NƏRİMAN NƏRİMANOV - 150

 

Nəriman Nərimanovun bədii yaradıcılığı ilə ictimai və siyasi fəaliyyəti arasında üzvi bağlılıq vardır. Onun ömrünün mühüm hissəsi qəlbən inandığı və həyatının başlıca vəzifəsi sayaraq müqəddəs amala çevirdiyi xalq işi uğrunda ardıcıl mübarizələrdə keçmişdir. Siyasi çarpışmaların daha da gərginləşdirdiyi son dərəcə mürəkkəb şəraitə baxmayaraq, Nəriman Nərimanov milli maraqları daim üstün tutan rəhbər kimi taleyüklü problemlərə münasibətdə xalqımızın mənafeyini imkanlarının ən son həddinədək müdafiə etmişdir. O, keçmişimizin mədəni sərvətlərinin mühafizəsinə, ana dilinin saflığı məsələlərinə xüsusi diqqət yetirmiş, elmin, maarifin və mədəniyyətin inkişafı yolunda var qüvvəsi ilə çalışmış, dövrün milli məfkurə daşıyıcısı olan şəxsiyyətlərinə ehtiram və qayğı ilə yanaşmışdır.

Nəriman Nərimanovun XX əsr Azərbaycan tarixində əhəmiyyətli iz qoymuş ictimai-siyasi fəaliyyəti məhz ulu öndər Heydər Əliyevin nüfuzu və qətiyyəti sayəsində layiqli qiymətini alaraq bütöv şəkildə doğma xalqa çatdırılmışdır. Nəriman Nərimanovun 100 və 125 illik yubileylərinin təntənə ilə qeyd edilməsinin, Bakıda əzəmətli abidəsinin ucaldılmasının və ev-muzeyinin yaradılmasının, həmçinin ölkəmizin hüdudlarından kənarda xatirəsinin əbədiləşdirilməsinin təşəbbüskarı ümummilli lider Heydər Əliyev olmuşdur.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

 

(“Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında” 14 fevral 2020-ci il tarixli Sərəncamından)

 

 

(əvvəli 16, 18, 19, 20, 22, 23, 25, 28, 29 fevral,

 

1, 3, 5, 7, 8, 11, 12, 13, 14, 15, 17, 18, 19 mart və

 

7 aprel tarixli saylarımızda)

 

 

 

N.Nərimanov “Bürhani-tərəqqi” qəzeti ilə əməkdaşlıq etdiyi dövrdə M.Xocetlaşenin fitnə-fəsadla dolu düşmənçilik ədalarına qarşı çıxış etmişdi. Lakin o vaxt fitnəkarı tam ifşa etmək üçün əldə kifayət qədər material yox idi.

N.Nərimanov 1912-ci il yanvarın 21-də Həştərxandan Bakıya “Kaspi” qəzeti redaktoruna göndərdiyi “Redaksiyaya məktub”unda yazırdı: “Müsəlman ictimai xadimlərinin (İbrahim bəy Heydərovun, Həsən Girey Cabagiyevin, Mustafa bəy Hacıqasımovun, Şakif Məhəmmədyarovun, Cəmo bəy Hacinskinin) “Kaspi” qəzetinə uzun, ətraflı məktubundan sonra aydın olmuşdur ki, iki müsəlman orqanının - “Müsəlman” jurnalının və “Müsəlman aləmində” qəzetinin redaktoru Məhəmməd bəy Xocetlaşe araqarışdıran bir alçaqdır”.

N.Nərimanov mürtəce məsləkli mətbuatı Həştərxan müsəlmanları arasında yayan yerli müvəkkillərin, eyni zamanda zərərli və fitnəkar ruhlu məqalələri şüurlu surətdə, qəsdən götürüb öz səhifələrində xüsusi səylə dərc edən tatar qəzetlərinin hərəkətlərini pisləyir, ümidvar olduğunu bildirirdi ki, tərəqqipərvər ziyalılar öz səsini M.Xocetlaşenin iç üzünü açıb göstərən adamların səsinə qatacaq, onun düşmənçilik fəaliyyətinə qarşı öz hiddətlərini bildirəcəklər.

