“Türkün səsi və sözü
Özkan Hüseyn”in işığında
Böyük
ideallar, amallar uğrunda mübarizə aparmaq, mənsub
olduğu xalqın, millətin varlığını, kimliyini
özünün əməli fəaliyyətilə tarixdə
yaşatmaq da bir qəhrəmanlıqdır. Belə bir müqəddəs vəzifənin
daşıyıcısı olan mücahidlər bütün zamanlarda
xalq tərəfindən böyük ehtiramla
qarşılanıb. Əslində məsləki yolunda
dönməz əqidəsi, hünəri və iradəsi ilə
yana-yana yaşayanlar bu mübarizliyi özlərinin həyat
tərzi kimi qəbul edir, hətta soydaşlarını da belə
bir ruhda yaşamağa səsləyirlər. Bunun adı yurda,
torpağa bağlılıqdır, millətinə
sayğıdır, bütövlükdə
Türkçülüyə, Turançılığa
sevgidir...
İndiki məqamda qəhrəman,
mücahid deyərkən Onu – böyük amallarla yaşayan
Turan sevdalısı Özkan Hüseyni nəzərdə
tutdum... İllərdir ürəyində əbədi məşəl
kimi alışıb-yanan “Batı Trakya” dərdi,
ağrıları ilə yaşayan, şair, ozan,
könüllü araşdırmaçı kimi bütün
Türk dünyasını, eləcə də bir çox
Avropa ölkələrini gəzən millətdaşımız
mübarizə yollarından bəhs edən kitabları ilə
Azərbaycanda da tanınır və sevilir. O, dəfələrlə
Bakıda olmuş, bir çox ədəbiyyat, mədəniyyət
ocaqlarında keçirilən tədbirlərdə məsləki
yolunda apardığı mübarizədən bəhs edərək,
öz düşüncələrini bölüşüb.
Özkan Hüseyn ölkəmizə hər gəlişində
sənətsevərlər tərəfindən
böyük coşqu və məhəbbətlə
qarşılanıb. Ədəbi məclislərdə Batı
Trakya türklərinin mədəniyyət dərnəkləri
haqqında bilgi verir, bu dərnəklərin fəaliyyətlərindən
danışır. Eləcə də doğulduğu
Batı Traykanın aydın sabahları naminə ideoloji
savaşlarından bəhs edən Özkan bəy,
Türkçülük, Turançılıq amalı ilə
ruhdaşımız olduğundan böyük sevgimizi
qazanmış, doğmamıza çevrilmişdir.
Etiraf edim ki, indiyədək onun haqqında
sısqa bir məlumata malikdim və bu türk oğlunu,
“Batı Trakya Türkləri Araşdırma Mərkəzi”nin
başqanı Özkan Hüseyni yaxından
tanımamışdım. Bu günlərdə
Abşeron rayonunun Xırdalan şəhərində yerləşən
Mərkəzi Kitabxanasında onunla görüşə dəvət
aldığımdan fürsəti qaçırmadan
böyük həvəslə həmin tədbirə
qatıldım. Özkan bəyin hər zamankı kimi
doğulduğu yurdunun problemləri ilə bağlı sözü, söhbəti, bu yolda apardığı
inadlı mübarizəsindən qor alan
çıxışı, şair, yazıçı
dostlarımızın ona həsr etdikləri şeirlər,
mübariz insana sayğısı, “Türkün türkdən
başqa dostu yoxdur” məsəlinin işığında
aparılan söhbətlər möhtəşəm idi.
Həmin tədbirdə diqqətimi özünün tərtibatı,
sanbalı ilə göz oxşayan,
üzqabığının üstündə sazı sinəsinə
basmış bir ozanın şəkli olan kitab çəkdi.
Mən artıq mövzumu seçdim. Düşündüm
ki, Batı Trakya savaşçısı Özkan Hüseynin
mübarizə yolundan, yaradıcılığından,
türkçülük amalından bəhs edən bu
kitabı oxuculara təqdim etmək daha maraqlı olar. Əzəl
başdan deyim ki, kitabla ilk tanışlıqdan “Türkün
səsi və sözü Özkan Hüseyn”in mənəvi
zənginliyi, yüksəlişi və şəxsiyyətinin
sanbalı ilə öndə olan qəhrəmanımızın
həyat və fəaliyyətini güzgü kimi əks etdirdiyinin
fərqinə vardım. Bu səbəbdən də ideya və
mahiyyəti, məzmun-mündəricəsilə sanballı
olan 490 səhifəlik kitabdan bəhs etməyi vacib sandım.
