Müdrikliklə
vicdanın harmoniyası
Akademik İsa Həbibbəyli Azərbaycan Respublikası
Milli Məclisində Elm və Təhsil Komitəsinin sədri,
AMEA-nın vitse-prezidenti, AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun direktoru, Əməkdar elm
xadimidir.
O, maarifçi bir mühitdə,
ömrünü gənc nəslin təlim-tərbiyəsinə
vermiş Əkbər müəllimin ailəsində
dünyaya gəlib. Bu xeyirxah və zəhmətkeş insan
Naxçıvan Respublikasının Şərur
bölgəsindəki Danzik kəndindən,
Həbibbəylilər şəcərəsindəndir.
Qədim tarixə malik olan ata-baba yurdun ağsaqqalı Əli
xan (Əli xan məhəlləsi) mülk sahibi olub ki, onun bir
neçə kəndi əhatə edən böyük
təsərrüfatını XIX əsrin
əvvəllərindən oğlu İbrahim Sultan idarə edib.
Onun Qasıməli, Həsənalı, Abbasəli,
Hüseynqulu, Əhmədalı, Hüseynalı və
Vəkil Sultan adlı oğulları olub.
Həbibbəylilər ailəsi
həmişə Danzik kəndi və onun əhatəsi ilə
bağlı olub. Onlar sovet hakimiyyəti illərinə
qədər Vəkilov soyadı daşıyıb. Repressiya
dövründə həmin soyaddan imtina etməyə məcbur
olublar. Həbib bəyin var-dövləti, dəyirmanları
əllərindən alınıb. Qasıməli Sultan qoluna
mənsub olan Həbib bəyin oğlu Əkbər
müəllim onun da ilk övladı İsa Həbibov -
Həbibbəylidir.
O, ilk təhsilini
Danzik məktəbində alıb, ali təhsilini
Naxçıvan Dövlət Pedaqoji İnstitutunda, Əziz
Şərif, Abbas Zamanov, Məhəmmədhüseyn
Təhmasib, Yavuz Axundlu, İzzət Maqsudov və Yusif Seyidovun
dərs dediyi ali məktəbdə davam etdirib. İnstitutun
ictimai həyatında fəal iştirak edib, Tələbə Elmi Cəmiyyətinin sədri
olub, elmi konfranslarda çıxışlar edib, institutu
fərqlənmə diplomu ilə bitirib.
Azərbaycan dili və
ədəbiyyat müəllimi kimi fəaliyyətə
başlayan İsa müəllim 1973-cü ildə Nizami
Gəncəvi adına Ədəbiyyat İnstitutunun
“Ədəbiyyat nəzəriyyəsi” ixtisası üzrə
aspiranturasına daxil olub. Akademik Məmməd Cəfər
Cəfərovun rəhbərlik etdiyi şöbədə
aspirant kimi fəaliyyətə başlayıb. Filologiya
elmləri doktoru, professor Kamran Məmmədovun
rəhbərliyi ilə “XX əsrin əvvəlləri
Azərbaycan romantik lirikasında sənətkarlıq xüsusiyyətləri”
mövzusunda ilk tədqiqatlarını aparıb.
1980-ci ildə AMEA Nizami
Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi
Şurasında “XX əsrin əvəlləri Azərbaycan
romantik lirikası” mövzusunda namizədlik dissertasiyası,
1996-cı ildə “Cəlil Məmmədquluzadə: mühiti və
müasirləri” mövzusunda doktorluq dissertasiyası
müdafiə edib.
Akademik İsa Həbibbəyli
fədakar alimdir. O, 1970-ci ildə Naxçıvanda
keçirilən “Elm günləri”ndə akademik Məmməd
Cəfər Cəfərovla tanış olub, maraqlı
çıxışı akademikin diqqətini cəlb edib.
Beləliklə, İsa Həbibbəyli Məmməd
Cəfər Cəfərov, Abbas Zamanov və Əziz
Şərif kimi görkəmli ədəbiyyatşünas-alimlərin
layiqli ardıcıllarından olub.
Alimin ilk elmi məruzəsi 1975-ci
ilə, ilk elmi-tədqiqatları 1970-ci illərə
aiddir. Onun Azərbaycan Elmlər
Akademiyası aspirantlarının elmi konfransında “XX əsr
Azərbaycan romantik lirikasında Füzuli günləri” (1975),
Azərbaycan Dövlət Universitetində Məhəmməd
Hadinin 100 illiyinə həsr edilmiş konfransda “Hadi
lirikasının sənətkarlıq xüsusiyyətləri”
(1979), “Poetik formalarda novatorluq” (1979) və başqa
məqalələri maraqla qarşılanıb. O, 1992 və
2004-cü illərdə XX əsrin əvvəlləri
Azərbaycan yazıçılarının həyat və
yaradıcılığını əhatə edən 2 kitab
çap etdirib. Bu kitablarda dövrün həm romantiklərini,
həm də realistlərini canlandırıb. İsa
müəllim həm romantik, həm də realist
ədəbiyyatın problemləri ilə məşğul
olub. Alimin əsas elmi-tədqiqatları XIX-XX əsrlər
Azərbaycan ədəbiyyatının mühüm
problemlərini əhatə edib.
Ədəbiyyatşünas-alim
görkəmli ədəbiyyat tarixçisi və
nəzəriyyəçisidir. O, milli
ədəbiyyat tarixi, habelə, maarifçi realizm, tənqidi
realizm və romantizm yaradıcılıq metodlarının
elmi-nəzəri və estetik əsaslarına dair
tədqiqatlar aparıb, Məmməd Cəfər
Cəfərov, Məmməd Arif, Abbas Zamanov, Kamal
Talıbzadə, Əziz Mirəhmədov, Yaşar Qarayev irsinin
elmi-nəzəri əsaslarını mənimsəyib,
onları yaradıcılıqla davam və inkişaf etdirib.