N.Nərimanovun nüfuzlu, səfərbəredici sözləri hamının qəlbinə yol tapır, onları haqq-ədalət və azadlıq uğrunda mübarizəyə ruhlandırırdı. Şair Saqit Rəmiyev, yazıçı Xosni Kərim, həvəskar aktyor Zəyni Sultanov, müəllimlərdən Abubəkr və Mazin tatar gənclərini öz ətrafına toplayır, onların çar hakimiyyətinə qarşı mübarizəsinə istiqamət verirdilər. Bu gənclər hərəkatının başında N.Nərimanov dururdu.

İctimai-siyasi hadisələrin gedişi göstərdi ki, N.Nərimanovun inqilabi ruhda tərbiyə etdiyi ziyalı gənclik Həştərxanda fəhlə-kəndli hakimiyyəti uğrunda mübarizə günləri sədaqətli əsgər oldular.

***

N.Nərimanovun Həştərxan dövrü (1909-1913-cü illər) publisistikası onun əməli fəaliyyəti ilə üzvi surətdə bağlı olmuşdur. O, Həştərxanda həkimliyə başladığı ilk günlərdən təbabətə və sağlamlığa - hifzüssəhhəyə dair mühazirələr oxuyur, yerli mətbuatda, xüsusən “Bürhani-tərəqqi” qəzetində tibbi-publisist və siyasi səciyyəli məqalələrini çap etdirirdi.

Məlumdur ki, N.Nərimanov “Bürhani-tərəqqfi”də “Xolera- vəba”, “Aləmi-nisvan”, “Tibb və islam” kimi elmi-publisistik məqalələri ilə əməkdaşlığa başlamışdır. 1910-cu ildə səkkiz aylıq fasilədən sonra çıxan “Bürhani-tərəqqi” 14 noyabr tarixli ilk nömrəsində öz oxucularına bildirirdi ki, doktor Nəriman bəy Nərimanov cənabları qəzetin “elmi və fənni qismlərini” fəxri olaraq öz öhdəsinə götürmüşdür. O, məqalələrini “sadə türk (Azərbaycan şivəsində) lisanında” yazacaqdır. “Doktor cənabları Qafqazda bulunduğu vaxt “Həyat”da bəzi elmi, fənni məqalələr yazardı. “Tibb və islam” xüsusunda müfəssəl bir surətdə “Bürhani-tərəqqi”də yazmasını bir çox əhli maarif rica etdiklərindən bu nömrədən etibarən qəzetimizin “təfriqeyi- məxsusə”sində “Tibb və islam” ünvanı altında yazmağa başladı. ümidvariz möhtərəm qarelərimiz istifadə bulunarlar”.

Əlbəttə, N.Nərimanovun “Bürhani-tərəqqi”nin “elmi və fənni qismlərini” öz öhdəsinə götürməsi onun qəzetə maddi və mənəvi köməyi ilə bağlı idi (N.Nərimanov yeni kitabçalarının gəlirinin yarısını xeyriyyə yolu ilə “Darül-ədəb” məktəbinə və “Bürhani-tərəqqi” qəzeti redaksiyasına verirdi).

“Bürhani-tərəqqi” qəzeti abunəçiləri cəlb etmək üçün öz səhifələrində doktor N.Nərimanovun elmi-fənni məqalələrini verəcəyini və onlara həkimin “Tibb və islam”, “Aləmi-nisvan” risalələrini hədiyyə göndərəcəyini vəd etməsi də bu baxımdan maraqlıdır. Odur ki, Mustafa Lütfi N.Nərimanovun qəzetlə əməkdaşlığına böyük əhəmiyyət verirdi. Məxfi polis sənədlərinin birində deyilir ki, “Bürhani-tərəqqi”nin redaktoru Mustafa Lütfi gecə-gündüz işləyir. Redaksiyasının əməkdaşları azdır. Onlar arasında görkəmli şəxslərdən biri Həştərxanda yaşayan həkim Nəriman bəy Nərimanovdur. N.Nərimanov zəhmətkeş kütlələrin sağlamlığını qorumaq arzusu ilə xəstəliklər haqqında elmi-publisist məqalələr yazırdısa, bu xəstəliklərin mənbəyi olan ictimai həyat onu daha çox düşündürürdü. N.Nərimanov ictimai xaosun əsl səbəblərini bilirdi. Lakin mətbuatda çar mütləqiyyətini və onun bürokrat məmurlarını ifşa edən kəskin, ittihamedici siyasi məqalələr yazmaq mümkün deyildi. Acınacaqlı hal idi ki, geniş zəhmətkeş kütlələri inqilabi ideyaları dərk etmək, onu mənalı həyat uğrunda mübarizə vasitəsinə çevirmək səviyyəsinə çatmamışdılar. Onları mənəvi cəhətdən hazırlamaq ən zəruri məsələ idi.

