NƏRİMAN NƏRİMANOV - 150

 

(əvvəli 16, 18, 19, 20, 22, 23, 25, 28, 29 fevral,

 

1, 3, 5, 7, 8, 11, 12, 13, 14, 15, 17, 18, 19 mart,

 

7, 8 və 9 aprel tarixli saylarımızda)

 

 

 

N.Nərimanovun “Məktəb” jurnalının 29 noyabr 1911-ci il tarixli ilk nömrəsində dərc olunan məqaləsi də Bakının ictimai-mədəni həyatı ilə onun sıx əlaqə saxladığını sübut edir. Azərbaycan müəllimləri “Məktəb” jurnalının çıxmasını böyük səbirsizliklə gözləyirdilər. “Dəbistan” bağlandıqdan sonra çıxan “Məktəb”in nəşri maarifpərvər ziyalıları sevindirmişdi. N.Nərimanov A.Səhhət, F.Köçərli, S.Axundov, A.Şaiq, Divanbəyoğlu və b. “Məktəb”in nəşrinə yaxından kömək edirdilər. Bu jurnal (1911-1920) Azərbaycanda rus-tatar məktəblərinin artması ilə əlaqədar gənc nəslin təlim-tərbiyəsi sahəsində yaranan böyük ehtiyacın nəticəsi idi. “Məktəb”in birinci nömrəsində valideynlərə, müəllimlərə müraciətlə deyilirdi ki, uşaq jurnalının nəşrində məqsəd şagirdlərin biliyinin, dünyagörüşünün artmasına kömək etməkdir. Odur ki, hamı uşaqları məktəbdə oxumağa həvəsləndirdiyi kimi, “Məktəb” jurnalını oxumağa da həvəsləndirməlidir. “Uşaqların əxlaqına, biliyinə kömək edən, onların əhval və həyatından bəhs edən, irəliləmələrinə səbəb olan hər cür mənfəətli yazılara “Məktəb”in səhifələri açıqdır”.

Redaksiya məlumatından sonra doktor Nəriman bəy Nərimanovun məktəbli uşaqlara müraciəti verilmişdir. Burada inqilabçı-demokrat öz həmyaşıdları ilə məktəblilərin dövrünü, mühitini müqayisə edir. Əziz balalar!.. Biz həyat mübarizəsinin “ən dəhşətlisinə rast gəldik” - deyə maarifpərvər gənclərin keçdikləri həyat yolunun nə qədər ağır, məşəqqətli olmasını xatırladır - “Dərin uçurum dərələri keçib uca dağları aşarkən həyatımız hər gün, hər saat və hər dəqiqə təhlükədə bulunub məqsudumuza çatmamış həlak olmağımızı düşünürdük... Biz gedən yol qayət qaranlıq, daşlı, torpaqlı, iti tikanlarla “səpilmiş” bir yol idi. “...Mində birimizin üzünə xoşbəxtlik günü doğub min-min bəlalardan xilas olub da hazırkı dərəcəyə çatdıq, yəni bir nöqtəyə, bir məqama yetişdik ki, özümüzlə heyvanın fərqini anladıq; düşündük ki, biz insanıq, bizə yemək-içməkdən başqa ruhumuzu təmizləmək, əqlimizə “seyqəl” vermək lazımdır... Yenə düşündük ki, ruhumuzun təmiz olmağı və təhsil etdiyimiz elmlər məxsusi bir bizim üçün deyil, bəlkə ümum insan üçündür, yəni məktəb vasitəsi ilə öyrəndiyimiz elmləri, fənləri insanlar arasında intişar etmək fikrində bulunduq”.

N.Nərimanov mindəbir adama qismət olan bu “məqamın” çox böyük zəhmət və ağır məşəqqətlərə başa gəlməsini söyləyir: Savadsız - ata və analar uşaqları “qaranlıqdan işıqlığa çıxmağa”, təhsil almağa qoymurdular; mədrəsələrdə on il, iyirmi il dizi üstə ömürlərini “boş-boş kitablar” arasında çürüdənlər axırda bir işə yaramırdı; milli qəzetlərə, milli ədəbiyyata həsrət qalmışdıq. “Nəinki balalar, hətta böyüklər üçün rüznamələr yox idi. Ağızlarımız bağlı, fikirlərimiz dağınıq, halımız qayət pərişan idi.

