Klassik ədəbi irsimizdə mənəvi və fiziki sağlamlığın təcəssümü

 

Bu bir həqiqətdir ki, hər bir bəşər övladı yüksək mənəviyyata, əməksevər, humanist keyfiyyətlərə malik vətəndaş olmaqla bərabər, həm də möhkəm sağlamlığa, lazımi güc və qüvvətə, habelə bir sıra digər fiziki keyfiyyətlərə yiyələnməlidir. Qətiyyən unutmaq olmaz ki, sağlamlıq insanın yalnız şəxsi firavanlığı üçün deyil, başqa cəhətlər üçün də əhəmiyyətlidir. Yəni, adam fiziki cəhətdən sağlam, fəal və davamlı olarsa, heç şübhəsiz ki, o, quruculuq işlərində, özünün Vətəninin müdafiəsində, yaxşı və ağır günlərində bir o qədər yaxından iştirak edər, yararlı bir varlığa çevrilər. Bir sözlə, bu cür adam həyatın insanlara verdiyi nemətlərin hamısından daha səmərəli şəkildə istifadə edə bilər.

Müasir dövrdə cəmiyyətimizin üzvü olan hər bir adam təkcə öz ölkəsini həqiqi məhəbbətlə sevən bir vətəndaş kimi səciyyələnmir. O, həm də zəngin fiziki, mənəvi keyfiyyətləri, doğma torpağını, Vətənini müdafiə etməsi, əmək qüdrətinin ucalması ilə fərqlənməlidir. Bütün bunlar isə bilavasitə onun sağlamlığı ilə sıx bağlıdır. Heç də təsadüfi deyildir ki, yüksək zəka sahibləri insan sağlamlığını, hər şeydən əvvəl, onun mənəvi sərvəti hesab etmişlər.

Yer üzünün əşrəfi insanın sağlamlığı və onun yaradıcılıq imkanları müasir ekoloji böhranın çox ciddi narahatçılıq yaratdığı bir zamanda daha böyük əhəmiyyət kəsb edir. Bu bir həqiqətdir ki, böyük elmi-texniki nailiyyətlər insanın sağlamlığını bədən tərbiyəsi və idman qədər möhkəmlədə bilmir. Əksinə, elmi-texniki nailiyyətlər tədricən fiziki əməyi sıxışdırıb aradan çıxardığına görə, təbiətən mütəhərrik olan insanın fiziki hərəkətlərini məhdudlaşdırır, bədən üzvlərinin ahəngdar inkişafına mane olur. Üstəlik ekoloji gərginlik - havanın, suyun, torpağın çirklənməsi onun vəziyyətini xeyli çətinləşdirir.

ümumi rəy göstərir ki, sağlamlığı möhkəmlətmək üçün ən yaxşı amil bədən tərbiyəsi və idmandır. Sağlamlıq heç bir xəzinə ilə müqayisə edilməyəcək dərəcədə dəyərli bir sərvətdir ki, insan həyatına məna, şənlik və xoşbəxtlik verir.

Sağlamlıq insanın mənəvi və fiziki keyfiyyətlərinin məcmusudur. Çünki şəxsiyyətin ahəngdarlığı elə ümumbəşəri dəyərdir ki, ona yalnız fiziki və mənəvi kamillik vasitəsilə nail olmaq mümkündür. Odur ki, insanın mənəvi və fiziki sağlamlığı uğrunda mübarizəsi zəmanəmizin ən ümdə vəzifələrindən biridir. İnsanın uzunömürlüyü, müvəffəqiyyətli əmək fəaliyyəti, ailə həyatı, sağlam nəsil yetişdirməsi və onu düzgün tərbiyələndirməsi sağlamlıqdan çox asılıdır.

Həqiqətən də sağlam olan kəs həyatda hər şeyə nail ola bilər. Unutmaq olmaz ki, sağlamlıq birdirsə, xəstəlik minlərlədir. Sağlam adamlar həyatda çox fəal, nikbin və xoşxasiyyət olur. İntibah dövrünün məşhur həkimi Ambruaz Pare haqlı olaraq demişdir ki, şən adamlar tez sağalırlar. Məhz buna görə də müasir dövrün adamları təkcə təbiətin onlara bəxş etdiyi nemətlərlə kifayətlənməyib, daim özlərinin fiziki təkmilləşməsi və mənəvi kamilləşməsi qayğısına qalmalıdırlar. Bunun üçün sağlam həyat tərzinin yaradılması, hər şeydən əvvəl, kütləvi bədən tərbiyəsi və idmanın geniş inkişafı ilə əlaqələnir.

