Əsrin müqaviləsi” müstəqil Azərbaycanın tarixində yeni mərhələdir

(əvvəli 20 və 21 sentyabr tarixli saylarımızda)

 

 

 

Bakı yaxınlığındakı Səngəçal terminalından başlayan bu layihə çərçivəsində hasil ediləcək təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq. İlk qazın 2018-ci ilin sonlarında Gürcüstan və Türkiyəyə verilməsi təmin edilmişdir. Avropanın qaz təchizatının isə Azərbaycanda dənizdə ilk qaz hasil edildiyi vaxtdan bir ildən bir qədər çox müddət keçdikdən sonra gerçəkləşəcəyi gözlənilir.

 

Bu barədə Azərbaycanın dövlət başçısı demişdir:

 

“Biz heç kimdən asılı deyilik, öz taleyimiz öz əlimizdədir və müstəqil siyasət aparmaq imkanlarımız, ilk növbədə, iqtisadi imkanlarımızdan qaynaqlanır. Bu imkanları da bizə “Əsrin kontraktı” yaratdı.

Bu gün biz beynəlxalq tərəfdaşlarımızla fəal şəkildə yeni layihələr, Xəzər dənizinin Azərbaycan sektorundakı yeni qaz yataqları üzərində işləyirik. Tezliklə, ola bilsin ki, bir neçə ilə, bəlkə də bundan az müddətdə hasilata başlanacaq “Abşeron” yatağı, çox böyük qaz ehtiyatı olan “Ümid” və “Babək” yataqları ilə bağlı Azərbaycan xarici şirkətlərlə fəal danışıqlar aparır. Tezliklə beynəlxalq əməkdaşlığa cəlb olunacağına ümid bəslədiyimiz başqa bir yataq “Qarabağ” adlanır. Həmçinin, böyük qaz potensialı olan iki yataq - “Dan ulduzu” və “Əşrəfi”. Beləliklə, Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları “Şahdəniz” yatağından iki dəfədən artıq çoxdur - 2,6 trilyon kubmetr qaza bərabərdir və əminəm ki, daha çox olacaq. Çünki bizim təcrübəmiz onu göstərir ki, ilkin olaraq gözlənilən ehtiyatlar əvvəlkindən daha çox olur. Məsələn, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalananda “Azəri-Çıraq-Günəşli” yataqlarının ehtiyatları 500 milyon tondan bir qədər çox qiymətləndirilirdi. Təvazökarlıqla desək, hazırda bu rəqəm iki dəfə çox - 1 milyard tona yaxındır. Düşünürəm və ümid edirəm ki, qaz yataqlarında da eyni mənzərinin şahidi olacağıq. Ona görə də Azərbaycan qarşıdakı onilliklərdə dünya bazarlarına enerji ehtiyatlarının etibarlı, uzunmüddətli təchizatçısı olacaq. Bu gün Azərbaycan nefti bəzi Avropa ölkələrinin neft istehlakının üçdə biri və ya daha çox, hətta 40 faizini təşkil edir. Azərbaycan öz qaz ehtiyatları ilə Avropa bazarına daxil olmağa hazırdır...”

Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələr - Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya bu layihəni yüksək qiymətləndirir, Azərbaycan dövlətinə öz minnətdarlıqlarını bildirirdilər. Layihədə iştirak barədə Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro ilə anlaşma memorandumları imzalanmışdır. Rumıniya və Türkmənistan da bu böyük dəhlizə maraq göstərdiklərini bəyan etmişlər. Cənub Qaz Dəhlizi cəlb olunmuş bütün ölkələrdə bir neçə milyardlıq investisiyalara yol açır. Bu, minlərlə yeni iş yeri deməkdir. Bu, təkcə enerji deyil, həm də nəqliyyat infrastrukturu, nəqliyyat infrastrukturuna investisiya yatırılması deməkdir. Cənub Qaz Dəhlizi marşrutu boyunca yerləşən və Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin bir çox hissələrinin qazlaşdırılmasına gətirib çıxaracaq. Bütün bunlar inkişaf, sabitlik, proqnozlaşdırılma imkanı deməkdir və əməkdaşlığa yol açır. Çünki bu gün Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələr Azərbaycanın çox yaxın tərəfdaşlarıdır. Azərbaycan artıq bu ölkələrin böyük əksəriyyəti ilə strateji tərəfdaşlığa dair bəyannamələr imzalamışdır...