N.Nərimanov öz iti, odlu qələmini xalqın maariflənməsi və mədəni inkişafı yolunda mane olanlara qarşı çevirmişdi. Məlumdur ki, inqilabçı həkim Həştərxanda olduğu ilk aylardan xeyriyyə cəmiyyətləri ilə sıx əlaqə saxlamış, onların xeyirxah fəaliyyətinə kömək göstərmişdir. Bu dövrdən yerli mətbuatda onun bir sıra ictimai məzmunlu, maraqlı felyetonları və məqalələri çap olunmuşdur.

N.Nərimanov 1910-cu ilin dekabr ayında “Bürhani-tərəqqi”də “Telefon” sərlövhəli kiçik felyetonlarını dərc etdirir. Elmi-publisist məqalələrini açıq imza ilə verdiyi halda, burada N.Nərimanov “Arı bəy” gizli imzasını işlətməli olur. “Telefon” Arı bəyin “Bürhani-tərəqqi” redaksiyasına zəng vurub dediyi xəbərlərdən ibarətdir:

“ - ... ... ...

-Hə, kimsən?

-”Bürhani-tərəqqi”nin idarəsimi?..

-Bəli, özüdür. Siz kim?..

-Arı bəy.

-Aha, buyurunuz.

-Təzə xəbər istəyirsinizmi?

-Buyurunuz baxalım.

-Deyirlər...”

“Arı bəy” öz telefon zənglərinin birində redaksiya əməkdaşlarına “Müzəffəri məktəbi”nin böhranlı vəziyyətdən “çıxmasını” bildirirdi. Həştərxanda yaşayan iranlıların məktəbə etinasız, soyuq münasibəti burada istehza, satira yolu ilə kəskin tənqid edilirdi. İranda təbii fəlakətdən zərər çəkənlərə maddi yardımın təşkili məsələsini düzgün başa düşməyən bürokrat məmurları da “Arı bəy”i iti qələmi ilə sancırdı.

N.Nərimanovun “Telefon” sərlövhəli kiçik felyetonları Azərbaycan publisistikası tarixində istər forma, istərsə də məzmunca yeni idi. Bu satirik miniatürlərdə yazıçı günün ən aktual, təxirəsalınmaz məsələlərinə toxunurdu. Onun “Prikaspiyski kray” qəzeti səhifələrində çap etdirdiyi məqalələr bu baxımdan diqqəti cəlb edir.

1910-cu il noyabrın 7-də Həştərxanda çıxan “Prikaspiyski kray” özünü bitərəf, mütərəqqi mətbuat orqanı elan etsə də, əslində burjua təmayüllü gündəlik ictimai-siyasi qəzet idi (“Prikaspiyski kray”ın redaksiyası Axmatovskaya küçəsində Sergeyevin evində yerləşirdi. Onun redaktoru V.K.Musatov idi). Lakin buna baxmayaraq, N.Nərimanov “Prikaspiyski kray”da əməkdaşlıq edirdi. O, yalnız bu yolla Həştərxan quberniyasının milli tərkibi müxtəlif olan zəhmətkeş kütlələrinə öz fikirlərini çatdıracağına ümid bəsləyir (“Prikaspiyski kray” 25 dekabr 1910-cu il tarixli nömrəsində qəzetin redaksiyasında iki yeni şöbə - erməni həyatı və müsəlman həyatı şöbəsi açılacağını xəbər vermişdir. Məlumatda deyilirdi ki, müsəlman həyatı şöbəsinin işində bu həyatı yaxşı bilən ədəbiyyatçı həkim Nəriman bəy Nərimanov yaxından iştirak edəcəkdir).

