Saflığı və
müdrikliyi ilə seçilən Azərbaycan qadını
İradə və mərdliyi,
saflığı və sədaqəti, zəka və
müdrikliyi ilə seçilən Azərbaycan qadını
tarix boyu cəmiyyətimizin milli-mənəvi dəyərlər
sisteminin formalaşaraq inkişaf etməsi, eləcə də
ümumi tərəqqisi proseslərinin mərkəzində
olub. Bu mənada təsadüfi deyil ki, zəngin bir
keçmişə malik Azərbaycan xalqının tarixində
adını qızıl hərflərlə əks etdirən
qadınlarımızın sayı kifayət qədərdir.
Ulu öndərimiz Heydər Əliyev
qadınlara yüksək qiymət verərək qeyd edirdi: “Cəmiyyətdə
qadınların üzərinə daim çox böyük vəzifələr
düşür, onların işi həmişə
ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə
yerinə yetirir və həmişə olduğu kimi, indi də
cəmiyyətdə aparıcı rol oynayırlar”.
Bu gün ölkəmizin
elmi-pedaqoji və ictimai-siyasi həyatında mühüm rol
oynayan qadınlarımızdan biri də Bakı Dövlət
Universitetinin tarix fakültəsinin Qafqaz xalqları tarixi
kafedrasının müdiri, tarix elmləri doktoru, professor, Azərbaycan
Respublikasının Əməkdar müəllimi, YAP Siyasi
Şurasının üzvü, Elm, təhsil
və innovasiyaların inkişafında xidmətlərinə
görə Beynəlxalq “Sokrat” mükafatı və Türk
Dünyası Araşdırmaları Beynəlxalq Elmlər
Akademiyasının həqiqi üzvü və həmin
akademiyanın Beynəlxalq Qızıl ulduz mükafatı
laureatı İradə Mehtiqulu qızı Hüseynovadır.
İradə Hüseynova 1985-ci ildə Azərbaycan
Dövlət Universitetini fərqlənmə diplomu ilə
bitirmiş, elmi-pedaqoji fəaliyyətini davam etdirmək
üçün Elmi Şuranın qərarı və Təhsil
Nazirliyinin təyinatı ilə universitetdə
saxlanılmışdır. Universitetdə kafedrada baş laborant,
müəllim, baş müəllim, dosent, professor vəzifələrində
çalışıb. Namizədlik və doktorluq dissertasiyalarını
müdafiə etmişdir. Hazırda
Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi
kafedrasının müdiridir.
İradə xanım görkəmli dövlət və
siyasi xadim, ümummilli lider Heydər Əliyev haqqında
“Müstəqil Azərbaycan dövlətinin yaranması və
möhkəmləndirilməsində Heydər Əliyevin rolu”
adlı ilk doktorluq dissertasiyasının müəllifidir. Onun doktorluq
dissertasiyasının müdafiəsi ilə elmin yeni istiqaməti
- Əliyevşünaslıq elminin əsası qoyulmuşdur.
Professor İradə Hüseynova həmçinin
ulu öndər Heydər Əliyevin dövlətçilik və
siyasi fəaliyyətinə həsr edilmiş bir sıra
sanballı elmi monoqrafiyaların və dərsliklərin müəllifidir.
Əliyevşünas və qafqazşünas alim professor
İradə Hüseynova 300-ə yaxın elmi əsərin -
Əliyevşünaslıq elminə dəyərli töhfələr
olan “Dövlətçilik naminə” (Bakı, 2001), “Müstəqilliyimizin
təminatçısı” (Bakı, 2003), “Müstəqil Azərbaycan
dövlətinin qurucusu” (Bakı, 2004), “Qeydar Aliev - ot
politiçeskoqo rukovoditelə k obhenaüionalğnomu lideru“ (Bakı, 2005), “Tarix.Zaman.Düşüncələr”.
I cild. (Bakı 2016) adlı
monoqrafiyaların, Qafqazşünaslıq sahəsində -
“Qafqaz xalqlarının tarixi” (Bakı, 2006); “Heydər
Əliyev və Qafqazda sülh prosesi” (Bakı, 2008) adlı
fundamental dərsliklərin, postsovet məkanında ilk dəfə
olaraq “İstoriçeskaə gnüiklopediə Kavkaza”
(Bakı, 2010) adlı ensiklopedik nəşrin müəllifidir.