Tərbiyə görməyən, avam və dindar analar uşaqlarını gümrah, sağlam böyüdə bilmirdilər.

Bu dəhşətli mühitdə “mində birimiz ruzigarın sədəmlərindən yarımcan xilas olduq”.

Nəriman Nərimanov burjua-demokratik inqilabından sonra ictimai fikrin oyandığı bir şəraitdə “qaranlıq, məşəqqətli yolların” işıqlanmasını görür, ona sevinirdi. O görürdü ki, zəhmətkeş kütlələrdə “məktəbə az da olsa bir rəğbət, bir ehtiyac hissi oyanır”. Ata-analar doğma balalarını oxutmaqda, “gələcək analarımız tərbiyə almaqda, üsuli-cədid məktəblərimiz günbəgün artmaqda, milli qəzetlərimiz tərəqqidə”.

N.Nərimanov məktəbli uşaqlara üz tutub deyirdi: “Sizin öhdənizə qalan bircə oxumaq, elm təhsil etmək deyilmi?”. O, doğma vətənin gələcək səadəti üçün gənc nəslin dünyəvi elmlərə dərindən yiyələnməsini istəyirdi. O bilirdi ki, maarif və mədəni tərəqqi olmadan, zəhmətkeş kütlələrin ictimai zülmə, haqsızlığa və dini fanatizmə qarşı mübarizəsini təşkil etmək çətindir.

Peterburq, Moskva və Bakı qəzetləri öz səhifələrində Həştərxan hadisələrinə yer verirdilər. 1913-cü il mart ayının 8-də Həştərxanda “Came” məscidində N.Nərimanovun Novruz bayramı münasibətilə söylədiyi nitqinin qısa məzmununun “İqbal” (Bakı) qəzetində və “Mir islama” (Peterburq) məcmuəsində verilməsi bu cəhətdən maraqlıdır.

“İqbal” qəzetinin 1913-cü il 19 mart tarixli nömrəsində “Müxbiri-səyyar” imzası ilə “Hacıtərxan xəbərləri” sərlövhəli kiçik bir məqalə dərc edilmişdi. Burada deyilir ki, Həştərxanda olan İran səfiri Cavad xanın təşəbbüsü ilə Qafqaz müsəlmanları “Came” məscidində Novruz bayramı şənliyi keçirmişlər. Şənlik Axund Molla Əbdürrəhimin çıxışı və ərəbcə bir xütbə oxuması ilə açılmışdır. Sonra doktor Nəriman bəy Nərimanov müfəssəl bir nitq söyləyir. O, Novruz bayramının “möhtərəm tutulmağını vacibatı-şəriətlə” bağlayan din xadimi Axund Molla Əbdürrəhimin əksinə olaraq bu bayramın mahiyyətcə islam dini qayda-qanunlarına zidd olduğunu göstərir. O deyir: “...ərz edirəm ki, bu Novruz günü və bayramı islamiyyətdən əqdəm atəşpərəstlərdən yadigar qalma bir milli bayramdır... Həm də bu cür atəşpərəstlikdən qalma bayram başqa millətlərdə də vardır”. N.Nərimanov qədim əcdadlarımızın yadigarı olan Novruz bayramını ümumxalq şənliyi kimi təqdir edir, ona həmrəylik, birlik mərasimi kimi baxır, bu mərasimin zəhmətkeş kütlələrin əxlaqi-etik və bədii-estetik inkişafına müsbət təsirini yüksək qiymətləndirirdi.

N.Nərimanov xalq bayramlarında geniş kütlələr üçün faydalı bir sıra mədəni tədbirlərin həyata keçirilməsini daha əlverişli, zəruri hesab edirdi. N.Nərimanov deyirdi ki, bayram şənliyi “günlərində ümum bir mübadileyi-əfkar əmələ gəlib ittifaq həm hasil olur, əlavə bir-birisinin dərdindən, fikrindən xəbərdar olub cəmaət faydası üçün xeyirli bir müəssisə və sairə kimi şeylər təsisinə qərar verə bilər.