İsa Həbibbəylinin “Romantik
lirikanın imkanları” (1984), “Ədəbi
yüksəliş” (1985), “Cəlil Məmmədquluzadənin
həyatı və yaradıcılığının əsas
tarixləri” (1986), “M.Ə.Sabirin həyatı və
yaradıcılığının əsas tarixləri” (1987),
“XX əsr Azərbaycan yazıçıları” (1992),
“Cəlil Məmmədquluzadə” (1994), “Cəlil
Məmmədquluzadə: mühiti və müasirləri”
(1997; 2009), “Xalq şairi Məmməd Araz”
(1999), “Ustad Məhəmmədhüseyn Şəhriyar” (1999),
“Cəlil Məmmədquluzadə” (2002), “XX əsrin
əvvəlləri Azərbaycan yazıçıları”
(2004), “Ədəbi-tarixi yaddaş və müasirlik” (2007),
“Akademik Səməd Vurğun Vəkilov” (2015) monoqrafiyaları
görkəmli ədəbi şəxsiyyətlər
haqqındadır.
Alimin “XX yüzilin
əvvəllərində yaşayan Azərbaycan
yazarlarının bioqrafiləri” (1992), “Naxçıvan
Universiteti” (1992), “Seçkin Azərbaycan yazarı Cəlil
Məmmədquluzadə”(1994), “Araz üstə Universitet” (1996)
kitabları Ərzurumda türk dilində, “Naxçıvan
Dövlət Universiteti” (1998) Ankarada türk dilində,
“Cəlil Məmmədquluzadə” (1999) Moskvada rus dilində,
“Şəhriyar dünyası” (2000-2002) İranda əski
əlifba ilə Azərbaycan dilində, “Cəlil
Məmmədquluzadə” (2003) Bakıda alman, ərəb,
fransız, ingilis və rus dillərində, “Görkəmli
Azərbaycan mütəfəkkiri Cəlil
Məmmədquluzadə əsərlərilə” (2004)
Pakistanda, İslamabadda urdu dilində, “Azərbaycan
mütəfəkkir yazıçısı Cəlil Məmmədquluzadə” və “Yeni dövr
Azərbaycan yazıçısı Cəlil
Məmmədquluzadə” (2008) Qahirədə ərəb
dilində, “Cəlil Məmmədquluzadə” (2009)
Naxçıvanda Azərbaycan, rus və ingilis
dillərində, “Cəlil Məmmədquluzadə” (2010)
Urmiyada əski əlifba ilə Azərbaycan dilində,
Sevastopolda rus dilində (2010), “XX əsrin əvvəlləri
Azərbaycan yazıçıları” (2013) Kiyevdə Ukrayna
dilində, “Naxçıvan
xalçaçılığı: ənənə və
müasirlik” (2017) Bakıda Azərbaycan, ingilis, ərəb
və rus dillərində, “Zamanın dühası” (1992)
Azərbaycan, rus, ingilis və fars dillərində nəşr
edilib.
Prinsipial alim
araşdırmalarını Moskva, Tiflis, Bakı, Odessa, Yasnaya
Polyana, Ankara, Qori, Ərzurum arxivlərində və
kitabxanalarında davam etdirib, “Cəlil Məmmədquluzadə:
mühiti və müasirləri” monoqrafiyası 1997 və
2009-cu illərdə çap olunub.
Azərbaycan ədəbiyyatı
tarixi və nəzəriyyəsi ilə ardıcıl
məşğul olan akademik İsa Həbbibəylinin
“Ədəbi-tarixi yaddaş və müasirlik” (2007) monoqrafiyası
onun əhəmiyyətli tədqiqat
əsərlərindəndir. Kitabın birinci
bölməsində S.M.Qənizadə, S.S.Axundov, N.Nərimanov,
R.Əfəndiyev, İ.Musabəyov və
H.K.Sanılının maarifçi görüşləri,
ikinci bölməsində C.Məmmədquluzadə,
M.Ə.Sabir, Ə.Haqverdiyev, M.S.Ordubadi, Ü.Hacıbəyov,
M.Şahtaxtlı, Ə.Nəzmi, Ə.Qəmküsar,
Y.V.Çəmənzəminli, E.Sultanov, Ö.F.Nemanzadə,
Ə.Müznib, M.Ə.Möcüz, B.Abbaszadə
və H.Z.Marağalının tənqidi-realist
baxışları, üçüncü
bölməsində M.Hadi, H.Cavid, Ə.Hüseynzadə,
A.Şaiq, A.Səhhət, C.Cabbarlı və Ə.Cavadın
romantik yaradıcılığı, dördüncü
bölməsində F.Köçərli, A.Sur, M.Ə.Rəsulzadə
və S.Hüseynin tənqidçi və ədəbiyyatşünas
kimi fəaliyyəti ətraflı tədqiq olunub, mühüm
elmi-nəticələr əldə edilib.
Alimin 10 cilddə
seçilmiş əsərlərinin “Ədəbi
şəxsiyyət və zaman” adlanan II cildində (2017)
“Klassik ədəbiyyat”, “Erkən yeni dövr”, “Realizm
epoxası” (maarifçi realizm, tənqidi realizm), “Azərbaycan
romantizmi”, “Azərbaycan mühacirət ədəbiyyatı”,
“Çətin yollarda”, “Müasirlik işığında”,
“Müstəqillik andı” bölmələri verilib. Yeni elmi konsepsiya və ədəbi
dövrləşdirmə prinsipləri işığında
milli ədəbiyyatşünaslığa müasir konseptual
baxış ifadə olunub.
