NƏRİMAN NƏRİMANOV - 150
(əvvəli 16, 18, 19, 20, 22, 23, 25, 28, 29 fevral,
1, 3, 5, 7,
8, 11, 12, 13, 14, 15, 17, 18, 19 mart,
7, 8, 9 və
10 aprel tarixli saylarımızda)
N.Nərimanov öz mənzilində
açdığı müalicəxanada da xəstələri
pulsuz qəbul edir, onların müalicəsinə böyük
qayğı ilə yanaşırdı. O, zəhmətkeş
kütlələrin ağır yoluxucu xəstəliklərə
qarşı mübarizəsinə kömək etmək və
onlarda tibb elminə meyil oyatmaq üçün dövri mətbuatda
“Gələcəyə bir nəzər”, “Göz
ağrısı”, “Hifzüssəhhə” kimi bir sıra elmi məqalələrini
çap etdirir.
Doktor N.Nərimanov “Xalq universiteti”ndə şəhər
əhalisinə elmi-kütləvi mövzularda mühazirələr
oxuyurdu. “İqbal” qəzeti Bakının Suraxanski
küçəsindəki 6-cı rus-tatar məktəbində
hər cümə günü doktor N.Nərimanovun mühazirəsi
olacağını əvvəlcədən xəbər
verirdi. Onun vərəm, göz ağrısı, əsəb,
mikrob və s. mövzularda rəngli şəkillərin
müşayiəti ilə söylədiyi maraqlı mühazirələrində
təkcə kişilər deyil, “çadralı müsəlman
qadınları” da iştirak edirdilər.
N.Nərimanov
hər mühazirədən sonra “Tibb və islam”
kitabçasını yoxsul fəhlələr arasında
yaymaq üçün pulsuz paylayırdı. Bu
elmi-kütləvi mühazirələr ən çox
yayılan vəba, çiçək, traxoma, malyariya,
revmatizm, mədə-bağırsaq xəstəliklərinə
qarşı təcili profilaktik tədbirlərin görülməsində
böyük rol oynayırdı. Əhalinin
tələbi ilə Bakı həkimlər cəmiyyəti səhiyyə-sağlamlıq
sahəsində bir sıra əməli işlər görməyə
başlamışdı.
Lakin Bakının dərdi ağır idi. Minlərlə
fəhlələr şəhər ətrafında, istərsə
də neft mədənlərinə yaxın yerlərdə
bir-birinə sığınmış, miskin
görünüşlü daxmalarda müsibətli həyat
keçirdikləri halda, cah-cəlal içərisində
yaşayan dövlətlilər şəhərin mərkəzində
dəbdəbə təəssüratı bağışlayan
üslubda, möhtəşəm binalar tikdirirdilər. Bu heç də Bakının fərəhsiz,
acınacaqlı mənzərəsini dəyişdirmirdi.
“Azacıq belə yaşıllığı
olmayan bu şəhər uzaqdan xarabazarlığa
oxşayırdı”. Burada “çirkabla
qızıl” bir-birinə qarışmışdı.
Çar mütləqiyyəti Bakı burjuaziyasının
simasında ilan kimi qıvrılıb “xəzinə
üstündə oturmuş”du. Maksim Qorki
yazırdı: “Nefti yüz milyon pudlarla və pulu milyon
manatlarla sayılan bu şəhərə baxdıqca, adam
qüssələnir, ürəyi bulanır. Bu şəhərdə
nə qədər sərvət var və bununla belə, o nə
qədər də yoxsuldur, miskindir...
Bu Nobellər və Rotşildlər Kaliforniyasında
adamlar necə də yaman gündə yaşayırlar. Başqalarının
həsrət çəkdiyi bu neftçilər şəhərinin
nə qədər natəmiz və son dərəcə
çirkli olduğunu vəba xəstəliyi dəfələrlə
sübut etmişdir”.