 

 

 

“TANAP” və “TAP”ın istifadəyə verilməsi Türkiyə ilə Azərbaycan arasında əbədi dostluğun növbəti təzahürü - Avropanın enerji təhlükəsizliyinin güclü mənbəyidir

 

2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasimin keçirilməsi böyük tarixi hadisə idi. Azərbaycanın iştirakı və dəstəyi ilə reallaşdırılan növbəti nəhəng layihənin həyata keçirilməsi ilə Azərbaycan daha bir tarixi iqtisadi, siyasi uğuruna imza atdı, nəinki regionun, bütövlükdə Avropanın və dünyanın enerji təhlükəsizliyinə özünün növbəti töhfəsini vermiş oldu.

2018-ci il ərzində o qədər möhtəşəm, genişmiqyaslı layihələr, tədbirlər keçirilib ki, müstəqil inkişaf xəttimiz, müstəqil dövlət siyasətimiz olmadan onlara nail ola bilməzdik.

Eyni zamanda, açılış mərasimində də vurğulandığı kimi, enerji bazarında yaşanan dəyişikliyə və ehtiyaca cavab verən TANAP həm də qarşıdakı illərdə həyata keçiriləcək yeni layihələrin müjdəçisidir. Elə layihə ilə bağlı rəqəmlər bu həqiqəti açıq-aşkar ortaya qoyur.

Diametri 56 düymlük borulardan ibarət olan 1850 kilometrlik TANAP Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun təbii qaz boru kəməridir. TANAP-ın marşrutu 20 vilayət, 67 rayon və Çanaqqala boğazından keçir. Bu layihənin ilkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr təbii qazdır. Bunun 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya nəql olunacaq. Tələbdən asılı olaraq, ötürücülük qabiliyyətinin əvvəlcə 22 milyard, daha sonra əlavə sərmayələrlə 31 milyard kubmetrə çatdırılması hədəflənir. Trans-Anadolu qaz kəməri layihəsinin icrası müstəqilliyimizin daha bir mühüm hadisəsi kimi tarixə düşdü. Azərbaycanın və Türkiyənin möhkəm işbirliyi, qardaşlığa və dostluğa söykənən fəaliyyəti bu strateji layihənin uğurla reallaşmasında əhəmiyyətli rol oynadı. Ölkəmizin iqtisadi qüdrətini, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolunu bir daha təsdiqləyən TANAP dünyanın siyasi və iqtisadi həyatında Azərbaycanın yerini və özəlliyini bir daha nümayiş etdirdi.

 

 

 

Azərbaycan dünya miqyaslı layihələrdə iştirak edən mühüm bir tərəfdaş dövlətdir

STAR: Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının növbəti ifadəsi...

Müstəqilliyimizin 100-cü ilinin uğurlarından bəhs edərkən, Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimini qeyd etməmək mümkün deyil. Hələ 2011-ci ildə Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə təməli atılan “Star” zavodu hər iki ölkənin, bütövlükdə isə bu bölgənin iqtisadi inkişafına və enerji təhlükəsizliyinin təmin olunmasına öz müsbət töhfəsini verəcək tarixi layihədir.

Qeyd edək ki, illik istehsal gücü 10 milyon ton olan “Star” neft emalı zavodu ilk beş il müddətində Azərbaycan iqtisadiyyatına ildə 850 milyon ABŞ dolları, sonrakı dövrlərdə isə hər il 600 milyon ABŞ dollarından çox gəlir gətirəcək. Bu o deməkdir ki, Azərbaycan dünya miqyaslı əhəmiyyətə malik bir zavodun sahibidir və bu da əbədi kapital deməkdir. Bu, eyni zamanda, onu göstərir ki, Azərbaycan-Türkiyə münasibətlərində gündən-günə möhkəmlənən yeni müsbət meyillər yaranır. Bu layihə həm istehsalçı olaraq respublikamız, həm də istehlakçı kimi Türkiyə üçün maraqlıdır.

2018-ci ilin oktyabr ayının 19-da qardaş və dost Türkiyənin İzmir şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə nəinki hər iki ölkənin, bütövlükdə regionun həyatında, inkişafında çox böyük və mühüm rola malik olan “Star” neft emalı zavodunun açılış mərasimi keçirildi. Çox böyük tarixi hadisə idi. Hər iki ölkənin liderləri Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun, müttəfiqliyinin möhkəmləndirilməsi yolunda daha bir uğura imza atdılar. Azərbaycan və Türkiyə birlikdə XXI əsrin enerji tarixini yazır.

