Mətbuatla bağlı
ömür
Söhbət
“Azərbaycan mətbuat yayımı”nın
İsmayıllı rayon sahəsinin rəisi Lətifə Həmidovadan
gedir. Bəli, ömür
kitabının əlli
beşinci səhifəsi
oxunur. Oxuyanlar, yaxından tanıyır, işinin bilicisi, peşəsinin vurğunu olduğunu görür. O,
həm mətbuatı
qəlbən, vicdanının
səsi ilə ürəkdən sevir, həm də onun sevilməsini, yayılmasını təşkil
edir. Hər gün səhər saat doqquz tamamdan
axşam saat altıya kimi iş üstündə olur. Qəzet və jurnallara abunə yazılışında
işi bir qədər də çoxalır.
Aldığım məlumatlardan ömür
yolu barədə təqdim etdiyim qısa arayış bax, belədir. Amma onu çox
sevimli sahəyə çəkib gətirən
xatirələrinə özünün
söhbəti ilə qısaca nəzər salmaq daha maraqlıdır.
—Hələ orta məktəbdə oxuyanda sevə-sevə, böyük maraqla baxdığım Azərbaycan
filmlərindən biri
“Telefonçu qız”
idi. Həyata yeni atılan
gənc qızın yaratdığı o vaxtın
telefon xidmətində
nə qədər cəld, səriştəli,
peşəkar, həm
də çox nəzakətli, xoş ünsiyyətli telefonçu
qız obrazı mənim rabitəyə gəlməyimin əsas səbəblərindən olub.
Elə ona görə də 1981-ci ildə orta məktəbi qurtaranda İsmayıllı Rayon Rabitə Qovşağında
telefonçu kimi əmək fəaliyyətinə
başlamışam. Səmimiyyətlə, mehribanlıqla zəng vurub özünü kimin evi, hansı
idarənin rəhbəri
ilə telefon əlaqəsinə bağlanmasını,
Bakıya, digər uzaq ünvanlara danışıq sifarişi
verənlərlə yanaşı,
çox hökmlə,
səbirsizliklə, hətta
bəzən kobudluqla müraciət edənlər
də olurdu. Təcrübəli iş yoldaşlarım işə
təzə başlayanda
hər şeydən öncə bunları mənə demiş və həmişə təmkinli olmağımı
tövsiyə etmişdilər.
Aldığım məsləhətlər, hər gün topladığım təcrübə
məni bu sahəyə daha ürəkdən bağladı.
Bax, bu gündə
alo, eşidirəm, baş üstə, sifariş etdiyiniz nömrə ilə danışın sözlərinin
müqabilində aldığım
“çox sağ olun, qızım” ifadələri ilə
bərabər, “axı,
nə qədər gözləyim, niyə yaxşı işləmirsiniz”,
kimi kobud cavabların titrəyişləri
bu gün də qulaqlarımdadır.
Amma, həmişə
yaxşı sözlərə
“siz də sağ olun”, kobud ifadələrə isə “narahat olmayın”, cavablarını
vermişəm. Bir sözlə,
hər iki halda telefonçuluq peşəsini çox sevmişəm və bu məhəbbət məni 1991-ci ilə Bakı Rabitə Kollecinə ünvan götürməyə, rabitə
təhsilinə yiyələnməyə
sövq etmişdir. İki illik təhsildən sonra, orta ixtisas təhsilli
gənc kadr kimi yenə İsmayıllıya
qayıtmış, rabitə
qovşağında telefonçu
yox, mühasib kimi əmək fəaliyyətimi davam etdirmişəm.
Artıq neçə
illərdir ki, rabitənin başqa bir istiqamətində fəaliyyətdədir. Yuxarıda
qeyd etdiyimiz kimi “Azərbaycan mətbuat yayımı” İsmayıllı rayon sahəsinin rəisidir. Xidməti işimlə və ən əsası da jurnalistlik peşəmlə
əlaqədar İsmayıllının
bu ünvanı mənim üçün də doğmadır. Axı, bizim əməyimizin bəhrələri
İsmayıllı rayonunda
məhz bu ünvandan ictimaiyyətə,
oxuculara çatdırılır.
Hər gün səhərlər Bakıdan
gətirilən qəzet
və jurnallar burada çeşidlənib
öz ünvanına,
öz oxucusuna göndərilir. Burada həmin işlər Lətifə Həmidova ilə yanaşı, sahənin digər işçisi Dursun xanım tərəfindən
operativ və keyfiyyətlə görülür.
Poçtalyon gələnə
kimi hər iş qaydasına qoyulur. Oxucuların hər bir sorğusu
bu ünvandan lazımi qaydada cavablandırılır, rayon
mərkəzindəki iki
qəzet və jurnal satışı köşklərində də
mətbuatın yayılması
lazımi səviyyədə
aparılır.
Lətifə Həmidova öz ictimai fəallığı
ilə də həmişə öncüllər
sırasındadır. Dövlətə,
dövlətçiliyə bağlılıq onun gündəlik işi və amalıdır. Mətbuatla bağlı bir ömrün sahibi Lətifə Həmidova ilə söhbətimizin sonunda dediyi sözlərlə yazımızı yekunlaşdırıram:
- Hansı peşənin
sahibi olursansa-ol, hansı vəzifəni daşıyırsansa-daşı sən nüfuzu özünün şəxsi
səylərinlə, gündəlik
zəhmətinlə, ən
əsası da real işinlə qazanmalısan. Bu gün İsmayıllı
Rayon İcra Hakimiyyətindən qaynaqlanıb
istiqamət götürən
bu prinsip mənim də əmək fəaliyyətimin
devizidir.
Rasim AMANOV
Respublika.- 2019.- 22 oktyabr.- S.4