Məşhur “Əsrin müqaviləsi” sazişin danışıqlarının iştirakçısının gözü ilə

 

 

 

Xəzər dənizində neft hasilatının artırılması hələ ötən əsrin 80-ci illərinin sonlarında aktual məsələyə çevrilmişdi. Bunun əsas səbəbi o idi ki, 1979-cu ildə kəşf olunmuş “Günəşli” yatağının dərinsulu hissəsində, 1985-ci ildə kəşf edilmiş “Çıraq” və 1987-ci ildə kəşf olunmuş “Azəri” yataqlarında işləmək mümkün deyildi. O vaxtkı texnika və texnologiya ilə “Günəşli” yatağının suyun dərinliyi yalnız 200 metrədək olan hissəsində çalışmaq olardı. Belə bir vaxtda Xəzər dənizinin Azərbaycan sektorundakı zəngin neft yataqlarının xarici neft şirkətləri ilə birgə işlənilməsi istisna edilmirdi. Xarici neft şirkətləri Azərbaycan hökuməti ilə danışıqlara artıq 1990-cı ildən başlamışdılar. Məşhur xarici şirkətlərin Xəzərdəki neft yataqlarına marağını nəzərə alan SSRİ hökuməti o vaxt belə qərara gəldi ki, həmin şirkətlərlə birgə işlənilmək üçün müəyyən bir yataq ayrılsın. “Xəzərdənizneftqaz” İstehsalat Birliyinin təklifi ilə Azərbaycan hökuməti xarici şirkətlərlə birgə işlənilmək üçün “Azəri” yatağının seçildiyini bildirdi .

 

 

Azərbaycan SSR Nazirlər Sovetinin və SSRİ Neft və Qaz Sənayesi Nazirliyinin 18 yanvar 1991-ci il tarixli 25/25 nömrəli qərarına əsasən “Xəzərdənizneftqaz” İstehsalat Birliyi xarici firmalarla birgə müəssisə yaratmalı və bu BM “Azəri” yatağının birgə kəşfiyyatı və işlənilməsini həyata keçirməli idi. Birgə müəssisənin yaradılması məqsədi ilə tender keçirmək üçün SSRİ Neft və Qaz Sənayesi nazirinin birinci müavini Boris Aleksandroviç Nikitinin və Azərbaycan Respublikası Dövlət Plan Komitəsi sədrinin müavini Rafiq Mirzəyevin rəhbərliyi altında 27 mütəxəssisdən ibarət təşkilat komitəsi yaradıldı. Bu mütəxəssislər arasında SSRİ Neft və Qaz Sənayesi Nazirliyinin, “Xəzərdənizneftqazsənaye” İstehsalat Birliyinin məsul işçiləri, Azərbaycanın elmi-tədqiqat institutlarının alimləri var idi. Tenderdə iştirak etmək üçün “Azəri” yatağı barəsində məlumatlar paketi 16 xarici şirkətə, o cümlədən Amerikanın 7 şirkətinə göndərildi. Buna cəmi 6 şirkət cavab verdi. Tender komissiyası bu şirkətlərin təkliflərini təhlil etdi və 1991-ci ilin iyun ayında tenderə yekun vuruldu. ABŞ-ın “AMOKO” şirkəti qalib elan edildi.

Elə həmin il Azərbaycan Respublikasının nümayəndə heyəti tenderdə qalib gəldiyini “AMOKO” şirkətinə bildirmək, onun rəhbərliyi və fəaliyyəti ilə, eləcə də ABŞ-ın neft sənayesi, ələlxüsus da bu ölkədə dəniz neftinin axtarışı və hasilatı ilə yaxından tanış olmaq üçün Amerikaya səfər etdi. O vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Fuad Musayevin başçılıq etdiyi nümayəndə heyətinin üzvlərindən biri də mən idim. Səfər yoldaşlarım isə o vaxt Azərbaycan KP MK-da məsul vəzifələrdə çalışan Natiq Əliyevlə Rauf Bayramov idi.

Bu, mənim okeanın o tayına ilk səfərim idi. ABŞ-da biz iyunun 23-dən iyulun 5-dək olduq.