“Star” neft emalı zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulmuşdur. “Star” zavodunun ümumi neft emalı gücü 10 milyon ton təşkil edəcək. Müəssisənin əsas xammal tədarükçüsü kimi Azərbaycan Respublikanın Dövlət Neft Şirkəti - SOCAR çıxış edir. SOCAR-ın 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim” neft-kimya kompleksinin ərazisində inşa etdiyi bu zavodda hər il 10 milyon ton xam neft emal ediləcək. Zavodda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilen və 160 min ton kükürd istehsal olunacaq. Zavod “Petkim” neft-kimya kompleksinin nafta və qarışıq ksilenə olan tələbatını tam ödəyəcək. Onu da qeyd edək ki, SOCAR 19,5 milyard dollarlıq investisiya paketi ilə Türkiyə tarixində ən böyük xarici sərmayəçidir. Bundan əlavə, “Star” Neft Emalı Zavodu Türkiyədə özəl sektorun bir nöqtəyə qoyduğu ən böyük investisiya layihəsidir.

Yeri gəlmişkən qeyd edək ki, Dövlət Neft Şirkəti digər ölkələrə də investisiya yatırır. Son 10 ildə SOCAR-ın Gürcüstandakı nümayəndəliyi tərəfindən SOCAR-ın Tbilisi və Batumidə inzibati ofis binaları, Tbilisidə Azərbaycanın böyük ədibi və mütəfəkkiri Mirzə Fətəli Axundovun ev muzeyi, Marneulidə “Çay Evi” və “Gənclər Mərkəzi”, Tbilisidə Nəriman Nərimanovun ev muzeyi alınıb əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Ümumiyyətlə, 2007-2018-ci illər ərzində SOCAR və ona tabe qurumlar tərəfindən Gürcüstan iqtisadiyyatına 1 milyard ABŞ dollarından artıq sərmayə yatırılmış, Gürcüstan dövlət büdcəsinə təxminən 1,3 milyard ABŞ dolları məbləğində vergi (bütün növ vergi tutmaları üzrə) ödənilmişdir.

SOCAR Azərbaycan ərazisində dənizdə və quruda neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, neft və neft-kimya məhsullarının, qazın daxili və xarici bazarlarda satışı, ölkə ərazisində sənayenin və əhalinin təbii qaz təchizatı ilə məşğul olur. Beynəlxalq şirkət statusuna malik olan SOCAR təkcə ölkənin daxili tələbatının böyük hissəsini neft-qaz, həmçinin geniş çeşidli neft məhsulları ilə təmin etməklə kifayətlənmir, həmin məhsulların artıq qalan hissəsini xarici bazarlara çıxarmaqla da məşğul olur. Bütün bu vacib və müxtəlif istiqamətli işləri həyata keçirmək üçün şirkət dəniz və quru sahələrində yeni qaz və qaz-kondensat, neft yataqlarının kəşfiyyatı, işlənməsi və son işlənmə mərhələsində olan yataqların abadlaşdırılması üçün yeni texnika və texnologiyaları tətbiq etməyə qadir olan yüksəkixtisaslı mühəndislər, texniki işçilər və fəhlə kadrları yetişdirir.

“Star” neft emalı zavodu Avropa, Yaxın Şərq və Afrika bölgələrində ən böyük müəssisələrdən biridir.

Türkiyənin Xəzinə və Maliyyə naziri Berat Albayrak Türkiyə və Azərbaycan arasındakı dostluğu və birliyi dünya üçün nümunə adlandırdı və dedi: “Bu gün burada yaranan mənzərə dünyanın içində olduğu bədbinliyə, qeyri-müəyyənliyə ən gözəl həll formasını təqdim edir. Dünya Türkiyə ilə Azərbaycan arasındakı dostluğu, birliyi örnək götürməlidir. Qarşılıqlı uzaqgörənliklə ortaq hədəflərə doğru həmrəyliklə hərəkət etdikdə regional və qlobal sabitliyə, əmin-amanlığa necə böyük töhfə verməyin mümkün olduğu bu mənzərə sayəsində çox aydın görünür. Bu gün bu mənzərə dünyaya ölkələrin öz maraqlarını, iqtisadi sabitliklərini həll etməsinin yolunun himayəçilikdən və onu artırmaqdan, ticarət müharibələri aparmaqdan deyil, həmrəylikdən, rəqabət mühitindən, güclü əməkdaşlıqdan keçdiyini çox aydın şəkildə ortaya qoyur”.

