NƏRİMAN NƏRİMANOV - 150
(əvvəli 16, 18, 19, 20, 22, 23, 25, 28, 29 fevral,
1, 3, 5, 7,
8, 11, 12, 13, 14, 15, 17, 18, 19 mart,
7, 8, 9, 10
və 11 aprel tarixli saylarımızda)
İkiüzlülük,
filan hacının qaşqabağına baxıb
sözünü dəyişmək, qaraya ağ,
ağa qara demək... Vicdanını, əqidəsini
qara pula satmaq - bunların hamısını özünüz
görürsünüz, eşidirsiniz. Diplomlu provakatorların,
şpionların, “cəmiyyətlərin”, millətin minlərcə
pullarını yeyib sonra haman cəmiyyətə, haman millətə
xəyanət edənlərin hələ sözlərini
danışmıram...”.
N.Nərimanov əqidəsi, vicdanı “qara pul” olan burjua
ziyalılarının ictimai həyatda nifrətli mövqe
tutmalarına fəlakət kimi baxırdı. O, gecə-gündüz qan-tər
içində işləyən, bir qarnı ac, bir qarnı
tox güzəran keçirən, safürəkli vətən
övladlarının gələcəyini düşünməyi
hər bir qeyrətli ictimai xadimin müqəddəs borcu hesab
edirdi. N.Nərimanova görə, xalqın dərdini çəkənlərdə
“görən göz, eşidən qulaq, sağlam beyin, həssas
ürək”, “millətin isə müəyyən inkişaf
yolu, məqsədi olmalıdır”, əks halda “o millətin
istiqbalı dəhşətli bir fırtınaya” düşər.
N.Nərimanov gələcəyə ayıq gözlə
baxmağın, milləti “qaranlıqdan işıqlığa
salan” yola - inqilabi mübarizə yoluna hazırlamağın
vaxtı çatdığını dönə-dönə
xatırladırdı.
1905-ci il inqilabı Qafqaz xalqlarının başı
üstünü gözlənilmədən almışdı.
“Müsəlmanlar bu inqilaba hazır deyildilər.
İnqilabın çovğun yeli sakit olandan
sonra bir az ayıldılar”. Lakin
inqilabın verdiyi hüquqlardan istənilən kimi istifadə
edilmədi. Halbuki bu inqilab ümum müqəddəs
ideala yol açmışdı. Millətin
səadəti, gələcək xoşbəxtliyi bu yolda idi.
N.Nərimanov yazırdı: “İnqilab vaxtında döşlərinə
döyüb, camaata yol göstərmək istəyənlər
axırda inqilabın çovğunundan sonra vicdanlarını
qara pula satıb, yaman nifrətli rollar oynadılar və
oynayırlar da. Bunlar inqilaba hazır olsa idilər, bir məslək
dalınca getməyə tərbiyə tapsa idilər, əlbəttə,
belə vicdansız işlər tutmazdılar...”.
N.Nərimanov millətin nicatını burjua-demokratik
inqilabının verdiyi imkanlardan geniş istifadə etməkdə,
ümumideal yolu uğrunda mübarizə aparmaqda, “bu yolda
işləyən firqələrə kömək” etməkdə
görürdü. Onun fikrincə, dövlət duması və
ya parlamanın “laylaları” ilə milləti yuxuya vermək
vaxtı deyildir. Millətin xoşbəxtliyi,
gələcək səadəti üçün “ağlı
və ruhu” azadlıq yolunda mübarizəyə sərf etmək
vaxtı çatmışdır.
N.Nərimanov inqilabi mübarizə yolunu millətin
ümumideala, müqəddəs məsləkə, yəni insaniyyətə
xidməti üçün yeganə çıxış yolu
hesab edirdi. O
öz müasirlərinə müraciətlə deyirdi:
“Bugünkü pərişan halda bulunmağınız cəmiyyətlərimizin
karsızlığı, seçkilərimizin gülünc
vaqiələri, oxumuşlarımızın milli işlərdən
qaçmaqları, mətbuatımızın, ədəbiyyatımızın
dərinsizliyi, məktəblərimizin ruhsuzluğu, tərbiyənin
acı meyvələri - bunların hamısının əlacı
haman müqəddəs yoldur”.