İyunun 24-də Hyustona gələn kimi, “AMOKO” şirkətinin tenderin qalibi hesab olunması barədə müsabiqə komissiyasının protokolunu şirkətin vitse-prezidenti Robert Blantona təqdim etdik. Təqdimat mərasimində “MakDermott”, “Yunokal”, “Britiş Petroleum” və digər şirkətlər barəsində Azərbaycan Respublikasının mövqeyini də şərh etdik. Sonra “AMOKO” şirkətinin digər nüfuzlu şəxsləri ilə görüşdük. Hyustonda bizim şərəfimizə təşkil olunmuş qəbulda dünyanın ən müxtəlif profilli çox məşhur 70 firmasının, o cümlədən 40 neft şirkətinin nümayəndələri iştirak edirdilər.

Amerikada bizə istehsalat və elmi-tədqiqat strukturları ilə bilavasitə yerindəcə tanış olmaq imkanı verilirdi. Bu strukturlarda bizi elmi-tədqiqat işlərinin təşkili ilə, həmçinin qazmada, dəniz özüllərinin tikintisində yeniliklərlə tanış etdilər. “AMOKO” şirkətinin Meksika körfəzindəki platformasında da olduq. Burada platformalar sahildən 40-50 kilometr aralıdır. ABŞ-da biz “MakDermott “ şirkətinin gördüyü işlərlə də tanış olduq. İkinci dəfə ABŞ-da 1992-ci ilin mart ayında oldum.

“Azəri” yatağı ilə bağlı tender və bu tenderdə “AMOKO”nun qələbəsi artıq tarixə çevrilmişdi. Tender komissiyası özünün yekun sənədində “AMOKO” şirkətinə belə bir səlahiyyət də vermişdi ki, tenderin qalibi kimi bu şirkət Azərbaycan hökumətinin razılığı ilə, lazım gələrsə, “Azəri” yatağında birgə işləmək üçün başqa şirkətləri də cəlb edə bilər. Buna görə də “AMOKO” şirkəti tenderdə iştirak etmiş “Yunokal” (ABŞ), “Britiş Petroleum” (Böyük Britaniya), “Statoyl” (Norveç), “MakDermott” (ABŞ) şirkətlərini respublika rəhbərliyinin razılığı ilə birgə işləməyə dəvət etdi.

“AMOKO” şirkəti yatağın öyrənilməsinə və Texniki-İqtisadi Əsaslandırmanın (TİƏ) layihəsi üzrə işlərə 1991-ci ilin axırından başlamışdı. “Azəri” yatağına dair məlumat və sənədləri toplamaq məqsədilə şirkətin mütəxəssisləri (geoloqlar, geofiziklər, qazmaçılar, inşaatçılar, istismarçılar, ekoloqlar və s.) bir neçə dəfə Bakıda oldular. Lakin bu prosesin gedişində bizim mütəxəssislərin Hyustonda olmaması işlərin ləngiməsinə gətirib çıxarırdı. Buna görə də 1992-ci ilin mart ayında rəhbərlik etdiyim Azərbaycan mütəxəssislərinin qrupu “AMOKO” şirkətinin Hyuston şəhərindəki mərkəzi ofisinə göndərildi. Biz “AMOKO” şirkətinin və onunla birgə işlər görən Qərb şirkətləri mütəxəssislərinin apardıqları prosesə qoşulduq və “Azəri” yatağının birgə işlənilməsinin texniki-iqtisadi əsaslandırılması layihəsinin üzərində çalışmağa başladıq. üç həftə davam edən bu birgə iş öz müsbət nəticəsini verdi. TİƏ layihəsinin 80 faizinə əməl edildi. Texniki qrupun bu sahədə fəaliyyəti xüsusi qeyd olundu.

Hyustonda əlbir işin gedişində kommersiya məsələlərini də həll etmək lazım gəlirdi. Bu sahədə bizim üçün qaranlıq yerlər çox idi. Kommersiya məsələlərində təcrübəmiz, səriştəmiz lazımi dərəcədə deyildi. Lakin gündən-günə bu sahədə də irəliləyiş gözə çarpırdı. Səfərimizin son günlərində isə bizim mütəxəssislər də kommersiya məsələlərindən, demək olar ki, kifayət qədər hazırlıqlı peşəkarlar kimi baş çıxarırdılar. Qrupların birgə fəaliyyəti nəticəsində “Azəri” yatağının ümumi konsepsiyası işlənib hazırlandı.