 

 

 

Azərbaycan neftinin xaricə daşınması məsələsi diqqət mərkəzində

2000-ci il martın 22-23-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Gürcüstana səfər etdi. Səfər zamanı Gürcüstan ərazisindən daşınan Azərbaycan neftinin tranzit tarifi məsələsi həll olundu. Amma qonşu ölkə ərazisindən keçən neft kəmərinə dəyə biləcək mümkün ziyana dair Gürcüstan tərəfi ilə razılığa gəlmək üçün əlavə danışıqlara ehtiyac vardı və 2000-ci il aprelin 28-də Vaşinqtonda Azərbaycan, Gürcüstan və Türkiyə nümayəndələri arasında bu razılaşma əldə edildi - Gürcüstanla tranzit razılaşma imzalandı.

2000-ci il mayın 26-da sənədlər toplusu Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya edildi. 2000-ci il mayın 29-da isə ARDNŞ Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda işləyən yerli və xarici neft şirkətləri üçün bu layihənin təqdimatını keçirdi. Mərasimdə iştirak edən 31 xarici şirkətdən 27-si ARDNŞ ilə razılaşdırılmış şərtlərlə bu layihədə iştirak etmək arzusunu bildirdi.

2000-ci il oktyabrın 17-də Bakıda Prezident sarayında “Azərbaycan Respublikası hökuməti, ARDNŞ və tranzit əraziyə malik ölkə hökuməti arasında razılaşma” və “Bakı-Tbilisi-Ceyhan xam neft boru kəmərinin mühəndislik işləri və layihənin hazırlanması üçün maliyyələşmə və əməkdaşlıq haqqında razılaşma”nın imzalanması mərasimi keçirildi.

2001-ci il yanvarın 23-də Londonda Bakı-Tbilisi-Ceyhan ƏİBK layihəsinin İdarə Komitəsinin iclası keçirildi. Komitə üzvləri baza layihənin yerinə yetirilməsinə dair hesabatlar dinlədilər. Bundan sonra, daha dəqiq desək, 2001-ci il martın 1-də Astanada Qazaxıstanın, ABŞ-ın, Türkiyənin, Azərbaycanın və Gürcüstanın nümayəndələri Aktau-Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə neftin daşınması layihəsi üzrə qarşılıqlı anlaşmaya dair memorandum imzaladılar.

2001-ci il mayın 15-də isə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev “Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq-Günəşli yataqlarının işlənib hazırlanmasına dair təcili tədbirlər, eləcə də “Şahdəniz” yatağının işlənməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin və “Şahdəniz” yatağından təbii qazın ixracı üzrə boru kəmərinin tikintisi, istifadəyə verilməsi ilə əlaqəli layihələrin yerinə yetirilməsi haqqında” sərəncam imzaladı.

Ümumiyyətlə, neft müqavilələrinin reallaşması ilə əlaqədar görüləsi işlər o qədər çox və əhatəli idi ki, onların hamısını ətraflı işıqlandırmaq mümkün deyil. Ona görə də burada bu hadisələrin qısa xronologiyasını verməyi məqsədəuyğun hesab edirik.

2001-ci ilin sentyabrında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti “Azəri”, “Günəşli” və “Çıraq” yataqlarında neft hasilatına dair tammiqyaslı işlərin layihəsinin təqdimatını keçirdi. Aparılan hesablamalar, araşdırmalar sübut edirdi ki, daha güclü neft kəmərinin tikilməsinə artıq ehtiyac yaranmışdır. Belə neft kəməri isə Bakı-Ceyhan neft kəməri ola bilərdi. Konkret faktlarla qeyd etdiyimiz kimi, bu marşrutun tikilməsinə maneçilik törədənlər vardı. Amma Heydər Əliyevin mövqeyi qəti idi.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 2001-ci il avqustun 16-da “Neftçilər Günü” peşə bayramının təsis edilməsi haqqında” sərəncam imzaladı. Sərəncamda deyilir:

