Alim yaratmaqla, şam yanmaqla...

 

Bəşər tarixində baş verən yeniliklər heç şübhəsiz, elmi düşüncənin, təfəkkürün bir çox istiqamətlərdə formalaşmağa başladığı ilkin-ibtidai vaxtlardan başlamış, uzun zamanların axtarışları nəticəsində meydana gəlmişdir. Həyat dəyişikliyə düçar olduqca, İnsan oğlunun əqli səviyyəsi artdıqca ixtiralara, kəşflərə güclü maraq yaranmışdır. Bu mənada elmin inkişafı da zaman-zaman yeni mərhələlərə keçid almış, bütün xalqların tarixində və bir çox sahələrdə özünü göstərmişdir.

Elmi kəşflər, ixtiralar, yeniliklər... Bu istiqamətdə elm adamının qazandığı bütün uğurlar ən başlıcası, mənsub olduğu xalqına xidmətidir. Göstərilən xidmət sahəsinin yeni və fərqli mərhələlərdə inkişafı da elmi potensialın güclü formada təzahürüdür. Belə bir gücə, qüdrətə malik olan İnsan oğlunun varlığı Tanrının bəşəriyyətə bəxş etdiyi möcüzələrdən biridir. Hər bir xalq istər ki, onun da yaşam tarixində, sosial-mədəni həyatında belə işıqlı şəxsiyyətlər, elm fədailəri olsun, onlarla qürur duysun. Bu yerdə inamla, fəxarət hissilə qeyd edirik ki, Azərbaycan xalqının da tarixində zaman-zaman özünün elmi potensialı ilə millətin taleyinə işıq təki saçılan şəxsiyyətlər yetişib. Təbii ki, onların simasında müşahidə olunan fərqli xüsusiyyətlər - fitri istedad, qabiliyyət, bacarıq əsasən qandan-candan gəlir, sonradan isə böyük zəhmətin, iradənin, çətinliklərə dözümün, dəyanətin, işgüzarlığın sayəsində formalaşır və möhtəşəmlik kəsb edir. Zənnimizcə, bunlar ilk növbədə elm adamlarına, yaradıcı insanlara məxsus olan fərqli cəhətlərdi.

Doğrudur, xalqımızın milli kimliyini, mənsubluğunu ehtiva edən amillər yetərincədir. Elə təkcə milli-mənəvi dəyərlərimiz, qədim mədəniyyətimiz, dədə-baba yurdlarımızın varlığı, qos-qocaman bir tarixə malik olduğumuzun əsas göstəricisidir. Bir təkzibolunmaz məqam da var ki, bu gün Azərbaycanı dünya cəmiyyətində tanıdan və böyük cazibədarlıqla özünün maraq dairəsində saxlayan həm də onun elmi, iqtisadiyyatı, mədəniyyətidir. Nəzərə alsaq ki, bunlar milli-bəşəri məfkurəyə söykənməklə dünyəvi mahiyyət kəsb edir, o zaman onların mükəmməlliyini dərk etmək elə də çətin olmaz...

Yazıya giriş kimi söylədiyimiz fikirlərin arxasında Azərbaycanın adına, imicinə şöhrət gətirən mükəmməl bir şəxsiyyətin, görkəmli elm xadiminin obrazı dayanır və mən onu böyük ehtiramla, fəxarət hissi ilə təqdim edirəm: AMEA-nın müxbir üzvü, geologiya-minerologiya elmləri doktoru, professor, Əməkdar elm və texnika xadimi, “Şöhrət” ordenli, Beynəlxalq Şərq Neft Akademiyasının həqiqi üzvü, Lütfi-Zadə adına Beynəlxalq Akademiyanın həqiqi üzvü, Azərbaycan Rəssamlar və Jurnalistlər İttifaqının üzvü, Respublika Ağsaqqallar Şurasının üzvü, Yasamal Rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, ən nəhayət, səmimi insan, mənəvi dünyası, yaradıcılıq aləmi zəngin olan Kərim Məmmədxan oğlu Kərimov. Onun ömür yoluna, həyatına, elmi yaradıcılığına diqqəti cəlb etməyimin ən ümdə səbəbi görkəmli alimin Azərbaycan elmində etdiyi kəşfləri, ixtira və yenilikləri, mükəmməl elmi əsərləri ilə dünya cəmiyyətində tanınmasıdır. Bu halda nədən belə bir dünya şöhrətli alim haqqında layiq olduğu Sözü deməyək!