Nəzərə çatdıraq
ki, adında ifadə olunmuş böyük mətləbi
işıqlandıran belə bir mükəmməl, əhatəli
kitabı tərtib edən və nəşrə hazırlayan
şair-publisist, AYB-nin üzvü Şəfəq Sahibli,
redaktoru isə sözlə işləməyi, onun gözəlliyini,
qüdrətini duyan şair, yazıçı,
AYB-nin üzvü Narıngüldür. İlk növbədə
sənətkar xanımların hər birinin öz
prizmasından, yaddaş işığından süzülən
fikirləri ilə tanışlıq kitabın çox
maraqlı bir şəxsiyyətin həyat yoluna həsr
olunduğuna bizdə böyük əminlik yaratdı. Elə
burdan başlayaq: Batı Trakya haradır və onun üzərinə
çökmüş zülmət içində qaynayan dərd-sər
nədən və hardan qaynaqlanır? Ş.Sahibli Batı
Trakyanın siyasi təbəddülatlar zamanında tarixi taleyi
ilə bağlı Ön söz statusunda olan girişində
yazır: “1913-cü ilin 31 avqust tarixində Osmanlı ruhundan
ilhamlanaraq ilk dəfə öz bağımsızlıq şərqisini
oxudu “Batı Trakya Cümhuriyyəti”. Balkan savaşından
sonrakı dönəmdə müsəlman əhalisi tərəfindən
qurulan Batı Trakya Türk Dövləti 55 gün yaşasa da
tarixdə mövcudluğunun bərpası amacıyla hələ
də mücadiləsini davam etdirir...” Elə bu yığcam məlumatdan
da Özkan Hüseynin məsləki, amalı, illərlə
apardığı mübarizəsinin mahiyyəti aydın olur.
Burada toplanmış bütün yazıların ruhundan
duyduğumuz kimi, bizdə də belə bir əminlik
yaranır ki, doğulduğu məkan Batı Trakyanın
Sarıca kəndi olsa da, Türk dünyası Özkan
Hüseynin vətəni, qibləgahıdır.
Kitaba daxil edilmiş yazılar – məqalə,
esse, xatirə, müsahibə, reportaj, Uluslararası
toplantılardan, konfrans və simpoziumlardan
çıxışlar, şeirlər özünün
çoxçeşidli olması ilə də oxucuda
böyük maraq doğurur. Bir sözlə, Özkan bəy
bir çox ədəbiyyat, sənət adamlarının nəzərində
türkçülüyün aşiqi, təbliğçisi
kimi, Batı Trakyanın mübariz təəssübkeşi
olması ilə tanınan və sevilən türk oğludur.
Kitabda toplanmış yazılarda ifadə olunan
fikirlər əslində qəhrəman türk oğlunun
möhtəşəmlik kəsb edən mübarizliyinə
millətdaşlarının sevgisinin, heyrətinin ifadəsidir.
Təbii ki, Özkan Hüseyn kimi qəhrəman
oğulların həyatı öz axarı ilə rəvan
getmir. Mübarizələr içərisində keçən
həyat necə rəvan ola bilər ki! Bu qəbildən olan
insanlar öz ideyalarını toxum kimi şüurlara səpərək
onun göyərdiyini görənə, səsinin,
sözünün, mübariz
çağırışlarının təsirini duyana qədər
əzablı yollardan keçirlər. Başqa sözlə, məsləki
naminə cığırdan böyük yola çıxanacan
qovğalar yaşayır, lakin əqidələrindən
dönmədən mübarizələrini davam etdirirlər.
Bütün bunları özünün həyat yollarında
yaşayan Özkan Hüseyni ümumən türk
dünyasına sevdirən də məhz bu keyfiyyətləridir.
Onun ömür yoluna bələd
olduqca görürük ki, Özkan Hüseyn təfəkkürinə
toxum kimi səpilmiş fikirlərini, həyat yolunun ilk pilləsindən
başlayaraq, bu günə qədər yaşadığı
ağrılarını, Batı Trayka problemlərini, bu yolda
yaratdığı dərnəklərdə, BATTAM-da gördüyü işləri tarixi ardıcıllıqla
qələmə alıb. Əlbəttə, haqqında
yazılmış belə bir mükəmməl topluda qəhrəmanın
yeri, mövqeyi, əməli fəaliyyəti söz
işığında düşüncəmizə
aydınlıq gətirməsilə çox əhəmiyyətlidir.
