Vəzifələri kosmik yüksəkliyə
qaldırarkən
Moskvada
nəşr olunan “İnjenernaya qazeta”nın aprel nömrəsində
Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, Beynəlxalq
Mühəndislik Akademiyasının vitse-prezidenti, akademik Arif
Paşayevin “Vəzifələri kosmik yüksəkliyə
qaldırarkən” sərlövhəli məqaləsi dərc
edilib. AZƏRTAC məqaləni təqdim edir.
Azərbaycan
iqtisadiyyatın şaxələndirilməsi yolunu seçib və
qeyri-neft seqmentinin möhkəmləndirilməsi ölkəmiz
üçün prioritet olub. Azərbaycan Mühəndislik
Akademiyası bunu nəzərə alaraq bütün qüvvələrini
qeyri-neft sənayesinin inkişafına, aqrar sektorun sənayeləşməsinə
və dirçəldilməsinə yönəldib. Akademiya
ölkənin davamlı inkişafı strategiyasının
işlənib hazırlanmasına və təkmilləşdirilməsinə
xüsusi diqqət yetirir.
Məlum
olduğu kimi, Azərbaycan Respublikasında kosmik sənayenin
yaradılması və inkişafı üzrə Dövlət
Proqramı həyata keçirilir. Telekommunikasiya peyki orbitə
çıxarılıb, hazırda bu peykin köməyi ilə
154-dən çox telekanalın və 30 radiostansiyanın
verilişləri yayımlanır.
2018-ci
ilin sentyabr ayında Azərbaycan Fransanın “Arianespace”
şirkəti ilə birlikdə növbəti “Azerspace-2”
peykini orbitə çıxarıb. Bu peyk artıq orbitdə
olan “Azerspace-1” peykinin əhatə dairəsini genişləndirməklə
bərabər, onun üçün ehtiyat rolu yerinə yetirir,
bu da əhaliyə daha etibarlı xidmətlər göstərməyə
imkan verir. Bu peykin xidmət zonasına Avropa, Mərkəzi və
Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri
daxildir. Mühəndislik Akademiyası bu proqramın həyata
keçirilməsində fəal iştirak edir və kosmos
üzrə şuraya rəhbərlik edir.
Neftlə
çirklənmə parametrlərinin qiymətləndirilməsi
üçün yüksək ayırdetmə qabiliyyətli
“RADARSAT-2” kosmik radiolokasiya sistemindən istifadə edilməsi əsasında
Xəzər dənizinin Azərbaycan sektoru akvatoriyasında
neft sızmaları parametrlərinin aşkar edilməsi üzrə
işlər davam etdirilir.
Akademiyanın
Rəyasət Heyətinin qərarı ilə Milli Aviasiya
Akademiyası bazasında müasir avadanlıq, cihazlar və alətlərlə
təchiz olunmuş texnopark yaradılıb, bu texnopark tələbələrin
və magistrlərin sərəncamına verilib.
2018-ci
ildə energetika sahəsində tarixi hadisələr baş
verib. Belə hadisələrdən biri “Azəri-Çıraq-Günəşli”
yatağına dair kontraktın müddətinin 2050-ci ilə qədər
uzadılmasıdır. Azərbaycan Dövlət Neft Şirkəti
– SOCAR digər tərəfdaşları ilə birlikdə bu
layihədə operator qismində iştirak edir. Layihədə
Azərbaycan Mühəndislik Akademiyasının üzvləri
də fəal iştirak edirlər. Bu layihə neft
hasilatını hələ uzun illər ərzində sabit səviyyədə
saxlamağa imkan verəcək. Cənub Qaz Dəhlizinin, habelə
TANAP və TAP qlobal layihələrinin həyata keçirilməsi
uğurla davam edir.
Marşrutların
şaxələndirilməsi və Böyük İpək
Yolu üzərində yerləşən ölkələrlə
iqtisadi əlaqələrin genişlənməsi
baxımından nəqliyyat müstəqilliyini, o cümlədən
Avropa qitəsinin müstəqilliyini təmin edən daha bir
genişmiqyaslı transregional layihə Bakı-Tbilisi-Qars dəmir
yoludur. Bu layihə bizə ən yaxın qonşu ölkələr
arasında münasibətləri dərinləşdirməyə
və möhkəmlətməyə kömək edəcək.
