Azərbaycan və
Rusiya prezidentlərinin görüşləri olkəmizin iqtisadi
əlaqələrin inkişafına dinamizm verir
Oktyabrın 2-3-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti
Vladimir Putinin dəvəti ilə bu ölkədə
işgüzar səfərdə olub. Səfər çərçivəsində
dövlət başçılarının təkbətək
və geniş tərkibdə görüşləri
keçirilib və Azərbaycan Prezidenti Soçi şəhərində
keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI plenar
sessiyasında çıxış edib.
Azərbaycan-Rusiya əlaqələrinin kompleks
inkişafı baxımından xüsusi əhəmiyyət
daşıyan bu səfər ölkələrimiz arasında
iqtisadi sahədə əməkdaşlığın
genişləndirilməsində də mühüm önəm
kəsb edir. Prezident İlham Əliyevin Rusiyaya səfərinin
iqtisadi aspektləri barədə Azərtac-ın
suallarını İqtisadiyyat naziri, Azərbaycan
Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq
məsələləri üzrə hökumətlərarası
Dövlət Komissiyasının həmsədri Şahin
Mustafayev cavablandırıb.
"Qafqazinfo" həmin müsahibəni təqdim
edir:
- Şahin müəllim, Azərbaycan
Respublikası Prezidentinin Rusiya Federasiyasına səfəri,
dövlətimizin başçısının tarixi
çıxışı siyasi arenada böyük maraqla
qarşılandı. Azərbaycan ilə Rusiya arasında
iqtisadi əməkdaşlıq məsələləri üzrə
hökumətlərarası Dövlət Komissiyasının həmsədri
kimi səfərin iqtisadi əhəmiyyəti barədə
fikirlərinizi bildirməyi xahiş edirik.
- İlk növbədə, qeyd edim ki, Azərbaycan-Rusiya
əlaqələri möhkəm dostluğa, mehriban
qonşuluğa, etibarlı tərəfdaşlığa və
qarşılıqlı hörmət prinsiplərinə əsaslanır.
Azərbaycan və Rusiya dövlət
başçılarının birgə səyi və siyasi
iradəsi sayəsində ölkələrimiz arasında əlaqələr
strateji tərəfdaşlıq müstəvisində
uğurla inkişaf edir, Azərbaycan və Rusiya prezidentlərinin
müntəzəm görüşləri dövlətlərarası
münasibətlərə yüksək dinamizm verir. Siyasi əlaqələrin
strateji xarakteri, Azərbaycan və Rusiya prezidentlərinin dostluq
münasibətləri iqtisadi əməkdaşlığın
inkişafı üçün əlverişli zəmin
yaradır.
Azərbaycanın mehriban
qonşu, dost, etibarlı və mühüm tərəfdaş
olan Rusiya ilə əlaqələri yüksək səviyyədədir,
siyasi, iqtisadi, humanitar, hərbi-texniki və s. sahələrdə
əməkdaşlığımız genişlənir.
Əlaqələrimizin inkişaf dinamikası və əldə
edilən nəticələr çox müsbətdir.
Bütün bunların arxasında strateji əməkdaşlıq,
mühüm işlər, önəmli layihələr
dayanır və yüksək göstəricilərdə əksini
tapır. Bir daha vurğulayım ki, ikitərəfli əməkdaşlıqda
qazanılan uğurlar dövlət
başçılarının siyasi iradəsindən
qaynaqlanır, məhz bu mühüm amil strateji tərəfdaşlığımızı
daha da möhkəmləndirir.
Bu baxımdan Azərbaycan Prezidentinin
Rusiyanın Soçi şəhərinə işgüzar səfəri
xüsusi əhəmiyyət kəsb edir. Səfər çərçivəsində
aparılan müzakirələr Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının
gələcək inkişafı üçün möhkəm
əsas yaradır.
Vurğulamalıyam ki, səfər çox
uğurlu keçib. Cənab Prezidentin beynəlxalq
münasibətlərin aktual məsələlərinin
müzakirəsi üçün önəmli platforma olan
“Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının
plenar sessiyasındakı tarixi çıxışı
geniş ictimaiyyət tərəfindən böyük rəğbətlə
qarşılanıb, Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsində Azərbaycanın qətiyyətli
və haqlı mövqeyini bir daha bütün dünyaya bəyan
edib.