N.Nərimanov böyük ictimai faciənin ancaq inqilabi
yolla aradan qaldırılacağına inanırdı. O, xəstə
Bakının nicatını fəhlə sinfinin şüurlu
mübarizəsində gördüyündən, inqilabi təşviqatı
ən zəruri, təxirəsalınmaz bir vasitə hesab
edirdi. Lakin irtica qüvvələrinin
hökmranlığı şəraitində fəhlələr
arasında siyasi-kütləvi iş aparmaq olduqca çətin
idi. Yerli polis fəhlələri kölgə
kimi izləyirdi. Neft mədəni sahibləri və sənayeçiləri
isə fəhlələrlə sərt rəftar edirdilər;
onları kütləvi surətdə işdən
çıxarır, əməkhaqqını azaldır, iş
saatını uzadırdılar. Ancaq bu tədbirlər
heç də getdikcə artmaqda olan gizli
narazılığın qarşısını ala bilmirdi.
Rusiya
imperiyasını bürüyən yeni inqilabi yüksəliş
Bakıda geniş vüsət tapırdı: neft mədənlərini,
fabrik və zavodları tətil və fəhlə
nümayişləri bürüyürdü. Siyasi
polis tətilçi fəhlələri təqib edir,
döyür, həbsxanaya salırdısa da, Bakı
proletariatının mübariz inqilabi ruhunu, qətiyyətini
boğa bilmirdi. Əksinə, mütəşəkkil
fəhlə tətilləri yeni, daha qüdrətli
çıxışlar üçün şərait
yaradırdı.
Azərbaycanda xalq kütlələrinin milli şüuru
və siyasi fəallığı gücləndiyi bir dövrdə
cəhalətpərəst burjua ziyalıları milli
azadlıq hərəkatından öz sinfi məqsədlərinə
uyğun istifadə etməyə
çalışırdılar. Belə mürəkkəb
siyasi-ictimai şərait ürəyi xalqa, vətənə
sonsuz istəklə, məhəbbətlə dolu olan
qabaqcıl fikirli ziyalılardan qətiyyətli, hünərvər
olmağı, hər cür mürtəce ideyaya qarşı cəsarətlə
mübarizə aparmağı tələb edirdi. N.Nərimanovun rəhbərliyi ilə hümmətçilər
zəhmətkeş kütlələr arasında milli bərabərlik
ideyasını, beynəlmiləlçiliyi yayır, mütləqiyyət
üsuli-idarəsini yıxmaq üçün onları
bolşeviklərin bayrağı altına toplayırdılar.
N.Nərimanov mübariz inqilabçı-həkim,
ictimai xadim kimi, ən adi, təsadüfi görüşlərdə,
məclislərdə, dini mərasimlərdə belə
adamlarda həmrəylik, siyasi mübarizə hissi oyatmağa
çalışırdı.
1914-cü
il yanvar ayının 24-də Bibiheybətdəki məsciddə
keçirilən Mövlud bayramı mərasimində N.Nərimanov
məktəbli oğlan və qızların nəğməsində
millətə xitabən deyilən “Nədən bu hala
qaldın?” sualına cavab olaraq uşaqlara müraciətlə
xalqın müsibətli, ağır həyatının
ictimai səbəblərindən danışmışdır.
İki
gün sonra, yanvar ayının 26-da “Səfa” məktəbində
Məhəmməd peyğəmbərin (ə.s.) anadan
olması gününə həsr olunmuş məclisdə,
şagirdlərə hədiyyə mərasimindən sonra
çıxış edən N.Nərimanov Bakı
ziyalılarının, xeyriyyə cəmiyyəti nümayəndələrinin
və b. qarşısında “müsəlmanları ideya
mübarizəsinə çağır”mışdı. Əlbəttə, hər yerdə böyük ehtiram
və hörmətlə qarşılanan N.Nərimanovun həqiqət
dolu, cəsarətli, səmimi və canlı söhbətləri
təsirsiz qalmırdı.