Kiçik bir haşiyə: Məqaləni işləmək əzmində olduğum vaxtda Kərim müəllimin mənə avtoqrafla bağışladığı bir kitabla da tanış oldum. Bu, Söz sərraflarından olan Xeybər Göyyallının professor haqqında yazdığı “Şərəfli ömür yolu” əsəri (Bakı-2017, “Ecoprint” nəşriyyatı) idi. Açığı, ilk tanışlıqdan kitabın dili, üslubu, qəhrəmanın həyat yolunun mükəmməl təsviri mənə olduqca xoş təsir bağışladı. Kərim müəllimin simasında duyduğum bir çox xüsusiyyətlərin X.Göyyallının qələmində möhtəşəm təsvirini gördüm. Doğrudur, bu kitabdır və irihəcmli əsərdə qəhrəmanı hərtərəfli xarakterizə etməyə, həyat yolunu, taleyini incəliklərinə qədər açmağa geniş imkanlar yaranır. Məqalədə isə fikrin yığcam ifadəsi tələb olunur. Adını çəkdiyim kitab professor Kərim Kərimov haqqında mənə böyük bilgi verdi. Buna görə həmkarım Xeybər Göyyallıya böyük təşəkkürüm var...

Bəllidir ki, insanda mənəvi keyfiyyətləri yaradan, formalaşdıran ilk növbədə ailədir. Uca Yaradana bağlılıq, etiqad, insanın təbiətindəki saflıq, xeyirxahlıq, çalışqanlıq, prinsipiallıq, zəhmətsevərliyin ilkin rüşeymi kökdən, nəsildən, doğulduğu ailədən gəlir, sonradan isə cəmiyyətdə formalaşır. Bunun əksi olan xüsusiyyətlərin mayası yenə də gendən gəlir. Xalq həmişə birincilərin marağında olub, çünki məhz belə insanların sayəsində millət özünün kimliyini dərk edir, inkişafını, həyatındakı yenilikləri görür. Onlar vətəndaş cəmiyyətini yaradan, formalaşdıran, özünün ali keyfiyyətləri ilə yaratmağa, yaşatmağa qadir olan böyük şəxsiyyətlərdi.

Kərim Kərimov da məhz özünün elmi, yaradıcı təfəkkürünə, qeyri-adi enerji ilə işləmək bacarığına malik olan özünəxas alimlərimizdəndir. Bu yazıda alimin genişəhatəli fəaliyyətini, ömür yolunu bütün istiqamətlərdən izləyərək, onun xarakteri, əqidəsi, vətənpərvərliyi və türkçülük amalından doğan cizgilərini həqiqi obrazında sözün qüdrəti, yeni məna çalarları ilə təsvir etmək niyyətindəyəm. Təbii ki, ötən illərdə və bu gün də Kərim müəllimin Azərbaycan elminə gətirdiyi yeniliklərindən, ixtira və kəşflərindən yetərincə bəhs olunub. Lakin hər bir mövzuya yeni yanaşma - qəhrəmanın həyat yoluna fərqli aspektdən nəzər salmaq, ümumən gördüyü işlərin timsalında onu hər gələn nəslə xatırlatmaq da bir zərurət kimi meydana çıxır.

Kərim müəllimin tələbəlik çağlarından başlamış, sonrakı dövrlərdə də biliklərə yiyələnməsi, məsuliyyəti, təşkilatçılığı, ictimai fəaliyyəti, elmi axtarışları, bir alim, ziyalı, nəhayət, şəxsiyyət olaraq daim özünü yetişdirməsi, ciddi və davamlı olaraq çalışması, eləcə də sabahın onlarla, yüzlərlə gənc kadrlarını hazırlaması bu böyük şəxsiyyəti hərtərəfli xarakterizə etməyə, haqqında ürəkdolusu danışmağa imkan verir.