Yazı müəlliflərinin Özkan
Hüseynin tərcümeyi-halından, tale yolundan bilimləri
bu qüdrətli şəxsiyyətin həyatına necə
bir vurğunluqla bələd olduqlarından xəbər verir.
Zənnimizcə, burda Özkan Hüseynin
ömürlüyündən bəzi məqamları yada
salmağımız yerinə düşər.
Özkan Hüseyn 1947-ci il ildə Batı
Trakyanın Gümülcine bölgəsinin Sarıca kəndində
doğulmuşdur. İlk təhsilini də elə öz kəndində
alıb. O, 1972-ci ildə Almaniyaya gəlmiş, burada bir fabrikdə
işə düzəlmişdir. Bundan sonra qəlbində
Batı Trakya ağrılarını daşıyan türk
oğlu doğma elinin, xalqının haqlarının bərpası
uğrunda mübarizəyə atılmış, uzun bir yola
çıxmışdır. Bu məqsədlə ilk olaraq məskun
olduğu Münhendə türklərin mədəniyyət mərkəzlərinə
ayaq açmış, özü də bu sahədə
gördüyü işlərə imza atmağa
başlamşdır. Bütün tədbirlərdə
sözü, əməli ilə iştirak etmiş və
böyük işgüzarlıqla bir-birinin ardınca dərnəklər,
folklor, musiqi qrupları yaratmışdır. Batı
Trakya Türklərinin tədbirlərində daim yanar ürəyinin
ağrılarını bölüşməklə
yanaşı, bir çox ideyaların təşəbbüsçüsü,
rəhbəri olmuş, eləcə də Türk
Dünyası qurultaylarında, konfrans və simpoziumlarda
nümayəndə olaraq iştirak etmişdir. Həmişə
də zamanın ona verdiyi fürsətdən yararlanaraq
Batı Trakyanın dərdlərini, problemlərini mötəbər
kürsülərdən hayqırmışdır. Bu gün də
türk sevdalısı böyük zəhmətlərə
qatlaşaraq, vətənpərvərlik eşqi ilə
doğma yurdunun haqq səsini dünyaya yaydığından
qürur duyur.
Özkan Hüseyn 1981-ci ildə “Batı Trakya
Türkləri Ailə Birliyi” dərnəyinin təməlini
qoymuş, bu xətlə böyük
Turançılığa aparan yolda fəaliyyətinə
davam etmişdir. Sonradan “Batı Trakya Türkləri
Araşdırma Mərkəzi”ni (BATTAM) yaradan Ö.Hüseynin
amalı yolunda apardığı mübarizəsində bu Mərkəzin
böyük rolu olub. Şair, ozan, könüllü
araşdırmaçının mərkəzin xəttilə
15 kitabı işıq üzü görüb. Yolunda
sabit, əqidəsində dönməz olan Özkan bəyin
bütün kitablarının mövzusu və bu mövzudan
ayrılan istiqamətlər bir dastanın qolları kimi
möhtəşəmdir. Başqa sözlə,
kitablarının başlıca ideyası Batı Trakyadır,
onun tarixinin, fəthinin, mənəvi
ağrılarının, həsrətlə, nisgillə
süslənmiş sözünün təsviri, vəsfidir.
Burda qədim tarixə malik Batı Trakya mədəniyyətinin,
folklorunun tədqiqi və təbliği istiqamətində
apardığı araşdırmaları çox qiymətli məlumatlarla
zəngindir. Birmənalı olaraq, Türk
dünyasına qazandırdığı dəyərlərdən
hesab etdiyimiz kitabları (“Batı Trakyanın fəthi tarixi:
1261-1367-ci illər”, “Batı Trakya türklərinin şeirləri”,
“Batı Trakyanın mənəvi tarixi” (2 cilddə),
“Uluslararası Batı Trakya Türkləri Araşdırma Mərkəzi”,
“Azərbaycanda Batı Trakya”...), Özkan Hüseynin bu
istiqamətdə apardığı tədqiqatları Batı
Trakyanın tarixi ilə bağlı ciddi, səhih məxəzlərdən
hesab olunmalıdır. Azərbaycanda Batı
Trakya dərdinə dərddaşlığımızdan bəhs
etdiyi “Azərbaycanda Batı Trakya” kitabı da Özkan bəyin
xalqımıza qəlbən, ruhən yaxın olmasına,
ölkələrimiz arasında mənəvi, mədəni
bağlılığımıza parlaq bir nümunədir.