Təəssüflər olsun ki, hər yerdə müsəlmanlar bu ictimaların (yığıncaqların - T.Ə.) mənasını anlamayıb istifadə edə bilməyirlər. Bir-birisinin halından xəbər tutub yardım etməyirlər”.

Həştərxanda Qafqaz və İran müsəlmanlarının əksəriyyəti yoxsul, acınacaqlı həyat şəraitində yaşayırdılar. N.Nərimanov əziz bayram günündə varlı müsəlman evlərində “cürbəcür şirniyyat” olduğu halda, çoxlarının “quru çörəyə” möhtac qaldığını xatırladır, Həştərxan əhalisinin ehtiyac içərisində əzab çəkən yoxsullara etinasızlığını və soyuq münasibətini hiddətlə damğalayırdı. O, insanların bir-birinə qayğı və kömək göstərməsinə hər kəsin vətəndaşlıq borcu kimi baxırdı. N.Nərimanov öz nitqinin bir yerində bu münasibətlə deyirdi: “Fağırlara kömək hər kəsin vəzifeyi-insaniyyəsindən olduğu üçün biz də millətimizin fəqiri-bicizlərini, yetim balalarını xatirə gətirib beqədri-imkan onları heç olmasa bu gün şad edələr. Taki onlar da görsünlər ki, onları yad edib qeydlərinə qalan həmmillətləri vardır”.

N.Nərimanov millət, vətən dərdi çəkməyən adamların adi insanlıq heysiyyətindən məhrum olduğunu bilirdi. Onun müraciəti şəxsi mənafeyini ümumxalq mənafeyindən üstün tutan varlılara deyil, bayram şənliyinə toplaşan kütlələrə idi. Çünki o, xalqın bir ittifaqda birləşməsi üçün ayrı-ayrı fərdlərin bir-birinə münasibətini əsas şərt hesab edirdi. Xüsusən o yerdə ki, səfalət, dilənçilik və epidemiya hökm sürürdü. Varlılar yoxsul həmvətənlərinin əzab-əziyyətinə, məşəqqətli həyatına etinasız idilər. “Hacıtərxan xəbərləri”nin bir yerində deyilirdi: “...Burada sərvətdar olan və rəis sayılan bir zat məclisə daxil olduqda cəmaət ümumən ayaq üstə qalxıb təzim etdilər. Amma pul yığıldıqda “xozeyin cənabları” fəqir yolunda bir qəpik də olsun vermədi”. N.Nərimanov özlərini millətin havadarı, himayəçisi kimi qələmə verən “xozeyin cənabları”nın və burjua ziyalılarının simasızlığını, ikiüzlü siyasətini xalq qarşısında ifşa etməyi zəruri sayırdı.

N.Nərimanov Bakıda, həmçinin Həştərxanda mətbuat vasitəsilə də başabəla ictimai xadimlərin iç üzünü açır, onların riyakarlığını xalq qarşısında rüsvay edirdi. İnqilabçı-demokrat ədibin “Astraxanski kray” qəzetinin 24 iyul 1911-ci il tarixli nömrəsində “Özünüzü biabır etməyiniz yetər” məqaləsi ilə çıxışı bu cəhətdən maraqlıdır. Bakı burjua ziyalılarının xalqa xəyanəti, riyakarlığı və mənəvi düşkünlüyü məqalədə kəsərli publisistik dillə ifşa olunmuşdur.

Məlumdur ki, 1911-ci ilin yayında Bakı mətbuatı Tağıyev - Behbudov münaqişəsi ətrafında geniş mübahisə açmışdı. Burjua ziyalıları milyonçu Tağıyevin böyük nüfuzunu, xeyirxahlığını ağızdolusu tərifləyir, rüsvayçı əməllərini isə ört-basdır etməyə çalışırdılar. Onlar milyonçu Tağıyevin xasiyyətində olan eqoizmi, tündməcazlığı “Baku” qəzetində (21 iyul 1911) açıq, səmimi şəkildə tənqid edən Rəhimbəy Məlikova qarşı hücumlar edir, onun çıxışını “boş söz, cəfəngiyyat” adlandırırdılar. N.Nərimanov “Özünüzü biabır etməyiniz yetər” məqaləsində R.Məlikovun cəsarətli fikirlərini təqdir edir, vicdan və əqidələrini pula satan ziyalıların xalq adından danışmağa haqlı olmadıqlarını söyləyir və göstərirdi ki, mənəviyyatca yoxsul, əqidəcə qeyri-sadiq olan burjua ziyalıları heç vaxt xalqın arzu-istəklərinin tərcümanı, ictimai həyatın mübariz əsgəri ola bilməzlər.