- Strateji siyasi əlaqələr ölkələrimiz
arasında iqtisadi əməkdaşlığın
inkişafına, xüsusilə ticarətin genişlənməsinə
böyük dinamizm gətirir. Bu barədə nə deyərdiniz?
- Azərbaycan və Rusiya prezidentləri ölkələrarası
ticarətin genişlənməsinə xüsusi önəm
verirlər. Azərbaycan Prezidentinin ötən
ilin sentyabrında Rusiyaya rəsmi səfəri çərçivəsində
imzalanmış Rusiya-Azərbaycan əməkdaşlığının
başlıca istiqamətlərinin inkişafı üzrə
2024-cü ilədək Fəaliyyət Planında əks olunan
5 “Yol xəritəsi” iqtisadi əlaqələrimizin genişlənməsinin
mühüm istiqamətlərini müəyyən edir.
Bu “Yol xəritələri” ticarət, nəqliyyat,
Azərbaycan ərazisində birgə istehsalın
yaradılması, büdcə-vergi sektorunun rəqəmsallaşdırılması
üzrə qarşılıqlı fəaliyyəti və
humanitar sahədə əməkdaşlığı nəzərdə
tutur. Onu da deyim ki, əlaqələrimizin daha dinamik
inkişafı üçün görülən işlər
bu məqsədlərin reallaşdırılmasına xidmət
edir. “Yol xəritələri”ndə ticarət əməkdaşlığının
daha da dərinləşməsi məsələlərinə
xüsusi yer ayrılır. Bununla yanaşı, Azərbaycan və
Rusiya arasındakı Sərbəst ticarət haqqında
Saziş ticarət əməkdaşlığının daha
da genişləndirilməsi üçün əlverişli
imkanlar yaradır.
Hazırda ticarət əlaqələrimiz
yüksək templərlə inkişaf edir. Rusiya Azərbaycanın
əsas ticarət tərəfdaşlarından biridir.
Rusiyanın Cənubi Qafqaz ölkələri ilə ticarət
əlaqələrinin təxminən yarısı Azərbaycanın
payına düşür. Rusiya qeyri-neft məhsullarımızın
ixracı üzrə ilk yerdədir.
Ötən il Azərbaycan-Rusiya ticarət
dövriyyəsi 20 faiz, bu ilin yanvar-avqust aylarında isə 24
faiz artıb. Azərbaycan ilə Rusiya
arasında ticarətin yüksək templərlə artması
strateji əməkdaşlığımızın
mühüm göstəricisi olmaqla, Azərbaycan Prezidentinin
xarici iqtisadi əlaqələrin genişləndirilməsi,
qeyri-neft ixracının stimullaşdırılması istiqamətində
qəbul etdiyi mühüm qərarların, dövlətimizin
başçısının rəhbərliyi ilə
görülən sistemli və ardıcıl işlərin məntiqi
nəticəsidir.
Bir faktı da qeyd edim, bu günlərdə
keçirilən Avrasiya İqtisadi Şurasının
iclasında bildirilib ki, Avrasiya İqtisadi İttifaqına
üzv ölkələr arasında ticarət dövriyyəsi
cari ilin birinci yarısında ötən ilin eyni dövrü
ilə müqayisədə 5 faizdən çox,
İttifaqın üçüncü ölkələrlə
ticarəti isə 2 faizdən çox aşağı
düşüb. Rusiyanın Avrasiya İqtisadi İttifaqının
üzvü olan digər ölkələrlə ticarət
dövriyyəsi isə həmin dövrdə 7 faizdən
çox azalıb.
Azərbaycanla Rusiya arasında ticarətin
müsbət artım templərini daha da gücləndirmək
məqsədilə tədbirlər davam etdirilir. Belə ki, Rusiyada Azərbaycanın Ticarət
Nümayəndəliyi, Həştərxan şəhərində
Azərbaycan İş Mərkəzi, Yekaterinburq şəhərində
Azərbaycan Şərab Evi fəaliyyət göstərir və
iş adamları arasında birbaşa ticarət əlaqələrinin
genişlənməsinə töhfə verir. Həmçinin
Moskva şəhərində Azərbaycan məhsullarının
geniş çeşiddə təqdim olunduğu “Azərbaycan
nemətləri” mağazası açılıb. Rusiyanın
digər şəhərlərində də bu cür
mağazaların açılması istiqamətində
işlər aparılır.
