Əli İnsanov Azərbaycanın
bugünkü reallıqlarını çox yaramaz formada təhrif
edir
Baş nazirin müavini, Yeni Azərbaycan
Partiyasının Sədr müavini – İcra katibi Əli
Əhmədov
Baş nazirin müavini, Yeni Azərbaycan
Partiyasının Sədr müavini – İcra katibi Əli
Əhmədov Prezident İlham Əliyevin əfv Sərəncamı
ilə azadlığa buraxılmış Əli İnsanovun
qeyri-insani hərəkətləri, eləcə də
bütövlükdə müxalifət düşərgəsinin
antimilli düşüncə və hərəkətləri
ilə bağlı "Trend"-ə geniş müsahibə
vermişdir. yap.org.az mövzunun aktuallığını nəzərə
alaraq, həmin müsahibəni öz oxucularına təqdim
edir.
- Əli müəllim, əvvəlcə
müsahibəyə vaxt ayırdığınıza görə
təşəkkür edirik. İlk olaraq son günlərdə
Azərbaycan iqtidarı əleyhinə əsassız bəyanatlar
səsləndirən Əli İnsanovun davranışına
qiymət verməyinizi istərdik.
- Əli İnsanov Prezident
İlham Əliyevin humanist addımı ilə əfv sərəncamı
əsasında vaxtından əvvəl azadlığa
buraxıldı. Hesab edirəm ki, ləyaqət hissini itirməyən
istənilən adam ölkə başçısının bu
jestinə uyğun davranış sərgiləməli idi.
Ən azından bir təşəkkür ifadə etməli
idi. Dəfələrlə Heydər Əliyevə sadiq
olduğunu bəyan edən insan onun məzarını ziyarət
etməli idi. Əli İnsanov isə bunu etmədi və cəmiyyətdə
ona qarşı münasibət daha da pisləşməyə
doğru dəyişdi.
Əli İnsanov təşəkkür etmək
əvəzinə mətbuata verdiyi müsahibədə şər
və böhtan atmağa davam etdi. Biz Yeni Azərbaycan
Partiyası olaraq Əli İnsanovun mətbuatda hər
hansı bir bəyanatla çıxış etməsinə
etiraz etmirik. Bizim etirazımız onun bəyanatında səsləndirdiyi
və təbii olaraq Azərbaycanın milli maraqlarına
uyğun gəlməyən məqamlarla bağlıdır.
Əli İnsanov erməni lobbisinin dəstəyinə
arxalanmaq məqsədilə onların müdafiəçisi
kimi çıxış etməyə başlayıb. Düşünürəm ki, bunun əsas səbəbi
onunla əlaqədardır ki, Əli İnsanov azadlığa
çıxdıqdan sonra ümid etdiyi xalqın dəstəyini
görmədi və özünü ermənilərin, eləcə
də onların lobbisinin qanadının altına salmağa
çalışdı. O bəyan edib ki, guya ermənilər
ona görə ölkəmizə qarşı
separatçı mübarizəyə başlayıblar ki,
onların Azərbaycanda hüquqları pozulur.
Güman edirəm ki, Əli
İnsanov ermənilərin Azərbaycana qarşı
separatçı hərəkətlərinin 1988-1989-cu illərdə
başladığından xəbərsiz ola bilməz.
Çünki onun da o vaxt Ermənistanda yaşayan qohum-əqrəbaları
həmin illərdə deportasiyaya məruz qalıblar. Əli
İnsanov bu faktı insafsızcasına təhrif edərək
ermənilərin separatçı hərəkətlərinin
mənbəyi kimi guya Azərbaycanda yaşamaq
inkanlarının məhdudlaşdırılmasını
önə çəkir.
Əlbəttə ki, Əli İnsanov bununla
hamıya məlum olan böyük tarixi faktlara da böyük
kölgə salmış olur. Məsələn,
1905-1907-ci, 1915-1918-ci illərdə ermənilər tərəfindən
Azərbaycana olan çoxsaylı hücumlar, Bakı,
Şamaxı və digər şəhərlərimizdə
günahsız azərbaycanlıların kütləvi şəkildə
qətlə yetirilməsi, onların türkə, azərbaycanlıya
olan nifrətindən qaynaqlanan mübarizəsi kimi
reallığa çevrilib. Bütün bunları bilərək
onun - təbii ki, Əli İnsanov bunları bilməmiş
deyil - ermənilərin guya Azərbaycan iqtidarının
günahı ucbatından Azərbaycandan narazı düşməsi
haqqında əsassız bəyanatları
üzücüdür. Bu əsassız bəyanatların bir
adı var – milli xəyanət. Bu, Azərbaycanın milli
maraqlarını torpaqlarımızı işğal etmiş
erməni separatçılarının ayaqlarının
altına atmaqdır.