Əlbəttə, millətin ümumideala doğru
“yeriş”i üçün hər şeydən əvvəl
bu millətin öz hüququnu dərk etməsi zəruridir. Çünki
“Bir millət özünü tanımaz isə, özü ilə
qeyrisinin fərqini düşünməyə qadir olmaz isə,
xüsusən, məsləki dalınca yeriş edə bilməz.
Bu yolda yeriş etmək isə ümum müqəddəs
məslək nə olmağını da düşünməz”.
Millətin öz hüququnu başa düşməsi
üçün milli dil, milli məktəb, milli mətbuat və
milli cəmiyyətlər qüdrətli kütləvi vasitə
idi. N.Nərimanov
1905-ci il inqilabından sonra bu sahədə
nəzərəçarpan “cüzi tərəqqi”ni
xatırladaraq öz müasirlərinə belə bir fikri təlqin
edirdi ki, həyatımızın tərəqqi yoluna
düşməsi “özümüzü tanımağa yol
açıbdır. Özümüzü
tanıdıqsa, hüququmuz nə olduğunu düşünəcəyik.
Ona görə də bu halın davamına və
daha genişlənməsinə səy etmək
lazımdır”.
N.Nərimanov kütlələri inqilabi mübarizəyə
hazırlamaqda mətbuatın, elmi-kütləvi mühazirələrin,
xeyriyyə cəmiyyətlərinin, xalq evlərinin təsir
gücünə böyük əhəmiyyət verirdi. Ona görə də öz
məslək dostlarına qəti surətdə
tapşırırdı ki, quru nəsihətçilikdənsə,
əməli fəaliyyət göstərmək
faydalıdır: “...elm dalınca gedin” deməkdənsə,
elmi oxutmaq lazımdır. Həmin elm araya gələr
isə, xalqın beyni açılar, özünü
tanıyar, özü ilə özgəyə fərq qoyar, həyat
mübarizəsini düşünər və axırda bir məslək,
əqidə tutub gedər. Camaat elm nə
olduğunu düşünər, onu sevər, alim adamın qədrini
bilər və bilib də ciddi-cəhd edər ki, camaatın və
cəmiyyətin işlərini o adamlara tapşırsın.
Camaata elmi nə yol ilə oxutmaq?
Bir müəllim otuz-qırx uşağa elmi öyrədib
onları bir yolla aparan kimi bir qəzetə də camaatın
müəllimi yerində ona gərəkli məlumatlar verib
bilmədiyi şeyləri öyrədə bilər. Qəzetənin
dörddən bir hissəsini elmi, fənni məqalələrlə
sərf edəriksə, camaata böyük xidmət göstərmiş
olarıq”.
N.Nərimanov zəhmətkeş kütlələrin
siyasi dünyagörüşünə, mənəviyyatına
bu yolla təsir etmək, beləliklə, onları qəti
inqilabi döyüşlərə hazırlamaq niyyətində
idi. N.Nərimanova görə, elm və maarifi yaymaq,
xalqın hüququnu və mənafeyini müdafiə etmək
və “fənalığa” qarşı çıxmaq
üçün yeganə qüdrətli vasitə milli mətbuatdır.
O özü hələ 1914-cü ildə mətbu orqan yaratmaq
fikrində idi. Abdulla Şaiq (Talıbzadə) “Xatirələrim”
əsərində N.Nərimanovla “Dan ulduzu” məcmuəsini nəşr
etmək qərarına gəldiklərini və ictimai-siyasi vəziyyətin
ağır olması üzündən bu fikirdən əl
çəkdiklərini xatırlayaraq yazmışdır: “Bu
vaxt inqilabi fikirli ziyalılar şiddətli surətdə təqib
edilirdilər. Nəriman siyasi dustaq olduğu
zaman naşirlik hüququndan məhrum edildiyindən jurnalın
məsuliyyətini mən öz üzərimə almalı
idim. Bir gün bərabər oturub məcmuənin
nəşrinə dair şəhər hakimindən icazə
almaq üçün ərizə yazırdıq. O qələmi
əlinə aldı. Bir az
düşündükdən sonra mənə gülə-gülə
baxaraq:
-Qorxuram -
dedi.