“Azərbaycanın neft və qaz sənayesinin inkişafında Azərbaycan xalqının dəyərli insanları - böyük alimləri, mühəndisləri, geoloqları, neftçiləri və başqa mütəxəssisləri zəngin neft və qaz sərvətlərinin vətən, xalq naminə istifadə edilməsi üçün böyük işlər görmüş, fədakarcasına çalışmış və xalqımızın tarixinə şanlı səhifələr yazmışlar. Azərbaycanın tarixində, onun iqtisadiyyatının inkişafında, xüsusilə müstəqilliyinin möhkəmləndirilməsində neft sənayesinin əhəmiyyətini nəzərə alaraq və neftçilərin əməyini yüksək qiymətləndirərək qərara alıram: Hər il sentyabrın 20-si Azərbaycan Respublikasında “Neftçilər Günü” peşə bayramı kimi qeyd olunsun”.

Bu, həqiqətən, böyük bir məna daşıyan sərəncam idi. Dünya neft sənayesinin inkişafına Azərbaycan neftçiləri böyük töhfələr vermiş, əsl qəhrəmanlıq nümunələri göstərmişlər. Müstəqillik illərində onların fəaliyyət imkanları daha da genişlənmiş neftçilərimiz xarici neft şirkətləri ilə iş birliyində özlərinin peşəkarlığını, məsuliyyətli olduqlarını bir daha sübut etmişlər.

Azərbaycanın neft və qaz sənayesinin inkişafında böyük xidmətləri olan, tanınmış alim və geoloqlardan biri də akademik Xoşbəxt Yusifzadədir. Azərbaycanın bütün dövrlərdə neft sənayesinin inkişafında X.Yusifzadənin əməyi var. Xoşbəxt Yusifzadə bizim neft tariximizdə xüsusi bir səhifə, onun keçdiyi həyat yolu və gördüyü işlər isə ayrıca bir mərhələdir. Prezident Heydər Əliyev 2000-ci il yanvarın 13-də neftçi-geoloq Xoşbəxt Yusifzadənin 70 illik yubileyi münasibətilə təbrikində yazmışdı:

“Siz ölkəmizdə zəngin neft yataqlarının kəşf edilməsi və işlənməsinə böyük əmək sərf etmiş görkəmli mütəxəssis kimi tanınırsınız. Xəzər dənizində genişmiqyaslı axtarış-kəşfiyyat işlərinin uğurla yerinə yetirilməsində sizin xidmətləriniz xüsusilə böyükdür. “Bahar”, “Azəri”, “Çıraq”, “Kəpəz” və başqa neft və qaz-kondensat yataqlarının kəşfi bilavasitə rəhbərliyiniz və iştirakınızla həyata keçirilmişdir.

Respublikanın neft və qaz sənayesinin aktual problemlərinin həllinə yönəldilmiş elmi yaradıcılığınız Azərbaycan dəniz neft və qaz-kondensat yataqlarının işlənmə layihələrinin hazırlanıb həyata keçirilməsində, Xəzər dənizinin dərin sahələrində yerləşən neft-qaz yataqlarının mənimsənilməsi üçün elmi metodların tətbiq edilməsində mühüm rol oynamışdır. Neft laylarının açılmasının təkmilləşdirilməsi, neft, qaz və qaz-kondensat yataqlarının işlənməsi üsulları üzrə ixtiralarınız böyük səmərə gətirmiş, fəaliyyətinizdə elmlə istehsalatın sıx bağlılığını əyani nümayiş etdirmişdir. Karbohidrogen ehtiyatlarının hesablanması ilə bağlı proqnozlarınız həmişə təsdiq olunaraq, öz dəqiqliyi və mötəbərliyi ilə neft alimləri və mütəxəssisləri arasında nüfuzunuzu daha da artırmışdır.

Görkəmli neftçi-alim və peşəkar mütəxəssis kimi topladığınız böyük təcrübə Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsində göstərdiyiniz səylər nəticəsində daha da zənginləşmişdir. Müstəqil Azərbaycan Respublikasının yeni neft strategiyasının uğurla həyata keçirilməsində, dünyanın tanınmış neft şirkətləri ilə bağlanmış müqavilələrin gerçəkləşdirilməsində Siz böyük əzmkarlıq göstərirsiniz.

