NƏRİMAN
NƏRİMANOV - 150
(əvvəli
16, 18, 19, 20, 22, 23, 25, 28, 29
fevral, 1, 3, 5, 7, 8, 11, 12, 13, 14, 15, 17, 18, 19 mart,
7 və 8 aprel tarixli
saylarımızda)
N.Nərimanov təəssüf hissi ilə yazırdı
ki, ölən şeyxülislam və ya müftilərdən
heç biri bu sözləri arxayınca və qürurla deyə
bilməzlər. Çünki onlar xalq
qarşısında öz vəzifələrini başa
düşməmişlər. Bu din xadimləri müqəddəslik
paltarında xalqa xəyanət etmişlər: “Onlar öz
xalqlarını tanımırdılar, daha doğrusu,
tanımaq istəmirdilər, müsəlmanların mənəvi
tələbatını, ehtiyaclarını,
iztirablarını, göz yaşlarını başa
düşmür, ya da başa düşmək istəmirdilər.
Onları xalqdan həmişə dərin uçurum
ayırırdı, lakin onlar bu uçurumdan yol salmaq, cəhalət
məngənəsində çırpınan, “ruhani atalar”a
yeganə pənahı kimi baxan camaatın dərdinə
çarə qılmaq istəmirdilər.
Onlar nəinki xalq üçün məktəb
açmaq fikrində deyildilər, hətta ümumiyyətlə
müsəlmanların, xüsusilə öz mollalarının
mənəvi puçluğunu da görmürdülər. Xalq
arasında soyğunçuluq, qətllər, qanunsuz nikahlar,
mollalar arasında rüşvətxorluq, satqınlıq,
çuğulluq, nəhayət, mollaların maarifə
düşmənçiliyi və müsəlmanları
zülmətdə saxlamaq cəhdləri - bütün
bunların elə bil, şeyxülislamlara və müftilərə
heç dəxli yox idi. Bütün bunlar
elə bil, onların fəaliyyət dairəsindən kənarda
idi”.
Ona görə də bu din xadimləri - şeyxülislam
və ya müfti kimi ölsələr də, ruhanilərin
başçısı və müsəlmanların mənəvi
atası tək deyil, “ideyasız, prinsipsiz, təşəbbüskar
olmayan, yazıq məmurlar kimi ölürlər. Bu şeyxülislam və
müftilər ölüm ayağında yalnız öz
övladlarına qürurla deyə bilərlər:
“Övladlarım, xatircəm olun! Mövqeyimə
münasib nə rütbə və orden varsa,
hamısını almışam və arxayın ölürəm”.
Dindar kütlənin peyğəmbər və xəlifənin
valisi hesab etdiyi şeyxülislamın ölümünə
laqeyd, etinasız münasibət məqalədə öz
inandırıcı şərhini tapmışdır. N.Nərimanov
yazırdı ki, savadsız, dinc camaat həssas və zəhmlidir.
O, cənazəni tələsik yola salır, sakit, hay-küysüz,
təntənəsiz qəbrə tapşırır. Onun simasında heç bir dəyişiklik - nə kədər,
nə şadlıq olmur. Çünki xalq
din xadiminin şəxsində təsirli bir itki görmür, gələcəkdə
də sevincli, xoş hadisə olacağını gözləmirdi.
1905-ci ilə qədər müsəlmanlar bu
cür ümidsiz yaşamışlar. Burjua-demokratik
inqilabı müsəlmanlara öz ehtiyaclarını mətbuatda
açıq müzakirə etmək imkanı verdi.
Belə bir vaxtda ruhani
başçısının seçkili olması məsələsi
ortaya atıldı. Hamı yekdilliklə səs verdi, öz deputatlarını vəkil etdilər
ki, Dövlət dumasında məsələ qaldırsın. Bu xahişnaməyə III Dövlət dumasında
hörmət ediləcəkmi, bu gələcəyin məsələsidir.