Tarixin inkişaf təcrübəsi göstərir ki, fiziki tərbiyənin inkişafında hər hansı xalqın nə qədər çox xidməti olarsa, həmin xalq kamil və yetkin insan tərbiyə edilməsində qarşıya qoyduğu məqsədə daha çox yaxın olar. Cəsarətlə demək olar ki, hər bir millətin ümumi mədəni səviyyəsi onun idmana, fiziki kamillik göstəricisinə olan münasibətilə də qiymətləndirilə bilər.

Təbabətin banisi Hippokrat göstərir ki, hərəkətsiz müalicə yoxdur. Böyük Roma şairi Horatsi isə insanların sağlamlığını qorumaq üçün onlara qaçmağı məsləhət görürdü. O yazırdı: “Sağlam ikən qaçmasan, xəstələnəndən sonra qaçacaqsan”. Onun fikrincə, gimnastika, fiziki hərəkətlər, idman yerişi öz iş qabiliyyətini, sağlamlığını, xoşbəxt həyatını qorumaq istəyən hər kəsin məişətinə möhkəm daxil olmalıdır. Dünyanın ən nüfuzlu böyük idman bayramı olan “Olimpiya oyunları”nın vətəni Yunanıstandakı qədim Elladanın qayaları üzərində yazılmış sözlərdə həmin fikir daha qabarıq və müdrikcəsinə, əzəmətlə səslənir: “Güclü olmaq istəyirsənsə qaç, sağlam olmaq istəyirsənsə qaç, gözəl olmaq istəyirsənsə qaç”. Məşhur yunan filosofu, yazıçı və tarixçisi Plutarx isə belə yazırdı: “Gimnastika təbabətin şəfaverici hissəsidir”.

Göründüyü kimi, bu müdrik insanlar, dövrünün görkəmli zəka sahibləri fiziki tərbiyənin, idmanın müxtəlif növlərinə istinad edərək insanların onun sayəsində sağlam, gümrah, gözəl, yaraşıqlı, nikbin böyüməsi və yaşamasını sübut etməyə çalışırlar. İnsanın cismən və ruhən sağlam, həm də gümrahlığı onun bir-birilə vəhdətdə təmin olunması dünyanın bir çox filosofları kimi dahi Nizaminin də diqqətindən yayınmamışdır. Şairin fikrincə, sağlam bədən sağlam fikrin, sağlam düşüncənin olması üçün labüd şərtdir. Odur ki, şair insanın mənəvi, əqli və fiziki yetkinliyini bütövlükdə götürür:

Bədən sağlam olsa, saf olar söz də,

Süst adam süst olar bədəndə, sözdə.

Cəmiyyətin təkamülünün bütün mərhələsində fiziki tərbiyə, fiziki mədəniyyət problemi özünəməxsus qanunauyğunluqlar əsasında inkişaf etmiş və ümumi mədəniyyətin tərkib hissəsi kimi bəşər övladının fiziki inkişafına xidmət göstərmişdir.

Qədim Yunanıstanda Spartalılar kimi gələcək nəslin sağlamlığı üçün zəif, cılız və xəstə doğulan körpələri Tayget qayasından atmaq kimi sərt və amansız qanunlarımız olmasa da, müdrik analarımız həmişə övladlarını sağlam, gümrah, igid böyütmək üçün çalışıblar. Sağlamlığın zərurəti, el üçün, millət üçün güclü, davamlı, dəyanətli övlad böyütməyin məsuliyyəti qız-gəlinlərimizə keçmişdən miras qalan gözəl ənənə kimi bu gün və sabah da davam etdirilməlidir.

Türklər tarix boyu övladlarını fiziki baxımdan yetkin, kamil, gümrah, qıvraq və xoş əhval-ruhiyyədə görmək arzusu ilə yaşamış, bu yolda bütün fiziki vasitə və imkanlardan lazımınca istifadə etmişlər. Onlar hətta ömür-gün yoldaşı seçərkən də bu əlamətlərə ciddi diqqət yetirmişlər. El arasında: “Maya budlu arvad al, nər qollu oğul doğsun” kimi sərrast, məntiqə uyğun deyilmiş bu aforizm göstərir ki, xalq arasında sağlam, dözümlü, fəal və zirək qızlarla ailə qurmaq ehtimalı üstünlük təşkil edərmiş.

