Azərbaycan dəmir yolları yeni
inkişaf dönəmindədir
Müstəqil
Azərbaycan sürətlə inkişaf edir, yüksək
iqtisadi uğurlara imza atır. Təməli
ulu öndərimiz Heydər Əliyev tərəfindən
qoyulmuş iqtisadi islahatlar bu gün Azərbaycan Prezidenti cənab
İlham Əliyev tərəfindən ardıcıl olaraq davam
etdirilməsinin nəticəsidir ki, həyatımızın
bütün sahələrində olduğu kimi nəqliyyat, o
cümlədən ölkənin dəmir
yolu sahəsində də yeni inkişaf dönəmi
başladı. Ölkənin iqtisadi inkişafı
üçün nəqliyyat ən mühüm amillərdən
biridir deyən ölkə rəhbəri bu sahəyə
xüsusi qayğı və diqqət göstərir.
Uğurla həyata keçirilən islahatların sayəsində
bu gün Azərbaycan dəmir yolu sahəsində logistik mərkəzə,
tranzit ölkəyə çevrilir. Bakı-Tbilisi-Qars dəmir
yolu nəqliyyat dəhlizinin reallaşdırılması,
Şərq-Qərb, Şimal-Cənub beynəlxalq əhəmiyyətli,
qlobal layihələrin həyata keçirilməsində Azərbaycan
əsas rol oynayır.
Bu gün Azərbaycan
Prezidenti cənab İlham Əliyevin dəmir yolu sektorunun
inkişafı, yenidən qurulması və müasirləşməsi
ilə bağlı qarşıya qoyduğu işlər “ADY”
QSC-nin sədri, millət vəkili Cavid Qurbanovun cəmiyyətə
sədr təyin olunmasından ötən 3-4 il ərzində
yeni texnologiyaların tətbiq olunması ilə
ardıcıl olaraq, yüksək keyfiyyətlə həyata
keçirilir. Dəmir yolunun inkişafına
dair qəbul olunmuş Dövlət Proqramına əsasən,
enerji təchizatının sabit cərəyandan dəyişən
cərəyana keçirilməsi, yol təsərrüfatının
sağlamlaşdırılması, lokomotiv və vaqon
parkının yenilənməsi və digər mühüm
işlər yerinə yetirilmişdir. Yük
daşımalarına olan tələbatın ödənilməsi,
xidmət səviyyəsinin müasir tələblərə
çatdırılması, əlavə yüklərin cəlb
olunması və daşınan yüklərin mənzil
başına təhlükəsiz olaraq vaxtında
çatdırılması üçün müasir texniki
vasitələrin yeniləşdirilməsi əsas şərtlərindəndir.
Son vaxtlar “ADY” QSC-nin sədri Cavid Qurbanovun rəhbərliyi
ilə dəmir yolunun, lokomotiv parkının yeniləşdirilməsi
istiqamətində də mühüm addımlar atılır.
Bu istiqamətdə “Azərbaycan Dəmir
Yolları” QSC ilə Fransanın “Alstom Transportation S.A.”
şirkəti arasında 12 may 2014-cü il tarixdə “ADY” QSC
ilə “Alstom” şirkəti arasında dəyişən cərəyanla
işləyən 40 ədəd yük, 10 ədəd sərnişin
lokomotivlərinin alınması ilə bağlı
müqavilə imzalanmışdır. Artıq Fransanın
Belfort şəhərində şirkətin “ADY” QSC
üçün istehsal etdiyi birinci Prima M4 sərnişin
lokomotivinin və Qazaxıstanın “Astana” xüsusi iqtisadi
zonasının ərazisində yerləşən EKZ zavodunda
ilk yük lokomotivi olan Prima T8-in (AZ8A) - təqdimat mərasimi
olub. Bu günlərdə isə iki sistemli sərnişin
lokomotivinin dəmir yolunun Puta-Qaradağ mənzilində saatda
159 km sürətlə uğurlu sınaq yürüşü
keçirilib. Bu sürət ölkə dəmir yolu tarixində
bir ilkdir. Tam istismara verildikdən sonra artıq
beynəlxalq tələblərə cavab verən sərnişindaşıma
xidmətinin həyata keçirilməsi təmin ediləcək
və sərnişinlər mənzil başına daha tez və
təhlükəsiz şəraitdə
çatdırılacaq.