Məlum olduğu kimi, sosial-demokratlar zəhmətkeş
kütlələri siyasi mübarizəyə cəlb etməkdən
ötrü kütləvi ictimai təşkilatların,
ayrı-ayrı cəmiyyət, dərnək və kooperativlərin
leqal imkanlarından bacarıqla istifadə edirdilər.
1916-cı ildə Bakıda təsis olunan istehlak cəmiyyətləri
(“Qənaət”, “Mayak”, “El” və s.) sosial-demokratların gizli
inqilabi fəaliyyəti üçün konspirativ bir vasitə
idi. Bu cəmiyyətlər mədən-zavod
rayonlarında Azərbaycan və rus dillərində
vaxtaşırı elmi-kütləvi mühazirələrin
oxunmasını təşkil edirdilər. Mühazirə
vaxtı dinləyiciləri ölkənin ümumi siyasi vəziyyəti
ilə tanış edir, çar hökumətinin
və hakim siniflərin riyakar siyasətini pisləyir, fəhlələrdə
azadlıq uğrunda inqilabi mübarizə hissi
aşılamağa çalışırdılar.
Məlum
olduğu kimi, “Qənaət” kooperativ cəmiyyətinin təsis
iclası 1916-cı il iyun ayının əvvəllərində
də “İsmailiyyə” binasında keçirilmişdir. Burada N.Nərimanov idarə heyətinin üzvü
seçilmişdir.
“Qənaət”in idarə heyətinin ilk iclası N.Nərimanovun
mənzilində olmuşdur. İdarə heyətinin
üzvləri bir iclasda cəmiyyətin nizamnaməsini
müzakirə etmiş, eyni zamanda N.Nərimanovu cəmiyyətə
sədr, doktor Seyidovu müavin, Mirmehdiyevi katib seçmişlər.
Sonra idarə heyəti “hər cümə
günü axşam saat 8-də doktor N.Nərimanovun mənzilində
iclas çağırmağı” qərara
almışdır.
N.Nərimanov zəhmətkeş kütlələri “Qənaət”
kooperativ cəmiyyəti ətrafında sıx toplamaq
üçün öz üzvlərinin ən zəruri istehlak
malları ilə təmin edilməsinə
çalışırdı. Əlbəttə, bu təşəbbüs
nəticəsiz qalmırdı. Yerli mətbuat
“Qənaət”in fəaliyyətini təqdir edir, N.Nərimanovun
“Bu müqəddəs fikrinin kəndlər”də həyata
keçirilməsini arzulayırdı. Çünki
“el dükanları” xalqın “məişətinə bir
yüngüllük yolu açırdı”.
“Qənaət” kooperativ cəmiyyəti iki ay yarım ərzində
yüzlərlə üzvü öz ətrafında sıx
birləşdirmişdi. Odur ki, 1916-cı ilin oktyabr ayının
16-da cəmiyyətin ümumi iclasında N.Nərimanovun
hesabatı bəyənilmiş, ona “xidmətlərinə
görə bəyani-təşəkkür edilmişdir”.
Bakıda kooperativ hərəkatının canlanması
“kooperativ-maarifi” işinə geniş vüsət vermişdi. “Qənaət”
kooperativ cəmiyyəti idarəsi mədən-zavod
rayonlarından, hətta quberniya kəndlərindən
kooperasiya mövzusunda mühazirələr keçirmək barədə
ardı-arası kəsilmədən xahiş məktubları
alırdı. “Nicat” xeyriyyə cəmiyyətinin
axşam kurslarında elmi-kütləvi mövzuda müntəzəm
olaraq mühazirələr oxunurdu. N.Nərimanov
zəhmətkeş kütlələrlə ünsiyyət
vasitəsi kimi mühazirələrin maraqlı, dolğun və
təsirli keçirilməsi tərəfdarı idi. O, bəzən
axşam kurslarında mühazirəçilərə qulaq
asar, onlara faydalı məsləhətlər verərdi.