Neft sənayesinin inkişafında dövlət mükafatlarına, müxtəlif orden və medallara layiq görülmüş fəaliyyətiniz neftçilərin gənc nəsilləri üçün əsl həyat məktəbidir. Əminəm ki, doğma Azərbaycanımızın tərəqqisi, xalqımızın rifahının yaxşılaşdırılması naminə neft sərvətlərimizin səmərəli işlənməsi və istehsalı uğrunda bundan sonra da var qüvvənizi sərf edəcək və respublikanın neft sənayesi sahələrində yeni nailiyyətlər qazanacaqsınız”.

***

Müstəqillik uğrunda gedən mübarizədə neft amili həmişə ön planda olub. Neft amili bu gün də Azərbaycanın müstəqilliyinə, onun dünyada layiqli yer tutmasına xidmət edir və bu işdə fədakar neftçilərimiz öz ustadlarının başını uca edərək, əsl qəhrəmanlıq nümunələri göstərirlər. İnkaredilməz bir həqiqətdir ki, onların uzun illər ərzində qazandıqları zəngin təcrübə respublikamızın gələcək inkişafı üçün müstəsna əhəmiyyət kəsb edir. Dünyanın böyük neft şirkətləri ilə bağlanmış müqavilələrin reallaşması bunu əyani surətdə sübut edir.

Neftçilər keçmişdə də, indi də ən vacib, hörmətli peşə sahibləridir. Onlara qayğı Azərbaycanın gələcəyinə qayğıdır. Onlara diqqət əməksevər xalqımıza diqqətdir. Qeyd etməliyik ki, bu münasibət uzun müddət olub və indi də vardır. Əlbəttə, keçid dövrünü spesifik şəraitdə yaşayan respublikamızın çətinlikləri neft sənayesinin, burada çalışanların problemlərinin həllinə də təsir edir.

Qəhrəman neftçiləri dalğalı, fırtınalı Xəzərdə işləməyə təkcə maaş deyil, peşəyə vurğunluq, Vətənin qüdrətinin artırılması arzusu cəlb etmişdir. Mən uzun illərdən bəri neftçilərlə, o cümlədən neftçi alimlərlə təmasda oluram. Onların qayğıları, narahatlıqları, iqtisadiyyatla bağlı düşüncələri, sözün əsl mənasında, Vətənini, torpağını sevən insanların düşüncələridir. Onlarla çoxsaylı söhbətlərimdə bir həqiqəti də aşkar etmişəm. Neftçilər çox saf, mərd və dostluğa sadiq insanlardır. Bu keyfiyyətləri həmişə qoruyub saxlayan, gələcəyə nikbin baxan neftçilər ordusu Azərbaycan iqtisadiyyatının möhkəm və əzəmətli sütunlarındandır. Şanlı ənənələri olan Azərbaycan neft sənayesi iqtisadiyyatın aparıcı sahələrindən biridir.

Biz çalışdıq ki, dəniz neftçilərinin keçdiyi şərəfli yola bir daha nəzər salaq, bu işin başlanğıcından indiyə qədər baş vermiş ən vacib hadisələri, ömrünü Azərbaycan neft sənayesinin inkişafına sərf etmiş qəhrəman Azərbaycan övladlarını xatırlayaq. Bu gün onların çoxu aramızda yoxdur. Lakin onlar unudulmur və unudulmayacaqlar. Neftçilər bayramı sözün əsl mənasında milli bayramdır. Bu bayram, təbii ki, qəhrəman neftçilərimizi yeni-yeni uğurlara ruhlandıracaq və onları müstəqil Azərbaycanın iqtisadi qüdrətinin artması işində fəal iştirak etməyə səsləyəcəkdir.

Müstəqilliyin təminatının əsas sütunlarından biri iqtisadi güc və tərəqqidir. Dövlətin iqtisadi potensialı onun müstəqilliyini möhkəmləndirirsə, müstəqillik də öz növbəsində iqtisadi inkişaf və yüksəliş üçün münbit zəmin yaradır.

Azərbaycan neftçiləri hələ uzun illər Azərbaycan iqtisadiyyatının inkişafında, neft strategiyasının uğurla həyata keçirilməsində, eləcə də hər birimizin yaşayışı ilə bağlı olan dövlət büdcəsinin maliyyə təminatında mühüm rol oynayacaqdır.