Ancaq indi deməliyik ki, bu məsələnin
müsbət həlli müsəlmanlar üçün
bütün münasibətlərdə çox böyük və
əhəmiyyətli məna kəsb edərdi. Ona görə ki, “Onda şeyxülislamlar və
müftilər bilərlər ki, onlar xalqa gərək deyillər,
xalq onlara gərəkdir.
Onda seçilənlərlə xalq arasında keçilməz
uçurum olmaz, indi isə belə bir uçurum vardır və
ruhani başçıları xalqdan xəbərsiz təyin
edilərsə, belə bir uçurum yenə də
olacaqdır”.
Əgər
belə olarsa, onda bütün ermənilərin katolikosu
İzmirlyan kimi bütün həyatı boyu müsibət və
əzablara dözərək özünü xalq işinə
həsr edən ləkəsiz adam bizdə
də tapılar. N.Nərimanov erməni
katolikosunun ictimai fəaliyyətini “ali üləmalara” nümunə
gətirməklə, xalqın nəzərində
şeyxülislama olan inamı, müqəddəslik haləsini
yox etməyə çalışmışdır. N.Nərimanov insanın ləyaqətini onun
ümumxalq işinə saf ürəklə, vicdanla xidmətində
görürdü. O öz həmkarlarına dönə-dönə
tapşırırdı ki, maarif və mədəniyyətin
inkişafına mane olan hər şeyə qarşı
amansız mübarizə aparmaq vacibdir. Çünki
həyat sürətlə inkişaf edir, gərdişin
dövranı dəyişir, hamı tərəqqiyə can
atır. Bu şəraitdə maarif və mədəniyyətə
etinasızlıq vətənə xəyanətdən
savayı bir şey ola bilməz.
N.Nərimanov İran səfirinin təşəbbüsü
və mühacir varlıların maddi yardımı ilə
mühacirətdə olan iranlıların uşaqları
üçün açılmış məktəbə
İran xeyriyyə cəmiyyətinin soyuq münasibətini
ciddi tənqid edirdi. Məktəb bağlanmışdı: onu təsis edənlər
arasında didişmə, intriqa vardı, “Müqəddəs
iş - onlarla uşağın təhsil alması” kiçik
hisslərlə yaşayan adamların məkrinə qurban
edilmişdi. Nədənsə, İran xeyriyyə
cəmiyyəti xoşagəlməz hadisəyə etinasız
yanaşırdı. N.Nərimanov
“Astraxanski kray” (“Astraxanski kray” konstitusiyalı-demokratik qəzetinin
bütün redaksiya işlərinə rəhbərlik edən
vəkil M.B.Smirnov sosial-demokrat idi. O, Don vilayətindən
Həştərxana üç il müddətinə
sürgün edilmişdi. Ona görə də mürəttib
E.İ.İvanovski hər ay 30 manat almaq şərti ilə qəzetin
onun adı ilə çıxmasına və bir hadisə
baş verərsə, həbsxanaya düşməsinə
razılıq vermişdi) qəzetinin 17 dekabr 1910-cu il tarixli nömrəsində Həştərxanda
yaşayan iranlılara müraciətlə yazırdı: “Siz
yeniləşən doğma vətəninizin fəryadını
eşitmirsinizmi? O, islahat keçirilməsi üçün
elmi hazırlığı olan adamların yoxluğundan əzab
çəkir... Əgər vətəninizi
sevirsinizsə, onun gələcəyi, şan-şöhrəti
sizin üçün əzizdirsə, bu haqda ciddi fikirləşməlisiniz.
Öz uşaqlarınıza, vətəninizin gələcək
vətəndaşlarına lazımi təhsil verməlisiniz.
Vətən sizdən bunu umur və hətta tələb
edir. Yadınızda saxlayın ki, indi vətənimizə
pul yox, qalibiyyətli müharibələr yox, məktəblər
lazımdır. Bu son istinadgahı siz
öz əlinizlə dağıdırsınız.