Daha bir vacib amili də
vurğulayım ki, iki ölkənin iş adamları
arasında biznes forumlar, işgüzar görüşlər
keçirilir, Rusiyaya ixrac missiyaları təşkil olunur, Azərbaycan
məhsulları bu ölkədə keçirilən beynəlxalq
sərgilərdə nümayiş etdirilir. Bu günlərdə
Azərbaycan şirkətləri Moskvada təşkil olunan
“Worldfood Moscow 2019” beynəlxalq ərzaq sərgisində vahid ölkə
stendi ilə iştirak edib. Qida, şərab və
spirtli içki məhsulları sahəsində fəaliyyət
göstərən 33 Azərbaycan şirkətinin sərgidə
nümayiş olunan məhsulları yüksək alıcı
marağına səbəb olub və bir sıra ixrac
müqavilələri imzalanıb, razılaşmalar əldə
edilib. Qeyd etmək yerinə düşərdi ki,
artıq Azərbaycan məhsulları Rusiyanın iri
mağazalar şəbəkələrində satılır və
daha geniş istehlakçı dairəsinə təqdim edilir.
Azərbaycan-Rusiya iqtisadi-ticarət əlaqələrinin
genişlənməsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan
işgüzar şuraları da uğurlu fəaliyyət
göstərirlər.
- Heç şübhəsiz ki, bu tədbirlər
ölkəmizin qeyri-neft ixracının genişlənməsinə
yönəlib. Bəs, Rusiya ilə ticarətin
artımını necə
proqnozlaşdırırsınız?
- Əvvəlcə qeyd edim ki, xarici ticarətin
genişləndirilməsi sahəsində görülən
işlərin nəticəsi olaraq, bu ilin 8 ayı ərzində
qeyri-neft ixracımız 15 faiz artıb. Gələn il bu
göstəricinin 20 faiz təşkil edəcəyi, 2023-cü
ildə 3 milyard ABŞ dollarını ötməsi gözlənilir.
Xarici ticarət dövriyyəsində
önəmli yer tutan Rusiya ilə ticarət əməkdaşlığına
gəlincə, ötən il ölkələrimiz arasında
ticarətin həcmi 2,5 milyard ABŞ dolları təşkil
edib və bu sahədə həyata keçirilən
ardıcıl və sistemli tədbirlər, artım
dinamikası 2019-cu ildə ticarət dövriyyəsinin 3
milyard dollara çatacağını söyləməyə
tam əsas yaradır.
Bu məsələ Azərbaycan Respublikası
ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq
məsələləri üzrə Hökumətlərarası
Dövlət Komissiyasının iclaslarında əsas diqqət
yetirilən istiqamətlərdəndir. Komissiya tərəfindən
ayrı-ayrı məhsullar üzrə təhlillər
aparılır. Nəticələr göstərir
ki, Azərbaycanın kənd təsərrüfatı və
emal məhsullarının Rusiyaya ixracının 2 dəfə
artırılması potensialı var və bu imkanın
reallaşdırılması hədəf kimi müəyyən
olunub.
Təsadüfi deyildir ki, ticarət əməkdaşlığının
inkişafı Rusiyanın İqtisadi İnkişaf naziri Maksim
Oreşkinin Azərbaycana səfərləri çərçivəsində
əsas müzakirə mövzularından olub.
- Ölkələrimiz arasında investisiya əməkdaşlığı
da uğurla inkişaf edir...
- Tamamilə doğrudur. Dövlət
başçılarının siyasi iradəsi, ölkələrimizdəki
əlverişli işgüzar mühit qarşılıqlı
investisiya qoyuluşları üçün geniş imkanlar
yaradır. Azərbaycanda 700-ə yaxın Rusiya kapitallı
şirkət fəaliyyət göstərir. Rusiya tərəfindən
Azərbaycan iqtisadiyyatına 4,6 milyard dollar, Azərbaycan tərəfindən
isə Rusiyaya 1,2 milyard dollar sərmayə
yatırılıb. Azərbaycan investorları Rusiyanın
müxtəlif bölgələrində maliyyə-bank,
daşınmaz əmlak, sanatoriya-kurort, qida sənayesi, tikinti
materiallarının istehsalı və digər sahələri əhatə
edən layihələr həyata keçirirlər.
