Ulu öndərin böyük qələbəsi

 

 

1994 -cü il Azərbaycanın müstəqillik tarixində xüsusi yer tutur. Ulu öndər “Əsrin müqaviləsi”ni bütün maneələrə baxmayaraq reallaşdıra bildi. Bir qədər keçmiş tarixə nəzər salaq. 1978-1990-cı illərdə mən SSRİ “Neft və qaz” sənayesinin dəniz və okean ərazilərində karbohidrogen ehtiyatlarının axtarışı və kəşf edilməsi komissiyasının üzvü olmuşam. Bu komissiyanın tərkibinə daxil olmaqda o vaxt SSRİ “Qaz” sənayesi naziri olmuş S.Orucovun müstəsna rolu olmuşdur. 1970-ci illərin sonundan başlayaraq Xəzər dənizinin əsas neft hasilatı yatağı olan “Neft daşları”nda hasilat kəskin azalmağa başlamışdı.

 

 

Yeni neft və qaz yataqlarının kəşf edilməsi və axtarışı üçün üzən qazma qurğuları və gəmiləri yox idi. 1980-ci ilin yanvar ayının 9-da Bakıda Ümumittifaq “Xəzərneftqaz” İstehsalat Birliyində (keçmiş “Azneft” meydanının binasında) Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev və SSRİ Qaz sənayesi naziri S.Orucovun iştirakı ilə iclas keçirilmişdi. Heydər Əliyev Xəzər dənizində neft və qaz yataqlarının aşkar edilməsi üçün S.Orucovdan müasir üzən qazma qurğularının və gəmilərinin inşa edilməsini xahiş etdi. Tez bir zamanda Xəzərə 12 üzən qazma qurğusu və o dövr üçün müasir seysmik və geofiziki cihazlarla təchiz olunmuş gəmi gətirildi. Xəzər dənizinin akvatoriyasında neft və qaz yataqlarının axtarışı və kəşfi işləri misilsiz həcmdə görülməyə başladı. Müqayisə üçün deyim ki SSRİ-nin bütün dəniz və okean ərazilərində cəmi 2 üzən qazma qurğusu, Xəzərdə isə 12-si fəaliyyət göstərirdi. Bu, ulu öndərin əvəzsiz xidmətləri nəticəsində mümkün olmuşdu.

1987-ci ilin avqust ayının 16-da mən SSRİ Nazirlər Sovetindən Heydər Əliyevin imzası ilə teleqram aldım. Bu SSRİ “Xalq Təsərrüfatı” Akademiyasına əyani təhsil almaq üçün daxil olmağımla bağlı idi. Moskvaya gəldim və akademiyanın rektoru akademik A.Simirninski bildirdi ki, mən akademiyanın tarixində yeganə azərbaycanlıyam ki, bura daxil olmuşam. Bunun üçün Heydər Əliyevə təşəkkür olunmalıdır. A.Simirninski dedi ki, akademiyaya müttəfiq respublikalardan yaşı 35-45 olan komitə sədrləri, nazirlər, nazir müavinləri və digər yüksək vəzifəli şəxslər daxil edilir. Sizin vəzifəniz (mən Neft Daşlarında neftçıxarma istehsalat birliyinin direktor müavini idim) akademiyanın statusuna uyğun gəlmir. Lakin sizi mənim (A.Simirninski) dostum və yerlim Heydər Əliyev təqdim edib və siz akademiyanın tələbəsisiz. Mən Heydər Əliyevə və A.Simirninskiyə etimadlarına görə təşəkkür etdim.

Akademiyada tez bir zamanda yüksək vəzifə sahibləri olmuş və böyük məlumatlara malik olan (A.Ananenkov, V.Beyqulenko, V.Kokorev,V.Kolesnikov, İ.Pivovarov, B.Borisov, A.Rıjkov və s.) dinləyicilərlə dostluq əlaqələri yarada bildim.

1987-ci ilin sonunda Heydər Əliyevi SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Siyasi Büronun üzvlüyündən azad etdilər. B.Borisov 1987-ci ilin dekabr ayında dayısı Konovalov (Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi idi) ilə görüşmək üçün Bakıya gəlmişdilər. B.Borisov mənə dedi ki, dayım Heydər Əliyevin vəzifəsindən azad olunmasından çox məyus olub. Dayım K.Bağırova (Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi idi) təklif edib ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenimunu çağıraq və M.Qorbaçovdan xahiş edək ki, Heydər Əliyevi yenidən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçək. Çox təəssüf ki, səriştəsiz Azərbaycan rəhbərliyi dayımın təklifini qəbul etməyib.