Akademik İsa
Həbibbəyli ABŞ, İngiltərə, Çin, Koreya,
Fransa, Yaponiya, Rusiya, Türkiyə, Şimali Kipr,
Gürcüstan, Almaniya, Belçika, Cənubi Koreya,
İspaniya, İran, İraq, Hindistan, Polşa, Bolqarıstan,
Avstriya, Misir Ərəb Respublikası, Tunis, Ukrayna, Litva,
Pakistan, Macarıstan, Özbəkistan, Qazaxıstan, Monqolustan,
Türkmənistan, Qırğızıstan, Tatarıstan və başqa ölkələrdə
rəsmi səfərlərdə olub, beynəlxalq simpozium,
qurultay və konfranslarda aktual məruzələri ilə
Azərbaycan elmini layiqincə təmsil edib.
Şimali Kipr
Türk Cümhuriyyətində keçirilən III
Uluslararası Atatürk Simpoziumunda “Azərbaycan yazarı
Əli bəy Hüseynzadənin
yaradıcılığında Atatürk”, İranın
Marağa şəhərindəki Beynəlxalq Əvhədi
Konqresində “Əvhədi əsərlərinin
tərcüməsi və nəşri
məsələləri”, Başqırdıstanın paytaxtı Ufada
keçirilən Türkoloqların Beynəlxalq Konqresində
“Əli bəy Hüseynzadənin türkçülük
ideyaları”, Türkiyənin Van şəhərində
keçirilən Uluslararası Dədə Qorqud simpoziumunda
“Kitabi-Dədə Qorqud” dastanlarının tədqiqi yeni
mərhələdə”, Şimali Kipr Respublikasında
keçirilən “Atatürk, Türk
dünyası və Kıbrıs” simpoziumunda
“Atatürk-Naxçıvan”, Nəsirəddin Tusinin 800 illik
yubileyi ilə əlaqədar İranın Marağa
şəhərində keçirilən beynəlxalq simpoziumda
“Nəsirəddin Tusi və müasirlik”, Bolqarıstanın
Şumen Dövlət Universitetində keçirilən
beynəlxalq elmi konfransda “Əli bəy
Hüseynzadənin Şərq-Qərb ideyaları”, Avropa
Universitetlər Assosiasiyasının İspaniyanın Barselona
şəhərində keçirilən beynəlxalq
konqresində, “Azərbaycan-Misir əlaqələri”
beynəlxalq simpoziumunda, YUNESKO-da keçirilən Ali Təhsil
üzrə beynəlxalq konqresdə, “Atatürkdən
Heydər Əliyevə - Nizamidən Yunus İmrəyə: tarixi-ədəbi
ənənələr və müasir
dövr” adlı beynəlxalq simpoziumunda, Rusiya
Federasiyasının Novosibirsk şəhərində
Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin 85 illiyi ilə əlaqədar keçirilən
“Heydər Əliyev: lider və zaman” mövzusunda beynəlxalq
elmi konfransda, Uluslararası Türk kültürü
konqresində, Türkiyədə keçirilən Uluslararası Ağrıdağı simpoziumunda
dəyərli məruzələr edib, Türkiyənin
Ərdəhan şəhərində Atatürk Kültür
Mərkəzi, Ərdəhan vilayəti və Ərdəhan
Universitetinin Naxçıvan Universiteti ilə birgə
keçirdikləri “Azadlığın səsi Bəxtiyar
Vahabzadə”, Macarıstanda keçirilən
“Macarıstan-Azərbaycan: mədəniyyətlərin
dialoqu” beynəlxalq elmi konfranslarda məruzəçi,
habelə, bölmə iclasların sədri olub.
Qars Qafqaz Universiteti və NDU-nun
birgə keçirdiyi “Kars Antlaşması ve Bölgesel
Etkileri” adlı III Uluslararası Kafkasya Tarih simpoziumunun
əsas təşkilatçılarından olub. Yaponiyanın Elm, Təhsil, Mədəniyyət
və İdman Nazirliyinin təşkil etdiyi “Ali
məktəblərin səmərəli idarə olunmasında
Yapon modeli” mövzusunda beynəlxalq seminarda, Naxçıvan
Dövlət Universitetində İran İslam
Respublikasının Naxçıvandakı Baş Konsulluğunun
Mədəniyyət İdarəsi ilə birgə
keçirdiyi “Şəhriyar - müasir dövrün
böyük şairi” mövzusunda beynəlxalq elmi konfranslarda
geniş nitq söyləyib.
Natiq
Qazaxıstanın Astana şəhərində Türk
Akademiyasının keçirdiyi “Çingiz Aytmatov və
müasir türk dünyası” mövzusundakı konfransda
məruzəçi, “Məhtimqulu Fəraqi və dünya
ədəbiyyatı” mövzusunda beynəlxalq simpoziumda
bölmə rəhbəri olub (Türkmənistan, Aşqabad),
eyni zamanda Astanada türkdilli dövlətlərin “Türk yazı günü”
mövzusunda Beynəlxalq Forumda çıxış edib
(Qazaxıstan, Astana).