Sənayenin neft-qaz sektorunda ümumi dəyəri 2018-ci ildə 31,3 milyard manat olmaqla 38,8 milyon ton neft (əvvəlki ilə nisbətən 0,3 faiz çox), 30,6 milyard kubmetr qaz (əvvəlki ilə nisbətən 7,1 faiz çox) hasil edilmişdir.

2018-ci il üzrə dünya bazarlarında Azərbaycan neftinin orta qiyməti 73,1 dollar/ton təşkil etmişdir. 2018-ci ildə SOCAR üzrə əsaslı vəsait qoyuluşu 1,8 milyard manat təşkil etmişdir. İl ərzində şirkətin valyuta və hesablaşma hesablarına 28,7 milyard manat, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Fonduna aid mənfəət neftinin satışından 17,4 milyard manat, “Şahdəniz” neftinin ixracından əldə edilən vəsait hesabına 187,0 milyon manat, dövlət büdcəsindən nizamnamə kapitalının artırılması üçün 1,2 milyard manat, bank kreditlərinin alınmasından 1,0 milyard manat vəsait daxil olmuşdur.

Hələ ötən əsrin 90-cı illərinin əvvəllərində lokal neft hasilatçısı olan Azərbaycan, onun Dövlət Neft Şirkəti “Əsrin müqaviləsi”nin imzalanmasından ötən 25 il ərzində öz inkişafının növbəti tarixi mərhələsinin astanasına çatmışdır.

Oxucuya təqdim edilən materiallar əyani surətdə sübut edir ki, bu mübarizələrdə Heydər Əliyevin siyasəti qalib gəldi və Azərbaycan bu gün dünyanın dinamik inkişaf edən, beynəlxalq aləmdə öz nüfuzunu artıran, xalqının firavan yaşaması üçün böyük işlər görən bir dövlətdir. Neft Fondunun yaradılması, neftdən gəlirlərin bir hissəsinin ölkənin strateji iqtisadi, sosial məsələlərinin həllinə yönəldilməsi ildən-ilə valyuta ehtiyatlarının daha da güclənməsini, qlobal risklərin təsirlərinin minimuma endirilməsini şərtləndirir.

“Biz bu gün tarixi bir gün yaşayırıq. Tarixi bir hadisənin şahidiyik. Bu tarixi biz yazırıq. Bugünkü nəsillər, Azərbaycan, Türkiyə, Gürcüstan, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Norveç, Fransa, İtaliya və digər dövlətlər, hamımız bir yerdə böyük bir tarix yazırıq. Bunların hamısı gələcək nəsillər üçündür. Şübhə yoxdur ki, gələcək nəsillər bizim gördüyümüz bu işlərdən bəhrələnərək, daha da firavan yaşayaraq, ölkələrimizdə, Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu şəraitində, vətəndaş cəmiyyəti şəraitində yaşayaraq bunların bəhrələrini görəcəklər”.

Heydər Əliyev

Əgər 1994-cü ildə, çətin dövrdə, həm iqtisadi, həm də siyasi cəhətdən çox ağır dövrdə bütün təzyiqlərə və hədə-qorxulara baxmayaraq, Heydər Əliyevin təşəbbüsü ilə “Əsrin müqaviləsi” imzalanmasaydı, bu gün Azərbaycanda nəinki neft sektorunda, ümumiyyətlə, iqtisadi sahədə inkişafdan söhbət gedə bilməzdi.

İlham Əliyev: “Biz haqlı olaraq neft strategiyamızla fəxr edirik. Çünki Azərbaycanın uğurlu iqtisadi inkişafı, siyasi çəkisinin artması və dünya proseslərində fəal iştirakı ölkəmizin iqtisadi imkanları ilə bilavasitə bağlı məsələdir. İqtisadi imkanları bizə məhz neft strategiyamız yaratmışdır. O da həqiqətdir ki, biz bu imkanlardan bəzi başqa ölkələrdən fərqli olaraq səmərəli şəkildə istifadə etdik - neft kapitalını qeyri-neft sektorunun inkişafına yönəltdik. Beləliklə, infrastruktur layihələrinin icrası və digər iqtisadi islahatlar əslində imkan verdi ki, biz bugünkü reallıqlar haqqında xalqa qürur hissi ilə danışa bilək”.

 

Ziyad SƏMƏDZADƏ,

Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq

Komitəsinin sədri, akademik.

 

Respublika.- 2019.-21 sentyabr.- S.4