N.Nərimanov birinci müəllimlər qurultayında (1906) olan hadisəni xatırladaraq yazırdı: “Mən yoxsul tələbə ilə milyonçu hacı arasında münaqişə ideya mübarizəsi idi. Bu, xalqın mədəni tərbiyəsi və mənəvi inkişafı üstündə baş vermişdi. Lakin o vaxt gələcək nəsil üçün ictimai və tərbiyəvi əhəmiyyəti olan bu məsələni heç kəs müdafiə etmədi. Bakı mətbuatı Zaqafqaziya müsəlmanlarının “ictimai fikrin başçısı” kimi tanıdığı ziyalıların simasında bu faktın üstündən sükutla keçdi, beləliklə də özünü bədnam etdi. Çünki etiraz etmək, qışqırmaq lazım gələn yerdə susmaq, şəxsi ləyaqət hissini itirmək, mənəviyyatsız olmaq, ictimai xadim mövqeyini biabırcasına tərk etmək demək idi.

Burjua ziyalıları Tağıyev - Behbudov ailə münaqişəsində isə susmaq və ya həqiqəti cəsarətlə söyləmək əvəzinə, yenə də alçaq yol tutdular. N.Nərimanov deyirdi ki, “ictimai xadimi” - qolçomağı xeyirxah əməllərinə görə şirnikləndirmək üçün tərifləmək zəruridir. Lakin ictimai həyatın inkişafında millətin taleyini özünəməxsus yanlış baxışlı qolçomağa tapşırmaq ən azı axmaqlıqdır. N.Nərimanov namuslu, şüurlu müsəlman ziyalıları adından “xozeyin cənablarını” müdafiəyə qalxan satqın burjua ziyalılarına müraciətlə yazırdı: “Yox, yalandır” - Müsəlmanların şüurlu hissəsi gərək belə desin; yoxsulların müstəqil şəxsi rəyə gəlmək hüququ yoxdur deyə daim iddia edən xeyriyyəçi - iri qolçomaq əsla müsəlmanları birləşdirən qüvvə ola bilməz. Bəşəriyyətin inkişafı tarixini öyrənmiş, şüurlu ictimai işin yükünü çiynində daşımış, öz qədrini bilən, mənliyini güdən, dinə, var-dövlətə fərq qoymadan bütün bəşəriyyəti birləşdirmək kimi ülvi bir ideala can atan elm adamı belə mühakimə yeridə bilməz”.

Göründüyü kimi, N.Nərimanovun sürgün dövründə fəaliyyəti çoxcəhətli və zəngin olmuşdur. O, Həştərxanda yaşadığı müddət ərzində xalq həkimi, aktyor, rejissor, jurnalist, ictimaiyyətçi kimi öz şüurlu həyatını zəhmətkeş kütlələrin mədəni tərəqqisi və məfkurəvi inkişafı yolunda mübarizəyə həsr etmişdir.

1913-cü il iyul ayının 15-də Həştərxan ictimaiyyəti N.Nərimanovu qardaşı və bacısı uşaqları ilə birlikdə “Samolyot” gəmisində böyük təntənə ilə Bakıya yola salmışdır. “İqbal”, “Kaspi”, “İdel” və s. qəzetlərin verdiyi məlumatdan aydın olur ki, yerli ziyalılar - yazıçılar, jurnalistlər, teatr xadimləri, həkimlər N.Nərimanovun şərəfinə böyük vida ziyafəti təşkil etmiş, onun ictimai xadimliyini və həkimliyini yüksək qiymətləndirmişlər. Onlar N.Nərimanovu xalq adından təbrik etmiş, ona Həştərxanlıların minnətdarlığını və ehtiramını bildirmiş, hədiyyələr vermişlər. Hədiyyələrdən birində - gümüş naxışlı böyük albom üzərində yazılmışdır:

“Əziz həkimimiz və fədakar ictimai xadim Nəriman bəy Nərimanova minnətdarlıq əlaməti olaraq Həştərxan şəhəri müsəlmanları. 14 iyul 1913-cü il”.