Kərim Kərimovun həyatda ilk uğurlu addımı orta məktəbi gümüş medalla bitirməsindən başladı. Zatən bu, gözlənilən idi. Çünki gənc Kərimin kökündən gələn müdriklik, ziyalılıq, alicənablıq, insanpərvərlik, gələcəyə nikbin baxış onu öz üzərində çalışmağa səfərbər etmişdi. Burda böyük düşüncəyə, erudisiyaya malik olan atası Məmmədxan kişinin övladlarında kiçik yaşlarından təhsilə, elmə maraq oyatması, onlarla ciddi məşğul olması, uşaqlarda xeyirxahlıq, insansevərlik və mərhəmət hissini aşılaması da böyük rol oynamışdır. 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirməsi qarşısında böyük imkanlar açdı. Gəncliyindən ciddi, intizamlı bir davranış, özünə qarşı tələbkarlıq və işgüzarlıqla Komsomol məktəbini keçən Kərim müəllim bundan sonra müstəqil və qətiyyətli addımlarla elm yoluna qədəm qoydu. Ömrünü həyatımız üçün böyük əhəmiyyət kəsb edən vacib bir sahəyə, elmi axtarışlara həsr etdi. İlk olaraq, 1960-cı ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının Dərin Neft-Qaz Yataqları Problemləri İnstitutunda fəaliyyətə başladı. Bundan sonra Kərim müəllimin ciddi, mükəmməl olan əmək fəaliyyəti onun bir sıra məsuliyyətli vəzifələrdə çalışmasına yol açdı. Azərbaycan Geofizika Elmi-Tədqiqat İnstitutunda müxtəlif vəzifələrdə (bölmə müdiri, laboratoriya və şöbə müdiri, direktor əvəzi) işlədi. Tale onun ARDNŞ “Geofizika və Mühəndis Geologiyası” İctimai Birliyinin Baş direktoru vəzifəsində çalışmasını da zəruri etdi. Və beləliklə, Kərim Kərimov işlədiyi bütün sahələrdə özünü bir elm xadimi, bütöv əqidəli şəxsiyyət, cəmiyyətə gərəkli olan bir kadr kimi yetişdirdi...

Burda biz Kərim Kərimovun elmə gəldiyi yola da qısaca ekskurs etməyi vacib sanırıq. Gənc mütəxəssis 1961-ci ildə aspiranturaya daxil olmaq üçün sənədlərini həm Moskvaya, həm də Azərbaycan Neft Sənayesi Elmi-Tədqiqat Layihə İnstitutuna təqdim edir və eyni fənlərdən imtahan verərək hər iki institutda imtahanlardan “əla” qiymətlər alır. Lakin ailə vəziyyəti ilə əlaqədar Bakıda aspiranturada təhsil alır. Beləliklə, K.Kərimov elm məbədgahının qapılarını cəsarətlə açır və böyük inamla, özünə güvənclə o aləmə daxil olur. Kərim müəllim ictimai həyatda olduğu kimi, elmdə də gedilmiş yollardan fərqli olan bir istiqamətə üz tutur. Qarşısındakı cəngəlliyi yararaq özünə fərqli, bənzərsiz bir yol açır. Belə olmasaydı, bu gün geologiya sahəsində nadir elm xadimlərindən biri kimi tanınmazdı ki!

Kərim Kərimov 1964-cü ildə “Ələt sıra təpəliyinin cənub-şərq hissəsinin mədən geofizikası üsullarına görə geoloji quruluşu və neftlilik-qazlılığı (Solaxay, Ayrantökən, Qoturdağ və Daşgil-Delyaniz sahələri)” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etdi. Burdaca onu qeyd etmək yerinə düşər ki, Kərim müəllimin elmi sahə olaraq torpağın sirlərini öyrənmək, qoynunda hifz etdiyi sərvəti üzə çıxarmaq arzusu və bu istiqamətdə unikal nəticələr əldə etməsi ilk növbədə onun azərbaycançılıq mövqeyinin göstəricisidir. Vətəninə və xalqına bağlılığının ən bariz nümunəsidir. Doğma yurdunu və millətini bunca sevmək isə əsl fədakarlıqdır.