İsa
Həbibbəyli ulu öndər Heydər Əliyevin
hakimiyyətə gəlməsinin 45-ci ildönümünə
həsr edilmiş “Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin dövlətçilik idealları
və müasir dövr”, “Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin müstəqil
dövlətçilik idealları və müasirlik”, Nizami
Gəncəvi adına Ədəbiyyat İnstitutunda
ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr
edilmiş elmi sessiyalarda, habelə, Rostov vilayətinin
Vyoşenski qəsəbəsində
Şoloxovşünasların “Müasir dövrdə M.A.Şoloxovun
yaradıcılığının öyrənilməsi:
problemlər, konsepsiyalar, yanaşmalar” mövzusunda beynəlxalq
elmi konfransda “M.A.Şoloxov və Azərbaycan” mövzusunda
məruzələr edib.
“Azərbaycan
müasir dünyada” mövzusunda ümummilli lider Heydər
Əliyevin 92-ci ildönümünə həsr edilmiş
konfransda, “Yeddi ulu ozan” beynəlxalq elmi simpoziumda, eyni zamanda
Avrasiya Universitetlər Birliyinin (EURAS) Bakıda, İstanbul
Avrasiya Beynəlxalq Ali Təhsil Zirvəsinə (EURİE)
hazırlıqla bağlı keçirdiyi toplantıda
çıxış edib, Qazaxıstanda, Astanada keçirilmiş Beynəlxalq
Türk Akademiyasının
təşkilatçılığı ilə “Böyük
Çöl” Birinci Humanitar Elmlər Forumunda bölmə
rəhbəri olub, Beynəlxalq Altayşünaslıq
Konfransında çıxış edib (Ərdəhan,
Türkiyə, 2016). O,”Azərbaycan mühacirət
ədəbiyyatı: reallıqlar, problemlər,
vəzifələr” mövzusunda beynəlxalq elmi konfransa
sədrlik edib, “Azərbaycan multikulturalizmi: din və dil
siyasətinin inkişaf perspektivləri” mövzusunda beynəlxalq
konfransda nitq söyləyib.
Alim Ankarada
Türkiyə EA, Beynəlxalq Türk Akademiyası və
Türk Dünyası Elmlər Akademiyaları
Assosiasiyasının iştirakı ilə Birinci Türkoloji
Qurultayın 90 illiyinə həsr edilmiş “Türk
dünyasında elmi əməkdaşlıq və dialoq”
mövzusunda beynəlxalq elmi konfransda “Birinci Türkoloji
Qurultay və elmi-mədəni inteqrasiya prosesləri”, habelə, “Türkoloji
elmi-mədəni hərəkatda ortaq dəyərlər və
yeni çağırışlar” mövzusunda beynəlxalq
konfranslarda çıxış edib.
Akademik Saib
Təbrizinin yaradıcılığına həsr edilmiş
beynəlxalq konfransda məruzəçi olub, Beynəlxalq
Türk Mədəniyyəti Qurumu (Türksoy)
tərəfindən görkəmli şair və dövlət
xadimi Molla Pənah Vaqifin 300 illiyi ilə bağlı
beynəlxalq konfransda çıxış edib (Ankara,
Türkiyə 2017). O,
Qafqazşünasların Birinci Beynəlxalq Forumu, IV
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun
iştirakçısı olub. Macarıstanda, Budapeştdə
akademik Georq Hazainin 85 illiyi münasibətilə dövlət
tədbirində nitq söyləyib, Türkmənistanda Elm
Günləri çərçivəsində beynəlxalq
konfransda (Aşqabad), Türkiyədə İslam
həmrəyliyi: Türkiyə-Azərbaycan dostluğu
timsalında Beynəlxalq konfransda, Qazaxıstanda, Astanadakı
Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin
iclasında, görkəmli gürcü türkoloqu, akademik
Elizbar Cavelidzenin 80 illik yubileyində çıxışlar
edib.
İsa
Həbibbəyli Bakıda keçirilmiş “Fizika və lirika”
mövzusunda beynəlxalq elmi seminarda və Rusiyanın Dubna
şəhərində keçirilmiş yekun tədbirində
əhatəli məruzə söyləyib, İnstitutun Azad Həmkarlar
İttifaqı ilə birgə keçirdiyi “Qoşa qanad: elmi
idrakla bədii yaradıcılığın sintezi” IV “Fizika
və lirika” konfransının
rəhbəri olub.
Akademik AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun Özbəkistan
Respublikasının Azərbaycandakı Səfirliyi ilə
birlikdə özbək ədəbiyyatı və elminin
görkəmli nümayəndəsi Məqsud Şeyxzadənin
110 illik yubileyi münasibətilə “Məqsud
Şeyxzadə: Azərbaycan və
özbək xalqlarının görkəmli oğlu”,
Ədəbiyyat İnstitutu və Özbəkistan
Respublikasının Azərbaycandakı Səfirliyi ilə
birlikdə böyük özbək mütəfəkkiri
və dövlət xadimi Zahirəddin Məhəmməd Baburun
535 illik yubileyi münasibətilə keçirilmiş
“Zahirəddin Məhəmməd Babur və
Azərbaycan”, klassik türkmən şairi Məhtimqulu
Fəraqinin yaradıcılığına həsr edilmiş
“Məhtimqulu - insan qəlbinin mənəvi təbibi”, dünya
şöhrətli yazıçı və ictimai xadim
Çingiz Aytmatovun 90 illik yubileyinə həsr edilmiş
“Çingiz Aytmatov: milliliklə bəşəriliyi
birləşdirən fenomen” mövzusunda beynəlxalq
elmi konfranslara rəhbərlik edib.
Ümummilli lider
Heydər Əliyevin 95 illik yubileyi münasibətilə
“Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi
gerçəklikdən ideala” mövzusunda elmi konfransa
sədrlik edən alim həm də layihə rəhbərliyi
əsasında eyni adlı kitabı 2 cilddə nəşr
etdirib. İsa Həbibbəyli eləcə də “Xurşidbanu
Natəvandan Pərvin
Etisamiyədək” mövzusunda beynəlxalq elmi konfransa və
“Ədəbi proses 2013-2017” mövzusunda yaradıcılıq
müşavirələrinə sədrlik edib.