Eyni zamanda, ölkəmizdə Rusiya ilə birgə
layihələr reallaşdırılır. “SOCAR
Polymer” layihəsi, Pirallahı Sənaye Parkında əczaçılıq
müəssisəsinin yaradılması, Gəncə avtomobil zavodunun
Rusiyanın “KamAZ” və “Ural” zavodları ilə əməkdaşlığı,
“Azərmaş” və “QAZ” şirkətləri arasında birgə
layihələr, helikopterlərin təmiri və texniki xidmət
mərkəzinin, Hacıqabulda izolyasiya materialları istehsalının
təşkili layihələri Azərbaycan–Rusiya sənaye-investisiya
əməkdaşlığının önəmli nümunələridir.
Rusiyanın Sənaye və Ticarət
naziri Denis Manturovun ölkəmizə səfəri və Azərbaycan
nümayəndə heyətinin Rusiyanın Yekaterinburq şəhərində
keçirilmiş “İNNOPROM” beynəlxalq sənaye sərgisində
iştirakı çərçivəsində aparılan
müzakirələrdə ölkəmizdə kənd təsərrüfatı
texnikasının, vaqonlar üçün ehtiyat hissələrinin
və digər sənaye məhsullarının
istehsalının təşkili barədə razılıq əldə
edilib.
Həmçinin Rusiya bankları ilə də
sıx əməkdaşlıq həyata keçirilir. Belə
ki, Azərbaycanda sənaye sahəsində həyata
keçirilən layihələrə Rusiya bankları 1 milyard
dollara yaxın vəsait yönəldiblər.
- Ölkələrimiz enerji və nəqliyyat
sahələrində də etibarlı tərəfdaşdırlar...
- Energetika sahəsində əməkdaşlığa
gəlincə, qeyd edim ki, Rusiya şirkətləri Azərbaycanın
neft-qaz sektorunda icra olunan layihələrin, o cümlədən
“Şahdəniz”, Cənubi Qafqaz qaz boru kəməri kimi iri
layihələrin fəal iştirakçısıdır.
Azərbaycan nefti digər marşrutlarla
yanaşı, Bakı-Novorossiysk boru kəməri ilə də
dünya bazarına ixrac olunur. Bununla yanaşı, ölkələrimizin
enerji sistemləri paralel rejimdə fəaliyyət göstərir
və elektrik enerjisi mübadiləsi aparılır. Belə
ki, 2018-ci ildə Azərbaycandan Rusiyaya 121 milyon kVt/saatdan
çox elektrik enerjisi ixrac edilib, Rusiyadan isə 76 milyon
kVt/saatdan artıq elektrik enerjisi idxal olunub.
Hazırda Azərbaycan-Rusiya-İran “Şimal-Cənub”
enerji dəhlizinin yaradılması üzrə texniki-iqtisadi əsaslandırma
sənədləri hazırlanır. Görülən
bütün bu işlər enerji sahəsində əməkdaşlığımızın
genişlənməsinə xidmət edir.
Azərbaycan Prezidentinin Rusiyaya səfəri
zamanı Şimal-Cənub, Şimal-Qərb beynəlxalq nəqliyyat
dəhlizlərinin əhəmiyyəti, tranzit və
yükdaşımaların həcminin artmasında önəmi
xüsusilə vurğulanıb.
Qeyd edim ki, hər iki dəhliz üzrə
yükdaşımaların həcmi ildən-ilə artır.
Keçən il Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi
üzrə bu göstərici 8 dəfə, bu ilin birinci
yarısında isə 63 faiz artıb. Şimal-Qərb dəhlizi
üzrə daşımalar 2019-cu ilin altı ayı ərzində
70 faizdən çox artıb.
Nəqliyyat sahəsində Rusiya ilə əməkdaşlıqda
avtomobil yükdaşımaları da önəmli yer tutur və
bu istiqamətdə infrastrukturun təkmilləşdirilməsinə
xüsusi diqqət yetirilir. Hazırda Samur çayı üzərində
avtomobil körpüsünün tikintisi davam etdirilir və bu
ilin sonunadək başa çatdırılacaqdır. Eyni
zamanda, sərhəd-buraxılış məntəqələrinin
inkişafı layihələrinin
sinxronlaşdırılması məsələsi müzakirə
olunur və bu sahədə xüsusi “Yol xəritəsi”
hazırlanır.
- Digər sahələrdə əlaqələri
necə dəyərləndirərdiniz?