Son çıxışında o
özünü daha çox ermənilərin müdafiəçisi
kimi təqdim etməyə çalışır. Hesab edirəm
ki, Əli İnsanovun bu hərəkətləri Azərbaycan
xalqı tərəfindən bağışlanılmayacaq.
O bəyan edir ki, hər hansı bir siyasi partiya
yaratmaq fikrindədir. Bu siyasi partiyaya o, kimləri cəlb edəcək?
Erməniləri, erməni diasporunu?
Əli İnsanov Azərbaycanın
bugünkü reallıqlarını çox yaramaz formada təhrif
edir. Guya Azərbaycanda insan hüquqları pozulur, əhali
çətinliklər içərisində yaşayır.
Əli İnsanov Bakının timsalında Azərbaycanda nə
qədər möhtəşəm dəyişikliklərin
baş verdiyinin şahidi ola-ola bütün bu gerçəkliklərə
göz yumur. Bu isə onun məkrli niyyətindən xəbər
verir.
İnsanın bir siması, vahid mövqeyi
olmalıdır. Vaxtilə Azərbaycanda 10 il müddətində
nazir vəzifəsində işləyərkən iqtidarı bəlağətlə
tərifləyib, müxalifətə qarşı kəskin
mövqe nümayiş etdirən Əli İnsanov bu gün
tamamilə əksini söyləyir. Belə olan halda bir söz
ortaya çıxır - simasızlıq.
- Əli müəllim, sosial şəbəkələrdə
saxta profillərdən istifadə edərək Azərbaycana,
ayrı-ayrı insanlara qarşı qarayaxma
kampaniyasının aparılması da bu gün cəmiyyəti
narahat edən problemlərdən biridir. Sizcə, bu cür
kampaniyalar hansı məqsəd daşıyır?
- Azərbaycanda söz, mətbuat, fikir, vicdan
azadlığı təmin olunub. İstənilən insan
öz fikrini açıq şəkildə ifadə etmək
imkanına malikdir. Eyni zamanda insanların siyasi hüquq və
azadlıqları təmin olunub, ayrı-ayrı siyasi təşkilatlarda
birləşə bilirlər, Azərbaycanda çoxlu sayda
müxalifət partiyaları var. Reallıq ondan ibarətdir ki,
Prezident İlham Əliyev tərəfindən həyata
keçirilən siyasət xalqımız tərəfindən
birmənalı şəkildə dəstəklənir. Bunun
üçün ciddi əsaslar var. Bu əsaslar Azərbaycanın
inkişafı, müasirləşmə, yeniləşmə,
insanların təhlükəsizliyinin qorunması və
özlərini sərbəst hiss etməsi ilə əlaqədardır.
Digər bir məqam isə əhalinin sosial rifahının
yüksək səviyyədə təmin olunmasıdır.
Son bir neçə ay ərzində
Prezident İlham Əliyevin sərəncamları ilə
müxtəlif kateqoriyadan olan insanların rifahının
yaxşılaşdırılması ilə bağlı
addımlar atılıb. Əmək haqları, pensiyalar,
müavinətlər, tələbə təqaüdlərinin
artırılmasına dövlət tərəfindən
böyük vəsaitlər xərclənir. Bütün bunlar
birmənalı şəkildə insanların hakimiyyətə
olan münasibətinin daha da yaxşılaşması
üçün zəmin yaradır. Tam qətiyyətlə
deyə bilərik ki, Azərbaycan vətəndaşları
mütləq çoxluq etibarilə Prezident İlham
Əliyevi, onun həyata keçirdiyi siyasəti dəstəkləyirlər.