Eyni
zamanda Qafqaz xalqlarının tarixinə dair ümumi kurs
proqramlarının (Bakı, 1998; Bakı, 2014), dərs vəsaitinin
(Bakı, 1999), magistr hazırlığı üçün
“Heydər Əliyev və Qafqazda sülh prosesi” (Azərbaycan,
rus və ingilis dillərində, Bakı, 2003),
“Qafqazşünaslığa giriş” (Bakı 2014),
“Qafqazın siyasi sistemi” (Azərbaycan və rus dillərində,
Bakı, 2016), “Qafqazın xarici siyasəti” (Azərbaycan və
rus dillərində, Bakı, 2016), “Qafqaz və Yaxın Şərqin
ərəb ölkələri” (Azərbaycan və rus dillərində,
Bakı, 2016), “Qafqaz tarixinin aktual problemləri” (Bakı, 2017),
“İlham Əliyev və müasir dövrdə Qafqazda əməkdaşlığın
inkişafı” (Bakı, 2017) adlı tədris
proqramlarının tərtibçisidir.
2018-ci ildə
nəfis şəkildə professor İradə
Hüseynovanın uzun illər zəhmətinin bəhrəsi,
qiymətli mənbə olan Qafqaz xalqlarının sosial,
iqtisadi, siyasi həyatını, mədəniyyətini, zəngin
adət-ənənələrini, fəlsəfi
baxışlarını, məişətini, milli-mənəvi
dəyərlərini kompleks və sistemli şəkildə ən
qədim zamandan müasir dövrə qədər hərtərəfli
əks etdirən “Qafqaz xalqlarının tarixi” adlı
fundamental dərsliyi işıq üzü
görmüşdür.
Professor
İradə Hüseynovanın monoqrafiyaları, o cümlədən
“İstoriçeskaə gnüiklopediə Kavkaza”
dünyanın 63 ölkəsinin aparıcı milli
kitabxanalarına göndərilmiş, ABŞ, Rusiya, Yaponiya, Tayvan,
Kanada, Misir, Avropa ölkələrindən onun
kitablarını yenidən əldə etmək
üçün sifarişlər, təkliflər gəlmişdir.
Onun monoqrafiyaları və dərslikləri
respublikamızın bir çox universitetlərində, həmçinin
xarici ölkələrin - Almaniya, İngiltərə Rusiya,
Gürcüstanın ali məktəblərində Qafqaz
tarixinin tədrisi üçün əsas olmuşdur.
Professor İradə Hüseynovanın
araşdırmaları ardıcıl surətdə Milli Elmlər
Akademiyasının hesabatlarında mühüm elmi nəticə
kimi qiymətləndirilmişdir.
İradə
Hüseynova Azərbaycan elmini və təhsilini ABŞ,
İtaliya, Fransa, Kanada, İsveç, İsveçrə,
Rumıniya, Bolqarıstan, Rusiya, Türkiyə,
Gürcüstan, Türkmənistan, Belarus, İsrail və s.
ölkələrdə keçirilmiş bir çox beynəlxalq
elmi simpozium və konfranslarda təmsil etmiş, orada məruzələrlə
çıxışlar etmişdir. Məruzələri
nüfuzlu elmi dərgilərdə dərc olunmuşdur.
O, Rusiya Federasiyası Pedaqoji Akademiyasının, Nyu-York Elmlər
Akademiyasının, Beynəlxalq Kadr Akademiyasının həqiqi
üzvüdür.
Onun gənc elmi kadrların hazırlanmasında
böyük xidmətləri vardır. İradə xanımın
elmi rəhbərliyi ilə bir çox gənc alim elmi-tədqiqat
işləri aparmış, fəlsəfə doktoru və elmlər
doktoru adını almaq üçün dissertasiyalar müdafiə
etmişdir, bu proses bu gün də əzmlə davam etdirilir.
İradə xanım ayrı-ayrı illərdə Azərbaycan
Respublikasının Prezidenti yanında Ali Attestasiya
Komissiyasının Ekspert Şurasının üzvü,
Respublika Elmi-Metodiki Şuranın Rəyasət Heyətinin sədr
müavini olmuşdur. İradə Hüseynova 2006-cı ildə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları
ilə Azərbaycan Respublikası - Belarus Respublikası
Dövlətlərarası Komissiyasının, Azərbaycan
Respublikasının Moskva şəhəri ilə əməkdaşlıq
üzrə Hökumət Komissiyasının, 2007-ci ildə isə
Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının
Dağıstan Respublikası arasında iqtisadi və humanitar
sahələrdə əməkdaşlıq üzrə
hökumətlərarası komissiyasının üzvü təyin
edilmişdir. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin 12 mart 2007-ci il tarixli sərəncamı
ilə “Bioloji müxtəlifliyin genetik ehtiyatları üzrə”
Dövlət Komissiyasının üzvü təyin
edilmişdir.