Özkan Hüseyn haqqında qələmə
alınmış mətnlərin hamısı sanki nur
işığında, sevgiylə yazılıb. Azərbaycan və Türkiyə türklərinin
elm, sənət adamlarının sözündə, təsvirində
Özkan bəyin türkçülük amalı, mübarizə
yolu, el-aşıq mədəniyyət incilərinin təbliğ
və tərənnümü söz-söz, varaq-varaq
açılır, təqdim olunur. Bu mətnləri
oxuduqca məndə belə bir fikir yaranırdı ki, müəlliflərin
Özkan bəy haqqında sözü, fikri qəlblərindən
işıq kimi süzülüb. Başqa sözlə, mətn
onların qələmindən çox rahat, asanlıqla
yazıya gəlib, yaxud da bilgisayarın yaddaşına sürətlə,
birbaşa, biroturuma ötürülüb. Buna böyük
İlhamı və imkanı elə Özkan bəyin zəngin,
şərəfli həyat yolu, doğma yurduna, onun tarixinə,
mədəniyyətinə bir Məcnun aşiqliyi verib.
Bütün bunlar olmasaydı, sənətkarlar
Türkçülük, Turançılıq amallı bu
tutiya İnsanı belə vurğunluqla öyə bilməzdilər
ki! Yazılarla bütövlükdə
tanışlığımdan belə bir qənaətim də
hasil oldu ki, müəlliflərin Özkan Hüseynin şəxsiyyəti,
gördüyü işlər, türkçülük
mövqeyi, amalı ilə bağlı deyimlərində
özəlliklər olduğu kimi, üst-üstə
düşən fikirlər də var. Lakin
bunları təkrar kimi qəbul etmək də düzgün
deyil. Əslində çoxluğun ifadə etdiyi fikirlərdəki
eyniyyət qəhrəmanın məsləkinə sadiqliyi,
mübarizəsində sabitqədəmliyi, qəlbində
çağlayan Türkçülük,
Turançılıq sevdasına inamın ifadəsi, eyni
heyranlıq, məhəbbətlə
yanaşılmasıdır. Təəssüf
ki, müəlliflərin böyük qəlb atəşinin
odunda yazdıqları ürək sözlərində ifadə
olunmuş çox dəqiq, təsirli fikirlərindən
ayrılıqda bəhs etmək mümkün deyil. İlk
növbədə bu, onunla bağlıdır ki, Özkan bəyin
fəaliyyət sahələri, gördüyü işlər
çox, bunun da müqabilində təəssüratların
sırası böyük və zəngindir.
Özkan Hüseyn bütün
çıxışlarında həmişə şüar
kimi həyəcanla bu sözləri səsləndirir: “Biz
türklər hər zaman bir-birimizə sahib
çıxmalıyıq! ” Bu, həm də o anlamdadır ki,
türkün türkdən başqa yaxın dostu yoxdur... Azərbaycanlı və türk dostlarının məqalə
və çıxışlarındakı fikirlər imkan
verir ki, Özkan Hüseyni gerçəkdən bir türk ərəni
olaraq, Batı Trakya savaşçısı, şair,
aşıq könüllü araşdırmaçı kimi
görüb tanımaqla yanaşı, yeri gəldikcə
türkün böyük oğlu kimi də səciyyələndirək.
Kitabda yer almış məqalə və
çıxışlarda, şeirlərdə bütün
növ xidmətlərinin timsalında Özkan bəyin
xarakterizə olunmuş obrazı, təbiətindən
doğan xüsusiyyətlər aydın və parlaq şəkildə
əks olunur. Özkan Hüseyn Batı Trakya dərdləri ilə
o qədər doludur ki, sözü, mübarizəsi də
bitib-tükənmir. Zatən mübarizə həmişə
var. Millətin yaşaması, yaratması,
tarixin şanlı səhifələrində qalmasından
ötrü mücahid, savaşçı daim mübarizədə
olmalıdır. Özkan Hüseyn də qəlbində
Batı Trakya sevgisi, yurdunun acı taleyi ilə
barışmazlığı səbəbindən sinəsində
sazı, səsi, sözü ilə dünyanı
dolaşır. Bunun adı, amalı uğrunda
mücahidlikdir. O, daim ideoloji mübarizədə, əməli
fəaliyyətində, Batı Trakyanın haqqının
tanınmasından ötrü, ümumən
Turançılıq yolunda savaşdadır.