Cəhalətdən iztirab çəkmiş vətənin
ehtiyaclarına bu cür yanaşmaq rüsvayçılıq
və cinayətdir!”
N.Nərimanov İran xeyriyyə cəmiyyətinə xəbərdarlıq
edirdi ki, məktəb açılmazsa, onun əleyhdarlarının
adını mətbuatda çəkib müsəlman ictimaiyyətinin
mühakiməsinə verəcəyik; qoy onlar da öz
“purişkeviçlərini” tanısınlar.
Lakin İran xeyriyyə cəmiyyəti haqlı tənqiddən
nəticə çıxarmadı. N.Nərimanov “Həştərxanda
İran xeyriyyə cəmiyyəti və onun sədri” adlı
məqaləsini yazıb “Nər” gizli imzası ilə
“Prikaspiyski kray”da çap etdirdi. Mübariz publisist burada
cəmiyyətin mötəbər sədri və onun həmkarlarını
xalqa namusla xidmət etməyə çağırır, il ərzində heç bir faydalı iş
görmədiklərini ciddi tənqid edirdi. Onların
intriqası, didişməsi üzündən yeganə fars məktəbi dərs ilinin ortasında
bağlanmışdı. Bu cəmiyyətin fəaliyyəti
yoxsul iranlıların dəfni üçün qəpik-quruş
xərcləməklə məhdudlaşmışdır.
N.Nərimanov yazırdı: “Məgər cəmiyyət təkcə
onun üçündürmü ki, yoxsul iranlıların dəfni
üçün qəpik-quruş versin? Axı,
cəmiyyət hələ mövcud olmayanda da bu yoxsullar
ölürdülər və heç biri də dəfn edilməmiş
qalmırdı.
Bəlkə bu ölülər axirət
dünyasında sizə təşəkkür edəcəklər,
lakin bilin ki, mənəvi qidadan məhrum edilib dərs ilinin
ortasında məktəbsiz qalan binəva uşaqlar da sizi
yaxşı xatırlayacaqlar. Yox, belə şeylər
haqqında susmaq cinayətdir”.
“İran xeyriyyə cəmiyyəti” sədrinin və onun
həmkarlarının məktəbə olan bu cür ruhsuz
münasibəti, etinasızlığı gələcəkdə
daha acınacaqlı nəticələr verə bilərdi. N.Nərimanovu
narahat edən də məhz bu idi. Zəmanə,
dövr çevik, işgüzar, yanar ürəkli ictimai xadim
tələb etdiyi halda, xeyriyyə cəmiyyətinə,
ümumxalq işinə etinasız bir adamın
başçılıq etməsi bağışlanılmaz
idi. Yerli mətbuat cəmiyyətin sədrini
şəhər dumasının üzvlüyündə, istərsə
də xeyriyyə cəmiyyətinə rəhbərlikdə
“ölü balıq” hesab edirdi. N.Nərimanov sədrin
şəxsiyyəti barədə yazırdı: “O,
şübhəsiz, yaxşı, yəni zərərsiz, kinsiz,
sakit, dindar, üzüyola, varlı (kursiv N.Nərimanovundur -
T.Ə.) adamdır və bu keyfiyyətlərinə görə
müsəlmanların bir hissəsi yanında hörmət
sahibidir, lakin faydalı ictimai xadim olmaq üçün bu azdır.
Keçmiş əyyamlarda bu cür möminlərin müsəlmanlar
arasında nüfuzu olurdu: plovuna və dindarlığına
görə müsəlman bu adamların xətrini istəyir,
ehtiramını saxlayırdılar, lazım gəldikdə
onları fövqəladə hallarda özlərinə vəkil
(deputat) seçirdilər.