Akademik
“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası
seriyasından Ceyhun Hacıbəylinin “Seçilmiş
əsərləri”nin təqdimat mərasimində, Mikayıl
Müşfiqin 110 illiyi, görkəmli yazıçı
və ədəbiyyatşünas Mir Cəlal Paşayevin 110
illiyi, “Akademik Məmməd Cəfər Cəfərov:
böyük ömrün
anları və addımları”, akademik Feyzulla
Qasımzadənin 120 illiyi, görkəmli folklorşünas
Mirəli Seyidovun 100 illiyi, AMEA-nın müxbir üzvü
Əlyar Səfərlinin 80 illiyi, tənqidçi və
ədəbiyyatşünas Məsud Əlioğlunun 90 illik
yubiley mərasimlərinə rəhbərlik edib, geniş nitq
söyləyib.
Görkəmli alim AMEA-nın
vitse-prezidenti, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun
direktoru kimi elmin idarə olunması, təşkilati
cəhətdən yenidən qurulması və kadr hazırlığı
sahəsində məhsuldar fəaliyyət göstərir. Onun
cəmiyyət içərisində, habelə, akademiya
sistemində böyük nüfuzu vardır. Xüsusilə, Ədəbiyyat İnstitutunun
əməkdaşları onun direktor kimi
rəhbərliyindən və fəaliyyətindən qürur
duyur, institutda yaratdığı işgüzar mühitdən
məmnun qalırlar. İnstitutun 85 illik yubileyində
əməkdaşların dəyərli mükafatlara layiq
görülməsində akademik İsa Həbibbəylinin
böyük xidmətləri olub.
O, fəal ictimaiyyətçi,
xalq elçisi, ictimai xadim və Yeni Azərbaycan Partiyası
Siyasi Şurasının üzvüdür.
Akademik İsa Həbibbəyli
Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan
Jurnalistlər Birliyi, Atatürk Araşdırmalar
Mərkəzi üzrə Atatürk Kültür Dil və Tarix
Qurumunun üzvüdür. O, eləcə
də Azərbaycan Milli Elmlər Akademiyası, Nyu-York
Elmlər Akademiyası, BMT yanında Beynəlxalq İnformasiya
Akademiyası, İslam Təhsil, Elm və Mədəniyyət
Təşkilatı (İSESKO) üzrə Azərbaycan
Respublikası Milli Komissiyası, Azərbaycan Respublikasının
Elm, texnika, memarlıq, mədəniyyət və
ədəbiyyat üzrə Dövlət Mükafatları
Komissiyası, Dünya Azərbaycanlıları
Əlaqələndirmə Şurasının
üzvüdür.
Akademik İsa
Həbibbəyli Almaniyanın Humbolt şəhər
universitetindəki Azərbaycan tarixi kafedrası (2013),
habelə, Türk Akademiyası ilə Ədəbiyyat
İnstitutu, Gürcüstanın Ədəbiyyat İnstitutu
ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
arasında qarşılıqlı əməkdaşlıq
haqqında müqavilə imzalayıb (2013). Polşanın Varşava
şəhərində AMEA ilə Polşa Elmlər
Akademiyası arasında əməkdaşlıq
müqaviləsinin imzalanma mərasimində iştirak edib
(2013). Türkiyə Qafqaz Universitetlər Birliyi arasında
anlaşma memorandumunu imzalayıb (2014). Konfutsi
İnstitutu ilə elmi əməkdaşlıq
müqaviləsi bağlayıb, Astana şəhərində
Türk Dünyası Elmlər Akademiyaları Birliyinin
yığıncağında AMEA-nı təmsil edib, (2015),
Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi
Bolqarıstan Elmlər Akademiyasında səfərdə olub,
Bolqarıstan Elmlər Akademiyası Ədəbiyyat
İnstitutu ilə əməkdaşlıq memorandumu
imzalayıb (2018).
Hazırda
görkəmli alim elmi-nəzəri problemlərlə
bərabər, ədəbi şəxsiyyətlərin
həyat və yaradıcılığının
tədqiqinə diqqət yönləndirir, yeni monoqrafik
tədqiqatların yazılışını
sürətləndirir, dövrümüzün aktual
problemləri ətrafında ədəbi-nəzəri axtarışlarını
fədakarlıqla davam etdirir. Azərbaycan
ədəbiyyatşünaslığının müasir
problemləri və vəzifələrinə yenidən
baxır, xüsusilə, monoqrafiya və dissertasiyaların
keçmiş metodlarla, üsul və vasitələrlə
yazılışını aradan qaldırmağa
çalışır, millilik amilinə daha artıq
üstünlük verir.
Görkəmli alimin
“Azərbaycan ədəbiyyatı: dövrləşdirmə
konsepsiyası və inkişaf mərhələləri”
adlı elmi-nəzəri tədqiqatı xüsusilə qeyd
edilməlidir. İsa müəllim ədəbi
dövrləşdirmə konsepsiyasına tamamilə geniş
və əhatəli tarixi-nəzəri baxış ifadə
edib, mövcud ədəbi-elmi təcrübəni ümumiləşdirib. Bu kanseptual
tədqiqatda yeni tezislər, vacib elmi müddəalar irəli
sürülüb, həlli yolları göstərilib.