Bu layihənin sayəsində biz bir sıra problemləri həll
edə biləcəyik. Məsələn, Avropaya qatarla getmək
mümkün olacaq, iki günə İstanbula çata biləcəyik.
Bu layihə həyata keçiriləndən sonra Pekindən
Londona 12 günə çatmaq imkanı yaranacaq. Mühəndislik
Akademiyası üzvlərinin də iştirak edəcəyi bu
tarixi layihənin reallaşdırılması Azərbaycanı
beynəlxalq nəqliyyat mərkəzlərindən birinə
çevirəcək. Bizim akademiyanın üzvləri
Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşması sahəsində
də mühüm addımlar atırlar. Bu layihə İran sərhədinə
qədər dəmir yolunun tikintisini təmin edəcək.
Son
bir neçə ildə Azərbaycan hökuməti ölkədə
sürət qatarları konsepsiyasını fəal şəkildə
reallaşdırır. Sovet dövründən miras
qalmış dəmir yolu infrastrukturu artıq
dövrümüzün tələblərinə cavab vermir və
onun əsaslı şəkildə modernləşdirilməsinə
ehtiyac var. Sürətli marşrutun istifadəyə verilməsi
nəticəsində artıq Bakı ilə Sumqayıt
arasında əsas avtomobil magistralında avtomobillərin
axını, yollarda tıxacların sayı azalıb. Nisbətən
qısa müddət ərzində elektrik qatarından istifadə
edən sərnişinlərin sayı iki milyonu aşıb. Hər
gün 6 mindən çox insan bu elektrik qatarından istifadə
edir, bu isə o deməkdir ki, insanlar layiqli alternativin üstünlüyünü
və rahatlığını düzgün qiymətləndiriblər.
Qəbələ
son illərdə Azərbaycanın inkişaf etmiş turizm mərkəzinə
çevrilib. Bu istiqamətdə turist axını istər
qışda, istərsə də yayda azalmır. 2019-cu ilin
sonunda Bakının mərkəzindən Qəbələ
aeroportuna qədər dəmir yolu istifadəyə veriləndən
sonra bu məsafəni 2,5 saata qət etmək mümkün
olacaq. Bu marşrut üzrə hərəkət edəcək,
367 sərnişin tutumu olan ikimərtəbəli “Ştadler” dəmir
yolu ekspreslərinin sürəti saatda 120-140 kilometrə
çatacaq. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar
Cəmiyyəti Bakı-Gəncə sürətli dəmir yolu
marşrutu yaradır. Bu layihəni 2019-cu ilin sonuna qədər
tamamlamaq planlaşdırılır. Bütün bunlar logistika
məsələsinin həllini aktuallaşdırıb. Bu
istiqamətə turistlərlə yanaşı, yerli sakinlər
də üstünlük verir. Bütün bu layihələrin
reallaşdırılmasında Azərbaycan Mühəndislik
Akademiyasının üzvləri çox fəal iştirak
edirlər.
Yeni
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin
birinci mərhələsi çərçivəsində
Hollandiyanın “Royal Haskoning” şirkəti ilə birlikdə bərə
terminalı da açılıb. Bizim akademiyanın üzvləri
bu layihədə də iştirak ediblər. Limanın
yükaşırma həcminin ildə 25 milyon ton yükə və
1 milyon konteynerə bərabər olması nəzərdə
tutulur. Layihəyə əsasən limanda logistika mərkəzinin
yaradılması da böyük əhəmiyyət kəsb
edir. Bu mərkəz Azərbaycanın Qərb ilə Şərq
arasında yükaşırma məntəqəsinə
çevrilməsinə imkan verəcək.
Sənaye
innovasiya texnologiyalarının tətbiq edilməsi sahəsində
akademiyada ayrı-ayrı birlik və müəssisələrin
sifarişi ilə praktika üçün əhəmiyyətli
məsələlər yerinə yetirilir. Məsələn,
“Aqreqat” İstehsal Birliyinin sifarişi ilə gücü 2000
vatta qədər olan aviasiya qızdırıcıları
üçün termostabilizasiya və qəza ayırma
qurğusu yaradılıb. Azərbaycan Mühəndislik
Akademiyası çərçivəsində “İqlim”
Elm-İstehsal Müəssisəsinin sifarişi ilə
çoxdamarlı sıxacların avtomatik yoxlanması və
elektromontaj sınaqları üçün daha mükəmməl
qurğunun yaradılması başa çatdırılıb.
