“Komik rollar
arzusundayam...”
Vidadi
Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin 31 iyul 2019-cu il tarixli sərəncamı ilə
Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə
görə Xalq artisti fəxri adına layiq
görülmüşdür. Hörmətli aktyorla
müsahibə də onun kino yaradıcılığı
haqqındadır...
—Vidadi müəllim, ilk şeirlər
kitabınız “Şair olmaq istəmirəm” adlansa da, poeziya,
söz dünyasında şair imzanız diqqət çəkir.
Şeirləriniz bədii ruhu, səsi, nəfəsi ilə bəzən
ədəbi polemikalardan yan keçmir...
—Təvazökarlıq etməyib səmimi deyəcəyəm.
Həqiqətən şair deyiləm. Və şair olmaq da istəməmişəm.
Şairlik başqa işdir. Sadəcə fikirlərimi,
düşüncələrimi arada bir kağızın üzərinə
yazıram. Çoxları şeir adlandırır. Mən
şeir demərəm. Bu bir adamın düşüncələridir,
kiminləsə söhbətidir. Mən öz fikirlərimi
yazıram. Sadəcə it-bat olmasın deyə onları kitab
halına salmışam. O işləri də özüm etməmişəm.
Tələbələrim şeirlərimi məndən
alıblar. Bir kitabımı 50 yaşında mənə
bağışlayıblar. O birisini isə 60 yaşında...
—Bəs aktyor olmaq necə? İstəmirsizmi?
Maraqlıdır, aktyor sənətinə həvəs, istək
nə vaxt yarandı Sizdə?
—Qəbul imtahanında təsadüfən bu sənətə
gəldiyimi deyəndə məni düzgün başa
düşməyənlər, hətta qınayanlar da oldu. Həqiqətən
də, mən aktyorluq peşəsinə təsadüfən gəlmişəm.
Orta məktəbdə oxuyanda ədəbiyyata böyük
marağım, sevgim var idi. Bu sevgini məndə ədəbiyyat
müəllimimiz Oqtay müəllim yaratmışdı. Dərslərimiz
çox vaxt teatrallaşdırılmış şəkildə
keçirdi. “Vaqif” pyesindən Vaqiflə Qacarın
görüşü səhnəsini teatrdan gətirdiyimiz
paltarlarla oynamışıq. O illərdə aktyor
olacağıma qərar verdim. Və hərbi xidmətdən
sona Gəncə Dövlət Dram Teatrına gəldim.
—Vidadi müəllim, sənət yolunuz Gəncə
Dövlət Dram Teatrından başladı. Böyük
ekranda isə ilk dəfə “Bəyin oğurlanması” filmində
Musa obrazında göründüz. Bu gün çoxcəhətli
sənət yolunuzda kino yaradıcılığınız
önəmli yer tutur. Maraqlıdır, Xalq artisti Vidadi Həsənov
ilk çəkiliş günlərini necə
xatırlayır?
—O günləri günbəgün yox, dəqiqəbədəqiqə
xatıqlayıram. İncəsənət İnstitutunun
4-cü kursunda oxuyurdum. Məni və kurs yoldaşım
Füzuli Hüseynovu bu filmin sınaq çəkilişlərinə
dəvət etdilər. Biz təsdiq olunduq. “Bəyin
oğurlanması”nı müəllimimiz, mərhum kinorejissor
Tofiq İsmayılov çəkməli idi. Sonra bu filmi Vaqif
Mustafayevlə mərhum sənətkarımız Ceyhun Mirzəyevə
həvalə etdilər. Onlar sınaq çəkilişlərindən
keçən bir neçə aktyoru dəyişdirdilər.
Amma Füzuli ilə mən öz rolumuzda qaldıq. Oxuduğum
fakültə dram-kino aktyorluğu adlansa da ilk dəfə
çəkiliş meydançasına ayaq qoyurdum.
