yolunu tutmuş cümhuriyyətimizdə meydana gəlmiş əlverişli sosial-mədəni şəraitin formalaşmasının bir arada nə qədər önəmli olduğunu göstərməkdədir. Hazırda sosial-siyasi və mədəni həyatın müxtəlif sahələrində, eyni zamanda elm, sənət, təhsil, mədəniyyət, iqtisadiyyat, idman və s. sahələrdə qadınlarımızın da kişilərlə bərabər fəal şəkildə iştirak etdikləri söylədiklərimizi təsdiqləməkdədir.

 

 Babək Qurbanov

Respublika.- 2019.- 12 mart.- S.15