Kərim müəllim elmi axtarışlara ara vermədən, daha böyük həvəs və inadkarlıqla “Neftlilik-qazlılıq perspektivliyi ilə əlaqədar olaraq Kür çökəkliyinin Azərbaycan hissəsinin dərinlik quruluşu və tektonik inkişaf xüsusiyyətləri (geofiziki tədqiqatlar əsasında)” mövzusunda doktorluq işini təsdiq etdirərək qlobal, dərin tədqiqatlarına istiqamət aldı. Bir-birinin davamı olan elmi işində bu sahədə daha geniş aspektdə digər yenilikləri üzə çıxarmaq məqsədi Kərim müəllimi gecə-gündüz ciddi axtarışlara sövq etdi. Çəkilən zəhmət hədər getmədi. Geofizikada ən çətin tədqiqatlarını başa çatdıraraq 1975-ci ildə doktorluq işini böyük müvəffəqiyyətlə müdafiə etdi. “Alim ilk dəfə olaraq yerin 420 km dərinliyinin modelini verdi. Dünya geologiya elmində Qafqazın göstərilən dərinlikdə torpaq strukturunu vermək ilk dəfə Kərim müəllimə müyəssər oldu” (X.Göyyallı). Onu da qeyd etməliyik ki, Kərim müəllim daim axtarışda olan alimdir, onun tədqiqatları bəzən xüsusi mövzularından (namizədlik və doktorluq işindən) başqa ümumən geofizika sahələrini də əhatə edir.

Kərim Kərimovu Azərbaycanda, eləcə də dünya geofizika sahəsində ciddi elmi proqnozlar müəllifi kimi tanıyırlar. Bu, çox ciddi bir yanaşmadır və həyatda özünü təsdiq etdiyindən hər birimiz üçün qürurvericidir. Burda alimin zəlzələni qabaqcadan xəbər vermək proqnozu ilə bağlı məsələyə diqqət yetirməliyik. İlk olaraq onu xatırlatmalıyıq ki, bu məsələ uzun illər və bu gün də onun maraq dairəsindədir. Yadımıza salaq ki, 2001-ci ildə professor Kərim Kərimov zəlzələni əvvəlcədən proqnozlaşdırmağın mümkünlüyünü elmi faktlarla sübut etmişdir. Təbii ki, bu elmi nəticə birdən-birə və kortəbii şəkildə meydana çıxmamış, alimin ciddi, davamlı tədqiqatlarının nəticəsində ərsəyə gəlmişdir. Kərim müəllim özünün təhlillərində göstərir ki, zəlzələ mənbəyində geodinamik gərginlik artdıqca maqnitotellurik sahənin maqnit hissələrinin vektorunda da kəskin dəyişiklik baş verir. Alim zəlzələnin əvvəlcədən proqnozlaşdırılması üçün bir sıra şərtlərə əməl olunmasının vacibliyini önə çəkir... Ümumiyyətlə, professor Kərim Kərimov Qafqaz və ona bitişik olan digər regionlarda geofiziki üsulların tətbiqi ilə geodinamik şəraitin öyrənilməsinə böyük həssaslıqla diqqət göstərmişdir. Bu sahədə möhtəşəmliklə müşayiət olunan elmi tədqiqatları ona böyük uğurlar qazandırmışdır. Belə ki, bu istiqamətdə gördüyü işlərə görə 7 patent almışdır. Bunlardan 2-si Avrasiya Patent Təşkilatı tərəfindən verilmişdir. Əlbəttə, məqsədimiz alimin tədqiq-təhlil və nəticələrini bütünlükdə təqdim etmək deyil, çünki bu elmi araşdırmalar sanballı, dəyərli monoqrafik əsərlərin mətnində ehtiva olunub, demək ki, bir məqalənin çərçivəsinə də sığan deyil. Bu sahədə professorun fitri istedad, qabilliyyət, təcrübə, dəqiq intiusiya ilə işləyərək, elmi əsaslarla doğru nəticələrə nail olması onun geofizika elmində qazanılan böyük nailiyyətlərdəndir. Bir daha xatırladaq ki, Kərim Kərimovun bu elmi kəşfi Beynəlxalq Patendləşdirmə Təşkilatının iki patentini almışdır.

Professor Kərim Kərimov neft geologiyası elmi tarixində ik dəfə olaraq müxtəlif termobarik şəraitdə gilli çöküntülərdə xüsusi elektrik müqavimətinin paylanması üzrə iki yeni geofiziki effekt müəyyən etmişdir. Bu effektlərin biri üzrə güman edilən kəşf üçün ilkinlik arayışı verilmişdir. Hər iki effektin neft-qaz axtarışı kəşfiyyat işləri üçün böyük elmi-nəzəri praktik əhəmiyyəti vardır.