“Qənaət” istehlak cəmiyyətinin idarə heyətinin
sədri N.Nərimanov elmi-kütləvi mövzuda mühazirələrin
maraqlı keçməsinə ciddi səy göstərirdi. O, istehlak cəmiyyətinin əlverişli
leqal formalarından kütləvi-siyasi təşviqat
üçün məharətlə istifadə edirdi. Siyasi
polisin ciddi nəzarətinə baxmayaraq N.Nərimanov müsəlman
fəhlələri ilə tibbə dair söhbətlərində
onların inqilabi tərbiyəsinə xüsusi fikir verirdi
(“Nicat” xeyriyyə cəmiyyətinin “İsmailliyyə”
binasında “Qənaət” kooperativ cəmiyyətinin təşəbbüsü
ilə doktor N.Nərimanov “İnsan bədəni və onun
qidası” mövzusunda tez-tez maraqlı mühazirələr
oxuyurdu. Mühazirəçi insan bədəninin
daxili quruluşundan, onun qidaya təbii ehtiyacının
miqdarından danışarkən əhalinin əksəriyyətinin
bu ehtiyacı ödəyə bilmədiyindən bəhs edir,
onu mövcud ictimai quruluşla əlaqələndirirdi.
O, çətinliyi, ağır maddi vəziyyəti qismən
yüngülləşdirmək üçün kooperativ cəmiyyətinə
daxil olmağı tövsiyə edirdi. İki
saat davam edən mühazirədən yüzlərlə dinləciyi
böyük təəssüratla ayrılırdı.
1917-ci il sentyabr ayının 26-da doktor M.İsrafilbəyovun
sədrliyi ilə keçən iclasın qərarında
deyilir ki, “Qənaət” həqiqət doğru yolla gedib öz
budağına ləkə salmamış”dır.
N.Nərimanov rəhbərlik etdiyi cəmiyyətin
bütün fəaliyyətini konkret bir məqsədə -
inqilabi ideallara xidmətə doğru yönəltmişdi. O,
çalışırdı ki, cəmiyyətin bütün
üzvləri ideya-siyasi baxımdan ayıq olsun, kütlələri
inqilabi mübarizəyə hazırlamağı bacarsınlar.
N.Nərimanov çıxışlarından birində
demişdi: “Rusiya inqilabı “Qənaət”in həyatında da
bir inqilab törətdi”. “Zəmanənin tələbini”
başa düşməyib öz şəxsi mənafeyini
güdən bəzi adamlar ümumxalq işinə
etinasızlıq göstərdilər. Beləliklə,
“Füqərayi-kasibəni səmimi- qəlbdən sevən və
sevməyən indi məlum oldu...”. Sentyabr ayının 30-da “Qənaət” cəmiyyətinin
növbəti iclasında N.Nərimanovu yenidən sədr,
M.Əzizbəyovu sədr müavini, Y.Məlikovu xəzinədar,
Hacıağa Abbasovu katib seçirlər.
Əlbəttə, Bakı proletariatının ümumi
siyasi dünyagörüşünə və milli azadlıq hərəkatına
istehlak cəmiyyətlərinin ciddi təsiri çar hökumət
orqanlarının nəzərindən
yayınmamışdı. 1916-cı il iyul
ayının 19-da Bakı quberniya jandarm idarəsi polis
departamentinə raportunda yazırdı: “İstehlak cəmiyyətlərindən
istifadə etməkdən ümdə məqsəd ondan ibarətdir
ki, inqilabçı ünsürlər istehlak cəmiyyətlərində
sosial-demokrat zəmini yaratmağa və istehlak cəmiyyətləri
üçün icazə verilən yığıncaqlar vasitəsilə
xalq kütlələrini tərbiyə etməyə, bununla da
inqilabi ideyaların tam leqal yayılmasını özləri
üçün asanlaşdırmağa
çalışırlar. Yerli inqilab xadimləri
öz işlərini məhz bu istiqamətdə həyata
keçirməyə cəhd edirlər”.