Hyustondan qayıtdıqdan sonra rəhbərlik etdiyim qrup TİƏ-nin layihəsi üzərində işi davam etdirdi. Paralel olaraq TİƏ üzərində amerikalılar da işləyirdilər. Onlar bu işi 1992-ci ilin iyul ayında başa çatdırdılar. Sonra Bakıya gəlib, layihəni baxılmaq üçün bizə təqdim etdilər. Bizim qrup bir ay ərzində layihəni dərindən öyrəndi, rəy və təkliflərini bildirdi. Bir müddətdən sonra bizi yenidən Hyustona dəvət etdilər. “Azəri” yatağının texniki-iqtisadi əsaslandırılması layihəsini başa çatdırmaq lazım idi. 1992-ci il sentyabrın 12-də Azərbaycan Dövlət Neft Şirkəti mütəxəssislərinin bir qrupu Hyuston şəhərinə yola düşdü. Rəhbərlik etdiyim bu qrup “AMOKO”nun və qərbin başqa şirkətlərinin mütəxəssisləri ilə birlikdə “Azəri” yatağının texniki-iqtisadi əsaslandırılmasının layihəsi üzərində işi tamamladı. Həmin il sentyabr ayının 28-də layihənin qəbul protokolu imzalandı. Amma belə təsəvvür yaranmasın ki, guya bütün işlər rəvan gedirdi. Yox, bir çox məsələlər yalnız böyük mübahisələrdən sonra öz həllini tapırdı. Bu dəfə kommersiya məsələlərində də böyük irəliləyiş oldu. Kontrakt bağlanana qədər yatağa sərf ediləcək vəsaitin, ümumi kapital qoyuluşunun həcmi təxmini də olsa dəqiqləşdirildi, digər iqtisadi məsələlər, o cümlədən gəlirin bölünməsi prinsipi ümumən razılaşdırıldı.

Lakin 1992-ci ildə Azərbaycanda hakimiyyətin dəyişməsi “Azəri” yatağı üzrə xarici şirkətlərlə müqavilənin imzalanmasını təxirə saldı. Həmin ilin sentyabrında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ, 2015-ci ildən - SOCAR) yaradıldı və xarici şirkətlərlə danışıqlar davam etdirildi. 1992-ci ilin sonlarında “Azəri” yatağı üzrə danışıqlara Xəzərin Azərbaycan sektorundakı “Çıraq” yatağı da cəlb edildi . “Amoko”, “Penzoyl” və BP şirkətləri ilə yanaşı layihəyə Türkiyənin “Türk Petrolları Anonim Ortaq” şirkəti də (“TPAO”) cəlb edildi. Lakin 1993-cü ilin iyun ayında imzalanması nəzərdə tutulan müqavilə yenə təxirə salındı.

1993-cü il iyunun 15-də xalqın tələbi ilə Azərbaycanda yenidən hakimiyyətə gəlmiş ulu öndər Heydər Əliyev ağır iqtisadi və siyasi vəziyyətə düşmüş respublikanı fəlakətdən xilas etmək üçün neft sənayesinin bərpası və inkişafı ilə yaxından məşğul olmağa başladı.