Professor Kərim Kərimov neft və qaz geologiyası, regional geologiya və geotektonika sahəsində ölkəmizdə və onun hüdudlarından çox-çox uzaqlarda tanınmış alimdir. Professor 600-ə yaxın dərc olunmuş elmi əsərlərin, o cümlədən 18 monoqrafiya, 30 kitab, 28 ixtira, 140-a qədər müxtəlif atlas və xəritələrin müəllifidir. Bir sıra kitabları, o cümlədən zəlzələ ilə bağlı əsərləri Azərbaycan, rus, ingilis, türk dillərində çap olunub. Zəlzələni qabaqcadan xəbər vermək... Dünyanın heç bir yerində belə bir ixtiranı, kəşfi edən olmayıb. Belə bir kəşfi etmək Azərbaycan aliminə — Kərim Kərimova müyəssər olub. Mənə görə Kərim müəllimin elmi uğurlarının içərisində onun “Zəlzələ” əsərini elmi fəaliyyətinin ən yüksək pilləsi hesab etmək olar. Bu əsər hələ də özünün əsl qiymətini almayıb... Alimin 100-dən çox əsəri dünyanın bir çox məmləkətində - Amerika, Fransa, Rusiya, Misir, Ukrayna, Gürcüstan, Türkiyə, İran, Yaponiya və başqa ölkələrdə işıq üzü görüb, eləcə də mətbuatında haqqında rəylər də dərc olunub. Bu uğurlar onu da deməyə imkan verir ki, Kərim müəllim Azərbaycan elmi cəmiyyətinin həyatında sanki bir işıq timsalında doğulub. Bu işıq Vətən səmasından süzülən günəş zərrəciklərinin fonunda daha aydın görünüb.

K.Kərimovun əsərlərinin, ixtira və kəşflərinin hər biri alimin elmi idraka, fövqəl təfəkkürə, təbiətə malik olduğunun göstəricisidir. Alim özünün genişmiqyaslı elmi-tədqiqat işləri ilə yanaşı, yüksək ixtisaslı kadrlarların hazırlanmasında da xeyli işlər görmüşdür. Onun rəhbərliyi altında 15 elmlər namizədi və 3 elmlər doktoru yetişmişdir. Kərim müəllim onların uğurla müdafiə etmələrinə böyük zəhmət sərf etmişdir. Mübaliğəsiz olaraq deməliyəm ki, Azərbaycanda K.Kərimov qədər çox çətin, böyük bir elmi potensialın xərclənməsini tələb edən bir sahədə sanballı elmi əsərlərin müəllifi olan, özünün yaratdığı məktəbin yüksək ixtisaslı müdavimlərini yetişdirən ikinci belə bir alim yoxdur. O, təbiətindən gələn bir saflıq və düzlüklə xalqına xəyanət edənlərə, onu insafsızcasına aldadanlara qarşı həmişə amansız olub. Azərbaycanda qaz ehtiyatının hədsiz çox olduğunu rəqəmlərlə göstərəndə alimə “bu rəqəmləri bir qədər azalt”, deyənlərə “nə var onu da dəqiq açıqlayıram”, cavabını verib. Və dərk edib ki, bu fikir ölkəmizdə sərmayə qoyanların qarşısını almağa yönəlib. Belələrindən fərqli olaraq Kərim müəllimin amalı xalqına sədaqətlə xidmət etmək olub.

Son illərdə geologiya elminin inkişafında əvəzsiz roluna və ölkənin ictimai-siyasi həyatında ləyaqətlə təmsil olunduğuna görə professor Kərim Kərimov “İlin adamı”, “İlin alimi”, “İlin ixtiraçısı” adlarına layiq görülmüşdür. Onun keçdiyi zəngin həyat yolu əsl məktəbdir. Ümumiyyətlə, hər hansı bir sahədə özünün məktəbini yaratmaq, yararlı kadrlar hazırlamaq, sahənin əsl mütəxəssislərini yetişdirmək Vətənə, xalqa xidmətin bir yoludur. Və bu xidmət ustadın millətsevərliyindən qaynaqlanır. Düşünürəm ki, elm yolunu seçən gənclər məhz Kərim Kərimov kimi mükəmməl alimlərin məktəbindən, bu məktəbin ənənələrindən bəhrələnməlidir. Kərim Kərimov elm yolunda özünün məktəbini yaratmış barmaq sayında olan alimlərdəndir. Belə ustad alimlə kim fəxr etməz ki!

