Heydər Əliyev Mərkəzində “Azərbaycana
sevgi ilə” konsert proqramı təqdim olunub
Mayın 11-də Heydər Əliyev Mərkəzində opera sənətinin tanınmış
nümayəndələri Anna
Netrebko, Yusif Eyvazov və Elçin Əzizovun iştirakı ilə “Azərbaycana sevgi ilə” konsert proqramı təqdim edilib.
AZƏRTAC xəbər verir ki, anşlaqla
keçən konserti izləyənlər arasında
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da olub.
Müxtəlif operalardan ariyaların daxil olduğu konsert proqramında ifaçıları Fuad İbrahimov və Murtuza Bülbülün dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.
Musiqili gecədə
G.Verdinin, F.Cileanın
və C.Puççininin
əsərləri ifa
olunub.
Qeyd edək
ki, Anna Netrebko (soprano) Rusiyanın XXI əsrdə
ən görkəmli opera ifaçılarından
biridir. O, yaratdığı
obrazlar, cəsarətli
və dramatik repertuarı ilə opera sənəti tarixində mühüm yer tutur. Anna
Netrebko 2007-ci ildə
ABŞ-ın məşhur
“Time’’ jurnalının
dünyanın ən nüfuzlu 100 şəxsinin
siyahısına daxil olub. Rusiya Federasiyasının Xalq artisti və
Dövlət mükafatı
laureatı olan A.Netrebko müxtəlif ölkələrdə bir
çox mükafatlarla,
o cümlədən Rusiya
ilə Azərbaycan arasında musiqi sənəti sahəsində
əməkdaşlığın möhkəmləndirilməsində səmərəli fəaliyyətinə
görə Azərbaycan Respublikasının
“Dostluq” ordeni ilə təltif edilib. Diskoqrafiyasına operalar, konsert proqramları, bestsellerə
çevrilmiş solo musiqi albomları və həyat yoldaşı Yusif Eyvazovla duetləri daxildir.
Yusif Eyvazov (tenor) Azərbaycanın
Xalq artistidir. İfaçının repertuarına dramatik
istedad və vokal bacarıqlarını
göstərməyə imkan
verən opera partiyaları
daxildir. 2010-cu ildə Rusiya Dövlət Akademik Böyük Teatrında Kavaradossi (“Toska”, C.Puççini) obrazı
ilə debütü onun beynəlxalq karyerasının başlanğıcı
olub. Bundan sonra La Skala,
Metropoliten-opera, Vyana,
Paris operaları və
digər nüfuzlu teatrlardan dəvət alıb. Onun adı “Dünyanın
ən yaxşı tenorları” kitabına daxil edilib.
Azərbaycanın Xalq artisti Elçin
Əzizov (bariton) “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun üzvü olub. 2005-ci ildə Avstriyada “Motsareum” Universitetinin Yay akademiyasında təhsil alıb, daha sonra Bakı Musiqi Akademiyasının vokal şöbəsində
təhsilini davam etdirib. 2007-ci ildə Qalina Vişnevskayanın opera studiyasında
çalışıb. 2008-ci ildən Rusiya
Dövlət Akademik Böyük Teatrının
solistidir. Dünyanın böyük opera və konsert salonlarında çıxış edir.
2017-ci ildə Anna Netrebko
və Yusif Eyvazovla birlikdə opera ulduzlarının “Half Way Around
The World” konsert turunda
iştirak edib. Tur çərçivəsində
6 ölkənin 8 şəhərində
konsertlər verib.
Respublika.- 2019.- 14
may.- S.2