Axı, indi o zaman deyildir. Həyat bulaq kimi
qaynayır; adamlar biliyə həsrətdirlər. İndi plova qonaq etmək yox, mənəvi, əqli
qida vermək, elm öyrətmək lazımdır.
Köhnə vaxtlarda bu cür cənabları narahat eləmirdilər,
indi isə elə deyildir: onları məhşər
ayağına çəkirlər, fəaliyyətsizlikdə məzəmmət
edirlər, gur səslə soruşurlar: cənab filankəs,
bir deyin görək filan cəmiyyətin
başçısı kimi siz bir il ərzində nə iş
görübsünüz?”.
Ona
görə də N.Nərimanov ictimai mənafe naminə tələb
edirdi ki, “cənab sədr” hansı vəzifədə işləyirsə
işləsin, amma geniş proqramlı xeyriyyə cəmiyyətinə
sədrlik etməsin, öz yerini mətbuatın fikrini qiymətləndirməyi
və xalqın xeyrinə iş görməyi bacaran adama
versin.
Məqalə ciddi mübahisəyə səbəb oldu. Lakin N.Nərimanov
yersiz hücumlara əhəmiyyət vermədi, ardıcıl
mübarizə apardı. O, ay yarımdan sonra yenidən
bu məsələyə qayıtdı, “Bir az Həştərxandakı
İran xeyriyyə cəmiyyəti barədə” adlı silsilə
məqalələrini dərc etdirdi. O, həmin məqalələrdə
xeyriyyə cəmiyyətinin bir illik fəaliyyəti
dövründə xəstələrin müalicəsinə və
“Müzəffəri məktəbi”nə etinasız münasibəti
dəlillər əsasında açıb göstərir, eyni
zamanda yoxsul iranlılar dəfni üçün xərc
çəkməkdənsə, onların qədrini sağkən
bilməyi, xəstəliyini müalicə etməyi, həyat
şəraitini yaxşılaşdırmağı xeyriyyə
cəmiyyəti qarşısında bir vəzifə kimi
qoyurdu. Çünki yoxsul iranlılar Həştərxanda
dözülməz şəraitdə yaşayırdılar, xəstələnəndə
baxımsız qalır, əzab çəkirdilər.
N.Nərimanov yazırdı: “Onlar xəstələnib günlərlə
əzab-əziyyət çəkirdilər. Bəzisi quru yerdə
can verirdi. Yastıqları köhnə,
yırtıq arxalıq, yorğanları adicə kisə
olurdu. Bu bədbəxt iranlıların öldüyü
yerə, həyatın ölümlə pəncələşdiyi
şəraitə baxanda adamın ürəyindən qara qanlar
axırdı...”.
Yoxsul
iranlıların ağır vəziyyətinə, istərsə
də “Müzəffəri məktəbi”nin
bağlanmasına xeyriyyə cəmiyyəti “kobud, cinayətkar
münasibət” bəsləyirdi.
Xeyriyyə
cəmiyyətində geniş imkanlar olduğu halda, əməli
iş görməməsi, onun
qayğısızlığı üzündən məktəbin
bağlanması məqalədə kəskin tənqid edilirdi.
Buradan anlaşılır ki, İran tacirləri arasında
böyük nüfuz sahibi olan, şəxsi malikanəsindən
çoxlu gəlir əldə edən, guya xeyriyyə işinə
ildə bir neçə min manat xərcləyən sədr məktəbin
gələcək fəaliyyətinə kömək etmək
üçün az miqdarda pul toplaya bilərdi.
O, heç olmasa, “Şurayi-islam” və “Cəmiyyəti-xeyriyyə”
müsəlman cəmiyyətləri kimi xeyriyyə məqsədi
ilə teatr tamaşaları, ədəbi gecələr və
ya görüşlər təşkil edə bilərdi.