Rejissorların göstərişlərinə bacarıqla əməl
etməyə çalışırdım. Bu ilk kino işi
idi. Məni iri planda çəkirdilər. Allah rəhmət
eləsin, böyük sənətkarımız Həsənağa
Turabov yaxınlaşdı mənə, özünəməxsus
səsi ilə soruşdu ki, nə olub, ala? Dedim, Həsənağa
müəllim, iri plandır, çox həyəcanlıyam.
Vurma cədvəlini necə bilməyimlə maraqlandı.
Yaxşı bilmədiyimi etiraf etdim. Dedi ki, çəkiləndə
hasilini bilmədiyin rəqəmləri bir-birinə vurarsan...
Bu nə sirr idi, o vaxt anlamadım. Amma Həsənağa
müəllimin dediyi kimi etdim. Uzun illər keçəndən
sonra başa düşdüm ustad mənə nə demək
istəyirdi. Nə yaxşı ki, o filmdə böyük sənətkarlarımız
çəkilib. Və onlarla ünsiyyət, bir filmdə
çəkilmək mənə də nəsib olub.
—Kino aktyoru kimi təsdiqlənməyinizdə
Xalq artisti, kinorejissor Eldar Quliyevin “Burulğan” filmindəki Adil
obrazı, yəqin ki, təsirsiz ötüşmədi...
—Əlbəttə.
Bu, kinoda ilk əsas rolum idi. “Burulğan” filminə
düşməyimin özü ayrıca bir tarixçədir.
Filmdə bizim böyük ustad sənətkarımız Akif
Rüstəmov ikinci rejissor idi. O hələ də gənclərin
filmə çəkilməsində müstəsna rol
oynayır. Tələbə idim, Akif müəllim məni
sınaq çəkilişinə dəvət etdi. Bəlkə
də 20 dəfə müxtəlif yerlərdə sınaq
çəkilişləri oldu. Eldar Quliyev hər rola bir
neçə aktyoru dəvət etmişdi. Məni hər yerə
aparırdılar, amma çəkmirdilər. Sonuncu sınaq
çəkilişi günündə daha bir neçə
aktyoru çəkəndən sonra Eldar müəllim dedi ki, vəssalam,
bitirdik. Və getdi. Akif Rüstəmov sınaq çəkilişini
etdi. Doğrusu, çəkilişin uğuruna
inanmırdım. Müəyyən vaxtdan sonra Akif müəllim
sevinclə mənə dedi ki, sınaq çəkilişlərindən
keçmişəm. Münsiflər heyəti mənim rolumu bəyəndilər.
Kinoda öyrəndiyim məsələlər bu filmdə
başladı. Eldar müəllimin “Təxribat” və “Dərvişin
qeydləri” filmlərinə də çəkilmişəm.
Eldar müəllim mənim kino müəllimimdir.
—“Burulğan” filmində dənizdə batan Murad
son anda yaxın dostlarından yalnız Adili - Vidadi Həsənovu
köməyə çağırır. Amma Adil onun
dostları ilə bərabər burulğanda
çırpınan Murada sakit-sakit baxır. Həyat
yollarında necə? Köməyinizə ehtiyac duyanlarla
qarşılaşmısız?
—Əvvəlcə, film haqqında
danışım. Dənizdə boğulan Muradı xilas etmədiyinə
görə dostları Adili qınayırlar. Dostların
arasında üzməyi yalnız Adil bacarırdı.
Xatırlayırsınızsa, Muradın təminatlı həyatı
Adilin sayəsində olub. Murad hətta onun sevdiyi qadını
da əlindən alıb. Adil bilərəkdən Muradı
xilas etmir. Bu filmdir. O ki qaldı mənimlə bağlı...
Uzun illərdir pedaqoji işlə məşğulam. Cavan
vaxtlarımdan da belə düşünmüşəm.
Müəllim sadəcə tədris edən insan deyil. O, həm
də tələbəsinin sonrakı həyatı haqqında
bir az əndişədə olan insandır. O hər zaman əkdiyi
tingin böyüməsi üçün əlindən gələni
əsirgəməməlidir. Qeyri-təvazökar səslənsə
də, deyim ki, bacardığım qədər
çalışmışam bu insanların yanında olum.