Bu da təbii olaraq hakimiyyətdə olan partiyanın
elektoratının sayını artırır. Belə olan
halda isə müxalifətin elektoratı azalır. Müxalifət
öz elektoratını formalaşdırıb möhkəmləndirmək
üçün mükəmməl konsepsiya və strategiya
ortaya qoya bilmir. Bir neçə ildir ki, əks qütbdə
olanlar normal bir siyasi platforma müəyyənləşdirib əsas
hədəf və niyyətlərini insanlara çatdıra
bilməyiblər. Buna görə də Azərbaycan cəmiyyətində
bugünkü müxalifətə inam qalmayıb. Bunu mütləq
şəkildə etiraf etmək lazımdır.
Müxalifət itirdiyi mövqelərini
yanlış yolla bərpa etməyə
çalışır. Bu da söyüş, təhqir,
böhtan kampaniyasıdır. Bu isə istənilən halda
başucalığı gətirmir. Eyni zamanda bu kampaniya
onların tərəfdarlarının sayını da
azaldır.
Təəssüf hissi ilə qeyd etmək
lazımdır ki, bu gün müasir texnologiyaların
yaratdığı imkanlardan çirkin məqsədlə
istifadə edənlər var. Onlar sosial şəbəkələrdə
saxta profillər, yalançı adlarla az sayda insanlar cəlb
etməklə hakimiyyətdə olanları təhqir edir, cəmiyyətin
hörmətli üzvlərini təhqirə, mənəvi
terrora məruz qoyurlar. İnsanlar onların kimlər tərəfindən
təhqir olunduğunu, mənəvi terrora məruz
qaldığını bilmirlər. Çünki bunlar
yalançı profillər, adı məlum olmayan
insanlardır. Bu, Azərbaycan cəmiyyətində ciddi
narazılıq mənbəyinə çevrilib. Biz bunu qətiyyətlə
pisləyirik. Onlar açıq şəkildə mübarizə
aparmalı, öz fikir və məqsədlərini aydın
ifadə etməlidirlər. Təhqir və böhtanla hakimiyyət
uğrunda mübarizə aparmaq mümkün deyil. Əgər
hakimiyyət uğrunda mübarizə aparırsansa,
düzgün olmalı, insan hüquqlarına hörmətlə
yanaşmalısan. Böhtanla imic formalaşdırmaq
mümkün deyil.
Bugünkü müxalifət nümayəndələrinin
əksəriyyəti yalnız söyüş söyən, təhqir
edən bir marginal bir qrupa çevrilib. Bu, cəmiyyət
üçün böyük təhlükə mənbəyidir.
Yalnız onların düz yola gələcəyi təqdirdə
normal bir situasiya yaranar.
Təəssüf ki, bu gün müxalifət
yalan və böhtan təqdim edir. Bu cür insanlarla dialoq
aparmaq qeyri-mümkündür. Cəmiyyət müxalifətin
mənəviyyatsızlıq mövqeyinə
yuvarlanmasını qətiyyətlə pisləyir. Azərbaycanda
siyasəti çirkaba çevirmək lazım deyil. Azərbaycan uğurlu bir dövlət kimi
özünü təsdiq edib, böyük inkişaf perspektivləri
var və hamımız bir vətəndaş olaraq ona
çalışmalıyıq ki, ölkəmiz bu inkişaf
yolundan hansısa maneələrə görə geri çəkilməsin.
- Bu gün müxalifət nümayəndələri
tərəfindən tez-tez dialoq məsələsi səsləndirilir.
Lakin müxalifətin öz daxilində bir parçalanma var.
Sizcə dialoq aparıla biləcək müxalifət var?
- Bugünkü reallıqlardan biri odur ki, Azərbaycan
müxalifəti özünü dağıdıcı bir
güc kimi ifadə edir. Təsəvvür edin, vaxtilə bir
yerdə olan müxalifət partiyaları indi
parçalanıb, birləşmək niyyətləri belə
yoxdur. Vaxtilə vahid siyasi qüvvə olan Xalq Cəbhəsi,
daha sonra Müsavat Partiyası kimi fəaliyyət göstərənlər
bir neçə yerə parçalandılar. Onların
hakimiyyətdə olduğu 90-cı illərin əvvəllərində
cəmiyyət parçalanmışdı. Şimal və Cənubda
müəyyən qüvvələr ortaya
çıxmışdı, mərkəzdə müxtəlif
məqsədlərə və siyasi partiyalara xidmət edən
silahlı qüvvələr tüğyan edirdi, ölkə
parçalanırdı. Hakimiyyətin daxilində bir-biri
ilə mübarizə aparan dəstələr var idi.