Suyun
ilkin tərkibi mürəkkəb və çox çirkli
olduğu yaşayış məntəqələri
üçün içməli suyun təmizlənməsi
üzrə modul qurğusunun yeni avtomatik idarəetmə
blokunun yaradılması da davam etdirilir. Bu qurğu modulun
işini məsafədən simsiz müşahidə və idarə
etməyə imkan verəcək.
Akademiyanın
alim və mühəndisləri neft-kimya texnologiyaları sahəsində
neft-qaz mədənlərinin tərkibində
kükürd-hidrat və karbon qazı olan lay sularında
metalın qorunması üçün korroziya ingibitorları
yaradıblar. Bu ingibitorların yaradılması zamanı
neft-kimya sintezi üçün xammal mənbələri
qismində təbii və sintetik üzvi turşulardan istifadə
edilib.
Akademiyada
ozonlaşdırma texnologiyası və xüsusi təyinatlı
müvafiq avadanlıq yaradılıb. Bu avadanlıqdan
aviasiyada, təbabətdə, kənd təsərrüfatında
və ölkə iqtisadiyyatının digər sahələrində
istifadə edilir.
Aqrosənaye
sektorunda ölkənin ərzaq təhlükəsizliyinin təmin
edilməsi məqsədilə kənd təsərrüfatının
inkişafı sahəsində quraqlığa davamlı kənd
təsərrüfatı bitkilərinin yetişdirilməsi,
düzənlik və dağətəyi quraqlıq zonalarda və
Azərbaycan Respublikasının eniş-yoxuşlu
torpaqlarında eroziyaya qarşı mübarizə və sudan
istifadə proqramlarını xüsusi qeyd etmək
lazımdır. Azərbaycan bu istiqamətdə Rusiya Federasiyası
ilə birlikdə kənd təsərrüfatının
inkişafına dair dövlətlərarası proqram
hazırlayır. Bizim akademiya N.İ.Vavilovun genetik resurslara aid
elmi irsinin inkişaf etdirilməsi üzrə birgə iş
aparır.
Toxumların
səpin keyfiyyətini yüksəltmək məqsədilə
biz morfoloji göstərici əsasında ozonlu mühitdə kənd
təsərrüfatı bitkiləri toxumlarının səpinqabağı
stimullaşdırılmasının səmərəli
dozasını müəyyən etmək metodunu təklif
etmişik və toxumun sortundan asılı olaraq avtomatik idarə
edilən doza hesablayan qurğunun eksperimental nümunəsini
yaratmışıq.
2018-ci
ilin iyun ayında Bakıda Dünya Əqli Mülkiyyət Təşkilatı
və Avrasiya Patent Təşkilatı tərəfindən
“Əqli mülkiyyətin innovasiyalı iqtisadiyyata töhfəsi”
mövzusunda beynəlxalq konfrans keçirilib. Bizim
akademiyanın həmin konfransa təqdim etdiyi işlər
müsbət qiymətləndirilib.
Beynəlxalq
əməkdaşlıq sahəsində bizim akademiya bir
sıra milli və beynəlxalq akademiyalar və mühəndis
cəmiyyətləri ilə əlaqələri və səmərəli
əməkdaşlığı nizamlamağa səy göstərir.
Azərbaycan Mühəndislik Akademiyası Beynəlxalq Mühəndislik
Akademiyası ilə birlikdə Sloveniya, Belarus, Gürcüstan
və Qırğızıstanın mühəndis
akademiyaları ilə üçtərəfli müqavilələr
imzalayıb.
İslam
Ölkələri Mühəndislik İnstitutları
Federasiyasının (İÖMİF) tərkib hissəsi kimi
biz Azərbaycan Mühəndislik Akademiyası ilə
İÖMİF və onun üzvləri arasında əməkdaşlığı
genişləndiririk.
Bizim
akademiyanın üzvləri il ərzində 4 konfrans,
çoxsaylı dəyirmi masalar, seminarlar və ustad dərsləri
təşkil edib, bir sıra konqreslərdə, beynəlxalq və
regional elmi forumlarda, simpozium və konfranslarda iştirak ediblər.
Üzərində
iş gedən bütün layihələrə ölkənin
aparıcı elmi potensialı, o cümlədən Milli Elmlər
Akademiyası, aparıcı ali məktəblər və
onların intellektual-innovasiyalı klasteri, Azərbaycan Mühəndislik
Akademiyasının da aid olduğu elmi mərkəzlər və
təşkilatlar cəlb edilir.