Çar polis idarəsi duyuq düşsə də, əlinə
tutarlı sübut keçirə bilmədiyindən istehlak cəmiyyətlərini
ləğv etməkdən çəkinirdi. Bu, fəhlələrin
ümumi tətilinə səbəb ola bilərdi.
Bakıda fəhlə hərəkatı getdikcə
güclənirdi. 1915-ci ilin əvvəllərində
gizli partiya yığıncağının seçdiyi RSDFP
Bakı komitəsi fəhlələri kütləvi inqilabi
çıxışlara hazırlayırdı. S.Şaumyan, Y.Zevin, M.Basin, D.Bünyadzadə,
M.Əzizbəyov, S.Ter-Qabrielyan və b. kimi N.Nərimanov da
Bakı partiya təşkilatının əsas özəyinə
seçilmişdi.
N.Nərimanov leninçi bolşevik partiyasının sədaqətli
və mətin bahadırlarından idi. O, yeni inqilabi
fırtınalar ərəfəsində müsəlman fəhlələrinin
siyasi şüurluluğu və beynəlmiləl vəhdətinin
möhkəmləndirilməsi üçün bütün
leqal formalardan istifadə etməyə
çalışırdı.
1916-cı
ilin dekabr ayında Bakıda “Xalq evi” cəmiyyətinin
yaradılması N.Nərimanova müsəlman fəhlələrini
kütləvi-inqilabi çıxışlara
hazırlamağa imkan verdi. “Xalq evi”nin idarə heyətinə N.Nərimanov, M.Basin,
A.Stopani və R.Okinşeviç kimi inqilabçı xadimlər
seçilmişdilər. İdarə heyətinin
sədri N.Nərimanov idi.
“Xalq evi” cəmiyyəti beynəlmiləl və demokratik
mədəni-maarif ocağı idi. 1917-ci il yanvar
ayının 20-dən başlayaraq burada azərbaycanlılara,
həmçinin rus, gürcü, erməni və tatar fəhlələrinə
tez-tez elmi-kütləvi mövzuda mühazirələr oxunur,
teatr və konsert tamaşaları verilirdi. N.Nərimanov
tibbə (“Hifzüssəhhə”, “Göz ağrısı”),
ictimai-siyasi məsələlərə (“Siyasi korluq”, “Gələcəkdə
seçkilər” və s.), xüsusən cəmiyyətin məqsəd
və vəzifələrinə dair maraqlı məruzələr
edir, fəhlələri inqilabi mübarizə ruhunda tərbiyə
etməyə ciddi səy göstərirdi.
Bu dövrdə N.Nərimanov elmi-kütləvi və
ictimai-siyasi mövzuda mühazirələr oxumaq
üçün Tiflisə də dəvət olunur.
Tiflis Fəhlə və Əsgər Deputatları Soveti
İcraiyyə Komitəsi vasitəsilə Bakı şəhər
idarəsi tibb-sanitariya bürosuna müraciət edərək
N.Nərimanova Azərbaycan dilində mühazirə oxumaq
üçün 10 günlüyə Tiflisə məzuniyyət
verməyi təkidlə xahiş etmişdir. N.Nərimanova 1917-ci il may ayının 23-dən 10 günlüyə
Tiflisə getməyə icazə verilmişdir.
I Dünya müharibəsi çar Rusiyasının
siyasi-ictimai və iqtisadi həyatında ciddi böhran
yaratmışdı. Bu ağır illərdə bolşeviklər
imperialist müharibəsi əleyhinə təşviqat
aparır, “tarixin gedişini son dərəcə sürətləndirə
bilən” bu qüvvətli amildən Romanovların
taxt-tacını devirmək üçün istifadə etməyə
çalışırdılar. Onlar
irticaçı müharibəni vətəndaş müharibəsinə,
müstəbid hakimiyyətə və burjuaziyaya qarşı
müharibəyə çevirmək siyasəti yeridirdilər.