A.Rıjkov (SSRİ Nazirlər Sovetinin sədri olmuş Rıjkovun oğlu) mənə demişdi ki, erməni mafiyası istər SSRİ daxilində, istərsə də xaricdə Heydər Əliyevin vəzifəsindən azad olunması üçün hələ M.Qorbaçov Stavropolda işləyəndə işə başlayıblar. Kərim, bilirsənmi Raisa Qorbaçovanın nənəsi erməni olub. Əzizim Kərim, bilmirsən ermənilər Heydər Əliyevin hakimiyyətdən uzaqlaşdırılmasında və Qarabağ məsələsində hansı oyunlardan çıxıblar. Mən onun məlumatını açıqlamaq istəmirəm.

Bu yuxarıda yazdıqlarımın mənası odur ki, aşağıda izah edəcəklərimin zəncirvari bağlı olduğu bilinsin. Belə ki, Xəzər dənizinin Azərbaycan sektorunda çoxlu sayda neft və qaz strukturlarının açılışı Heydər Əliyevin xidmətləri sahəsində olub. O vaxt SSRİ vahid dövlət olduğu üçün aşkar edilmiş yataqlara aid bütün məlumatlar məxfi idi və onların əsilləri SSRİ Neft və Qaz Nazirliklərinə təqdim olunurdu. Az bir adamın məxfi materiallara Moskvada baxmaq imkanı var idi və oradan heç bir məlumat köçürülə bilinməzdi. Mən komissiyanın üzvü olduğumdan həmin materiallar ilə tanış olmaq imkanım var idi.

1990-cı illəri bir anlığa təsəvvür edin. Respublikamız çox ağır vəziyyətdə idi. Büdcədə bir manat da olsa, vəsait yox idi. Belə şəraitdə yalnız Heydər Əliyev kimi böyük dərrakəyə malik, uzaqgörən və müdrik siyasətçi xalqı və dövləti xilas edə bilərdi. Ulu öndər nələr ilə üzləşib, çoxları bilmir. Bir məsələni də qeyd edim ki, neft və qazın olması o demək deyil ki , sən onu çıxarıb bazarda sata bilərsən. Ümummilli lider min bir əziyyətə qatlaşıb ölkəmizi çətin vəziyyətdən qurtardı. Bu çox çətin həll olunası problemdir. Gəlin bu həll edilməsi məsələləri araşdıraq: Birincisi, neft və qaz yataqlarının aşkar olunması, kəşfi, qazılması, çıxarılması və infrastrukturanın qurulmasına ən azı 10 il vaxt və külli miqdarda maliyyə vəsaitləri lazımdı; ikincisi, neft və qaz yataqlarının işlənməsi üçün lazım olan texniki vasitələrin istehsalı üçün ölkənin zavodları və material resursları olmalı idi, üçüncüsü, sahə üzrə yüksəkixtisaslı kadrlar və işçi qüvvəsi tələb olunur.

Bunları bir tərəfə qoyaq. Ən əsası nəhəng dövlətlərin və transmilli neft korperasiyalarının müqavimətini dəf etmək lazımdı. Burada bir çox dövlətlərin maraqları toqquşur. O dövlətlər imkan verməməyə çalışacaqlar ki, sən sərbəst xarici bazarlara neft və qaz məhsulları çıxara biləsən. Onlar öz məqsədlərinə nail olmaq üçün istənilən bəhanələrlə ölkələrdə dövlət çevrilişləri, münaqişələr, beynəlxalq saksiyalar və sairə işlər törədəcəklər. Buna misal olaraq Liviyanı, İraqı, Venesuelanı, Nigeriyanı göstərmək olar. Yaxud başqa bir misal. Türkmənistan Respublikası böyük qaz ehtiyatlarına ( Rusiya, İran və Qətərdən sonra dünyada dördüncü yerdədir) malik ölkədir və ildə 60 milyard kubmetrdən artıq qaz hasil edir. Hazırda bu ölkənin xarici bazara çıxışı yoxdur. Onlar qazı Rusiyaya ucuz qiymətə satırlar və Rusiya bir neçə qat baha qiymətə xaricə sataraq mənfəət götürür. Türkmənistanın xarici bazarlara çıxışına bir çox ölkələr imkan vermir və bu ölkə onların müqavimətini qıra bilmir. Hazırda Türkmənistanın Çin, Əfqanıstan, Pakistan və Hindistan istiqamətində bazara çıxış yolları böyük çətinliklərlə üzləşib.