Ötən üç ildə dəmir yolunun
tikinti, quruculuq işləri geniş vüsət
almışdır. Bunlardan paytaxtımızın giriş
qapısı olan Bakı Sərnişin Vağzalının
müasir dünya standartları səviyyəsində
olması üçün burada yenidənqurma işləri
aparılmışdır. Vağzalın əsas
binasının fasadı yenidən qurulmuş, vağzalın
inzibati binasının daxilindəki iş otaqları və
bilet kassaları, saxlama kameraları, sərnişin
platformaları tamamilə yeni, müasir görkəm
almışdır. Bundan başqa, Bakı və
Sumqayıt şəhərləri arasında mövcud olan sərnişin
sıxlığını, eləcə də avtomobil yolunda
tıxac problemini həll etmək üçün bu şəhərlər
arasında mövcud olan dəmir yolu xətti yenidən əsaslı
təmir edildi və 2015-ci ilin 12 sentyabrında Bakı
şəhərinin stansiyasında Bakı-Sumqayıt
marşrutu ilə hərəkət edəcək ilk sərnişin
qatarının yolasalınma mərasimi keçirildi. Azərbaycan
Prezidenti cənab İlham Əliyev tədbirdə iştirak
etmiş, burada həyata keçirilən təmir-tikinti işlərini
yüksək qiymətləndirmişdir.
“Azərbaycan Dəmir Yolları”
QSC-nin inzibati binasında da yenidənqurma işləri ən
yüksək səviyyədə aparılmışdır.
İnzibati bina 1956-cı ildən istifadəyə verilsə də
burada heç bir təmir işləri görülməmişdir.
İnzibati binanın dam örtüyü tamamilə dəyişdirilmiş,
işçilərə müasir tələblər səviyyəsində
iş şəraiti yaradılmış, bütün iş
otaqları yeni mebel və avadanlıqlarla təchiz edilmiş,
binanın isitmə və soyutma sistemi mərkəzləşdirilmiş,
sürətli internet şəbəkəsinə qoşulma təmin
olunmuşdur.
Ölkə
başçısının tapşırığına əsasən
Azərbaycan brendi olan “Asan Xidmət” mərkəzlərinin
olmadığı regionlarda vətəndaşların dövlət
xidmətlərinə olan tələbatını təmin etmək
üçün müasir texniki avadanlıqlarla təchiz
olunmuş səyyar “Asan qatar” konsepsiyası reallaşdırılıb.
Bakı Vaqon Deposunda hazırlanan səyyar “Asan qatar”da gözləmə
zalı, xidmət zalı, laboratoriya, əməkdaşların
istirahət kupeləri olmaqla 4 vaqondan ibarətdir. Burada ilk dəfə
olaraq “ADY” QSC-nin xidmətləri üçün ayrıca pəncərə
yaradılıb. Bu səyyar qatarda 4 dövlət orqanına -
Ədliyyə, Daxili İşlər, Əmək və
Əhalinin Sosial Müdafiəsi nazirlikləri, həmçinin
Əmlak Məsələləri Dövlət Komitəsinə
9 növ xidmət göstəriləcəkdir. Bu xidmətin
yaradılmasında isə əsas məqsəd dövlət
xidmətlərinin vətəndaşlar üçün daha
rahat, yeni və innovativ üsullarla əlçatanlığını
təmin etmək və region sakinlərinin məmnunluğuna
nail olmaqdır. “Asan qatar”ın ilk fəaliyyətə
başladığı məntəqə Qazax rayonu
olmuşdur.