O vaxt “Azəri”, “Çıraq”, “Günəşli” (dərinsulu hissə) yataqları ehtiyatlarının mənimsənilməsi üçün iki variantdan birini seçmək lazım idi: ya ölkəmizin maliyyə-iqtisadi vəziyyətinin düzəlməsi üçün 30-40 il gözləmək, ya da xarici neft şirkətlərini dəvət etmək! Bizim uzun illər gözləməyə daha nə vaxtımız, nə də imkanımız var idi. Respublikanın sosial-iqtisadi vəziyyəti çox gərginləşmişdi. Ölkənin neft-qaz sənayesi də dərin böhran içində idi. Buna görə də təcili tədbirlər görülməliydi. Digər tərəfdən, xarici neft şirkətləri ilə işbirliyinin qurulması zamanın tələbi idi və beynəlxalq praktika bunun üstünlüklərini geniş şəkildə nümayiş etdirirdi. Məsələ ondadır ki, dənizdə neft hasilatı riskli və böyük sərmayə qoyuluşunu tələb edən işdir. Buna görə də dünyanın hətta ABŞ, Böyük Britaniya, Fransa kimi qüdrətli dövlətləri də bu məsələdə hasilatın pay bölgüsü prinsipi əsasında əlbir işləməyə, beləliklə də riskləri mümkün qədər azaltmağa çalışırlar. Azərbaycan da bu praktikadan səmərəli şəkildə istifadə edə bilərdi və etməli idi. Lakin xarici neft şirkətlərinin ölkəmizə sərmayə qoymasına qarşı çıxan qüvvələr də mövcud idi. Bu qüvvələr həm respublikanın özündə, həm də xaricdə fəaliyyət göstərirdilər. Buna görə də Azərbaycan Prezidenti neftçi mütəxəssisləri ətrafına toplayıb, onlarla məsləhətləşdi. Prezidentin və neftçilərin fikirləri üst-üstə düşdü. Xarici neft şirkətlərini ölkəmizə dəvət etmək qərara alındı. Beləliklə də ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmış Azərbaycanın neft strategiyasına start verildi. Xarici şirkətlərlə danışıqlar bərpa olundu.

Danışıqlar 1994-cü ilin martında Bakıda başlandı, sonra Türkiyənin İstanbul şəhərində davam etdirildi. Danışıqların həlledici mərhələsi Amerikanın Hyuston şəhərində keçirildi. Buradakı danışıqlarda “Azəri” və “Çıraq” yataqları ilə yanaşı layihəyə “Günəşli” yatağının dərinsulu hissəsini də qoşmaq qərara alındı. Hyustonda 1994-cü il iyulun 21-dən sentyabrın 4-dək 45 gün ərzində aparılan danışıqlarda kəskin dramatik məqamlar az olmadı. Danışıqlar ağır gedirdi. Tərəflərin hər biri öz mövqeyini, öz mənafeyini qoruyurdu. Bəzən iş o yerə çatırdı ki, ya qarşı tərəf, ya da Azərbaycan tərəfi danışıqları tamamilə dayandırmaq fikrinə düşürdü. Bir dəfə qarşı tərəf şərt qoydu ki, Azərbaycan Rusiya ilə danışıb, Xəzər dənizinin hüquqi statusunu həll etməsə, danışıqlar davam etdirilməyəcək. Təsəvvür edirsinizmi, bu nə demək idi? Məlum olduğu kimi, Rusiya ilə bu məsələ Prezident Heydər Əliyevin səyi nəticəsində yalnız 2002-ci ildə həll edildi. Deməli, 1994-cü ildə Amerikanın Hyuston şəhərində danışıqlar dayandırılsaydı, biz yeddi-səkkiz il gözləməli olacaqdıq. Nümayəndə heyətimizin üzvü, o vaxt Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici əlaqələr üzrə vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyev qarşımıza qoyulmuş şərt barədə ulu öndərimizə məlumat verdi, onun göstərişi ilə Vaşinqtona uçdu, orada çox faydalı görüşlər keçirib, məsələni yoluna qoydu.

Nəzərə almaq lazımdır ki, o vaxt müstəqillik yoluna təzəcə qədəm qoymuş Azərbaycanda neftçi mütəxəssislərin xarici şirkətlərlə danışıqlarda kifayət qədər təcrübəsi yox idi. Lakin Moskvada Beynəlxalq Münasibətlər İnstitutunu bitirib, alimlik elmi dərəcəsi almış və sonra da həmin institutda dərs demiş cənab İlham Əliyevin ingilis dilini və beynəlxalq hüquq məsələlərini gözəl bilməsi, tərəfdaşlarımızla birbaşa ünsiyyət qurub, mürəkkəb vəziyyətlərdən çıxış yollarını tapmaq və gərginliyi aradan qaldırmaq məharəti Vaşinqtonda səlahiyyətli şəxslərlə görüşlərdə də özünü göstərdi. Nəhayət, tərəflərin birgə işləmək, Xəzərin Azərbaycan sektorundakı zəngin neft və qaz yataqlarından ədalətlə bəhrələnmək istəyi üstün gəldi. 1994-cü il sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “Xəzərin Azərbaycan sektorunda neft yataqlarının birgə işlənməsi haqqında xarici neft şirkətləri konsorsiumu ilə danışıqların yekunları barəsində” Fərmanı elan edildi.