N.Nərimanov “Prikaspiyski kray” qəzetində “Nər”, “Ner” kimi gizli imzalarla müxtəlif mövzularda məqalələr yazırdı.

Bu dövrdə onu ən çox düşündürən məsələlərdən biri Şərq qadınlarının taleyi məsələsi idi. N.Nərimanov “Müsəlmanlar arasında qadın təhsili” sərlövhəli məqaləsində möhkəm, saf ailə həyatı qurmaq üçün müsəlman qadınlarının təhsil almasını ən vacib şərt kimi irəli sürür, eyni zamanda, qaragüruhçu mollaların xalqa xəyanətini açıb göstərirdi. Həmin məqalənin yazılması Zaqafqaziya müsəlmanlarının ruhani başçısı Şeyxülislam axund Pişnamazzadənin tatar qəzeti “Qonaş”da dərc olunmuş bir izahatı ilə əlaqədardır. Axund Pişnamazzadə öz izahatında ən mühüm və vaxtı çatmış həyati bir məsələyə toxunmuşdu. Müsəlman ziyalıları ilə təhsilsiz müsəlman qadınlarının xarakter, tərbiyə və mədəni inkişaf cəhətdən fərqi, ailə münasibətlərində yaranmış uçurum din xadimini narahat etmişdi. Axund Pişnamazzadə məsələnin əməli cəhətinə diqqət yetirir, ziyalı müsəlmanları təhsilsiz müsəlman qadınlarından özlərinə həyat yoldaşını son zamanlar könülsüz seçdiklərini söyləyirdi. Evlənən ziyalıları isə belə ailə həyatı təmin etmirdi, onlar evdən kənar əyləncə axtarır, ayrı bir qadınla əlaqə saxlayır, ailəyə soyuyur. Bədbəxt müsəlman qadınları bəzən öz ərlərini həftələrlə görmürlər, əsəbiləşir, ağlayırlar ki, bu da uşaqların tərbiyəsinə pis təsir edir...

Şeyxülislam axund Pişnamazzadə “bütün ailə həyatının zəhərlənməsinin” səbəbini onda görürdü ki, “...müasir gənclərimiz get-gedə Avropa ruhunda inkişaf edir və tərbiyə olunurlar; onların qadına münasibəti dəyişilir. Digər tərəfdən isə biz müsəlman qızlarının tərbiyəsinə əsla fikir vermirik. Beləliklə, xarakterdə, tərbiyədə və inkişafda iki əks qütb yaranır. Ailə ixtilafları da, ziyalılarımızın savadsız müsəlman qızlarına evlənmək istəməməsi də buradan irəli gəlir”.

Odur ki, axund Pişnamazzadə peyğəmbər və imamların kəlamlarına istinadən sübut etməyə çalışırdı ki, islam qadın təhsilinə, ümumiyyətlə, zidd deyildir.

N.Nərimanov yazırdı ki, müsəlman aləmində ən vacib və vaxtı çatmış qadın təhsili məsələsi “Qafqaz” qəzeti səhifələrində dəfələrlə müzakirə olunmuş, müsəlman ziyalıları ilə qaragüruhçu mollalar arasında qızğın mübarizə getmişdi. Lakin din xadimləri tərəfindən qadın təhsilinin vacib olması xeyrinə nüfuzlu bir söz deyilməmişdir. Şeyxülislamın müsəlman qadınlarının havadarı kimi çıxış etməklə, köhnə ənənəni pozması həyatın tələbi ilə bağlı idi.

N.Nərimanov qadın təhsilinə bədxah nəzərlə baxan Həştərxanın yerli, qaragüruhçu mollasının əsl simasını oxuculara tanıdır, yazırdı ki, əgər o öz rəisi axund Pişnamazzadə kimi şəriət bilicisinin izahatını öyrənsə, ola bilsin “qadın insandırmı? - sualı üzərində baş sındırmağına ehtiyac qalmaz”. Məqalənin sonunda deyilir: “Biz bu məsələyə yenə qayıdacayıq, ancaq hələlik qadın təhsilinin düşmənləri olan bu qaragüruhçu mollalara deyək: siz şəriətə böhtan atırsınız. Sizin şəriətdən xəbəriniz yoxdur. Əgər şəxsi mənafeyinizdən ötrü xalqı aldatmağı lazım bilirsinizsə aldadın. Ancaq hər şeyin həddi var”.