Son illər dəmir yolu xətlərinin dəyişdirilməsi
və əsaslı təmiri işlərinə də start
verilmişdir. Bu müddət ərzində
Bakı - Böyük-Kəsik yollarının əsaslı təmiri
də diqqət mərkəzində olmuşdur. 14 aprel 2015-ci
ildə “Azərbaycan Dəmir Yollarının yenidən
qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə,
“Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiya
Respublikasının “MORAVİA STEEL”
şirkəti arasında “Azərbaycan Respublikası Dəmir
Yollarının Bakı - Böyük-Kəsik sahəsində
600 km hissəsinin maddi-texniki təchizatı və əsaslı
təmiri” barədə İxrac müqaviləsinə əlavə
saziş imzalanmışdır. 2015-ci ilin oktyabr ayından
etibarən təmir işlərinin növbəti mərhələsinə
start verilmişdir.
Azərbaycan tranzit potensialının
artırılması üçün də olduqca uğurlu
addımlar atılır. Ölkəmizin önəm verdiyi
layihələrdən biri də “Şimal-Cənub” Beynəlxalq
Nəqliyyat Dəhlizidir. “Şimal-Cənub” Nəqliyyat Dəhlizinin
yaradılması tarixi bir hadisədir. Bu dəhliz Şimali
Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir.
Bu layihənin icrası çərçivəsində
Azərbaycan tərəfi öz üzərinə düşən
vəzifələri yerinə yetirdi. Artıq Astara
stansiyasından İran İslam Respublikası dövlət sərhədinə
qədər birxətli 8,3 km dəmir yolunun çəkilişi
və Astara çayı üzərindəki dəmir yolu
körpüsünün tikintisi yekunlaşıb, sınaq
qatarı sərhədi yeni tikilmiş körpü vasitəsilə
keçib. Eyni zamanda Astara (İran) 35
hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və
yüklərin boşaldılması üçün
terminalın inşası davam edir. “Şimal-Cənub” Beynəlxalq
Nəqliyyat Dəhlizi tam gücü ilə fəaliyyətə
başladıqdan sonra Avropa ölkələrinin, Rusiyanın,
Orta Asiya və Qafqaz regionlarının Fars
körfəzi və Hindistana çıxışına, Xəzəryanı
ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin
intensivləşdirilməsinə şərait yaradacaq.
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin digər
marşrutlarla müqayisədə əsas
üstünlüyü tranzit məsafəsinin və tranzit
vaxtının iki-üç dəfə az
olmasıdır.
Cənub-Qərb Nəqliyyat dəhlizinin fəaliyyətə
başlaması istiqamətində işlər davam etdirilir. Bu dəhliz İran, Azərbaycan, Gürcüstan,
Ukrayna vasitəsilə Hindistandan Avropaya və əks istiqamətdə
yüklərin daşınmasında vaxt itkisini xeyli
azaldır. İlkin hesablamalara görə bu dəhliz üzrə
yük daşımaları 7 gün ərzində həyata
keçirmək mümkün olacaqdır.
29 dekabr 2018-ci ildə Bakı-Gəncə
sürət qatarının istismara verilməsi təkcə bu
şəhər arasında deyil, eyni zamanda həmin istiqamətdə
yerləşən rayonlar arasında nəqliyyat əlaqələrini
genişləndirmək məqsədi daşıyır. 4 saata
yaxın bir müddət ərzində Gəncəyə
çatan qatarın Gəncədə izdihamlı
qarşılanma mərasimi keçirilib. “Azərbaycan
Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bu sürət
qatarını Gəncəyə yox, gələcəyə yol
açan bir qatar kimi səciyyələndirib: “İnkişafa,
uğura gedən bu qatarın açılışı
Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsində
reallaşıb. Azərbaycan dəmir yolları daha da
inkişaf edəcək, ilk olaraq Gəncəyə gedən
sürət qatarı gələcəkdə Ankaraya qədər
uzanacaq”.