-Nədən
qorxursan?
-Səni
məsuliyyətə cəlb edəcəklərindən.
-Bir az ehtiyatlı yazarıq.
O, qələmi
əlindən stola qoyub dedi:
-Mənim
başımda necə fikirlər olduğunu bilsən bu məcmuənin
çıxmasına razı olmazsan.
-Nə
fikirlər?
-Bu
üsul-idarəyə qarşı qəlbim üsyan ilə
doludur. Mən qələmimi saxlaya bilməyəcəyəm.
Bu zaman ən ağır zərbələr də
mənə yox, mənim ucumdan sənə dəyəcək.
Çünki sahibi-imtiyaz və məsul sən olacaqsan!
-Məni
nə üçün qorxudursan?
-Qorxutmuram,
doğru deyirəm, bu məcmuə hələlik qalsın.
Görək bu dava nə göstərəcək! Sonra işə ciddi başlayarıq.
Nərimanın son sözü məni də
düşündürdü. Beləliklə, məcmuə
nəşr olunmadı”.
1916-cı ildə inqilabi meyillərin gücləndiyi bir
vaxtda N.Nərimanov “Fikir” adlı aylıq elmi-ədəbi və
ictimai-siyasi jurnal nəşr etmək istəyirdi (1893-1897-ci
illərdə Tiflisdə yaşayan görkəmli maarif xadimi
A.O.Çernyayevski (1840-1897) Azərbaycan dilində “Fikir”
adlı həftəlik qəzet çıxarmaq təşəbbüsündə
olmuşdur.
O, Qafqazın ayrı-ayrı şəhərlərində
işləyən tanıdığı azərbaycanlı
müəllimlərə məktub göndərib
çıxarmaq istədiyi qəzetlə əlaqə saxlamağı
onlardan xahiş etmişdi. Şübhə yoxdur
ki, N.Nərimanov istər Qızılhacılı kəndində,
istərsə də Bakıda müəllimlik fəaliyyəti
dövründə öz müəllimi ilə sıx əlaqə
saxlamışdır. Bu cəhətdən
də A.O.Çernyayevskinin N.Nərimanova “Fikir” adlı qəzet
çıxarmaq arzusunda olduğunu bildirdiyini güman etmək
olar. N.Nərimanov baş tutmayan bu nəcib
təşəbbüsü ehtimal ki, unutmamış və
sonralar çıxarmaq istədiyi jurnala müəlliminin xatirəsinə
“Fikir” adı vermişdir.
Bu
münasibətlə o, həmin il noyabr
ayının 29-da və dekabr ayının 13-də Bakı
qradonaçalnikinə müraciətində
yazmışdı: “Bakıda tatar (Azərbaycan - T.Ə.)
dilində xüsusi “Tənqid” şöbəsi olan “Fikir”
adlı aylıq elmi-ədəbi-siyasi jurnal nəşr və
redaktə etmək üçün mənə icazə verməyi
zati-alinizdən acizanə xahiş edirəm”. “Fikir”
jurnalının proqramından göründüyü kimi, onun
səhifələrində cari mövzuda baş məqalə, ədəbiyyat
şöbəsində orijinal və tərcümə
edilmiş hekayələr, povestlər, romanlar, komediyalar,
dramlar və şeirlər, elm şöbəsində tibbə,
təbiətşünaslığa və pedaqogikaya dair elmi-nəzəri
materiallar, xüsusi tənqid şöbəsində isə
dövri mətbuatın vaxtaşırı xülasəsini və
müasir yazıçıların əsərlərinin tənqidi
icmalını vermək nəzərdə tutulurdu. “Fikir”də məktublar və elanlar şöbəsi
də olacaqdır.
Məlum olduğu kimi, N.Nərimanov jurnalın məsul
redaktorluğunu və naşirliyini öz öhdəsinə
götürmüşdü. Ona görə də
Bakı şəhər rəisi onun tərcümeyi-halı,
şəxsi keyfiyyəti ilə ciddi maraqlanır, “Fikir”
jurnalını çap edəcəyi yer haqqında geniş məlumat
istəyirdi. N.Nərimanov Bakı qradonaçalnik dəftərxanasının
sorğusuna cavab olaraq göndərilən təliqənin
arxasında yazmışdı: “Fikir” jurnalı Spasski
küçəsində Aleksandr Nevski kilsəsi mülkündə
yerləşən “Sovqat” mətbəəsində çap
olunacaqdır.