—Vidadi Həsənov üzləşdiyi çətinliklərdə
daha çox kimə arxalanır?
—Son anda
insan bilməlidir ki, hər məsələni özü həll
etməlidir. Hamı sənə yardımçı da ola bilər, məsləhət də verə
bilər, yol da göstərər. Amma son
addımı atmaq sənlikdir. Ramiz
Rövşəndə olduğu kimi. Bəzən
insan o bir addımın qarşısında diz
çöküb ölə də bilər. Bəzən o bir addımı atıb yüksələ
də bilər. Sadəcə olaraq belə
deyərdim. Özümə, bir də
Allaha arxalanıram.
—Əməkdar
incəsənət xadimi, kinorejissor Şamil Nəcəfzadənin
“Qala” filmindəki müəllim obrazı kino
yaradıcılığınızda yaddaqalan səhifələrdən
biridir. Filmin çəkilişlərində unudulmaz hadisələr
də, yəqin ki, az olmadı...
—Çox
olub. Birini deyəcəm. Təyyarəyə
minməkdən, hündürlüyə qalxmaqdan qorxuram.
Fobiya var məndə. Qışda
çəkilişə vertolyotla uçmalıydıq. Qrim ustamız Elbrus məni necə deyərlər
müəyyən kondisiyaya gətirdi. Ovqata
saldı. Cürətlənib vertolyota
mindim. Əgər Elbrus Vahidovun təşəbbüsü
olmasaydı, yəqin ki, vertolyota minməyəcəkdim.
—Xalq
artisti, kinorejissor Ramiz Əzizbəylinin “Yalan” filmində məharətlə
yaratdığınız əsgər atası övlad sevgisi,
iztirab və həyəcanları ilə unudulmur. “Kino səltənəti”ni dinləyənlər üçün “Yalan”
filmi ilə bağlı hansı xatirələrinizi
bölüşmək istərdiniz?
—Əvvəla,
bu fürsətdən istifadə edib görkəmli aktyorumuza,
rejissorumuz Ramiz müəllimə cansağlığı
arzulayım. Allahdan ona şəfa diləyirəm.
“Yalan”a qədər 18 il ara var idi ki, filmə
çəkilmirdim. Ramiz müəllimlə
institutda eyni kafedrada işləyirdik. Bu
filmi ona tapşırmışdılar. Bir gün mənə
dedi ki, Vidadi, filmdə çoban rolları var. Ssenarini verim sənə
oxu. Çobanlardan birinə səni çəkəcəyəm.
Ssenarini oxuyandan sonra onunla kinostudiyada
görüşdüm. Ssenari və rol
haqqında fikirlərimlə maraqlandı. Söhbətimizin
sonunda özümü baş rolda gördüyümü
dedim. Ramiz müəllim etiraz etmədi. Beləliklə, mən baş rolun sınaq çəkilişlərinə
hazırlaşdım. Bir neçə
aktyor dəvət olunmuşdu. Sınaq
çəkilişlərindən uğurla çıxdım.
Baş rola çəkilmək istəyimi bildirməsəydim,
yaylaqdakı çobanlardan birini oynamalı idim.
İnsanlarla rastlaşanda daim bu filmdən
danışırlar... Müharibə haqqında
həqiqəti deyəndə insanlar onu “bədii kino” deyil,
gerçəklik kimi qəbul edirlər. Bu
uğur isə ssenaridən, rejissor işindən, aktyor oyununda
irəli gəlir. Hələ mən filmin ərsəyə
gəlməsində kadr arxasında qalan insanların zəhmətindən
danışmıram...
—Vidadi
müəllim, kino yaradıcılığınızda əsasən
ciddi rollar oynamısınız. Rejissorlar Sizi
komik rollara dəvət etsələr, necə
qarşılayarsınız?