1994-cü il sentyabrın 20-də isə Bakıda dünyanın 7 ölkəsinin 11 məşhur neft şirkəti ilə Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin birgə işlənməsinə və Hasilatın Pay Bölgüsünə dair sonralar “Əsrin müqaviləsi” kimi tanınan məşhur Saziş imzalandı. Saziş Azərbaycan Respublikası Milli Məclisinin 15 noyabr 1994-cü il tarixli 924 nömrəli qərarı ilə təsdiq olundu.

İmzalanmasının 25 illiyini qeyd etdiyimiz “Əsrin müqaviləsi”nin Azərbaycan üçün çox böyük əhəmiyyəti oldu. Mən yalnız bir neçə əsas məsələni qeyd etmək istəyirəm. Siyasi cəhətdən müqavilənin əhəmiyyəti ondadır ki, dünyanın aparıcı dövlət və şirkətləri bir daha əmin oldular ki, Azərbaycan müstəqil dövlət və etibarlı tərəfdaşdır, burada işləmək və bu ölkəyə sərmayə qoymaq olar. Heç təsadüfi deyil ki, bu saziş imzalandıqdan sonra xarici şirkətlərlə daha 35 saziş bağlandı.

Müqavilənin iqtisadi əhəmiyyəti isə odur ki, neft hasilatı Azərbaycanın tarixində ən aşağı səviyyədən - 1997-ci ildəki 9 milyon tondan 2010-cu ildə 51 milyon tona çatdı. Beləliklə, neft hasilatı 5,6 dəfə artdı. Hazırda respublikada hasil edilən neftin və qazın əsas hissəsi “Azəri-Çıraq-Günəşli” yataqları hesabına əldə edilir. İşlənmənin əvvəlindən “Azəri-Çıraq-Günəşli” yataqlarından 492 milyon tona qədər neft və 161 milyard kubmetrədək qaz hasil edilmişdir.

Artıq 20-ci ildir ki, “Azəri-Çıraq-Günəşli” yataqları layihəsinin iştirakçıları “mənfəət nefti”ndən gəlir əldə edirlər. 1999-cu ilədək neftin satışından əldə edilən gəlir sərmayə qoyuluşunun ödənilməsinə sərf olunurdusa, həmin ilin dekabrından Azərbaycanın “mənfəət nefti” xarici bazarlara çıxarılır. 2019-cu il sentyabrın 1-dək dünya bazarlarında Azərbaycanın payına düşən 287 milyon tona qədər “mənfəət nefti” satılmışdır ki, bu da AÇG üzrə indiyədək hasil edilmiş bütün neftin 58 faizi qədərdir. Mənfəət neftinin həcmi ilbəil artır. Bu ilin 8 ayında “Azəri-Çıraq-Günəşli” yataqlarından hasil edilmiş 18 milyon tona qədər neftin 13 milyon 664 min tonu, yəni 77 faizi Azərbaycanın payına düşən mənfəət nefti olmuşdur.

“Əsrin müqaviləsi”nin ən böyük nailiyyətlərindən biri də odur ki, bu müqavilə yalnız AÇG yataqlarının işlənməsi ilə məhdudlaşmadı. Bu böyük layihənin törəmələri meydana gəldi ki, onların da birincisi Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri oldu.

Xatırlatmaq istəyirəm ki, Azərbaycan nefti Avropaya və dünya bazarlarına 1997-ci ildən “Şimal istiqaməti” (Bakı-Novorossiysk), 1999-cu ildən “Qərb marşrutu” (Bakı-Supsa) və 2006-cı ilin mayından Heydər Əliyev adına unikal Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri ilə çıxarılır. “Əsrin müqaviləsi”nin övladı olan bu kəmər 2005-ci il may ayının 28-də istismara verildi, 2006-cı il iyulun 13-də isə onun rəsmi açılışı oldu.