N.Nərimanov “Fikir” jurnalında odlu qəlbini məşələ
çevirmək, zəhmətkeş kütlələri
azadlıq, milli istiqlaliyyət və xoşbəxt həyat
uğrunda mübarizə ruhunda tərbiyə etmək istəyirdi. Təəssüf
ki, bütün yazışma və sorğulara baxmayaraq, jurnal
işıq üzü görmədi, nəcib təşəbbüs
nəticəsiz qaldı. Lakin heç bir məhrumiyyət
mətin inqilabçını öz böyük məqsədindən
döndərə bilmədi. O, ictimai cəmiyyətlərin,
ədəbi dərnəklərin və xalq evlərinin leqal
imkanlarından məharətlə istifadə etdi.
3. “Tənqid
gecələri”, “Ədəb yurdu”. Xəlqilik və
realizm cəbhəsindən.
Abdulla Şaiq (Talıbzadə) canlı müşahidələri
əsasında yazdığı “Xatirələrim” əsərinin
bir yerində N.Nərimanovun Bakıda “Nicat” mədəni-maarif
xeyriyyə cəmiyyətində tənqid dərnəyi təşkil
etməsindən də danışır. O yazır ki, N.Nərimanov
“Nicat”da fəaliyyətə başladığı dövrdə
cəmiyyətin mədəni həyatında dönüş
yaratmışdı. “Cəmiyyətin nəzdində
tənqid dərnəyi təşkil edildi. Dərnəkdə
ayrı-ayrı əsərlər haqqında
yazılmış tənqidlər oxunub müzakirə
edilirdi... O dərnəkdə üç əsər oxuyub təhlil
və tənqid etdik (hansı əsərləri tənqid
etdiyimiz xatirimdə deyil). “Nicat” cəmiyyətinə
Nəriman bolşevik partiyasına mənsub olan və demokratik
ruhlu ziyalıları cəlb edirdi”.
İnqilabdan qabaqkı dövri mətbuat da təvazökarlıqla
deyilmiş bu mülahizəni təsdiq edir. N.Nərimanov
“Nicat” mədəni-maarif xeyriyyə cəmiyyətində ədəbiyyat
şöbəsinin sədri olduğu zaman, həqiqətən,
ədəbi məclis yaratmışdı. Bakı mətbuatı “Nicat” cəmiyyətinin məşhur
yazıçıları bir yerə toplayıb tənqid gecələri
keçirəcəyini xəbər verir və bu tədbiri
alqışlayırdı.
“İqbal”
qəzeti 25 noyabr 1914-cü il tarixli nömrəsində
bildirirdi ki, N. Nərimanovun rəhbərliyi altında “Tənqid
gecələri” ədəbi dərnəyi təsis
olunmuşdur. “Tənqid gecələri”nin əsas
məqsədi dövri mətbuatda çıxan
ayrı-ayrı bədii və elmi-kütləvi əsərlərin
müzakirəsini keçirmək, onların mükəmməl
tərtibinə yaxından kömək etməkdi. “Tənqid
gecələri”nin fəaliyyəti, ötəri
də olsa, ozamankı mətbuatda
işıqlandırılmışdır. Əldə
etdiyimiz məlumat ədəbi məclisin aparılması
şəraitini, ayrı-ayrı müzakirələri təsəvvürə
gətirməyə imkan verir. Dərnəyin
yığıncaqlarından birində rus dilindən tərcümə
olunmuş “Şagirdlərin səlamətliyi” və “Əqilli
qız” əsərlərinin müzakirəsi
keçirilmişdir. Burada uşaqların
hifzüstinə dair “Şagirdlərin səlamətliyi” əsərinin
anlaşılmaz və qüsurlu tərcüməsi ciddi tənqid
edilmişdir. Ədəbi məclis elmi-fənni
kitabların mütəxəssislər tərəfindən tərcümə
və ya redaktə olunmasını məsləhət bilib qeyd
edirdi ki, bu tədbir “kitabın mənəvi qiymətini”, məziyyətini
daha da artırar.