Kərim müəllim Bakıda müxtəlif elmi problemlərin həlli ilə bağlı beynəlxalq və respublika miqyaslı elmi seminar, konfrans və simpoziumların hazırlanması, təşkili və keçirilməsində böyük işlər görüb. Elə təkcə bu istiqamətdə fəaliyyəti müxtəlif zamanlarda “Diplom”larla mükafatlandırılıb. Alim Azərbaycanda, eləcə də dünyanın bir çox ölkələrində keçirilən elmi konfrans, sessiya, simpozium və digər tədbirlərdə də Azərbaycanı ləyaqətlə təmsil edib və bu təmsilçilikdən qürur duyub.

Kərim müəllim o alimlərdəndir ki, elmdə daşlı-kəsəkli, əziyyətli yollar qət edir, tədqiqatlarını elmi-nəzəri-təcrübi aspektdən dəqiq işləyir, buna görə də nəticənin mükəmməlliyi böyük inam və rəğbətlə qarşılanır. Uğurlarının əks-sədası bütün dünyaya yayılıb. Ən vacib nüans da budur ki, əsərlərinə özü cavabdehdi, tədqiqatlarının sahibi də özüdür. Mən bu unikallığı alimin təbiəti ilə həmahəngliyində görürəm. Elmdə olduğu kimi, həyatda da riyakarlığın, yalanın, əyriliyin, oğurluğun əleyhinədir. Çünki təbiətən saf, xeyirxah, mərhəmətli olan bu böyük insan adına, şəxsiyyətinə, hörmət edir, vətən və xalq təəssübü çəkir. Kərim müəllim bu gözəl keyfiyyətlərin daşıyıcısı olduğundan xalqına xidmətindən mənəvi rahatlıq tapır.

Əslində elm elə bir sahədir ki, orada görülən işlərin çəkisi həm də vicdan tərəzisində ölçülür. Kərim müəllimin halal zəhməti bu mizan-tərəzidə həmişə tən-dürüst olub. Onun daim öyrənmək, axtarışda olmaq əzmi, məhsuldarlığı, xalqa fayda gətirən ixtira və yenilikləri gün işığında bərq vurur, ölkəmizə, eləcə də dünyaya şəfəq saçır. Bəzi alim adını daşıyanlar da var ki, tapdanmış yolla getdiklərindən, məhdud çərçivədə tədqiqat apardıqlarından, yaxud da başqa işlərdən “pay” götürdüklərindən elmdə elə bir yeniliyə nail olmurlar. Onların da “zəhməti” həmin tərəzi ilə ölçülür və... Təəssüf ki, belələri akademik pilləsinə qalxmağa layiq yox, nail olurlar. Amma belə bir müdrikanə fikir də var: zaman insanların həyatında həmişə öz düzəlişlərini aparır...

O, elmdə necə bir fövqəl gücə, qüdrətə malikdirsə, rəssamlıqda, satira janrının karikatura qolunda da eyni güc, qabiliyyətlə, məfkurəvi amalla fəaliyyət göstərir. Kərim Kərimovun ilk gənclik dövründən rəssamlıq sənətinə olan marağı, sevgisi onun bu sahədə də fərqləndiyini üzə çıxarmış, milli və bəşəri ideya, mahiyyət kəsb edən yüzlərlə əsərlərin müəllifi kimi tanınmasına səbəb olmuşdur. Əslində onun elmdə, həm də rəssamlıqda böyük uğurlara imza atması, hər iki sahənin ustad yaradıcısı olması Kərim müəllimin necə bir istedada, bacarığa qadir olduğunun barizliyidir. Bakıda, Türkiyənin İstanbul, Ankara, Trabzon şəhərlərində, Moskva, Sankt-Peterburqda Kərim müəllimin dəfələrlə sərgiləri təşkil olunub. Elə 1991-ci ildə İstanbulda keçirilən sərgidən əldə olunmuş şəxsi qonorarından 150 min dolların 100 min ABŞ dollarını müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin bank hesabına köçürmüşdür. Bir xeyli hissəsini İzmir şəhərində zəlzələdən zərər çəkənlərə yardım məqsədilə bağışlamışdır.