- İqtisadi əməkdaşlığımızda
kənd təsərrüfatı önəmli yer tutur. Rusiya kənd
təsərrüfatı və emal məhsullarımızın
əsas alıcısıdır. Ötən il qonşu ölkəyə
560 min tondan çox məhsul ixrac olunub. Bununla yanaşı,
Rusiya şirkətləri Azərbaycana kənd təsərrüfatı
texnikası ixrac edir. Son illərdə Rusiyadan 900-ə
yaxın müxtəlif təyinatlı kənd təsərrüfatı
texnikası, 650 min tondan çox mineral gübrələr
alınıb.
Yeri gəlmişkən, bu ilin
sonunadək keçiriləcək Hökumətlərarası
Komissiyanın növbəti iclası çərçivəsində
Azərbaycan və Rusiya arasında 2020-2022-ci illər
üçün aqrar-sənaye kompleksi üzrə əməkdaşlıq
Proqramının imzalanması planlaşdırılır.
Əməkdaşlığın daha bir istiqaməti
turizmdir və son illərdə bu sahədə əlaqələrimiz
genişlənir. Azərbaycana gələn turistlərin
sayında Rusiya birinci yerdədir. Ötən il Azərbaycana
Rusiyadan gələnlərin sayı 880 min təşkil edib.
Artım bu il də davam edir. Belə ki, 2019-cu ilin birinci
yarısında rusiyalı turistlərin sayı 2,5 faiz
artıb.
Onu da qeyd edim ki, Azərbaycandan Rusiyanın
müxtəlif şəhərlərinə həftədə
100-dən çox birbaşa aviareys həyata keçirilir.
2018-ci ildən Moskva şəhərində Azərbaycan Turizm
Bürosunun nümayəndəliyi fəaliyyət göstərir.
Turizm sahəsində əməkdaşlığın daha da
genişləndirilməsi üçün iki ölkə
arasında növbəti üç il müddətinə əməkdaşlıq
proqramının imzalanması nəzərdə tutulur.
Görülən bu işlər nəticəsində Azərbaycan
ilə Rusiya arasında turistlərin sayının daha da
artacağı gözlənilir.
İqtisadi sahələrlə bərabər,
humanitar sahələrdə də əlaqələrimiz
inkişaf edir. Mədəniyyət, idman, səhiyyə ilə
yanaşı, təhsil sahəsində də əməkdaşlığımız
uğurludur.
Hazırda ölkəmizdə M.V.Lomonosov
adına Moskva Dövlət Universitetinin və
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb
Universitetinin filialları fəaliyyət göstərir və
bu təhsil ocaqlarında 1100-dən çox tələbə
təhsil alır. Eyni zamanda, Azərbaycanın 14 dövlət
universitetində fəaliyyət göstərən rus dili
bölmələrində 25 min tələbə təhsil
alır. Ölkəmizin 338 məktəbində 130 min
şagird rus dilində oxuyur. Yeri gəlmişkən, Rusiyada da
12 mindən çox şagird 88 məktəbdə Azərbaycan
dili və ədəbiyyatını öyrənir. Rusiya ali təhsil
müəssisələrində 11 mindən çox azərbaycanlı
tələbə oxuyur.
Azərbaycan-Rusiya əməkdaşlığında
regionlararası əlaqələrin rolu da xüsusi qeyd
olunmalıdır. Ölkəmizin Rusiyanın 80-ə yaxın
federal subyekti ilə iqtisadi əlaqələri mövcuddur. Bu subyektlərdən 20-si ilə iqtisadi-ticarət,
elmi-texniki və mədəni əməkdaşlığa dair
sazişlər imzalanıb. Ənənəvi olaraq keçirilən
Azərbaycan-Rusiya Regionlararası Forumu Rusiya Federasiyası və
onun subyektləri ilə əməkdaşlığın
genişləndirilməsində əhəmiyyətli
platformadır. Bu ilin dekabr ayında Moskva şəhərində
10-cu forumun keçirilməsi nəzərdə tutulur.
Sonda bir daha vurğulamaq istərdim
ki, Azərbaycan Respublikası Prezidentinin Rusiya Federasiyasına
səfəri, səfər çərçivəsində
aparılan müzakirələr ölkələrimiz
arasındakı strateji əməkdaşlığı daha da
möhkəmləndirməklə yanaşı, əlaqələrin
bütün sahələrdə dərinləşməsinə,
mövcud geniş potensialın daha dolğun
reallaşdırılmasına, dövlət
başçılarının müəyyənləşdirdiyi
prioritetlər üzrə iqtisadi-ticarət əməkdaşlığının
inkişafına böyük təkan verəcək.
Respublika.- 2019.- 6 oktyabr.- S.3