Bizim
mühəndislər birliyinin fikrincə, təhsildə əsas
resurs məhz istedadlı və hazırlıqlı insanlar
olmalıdır.
Milli
Aviasiya Akademiyasında hər il aviakosmik problemlərin həllində
gənclərin kreativ potensialının üzə
çıxarılmasına və inkişaf etdirilməsinə
həsr olunmuş “Fevral mütaliələri” keçirilir. Bu
mütaliələrin təşkilatçıları Təhsil
Nazirliyi, “Azərbaycan Hava Yolları” QSC (AZAL), Milli Aviasiya
Akademiyası, Azərbaycan Mühəndislik Akademiyası və
“Azərkosmos” Açıq Səhmdar Cəmiyyətidir. “Fevral
mütaliələri-2018” çərçivəsində
“Aviakosmik problemlərin həllində gənclərin
yaradıcı potensialı” mövzusunda III Beynəlxalq
elmi-praktiki gənclər konfransı keçirilib.
Konfransın işində Rusiya, ABŞ, İngiltərə və
Qazaxıstandan gəlmiş xarici qonaqlar iştirak ediblər.
Gənclər arasında riyaziyyat və fizika, müasir
informasiya-kommunikasiya texnologiyaları sahəsində
aparıcı mütəxəssislərin ustad dərsləri,
dəyirmi masalar keçirilir.
Ötən
il bizim akademiyanın üzvləri onlarca kitab, monoqrafiya, o
cümlədən “Aviasiya materialşünaslığı”,
“Mezomexanika və plastiklik fizikası”, “Synergetics and Fractals in
Tribology”, “Materiallar müqaviməti” adlı kitablar, “Mühəndislik
fəlsəfəsi” traktatı və bir sıra başqa əsərlər
nəşr ediblər. Ümumilikdə 60-a yaxın elmi məqalə
dərc edilib, 5 patent, o cümlədən Avrasiya patenti
alınıb. Akademiyanın üzvləri, o cümlədən
xarici alimlər mühəndis cəmiyyətinin
inkişafına verdikləri böyük töhfəyə
görə Mühəndislik Akademiyasının beş
qızıl “Mühəndis rəşadəti” medalı ilə
təltif ediliblər. Akademiyanın üç üzvü
mühəndislik tədqiqatlarının tətbiqinə
görə üç nominasiya üzrə akademiyanın
“İlin mühəndisi” fəxri adına layiq
görülüb, onlara diplom və xatirə medalları təqdim
edilib. Akademiya üzvlərinin xidmətləri dövlət,
hökumət və ictimai təşkilatlar tərəfindən
qeyd edilib: akademiyanın 6 üzvü orden və medallarla təltif
edilib, 1 nəfər “Əməkdar mühəndis”, 2 nəfər
“Əməkdar müəllim” fəxri adlarına layiq
görülüb, 3 nəfərə “İlin mühəndisi”
fəxri adının diplomları və xatirə medalları
təqdim edilib.
Akademiyanın
elmi orqanı – “Azərbaycan Mühəndislik
Akademiyasının xəbərləri” adlı beynəlxalq
elmi-texniki jurnal 10 il ərzində Azərbaycanın və
xarici ölkələrin elmi həyatında fəal iştirak
edir. Jurnal bütün dünya alimlərinin
araşdırdığı problemlərin vəziyyətinə
böyük əhəmiyyət verir. “Azərbaycan Mühəndislik
Akademiyasının xəbərləri” jurnalı internet şəbəkəsində
inteqrasiya edilmiş elmi resursun hüquqi sahibidir. Buraya Rusiya
Elmi Sitatgətirmə İndeksi (RESİ) daxildir. Bu indeksin əmsalı
jurnalın reytinqini müəyyən edir.
2018-ci
il bir sıra yeni layihələrin iştirakçısı
kimi Azərbaycan Mühəndislik Akademiyası
üçün səmərəli il, iqtisadi artımın bərpası,
iri infrastruktur layihələrinin reallaşdırılması,
genişmiqyaslı regional və beynəlxalq sammitlərin
keçirilməsi ili olub.
Arif
Paşayev
Azərbaycan
Mühəndislik Akademiyasının prezidenti, akademik
Respublika.-
2019.- 1 may.- S.7