2009-cu il noyabrın 18-də AMEA-nın Respublika Elmi Tədqiqatların
Təşkili və Əlaqələndirilməsi
Şurasına üzv seçilmişdir. Professor
İ.M.Hüseynova Azərbaycan Respublikasının Prezidenti
yanında Ali Attestasiya Komissiyası tərəfindən
dissertasiyaların əsas nəticələrinin dərc
olunması tövsiyə edilən elmi nəşrlərin
siyahısına daxil edilmiş “Tarix. İnsan.
Cəmiyyət” elmi-metodiki jurnalının
baş redaktoru olmuşdur.
İradə
Hüseynova bir çox elmi qurumların - Bakı Dövlət
Universiteti nəzdində elmlər doktoru və fəlsəfə
doktoru elmi dərəcəsi almaq üçün Dissertasiya
Şurasının, AMEA-nın Hüquq və İnsan
Haqları İnstitutunun, Qafqazşünaslıq İnstitutunun
Elmi şuralarının, Respublika Elmi tədqiqatların təşkili
və əlaqələndirilməsi Şurası Tarix üzrə
Problem Şurasının, tarix fakültəsi Elmi
Şurasının üzvüdür. İradə
xanım Azərbaycan Tarix Müəllimləri İctimai
Birliyinin üzvüdür. O, “Dirçəliş - XXI əsr”,
“Qafqazşünaslıq”, “Tarix. İnsan. Cəmiyyət” , “Journal of Qafqaz University” və
Gürcüstanda nəşr olunan “Mejkulğturnıe
kommunikaüii”, Türkiyədə nəşr olunan
“Akademiçeskaə istoriə i mıslğ (Academic journal of
history and idea)” adlı beynəlxalq elmi jurnalların redaksiya
heyətinin üzvüdür.
İradə xanım Azərbaycan Respublikasının
ictimai-siyasi və dövlətçilik həyatında hər
zaman fəal iştirak etmişdir. Uzun illər məsul
dövlət vəzifələrində işləmişdir.
Belə ki, ulu öndər Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli sərəncamı ilə Azərbaycan
Respublikası təhsil nazirinin müavini təyin edilmiş və
bu vəzifədə 2011-ci ilə qədər
çalışmışdır.
Azərbaycan
Respublikası təhsil nazirinin müavini işlədiyi zaman
Azərbaycanın ali təhsil sisteminə, elm sahəsinə,
Azərbaycan Respublikasında təhsilin idarə olunmasına,
təhsilin strategiyasının müəyyənləşdirilməsinə,
şagird nailiyyətlərinin qiymətləndirilməsinə,
təhsildə İKT-nin tətbiqinə, təhsilin idarə
olunmasında məlumat sisteminin yaradılmasına, xüsusi
qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkilinə,
inklüziv təhsilə, təhsil sistemində gender məsələlərinin
həllinə və s. kimi sahələrə rəhbərlik
etmişdir.
O,
“De-institusionalizasiya-dövlət müəssisələrindən
uşaqların ailələrə verilməsi və alternativ
qayğı” Dövlət Proqramının Respublika Əlaqələndirmə
Şurasının sədri, milli koordinatoru olmuşdur. Həmçinin, “İnklüziv təhsil” Dövlət
Proqramının Milli koordinatoru olmuşdur. Onun rəhbərliyi ilə bir çox beynəlxalq və
respublika əhəmiyyətli elmi konfranslar, simpozium və
seminarlar keçirilmiş, müntəzəm olaraq gənc
alim və tədqiqatçıların, o cümlədən tələbələrin
Respublika elmi-praktiki konfransları təşkil olunmuşdur.
İradə xanım Azərbaycan Milli Elmlər
Akademiyasının ümumi yığıncaqlarında - illik
hesabatlarda ali təhsil elminin
inkişafı ilə bağlı məruzələrlə
çıxışlar etmişdir.
Eyni zamanda o, BMT təşkilatlarının (YUNİSEF,
YUNESKO, YUNİFEM), UAFA, World Vision, Save the children
proqramlarının aktiv iştirakçısı olmuş,
beynəlxalq təşkilatların müxtəlif diplom və
sertifikatları ilə təltif olunmuşdur.