N.Nərimanov təntənə ilə yola salınan gün Həştərxanın qabaqcıl ziyalıları onunla fotoşəkil də çəkdirmişlər.

Tatar dövri mətbuatı N.Nərimanovu uzun müddət xatırlamışdır (“İdel” qəzeti N.Nərimanovun Bakıya köçüb getdiyi ərəfədə, istərsə də sonralar onun həyatı, ədəbi-ictimai və publisist fəaliyyəti haqqında müntəzəm məlumat verirdi. Hətta N.Nərimanovun Bakıda yaşadığı ünvan da qəzetdə dərc olunmuşdu. Bir az sonra “İdel” qəzeti yazırdı: “N.Nərimanov həzrətlərinin Həştərxandan getməsi Həştərxan müsəlmanlarını çox məhzun etmişdir”. 1913-cü ilin noyabr-dekabr aylarında isə qəzet N.Nərimanovun guya Həştərxana qayıtmaq niyyətində olması xəbərini alar-almaz yoxlamadan oxucularını sevindirmək qəsdi ilə dərc etmişdi. Lakin Bakı mətbuatı bu faktı təkzib etmiş, N.Nərimanovun Bakıda “daimi sakin” olacağını və həkimlik edəcəyini bildirmişdir). “İdel” qəzeti “Nəriman bəy əfəndidən salam” sərlövhəli xəbərində N.Nərimanovun sağ-salamat Bakıya çatmasını bildirir, eyni zamanda yazırdı: “Nəriman bəy əfəndi idarəmizə göndərdiyi 19 iyul tarixli teleqramında bütün həştərxanlılara salam göndərir”.

Yerli mətbuatın N.Nərimanovu ara-sıra xatırlaması, hətta bəzən onun redaksiyaya göndərdiyi məktubun məzmunu dərc etməsi ümumxalq məhəbbətinin ifadəsi idi.

Həştərxan ictimaiyyəti N.Nərimanovun şəxsində milli tərkibi müxtəlif olan yerli zəhmətkeşlərin “böyük əmniyyətlərini qazanmış mötəbər bir doktoru”, tibb elminə dair xalqa istər şifahi, istərsə də mətbuat vasitəsilə xidmətlər göstərmiş vətəndaş-həkimi, “ədəbiyyatı-nəfisə, həm də teatr və səhnəni sevən gənclərə yorulmadan” kömək edən, “teatr sənətinə xalqın ehtiram və məhəbbətini” qazandıran görkəmli ədibi və ictimai xadimi görürdülər.

Məhz ona görə də N.Nərimanovu sonralar da Volqaboyuna səyahətə dəvət edir, öz rəsmi məktublarında onun gəlişini sevinclə gözlədiklərini bildirirdilər (Bu məktubların birində ehtiramla yazılmışdı: “Belə bir zamanda Həştərxanımız Sizin kimi fəal bir şəxsin gəlməsini şadlıqla qarşılayacaqdır”.).

1917-ci il iyun ayının 17-də Həştərxan “Müsəlman bürosu” və “Oxucular cəmiyyəti” adından göndərilən həmin rəsmi məktubda N.Nərimanovun mühazirəsini eşitmək arzusu ilə ondan “bir neçə mövzu hazırlayıb gəlmək” xahiş olunurdu. Eyni zamanda deyilirdi: “Səfərə çıxmağınızı müsəlman bayramı günlərinə salsanız, daha yaxşı olardı. Buna görə də Siz hörmətli cənabdan xahiş edirik ki, gəlməyinizi təxirə salmayasınız. Nə vaxt Bakıdan çıxacağınızı Büroya xəbər verməyinizi təkrar xahiş edirik. Biz burada leksiyalar üçün yer hazırlayırıq. Büro bu işləri “Oxucular cəmiyyəti” ilə birlikdə görəcəkdir. Azuqə məsələsi Həştərxanda, Allaha şükür, yaxşıdır. Bunun üçün heç bir nigarançılığa səbəb yoxdur. Cənab həqdən Sizin səlamət olmağınızı istəyirik”.