N.Nərimanov hümmətçilərlə
birlikdə bu siyasətə tərəfdar idi. O, zəhmətkeş
kütlələri azadlığa çıxaran yeganə
düzgün inqilabi yolda Lenin partiyasının sədaqətli
döyüşçüsü kimi fədakarlıqla
çalışırdı.
1915-1916-cı illər N.Nərimanovun inqilabi fəaliyyətində
yeni dövrün başlanğıcı oldu. O özü sonralar bu barədə
demişdir: “İmperialist müharibəsinədək mən
xalis sosial-demokrat olub, sol cinahda idim.
Sosial-demokratiyanın bu müharibəyə münasibəti
məndə şübhə və tərəddüd
doğurdu.
Mən
belə bir sual qarşısında qaldım: bəs sonrası
necə olsun, çıxış yolu nədədir?
Kommunist partiyasının köhnə dünyaya
qarşı amansız mübarizəyə
çağırışı bu çıxış yolunu
mənə göstərdi və heç bir tərəddüd
etmədən “Hümmət”lə birlikdə kommunist
partiyası sıralarına keçdim”.
2. Dərdlərimizin
əlacı. “Dan ulduzu”, “Fikir” məcmuələri yaratmaq təşəbbüsü
Nəriman
Nərimanov 1913-1916-cı illərdə Bakıda Azərbaycan
dilində çıxan “İqbal”, “Bəsirət”,
“Açıq söz”, “Yeni iqbal” qəzetlərində tibbə
dair elmi-kütləvi məqalələri ilə
yanaşı, ədəbi- tənqidi və ictimai-siyasi
publisist əsərlərini (“Arı bəy”, “Nər”, “Doktor
N.Nərimanov” imzaları ilə) dərc etdirmişdir.
Bolşevik mətbuatı və inqilabi demokratik mətbuat
bu dövrdə də siyasi polisin və senzuranın amansız
təqibinə məruz qalırdı. Buna görə də
N.Nərimanov inqilabi ideyaları yaymaq üçün
burjua-millətçi mətbuatından tribuna kimi istifadə
etməli idi. Əlbəttə, bu,
böyük məharət və bacarıq tələb edirdi.
Çünki irtica qüvvələrinin
hökmranlıq dövrü geniş kütlələrə
ictimai həyatın ziddiyyətlərini “pərdəsiz,
açıq, tam və mükəmməl” söyləmək
qeyri-mümkün idi.
1906-cı
ildən keçən on il ərzində
“çox şeylər” dəyişilmişdi. Burjua-demokratik
inqilabının verdiyi cüzi siyasi azadlıq xalqın əlindən
alınmışdı. Liberal-burjua
ziyalılarının dönüklüyü, “ruhani rəhbərlərinin”
fərsizliyi, siyasi korluğu milli mədəniyyətin və
ictimai fikrin inkişafına ciddi maneçilik törədirdi.
Mürtəce, əksinqilabi burjua mətbuatı
panislamizmi geniş yayır, müsəlmanların mədəni
tərəqqisini və milli dirçəlişini “yeganə fəal
qüvvə olan din”də görürdü. 1914-cü ildə “İqbal”
qəzeti öz oxucularına müraciətlə
yazırdı: “Həyatda müvəffəqiyyət istəyiriksə,
islamiyyətin canlı həqiqətlərinə əməl
etməliyik”.
N.Nərimanov
“İctima” həftə fəryadında din xadimlərinin
Peterburqda açılmış yığıncağında
“islamiyyətin canlı həqiqətləri”nin
- doqquz yaşında qızın ərə gedə bilməsi,
murdarlıq və təmizlik məsələsi və s. şəriət
qayda-qanunlarının müzakirə olunmasını “millətə
aşkar xəyanət” hesab edirdi.
