Nazir İnam Kərimov Azərbaycan Dövlət Aqrar Universitetində tədrisin
təşkili prosesi ilə tanış olub
Kənd Təsərrüfatı
naziri İnam Kərimov 2019/2020 tədris
ilinin başlanması
münasibətilə Azərbaycan
Dövlət Aqrar Universitetində tələbələrlə
görüşüb. Görüşdə
Azərbaycan Respublikasının
Kənd Təsərrüfatı
naziri İnam Kərimov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı
Niyazi Bayramov, nazirliyin müvafiq strukturlarının rəhbərləri
iştirak ediblər.
Tədbiri giriş
sözü ilə açan Kənd Təsərrüfatı naziri
İnam Kərimov bildirib ki, Azərbaycan
Respublikasının Prezidenti
cənab İlham Əliyev tərəfindən
aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri
kimi elan edilib. Kənd təsərrüfatının inkişafı
üçün dövlət
tərəfindən dəstək
tədbirləri həyata
keçirilir, fermerlərə
subsidiyalar və güzəştli kreditlər
verilir: “Həyata keçirilən tədbirlər
nəticəsində aqrar
sahədə inkişaf
tempi davam edir. Dövlət tərəfindən göstərilən
dəstək nəticəsində
bu ilin ilk
6 ayı ərzində
əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə
kənd təsərrüfatının
ümumi istehsal həcmi 13 faiz artıb”.
Kənd təsərrüfatının intensiv inkişafının
peşəkar kadrlardan
birbaşa asılı
olduğunu deyən nazir İnam Kərimov qeyd edib ki, aqrar
sahənin təməl
şərtlərindən biri
savadlı, müasir dünyagörüşlü mütəxəssislər
yetişdirməkdir: “Aqrar
sahə dövlət dəstəyi ilə yanaşı, bu sahədə çalışan
insanların, fermerlərin
əməyi sayəsində
inkişaf edir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da aqrar sahədə
məhsuldarlığın artmasına imkan verən müasir texnika və texnologiyalardan səmərəli
istifadə etmək bacarığına malik peşəkar kadrlara ehtiyac getdikcə artır. Məhz bu baxımdan
zəngin tarix və ənənələrə
malik, yüksək ixtisaslı kənd təsərrüfatı mütəxəssisləri
hazırlayan Azərbaycan
Dövlət Aqrar Universiteti ali təhsil məkanında xüsusi yeri və çəkisi ilə seçilir. Bu gün aqrar
ixtisas və peşələr ən çox nüfuz qazanan ixtisaslardan sayılır. Azərbaycanda ən çox tələb olunan ixtisaslar aqrar sahə ilə bağlıdır.
Son illər ərzində Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatı
sektoruna, aqrar təhsil və elminə diqqəti və qayğısı sayəsində Universitetin
maddi-texniki bazası əhəmiyyətli dərəcədə
möhkəmləndirilib, tədris
korpusları əsaslı
təmir olunub, yeni təsisatlar qurulub. Universitetdə
aqrar sahədə çalışan yüksək
ixtisaslı kadrların
yetişdirilməsi üçün
bütün şərait
mövcuddur”.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı
Niyazi Bayramov çıxışında Ulu
Öndər Heydər
Əliyevin təhsil sahəsində başlatdığı
islahatların Azərbaycan
Respublikasının Prezidenti
cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Məzunlara uğur arzulayan icra hakimiyyətinin başçısı
vurğulayıb ki, aqrar sahənin inkişafı həm də ADAU-da hazırlanan kadrların yüksək təhsil alması ilə bağlıdır.
Ali təhsil müəssisəsinin
rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov son illərdə universitetdə
kənd təsərrüfatı
və dövlət sifarişli ixtisaslar üzrə təhsil alanların sayının əhəmiyyətli dərəcədə
artmasını təqdirəlayiq
hal kimi qiymətləndirib. İbrahim
Cəfərov universitetin maddi-texniki
bazasının müasirləşdirilməsi
və rəqabətədavamlı
kadr hazırlığının
təmin edilməsi, eləcə də yeni dərs ilinə hazırlıqla bağlı görülən
işlər barədə
ətraflı məlumat
verib. Rektor mövcud mütəxəssislərin
peşə hazırlığının
artırılmasının daim diqqət mərkəzində saxlanıldığını
deyib, tələbələrin
müasir standartlara cavab verən təlim proqramlarına cəlb olunduğunu vurğulayıb.
Daha sonra
nazir İnam Kərimov kənd təsərrüfatı və
qeyri-kənd təsərrüfatı
ixtisasları üzrə
yüksək balla
ADAU-ya qəbul olan tələbələrlə
görüşüb. Qəbul
imtahanında yüksək
nəticə əldə
edən tələbələrə
mükafatlar verilib. Tədbirdə çıxış
edən tələbə
və valideynlər aqrar təhsilə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının prezidenti
cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Nazir İnam Kərimov
ADAU-nun Mühəndislik
fakültəsinin əsaslı
təmir olunmuş mərtəbəsi, “Erasmus+”
proqramı çərçivəsində
Nizami layihəsi üzrə doktorant mərkəzi, Elektron Energetika Laboratoriyası, Təlim-Məsləhət Mərkəzi,
Biotexnologiya və biokimya laboratoriyası, Bitkiçilik auditoriyası,
Baytarlıq Təbabəti
və Zoomühəndislik
fakültəsində
elmi-tədqiqat, balıq
yetişdirmə laboratoriyalarına
baxış keçirib.
Yeni fəaliyyətə
başlayan ADAU TV internet
televiziyasının studiyası
ilə tanış olan nazir kollektivə
uğur diləyib. Daha sonra nazir
İnam Kərimov 1034
yerlik Tələbə
Evində tələbələr
üçün yaradılan
şəraitlə tanış
olub. Nazir İnam Kərimov Aqrotexnologiya fakültəsinə, Magistr
Hazırlığı Mərkəzinə,
Aqrar İqtisadiyyat fakültəsinə,
eləcə də
tədris-təcrübə təsərrüfatında heyvan
kəsimi məntəqəsinə,
tədris-təcrübə fermasına baş çəkib. Təsərrüfatda görülən işlər, tələbələrin
təcrübi biliklər
əldə etməsi üçün yaradılan
şərait barədə
nazirə məlumat verilib. İnam Kərimov ADAU-nun tədris-təcrübə təsərrüfatının
maddi-texniki bazasının
təkmilləşdirilməsinin daim diqqət mərkəzində saxlanıldığını deyib.
Kənd Təsərrüfatı
naziri həmçinin
ADAU-nun yeni tədris korpusunun tikinti işləri ilə maraqlanıb.
Qeyd edək
ki, 2017/2018-ci tədris
ilində Azərbaycan
Dövlət Aqrar Universitetinə 1185, 2018/2019-cu tədris
ilində 1292 tələbə
qəbul olunub. Bu il universitet
tarixində ilk dəfə olaraq tələbə qəbulu
ən yüksək həddə - 1315 nəfərə
çatıb. 2019/2020 tədris
ilində bu ali təhsil ocağına tələbə
qəbulu planı 92% yerinə yetirilib.
Ali məktəblərə qəbul imtahanlarında
400 baldan yuxarı toplamış və Azərbaycan Dövlət Aqrar Universitetinin kənd təsərrüfatı
ixtisaslarını seçmiş
tələbələrə 100 manat, 500 baldan yuxarı toplamış tələbələrə isə
200 manat əlavə təqaüd verilir.
Respublika.- 2019.- 19
sentyabr.- S.4