Qayıdaq kitabda toplanmış ədəbi-bədii
nümunələr barədə mülahizələrin
davamına. Bir çox yazılarda ifadə olunmuş fikirlərin
təsiri çox qüvvətli olduğundan insanı
düşündürür. Məsələn, Türkiyənin
tanınmış şair, yazarı Günvar Kormaz onu Batı
Trakyadan doğan Günəş adlandırır... Ankara Qazi
Universitetinin öğretim görevlisi Yunus Zeyrek isə qəhrəmanımızı
belə təqdim edir: “Özkan Hüseyn yadlaşmanın, əriyib
yox olmanın vahiməsini ürəyində hiss edir və bunu
yerliləri ilə paylaşmaq istəyir... Kim nə deyir desin,
Batı Trakyanın sənə çox ehtiyacı var...” AMEA Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı,
doktor, şair Elçin Muradxanlı türkçülük
sevdalısını Azərbaycanın böyük mütəfəkkirləri
ilə bir sırada görür: “Özkan Hüseyn haqqında
düşünərkən, yadıma XX əsrin əvvəllərində
qayələri, amalları Azərbaycan olan millət fədailəri
Məmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli,
Əlimərdan bəy Topçubaşov, Fətəli xan
Xoyski gəlir. Ümumiyyətlə, Ağa bəyimiz Özkan
əfəndi böyük insandır. O, türkün qürur
mənbəyi, canlı özəyidir”... Özkan bəyin
mübarizə yollarına heyranlığın ifadəsi olan
belə dəyərli fikirlərin sırası
böyükdür. Mənə görə
tanınmış millətdaşlarımızın, şair
və yazıçıların, sənət
adamlarının Özkan Hüseynə həsr etdikləri məqalələr,
çıxışlar, xatirə yazıları, şeirlər
Günəşin saçdığı işığın
zərrələri kimi ruhumuza qaynarlıq gətirmək gücündədir.
Bu güc isə bizi Turançılığa aparan yolda
qüvvəmizin birliyi deməkdir...
Kitabda deyilən sözün,
fikrin əyaniliyini göstərən maddi dəlillər kimi,
Özkan Hüseynin bir çox mötəbər məclislərdə,
Türk dünyasının böyük şəxsiyyətləri
ilə bir arada olmasını əks etdirən fotolar da
ömür yolunu aydınladan gözəl vasitələr
sırasındadır. Özkan bəyin ideoloji mübarizəsinə
verilən dəyərlər, qazandığı təltiflər,
mükafatlar, ödülləri də saya-hesaba gəlmir. Bir
sözlə, onun obrazı qranitdən yonulmuş mükəmməl,
möhtəşəm bir abidəni xatırladır. Gələcək
nəslin həmin abidənin işığından güc
alacağı mütləqdir...
Sözardı: Ürəyində bütöv
Turan sevgisini yaşadan Özkan bəyin dostlarının
sırası o qədər böyükdür ki, buna sevinməmək
mümkün deyil. Elə bu səbəbdən də
Türk dünyasının ədəbiyyat, mədəniyyət
adamları, yurdsevər, sülhsevər insanlar bu qənimət
insanı hər zaman hər yerdə sayğı, məhəbbətlə
qarşılayır, haqqında böyük sevgi ilə
danışırlar. Bütün bunlardan güc alan
mücahid, dostlarının əhatəsində
özünü güvənli, arxalı hesab edir.
Turançılığa gedən yol Özkan Hüseyndən
ötrü Məkkəyə, Mədinəyə gedən yol qədər
müqəddəs və şərəflidir. Bu aydın yolda
təkcə Batı Trakya deyil, bütün Turan elləri elə
möhtəşəm görünür ki...
Şəfəq Nasir,
Respublika.- 2019.- 26
oktyabr.- S.7