Bu da bir həqiqətdir ki, qızların özü, həm də valideynləri oğlan seçməzdən əvvəl onun ağlı-kamalına, nəsil-nəcabətinə, maddi imkanına və s. görə deyil, ən çox onun igiddir ərənliyinə, cəsarət və hünərinə, qüvvə və dəyanətinə diqqət yetirərmişlər. Biz bu fikrin əsasını türk xalqlarının böyük mənəvi sərvəti olan “Kitabi-Dədə Qorqud” dastanlarında Salur Qazan - Burla xatun, Dirsə xan - Ana xatun, Bamsı Beyrək - Banıçiçək, Qanturalı - Selcan xatun və b. obrazların timsalında aydın görürük.

Hələ yaxın keçmişimizdə el adətlərimizə görə, bəzi hallarda oğlanın fiziki imkanlarını sınağa çəkmək üçün bir sıra şərtlər mövcud idi. Belə ki, evlənmək arzusunda olan gəncin hünər və fərasətini yoxlamaq məqsədi ilə onu müxtəlif yollarla quru, düyünlü odun yardırmaq, ağır daş qaldırmaq, güclü adamla güləşdirmək, habelə güc, qüvvət, dözüm, cəldlik, sərrastlıq kimi fiziki, iradi keyfiyyətlər tələb edən at çapmaq, güləşmək, ox atmaq və s. kimi müxtəlif növ xalq oyunlarında iştirak etməklə yoxlayırdılar. Əlbəttə, əgər oğlan sınaqdan qalib çıxsa, o halda təqdir edilib bəyənilərdi.

Sağlam, gümrah və qıvraq bədən hələ lap qədim zamanlardan pərəstiş, ehtiram obyekti olmuş, fiziki məşğələlər, idman bir çox xalqlar arasında geniş təşviq edilmişdir. Çox maraqlıdır ki, hələ vaxtilə qədim Yunanıstanda fiziki cəhətdən zəif olan oğlanların ali təhsil almağa ixtiyarı yox imiş. Dahi yunan filosofu Platon oxumağı, yazmağı və üzməyi bacarmayanları savadsız adam hesab edirdi. O, həm də qəlbi və bədəni eyni səviyyədə inkişaf etməmiş insanları “axsaq” adlandırırdı.

Tarixi məxəzlərdə qeyd edilir ki, əgər qulağı yaxşı eşitməyən, bir nəfər ... latın dilini və qrammatikanı “qəti addımlarla” keçib öyrənməyə cəhd etsə də qarşıya qoyduğu məqsədə müvəffəqiyyətlə nail ola bilməz, çünki, “o, gərgin işləyə bilmir, qulağı mane olur”. Vaxtilə akademik İ.M.Seçenov əzələlərin hərəki fəallığının əhəmiyyətini çox gözəl təsvir etmişdir: “Uşaq oyuncağı görəndə uçqunursa, Vətəni həddindən artıq sevdiyinə görə Haribaldini qovduqda gülümsəyirsə, ilk məhəbbətin hissindən qız ehtizaza gəlirsə, Nyuton dünya qanunlarını kəşf edib onu kağız üzərinə köçürürsə - bunların hamısı əzələ hərəkəti ilə nəticələnir”. Çoxsaylı fizioloji tədqiqatlar sübut edir ki, əzələlərin qidası həm də hərəkətdir.

Tibbi araşdırmalar təsdiq edir ki, fiziki hərəkətlər sayəsində əzələlərin inkişafı və əzələ-sümük sisteminin elastikliyi yüksəlir, oynaqların hərəkililiyi yaxşılaşır. Əzələləri məşq etdirmək insanın ömrünü uzadır, vaxtından əvvəl qocalmanın qarşısını alır. Ahıllıq dövründə bir çox adamlarda əmələ gələn süstlük və zəifliyin səbəbi isə məhz əzələlərin fəallığının azalması və az hərəkətlilikdir. Şübhəsiz, əzələ hərəkəti insanın emosional vəziyyətinə də təsir edir, ona ruh yüksəkliyi bağışlayır. Çünki orqanizmin fəallığı fiziki vəziyyətlə sıx vəhdətdədir.

Yaddaşı möhkəmləndirən ən vacib amillərdən biri əsəblərin sağlam olmasıdır ki, bunun üçün də fiziki məşğələlər mühüm əhəmiyyət kəsb edir. Ona görə də fiziki hərəkətlərlə mütəmadi məşğul olmaq olduqca zəruridir. “Hərəkət! Düşüncə, fəaliyyət, hisslər sahəsində hərəkət... hərəkət həyat, süstlük ölümdür!” - deyən məşhur rus pedaqoqu P.F.Lesqaft yazırdı ki, insanın əqli yüksəlişi müvafiq fiziki inkişaf tələb edir. Təsadüfi deyil ki, bir çox tarixi şəxsiyyətlər özlərinin qiymətli ideya və kəşflərini məhz piyada gəzintilər zamanı tapıblar. Hələ vaxtilə böyük alman şairi Göte yazırdı ki, ən qiymətli fikirlər beynimə hərəkət etdiyim anlarda gəlir. Hərəkətsiz olarkən mən, demək olar ki, fikirləşə bilmirəm, “... yeriş və hərəkət beyinin və düşüncənin fəallığına kömək edən yardımçıdır”, - deyən dahi fransız filosofu Jan Jak Russo ən dərin mühakimələrini yalnız qızmar günəş altında ot çalarkən yürüdə bilərmiş. Amerika mütəxəssisləri tədqiq etmişlər ki, alimlərin bir çoxu çətin elmi kəşflərin həlli yollarına səhərlər işə və axşamlar işdən evə piyada qayıtdıqları vaxtda nail olurlar.