Əlini ağdan-qaraya vurmayan sədrin
etinasızlığının səbəbini N.Nərimanov
belə izah edirdi: “Əgər o, məktəbin əhəmiyyətini,
xüsusilə geridə qalmış müsəlmanların həyatındakı
əhəmiyyətini dərk etsəydi, adi bir meyxana və ya
kababxananın deyil, mənəvi, əqli qida mənbəyi
olan məktəbin bağlandığını anlasaydı,
çox iş görə bilərdi”.
Xeyriyyə
cəmiyyəti sədrinin qohumu və “sağ əli” Hacı
Ələsgər Əliyev “Bürhani-tərəqqi”də
çıxış edərək öz “sahibini” mətbuatın
hücumlarından qorumağa, tənqidi mülahizələrin
düzgün olmadığını sübuta yetirməyə
çalışırdı. N.Nərimanov Hacı Ələsgər
Əliyevə vaxtında cavab verdi, onu
nümayişkaranə surətdə ifşa etdi. Bu cür
adamlara qarşı üz tutub qəti şəkildə
bildirdi: “İctimai həyatın bu və ya digər hadisəsi
münasibətilə qəzetə məqalələr yazmaq dəllallıq
etmək deyil. Gərək adam öz səhvlərini
mərd-mərdanə boynuna almağı bacarsın,
boşboğazlıq edib zavallı, sadəlövh “sahibini”
aldatmaq deyil, işləyib cəmiyyətin həvalə etdiyi
vəzifələri namusla yerinə yetirsin”.
N.Nərimanovun inadlı, ardıcıl mübarizəsi hədər
getmədi. Xeyriyyə cəmiyyəti son iclasında məktəbi
təmin etmək üçün iki min manat pul
buraxmağı yekdilliklə qərara aldı. Bunu nəzərdə
tutaraq N.Nərimanov fərəhlə yazırdı: “...biz
muradımıza çatdıq. Cəmiyyət
haqqında qəzetlərdə dərc etdiyimiz məqalələr
hədər getmədi. Qərəzsiz mətbuat
öz müqəddəs borcunu yerinə yetirdi. Biz onun qələbəsini ürəkdən
alqışlayırıq”.
Bundan sonra “Bürhani-tərəqqi” N.Nərimanovun
İran xeyriyyə cəmiyyəti sədrinə, onun
bürokrat həmkarlarına qarşı kəskin ittihamla dolu
“Cavabmı, ya hədərən-pədərən”, “Dad anlamaz əlindən”
məqalələrini dərc etdi. Qızğın münaqişəyə
yekun vuran qəzet öz oxucularına müraciətlə
yazırdı: “Möhtərəm qareləri qəti surətdə
əmin edirik ki, bu anə qədər möhtərəm “Nir”
cənablarının rusca və müsəlmanca qəzetlərdə
dərc edilən məqalələri mənafeyi islamiyyə
yolunda yazılan məqalələrdir. “Nir” cənablarının
məqalələrini qərəzi şəxsiyyə həm
edən əfəndilər səhv edirlər”.