Akademik
Qazaxıstanın paytaxtı Astana şəhərində
Beynəlxalq Türk Akademiyasının
təşkilatçılığı ilə Türk
Dünyası Ədəbiyyat İnstitutları direktorları
iclasında “Türk xalqları ədəbiyyatının
dövrləşdirmə konsepsiyası” mövzusunda
məruzə edib, orada da əhəmiyyətli
elmi-nəzəri müddəalar irəli sürüb. Alimin nəzəri konsepsiyası
əsasında Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun şöbələri tarixi
dövrləşdirmə baxımından
təkmilləşdirilib və yeni şöbələr
yaradılıb. Hazırda elm və tədris
vəsaitlərinin yenidən yazılmasına ardıcıl
diqqət gücləndirilməkdədir.
İsa Həbibbəyli XI-XII
əsrlər Azərbaycan intibahı dövründən,
habelə, XIII-XVIII əsrlərin alim və
təbiblərindən yazıb. XIX əsrin sonu, XX əsrin
əvvəllərində Naxçıvan
ədəbi-mədəni və pedaqoji mühiti, habelə
maarifçilik dövrü və ədəbi məclislər
haqqında qiymətli yazıların müəllifidir. Bu baxımdan alimin Hacağa Fəqir Ordubadi,
Eynəli bəy Sultanov, Mirzə Cəlil Şürbi,
Məmmədqulu bəy Kəngərli, Cümşüd
Paşa Sultanov, Sadıq Xəlilov, Mirzə
Əbülqasım Sultanov, Ələkbər
Məmmədxanov, Rəşid bəy Əfəndiyev
haqqında elmi-publisistik oçerkləri, eləcə də “Naxçıvanda birinci
müəllimlər qurultayı”, “Naxçıvanda mətbuat
(1921-2015)”, “Azərbaycanda Naxçıvan Dövlət
Universiteti”, “Naxçıvanda ilk elmi jurnal”, “Elm yönlü
nəşriyyat”, “Ziyalı mühitinin ağsaqqalı”,
“Tarixçi borcu və vətəndaşlıq mövqeyi”,
“Türkologiya ağırlıqlı azərbaycanşünas
alim”, “Mənbəşünas tarixçi və
azərbaycançı pedaqoq” kimi məqalələri
qiymətlidir. Akademik İsa Həbibbəyli
Ə.Sultanovun “Ədəbiyyatşünaslıq
dəftəri”, G.Kəngərlinin “Rus poeziyasından
tərcümələr”, Eynəli Sultanovun “Azərbaycan
qızı” pyesi, C.Məmmədquluzadənin ilk bədii
əsərləri, Naxçıvan teatrının
yaranması, M.T.Sidqinin “Tərbiyə” məktəbi,
M.Şahtaxtlının publisistikası,
“Şərqi- Rus”un nəşri, M.S.Ordubadi, H.Rasizadə,
Q.Şərifov, Çakər, Ə.Qəmküsar və
başqaları haqqında yeni məlumatlar verib. İsa müəllim
“Molla Nəsrəddin”in nəşri və ideya
məfkurəsindən, habelə, Naxçıvan ədəbi
prosesindən söz açıb. O, Cəlil
Məmmədquluzadənin uzun illər naməlum qalan
nəvə-nəticələrinin aşkar olunmasında xeyli
iş görüb, İranda və Fransada onlarla
görüşüb, ədibin bütöv
şəcərəsini müəyyənləşdirib.
Görkəmli ədibin ev muzeylərinin yaradılması
və təşkilində fəal iştirak edib, əldə
etdiyi qiymətli sənəd, məktub və
şəkilləri muzeyə bağışlayıb.
Mirzəcəlilşünas-alim
Cəlil Məmmədquluzadənin həyatı, mühiti,
müasirləri, yaradıcılığı və nəsil
şəcərəsinə dair yeni məlumatları ilə
Azərbaycan publisistikasına, habelə,
ədəbiyyatşünaslıq elminə
əhəmiyyətli yeniliklər gətirib. Akademik İsa Həbibbəyli 1987-ci ildə
“Cəlil Məmmədquluzadə” monoqrafiyasını,
1990-cı ildə Cəlil Məmmədquluzadənin “Ər”,
“Lənət” və “Oyunbazlar” pyeslərini, 1992-ci ildə “XX
yüzilliyin başlanğıcında yaşayan Azərbaycan
yazıçılarının bioqrafiləri” və
“Naxçıvan Dövlət Universiteti” əsərlərini
kitab halında çap etdirib. Cəlil
Məmmədquluzadə ədəbi irsini beynəlxalq
dövriyyəyə çıxarıb.
Akademik İsa
Həbibbəyli ümummilli lider Heydər Əliyevin və
Prezident İlham Əliyevin sərəncamlarından irəli
gələn tədbirlərin təşkili və
keçirilməsində həmişə aydın mövqe ifadə
edib, əhəmiyyətli məruzələrlə,
çıxışlarla elmi uğurlar qazanıb. İsa
Həbibbəyli də Prezident qərarları ilə keçirilən Azərbaycan
Xalq Cümhuriyyəti ili, Molla Pənah Vaqif ili, Nəsimi ilinin
elmi-təşkilati fəaliyyətinə rəhbərlikdə
böyük əmək sərf edib.
Akademik İsa Həbibbəyli
tərtibçi, naşir və mənbəşünas alim
kimi də uğurlu fəaliyyət göstərir. O, M.T.Sidqi haqqında yeni sənədləri,
məlumatları üzə çıxarıb, onun naməlum
şeirlərindən, dərsliklərindən, çap
olunmamış yazılarından, əlyazma və
məktublarından söz açıb. 2004-cü ildə
M.T.Sidqi əsərlərinin külliyyatını
müqəddimə ilə birlikdə nəşrə
hazırlayıb. Məhəmməd ağa
Şahtaxtlının “Seçilmiş əsərləri”ni
də ilk dəfə 2007-ci ildə çap etdirib.