Dövri mətbuat da N.Nərimanovun bu dəvətə görə Həştərxana getmək fikrində olmasını xəbər vermişdi. Lakin səyahət baş tutmamışdı. Çünki N.Nərimanovun inqilabi və siyasi-ictimai fəaliyyəti ona Zaqafqaziyadan uzaqlaşmağa imkan vermirdi. Buna baxmayaraq, mübariz inqilabçı-demokrat Volqaboyu müsəlmanları ilə əlaqəsini kəsməmişdi. O, Bakı neft mədənlərində işləyən tatar fəhlələrinə “Rusiyada inqilab və onun tədricən tərəqqi etməsi”, “Siyasi firqələr və məramnamələri” və s. mövzularda mühazirələr oxuyur, onlara gələcək azadlıq və xoşbəxtlik uğrunda inqilabi mübarizə yolunu göstərirdi. Yüzlərlə tatar fəhləsi öz doğma dilində eşitdiyi mühazirədən məmnun qalır, qüdrətli, təsirli sözləri ilə hamını sehrləyən, həmrəyliyə ruhlandıran, birliyin gücünə inam yaradan natiqi alqışlayır, qolları üstündə atıb-tutur, ona öz etimadını bildirirdi.

MÜBARİZƏLƏR QAYNAĞINDA

(1913-1916-cı İLLƏR)

1. Yenidən Bakıda. “Qara şəhər” fəhlə müalicəxanasında həkimliyi. “Xalq evi”, “Mayak”, “El”, “Qənaət” xeyriyyə cəmiyyətlərində leqal siyasi kütləvi fəaliyyəti.

Nərimanov 1913-cü il iyul ayının axırlarında Bakıya qayıdır. Havalar çox isti keçdiyindən qardaşı və bacısı uşaqlarını Şamaxıya göndərir, özü isə şəhərin mərkəzində - Nikolayev küçəsində (indiki Kommunist küçəsində - T.Ə.) ikinci kişi gimnaziyasının qarşısında yerləşən 17 nömrəli evdə - Babayevin mülkündə mənzil kirayə edir (Həmin evdə N. Nərimanovun xatirə muzeyi açılmışdır - Red.). (N.Nərimanov 1914-cü ildə gec də olsa, evlənməyi qərara alır. Onun 44 yaşına kimi ailə qura bilməməsinin səbəbini Abdulla Şaiqin “Xatirələrim” əsərində yazdığı sözlərdən aydın təsəvvür etmək olar: “N.Nərimanov ailəsinə və qohum-qardaşına olduqca bağlı, qəlbi geniş, dostluqda sadiq və xeyirxah bir insan idi. Hələ evlənməmiş olduğu halda böyük bir ailə sahibi idi. Qoca anasını, xalasını, iki dul bacısı və onların uşaqlarını, qardaşı uşaqlarını öz himayəsi altına almışdı. O, gecə-gündüz çalışır, çapalayır, on iki nəfərdən ibarət olan böyük ailəsini çətinliklə idarə edirdi. Gəncliyin bütün zövq və nəşəsini yalnız onlara fəda edərək bacısı və qardaşı uşaqlarını oxudub bir yana çıxartmaq istəyirdi”).

Çünki bu vaxt onun qardaşı və bacısı uşaqları artıq böyümüşdülər. Salman Nərimanovun qızı Asya xanım bir il idi ki,

H.Zərdabinin arvadı Hənifə xanımın müdir olduğu rus-tatar qız məktəbində dərs deyirdi. N.Nərimanovun vəziyyəti xeyli yüngülləşmişdi. Onun ailə qurmaq haqqında düşünməsi dostlarını da sevindirmişdi. Abdulla Şaiq 1914-cü ilin mart ayının 8-də N.Nərimanova təbrik məktubunda yazmışdı:

“Möhtərəm Nəriman bəy Nərimanov cənablarına!