N.Nərimanov bir aydan sonra “Yenə müsəlmanlar arasında qadın məsələsinə dair” məqaləsini dərc etdirir. O, burada mahir publisist ustalığı ilə mühafizəkar ictimai xadimləri ifşa edir, onların şəriət qayda-qanunlarından sui-istifadə yolu ilə ictimai tərəqqiyə, maarifə, elmə, şəxsiyyət azadlığına mane olduqlarını açıb göstərir. N.Nərimanov qadın azadlığı probleminə ictimai münasibəti sadəcə şərh etmir, əksinə, hələ cahil, dindar kütlələri öz güclü təsiri altında əsarətdə saxlayan riyakar din xadimlərinə olan inamı öz inandırıcı, təsirli və məntiqli mühakimələri ilə yox etməyə çalışır, beləliklə, dini fanatizmə - ictimai tiryəkə qarşı çıxırdı.

Məqalədə deyilir ki, iyirmi il əvvəl nəinki qadın təhsilinin lüzumu, hətta kişinin təhsil alması barədə söhbət açmaq günah sayılır, etiraz və qəzəblə qarşılanardı. İndi isə zəmanə dəyişmişdir. Şeyxülislam və müftitək nüfuzlu din xadimləri hər bir müsəlman üçün təhsilin vacibliyindən bəhs edirlər.

Bir vaxt qadın azadlığını tələb edən, bu məsələni mətbuatda geniş müzakirəyə qoyan ziyalılara qaragüruhçu mollalar sarsıdıcı qarğışla hücum edir, lənət yağdırırdılar. İndi isə müfti özü müsəlman qadınlarının çadrasız, üzüaçıq gəzməsini Məhəmməd peyğəmbərdən gətirdiyi kəlamlarla sübut etməyə çalışır. N.Nərimanov yazırdı: “Deməli, indi aydındır ki, şəriət müsəlman qadınlarının dünyəvi elmlər öyrənmələrinə yol verirmiş və şəriətə görə, müsəlman kişiləri kimi, müsəlman qadınları da azaddırlar, onlar qul deyillər, ailənin və cəmiyyətin bərabərhüquqlu üzvləridirlər.

Qoy bunu qaragüruhçu mollalar, “ruhani atalar” yaxşı bilsinlər, məhz o adamlar ki, əsrlər boyu şəriətə böhtan atmış, vicdanlarını satmış, müsəlman kişilərini də, müsəlman qadınlarını da qəsdən cəhalətdə saxlamışlar. Qoy bunu qəddar, zalım ərlər yaxşı bilsinlər, o ərlər ki, qadına qul kimi baxır, onu döyür, söyür, qıfıl altında saxlayır, yalnız hərdən, öz şəhvətlərini söndürmək xatirinə ona kobud tərzdə nəvaziş göstərirlər.

Nəhayət, qoy yuxarıda adları çəkilən mötəbər şəxslərin bu izahatını əsrlər uzunu köləlik zülmü altında inləyən, zalım ərləri tərəfindən adam yerinə qoyulmayan, yəqin ki, cana doyduqda Quranın qərəzkar təfsirçilərini dönə-dönə lənətləyən bütün müsəlman qadınları da yaxşı bilsinlər”.

Bir müfti qaragüruhçu molla ilə müsahibəsində qadın azadlığı məsələsinə şəriətin münasibətini şərh etdiyi zaman Quran təfsirçilərinin “avam xalqın arzusunu” nəzərə alıb şəriətin həqiqi mənasını tamamilə ayrı cür izah etdiklərini söyləmişdi.