—Çox
gözəl. Aktyor müxtəlif xarakterlər
yaratmalıdır. O, qatili də, müdriki də, tragik
qəhrəmanı da, heç kimin gözləmədiyi komik
personajı da ifa edə bilər. Düşünürəm
ki, teatrda belə xoşbəxtlik nəsib olub mənə.
Bir neçə dəfə komik rollar
oynamışam. Çox xoşuma gəlir.
Çünki bu işi görmək daha çətindir.
Son oynadığım Çexovun “Təklif”
vodevilindəki Stepan Stepanoviç Çubukov roludur. Ramiz Rövşənin bir yaxşı sözü
var. Deyir ki, Azərbaycan aktyorları tragediyanı və
komediyanı çox yaxşı oynayırlar. Amma adi həyat situasiyasında çətinlik
çəkirlər. Tragediyada coşmaq
lazımdır, psixoloji rol, gerçək insan həyatını
oynamaq isə daha çətindir. Kinoda
komik bir rol mənə təklif olunsa, məmnuniyyətlə
oynayardım. Hətta onu deyim mən komik
rollar arzusundayam. Sevərəkdən
oynayardım. Bir çoxu məni qətiyyən yumor
hissi olmayan, sərt adam kimi qəbul edir. Səhnədəki,
ekrandakı insan ayrıdır, biz özümüz isə
tamam başqayıq...
—Kinorejissor
Şamil Əliyevin lentə aldığı
“Çölçü” filmi nüfuzlu beynəlxalq
kinofestivallarda iyirmidən artıq mükafat qazandı. “Çölçü” 2014-cü ilin “Oskar”
mükafatına təqdim edilən filmlərin ilkin
siyahısında yer aldı. Yaddaqalan rejissor, aktyor, operator
işi ilə bərabər, filmin beynəlxalq uğurunda
yazdığınız ssenarinin də, heç şübhəsiz
ki, rolu az olmadı...
—Gənc
yaşlarımdan bədii yaradıcılıqla məşğulam.
Günlərin birində ssenari yazmağa qərara
gəldim. Teatrımızın bədii rəhbəri,
ustadım Vaqif İbrahimoğlu ssenarini bəyənmədi.
Mən Tbilisidə, Moskvada ssenari kurslarını keçdim. 2011-ci ildə “Çölçü” filmini
istehsalata buraxdılar. “Çölçü”
kompakt filmdir. Aktyorlar azdır. Ssenari konkret əhvalatın üzərindədir.
Dəmir yolu ilə şose yolu arasında bir
oazis var. Hər tərəfdə sivilizasiyadır. Ortada bir arxaik məkan var. Burada öz qanunları ilə,
öz leksikası ilə Ulu çölçü və cavan
çölçü yaşayır. Arxaik
dünyaya sivil dünyadan gələn qız cavan
çölçünün həyatını dəyişdirir.
Deyirlər ki, adam var onun öz
dünyası var. Adam var ki, öz dünyasını itirib.
Adam da var ki, heç xəbəri yoxdur öz dünyası ola bilər. Bizim hər birimizin
içində bir oazis var. Biri üçün
çöldür, başqası üçün sevgisidir, qəlbidir,
mərhəm bildiyi guşədir. Oazisdə
biz hamımız azadıq, orada sevgi də, nifrət də
başqadır. Məncə, hər insan
çalışmalıdır ki, özünü, ailəsini,
ən başlıcası düşüncəsini qorusun.
Onda düşünürəm ki,
“Çölçü” filmi həmin insanlar üçün
doğma olacaq. Çöl filmdə
simvoldur. Hamının arzuladığı
bir məkandır.
—Ssenari
müəllifi olaraq filmdə eyni zamanda aktyor kimi çəkilmək
ikiqat sənət məsuliyyətidir. Bu filmdə
Ulu çölçü roluna çəkilmək təklifi
kimdən gəldi? Rejissordan, yoxsa?..