İstəyirəm biləsiniz ki, əgər “Əsrin müqaviləsi” ümummilli liderimiz Heydər Əliyevin birinci şah əsəri idisə, Bakı-Tbilisi-Ceyhan ixrac neft kəməri onun ikinci şah əsəri oldu.

Mən bir məsələni də qeyd etmək istəyirəm: vaxtilə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəməri layihəsinin də əleyhdarları vardı. Amma indi baxın: 2019-cu il sentyabrın 1-dək dünya bazarlarına 554 milyon tona qədər Azərbaycan nefti çıxarılmışdır ki, bunun da 158 milyon tonu Bakı-Supsa, Bakı-Batum, Bakı-Novorossiysk kəmərləri və dəmiryolu ilə, 396 milyon tonu isə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql edilmişdir. Əgər bu kəmər olmasaydı, bu qədər nefti dünya bazarlarına biz necə aparıb çıxara bilərdik?!

“Əsrin müqaviləsi” öz missiyasını uğurla yerinə yetirmişdir və yetirir. 30 il müddətinə imzalanmış “Əsrin müqaviləsi” 2024-cü ildə başa çatacaq. Bəs sonra?! Bu sual həm bizi, həm də xarici tərəfdaşlarımızı düşündürürdü. Qarşımızda bir neçə variant var idi.

Birinci variant BP şirkətinin operatorluq etdiyi Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti ilə əməkdaşlığı davam etdirmək idi. İkinci fikir o idi ki, bəlkə biz başqa xarici şirkətlərlə əməkdaşlığa gedək, onlarla müqavilə bağlayaq. üçüncüsü də o idi ki, 2024-cü ildən sonra AÇG-ni özümüz işlədək.

Bu variantların hər biri dönə-dönə təhlil edildi. Axırda biz BP şirkəti və onun tərəfdaşları ilə işin təklif etdiyimiz kommersiya şərtləri əsasında davam etdirilməsini üstün tutduq. Ona görə ki, 1994-cü ildən AÇG-də işləyən BP və onun tərəfdaşları bu yataqlara, onların xüsusiyyətlərinə dərindən bələd olmuşlar. BP ilə məsləhətləşmələr, danışıqlar aparıldı. Onlar da əməkdaşlığı davam etdirməkdə maraqlı olduqlarını bildirdilər. Danışıqlarımız 2017-ci il sentyabrın 14-də Bakının Heydər Əliyev Mərkəzində “Azəri-Çıraq-Günəşli” yataqlarının birgə işlənməsi haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş müqavilənin imzalanması ilə nəticələndi. Bu kontrakt “Əsrin müqaviləsi”nin ömrünü 2050-ci ilə qədər uzatdı. Prezident İlham Əliyev sənədin imzalanması mərasimindəki nitqində “Əsrin müqaviləsi” çərçivəsində görülmüş işləri yüksək qiymətləndirdi, yeni müqavilənin şərtləri barəsində danışdı.

Yeni müqavilədə Azərbaycan üçün olduqca sərfəli şərtlər müəyyən edilib. Mənfəət karbohidrogenlərinin bölgüsü bu günədək mövcud olan nisbətdə qalır. Yəni Azərbaycana 75 faiz, podratçı tərəflərə 25 faiz. Podratçı qismində çıxış edən Azərbaycan AÇG şirkətinin mövcud layihə üzrə payı 11,6 faizdən 25 faizə, yəni 2 dəfədən də çox artırılır. Müqavilə çərçivəsində yataqlardan hasil edilən səmt qazı əvvəlki tək bütünlüklə Azərbaycana qalacaq. Müqavilə çərçivəsində tərəfdaş şirkətlər Azərbaycan hökumətinə 3,6 milyard dollar həcmində bonus ödəyirlər. 2050-ci ilədək AÇG-dən daha 500 milyon tona qədər neft hasil ediləcək. Bu vaxta qədər AÇG-yə 43 milyard dollardan çox sərmayə qoyulub, bundan sonra da bir o qədər sərmayə qoyulacaq.

“Əsrin müqaviləsi”nin yubileyi və neftçilərin peşə bayramı günündə biz “Şahdəniz” epopeyasından da danışmaya bilmərik. Çünki “Əsrin müqaviləsi” olmasaydı, “Şahdəniz” də olmayacaqdı. “Şahdəniz” ulu öndərimiz Heydər Əliyevin 3-cü şah əsəridir.