Akademik İsa Həbibbəyli
xeyli kitaba ön söz, şərhlər və izahlar
yazıb, klassik və müasir ədəbi irsin toplanması,
nəşri və təbliği sahəsində əvəzsiz
xidmətlər göstərib. O, “Məmməd Araz. Qayalara
yazılan səs” (1994), M.T.Sidqinin “Məktəb
hekayələri”, “Naxçıvan Dövlət Universiteti
əməkdaşlarının elmi əsərlərinin
biblioqrafiyası” (1997), (2002, 2003), “Abbas Zamanov” (2003), “Mirzə
Cəlil və Məmmədquluzadələr.
Məktublaşma” (2003), “Müasirləri Abbas Zamanov
haqqında” (2003), “Cəlil Məmmədquluzadə.
Əsərləri. 4 cilddə”, “Məhəmməd
Tağı Sidqi. Əsərləri” (2004),
“Məhəmmədağa Şahtaxtlı” (2006, 2008),
“Hüseyn Cavid. Taleyi və sənəti” (2017), “Milli
ziyalılığın qüdrətli
təminatçısı”, “Akademik Məmməd Cəfər
Cəfərov. Taleyi və sənəti” (2009), “Məmməd
Cəfər Cəfərov. İnsanlar və talelər:
kinodram” (2009), “Cəlil Məmmədquluzadə.
Seçilmiş əsərləri. 2 cilddə” (2009), “Əziz
Şərif. “Molla Nəsrəddin” necə yarandı” (2009),
“Qulam Məmmədli” (2009), “Cəlil Məmmədquluzadə:
taleyi və sənəti” (2010), “Əliqulu Qəmküsar:
taleyi və sənəti” (2011), “Məmməd Səid Ordubadi.
Həyatı və mühiti” (2012), “Eynəli bəy Sultanov.
Publisistika” rus dilində (2016), “Eynəli bəy Sultanov.
Məqalələr” (2017), “Məhəmməd Tağı
Sidqi. Məktəb hekayələri” (2017) kitablarını
çapa hazırlayıb, onlara ön söz və
şərhlər yazıb. “Filologiya və
sənətşünaslıq”, “Azərbaycan
ədəbiyyatşünaslığı”, “Müqayisəli
ədəbiyyatşünaslıq”, “Poetika.İzm”
jurnallarının layihə rəhbəri və baş
redaktorudur.
Akademik İsa Həbibbəyli
azərbaycanşünas-alimdir. O, dövlətçilik
işığında “Azərbaycanın qurtuluş
zərurəti və Heydər Əliyevin böyük
xilaskarlıq missiyası”, “Heydər Əliyev yolu: Naxçıvan reallıqları”, “Böyük
qayıdışın bəhrələri”, “Böyük
inkişafın möhtəşəm hesabatı”,
“Yeniləşmədən intibaha”, “Heydər Əliyev və
Naxçıvan Dövlət Universiteti”, “Nuhçıxandan
Naxçıvana: tarix və müasirlik”
məqalələrini yazıb, “Heydər Əliyevin
dövlətçilik təlimi və müasir
dövr” (2013), “Ədəbiyyatda Heydər Əliyev obrazı.
Tarixi gerçəklikdən ideala” (2018) kitablarını
çap etdirib. Azərbaycan
Respublikasının tərkib hissəsi kimi Naxçıvan
bölgəsinin siyasi-ideoloji, sosial-iqtisadi və mədəni
inkişafının dinamikasını izləyib,
“Naxçıvan tarixi” (2015), “Nuhçıxandan
Naxçıvana” (2015), “Naxçıvan
xalçaçılığı: ənənə və
müasirlik” (2017), “Duzdağ mozaikası” (2017) və s.
kitabları ilə ümumən Azərbaycan dövlətçiliyinin
inkişafında ümummilli lider Heydər Əliyevin tarixi
rolunu bəyan edib.
Akademik İsa
Həbibbəyli Naxçıvanın ədəbi-elmi
mühiti ilə bağlı “Naxçıvanın muxtariyyat
statusu Azərbaycan dövlətçiliyinin tarixi nailiyyəti
kimi”, “Azərbaycan ədəbiyyatının Naxçıvan
məktəbi”, “Naxçıvanda ədəbi
yüksəliş”, “Ədəbiyyatşünaslıq elminin
Naxçıvan məktəbi”, “Müasir bədii yanaşmaların
işığında”, “Naxçıvan elmi mühiti:
ənənə və müasir dövr”, “Əli Əliyev
məktəbi”, “Ziyalı mühitinin ağsaqqalı” və
“Dərinliklərə doğru” qiymətli
məqalələrin müəllifidir. O,
Naxçıvan elminin qədim, orta əsrlər
dövründən, XIX əsrdə M.Şahtaxtlı, M.T.Sidqi,
C.Məmmədquluzadə, XX əsrin əvvəllərində
Cümşüd Paşa Sultanov, Mirzə Əbülqasım
Sultanovdan, habelə, 1941-1945; 1950-1960; 1970-1980-ci illər və
müstəqillik dövrünün elmindən
danışıb. Alimin “Nuhçıxandan
Naxçıvana” adlı (2015) qiymətli tədqiqatı
Azərbaycan elmi fikrinin böyük nailiyyətidir.