Məlum olduğu kimi, Azərbaycan Prezidenti cənab
İlham Əliyev “Bakı şəhərətrafı dəmir
yolu xəttinin layihə-smeta sənədlərinin
hazırlanması, əsaslı təmiri və tikintisi ilə
bağlı tədbirlər haqqında” sərəncam
imzalayıb. Sərəncama əsasən,
Abşeron yarımadasında mövcud dəmir yolu xətlərinin
yenidən qurulması və dəmir yolu şəbəkəsinin
təkmilləşdirilməsi, mövcud dəmir yolu xətlərinin
bərpası, işarəvermə şəbəkəsinin əsaslı
təmiri və digər vəzifələrin icrası nəzərdə
tutulur. Bakı sərnişin-Sabunçu dəmir yolu xəttinin
yeniləşməsi bu işlərin davamıdır. Cari ilin
may ayının 21-də Sabunçu dəmir yolu
vağzalı kompleksinin açılışında
iştirak edən cənab Prezident yeni inşa edilən
Bakı sərnişin-Sabunçu dəmir yolu xətti üzrə
görülən işlərlə tanış olub. Prezidentin
2018-ci il 22 yanvar tarixli sərəncamına əsasən, bu xətt
yenidən inşa olunub. “ADY” QSC-nin sədri, millət vəkili
Cavid Qurbanov dövlətimizin başçısına layihə
üzrə görülən və görüləcək
işlər barədə ətraflı məlumat verdi. Qeyd
edildi ki, bu marşrut üzrə dəmir yolu xəttinin
uzunluğu bir istiqamət üzrə 13,5 kilometrdir. Qəsəbə
sakinləri ilə görüşən cənab Prezident sonra
Bakı sərnişin-Sabunçu dəmir yolu xətti üzrə
görülən işlərlə tanış olmaq
üçün qatarla Bakı Dəmir Yolu Vağzalına
yola düşüb. Bütün bu işlər sərnişinlərin
rahatlığının təmini üçündür və
Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü
iqtisadi inkişaf strategiyasının bəhrəsidir.
Bu gün Azərbaycan dəmir
yollarında aparılan yeniləşmə işlərində
dəmiryolçuların MHİRK-nin kollektivi də öz
töhfəsini verir, “ADY” QSC-nin rəhbərliyi dəmiryolçuların
sosial-iqtisadi problemlərinin həllini də öz fəaliyyətinin
əsas istiqamətlərindən biri hesab edir. “ADY” QSC ilə
MHİRK arasında imzalanmış saziş məhz bu məqsədə
xidmət edir. Onu da qeyd edim ki, 2020-2022-ci illər
üçün Cəmiyyət rəhbərliyi ilə
MHİRK arasında yeni sazişin imzalanmasına
hazırlıq işləri aparılır. Sazişdə
işçilərin maddi rifah halının
yaxşılaşdırlması, iqtisadi problemlərin həlli
istiqamətində yeni güzəşt və imtiyazların
salınması nəzərdə tutulur. Sazişə
əsasən həmkarlar ittifaqının qarşısında
duran əsas məsələ işçilərin iş təhlükəsiz
şəraitinin yaradılması, işçilərin
tutduğu vəzifə, peşə, ixtisasına və əməyinin
nəticələrinə uyğun layiqli əmək haqlarının,
uzunmüddətli iş stajına görə aylıq mükafatların verilməsi, mənzil
şəraitinin yaxşılaşdırılmasına
ehtiyacı olan işçilərin mənzillə təmin
olunması, işçilərin və onların ailə
üzvlərinin “Lokomotiv” İstirahət Mərkəzində
istirahətinin təşkili və digər məsələlərdir.