N.Nərimanovun
“Prikaspiyski kray” qəzeti səhifələrində Həştərxan
məktəblər komissiyasının müsəlman
uşaqları üçün dördsinifli şəhər
məktəbinin açılması təşəbbüsünə
qarşı münasibətini ciddi tənqid edən məqalələri
(“Şəhər dumasının üzvü N.F.Skorikovun bəyanatına
dair”, “Duma üzvü N.F.Skorikovun məktubuna cavab”) gələcək
nəslin tərbiyəsinə onun nə dərəcədə
böyük məsuliyyət və həssaslıqla
yanaşdığını bir daha sübut edirdi. Bu məqalələrdə inqilabçı-demokrat ədib
pedaqoji sahədə çalışan ictimai xadimin vəzifəsi
məsələsinə toxunur. O, bürokrat məmur-pedaqoqun,
şəhər dumasının üzvü olan N.F.Skorikovun məktəb
komissiyasına sədrlik etməsinə müqəddəs xalq
işinə xəyanət kimi baxırdı. Məktəblər
komissiyasına seçkiqabağı kampaniya dövründə
N.F.Skorikovun mətbuatda dərc etdirdiyi bəyanat şəhər
dumasının bir qrup mütərəqqi fikirli üzvü tərəfindən
etirazla qarşılanmışdı. N.Nərimanov
da şəhər dumasının üzvü kimi, onlarla həmrəy
idi. O, N.F.Skorikovun bəyanatına öz münasibətini
şərh etdiyi məqaləsində qəti bildirirdi ki,
şəhər duması məktəblər
komissiyasının tərkibinə özgəsindən maddi və
xidməti asılılığı olmayan müstəqil
ictimai xadim seçilməlidir. O, N.F.Skorikovun xalq tədrisi
işinə formal, qeyri-təşəbbüskar münasibətini
məktəb həyatına, ictimai-pedaqoji inkişafa zərərli
olduğunu açıb göstərməklə bərabər,
rus-tatar məktəblərinə vaxtilə Zaqafqaziyada olan
bürokrat münasibətin uğursuz aqibətini
xatırladır, eyni zamanda bildirirdi ki, “...yalnız Bakıda
deyil, Zaqafqaziyanın digər şəhərlərində də
bu məktəblər müsəlmanların maarifləndirilməsində
böyük rol oynamışdır”.
N.Nərimanov Həştərxanda müsəlmanların
məktəbə olan münasibətini ətalətlə,
geriliklə əlaqələndirməyi və ya mövcud
qanun-qaydanı, proqramları bəhanə gətirməklə
yeni məktəblərin açılmasına mane
olmağı, beləliklə, maarifin yayılmasına əngəl
törətməyi “köhnə mahnı”
adlandırırdı. O, məktəb komissiyasının başında öz
məqsədli vəzifəsinə şüurlu, namuslu və
vicdanlı yanaşan, xalq işi uğrunda inadlı mübarizə
aparmağı bacaran bir şəxsiyyətin olmasını tələb
edirdi. O yazırdı: “Burada məhz sərbəst, müstəqil
bir şəxs lazımdır, elə bir şəxs ki, həm
şəhər əhlinin mənafeyini müdafiə edə
bilsin, həm də əhalinin tələbatını nəzərə
alıb məktəb həyatını istiqamətləndirməyi
bacarsın”.
N.Nərimanov maarif işinə şüurlu,
yaradıcı münasibətin tərəfdarı idi. O, uşağın zehni
qabiliyyətini və mənəvi aləmini öyrənməyi,
ona fərdi yanaşmağı tələb edirdi. Bu müqəddəs
vəzifəni namuslu, vicdanlı və öz sənətinin
vurğunu olan pedaqoqun öhdəsinə buraxır, inamla
yazırdı: “Böyük Pestalotsi qanun tanımırdı,
onun üçün nazirlik proqramları mövcud deyildi, o,
sevimli şagirdlərinin mənəvi aləmini və zehni
qabiliyyətini öyrənərək özü
üçün qanunlar yaradırdı”.
N.Nərimanov tədris işində mövcud qanun-qaydaya,
proqramlara riayət edərkən “məmur-pedaqoq” kimi deyil, əsl
pedaqoq kimi yaradıcılıqla yanaşmağı tövsiyə
edirdi. Buna görə də maarif sahəsində
bürokratcasına inzibatçılığa qarşı
çıxırdı. İctimai idarə etmənin
mahiyyətinə dərindən bələd olan N.Nərimanov
yazırdı: “Hər uşağın mənəvi aləmi
tərbiyəçidən xüsusi diqqət tələb etdiyi
kimi, müəyyən şəhərin bütün əhalisinin
tərkibinə daxil olan hər bir cəmiyyət də şəhər
ictimai idarəsindən xüsusi diqqət tələb edir.