Rəssamın 500-dən artıq əsəri var və onlardan böyük qismi müəllifin kitab-albomlarında işıq üzü görüb. Bu əsərlər özünün siyasi motivi, ideyası ilə milli və bəşəri mahiyyət kəsb etdiyindən onlara ümumi nəzər yetirmək də öz zəruriliyini doğurur. Rəssamın əsərləri yer üzündə terrorizmin ifşasında ən kəsərli bir vasitə kimi böyük əhəmiyyət kəsb edir. Dünyanın azadlıqsevər insanlarında qanlı müharibələrə, özgə torpaqlarını işğal edənlərə nifrət hissini alovlandırır. Erməni həyasızlığını, vandalizmi ifşa edən əsərləri, Xocalı faciəsinə həsr olunmuş siyasi plakatları da dünyada terrorizmə nifrətinin ifadəsidir. Müəllif fırçasının qüdrətilə dünyanın siyasi eybəcərliyini, azğınlığını tənqid edir. Belə əsərlər yüzlərlədir. Bu gün Kərim müəllimin hələ sərgiyə çıxarılmamış 200-dən çox rəsm əsəri var.

Kərim müəllimdən bir alim, rəssam kimi bəhs etmək istəyəndə onun keçdiyi yolları xəyalən getmək, onu tanımaq, Azərbaycan elminə gətirdiyi yenilikləri, ixtira-kəşfləri haqqında geniş təsəvvürə malik olmaq bizim üçün necə də qürurvericidir. Professorun tərcümeyi-halına zənginlik gətirən məlumatlardan bir qismi də hər iki sahədə uğurlarına görə müxtəlif məzmunda və istiqamətlərdə verilmiş mükafatlar, beynəlxalq qızıl və gümüş medallar alimin, rəssamın necə bir məhsuldarlığa malik olduğunu göstərir.

Professor Kərim Kərimovun genişəhatəli fəaliyyətini gözlərim önündə canlandıranda görüb-duyduğum mənzərədən heyrətlənirəm. Bütün ömrünü, ictimai şüurunu geofizikanın inkişafına həsr edən, eləcə də milli-bəşəri mahiyyətə söykənən ideya-fikirlərini fırçasının qüdrəti, ecazı ilə yüzlərlə sənət əsərlərində təsvir edən və bu təsvirlərə əbədiyaşarlıq qazandıran alimin, rəssamın minbir rəngə çalan fitrətindən duyğulanmamaq mümkün deyil. Qəhrəmanımın elmi-yaradıcı zəhmətinin uğur tablosu məndə belə bir fikir formalaşdırır ki, onun yaratmaq və yaşatmaq qüdrəti, potensialı tükənməzdir. Bu mənada böyük şəxsiyyətin hər iki sahədə zəhmətinin dəyəri ölçüyəgəlməzdir.

Elmin, sənətin iki fərqli sahəsində özünü təsdiq etməsi Kərim Kərimovun Tanrının seçilmiş bəndələrindən olduğunu ehtiva edir. Onun mükəmməl həyat yolu, şərəflə, ləyaqətlə yaşadığı hadisələri ömürlüyünün müşayiəti ilə izləməyin özü insanda bir heyrətamizlik doğurur. İlk baxışda alimin genişəhatəli fəaliyyəti adama bir nağıl təsiri bağışlayır. Yəni doğrudanmı, hər biri dünyamiqyaslı marağa səbəb olan monoqrafiyalar, 30-dan çox tədqiqat əsərlərinin toplusu - kitablar tək bir alimin zəhməti sayəsində ərsəyə gəlib? Əlbəttə, bu deyilənlərin fərqində olmaqdan ötrü Kərim müəllimin həmin əsərləri ilə yaxından tanışlıq gərəkdir. Nəzərə alsaq ki, onların hər biri nəinki Azərbaycanda, eləcə də dünya miqyasında böyük maraq və həssaslıqla qarşılanır, geniş müzakirə mövzusu olur, o zaman professsor Kərim Kərimovun şöhrətənin miqyasını təsəvvür etmək elə də çətin olmaz.