N.Nərimanov bu fikri təkzib edib deyirdi ki, əgər müfti Quran təfsirçilərinin “sadə, avam xalqın” xatirinə görə deyil, öz cibləri xatirinə şəriətə böhtan atdıqlarını desəydi, həqiqətə yaxın və doğru olardı. Çünki dinə etiqad edən sadə, avam kütlə eşitməyə, inanmağa və tabe olmağa qadirdir. N.Nərimanov yazırdı: “Sadə xalq elə münbit torpaqdır ki, bu torpaqda nə əksən, onu da biçərsən. Elə məsum uşaqdır ki, hansı səmtə istəsən, yönəldə bilərsən. Sadə avam xalq zəngin bilik sahibi deyil ki, tənqidi təfəkkürə malik olsun, nəyi isə tələb etsin, nəyə isə zidd çıxsın. Sadə, avam xalq onun mühitində yetişən, mənəvi, əqli cəhətdən ondan yüksəkdə duran fərdlərin ardınca getmiş, özü də həmişə, hər yerdə dinməz-söyləməz, kor-koranə getmişdir. Bütün cismini, ruhunu, qəlbini, bütün səadətini bu fərdlərə etibar etmişdir.

İslam dininə etiqad edən sadə, avam xalq da belə olmuşdur”. İslam və xristian dininə etiqad edən xalqların ictimai və mənəvi inkişafında olan fərqlərdən bəhs edən N.Nərimanov xristian aləmində dünyəvi hakimiyyətlə ruhani hakimiyyət arasında daim mübarizə getdiyini, müsəlman aləmində isə əksinə, həmrəylik olduğunu, hətta ruhani hakimiyyətin dünyəvi hakimiyyət üzərində himayəçilik etdiyini söyləyirdi. N.Nərimanova görə, ictimai və mənəvi inkişaf tarixində müsəlmanın bütün taleyi tamamilə ruhanilərin əlində olmuşdur; onlar heç bir müqavimətə rast gəlmədən sadə, avam camaat arasında öz nüfuzlarını artırmaq üçün əllərindən gələni əsirgəməmiş, heç bir şeydən çəkinməmişlər. Xalqın psixologiyası onlara yaxşı məlum idi. Onlar bilirdilər ki, camaat nə qədər avam, savadsız olsa, onu o qədər asan və daha yaxşı istismar etmək olar.

Odur ki, “ruhani atalar” Quranın məzmununu camaatdan gizli saxlamağa çalışmışlar. N.Nərimanov yazırdı: “Quranla xalq arasında keçilməz divar hörülmüşdü ki, daşı-kərpici müctəhidlər, şeyxülislamlar və müftilər, palçığı isə mollalar və mərsiyəxanlar idi.

Xalq nə Quranı başa düşür, nə də hər gün qıldığı beş rükət namazın mənasını anlayırdı.

O, diz çöküb əllərini göyə qaldırır, anlaşılmaz sözləri təkrar edirdi. Allaha müraciət etdiyini bilir, amma Allaha nə dediyini, ondan nə istədiyini qətiyyən bilmirdi”.

Ərəb sözlərinin düzgün tələffüzünü təkid edən mollalar, eyni zamanda, dindar müsəlmandan onun mənasını inadla gizlətmişlər. “Ruhani atalar” öz hərəkətlərində ardıcıl, mühakimələrində kifayət qədər məntiqli olmuşlar. Onlar möhkəm əmin idilər və yaxşı bilirdilər ki, əgər bu gün ibadətin mənası açılsa, sözləri tərcümə edilsə, sabah xalq nə isə ayrı bir şeylə, nəhayət, bütün Quranın məzmunu ilə maraqlanar. Ən yaxşısı əvvəldən deyəsən: nəinki Quranı, hətta ibadəti belə tərcümə etmək olmaz, günahdır. Ərəb dili qeyri-adi dərəcədə mürəkkəbdir, onun tərcümə edilməsi ibadətin mənasını kiçildər.

N.Nərimanov Quranda olan şeirlərdə və Məhəmməd peyğəmbərin kəlamlarında ümumbəşəri ideyaları, qardaşlığı, azadlığı, inam və fikir azadlığını, elmi, maarifi vəz edən yerləri qəsdən misal gətirməklə onların mollalar tərəfindən gizlədildiyini və ya mənaca təhrif edildiyini dəlillərlə inandırıcı şəkildə sübuta yetirirdi.