İctimai idarənin öz vəzifəsini məhz bu
cür başa düşüb, məhz bu cür də hərəkət
etməsi üçün gərək təşkilatların
başında heç bir kənar təsir altında olmayan
adamlardan ibarət komissiyalar dursun”.
N.Nərimanov sürgün illəri yalnız Həştərxan
quberniyasının deyil, doğma Azərbaycanın da
siyasi-ictimai və ədəbi həyatı ilə ciddi
maraqlanırdı, necə deyərlər, özünü
doğma vətəndən ayrı təsəvvür etmirdi. 1910-cu il
noyabr ayının 30-da Bakıda Azərbaycan teatr sənətinin
görkəmli xadimi Cahangir Zeynalovun 25 illik səhnə fəaliyyətinin
yubileyi keçirilirdi. Təşkilat komitəsinin
katibi müəllim Qafur Rəşad Mirzəzadə yubiley
gününü “Bürhani-tərəqqi” qəzeti
redaksiyasına xəbər vermişdi. Ona
görə də N.Nərimanov redaksiya əməkdaşları
adından yubilyarı vaxtında təbrik edir. Bir
neçə gün sonra isə - “Bürhani- tərəqqi”nin 5 dekabr 1910-ci il tarixli nömrəsində
onun böyük qayğı və məhəbbətlə
dolu “Açıq məktub”u dərc olunur. Burada görkəmli
səhnə xadimi C.Zeynalova müraciətlə deyilirdi:
“Əziz və möhtərəm Cahangir Zeynalov!
Sizin 25
illik yubileyinizə dair dəvətnamə bilməm nə səbəbə
mənə gec çatmış... Vaxtında
çatmış olsaydı da nə edə bilərdim?
Aramızda böyük dərya, Qafqaz dağları və
ixtiyarsızlıq... Fəqət bu gün də
istərdim sizi təbrik edənlərdən olub öz
hissiyyatımı söyləyəydim. Bir yerdə, bir səhnənin
üstə keçən günləri yada salıb, heç
olmasa beş dəqiqə, on dəqiqə,
bir saat ikimizə məlum səhnəni gəzəydik. Həmin
səhnənin hər bir küncü, hər bir divarı,
balaca-balaca taxtadan bölünmüş otaqları bizi nə
bir gözəl halətə gətirərdi!
25 il bundan müqəddəm halımızı nəzərə
gətirib fikrimizlə bu uzun məşəqqətli, tikan səpilmiş
yolu seyr etmək ruhumuzun təzələnməyinə, əqlimizin
qüvvətlənməyinə, hissiyyatımızın tərənnümünə
gəlməyinə səbəb olardı desəm, səhv etməmişəm.
Böyləmi? Ah, nə gözəl
vaxtlar? Nə ali, müqəddəs fikirlər,
məqsədlər! Belə bir halətdə
olmaq mənim üçün mümkün olmadı. Fəqət
fikrim haman səhnədə seyr edirkən
sizi “Hacı Qara” rolunda nəzərimə gətirdim. Ah... nə
gözəl mənzərə! Teatr dolu. Siz Hacı Qara rolunda səhnənin üstə,
camaat əl vurur, afərin söyləyir. Siz isə məğrurluq
ilə camaata baxıb öz-özünüzə deyirsiniz:
“Haman bu rolda 25 il bundan müqəddəm mənə “oyunbaz”
deyirdilər. Mənə həqir nəzərlərlə
baxırdılar. İndi isə “afərin” deyirlər, təbrik
edirlər...”.