Kərim müəllimin insani keyfiyyətləri sırasında səmimiyyəti məni daha çox duyğulandırır. Alimlə söhbətlərimdə qəlbinin aynasından saçılan səmimiyyətini görüb-duymuşam. Onu da deyim ki, çoxumuz səmimiyyətin ehtiva etdiyi dəyərləri dərindən dərk etmədən, mənasına varmadan yeri gəldi, gəlmədi, “mən səmimiyəm” deyirik. Fərqində deyilik ki, bu ali duyğunu olduğumuz, göründüyümüz yerlərdə insanlarla ünsiyyətimizdə, münasibətimizdə, əməlimizdə göstərə bilirikmi?

Əslində səmimiyyətin malik olduğu xüsusiyyətlər də mənəvi gözəlliklə bağlıdır. O, ilk növbədə özünü insanın qəlbinə, varlığına saçılan işıq timsalında göstərir. Səmimiyyət mənəviyyatın kompasıdır, onun istiqamətini tutub yol gedən insanın uğuruna xeyir çıxar, həyatı yaxşılıqlarla, gözəlliklə süslənər. Eynən Kərim müəllimdə olduğu kimi...

Səmimiyyət əxlaqdır. Yüksək əxlaqi keyfiyyətlərə malik olmaq cəmiyyətdə rəğbətlə, sevgilə qarşılanır, onun daşıyıcısı tutduğu mövqeyindən, yaşından-başından asılı olmayaraq istinad, nümunə yeri olur: Kərim müəllimin davranışında, insanlarla ünsiyyətində göründüyü kimi...

Səmimiyyət mehribanlıqdır, ülfətdir. Bunlar olan yerdə rahatlıq var. Belədə yaşamaq, həyatı duymaq adama zövq verir... Səmimiyyət mədəniyyətdir. O, insanlara yüksək zövq, həssaslıq aşılayır. Onları bir-birilə ehtiramlı, sayqılı rəftara istiqamətləndirir... Səmimiyyət nəciblikdir. İnsanın təbiətində olan alicənab, saf, ülvi, müqəddəs hisslərin məcmusudur... Səmimi olan insan düzlüyün, ədalətin, həqiqətin aşiqidir. O, yalanı, riyakarlığı sevmir, adamlarla münasibətində, davranışında, əməlində səhvini etiraf etməkdən mənəvi dinclik tapır. Yaşam boyu səmimiyyətin o qədər çalarları yaranır ki! Mənə görə bütün yaxşılıqların anası səmimiyyətdir, qəlbin aynası səmimiyyət... Kərim Kərimov haqqında bu yazını ərsəyə gətirmək istədiyim bir səbəb də onun səmimiyyəti oldu...

Deyilənə görə, Kərim müəllim özünün istirahət vaxtlarında mənəvi aləmilə baş-başa qalanda pianoda və tarda gözəl əsərlər ifa edir. Bu da onun istedad və qabiliyyətinin bir başqa istiqamətdə parlaq təzahürüdür. Mənə elə gəlir ki, Kərim müəllim bu anlarda da elmdə və rəssamlıqda yeni layihələri ətrafında düşüncələrini nizamlayır, musiqinin əsrarəngiz gözəlliyi, ruhu oxşayan, xoş ovqat yaradan sədaları altında yeni mövzularını dünyaya gətirir... Bu üç sahənin vəhdətinin Kərim müəllimin varlığında yaratdığı bütövlüyü sadəcə təsəvvür etmək, əslində onun qüdrətli şəxsiyyət olduğunu, göründüyünü aydın şəkildə dərk etməkdir. İnsanı tanımaq, gördüyü işlərinin timsalında qiymətləndirmək, ona layiq olduğu dəyəri vermək isə etirafdır. Dünya geofizika elmində özünün ixtira, yenilik və kəşfləri ilə tanınmış Kərim Kərimov bundan sonra da ona ana südü kimi halal olan haqqını almalıdır.

Alim yaratmaqla, şam yanmaqla aydınlanar...

 

Şəfəq NASİR,

“Respublika”.

 

Respublika.- 2020.- 8 aprel.- S.5.