O deyirdi ki, şəriətin mənaca təhrif olunmasını “avam xalq” tələb etməmiş, əksinə, ruhanilər onu öz mənafeləri naminə dəyişdirmişlər. İndi elə bir vaxt çatmışdır ki, ruhanilərin Qurana iftira atmağa, onu xalqdan keçilməz qala kimi saxlamağa daha imkanları yoxdur. Çünki müsəlman həyatında və dünyagörüşündə güclü dönüş yaranmışdır: “...ruhanilər indi müsəlmanların həyatında böyük rol oynamırlar. Yalnız orta sinif içərisində deyil, avam camaat arasında da ruhanilərin hörməti gündən-günə azalır, onlar tərəqqinin və həqiqət carçısı mətbuatın zərbələri altında zəifləyirlər; ruhanilər ümumbəşəri ideyalar uğrunda çarpışan mübarizlərin təzyiqinə davam gətirməyib pərən-pərən düşür, cılızlaşır, camaat arasında əriyib itirlər. Lakin elələri də var ki, indi boğazdan yuxarı da olsa qadın azadlığına tərəfdar çıxırlar və nə üçün belə bir mövqe tutduqlarını yaxşı dərk edirlər. Gözəl bilirlər ki, çoxdan unudulmuş, müvəqqəti dəfn olunmuş bir həqiqəti: Müsəlman qadını da insandır - həqiqətini təkrar etməkdən savayı çarələri yoxdur...”.

N.Nərimanov geniş zəhmətkeş kütlələri ayıq salmaq, onların diqqətini böyük ictimai hadisələrə cəlb etmək üçün öz fikrini üstüörtülü, ancaq məqalə ilə sıx bağlı, həmahəng olan obrazlı bir cümlə ilə belə ifadə etmişdir: “Günəş doğdu: onun şüaları ibtidai orqanizmləri - mikrobları qırır, davamlılar isə uyğunlaşırlar”.

N.Nərimanov inqilabi hərəkatı günəşə, ictimai həyatda güclənməkdə olan mütərəqqi meyli, kütlələrin şüurunda və münasibətində hiss edilən dəyişikliyi günəş şüasına, qaragüruhçu mollaları isə mikroblara bənzətmişdir.

O, əsası, mahiyyəti uydurma olan dünyagörüşlərin zaman keçdikcə öz təsirini itirəcəyinə inanırdı. Mütərəqqi qüvvələr artdıqca, dini fanatizmin həyatdan sıxışdırılıb çıxarılması prosesinin qanunauyğun, təbii hal olduğunu söyləyirdi. O deyirdi: “Dini təsir ümumbəşəri ideya uğrunda çarpışan mübarizlərin hücumu qarşısında davam gətirmir, dağılır, məhv olur, hiss edilmədən itib gedir”.

İctimai həyatda mütərəqqi meyillərin güclənməsi cahil din xadimlərinin əsl simasını açıb göstərirdi. Odur ki, zaman keçdikcə, ruhanilər zəhmətkeş kütlə içərisində öz əvvəlki nüfuzunu itirirdilər. Lakin avam dindarları hələ də dini əfsanələrlə sehrləyən, huri-qılman, cənnət-cəhənnəm xülyası ilə məst edən din xadimləri xalqın ümumi mədəni inkişafına imkan vermirdilər. Buna görə də N.Nərimanov onların cinayətkar fəaliyyətlərini ifşa etməyi vacib bilirdi. O, “Günəş” qəzetində Zaqafqaziya şeyxülislamının mərhum erməni katolikosu İzmirlyana müraciətini məqalələrinin birində misal gətirir. Burada dindar ermənilərin “fəxri başçısı”, “səmimi atası” katolikos İzmirlyanın fəaliyyəti dövründə kilsələrin, xalq məktəblərinin, Eçmiadzin akademiya və seminariyasının gündən-günə çiçəklənməsi qeyd edilir. Onun vaxtsız ölməsi öz xalqının əmin-amanlığı və səadəti yolunda canı-dildən çalışması ilə izah olunur. N.Nərimanov şeyxülislamın müraciətinə istinadən deyirdi ki, ancaq mərhum katolikos İzmirlyan ömrü boyu erməni xalqının rifahı, xoşbəxtliyi üçün çalışan sınanmış, vicdanlı, mübariz din xadimi kimi öləndə arxayınca və qürurla deyə bilərdi: “Mənə Allah tərəfindən vəsiyyət edilmiş vəzifə yerinə yetirilmişdir”.

 

 

 

(davamı növbəti saylarımızda)

 

Respublika.- 2020.- 8 aprel.- S.2.