Əziz,
möhtərəm yoldaş! 25 il milli
teatra qulluq etmək böyük xidmətdir. Ələlxüsus
sizin xidmətiniz. Çünki siz artist
namini qəbul edən vaxt bakılılar artistə “oyunbaz”
deyib həqir nəzərlərlə baxırdılar. “Gəlmələr” milli teatrın tərəqqisinə
çalışarkən, Bakı cavanlarını özlərinə
yoldaş etmək istəyirdilər. Lakin
ataların teatra həqir nəzərləri onları
(cavanları) belə bir gözəl işdən məhrum
edirdi. Siz isə teatrın xalqa nəfini anlayıb
camaatın nəzərində həqir olan bir işə
şiru etdiniz! Bu fikirlə ki, vaxt olar, camaat səhvini
anlayar. Bu gün mənə həqir nəzərlə
baxan camaat, mənə “oyunbaz”, “kəndirbaz” söyləyənlər,
məni bu səhnənin üstə alqışlayarlar, təşəkkürlər
edərlər...”.
Həqiqət 25 ildən sonra da belə oldu. Sizi
alqışladılar, təbrik etdilər. 25 il ərzində çəkdiyiniz zəhməti
millət unutmadı və həmən zəhmətin meyvəsini
anlayıb teatra həqir nəzərini dəyişdi. Artist
“oyunbaz” deyil, bəlkə böyüklər üçün
nəsihətçi olmağını
düşündü...
Əzizim!
Milli teatr yolunda etdiyiniz xidmət heç vaxt
unudulmayacaq, istiqbalda milli teatrımız barəsində
yazılan təvarixdə sizin isminiz söylənəcək,
söylənib də gələcək balalarımıza
yadigar qalacaq. Onlar oxuyub da düşünəcəklər!
Artistdən “oyunbaz” namini götürmək üçün nə
uzun müddət, nə zəhmətlər, nə məşəqqətlər!
Ümid
edirəm bu yubiley günündə camaatın sizə
alqışları gələcəkdə milli teatra dair dəyanətinizin
qüvvətlənməyinə, qeyrətinizin artmağına
və məsləkinizin üstə davam etməyə səbəb
ola. Teatr tərəqqisinə
çalışmalı. Çünki
“...Millətini sevən şəxs milli teatrını da gərək
sevsin”.
Afərin olsun sizə, möhtərəm yoldaş!
Nəriman”.
N.Nərimanov sürgün illəri Bakının ictimai-siyasi həyatında və ədəbi mühitində baş verən hadisələri ardıcıl izləyirdi. O, “Kaspi” qəzetinin 16 iyul 1911-ci il tarixli nömrəsində böyük inqilabçı-demokrat şairin - Mirzə Ələkbər Sabirin vaxtsız vəfatından xəbər tutmuşdur. Görkəmli yazıçı, ədəbiyyatşünas-alim Mir Cəlal Paşayev “Yolumuz hayanadır” romanında N.Nərimanovun bu münasibətlə Həştərxandan Bakıya göndərdiyi teleqramın məzmununu vermişdir. Orada deyilir:
“Yoxsulların böyük şairi Sabirin vəfatı xalqımız üçün ağır itkidir. Sabir bütün əsərlərində zalımları qırmanclayır, yoxsullara, binəsiblərə kömək etməyə çalışırdı. Zəmanəmizdə xalqa Sabir qədər yaxın, inqilaba Sabir qədər lazımlı ikinci şair olmamışdır.
Böyük şairi qəlbimizdə əbədi yaşadacağıq.
Nərimanov”.
1911-ci ilin dekabr ayında Bakıda böyük mütəfəkkir-yazıçı M.F.Axundovun anadan olmasının yüzilliyi münasibətilə keçirilən təntənəli yubiley gecəsində N.Nərimanovun Həştərxandan öz həmkarları ilə göndərdiyi teleqram da oxunmuşdur. N.Nərimanov teleqramda M.F.Axundovu “birinci böyük Azərbaycan dramaturqu, psixoloqu”, xalqın “şərəfi və fəxri uğrunda dönməz mübariz” kimi səciyyələndirmişdi.
(davamı
növbəti saylarımızda)
Respublika.- 2020.- 9 aprel.- S.3.