“Əsrin müqaviləsi” Azərbaycanı dünyaya yenidən neft ölkəsi kimi tanıtdısa, 1999-cu ilin iyununda ehtiyatları bu günə 1,2 trilyon kubmetr qazdan və 240 milyon ton kondensatdan ibarət olan nəhəng “Şahdəniz” yatağının kəşf edilməsi və “Şahdəniz” qaz layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi Azərbaycanı dünyaya böyük miqdarda qaz ixrac edən bir ölkə kimi tanıtdırdı.

İşlənmənin əvvəlindən “Şahdəniz” yatağından 110 milyard kubmetrdən çox qaz və 27 milyon tona qədər kondensat hasil edilmişdir. 2019-cu il sentyabrın 1-dək “Şahdəniz-1” layihəsi üzrə Cənubi-Qafqaz Boru Kəməri ilə Gürcüstana 8,7 milyard kubmetr və Türkiyəyə 63 milyard kubmetr qaz verilib.

2007-ci ilin iyul ayında istifadəyə verilmiş Cənubi-Qafqaz Boru Kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlanır, Azərbaycan və Gürcüstan ərazilərindən keçərək Türkiyənin Ərzurum şəhərinə (Bakı-Tbilisi-Ərzurum) çatır və burada Türkiyənin BOTAŞ şirkətinin kəmərlər sisteminə qovuşur. Kəmərin ümumi uzunluğu 971 kilometr, ötürücülük gücü isə ildə 20 milyard kubmetrə qədərdir.

“Şahdəniz-2” layihəsi çərçivəsində Azərbaycan qazının Avropaya nəql edilməsi və bu məqsəd üçün “Cənub” Qaz Dəhlizinin çəkilməsi bizim müasir qaz epopeyamızın ən parlaq fəslidir.

“Cənub” Qaz Dəhlizinin açılışı 2018-ci il mayın 29-da Səngəçal terminalında oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu münasibətlə keçirilən təntənəli mərasimdəki nitqində dedi ki, “Cənub” Qaz Dəhlizı layihəsinin uğurlu icrası sayəsində ölkəmizin həyatında, neft-qaz sənayesinin inkişafında yeni dövr başlanır.

2018-ci il iyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın, Ukrayna, Serbiya, Şimali Kipr respublikaları rəhbərlərinin iştirakı ilə “Cənub” Qaz Dəhlizinin 2000 kilometrlik hissəsinin - TANAP adı ilə məşhur olan Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin təntənəli açılışı oldu. Beləliklə də “Şahdəniz” qazının Cənubi Qafqaz ixrac boru kəməri və TANAP vasitəsilə Türkiyəyə nəqlinə başlandı. İndiyədək TANAP kəmərinə 2 milyard kubmetrdən çox “Şahdəniz” qazı vurulmuşdur.

2019-cu il iyulun 1-də isə TANAP Azərbaycan qazının Avropaya nəql edilməsi üçün tam hazır vəziyyətə gətirilmişdir.

“Cənub” Qaz Dəhlizinin növbəti mərhələsinin - TAP adı ilə tanınan Trans-Adriatik boru kəmərinin tikintisi də demək olar ki, tamamlanmışdır. 878 kilometr uzunluğunda kəmər Yunanıstan və Albaniyadan, Adriatik dənizinin altından keçəcək və İtaliya torpağında yenidən quruya çıxacaq, bu ölkələrə qaz nəql etməyə başlayacaq.

Bir sözlə, Azərbaycan Respublikası və onun neft-qaz sənayesi “Əsrin müqaviləsi”nin imzalanmasından keçən 25 ildə əsrə bərabər bir inkişaf yolu keçib. Əminəm ki, bu böyük tərəqqi yolunda biz hələ çox qələbənin, yeni parlaq nailiyyətlərin şahidi olacağıq.

 

 

 

Xoşbəxt Yusifzadə,

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin

birinci vitse-prezidenti, Azərbaycan

Milli Elmlər Akademiyasının akademiki.

 

Respublika.- 2019.- 19 sentyabr.- S.3