Vurğulayım ki, son 3-4 ildə “ADY” QSC-nin sədri Cavid
Qurbanovun diqqət və qayğısı nəticəsində
dəmiryolçular ailəsinə 200-dən artıq yeni mənzil
verilmişdir. Bundan başqa onların əməkhaqları
xeyli dərəcədə artırılaraq orta 526 manata
çatdırılmışdır. Ötən yay
mövsümündə “Lokomativ” İstirahət Mərkəzində
1000-dən çox dəmiryolçu ailəsinə
yollayışlar verilib. Bundan başqa Azərbaycan Həmkarlar
İttifaqı Konfedrasiyasının xətti ilə 300 nəfərə
yaxın dəmiryolçu respublikanın Sanatoriya,
profilaktoriyalarına yollayışlarla təmin edilib.
Hər ilin yekunlarına görə
müəssisələrdə müxtəlif istiqamət
üzrə müsabiqələr keçirilir: “İlin ən
yaxşı müəssisəsi”, “Əla yol işçisi -
ilin ən yaxşı mütəxəssisi”, F.Ağayev
adına “İlin qabaqcıl maşinisti” mükafatı.
Müsabiqələrin qalibləri xüsusi diplom, fəxri fərman və pul mükafatları ilə
təltif olunurlar. Əmək və müharibə veteranı,
xəstə, əlil, məcburi köçkün ailələrinə,
maddi vəziyyəti ağır olan dəmiryolçulara
müəyyən yardımlar verilir. Əmək kollektivləri
arasında keçirilən idman yarışlarının
qaliblərinə kubok, diplom və pul mükafatları verilir.
Bildiyimiz kimi Azərbaycan son illər idman sahəsində
böyük uğurlara imza atıb. Beynəlxalq
yarışmalara ev sahibliyi edib. Cənab Prezidentin ölkəmizdə
idmanın kütləviliyinə, onun inkişafına göstərdiyi
diqqətdir ki, bu gün respublikamız dünyada idman ölkəsi
kimi də şöhrət qazanıb. Dəmiryolçu
idmançılar da ölkəmizdə bədən tərbiyəsi
və idman hərəkatının inkişafında
mühüm rol oynayırlar. İdmanın təbliği,
sağlam həyat tərzinin aparılması üçün
sentyabr ayında Dəmiryolçuların Peşə
bayramına həsr olunmuş İdman Spartakiadası keçirilib.
Spartakiada minifutbol, voleybol, stolüstü tennis və s. 5 idman
növü üzrə “Lokomotiv” İstirahət Mərkəzinin
idman meydança və zallarında, şahmat və dama
üzrə yarışlar “ADY” QSC-nin inzibati binasında
keçirilmişdir. Spartakiadanın final
yarışlarında ümumilikdə 200-dən artıq dəmiryolçu
iştirak etmişdir. Qeyd edim ki, bu spartakiadada qalib olanlara pul
mükafatlarının miqdarı da müəyyən dərəcədə
artırılmışdır. Rəyasət Heyətinin qərarına
əsasən 1-ci yeri tutmuş komandaya Kubok, Diplom və 2000
manat pul mükafatı, 2-ci yerə Diplom və 1800 manat pul
mükafatı, 3-cü yeri tutmuş komanda isə Diplom və
1500 manatla mükafatlandırılmışlar.
Spartakiadanın qaliblərinə mükafatlar 11 oktyabrda Dəmiryolçuların
peşə bayramına həsr olunmuş təntənəli
iclasında təqdim ediləcək.
Fürsətdən istifadə
edib çoxminli dəmiryolçular ailəsi və
MHİRK-nin kollektivi adından başda “ADY” QSC-nin sədri, milət
vəkili, “Şöhrət” ordenli Cavid Qurbanov olmaqla hamını
peşə bayramı münasibətilə təbrik edir, Azərbaycanın
dəmir yolu sahəsinin inkişafındakı fəaliyyətlərində
onlara yeni-yeni uğurlar arzulayıram.
Fəzail BAĞIROV,
Azərbaycan Dəmiryolçularının
Müstəqil Həmkarlar İttifaqı
Respublika Komitəsinin
sədri.
Respublika.- 2019.- 10 oktyabr.-
S.6