Cəmiyyətşünas-alim
Naxçıvan şəhərinin beş minillik
tarixindən, milli ideologiyanın yaranması və
inkişafı mərhələlərindən bəhs edib. O,
Cəlil Məmmədquluzadə irsinin başlıca
ideya-məfkurə istiqamətini azərbaycançılıq
səviyyəsindən dəyərləndirib,
azərbaycançılıq ideologiyasının
ədəbi-estetik əsaslarını hazırlayıb. Alim “Azərbaycançılıq məfkurəsi
yollarında” məqaləsində Nizami Gəncəvi,
Mirzə Cəlil, Şəhriyar, Səməd Vurğun,
Məmməd Araz, Anar, Elçin, Sabir Rüstəmxanlı,
Rüstəm Behrudi poeziyasına həm də
azərbaycançılıq mövqeyindən qiymət verib.
Görkəmli
tədqiqatçının “Nuhçıxandan
Naxçıvana” (2015) adlı sanballı kitabı
azərbaycançılıq və maarifçilik
məfkurəsinə, sosial-siyasi düşüncəmizin
çağdaş dövriyyəsinə böyük
töhfəsidir. Bu qiymətli əsərdə fədakar
alimin yeni axtarışları və uğurları
özünə yer alıb. Kitab
“Dövlətçilik işığında”,
“Nuhçıxan-Naxçıvan”, “Azərbaycan tarixində
Naxçıvan”, “Cəhalət dərdinin dərmanı:
maarifçilik”, “Naxçıvan ədəbi mühiti”,
“Azərbaycan elmində Naxçıvan”, “Ulu qüvvət -
mədəniyyət”, “Əfsanələr diyarı”, “Poeziya
və mahnı”, “Hər gün yazılan tarix” bölmələrini
və filologiya üzrə fəlsəfə doktoru
Ağahüseyn Şükürovun “Akademik İsa
Həbibbəyli haqqında bir neçə söz, yaxud
böyük ömrün tezisləri” adlı məqaləsini
əhatə edir.
AMEA-nın yaradılması
haqqında “Azərbaycan elminin baş qərargahı”
seriyasından görkəmli akademiklər
Y.Məmmədəliyev, Zərifə Əliyeva və
Fərəməz Maqsudovun elmi-təşkilati fəaliyyətini
ümumiləşdirib.
Nüfuzlu alimin 10
cilddə seçilmiş əsərləri nəşr olunub.
2018-ci ildə “Azərbaycanın görkəmli
şəxsiyyətləri” seriyasından Azərbaycan Milli
Kitabxanası onun biblioqrafiyasını çap edib, kitabda
AMEA-nın vitse-prezidenti, Əməkdar elm xadimi, akademik İsa
Əkbər oğlu Həbibbəylinin həyat və
yaradıcılığının zəngin xronologiyası əksini
tapıb.
Akademik İsa Həbibbəyli
1997, 2000-ci illərdə Naxçıvan MR Ali Məclisinə
üzv, “İnsan haqları, parlamentlərarası
əlaqələr və beynəlxalq münasibətlər”
komissiyasına sədr, 2005-ci ildən Azərbaycan
Respublikası Milli Məclisinə deputat seçilib.
Hazırda Elm və Təhsil Komitəsinin sədridir (2015).
Millət vəkili, Azərbaycan-Belçika,
Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri,
Azərbaycan-Pakistan və Azərbaycan-Yaponiya
parlamentlərarası əlaqələr üzrə
işçi qrupunun üzvüdür.
O, alim və
ictimai-siyasi xadim kimi fasiləsiz çalışır.
İnstitut direktoru “Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun təşəkkülü
və inkişaf mərhələləri” (2018) adlı
monoqrafiya (professor Asif Rüstəmli ilə birlikdə),
habelə, “Azərbaycanın elm məbədi” adlı filmin
ssenari müəllifidir. Elm günü münasibətilə “Azərbaycan
ədəbiyyatşünaslığı: problemlər və
vəzifələr” mövzusunda konfransa rəhbərlik
edib. Görkəmli alim Azərbaycan
Respublikasının fərman və sərəncamları,
qərar və tapşırıqlarının icrası,
AMEA-nın prezidenti akademik Akif Əlizadənin rəhbərliyi
ilə akademiyanın elmi-təşkilati
fəaliyyətində yüksək səviyyə, nüfuz
və mövqe ifadə edir.
Görkəmli alimin
zəhməti Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyev və ölkəmizin Prezidenti İlham
Əliyev tərəfindən yüksək dəyərləndirilib. O, “Azərbaycan Respublikasının Əməkdar elm
xadimi” (1999), “Şöhrət” (2007) və “Şərəf”
ordenləri (2009), “Mahmud Kaşğari” (2015), Türksoyun “Molla
Pənah Vaqif”, “Elmi istiqamətin rəhbəri” (2009),
“Şəhriyar” medallarına (2015), “Məmməd Araz”
mükafatı, habelə, “Beynəlxalq
İnformasiyalaşdırma Akademiyasının “İnformasiya
aləminin elitası” diplomuna layiq görülüb.
Müdrikliyi vicdanla üzvi
surətdə birləşdirən fədakar elm xadimi akademik
İsa Əkbər oğlu Həbibbəylinin 70 yaşı,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna
rəhbərliyi və vitse-prezident kimi elmi-təşkilati
fəaliyyətinin 5 ili tamam olur. Bu münasibətlə
görkəmli alim və ictimai xadimi institut
əməkdaşları adından ürəkdən təbrik
edir, ona möhkəm cansağlığı, fədakar
axtarış və daha böyük uğurlar
arzulayırıq.
Əlizadə
ƏSGƏRLİ
AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun elmi işlər
üzrə
direktor müavini, filologiya
elmləri doktoru, professor.
Respublika.- 2019.- 8 oktyabr.- S.4