Ədəbi
məclisin üçüncü
yığıncağında Kazımoğlunun (Seyid
Hüseynin - T.Ə.) kitabça şəklində
buraxılmış “Qaçaq oğlu” hekayəsi və S.M.Qənizadənin
1906-cı ildə “Dəbistan” jurnalın da çap olunmuş
“Nabəkar qonşu” təbdili müzakirə edilmişdir.
Kazımoğlunun hekayəsində əsərin qəhrəmanı
Behbudun xatirələrinə geniş yer verməsi irad tutulur,
bədii əsərin bu səpkidə yazılması və ərəb-fars
sözlərinin lüzumsuz işlədilməsi kəskin tənqid
olunur. Müəllifə hekayənin “ikinci təbində bəzi
tərəfləri islah” etmək məsləhət
görülür. Sonra Abdulla Şaiq
(Talıbzadə) S.M.Qənizadənin “Nabəkar qonşu” hekayəsini
oxuyur. Bildiyimiz kimi, bu hekayə rus ədibi
A.Poqosskinin “Sırtıq qonaq” (“Visəçiy qostğ”) əsərindən
təbdil edilmişdir. Lakin S.M.Qənizadə
əsərin ümumi süjet xətti əsasında Azərbaycan
həyatı ilə sıx bağlı, tamamilə orijinal bir
hekayə yaratmışdı. “Nabəkar
qonşu” əsərində burjua mühitinin insanı mənəvi
cəhətdən şikəst etməsi inandırıcı
verilmişdi. Hekayədə mənfi planda işlənmiş
Xancan simasında tüfeylilik, pul hərisliyi ifşa olunur,
“pis yoldaş adamı fəlakətə salar” ideyası təbliğ
edilirdi, ona görə də məclis üzvləri, bir
sıra qüsurlarına baxmayaraq, əsərin “hər
xüsusda gözəl” olduğunu söyləyir və eyni
zamanda S.M.Qənizadənin “bu kimi əsərləri meydana
çıxarmağa qadir olduğu halda, yazmadığına
təəssüf” edirlər.
Məclisdə Abdulla Şaiqə S.S.Axundovun “Nurəddin”
hekayəsini, S.H.Sadığa isə Mehdibəy Hacıbababəyovun
“Peşimançılıq” pyesini oxuyub növbəti
yığıncaqda müzakirəyə təqdim etmək
tapşırılır.
“Tənqid gecələri”ndə istər elmi, istərsə
bədii əsərlərin dilinə ciddi diqqət yetirilirdi. Çünki
bu dövrdə ən vacib məsələlərdən biri
ana dilinin saflığı uğrunda mübarizə məsələsi
idi. Mürtəce burjua ziyalıları Azərbaycan
xalqının, ədəbiyyatının və dilinin müstəqilliyinə
qarşı çıxmaqla onun qədim mədəniyyətini,
zəngin mənəvi sərvətini inkar edirdilər.
“Şəlalə” (1913-1914) jurnalı millətçi,
mistik cızmaqaraçıların dili ilə dönə-dönə
iddia edirdi ki, azərbaycanlıların nəinki ədəbiyyatı,
hətta qəvaid kitabları belə yoxdur.
“Molla Nəsrəddin” jurnalı mürtəce burjua mətbuatının
zərərli təbliğatına qarşı ardıcıl
məfkurə mübarizəsi aparır, doğma dilin
saflığını qoruyurdu. Mollanəsrəddinçilər
sadə, geniş xalq kütlələri üçün
anlaşıqlı, oxunaqlı bir üslubda yazırdılar.
Bu, ədəbiyyatın realist istiqamətini təyin
edirdi. N.Nərimanov demokratik ruhlu, vətənpərvər
“əhli-qələm”lərin mövqeyini müdafiə edir,
mürtəce burjua ideoloqlarına qarşı mübarizədə
onların vahid cəbhəsini yaratmağa
çalışırdı. Odur ki,
qabaqcıl fikirli, tərəqqipərvər şair və
yazıçılarla sıx əlaqə saxlayır,
onları öz dərnəyi ətrafında toplamağa
böyük əhəmiyyət verirdi.