Nişan qoymuşsan, eşitdim xeyir olsun!

Dan yıldızı kimi bəxtin durulsun.

Yaşa, yeni yoldaşınla vur başa:

Fırtına tufanlardan sonra əlbət

Gözəl olur sakitlik, istirahət.

Yox, sən rahatlıq sevməyən atəşsən,

Əriyəcək qəhrinlə müdhiş düşmən.

Şaiq

Bakı, 8 mart 1914”.

N.Nərimanov təxminən bir il sonra - 1915-ci ilin yayında Gülsüm xanımla evləndi. İltifat xanım yazır ki, əmim arvadı Gülsüm xanım ev təhsili almışdı, rus dilini yaxşı bilirdi; açıq fikirli, mehriban bir qadın idi. Gülsüm xanım “rahatlıq bilməyən” inqilab əsgərinin mübarizələrlə dolu həyat yolunda ona ləyaqətli ömür-gün yoldaşı, həmkar oldu.

Çox çəkmir ki, N.Nərimanov Bakının Qara şəhər rayonunda xəstəxana müdiri vəzifəsinə işə düzəlir (“Runo” cəmiyyəti binasında yerləşən xəstəxanaya yaxın kəndlərin, o cümlədən Keşlə kəndinin camaatı da müalicəyə gəlirdilər). Qara şəhərin neft mədənlərində, fabrik və zavodlarında işləyən xəstə fəhlələr doktor N.Nərimanova tez-tez müraciət edir, onun şəfalı əlləri ilə cismən sağalırsa, sözləri ilə ruhən pərvəriş tapır, ürəklərində gələcəyə inam hissi yaranırdı.

Ermənistan SSR Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor T.S.Mnatsakanovun xatirəsi də bu mülahizəni təsbit edir. O yazır: “Mən Keşlədə anadan olmuşam. Bu fəhlə qəsəbəsindən 3-4 kilometrlikdə - Qara şəhərdə bir müalicəxana yerləşirdi. Sıxıntılı və qüssəli müalicəxanada nədənsə həkimlər tez-tez dəyişilirdi. Onlardan heç birini xatırlamıram. Bir gün (ili yaxşı yadımda deyil, ya 1913-cü il idi, ya da 1912-ci il) xəbər yayıldı ki, yoxsulların ambulatoriyasına təzə həkim gəlib. Çox bilikli həkimdir, başlıcası isə nəzakətli, mərifətli, diqqətli və həssasdır, sənin yalnız xəstəliyinlə yox, güzəranınla da, külfətinlə də maraqlanır, ehtiyacını soruşur. Ehtiyacı olan xəstələrə maddi cəhətdən kömək də edir. Onun sorağı təkcə fəhlə qəsəbəmizə deyil, tezliklə bütün fəhlə rayonuna da yayıldı. Bu həkim Nəriman Nərimanov idi.

Bir dəfə oynayanda əlimə sancaq batırmışdım, lakin ağrısına məhəl qoymamışdım. Bir azdan qolum şişmiş, qızdırmam qalxmış, halım ağırlaşmışdı. Biz adı dillərdə gəzən həkimə müraciət etməli olduq. N.Nərimanovun yanına anamla getmişdim. Anam əhvalatı ona Azərbaycan dilində danışmağa başladı. Mənim 13- 14 yaşım olardı. Deməliyəm ki, doktor çox xoşuma gəldi. Əvvəla, bu böyük insanın (o zaman doktorlar sadə adamların nəzərində böyük, az qala əlçatmaz adamlar sayılırdılar) bizimlə bir ata kimi, sadə danışması, məsləhət verməsi, bir də gəlməyimizi xahiş etməsi məni heyran qoydu. Həkim Nərimanov anama dedi: “Oğlunuz tamam sağalanadək gəlin”.

Tezliklə sağaldım, lakin o həkimi, ən əvvəl o insanı unuda bilmədim. Xalq arasında onun şöhrəti getdikcə artırdı... Deyirdilər demokratdır, inqilabçıdır, əməkçi xalqın səadəti uğrunda mübarizə aparır”.

 

 

 

(davamı növbəti saylarımızda)

 

Respublika.- 2020.- 10 aprel.- S.3.