Bakıdan Gəncəyə, Gəncədən Bakıya
silahlı qüvvələr göndərirdilər ki, hakimiyyəti
parçalasınlar.
Parçalanmağa meylli qüvvələr cəmiyyəti
birləşdirə biməz. Bu, cəmiyyət
üçün böyük fəlakətə gətirib
çıxara bilər. Təsəvvür edin, onlar hakimiyyətə
gəlsələr, Azərbaycanda nə qədər bir-biri ilə
mübarizə aparan hakimiyyətdaxili qüvvələr olar.
Onlar dağıtmaq və parçalamağı daha
yaxşı bacarır, cəmiyyətin birləşdirici
güc mənbəyi kimi özlərini təsdiq edə bilmirlər.
Dağıdıcı bir güc kimi fəaliyyət göstərən,
birləşə bilməyən, öz aralarında normal
dialoq təşkil edə bilməyən bir qüvvə Azərbaycan
üçün nə vəd edə bilər?
Azərbaycan indi çox dəyişib,
90-cı illərin əvvəllərində vəziyyətlə
müasir dövrü müqayisə etsək, bunun şahidi
olarıq. Tarixi miqyasda baxanda iki Azərbaycan
haqqında danışırıq. 90-cı illərin əvvəllərində
fəlakətlə üz-üzə qalan, açlıq və
səfalətin tuğyan etdiyi, parçalanma ərəfəsində
olan və hazırkı, sürətlə inkişaf edən,
gözəlləşən, müasirləşən, paytaxtı
dünyanın ən gözəl şəhərlərindən
birinə çevrilən, dünyanın ən mötəbər
tədbirlərinin keçirildiyi Azərbaycan. Bu,
mənfur qüvvələrin istəmədiyi Azərbaycandır
və imkan vermək olmaz ki, onlar yenidən fürsət
tapıb əldə olunmuş nailiyyətləri
dağıtsın, ölkəni yenə də 90-cı illərin
əvvəllərindəki vəziyyətə gətirsinlər.
Biz bu niyyətlə yaşayan müxalifətin qəti əleyhinəyik.
- Əli müəllim, müxalif qüvvələrin
xarici dairələrin təsiri altına düşməsi də
bu gün əsas problemlərdən biridir.
- "5-ci kolon"a çevrilən müxalif
qüvvələr güclü olmasa da, mövcuddur. Onlar
müxtəlif niyyətlərlə xaricdən verilən
tapşırıqlar, hədiyyələr və
stimullaşdırıcı təkliflər əsasında fəaliyyət
göstərirlər. Təbii ki, bu, Azərbaycanın nəinki
hakimiyyəti üçün, bütövlükdə
müstəqilliyi üçün təhlükədir. Azərbaycana
qarşı olan ayrı-ayrı qüvvələr tərəfindən
maliyyələşən bu qrupların aldıqları
bütün tapşırıqlar milli maraqlara tamamilə
ziddir.
Biz Azərbaycanın daxilində olan, özlərini
siyasi təşkilat adlandıran qrupların "5-ci
kolon"a çevrilməsinin qəti əleyhinəyik və
bunun qarşısı mütləq şəkildə
alınmalıdır.
Xarici ölkələrdə ölkəmizə
qarşı təxribat planlarında iştirak edən bəzi
azərbaycanlılar da "5-ci kolon"un hissələridir.
Onlar əlaqələndirici funksiya yerinə yetirir, müəyyən
tapşırıqları burdakı insanlara
çatdırır və ideoloji zəmin hazırlayırlar.
Bu ideoloji zəmin isə yalan, böhtan, təhqir əsasında
həyata keçirilir. Onlar xaricdə sığınacaq
alıb, Azərbaycan haqqında iftira yaymaqdadırlar.
Bütün bunların hamısı Azərbaycan vətəndaşları
tərəfindən düzgün qiymətləndirilir.
Sübut etməyə ehtiyac yoxdur, bunu hamı görür.
Səs.- 2019.- 7 may.-
S.5