Fəaliyyətinin aktual və prioritet istiqamətlərindən
biri də genderşünaslıq məsələlərini
araşdırmaq olmuşdur. Hələ 1998-ci ilin fevral ayında
Türkiyənin paytaxtı Ankara şəhərində Orta
Doğu Texniki Universitetində İngiltərənin “Britiş
Kounsl” təşkilatının Avropa Araşdırma və Tətbiq
Mərkəzi ilə birgə “Gender inkişafda və qadın
təhsili” proqramı çərçivəsində
keçirilən beynəlxalq konfransda Azərbaycanı təmsil
etmişdir. Eyni zamanda bir neçə dəfə gender problemləri
ilə bağlı ABŞ-ın Nyu-York şəhərində
Azərbaycan nümayəndə heyətinin tərkibində
iştirak etmiş, BMT-nin kürsüsündən qadın və
kişilərin hüquqları, cəmiyyətdə yeri və
rolu, təhsil sistemində gender problemləri ilə
bağlı çıxışlar etmişdir.
İradə
xanım elm və təhsil sahəsindəki nailiyyətlərinə
görə 2008-ci ildə Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev tərəfindən “Əməkdar
müəllim” fəxri adına layiq
görülmüşdür. Həmçinin 2011-ci ilin iyun
ayında elm, təhsil və innovasiyaların inkişafında
xidmətlərinə görə İngiltərədə
Oksford Universitetində Beynəlxalq “Sokrat” və tarix, dövlətçilik,
sosial-iqtisadi, siyasi, mədəni problemlərlə
bağlı fəal çıxışlarına, səmərəli
elmi yaradıcılığına görə “Azərbaycan
bayrağı” və “Qızıl qələm”
mükafatları ilə təltif edilmişdir.
İradə Hüseynova hakim partiyanın - Yeni Azərbaycan
Partiyasının I-V qurultaylarının müntəzəm
olaraq nümayəndəsi olmuşdur. YAP-ın I qurultayından etibarən
hazıradək partiyanın ali rəhbər
orqanı olan Siyasi Şuranın üzvüdür. Həmçinin, Bakı Dövlət Universitetində
YAP Qadınlar Şurasının sədridir. 2014-cü
ilin fevral ayında YAP-ın Humanitar Məsələlər
üzrə Komissiyasının sədr müavini, 2014-cü
ilin may ayında isə Respublika üzrə YAP Qadınlar
Şurasının və İdarə Heyətinin üzvü
seçilmişdir. 2015-ci ildə Azərbaycan
Yazıçılar Birliyinin üzvü seçilmişdir.
2015-ci ildə
Heydər Əliyev irsini araşdıran ilk alim kimi, Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin
inkişafında, elmin, təhsilin inkişafında və elmi
kadrların hazırlanmasında xidmətlərinə görə
15 iyun - Milli Qurtuluş Günü münasibətilə
“Zamanla birgə” İctimai Birliyinin qərarı ilə Fəxri
Diploma layiq görülmüşdür. Həmin ildə
ümummilli lider Heydər Əliyevin siyasi və dövlətçilik
fəaliyyətinin ilk elmi tədqiqatçısı, Heydər
Əliyev haqqında ilk doktorluq dissertasiyasının müəllifi
kimi, həmçinin elm, təhsil və innovasiyaların
inkişafındakı xidmətlərinə görə “Bizim
lider” təşkilatının qərarı ilə Fəxri
Diplomla təltif edilmişdir.
Professor
İradə Hüseynova 22 may 2018-ci il
tarixdə Türkiyənin Ankara şəhərində fəaliyyət
göstərən Türk Dünyası
Araşdırmaları Beynəlxalq Elmlər
Akademiyasının həqiqi üzvü seçilmiş və
həmin akademiyanın Beynəlxalq Qızıl ulduz
mükafatına layiq görülmüşdür. İradə xanım öz üzərində
usanmadan işləyən, işinə böyük məsuliyyətlə
yanaşan, ədalətli, obyektiv və səmimi insandır.
O, böyük təcrübəyə malik, yüksək
biliyi, mənəvi-əxlaqi keyfiyyətləri, zəngin
intellektual potensialı, peşəkarlığı, vətənpərvərliyi,
milli təəssübkeşliyi ilə seçilən
tanınmış ictimai xadim, təhsil təşkilatçısı,
dəyərli ziyalı, gözəl pedaqoq və görkəmli
alim kimi Azərbaycan cəmiyyətində və elmində
böyük hörmət, nüfuz qazanmışdır.
M.MİRZƏ
Respublika.-
2019.- 8 mart.- S.4