—Baş
rola sınaq çəkilişləri gedirdi. Etiraf
edim ki, dəvət gözləyirdim. Heç
kimə demədən gizlincə fotosınaqları da
etmişdim. Nəhayət, dözməyib
özüm müraciət etdim. Sınaq
çəkilişlərindən sonra Ulu
çölçü roluna təsdiq olundum. Filmin çəkilişləri ağır idi.
İsti yay günlərində qalın paltar
geyinmək lazım gəlirdi. Üzümü
qırışdırmaq üçün xüsusi qrim
etmişdilər. Əziyyətsiz iş olmur. Nəhayət, o film çəkildi. Bir çox dostlarım çəkilişə baxmaq
istədilər. Bir saatdan artıq dayana
bilmədilər. Kino çox əziyyətli
işdi.
—Siz eyni
zamanda Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetində müəllim kimi də
səmərəli fəaliyyət göstərirsiz. Peşəkar müəllim kimi gələcək
aktyorlara hansı sənət tövsiyələrini təlqin
edərdiniz?
—Mənim
üçün aktyorluq sənəti 3 əsas keyfiyyətdən
ibarətdir. Birincisi bacarıqdır. Müəllim tələbəyə
düşünmək bacarığı öyrətməlidir.
Aktyor bacarıqlı, öz işinin ustası
olmalıdır. Sənətinin sirlərini
bilməlidir. Bacarıqlı adam aciz
olmur, özünə güvənir. Bu isə
aktyor sənəti üçün çox vacibdir.
Aktyor dedikdə həmişə gözümüzün
qarşısında şəxsiyyət, ləyaqətli adam görməliyik. İkincisi
intellektdir. İnsanın
bacarığı o zaman mükəmməl olur ki, onun
ağıl lı, biliyi, düşüncəsi var. Tələbələrimə
həmişə deyirəm ki, sizə peşə öyrətməyəcəyəm.
Peşəni öyrənirlər. Sizə düşünmək bacarığı
öyrədəcəyəm. Düşünmək
qabiliyyətini öyrənən insan hər şeyə
qadirdir. Üçüncüsü,
nizam-intizamdır. İncəsənət
adamı qədər nizam-intizamlı, incəsənət qədər
dəqiq elm yoxdur. Riyaziyyat belə incəsənət
kimi dəqiq deyil. İncəsənətlə
məşğul olan nizam-intizamlı olmalıdır.
Əks halda o heç nəyə müvəffəq ola bilməz. Bu üç keyfiyyət
olanda hər şeyi əldə etmək olar. Tələbələrə
bu keyfiyyətləri aşılamaq isə az
vaxt istəmir. Müəllim nəzərimdə
işıqlı şam timsalındadır, yol göstərəndir.
Yolu getmək isə hər kəsin öz işidir... Tələbələrin
bu sənət sınağından necə keçə biləcəyini
isə Zaman göstərəcək...
—Vidadi
müəllim, söhbətimizi hansı şeirinizlə
tamamlamaq istərdiniz?
—Az
sözlə çox şey demək bacarığı gözəl
xüsusiyyətdir. Cavanlıq illərində
uzun-uzun şeirlər yazırdım. Yaşlaşdıqca
həm də istəyirsən ki, dediyin sözləri daha
çox sanbala mindirəsən. Mən
yapon poeziyasını çox sevirəm. Yapon
poeziyasında beş bir formasında
şeir növü var. Son vaxtlar həmin növdə şeirlər
yazıram. O şeirlərdən birini deyəcəyəm.
Zalım
gecələrdə
Ay şəkili
çəkərəm göy üzünə.
Körpə təbəssümü ilə doğular səhər
günəşi.
Xoşbəxtlik də belədir.
—Maraqlı
müsahibə üçün Sizə təşəkkür
edir, yeni-yeni rollar, sənət xoşbəxtliyi arzulayıram.
Müsahibəni apardı:
Hatəm ƏSGƏROV
Respublika.- 2019.- 29 sentyabr.- S.8