Lakin o ölkələrdən fərqli olaraq ulu öndər nəhəng dövlətin müqavimətlərini dəf edərək 20 sentyabr 1994-cü ildə “Əsrin müqaviləsi”ni imzalamaqla Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan əsas ixrac kəməri ilə xarici bazarlara sərbəst çıxışına nail ola bilmişdir. Xəzərin böyük neft və qaz ehtiyatlarına malik olması haqqında məlumatlar ruslara bəlli idi. Ona görə bu ehtiyatlara İran və Türkmənistan da göz dikmişdi. Dahi rəhbərimiz Xəzərin Azərbaycan neftçilərin tərəfindən kəşf olunması və beynəlxalq sazişlərə uyğun olaraq onların Azərbaycana məxsus olduğunu sübut etdirdi. Ulu öndərin Rusiya tərəfindən nə cür müqavimətlə üzləşdiyinə aid bir tarixi faktı qeyd etmək istərdim. 1999-cu ildə Bakıda “Hyatt regency” mehmanxanasının akt zalında konfrans keçirilirdi. Konfransda Rusiya prezidentinin Xəzər dənizi səlahiyyətli nümayəndəsi V.Kalujini də iştirak edirdi. Mən V.Kalujini ilə Vyetnamda işləmişəm. Olduqca millətpərəst şəxsdir. ARDNŞ-nin prezidenti Natiq Əliyev onu və başqalarını şam yeməyinə dəvət etmişdir. Bizim tərəfimizdən mən, M.Kərimov, Ə.Süleymanov və digərləri iştirak edirdi. V.Kalujini canfəşanlıq edərək bizi inandırmağa çalışırdı ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac kəmərindən əl çəkək və kəmərin Rusiyadan çəkilməsi barəsində N.Əliyev ulu öndəri inandırsın ki, kəmər böyük xərc tələb edir və bizim neftimizin bu kəmərlə xarici bazarla çıxışı mənfəət verməyəcək. N.Əliyev bizim fikrimizi soruşdu və xahiş etdi ki, rus dilində danışaq. Azərbaycan tərəfindən heç kim V.Kalujiniyə dəstək vermədi. V.Kalujiini bərk hirsləndi və hisslərini saxlaya bilməyərək dedi (vı ne predstavləyte Rossiə moquhenstvennaə strana. Vı mojete prolojitğ truboprovod tolğko çerez moy trup) siz bilmirsiniz Rusiya qüdrətli dövlətdir. Mənim meyitimin üstündən keçdikdən sonra kəməri çəkə bilərsiniz. N.Əliyev dedi, cənab Kalujini yaddan çıxarmayın bizim prezidentimiz Heydər Əliyevdir. Bu sözdən sonra Kalujini məclisi xudahafizləşmədən tərk etdi. V.Kalujinin başa düşmək olar. Heydər Əliyevin bilavasitə 1980-ci illərdə apardığı işlər nəticəsində Xəzər dənizində aşkar edilmiş milyard tonlarla neft və qaz ehtiyatlarından ola bilməz ki, Kalujinin xəbəri olmasın. Kim yağlı tikəni əlindən vermək istəyər. Yalnız Heydər Əliyevin dahiliyi və cəsarətli işləri nəticəsində 20 sentyabr 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycan xalqına öz sərvətlərinin sahibi olmağa imkan vermişdir. Bu ulu öndərin xalqına bəxş etdirdiyi böyük töhfələrdən biri idi.

 

 

 

Kərim KƏRİMOV,

ADNSU dosenti, Vyetnam Sosialist Respublikasının “Xalqlar dostluğu” ordenli fəxri neftçisi.

 

Respublika.- 2019.- 19 sentyabr.- S.5