Çünki dövr çox mühüm, ictimai-siyasi
hadisələrin təxirəsalınmaz həllini
qarşıya qoyduğu bir vaxtda din xadimləri xalqı
aldadır, beləliklə, əks-inqilaba xidmət göstərirdilər.
N.Nərimanov
cəmiyyətdə vətənpərvərlik, mübarizlik əhvali-ruhiyyəsindən
əsər-əlamət qalmadığını
xatırladaraq deyirdi: “Belə olan surətdə on il bundan
müqəddəm yazdığım “Həftə fəryadları”nı
indi yazmaq olarmı? Yazmaq olar. Fəqət duzsuz çıxar. Duzsuz
çıxmaqdansa, yazmamaq məsləhətdir.
Çünki
indi mənim kimi yazı-pozu edənlərə ehtiyac yoxdur... Odur ki, köhnə fikrimi başımda fırlandıra-fırlandıra
qalmışam. Məni heç bir məclisə
də seçmirlər.
Açıq-açığına deyirlər: “Filankəs” tərəqqi
yolu nə olmağını bilməyir, onu seçirsiniz isə
tamam işlər korlanar. Cəmiyyətin işləri
“tərəqqi” etməz.
Yəni
bir yana baxsanız, düz də deyirlər.
Mən nə isə, nədənsə çox işi
qurdalayanam!.. Bir də gördün
qurdaladım, qurdaladım bir iş çıxdı. Onda
görürsən ki, “milçəklər” balın
başından dağılan kimi dağıldılar... Sonra
iş görən kim olar? Yox,
yaxşısı budur ki, mən bu işlərə
qarışmayım”.
N.Nərimanov xalqın və vətənin gələcəyini
düşünən, onun səadəti yolunda heç bir fədakarlıqdan
çəkinməyən yaradıcı insanlara böyük
ümid bəsləyirdi. O, həyatın mənasını yaratmaqda, xeyirxah
işlərdə görən bu cür adamları
“bünövrəsiz” adlandırdığı liberal-burjua
ziyalılarına qarşı qoyurdu. N.Nərimanov
yazırdı ki, bir-birinin malına, canına qəsd etməkdən
çəkinməyən “bünövrəsiz”lər özgə
əqidə ilə yaşayırlar. Onlar
düşünürlər ki, “dünya beş
gündür, beşi də puç. İnsan yaranıbdır
ölməkdən ötrü, ye, iç, kef et,
dünyanın hər bir ləzzətini dad!..”.
N.Nərimanova
görə, insan həyatın, təbiətin sirlərinə
bələd olmaq üçün mübarizə
aparmalıdır: yeni elmi fikirlər irəli sürməli,
ixtiralar etməlidir. Təbiidir ki, “Bu beş
günlük dünyada gizlin xəzinələr, gizlin sirlər,
qüvvələr, mühüm məsələlər,
açılmayan düyünlər, təbii qanunlar vardır.
Bunları aşkar etmək, təbii qanunları
həll edib meydana buraxmaq insanın vəzifəsidir. Mən
insanam isə bu məsələlərin birini bəqədri
qüvvə mən gərəkdir həll edəm...”.
N.Nərimanov
zəhmətkeş kütlələri ayıq olmağa,
özünü “əqidə sahibi”, “millət xadimi” kimi qələmə
verən burjua ziyalılarına və cahil din xadimlərinə
inanmamağa çağıraraq müraciətlə
yazırdı: “Buyurunuz klublara, restoranlara, daha nə bilim nərəyə,
nərəyə, nərəyə!.. Yainki buyurunuz cəmiyyətlərə...
Cəmiyyətlərdə oturub bunların hərəkətlərinə,
nitqlərinə baxınız, diqqət ediniz.
(davamı növbəti saylarımızda)
Respublika.- 2020.- 11 aprel.- S.5.