Sağlamlıq, uzun ömür üçün fiziki əməyin, fəaliyyətli həyat tərzinin əhəmiyyəti çoxdan bəllidir. Hələ Antik dövrün böyük alimi Aristotel göstərirdi ki, heç bir şey insanı uzun sürən fəaliyyətsizlik qədər taqətdən salmır və pozmur. XVIII əsrin fransız klinisti Tisso isə belə hesab edirdi ki, hərəkət sağlamlığın başlıca mənbəyidir... hərəkət dərmanı əvəz edə bilər, halbuki dərmanların hamısı birlikdə hərəkəti əvəz edə bilməz.

Bugünkü gəncləri sağlam mənəviyyat ruhunda tərbiyə etmək ən başlıca məsələlərdəndir. Sağlam mənəviyyatlı gəncləri həyata elə hazırlamaq lazımdır ki, onlar zərərli adət və vərdişlərdən, pis meyillərdən saqınmağı bacara bilsinlər. Xüsusən alkoqolizmə, sərxoşluğa və narkomaniyaya qarşı mübarizə, cəmiyyətin ən böyük düşmənlərindən olan bu pis əməllərdən çəkinə bilmək qüvvəsi xüsusilə vacibdir. Çünki yaradıcı, qurucu gənc bu bəlaya düçar olarsa, o simasızlaşır, əmək fəaliyyətində fəallığını itirir, bu isə əmək intizamının möhkəmləndirilməsinə, əmək məhsuldarlığının yüksəldilməsinə ciddi ziyan vurur.

Danılmaz faktdır ki, spirtli içkilərə aludəlikdən ilk növbədə əsəb sistemlərinə sarsıdıcı zərbə dəyir. Xüsusilə də insanın normal davranışı, hərəkət və rəftarı, bir sözlə, təfəkkür və düşüncəsi zəifləyir. Sərxoşluğa meyil və istəyin artması cəmiyyət üçün ən yaramaz bəlalardan sayılan alkoqolizmlə nəticələnir. Zəif iradəli, xaraktersiz adamların düçar olduğu bu amansız xəstəlik nəticəsində hüceyrələr, əsasən də beyin hüceyrələri həssas olduğu üçün onun təsirinə daha tez məruz qalır. Odur ki, qəbul olunmuş alkoqol qana sorularaq sinir sistemində dəhşətli pozuntular törədir.

Dahi şairimiz Xaqani insanı həmişə əmək prosesində, “arı kimi şan toxumaq”da görmək arzusunda idi. O, yaşadığı cəmiyyətin xarakterini dərindən dərk edir və dözülməz vəziyyətə tab gətirə bilmək üçün sağlam olmağı, əmək fəaliyyətinə qoşulmağı məsləhət görürdü. Şairin yaradıcılığında əmək və sağlamlıq problemləri bir-birindən təcrid edilmir. Xaqani “zəfər çalmaq” üçün bədəncə sağlam olmağı, gümrahlıq əldə etməyi vacib sayırdı. Onun əsərlərində insan orqanizminə müsbət təsir göstərən sübhün təmiz havası, təbiət, günəş, su kimi fiziki tərbiyə vasitələri də ətraflı açıqlanmış və onların sağlamlığa faydası bu misralarda əks olunmuşdur:

Min təsir alaraq sudan, günəşdən,

Rəngdə su, istidə bir od oldum mən.

Xaqani günəşsiz həyatın qeyri-mümkünlüyünü elmi əsaslarla sübut edir və günəşə xitab edərkən onu “həyatın mənbəyi” adlandırır.

 

 

 

(davamı növbəti saylarımızda)

 

 

 

Mobil Aslanlı HUNTÜRK

Pedaqoji elmlər doktoru,

Beynəlxalq dərəcəli hakim.

 

Rerspublika.- 2019.- 8 oktyabr.- S.6