Prof. Rza Təhmasib mütəfəkkir şair Hüseyn
Cavid haqqında xatirəsində 1915-ci ildə N.Nərimanovun
yazıçılarla səmimi əlaqəsini
xatırladır. O yazır: “Hər gün dərsdən sonra Cavidin
dostları Abdulla Şaiq, Cəfər Bünyadzadə, Seyid
Hüseyn və başqaları ilə tez-tez görüşər,
ədəbiyyatdan, şeirdən, ictimai və mədəni
hadisələrdən söhbət edərdik. Bu
söhbətlərimizdə bəzən N.Nərimanov da
iştirak edərdi. O, Cavidə mehriban bir münasibət
bəsləyirdi. Axşamlar isə Cavidin “Təbriz”
mehmanxanasındakı otağına toplaşardıq. Bu yığıncaq tam mənası ilə ədəbiyyat
və şeir məclisinə çevrilərdi”. Bu
görüşlərdə N.Nərimanov
yazıçılarla yaxından tanış
olur, onları ədəbi məclisə cəlb etməyə
çalışırdı. “Tənqid gecələri”nin yığıncağını keçirmək
üçün daimi yer yox idi, məclis üzvləri hərdən
bir evə toplaşardılar. Hər cümə
axşamları ayrı-ayrı evlərdə keçirilən
“tənqid gecələri”ndə müxtəlif məsləkli
adamlar da iştirak edirdilər. Uzun-uzadı,
qızğın müzakirə zamanı “hərə öz
fikrini irəli sürür”, konkret bir nəticəyə gələ
bilmirdilər. “Ona görə də
dörd-beş ay davam edən müzakirələr nəticəsiz
qalırdı”. Odur ki, N.Nərimanov
demokratik ziyalıların yaxından iştirakı ilə yeni
bir ədəbi məclis təsis etməli olur. Onun 1916-cı ilin oktyabr ayında Bakıda “Ədəb
yurdu” adlı leqal müsəlman ədəbi məclisi
yaratmaqda “məqsədi inandığı ziyalıları
öz tərəfinə, öz firqəsinə cəlb etmək
idi”.
“Ədəb
yurdu”na İ.Heydərov sədr, N.Nərimanov
sədr müavini, Y.Əliyev xəzinədar
seçilmişdi.
“Tənqid gecələri” ədəbi məclisinin
üzvlərindən S.M.Qənizadə, Abdulla Şaiq, Səməd
Mənsur, A.Axundov, M.Quliyev kimi tənqidçi və ədiblər
də bu dərnəyə cəlb olunmuşdu. İlk
yığıncaqda N.Nərimanov yeni ədəbi məclisin
qarşısında duran əsas vəzifələrdən
danışır, sonra isə dərnəyin nizamnaməsi
müzakirə edilir. Bu barədə verilən
məlumatlardan aydın olur ki, “Ədəb yurdu” müsəlman
ədəbi dərnəyi rəsmi ədəbi məclis
olmuşdur. Burada ana dili, ədəbiyyat, təlim-tərbiyə
və s. mövzularda söhbətlər aparılır, bədii
əsərlərin tamaşaya qoyulması qərara
alınırdı.
“Tənqid gecələri” və “Ədəb yurdu” məclisləri
Azərbaycan ədəbiyyatında inqilabi-demokratik meyillərin
artmasına, xəlqilik və realizm uğrunda mübarizəyə
müəyyən faydalı təsir göstərmişdir. Bunu N.Nərimanovun
ədəbi-publisist fəaliyyətində də görmək
olar.
1913-1916-cı illərdə N.Nərimanovun dram və nəsr
əsərlərini ciddi şəkildə işləyib yenidən
çap etdirməsi, “Bahadır və Sona” romanını səhnələşdirib
tamaşaya qoyması, Qr.Genin “Edam” pyesini Azərbaycan dilinə
çevirməsi təsadüfi deyildir. O, “Bir kəndin sərgüzəşti”
hekayəsini və “Pir” povestini də bu vaxtlar
yazmışdır (O, “Bahadır və Sona” romanını
1915-ci il sentyabr ayının 21-də
Şamaxıda səhnələşdirmişdir. Həmin il noyabr ayının 24-də əsərin əlyazmasından
iki nüsxə Tiflisə, Qafqaz senzura komitəsinə göndərib
onun tamaşaya qoyulmasına icazə istəmişdir.
Senzura komitəsi isə müəllifdən əsərin
rus dilində qısa məzmununu tələb etmişdir.
Nəhayət,
Qafqaz senzura komitəsi 1915-ci il dekabr
ayının 18-də “Bahadır və Sona” pyesinin Azərbaycan
dilində tamaşaya qoyulmasına mane olmayacağmı
bildirmişdir. Qafqaz canişinliyinin mətbuat işlərinə
baxan baş idarəsi bu göstərişə əsasən
1915-ci il dekabr ayının 26-da “Bahadır
və Sona” faciəsinin Zaqafqaziyada tamaşaya qoyulmasına icazə
vermişdi.
“Bahadır
və Sona” faciəsi ilk dəfə 1916-cı il
dekabr ayının 17-də H.Ərəblinskinin benefisinə
tamaşaya qoyulmuşdur).
N.Nərimanovun ağır illərdə
yaratdığı ədəbi-bədii və publisist əsərlər
onun xalq həyatına yaxınlığını, zəmanənin
ən zəruri tələblərini milli zəmində,
obyektiv qələmə aldığını sübut edir. O, cəmiyyətin mədəni
inkişafına kömək edən, geriliyə, ədalətsizliyə
və zülmə qarşı amansız olan əsərlər
yaratmağı hər bir sənətkarın müqəddəs
borcu bilirdi. Odur ki, zəhmətkeş kütlələri
mənən yüksəldən, “ağlına qida, ruhuna ləzzət”
verən bədii əsərlər yazmağı dönə-dönə
tövsiyə edirdi.
N.Nərimanov demokratik Azərbaycan musiqili teatrı yaranan ilk günlərdən qabaqcıl fikirli ziyalılarla birlikdə onu milli mədəniyyətin yüksəlişi əlaməti kimi qarşılamışdır. O, ədəbi-tənqidi məqalələrində opera sənətinin ictimai mahiyyətini, xalqın mənəvi inkişafına təsirini və tərbiyəvi rolunu başa düşməyən “millət xadim”lərinin yanlış mülahizələrini qətiyyətlə rədd etmişdir. Çünki N.Nərimanov zəhmətkeş kütlələrin şüuruna və mənəvi aləminə Azərbaycan opera sənətinin faydalı təsirinə inanırdı. Ona görə də teatr sənətinə kütlələrin tərbiyə məktəbi, onların şüur və mənəviyyatını zənginləşdirən gözəl bir vasitə kimi yanaşırdı.
Üzeyir Hacıbəyovun “Əsli və Kərəm”, “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Əlli yaşında cavan” opera və operettalarına dair məqalə və qeydlərində N.Nərimanov yenicə dirçəlməkdə olan bu sənətin başlıca prinsipləri, xəlqiliyi, ictimai-tərbiyəvi əhəmiyyəti haqqında maraqlı mülahizələr irəli sürmüşdür. O, incəsənətin bu janrının kütləviliyini nəzərə alaraq doğma xalqı köhnəliyə, milli ədavətə, haqsızlığa qarşı mübarizəyə hazırlamaqda musiqili teatrın ictimai əhəmiyyətini və tərbiyəvi rolunu yüksək qiymətləndirirdi. Məlum olduğu kimi, musiqili-dramatik əsərlər Azərbaycan səhnəsində meydana gəldiyi ilk dövrlərdə böyük mübahisələr doğurmuşdur. Xalqın həyatından və mədəniyyətindən xəbərsiz olan bəzi ziyalılar incəsənətin yeni janrını, ümumiyyətlə, xalqın mədəni-etik və psixoloji səviyyəsinə uyğun hesab etmirdilər. Onlar opera və operettanı kütlələrdə “mənfi təsir oyadan” yüngül janr kimi qələmə verir, musiqili-dramatik əsərlərin ictimai-əxlaqi təsirini rədd edir və onu ciddi dram əsərlərinə qarşı qoyurdular.
(davamı növbəti saylarımızda)
Respublika.- 2020.- 12 aprel.- S.3.